Azəri
Monday 24th of July 2017
code: 81257
İntizar

Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (ə)-ın kəlamlarından:
اَفْضَلُ عِبَادَةِ الْمُؤْمِنِ اِنْتِظَارُ فَرَجِ اللهِ
“Mömin bəndənin ən gözəl ibadəti odur ki, Allah tərəfindən olan qurtuluşun intizarında olsun.”
İNTİZARIN DƏYƏRİ
İntizar müvəffəqiyyət yolunda irəliləyən insanların ən yüksək xüsusiyyətlərindən biridir. Çünki vəhy xanədanının qeybət dövründə böyük ilahi şəxsiyyətlər ilə əlaqədar buyurduqları dəyərli kəlamlara əsasən, zühurun həqiqi intizarını çəkənlər bütün zamanlarda insanların ən fəzilətlisi hesab olunurlar.

Buna görə də bir qrup insanlar intizar məsələsindən əldə etdikləri kamil bir nəticə əsasında onu müvəffəqiyyətin bu dövrdəki ən mühüm amili hesab edir və inanırlar ki, insan bütün təkamül amillərini həqiqi intizarda axtarıb tapa, onun vasitəsilə mənəviyyət qüllələrinə doğru pərvaz edə və özünü ictimai çətinliklərdən və ruhi giriftarçılıqlardan xilas edə bilər.
İntizar özünün kamil və həqiqi mənasında çox çətin bir halətdir. Sanki sirlərlə dolu bir yığındır ki, onu əhatə etmişdir, çox az layiqli insanlar onun kamal həddinə nail və düşmənlərin şayiələrindən amanda olmuş-lar.
Çünki intizar onun son və ali mərhələsində – belə ki, İmam Zaman (ə.c)-ın xüsusi səhabələri üçün belə bir mərhələ mövcuddur – qeyri adi qüdrətlərdən istifadə etməklə asimani quruluşun bərqərar edilməsi və o həzrətin mələkuti hökumətində xidmətçilik üçün kömək və hazırlıq mənasınadır.
İntizar kerçəkləşdiyi hər bir mərhələdə bir növ qeyd aləmindən batini bir imdad diləmək, Allah dərgahına yaxınlaşmaq yoludur, əgər bu davam edib təkamülə çatarsa, zamanın keçməsi ilə insan hüququnun dərinliklərində mövcud olan qaranlıqlar, onun agah olmadığı batinindəki zülmətlər məhv olacaq və insanın batinində nurani bacalar yaranacaq və bu yolla da təkamül yolunu onun üzünə açacaqdır. Çünki intizar bütün yönlərdə hazırlıq halətindən ibarətdir, batini səfa-səmimiyyət və nuraniyyətlə dolu olan bir dünyaya doğru yönəldir. Bütün şər və şeytani qüdrətlərin və qüvvələrin məhv olduğu, ilahi nurların bütün insanların ruhlarına saçdığı bu dünyada...
Bu həqiqətə diqqət yetirməklə belə deyirik: İntizar yolunun ən ali mərhələsinə qədəm qoyan bir şəxs xariquladə qüdrətlərə malik olmalıdır. Çünki bildiyiniz kimi İmam Əsir (əc)-in hökuməti mələkuti və son dərəcə misilsiz olan bir hökumətdir ki, onun kamil şəkildə dərk edilməsi bizim təfəkkür qüdrətimizdən çox-çox yuxarıdır. Köməkçiləri pərvanə kimi o həzrətin vücudunun şamı ətrafına yığışmalı, o həzrətə kömək etməlidirlər ki, həm özləri bu yolda irəliləyənlərdən olsunlar, həm də o həzrətin mələkuti fərmanlarına itaət etmək qüdrətinə malik olsunlar ki, bu da xariquladə qüdrətlər tələb edir.
İmam Zaman (ə.c)-in 313 nəfər seçilmiş köməkçilərinin xüsusiyyət və vəsflərini bəyan edən rəvayətlər onları ruhi və qeyri-adi, hətta qeybət dövründə belə bir qüdrətə malik olanlar kimi təqdim edir.
