Azəri
Thursday 28th of March 2024
0
نفر 0

121-ci xütbə

121-ci xütbə

İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinin iki hakimin qəzavətinə razılıqlarını inkar edib öz sözlərinin üstündə durduqlarına (və Müaviyə ilə, Şam ordusu ilə döyüşə hazırlaşdıqlarına) görə onların qərargahına təşrif apardığı vaxt onlara dediyi kəlamlarındandır. İmam əleyhis-salam sonra buyurmuşdur: «Sizin hamınız Siffeyn döyüşündə bizimlə idinizmi? Dedilər ki, bəzilərimiz olub, bəzilərimiz yox. İmam buyurdu: «İki dəstəyə bölünün. Siffeyndə olanlar bir cərgədə, olmayanlar da başqa cərgədə dursun ki, hər dəstə ilə sözlərinə uyğun danışım. Sonra qışqıraraq camaata buyurdu ki, danışmaqdan çəkinin və sözlərim (eşitmək) üçün sakit olun, ürəklərinizi mənə yönəldin. Hər kimsəni şəhadət verməsi üçün istəsəm, biliyinə və məlumatına uyğun o barədə danışsın. Sonra İmam əleyhis-salam onlara çox mətləbləri, o cümlədən bunları buyurdu:

Şam əhli hiylə, kələk və yalanla Qur’anı nizələrinə taxanda «onlar bizim qardaşlarımız, bizim kimi müsəlmandırlar, müharibəni qurtarıb döyüşə son qoymaq istəyirlər, Qur’ana üz tutmuşlar və rahatlıq, asayiş diləyirlər, istəklərini qəbul edib qəm, kədərlərini dağıtmağımız məsləhətdir» demədinizmi? Mənsə sizə dedim: «(Qur’anı nizəyə keçirməklə bizdən sülh istəyən) Şam əhlinin bu işinin zahiri iman, allahpərəstlik, batini isə zülm və sitəmdir. Əvvəli mehribanlıq, sonu peşmançılıqdır.[1] Öz gedişatınızı izləyin, getdiyiniz yolu davam etdirin və (onlarla) cihad, müharibə üçün dişlərinizi bir-birinə sıxın (dözümlü olun ki, qələbə qazanasınız). Fəryad çəkən harayçıya (sizi Qur’anla aldadan Müaviyə və Əmr ibn Asa) fikir verməyin ki, onun istəyi qəbul edilsə, sizi azdırar (həyatınızı ağırlaşdırar və sərgərdan qoyar), saymasanız, zəlil və xar olar. (Lakin sözlərimi və nəsihətlərimi qəbul etmədiniz və) bu iş (iki hakimin qəzavəti ilə razılaşmağınız) baş tutdu və sizləri onda çalışan gördüm. Allaha and olsun ki, iki hakimin qəzavətindən imtina edib onun yükünün altına getməzdim və onun hər vacib işi mənə fərz olmazdı. Allah-təala o işi tərk etməyin günahını mənə yükləməzdi. (Çünki haqqın əleyhinə hərəkət etməmişdim, əksinə, ilahi göstərişə uyğun olaraq bu işə qarşı çıxmışdım.) And olsun Allaha! Əgər bu işi görsəydim, mənə itaət edilməyə layiq olardım və Allahın Kitabı (Qur’ani-Kərim) mənimlədir. Onunla həmsöhbət və yoldaş olandan ayrılmamışam.[2] Sonra (İmam əleyhis-salam Həzrət Peyğəmbərin səhabələrinin iman və dönməzliklərini xatırladaraq müxaliflərin sözlərini rədd etmək üçün buyurur:) Biz Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birgə idik və (kafirlərlə, müşriklərlə döyüşürdük və) atalarla oğullar, qardaşlar və qohum-əqrabalar bir-birini qətlə yetirir, qanlarını axıdırdılar. (İslamın irəliləyişi üçün bunlara əhəmiyyət vermir, o böyük şəxsin əmrlərinə qarşı çıxmırdıq.) (Üzləşdiyimiz) hər müsibət və çətinliyə (Allaha və Peyğəmbərə) imandan, haqq iş görməkdən, (o Həzrətin) əmr və fərmanlara təslim olmaq və yaraların yanğısına dözməkdən başqa bir şey artırmırdıq. Ancaq (indi biz kafir və müşriklərlə çəkişmirik ki, onlarla həmin yolla döyüşək, əksinə,) bu gün küfrə meyl, əyrilik (haqdan əl çəkmək), səhv salınma (haqqın batillə) və (səhv) tə’vil (yəni, haqq-ədalətin ziddinə söz danışmaq) kimi İslama daxil edilənlərin nəticəsində öz müsəlman qardaşlarımızla döyüşürük.[3] Hərgah, onun səbəbinə Allahın bizim dağınıqlığımızı bir yerə yığacağı, onun təsirindən aramızda qalanla (ülfət və dostluqla) bir-birimizə yaxınlaşacağımız vasitəni tapsaq (sülhə, mehribanlığa və İslamın güclənməsinə səbəb olan yol tapsaq), ona meyl, rəğbət göstərib qeyrisindən (müharibədən) imtina edəcəyik.[4]
122-ci xütbə

 

İmam Əli əleyhis-salamın döyüş vaxtı səhabələrinə buyurduğu kəlamlarındandır.

Sizlərdən hər bir kişi düşmənlə üzləşəndə özündə qəlbinin qüvvətləndiyini (şücaət) hiss edib qardaşlarından birində xof, qorxu görsə, Allahın ona əta etdiyi üstünlük və igidliyə görə düşməni qardaşınızdan da özünüzdən uzaqlaşdırdığı kimi dəf etməlidir. Odur ki, (mənə nə, hər kəs özünü müdafiə etməlidir və qorxağa düşmənin hakim olması layiqdir deməsin). (Deməsin ki,) Allahın istəyi olsaydı, onu da belə (şücaətli və qorxmaz) edərdi.[5] (Çünki) ölüm tələskənliklə axtarandır, (hamını tapar), durub dayanan (öləcəyindən qorxaraq belə bir vaxtda öz qardaşını müdafiə etməyən igid) çəngindən çıxa bilməz, ondan qaçan onu aciz edib gücdən salmaz. (Onun əlindən qaçıb xilas olmaq mümkün olmadığından) ən əziz ölüm öldürülməkdir. (Çünki dünyada yaxşı adın qalmasına və axirətdə savaba səbəb olur). And olsun Əbu Talibin oğlunun canı əlində olana ki, min qılınc zərbəsi mənə Allaha itaətdən qeyri yataqda ölümdən daha asandır.[6]

 
123-cü xütbə

 

İmam Əli əleyhis-salamın (öz səhabələrini pisləyib danladığı) kəlamlarındandır.

Sanki sizləri (yolda) bir-birinə sürtülən kərtənkələlərin dərisinin səsi tək (döyüşdən qaçmaq üçün hər şeyi bir-birinə qatarkən) səs-küy salan (hay-həşir qoparan) görürmüş kimiyəm. Haqqı qəbul etmir (düşmənə müqavimət göstərmir) və zülmün, sitəmin (zülmkarın) qarşısını almırsınız. Sizi (cənnətə gedən) yolda azad buraxıblar. Nicat və qurtuluş özünü ona atan (Allah yolunda döyüşən), ölüm və bədbəxtlik isə dayanan (cihaddan imtina edən) üçündür.

 
124-cü xütbə

 

İmam Əli əleyhis-salamın öz səhabələrini cihada (və döyüş qaydalarını öyrənməyə) həvəsləndirdiyi kəlamlarındandır.