İNTİZARIN AMİLLƏRİ
Biz çalışmalıyıq ki, intizarın həqiqi mənasından agah olaq və bu həqiqəti həm özümüzdə, həm də başqalarında icad edək.
İntizar məsələsinin ümumi bir məsələ olması, onun əzəmətini öyrənmək və başqalarına öyrətmək üçün müxtəlif yollar vardır ki, onlardan istifadə etməklə intizar halətini cəmiyyətdə icad edə və onların vücudlarının ənginliklərində intizar toxumlarını cüərdə bilərik. İndi isə ən mühüm yolları bəyan edirik ki, onların vasitəsilə cəmiyyət intizar məsələsinə doğru meyl edir:
1-İmam Zaman (ə.c)-in əzəmətini tanımaq, əzəmətli vilayət məqamı ilə tanış olmaq;
2-İntizarın qəribə əsərlərini, onun kamil mənasını və ali mərhələlərini bilmək;
3-İmam Zaman (ə)-ın səhabələrinin vəsf və xüsusiyyətlərini öyrənmək, belə ki, onlar intizarın ən ali mərhələsinə çatmış, çox yüksək və əzəmətli ruhi qüdrətdən bəhrələnmişlər və İmam Zaman (ə)-ın fərmanlarına sözsüz itaət edirlər.
4-İnsan və dünyanın gələcəyi ilə, zühur dövründəki insanların həyatında baş verən mühüm və əzəmətli dəyişikliklərlə tanış olmaq.
İmam Zaman (ə.c)-ın məqamı barədə mərifət kəsb etmək, o həzrətin köməkçilərini tanımaq, əqlin təkmil olunması və elmin təkamülü, qeyb aləmi ilə rabitə bərqərar edilməsi, naməlum varlıqları tanımaq, asimanlara və uzaq fəzalara səfər etmək və bu qədimdən olan digər məsələlər insanları İmam Zaman (ə)-ın zühur məsələsinə doğru səsləyir, o həzrətin sirli və əzəmətli dövləti üçün hazırlıq və intizar halətini onlarda icad edir.
Bu cür həqiqətlər barədə elm və agahlıq əldə etmək pak xislətli insanların hamısının qəlbində və ruhunda eşq və həyəcan yaradır, onları bu alicənab şəxsin dövründəki gözəl yaşayışa aşiq edir, hər bir insanın danılmaz vəzifəsindən ibarət olan intizar və zühurun gözlənilməsi halətini cəmiyyətdə icad edir. İndi isə qeyd olunan mətləblərə işarə qeyd edirik:
1- İMAM ZAMAN (ƏС)-İN MƏQAMI İLƏ TANIŞLIQ
İmam Zaman (ə.c)-ın xüsusiyyətləri və vəsfləri ilə tanış olmaq, o həzrətin əzəmətli vücuduna diqqət yetirmək intizar halətinin icad edilməsində olan ən mühüm amillərdən biridir.
Hal-hazırda bütün dünyanın başdan-başında və bütünlükdə yaradılış dünyasında o həzrətdən başqa heç bir şəxsin varlıq aləminin islah olunmasına və onun rəhbərliyinə ləyaqəti olmadığına diqqət yetirmək insanı ona doğru cəzb edir. O həzrət ilahi “azuqə”lərin sonuncusu, dünya əmrlərinin yeganə varisidir ki, həzrət Əmirəl-möminin Əli (ə) onların barəsində belə buyurmuşdur:
عِلْمُ الْاَنْبِيَاءِ فِى عِلْمِهِمْ وَ سِرُّ الْاَوْصِيَاءِ فِى سِرِّهِمْ وَ عِزُّ الْاَوْلِيَاءِ فِى عِزَّهُمْ، كَالْقَطْرَةِ فِى الْبَحْرِ وَالذَّرَّةِ فِى الْقَفْرِ
“Peyğəmbərlərin elmi onların elminin, vəsilərin sirri onların sirrinin və vəlilərin (övliyaların) izzəti onların izzəti müqabilində dəryada bir qətrə və biyabanların arasında bir zərrəyə oxşayır.”