(Döyüş meydanında düşmənlə üzbəüz gəldikdə) zirehlinizi önə, zirehsizinizi arxaya keçirin, dişlərinizi bir-birinizə sıxın (döyüşdə dönməz olmaqla çətinlikləri özünüzə asanlaşdırın). Çünki döyüşdə dönməzlik qılıncları başlardan daha da uzaqlaşdırar (döyüş meydanının çətinliklərinə dözmək qələbə və fəth üçün hər təbdirdən daha yaxşıdır). Nizələrin ətrafında əyilib-bükülün, (düşmənə nizə ilə zərbə vurarkən özünüzü endirib qaldırın və yaxud düşmən sizə nizə endirəndə özünüzü uzaq tutun), çünki nizələri bu üsulla vurmaq (onları əyilib-bükülmədən vurmaqdan) daha təsirli olur (və yaxud özünə az dəyir). Nəzərlərinizi yerə dikin (hər tərəfə baxmayın), çünki gözü yummaq qəlbin gücünün və ürəklərin rahatlığının artmasına (düşməndən qorxmamağa) səbəb olar. Səslərinizi alın (hay-küy salmayın), çünki mətanət və sakitlik (hər şeydən) xofu, qorxunu daha tez uzaqlaşdırar (qorxaqlar döyüş meydanında hay-küy salar, igidlər isə söz danışmayıb öz işlərini görərlər). Bayrağınızı yerindən hərəkət etdirib ətrafını boşaltmayın (ki, hamının diqqəti bayrağa yönəldiyinə görə qoşunun məğlubiyyətinə səbəb olar). Onu dilavərlərdən, hər pis hadisənin sizə yetişməsinə mane olanlardan və qorunub saxlanılması lazım olanı müdafiə edəndən başqa hər kəsə tapşırma. (Əlbəttə, belə insanlar zəfər çalmaqdan və ya həlak olmaqdan başqa heç vaxt bayrağı əllərindən verməzlər.) Çünki (döyüşün) bəla və çətinliklərinə o adamlar dözər ki, bayrağın ətrafına dolanaraq onu sağdan, soldan, arxadan və qabaqdan qorusun. (Düşmənə) təslim olmasın deyə ondan dala qalmasın və onu tənha qoymamaq üçün qabaqa keçməsin. Kişi (döyüş meydanında) onunla üzbəüz gələn düşməndən qorunmalı və (onu məğlub etdikdən və ya öldürdükdən sonra) öz qardaşına (yoldaşına) kömək etməlidir. Öz düşmənini buraxıb qardaşına tərəf yönəlməməlidir ki, qardaşının düşməni ilə əlbir olub (onu aradan götürüb) birlikdə ona qəsd etsinlər. Allaha and olsun, dünyanın qılıncından qaçsanız, axirətin qılıncından salamat çıxmayacaqsınız (cihada gedib Allah yolunda qılınc çalmasanız, əbədi əzabdan xilas ola bilməyəcəksiniz. Nəyə görə özünüzü qılınc çalmağa və düşmənin qarşısını almağa hazırlamırsınız? Bir halda ki,) siz ərəbin zadəganları və böyük (hörmətli) şəxslərindənsiniz. Həqiqətən də (döyüşdən) qaçmağınız Allahın qəzəbinə (Allah-təalanın rəhmətindən uzaqlaşmağa), zillət, çarəsizlik və əbədi rüsvayçılığa səbəb olar. Qaçanın ömrü artmaz və qaçmaq onun ölümünə mane olmaz. Allaha doğru gedən (cihad edənin şövqü) suya çatan təşnə kimi olmalıdır. Cənnət nizələrin ətraflarının altındadır.[7] Bu gün xəbərlər aşkar olacaq (qılınc vurarkən, ölərkən, öldürərkən hər kəsin sözünün düzlüyü və səhvliyi aydınlaşar). Allaha and olsun, mənim onlarla (düşmənlərlə) görüşə olan həvəsim onların şəhərlərinə olan həvəslərindən daha çoxdur. İlahi, əgər onlar haqqı rədd edib onunla düşmənçilik niyyətində olsalar, insanlarını pərən-pərən et, aralarına fikir ayrılığı sal və onları öz günahlarında həlak et. Onlar dayandıqları yerdən heç vaxt uzaqlaşmazlar (fitnə-fəsad törətmək qərarlarından əl çəkməzlər. Siz, mənim tərəfdarlarım, onlarla döyüşüb etiraz etməsəniz), düşmənin canını bədənindən çıxaran dalbadal nizələr vurulmasa, beynini yarıb sümüklərini sındıran, ayaqlarını, biləklərini və qıçlarını qıran qılınclar çalınmasa (öz pozğunluqlarını davam etdirib sizləri məğlub edəcəklər). Qoşunlar dəstə-dəstə və ardı-arası kəsilmədən onlarla üzləşməsə, saysız-hesabsız əsgərlər qələbə və yardım üçün hər bir yandan toplanıb arxada saxlanan ehtiyat atlarla onlarla döyüşməsə, yerlərindən tərpənən deyillər. Tərpənməzlər-arxasında böyük ordunun dayandığı (beş səmti – yəni, önləri, arxaları, sağları, solları və qəlbləri nizamlı, düzümlü olan) çoxlu qoşunlar onların şəhərlərinə daxil olana qədər. Atları dırnaqları ilə bir-birinə yanaşı torpaqlarını (evlərini) və heyvanlarının örüşlərini tapdaq-tapdaq edənə qədər (qısası, onların hər şeyinə hakim kəsilərlər. Seyyid Rəzi buyurur:)

Deyirəm: الدَّعْقُ sözünün mənası döyüb əzməkdir, yəni, «atlar onların torpaqlarını dırnaqları ilə döyüb əzərlər». وَنَوَاحِرُ الْأَرْضِ isə üzbəüz torpaqlar mənasında işlənmişdir. مَنَازِلُ بَنِى فُلان تَتَناحَرُ dedikdə isə filankəsin oğullarının evlərinin bir-birinin qarşısında olması mənasını verir.

 
125-ci xütbə

 

İmam Əli əleyhis-salamın Əmr ibn As və Əbu Musanın qəzavətinə razılaşdıqlarını inkar etdikləri vaxt[8] buyurduğu sözlərdəndir. Onda öz səhabələrini məzəmmət edərək buyurur:

İnsanları hakim etmədik, əksinə, Qur’anı hakim qıldıq. Bu Qur’an iki cildin arasında yazılmış və dil açıb danışmayan xətdir. Ona (məqsədini bəyan etmək üçün) tərcüməçi lazımdır və ondan söz danışanlar insanlardır. Şam əhli bizdən Qur’anı aramızda hakim etməyi istədi. (Xahişlərini qəbul etdik, çünki) Allahın kitabından üz döndərənlərdən (Onun hökmünə tabe olmayanlardan) deyildik. Allah-təala da (Qur’ani-Kərimin Nisa surəsinin 59-cu ayəsində) buyurub: فَإِن تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللّهِ وَالرَّسُولِ «Əgər bir işin üstündə mübahisə və düşmənçilik etsəniz, (onun islahı üçün) Allaha və Peyğəmbərə (Qur’ana və sünnəyə) müraciət edin». Münaqişə və düşmənçilik zamanı Allaha müraciət etməyimiz Onun kitabına uyğun hökm çıxarmağımız, Peyğəmbərə üz tutmağımız isə onun sünnəsini və yolunu tutmağımız deməkdir. Əgər doğruluqla Allahın kitabından hökm çıxarılarsa (öz rəyinə uyğun təfsir və nadürüst izah deyil, Onun həqiqətlərini bəyan etmək istəsələr), o hökmə (İmamətə və xilafətə) biz (İmam əleyhis-salam və o Həzrətdən sonrakı İmamlar) hamıdan daha layiqik.[9] Əgər Allahın Peyğəmbərinin sünnəsinə əsasən hökm verilsə, biz o hökmdə camaatdan daha üstünük.[10] Deyirsiniz ki, özünlə onlar (Şam əhli) arasında hakimlik üçün möhlət qoydun (ki, iş bu yerə gəlib çatdı. Həmin gün və ya həmin həftə əmr etməliydin ki, Allahın kitabına nəzər salıb hökmü aydınlaşdırsınlar. Cavab budur:) Möhlət verdim ki, cahil götür-qoy etsin və alim güclənsin, bəlkə bir-birindən əl çəkib mehribanlaşdıqları bu müddətdə Allah-təala bu ümmətin işini islah etdi. Nəfəs yolları tutulmasın (haqqa çatmaları üçün onları məcbur etməyim) ki, haqqı tanımaq üçün tələsib (düşünüb araşdırmadan əleyhimizə olan və bizə qarşı döyüşə çalışan) ilk azğınların ardınca getməsinlər. (Onlara möhlət verdim ki, bu işi düzgün araşdırsınlar.)