İndi ki, biz bu xanədandan olan belə bir insanın zamanında yaşayırıq, vəzifəmiz budur ki, o həzrətə diqqət yetirməklə, onun hidayətçi istəklərinə tabe olmaqla özümüzü puçluqdan, qəflətdən xilas edək, o həzrətin dünya səviyyəsindəki hökumətinin intizarında olaq, çünki o hidayət və ədalət bayrağını bütün dünyada sancacaqdır.
Əgər bir şəxs bu dünyada o həzrəti tanısa, İmam Zaman (ə.c)-in qeybi yardımlarından agahlıq əldə etsə, o həzrətin zühur dövründə bütün dünyada yaratdığı dərin dəyişikliklərlə tanış olsa, həmişə onu xatırlayacaq və vilayət günəşinin saçmasının intizarında yaşayacaqdır.
Mərifət belə bir insanda qəflət paslarını onun qəlbindən təmizləyir, əvəzində səfa və nuraniyyət yaradar. İndi isə o həzrətin qeybəti dövründə onun qeybi yardımlarını göstərən bir rəvayətə diqqət yetirin.
Cabir Cofi, Cabir ibni Əbdüllah Ənsaridən nəql edir ki, Peyğəmbəri Əkrəm (s) belə buyurmuşdur:
... ذَاكَ الَّذِى يَفْتَحُ الله – تَعَالَى ذِكْرُهُ – عَلَى يَدَيْهِ مَشَارِقَ الْاَرْضِ وَ مَغَارِبَهَا، ذَاكَ الَّذِى يَغِيبُ عَنْ شِعَتِهِ وَ اَوْلِيَائِهِ غَيْبَةً لاَ يَثْبُةُ فِيهَا عَلَى الْقَوْلِ بِاِمَامَتِهِ إِلاَّ مَنْ اِمْتَحَنَ الله قَبْلَهُ بِالْإِيمَانِ.
قَالَ: فَقَالَ جَابِرُ: يَا رَسُولَ اللهِ فَهَلْ يَنْتَفِعُ الشِّيعَةُ بِهِ فِى غَيْبَتِهِ؟ فَقَالَ صلى الله عليه و آله و سلم: اِى وَالَّذِى بَعَثَنِى بِالنُّبُوَّةِ اَنَّهُمْ لَيَنْتَفِعُونَ بِهِ وَ يَسْتَضِيئُونَ بِنُورِ وِلاَيَتِهِ فِى غَيْبَتِهِ كَانْتِفَاعِ النَّاسِ بِالشَّمْسِ، وَ إِنْ جَلَّلَهَا السَّحَابُ، يَا جَابِرُ، هذَا مَكْنُونُ سِرِّ الله وَ مَخْزُونُ عِلْمِهِ فَاكْتُمْهُ إِلاَّ عَنْ اَهْلِه.
“Odur həzrəti Məhdi ki, Allah taala onun əlləri ilə yer üzünün şərqini-qərbini fəth edəcəkdir. O həmin kəsdir ki, öz şiələrindən və dostlarından qaib deyildir. Belə ki, Allahın yalnız qəlbini imanla imtahan etdiyi şəxslərdən başqa heç bir şəxs ona əqidədə sabitqədəm qalmaz.”
Cabir Cofi dedi: Cabir ibni Əbdullah Ənsari Peyğəmbəri Əkrəm (s)-dən soruşdu: “Ya Rəsuləllah! Qeybət dövründə şiələr ondan bəhrələnəcəklərmi?”
Peyğəmbər (s) onun cavabında buyurdu: “Bəli, məni risalətə məbus edən Allaha and olsun ki, onlar onun vasitəsilə qeybət dövründə bəhrələnəcəklər, onun vilayət nurunun vasitəsilə nuraniləşəcəklər. Necə ki, camaat buludlu havada olsa belə, günəşdən istifadə edirlər. Ey Cabir, bu, Allahın gizli sirri və Onun xəzinə olunmuş elmidir, bunu əhlindən başqasından (ləyaqəti olanlardan başqasından) gizli saxla.”