Həqiqətən də Allah yanında insanların ən üstünü odur ki, haqq ona ziyan yetirib kədərləndirsə də, batilsə ona xeyir verib faydaya yetirsə belə haqqı batildən çox istəsin. Belə isə nəyə görə dalğın və sərgərdansınız, sizləri haradan gətiriblər (ki, öz İmam və rəhbərinizi tanımayaraq belə çirkin sözlərlə onun əleyhinə çıxırsınız)? Haqdan (uzaq düşərək) mat-məəttəl qalan, didərgin düşərək onu görməyən, zülmə və sitəmə ürcah olub ondan dönməyən, Allahın kitabından uzaq olan (onu başa düşməyən), (doğru) yoldan çıxan bir dəstə ilə (şamlılarla) döyüşə getməyə hazır olun. (Ancaq əfsus ki,) siz əmin olası, etimad ediləsi deyilsiniz ki, sizə əl uzatmaq mümkün olsun (qeyrətiniz yoxdur ki, sizdən kömək istəyim), nə də (çətinə düşəndə) yoldaşlıq umulacaq adamlar deyilsiniz. Siz müharibə atəşini alovlandırmaq üçün yaramırsınız (düşmənin istilasının qarşısını almırsınız). Off, sizin əlinizdən! (Çirkin söz və əməllərinizdən təngə gəldim.) Sizlərə görə çətinliyə və giriftarçılığa düşdüm. Bir gün (dinə kömək üçün) sizi çağırır, bir gün isə (düşmənlə döyüşmək barədə) sirrini deyirəm. Çağrıldıqda (mənə cavab vermək üçün) azad və doğru danışan insanlar və sirr verərkən əmin olunası, etimad ediləsi qardaşlar deyilsiniz (ki, mənim sirrimi saxlayıb faş etməyəsiniz).

 
126-cı xütbə

 

İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir:[11]

Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?[12] Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm).

Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:

Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır.[13] Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şə’nini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.

 
127-ci xütbə

 

İmam Əli əleyhis-salamın yenə də Xəvaric barədə buyurduğu kəlamlarındandır:[14]

Sizin (mənimlə) müxalifliyiniz (iki hakimi təyin edib onların qəzavəti ilə razılaşmaqla) xəta edib yolumu azmağımı güman etdiyinizə görədirsə, nəyə görə Məhəmmədin (səlləllahu əleyhi və alih) bütün ümmətini də (öz gümanınızda) mənim azmağımla azğın sanır, onlara mənim xətama görə yanaşır, mənim günahıma görə (onları) kafir adlandırırsınız? (Belə ki,) çiyinlərinizdəki qılınclarınızı həm sağlam, həm də xəstə yerlərə endirir, (öz zənninizlə günahkar sandığınızı da, təqsirsizi də öldürürsünüz. Öz gümanınızda) günah edənlə günahsızı qarışdırırsınız. (Müqəddəs İslam şəriəti, böyük günah törətmiş olsa belə, heç kəsi kafir saymasa da hamını kafir hesab edirsiniz. Necə ki,) bilirsiniz, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) arvadı ola-ola zina edəni daş-qalaq edib sonra onun namazına durardı (sizin əqidənizə görə isə varis müsəlman olsa belə, küfr irs çatmasının qarşısını alar), mirasını (onun) yaxınlarına verərdi. Qatili öldürüb irsini varisləri arasında bölər, oğrunun əlini kəsər, arvadı olmayan zinakara qamçı vurardı. Bundan sonra isə müsəlmanların qənimət götürdüklərindən onların payını verər, onlar da müsəlman qadınlarla nigah bağlayardılar. Deməli,[15] Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alih) onları (kafir saymayıb, əksinə,) onlarla günahlarına uyğun rəftar edib, onlar barədə Allahın haqqını yerinə yetirmiş, onların İslamdakı paylarının qarşısını almamış və adlarını müsəlmanların arasından çıxarmamışdır.[16] Deməli, (bundan sonra onları pisləyib danlamaq üçün buyurur) sizlər şeytanın öz azğınlıqlarına (nadanlıq və öz nadanlığına inanmamağa) atdığı, heyrət və səfilliyə məcbur etdiyi ən pis insan və ən pis camaatsınız. (Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mö’tədil dəstədəndirlər.[17] Belə isə bu mötədil dəstəyə yoldaş olub böyük kütlənin (adil sultanın ardıcıllarının) ardınca gedin. Çünki Allahın əli (bu) camaatın üstündədir. (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, bir kimsəni bu yola dəvət edən (dində bid’ət yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Bid’ətçini mən olsam belə öldürün. Bundan sonra qəzavət barədə buyurur:)

İki hakim Qur’anın diriltdiklərinə həyat vermək, öldürdüklərini dəfn etməkdən qeyri bir iş üçün təyin olunmadılar. Qur’anı diriltmək onunla həmməqsəd olmaq (ona əməl etmək), onu öldürmək isə ondan ayrılmaqdır (ona uyğun rəftar etməməkdir). Əgər Qur’an bizi onlara doğru çəksə, onların arxasınca gedək, onları bizə tərəf çəksə, bizim arxamızca gəlsinlər.[18] Belə isə ey atasızlar, mən şər iş görüb sizi aldadıb, səhvə düçar etmədim. Əksinə, bu iki kişini (Əbu Musa və Əmr ibn Ası) seçmək öz fikriniz idi. Biz də onlardan Qur’andan kənara çıxmayacaqları barədə əhd-peyman aldıq. Hər ikisi haqqı gözləri ilə görsələr də yollarını azaraq haqdan əl çəkdilər. Onların zülm və sitəmləri (Allahın qanunlarına zidd rəftarları) nəfslərinə görə idi və ona uyğun da rəftar etdilər. Qabaqcadan (sülhnamədə) əhd-peyman aldıq ki, hakimiyyət ədalət və düzlük üzərində qurulmalı, haqqı nəzərdə tutmalıdır. Ancaq onların pis fikirli olmaları və zülm, sitəmlə hökmranlıq etmələri bizimlə onların arasına ayrılıq saldı. (Müqaviləyə zidd rəftar etdiklərinə görə pislənməyə və danlağa layiqdirlər.)

 
128-ci xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Cəməl döyüşündən sonra Bəsrədə buyurub. Qeybdən verdiyi xəbərlər silsiləsindəndir.) Bəsrədə baş verəcək ağır hadisələrdən xəbər verir:[19] Ey Əhnəf! Onu (zəncilərin qoşununun başçısını) toz-torpaqlı, haray-həşirli, cilov və atları səssiz, (atları və silahları olmayan), öz ayaqları ilə yeri döyəcləyən (çox fitnə-fəsad törədən) bir qoşunla qiyam edirmiş kimi görürəm. Ayaqları (barmağın enliliyi, qısalığı və yastılığı baxımdan) dəvəquşu ayağına bənzər. (Seyyid Rəzi buyurur:) İmam əleyhis-salam bu sözləri ilə zəncilərin başçısının qiyamına işarə edir.[20] Bundan sonra İmam əleyhis-salam buyurur: Ölənlərinə kimsənin ağlamadığı (çünki onların hamısı qara qul olduqlarına görə ölənlərinə ağlamaq üçün qohumları yox idi), yox olanı axtarılmayan[21] qoşunun əlindən vay olsun sizin quzğun qanadları tək qanadlı (tağlı), fil xortumu tək xortumlu (navdanlı), bəzəkli evlərinizə və abad küçələrinizə (onların hamısını dağıdıb viran qoyacaqlar). Mən dünyanı uzağa atıb onu ölçmüşəm (onun zahiri və batinini, keçmişini və gələcəyini bilirəm) və həqiqətlərini görürəm (onun etibarsızlığını, vəfasızlığını hər zaman görürəm).