Gördüyünüz kimi, Peyğəmbəri Əkrəm (s) bu rəvayətdə təkidlə and içərək buyurur ki, şiələr İmam Zaman (ə)-ın qeybət dövründə o həzrətin vilayət məqamından nur alacaqlar.
Qeybət dövründə İmam Zaman (əc) gözə görünmür, lakin həqiqətdə qeybət pərdəsi bizim öz qəlblərimizdə mövcuddur. İmam (ə) parlaq bir nur kimidir – qəlbində bəsirət olan bir şəxs üçün aşkardır. Hətta zahirdə gözlər onu görməsə də belə.
Bu həqiqətə diqqət yetirmək, insanı o həzrətin vilayət məqamındakı elm və qüdrəti ilə tanış edir, İmam Zaman (ə)-ın məhəbbətini qəlblərə salır və o həzrətin dünya səviyyəli hökumətini gəlib çatması intizarını qəlblərdə yaradır.
2- İNTİZARIN NƏTİCƏLƏRİ İLƏ TANIŞLIQ
1- Məyusluqdan və ümidsizlikdən yaxa qurtarmaq
Dinin heç bir rol oynamadığı, insanların daha yaxşı gələcəyə ümidləri olmadığı bir cəmiyyətdə həyatdan məyusluq, qətl, qan axıdılması, izhar əməliyyatı olduqca çox gözə çarpır. Çünki camaat mənfi amilləri, o cümlədən fəqirlik, yoxsulluq, zülm, sitəm, təcavüzkarlıq, qanunsuzluq, insan hüquqlarına etinasızlıq və bu kimi məsələləri görür və onun müqabilində bu puçluqlardan heç bir çıxış yolu görmürlər. Məhz buna görə də insanın həyatını korlayan ümidsizlik və məyusluğa düçar olurlar. Çünki onların Allah və gələcəyə ümidi yoxdur, bu qədər çətinliklərdən və müşküllərdən qaçıb xilas olmaq üçün intihar əməliyyatını çıxış yolu təsəvvür edirlər. Onlar belə bir cinayətə əl atmaqla nəinki dünya və axirətlərini, hətta öz övladlarının, həyat yoldaşlarının, yaxın qohum-əqrəbalarının da gələcəyini puçluğa doğru çəkirlər.
Lakin öz vücudunda intizar haləti yaradan, hər an vilayətin parlaq nurunun bütün dünyanın hər bir yerinə saçmasına ümid bəsləyən bir şəxs heç vaxt belə cinayətlərə əl atmağa razı deyildir. Buna əsasən, fərəcin intizarında olmaq onun üçün bir qurtuluş və ümidsizliklərdən xilas olma yoludur. Aşağıda qeyd olunan rəvayət həmin mətləbi bəyan edir:
عَنِ الْحَسَنِ بْنِ الْجَخْمِ قَالَ: سَاَلْتُ اَبَا الْحَسَنِ عليه السلام عَنْ شَىْءٍ مِنْ الْفَرَجِ؟ قُلْتُ: لاَ اَدْرِى إِلاَّ اَنْ تُعَلِّمَنِى. فَقَالَ عليه السلام: نَعَمْ، اِنْتِظَارُ الْفَرَجِ مِنَ الْفَرَجِ.
Həsən ibni Cəhm deyir: “Həzrəti Musa ibni Cəfər (ə)-dan fərəc barəsində sual etdikdə həzrət buyurdu: “Məgər bilmirsən ki, fərəcin intizarında olmaq, fərəcin özündən bir miqdardır?” Dedi: “Mənim xəbərim yoxdur, yalnız siz mənə bu barədə xəbər verə bilərsiniz.” İmam (ə) buyurdu: “Bəli, fərəcin intizarında olmaq fərəcin bir hissəsidir.”
2- Ruhi təkamül
İnsan kamil intizar haləti icad etməklə zühur dövrünün insanlarının halətindən bir miqdarını – qəlbini paklamaq kimi – özündə icad edə, ümid və intizar vasitəsilə özünü ümidsizlikdən və puçluqdan qurtara bilər.
Buna görə də İmam Sadiq (ə) öz əziz atasından, onlar da Əli (ə)-dan nəql edirlər ki, o həzrət belə buyurmuşdur:
اَفْضَلُ عِبَادَةِ الْمُؤْمِنِ اِنْتِظَارُ فَرَجِ اللهِ.
“Mömin şəxsin ən yaxşı ibadəti budur ki, Allah taaladan olan fərəcin intizarında olsun.”
Buna əsasən insan intizar halətinə malik olmaq nəticəsində zühur dövründəki təkamül əsərlərindən bəzilərini özündə icad edə bilər. Mətləbin izahı üçün İmam Səccad (ə)-ın Əbi Xalidə buyurduğu bu sözə diqqət yetirin:
عَنْ اَبِى خَالِدِ الْكَابُلِى عَنْ عَلِىِّ بْنِ الْحُسَيْنِ عليه السلام: تَمْثَدُّ الْغَيْبَةُ بِوَلِىِّ اللهِ الثَّانِى عَشَرَ مِنْ اَوْصِيَاءِ رَسُولِ اللهِ صلى الله عليه و آله و سلم وَ الْاَئِمَّةِ بَعْدِهِ، يَا اَبَا خَالِدٍ، إِنَّ اَهْلَ زَمَانِ غَيْبَتِهِ، اَلْقَائِلُونَ بِاِمَامَتِهِ، اَلْمُنْتَظِرُونَ لِظُهُورِهِ اَفْضَلُ اَهْلِ كُلِّ زَمَانٍ، لِاَنَّ الله – تَعَالَى ذِكْرُهُ – اَعْطَاهُمْ مِنْ الْعُقُولِ وَ الْاَفْهَامِ وَ الْمَعْرِفَةِ مَا صَارَتْ بِهِ الْغَيْبَةُ عِنْدَهُمْ بِمَنْزِلَةِ الْمُشَاهَدَةِ، وَ جَعَلَهُمْ فِى ذلِكَ الزَّمَانِ بِمَنْزِلَةِ الْمُجَاهِدِينَ بَيْنَ يَدَىْ رَسُولِ اللهِ صلى الله عليه و آله و سلم بِالسَّيْفِ، اُولئِكَ الْمُخْلِصُونَ حَقًّا، وَ شِيعَتُنَا صِدْقًا، وَ الدُّعَاةُ اِلَى دِينِ اللهِ سِرّاً وَ جَهْراً، وَ قَالَ عليه السلام: اِنْتِظَارُ الْفَرَجِ مِنْ اَعْظَمِ الْفَرَجِ.
Əbu Xalid Kabuli İmam Əli ibni Hüseyn (ə)-dan nəql edir ki, o həzrət belə buyurmuşdur: “Qeybət dövrü Peyğəmbəri Əkrəm (s)-in vəsilərinin və ondan sonrakı imamların on ikincisinin vasitəsilə çox uzun olacaqdır. Ey Əba Xalid, həqiqətən onun qeybət dövründə olan, imamətinə etiqad bəsləyən və zühurunun intizarında olanlar hər bir dövrdəki insanlardan üstündürlər. Çünki Allah taala onlara o qədər əql, dərk və mərifət əta edəcəkdir ki, qeybət onların nəzərində müşahidə kimi olacaqdır və onları o dövrdə Peyğəmbər (s)-in dövründə qılıncla cihad aparan mücahidlər kimi qərar verəcəkdir. Onlar həqiqətən ixlaslıdırlar və bizim sədaqətli şiələrimizdirlər, insanları aşkarda və gizlində Allah yoluna doğru dəvət edərlər.”
Sonra İmam Səccad (ə) buyurdu: “Fərəcin intizarında olmaq ən əzəmətli fərəcdir.”