 
Bu sözlər Həzrətin kəlamının tatarların
(və monqolların kitablarda və tarixdə həkk olunmuş
axıtdıqları müsəlman qanlarının) vəsf edildiyi bir hissəsidir

 

Mən sanki onları görürmüş kimiyəm. Üzləri qalxan kimi (yastı və yumru) çəkiclənmiş (çox ətli və nişanlı), ipək və diba (rəngli ipək) paltarlar geyinən, gözəl yedəkli atlar sürən bir dəstədir. Orada (ayaq qoyduqları yerdə) yaralananlar ölənlərin üstü ilə yeriyənədək, (onların əlindən) qaçanlar əsirlərdən az olanadək çoxlu qanlar axıdılar. (Camaatın çoxu onların zülm və sitəmlərinə mübtəla olar, qaçmağa yerləri olmaz.)

O Həzrətin (İmam əleyhis-salamın qeybdən buyurduqlarının müəllimsiz və özündən deməsindən şübhəyə düşmüş) səhabələrindən biri dedi: «Ya Əmirəl-möminin! Allah sənə qeyb elmini əta etmişdir». İmam əleyhis-salam güldü və (şübhəsini aradan götürmək üçün) Kəlb qəbiləsindən olan o kişiyə dedi:

Ey Kəlbi qardaşım! Dediklərim elmi-qeyb deyil, elm və bilik sahibindən öyrənilən şeylərdir. (Onları Həzrət Peyğəmbərdən - səlləllahu əleyhi və alih – öyrənmişəm.) Elmi-qeyb qiyamət gününün vaxtını və Allah-təalanın Öz buyuruğunda saydıqlarını bilməkdir. (Loğman surəsinin 34-cü ayəsi:) إِنَّ اللَّهَ عِندَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِي الْأَرْحَامِ وَمَا تَدْرِي نَفْسٌ مَّاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِي نَفْسٌ بِأَيِّ أَرْضٍ تَمُوتُ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ «Qiyamətin qopacağı vaxtı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə edəcəyini, hansı torpaqda öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, bilən və xəbərdardır!» Deməli, bətndəkilərin oğlan və ya qız, çirkin, yoxsa gözəl, səxavətli ya xəsis, bədbəxt ya xoşbəxt olduğunu bilən Allahdır. Kimin cəhənnəm odu üçün odun, kimin cənnət dərəcələrində peyğəmbərlərə yoldaş olacağından agahdır. Sadalanan (nümunə kimi birini şərh etdiyimiz) şeylər Allahdan başqa kimsənin bilmədiyi elmi-qeybdir.[22] Ancaq bundan başqa Allah-təalanın Öz Peyğəmbərinə (səlləllahu əleyhi və alih) öyrətdiyi (açmağa icazə verdiyi) bir elm də var. Peyğəmbər bu elmi də mənə öyrədərək sinəmin onu saxlaması və ətraflarımın onu əhatə etməsi (əzbərləyərək saxlamağım) üçün dua etmişdir.

 
129-cu xütbə

 

İmam Əli əleyhis-salamın peymanlar və tərəzilər barədə xütbəsidir:[23]