İntizar yolunda təkamülə çatan həqiqi intizarçılar özlərini Allahın qeybi qüdrətlərinin bütün dünyanın hər yerinə hakim kəsilməsi üçün hazırlamaq nəticəsində qeybət dövründə zühur dövrünün şəxslərinə məxsus olan xüsusiyyətlərdən bir qismini – qəlbin paklanması kimi – nail olacaqlar. Belə ki, qeybətin qaranlıqlı ruzigarı onlar üçün müşahidə olunan bir gün kimidir. Əgər intizar onlarda bu kimi tə`sirlər qoymazsa, onda fərəcin intizarı necə ən əzəmətli fərəc ola bilər? Onlar intizar halətində belə zühur dövrü ilə qeybət dövrü arasında əlaqə yaradır, o ruzgarın halətlərindən bəzilərini qeybət dövründə əldə edirlər.
MƏRHUM ŞEYX ƏNSARİ İMAM ZAMAN (ƏC.)-İN MƏNZİLİNDƏ
İndi isə qəlblərin aydın olması üçün şiə aləminin böyük şəxsiyyətlərindən bə`zilərinin başına gələn müəyyən hadisələri burada xatırladırıq ki, qeybi qüdrətlərə malik olmaq nəticəsində aşkarda və gizlində Allah dininə kömək etmək üçün tədbir görmüşlər.
Mərhum Şeyx Ənsarinin şagirdlərindən biri o alicənab şəxsin İmam Zaman (ə)-la olan əlaqəsini və o həzrəti onun mənzilində ziyarət etməsi barədə belə deyir:
Həzrət Əbu Əbdillah (ə)-a məxsus olan ziyarətlərin birində Kərbəlaya getmişdim. Gecə yarısından sonra hamama getmək üçün evdən çıxdım. Küçələr torpaq olduğuna görə özümlə bir çıraq götürmüşdüm. Uzaqdan şeyxə oxşar bir şəxs gördüm. Bir qədər yaxınlaşdıqda gördüm ki, şeyxin özüdür. Öz-özümə fikirləşdim ki, o gecənin bu vaxtında, özü də gözləri zəif olduğu halda bu torpaq yolla haraya gedir? Mən bir kəsin ona həmlə etməməsi üçün onun ardınca yola düşdüm. Nəhayət bir xaraba evin qapısında dayandı, “Camiə” ziyarətini xüsusi diqqətlə oxudu, sonra o evin içinə girdi!
Mən artıq heç bir şey görmürdüm, lakin şeyxin səsini eşidirdim. Sanki bir şəxslə söhbət edirdi. Mən hamama getdim və bundan sonra mütəhhər hərəmə müşərrəf oldum, şeyxi həmin yerdə gördüm. Səfər sona çatdıqdan sonra Nəcəfi-Əşrəfdə onun hüzuruna gəlib o gecə gördüyüm hadisəni ona dedim. Şeyx əvvəlcə bunu inkar etdi, amma çoxlu isrardan sonra buyurdu: “Bəzi vaxtlarda İmam Zaman (ə)-ın hüzuruna çatmaq üçün icazə alıram, o həzrətin evinin arxasına gedirəm ki, sən onu heç vaxt görməyəcəksən, sonra camiə ziyarətini oxuyuram. İkinci dəfə icazə verdiyi zaman o həzrətin hüzuruna gedirəm və lazım olan mətləbləri Ondan soruşuram.” Sonra şeyx buyurdu: “Mən sağ olduğum müddət ərzində bu mətləbi gizli saxla və heç bir kəsə demə.”
MÜVƏFFƏQİYYƏTLƏRİN RƏMZİ, MƏHRUMİYYƏTLƏRİN SİRRİ
Burada belə bir sual oluna bilər: Necə olub ki, mərhum Şeyx Ənsari hər vaxt icazə tapırdısa, İmam Zaman (ə)-ın mənzilinə gedirdi və “Camiə” ziyarətini oxumaqla – ikinci izn verilməklə – o həzrətin evinə daxil olurdu və onunla danışırdı?!
O bu məqama necə çata bilmişdi? Nəyə görə onun şagirdləri belə bir iftixara nail ola bilməmişdilər və Şeyx Ənsari buyurmuşdu ki, “Sən heç vaxt o evi tapa bilməyəcəksən”?!
Bu mühüm bir sualdır ki, qaneedici bir cavab istəyir və çox təəssüflər olsun ki, bəzi adamlar belə sualların cavabında deyirlər ki, Allah belə istəmişdir, Allah (nəuzu billah) bəzi şəxslərlə qohumluq əlaqəsi bərqərar etmişdir və insanların əməl və istəkləri ilə heç bir əlaqəsi yoxdur!
Əksər hallarda sual verənləri başdan eləmək üçün verilən bu cavablar düzgün deyildir. Buna görə nə qaneedicidir və nə də bir şəxsi düzgün yola hidayət edə bilər.
Biz vəhy xanədanının buyruqlarına diqqət yetirməklə bu sualın cavabında deyirik: Mehriban Allah bütün insanları mənəvi və ruhi təkamülə doğru çağırmış, bu yolda qədəm götürən bütün insanlara mükafat verir. Necə ki, ev sahibi öz qonaqlarını dəvət və məclisdə iştirak edəcəkləri təqdirdə onların hamısını qonaq kimi qəbul edir. Allah taala da inkişaf və təkamül zəminələrini bütün insanlarda icad və beləliklə də onları təkamülə doğru dəvət etmişdir. Qurani-Kərim aşkar şəkildə belə buyurur:
وَ الَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا
“Hər kəs bizim yolumuzda səy edib çalışsa, Biz hökmən onu öz yolumuza doğru hidayət edərik.” [12]
Bu yalnız qonaqların vəzifəsidir ki, Allahın dəvətinə müsbət cavab versinlər, ruhi təkamül, mənəvi inkişaf yolunda qədəm götürsünlər. Buna əsasən, insanlarda inkişaf və mənəvi təkamülün zəminəsi vardır və onlar bu nemətlərdən bəhrələnirlər. Lakin onu ehtiyat saxlayaraq istifadə etmirlər. Bu da eynilə dar görüşlü sərvətlilərə bənzəyir ki, bankdakı hesablarında olduqca çoxlu sərvətlər yığılıb toplanır və bununla xoşhal olurlar, lakin heç vaxt o sərvətlərdən istifadə etmək tofiqinə nail olmurlar.
Müvəffəqiyyət üçün lazım olan mövcud imkanlardan və zəminələrdən istifadə etməli, çatışmayan cəhətlərinizi aradan qaldırmalısınız ki, özünüzün böyük hədəflərinizə çata biləsiniz.
İnsanların çoxu zati baxımdan mənəvi və ruhi təkamülə çatmaq üçün daha artıq hazırlığa və bacarığa malikdirlər. Lakin belə işlərə baş qoşmadıqlarından bu kimi bacarıqlardan istifadə etmirlər və elə bu halda da dünyadan köçüb gedir, onları torpağa tapşırırlar. Eləcə də keçmiş dövrlərdə olan sərvətli insanları qeyd etmək olar ki, öz mal-dövlətlərini və sərvətlərini qorumaq üçün onları yerə basdırıb gizlədirdilər. Nə özləri, nə də onların övladları bu kimi mal-dövlətdən azacıq belə olsun, istifadə etmirdilər.
Bəzi insanların daha artıq ruhi bacarığa, daha yaxşı dərk qüdrətinə malik olmaları və bu xüsusiyyətləri hansı yolla əldə etmələrinin aydın olması üçün mərhum Şeyx Hürr Amulinin sözlərini qeyd edirik: (O, şiənin böyük şəxsiyyətlərindən və alimlərindən biri idi.) “Aydındır ki, görmək, eşitmək və sair kimi qüvvələr müstəqil şəkildə qulaq, göz və sair kimi üzvlərlə əncam tapılmır, əslində onlar ruh üçün bir vasitədirlər ki, ruh onların vasitəsilə görür, eşidir və sair. İnsanın ruhu güclü olmadığına görə görmək, eşitmək kimi qüvvələri bu kimi maddi səbəblərlə məhdudlanır və xüsusi çərçivədə olur. Buna görə də yalnız maddiyyatı görür, ruhi və mənəvi məsələləri görüb dərk etməkdən isə bacarıqsız olur. Amma əgər insanın ruhu ibadətlərin, vacibatların yerinə yetirilib, haram işlərin tərk edilməsi nəticəsində Allah dərgahına yaxınlaşaraq, ruhu qüvvətlənsə, onun maddiyyatdan və təbii şeylərdən istifadə etmə qüdrəti daha da artacaqdır. Buna əsasən, gözləri ilə başqalarının görmədiyi şeyi görəcək, qulaqları ilə başqalarının eşitmədiyi şeyləri eşidəcək və sair.
Bu qələbə və qüdrət müxtəlif şəxslərdə və müxtəlif səviyyədədir. Necə ki, onların Allah dərgahına yaxınlaşmaları da eyni səviyyədə deyildir. Hər kəs ibadət, nəfsin mənəvi aludəliklərdən təmizlənməsi vasitəsilə Allah dərgahına daha çox yaxınlaşsa, onun mənəvi və ruhi vəziyyətləri də daha güclü olacaq, başqalarının göz, qulaq və sair kimi şeylərlə dərk edə bilmədiyi şeyləri dərk edəcək və onlardan daha güclü olacaqdır.
Bu bəyanla aydın olur ki, nə üçün Şeyx Ənsari kimi şəxslər belə bir böyük nemətə nail ola bilirlər, lakin başqaları bu qüdrət və bacarıqdan məhrumdurlar. Onların gözləri bu kimi işlər görməkdən acizdir.
İntizar halətinə malik olmaq – onun kamil mənasında – bu kimi işlərin dərk olunmasını sizin üçün töhfə və ərməğan gətirər.
İntizar yolunda ürəkləri yanan, ruhlarını saflaşdıran şəxslər öz həvayi-nəfslərindən qaçaraq mənəvi tərəqqi yoluna qədəm qoyur və nəfsin hakimiyyət dairəsindən xaric olurlar, daha nəfs, onları öz tərəfinə sürükləmək qüdrətinə malik olmur.
Necə ki, kosmik gəmilər yerin orbitində qərar verildiyi və cazibə dairəsindən xaric olduğu zaman yerin cazibə qüvvəsi artıq onları öz tərəfinə cəzb edə bilmir. Siz də əgər zamanın keçməsi ilə özünüzü nəfsani istəklərin dairəsindən xaric etsəniz, nəfsin cazibəsi və şeytani vəsvəsələr heç bir təsir qoymayacaqdır.
Əhli-beyt (ə)-ın köməkçiləri, o cümlədən cənab Salman kimi şəxslər məhz belə olmuşlar. Onlar nəfsin təsir dairəsindən çıxmış, maddiyyat çərçivəsindən xilas olmuşdular. Buna görə də qeyb aləmi ilə əlaqə bərqərar etmişdilər. Salmanın malik olduğu qüdrət və vilayət məhz buna görə idi ki, nəfsani istəklərin qüdrət dairəsindən xaric olmuş və öz həvayi-nəfsini məhv etmişdi. Əmirəl-möminin Əli (ə)-ın meyl və iradəsini öz meyl və iradəsinə hakim etmişdi və buna görə də gizli qüdrətlərdən və qeybi qüvvələrdən istifadə edirdi.


Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

user comment
 

latest article

  Həzrət Məsumə (ə.s) haqqında hədislər
  Həzrət Məsumə (ə.s) cavab verdi...
  Yasin" surəsi
  İmam Sadiq (ə), mübarizə və müqavimət simvolu kimi təqdim olunmalıdır
  The Scientific School of Imam Ja'far al-Sadiq(AS)
  His Children
  His Birth And His Death
  İmam Sadiq ələyhis-salam haqqında
  Həqiqi tərəfdarlarn sayı nə qədərdir ?!
  "Əhzab" surəsi