Ey Allah bəndələri! Siz və sizin bu dünyadakı arzularınız qalacağı müddət bəlli olan qonaq və borc sahibinin alacağını (borcunu) sizdən tələb etdiyi borclularsınız. Qonaq qalmağınızın müddəti qısa, borclarınız isə (yazanların yanında) qorunan əməllərdir. (İbadət və bəndəlikdir.) Nə çoxdur bir əməldə çalışan və (onu) zay edən (riyakarlar kimi). Nə çoxdur əziyyət çəkən və zərər görən (Xəvaric və Nəvasib tək). Siz xeyir və yaxşılığın arxa çevirdiyi, şər və pisliyin üz tutduğu, şeytanın insanları həlak və puç etməyə tamarzıdığı bir ruzigarda vaqe olmusunuz. İndi onun iş alətlərinin gücləndiyi, məkr və hiyləsinin hər yana yol tapdığı, ovunun asanlaşdığı bir vaxtdır. Camaata istədiyin hər bir yerdə düzgün nəzər sal: kasıbçılıq və fəqirlikdən əziyyət çəkməyən yoxsul (dözümü yoxdur və Allahın istəyinə razı deyil), Allahın nemətinə görə şükr edən, küfrə varmayan varlı, öz varidatını artırmaq üçün Allahın malına xəsislik etməyən, xəsis qulağı öyüd-nəsihət eşitməmək üçün ağırlaşmayan asi və dikbaş kimsəni görərsənmi? Haradadır sizin yaxşı və ləyaqətliləriniz, azad insanlarınız və kəramət sahibləriniz? Haradadır alış-verişdə pərhizkar, yolları pak olanlarınız? Hamısı bu alçaq dünyadan və əziyyət, bədbəxtlik sarayından tələsik köçmədilərmi? Siz məgər alçaqlıqlarına, ləyaqətsizliklərinə və adları çəkilməyə layiq olmadıqlarına görə onları pisləyib qınamağa dodaqların belə gəlmədiyi pis ovuntu kimi olan camaat arasında canişin olmusunuz? (Elə yaxşı insanların canişini olan sizlər o qədər rəzil və alçaq olacaqsınız ki, adınızı çəkmək üçün sizləri danlamağa belə layiq deyilsiniz. Belə bir müsibətdə deməliyəm ki,) إِنّا ِللهِ وَ إِنّا إِلَيْهِ راجِعُونَ Yəni, biz hamımız Allahın bəndələri, qullarıyıq və Onun hökmünə, fərmanına doğru qayıdacağıq. Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir və pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli və bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lə’nət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə.

 
130-cü xütbə

 

İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır.[24]

Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar.[25] Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).

 

[1] İndi məğlub olduqlarına görə dostluq və birliklərini göstərirlər. Üstün gələn kimi sizə zülm, sitəm edəcəklər və onda onlara ürəyiniz yandığına görə peşman olacaqsınız. Bununsa heç bir xeyri olmayacaq.

[2] Həzrət Peyğəmbərə iman gətirəndən Qur’ana zidd olan iş görməmişəm. Ona görə də sizin birinə vacib, təhkim və digərinə haram dediyiniz iki dəstəyə bölünməniz yersizdir. Çünki mənim rəftarım Qur’ana uyğundur, vacibi yerinə yetirirəm və haram iş görmürəm.

[3] Qısası, bu gün İslamın olduğu kimi qalması və cahiliyyət dövründəkinə qayıtmaması naminə vuruşuruq.

[4]Çünki məqsədimiz qan tökmək deyil, doğru yol göstərməkdir. Əlli dördüncü xütbədə də buna işarə olunmuşdur.

[5] Deməli, əgər onu igid yaradıbsa, bu böyük nemətin şükrü olaraq öz vəzifəsini – yəni, düşmənin aciz və qorxaq şəxsə hücumunun qarşısını almağı - yerinə yetirməli, bu yolda ölümə əhəmiyyət verməməlidir.

[6] Çünki qılıncın ağrısı yox olub gedən dünyəvi ağrıdır, belə bir yataqda can vermək isə əbədi əzab gətirər.

[7] Deməli, səadət və əbədi cənnət istəyən Allah yolunda döyüşdən və ölməkdən qaçmamalıdır.

[8] «Allahın səni təyin etdiyi İmamətə camaatı hakim qıldığına görə küfr və azğınlıq baş verdi» dedikləri vaxt nəzərdə tutulur.

[9] Çünki Qur’ani-Kərimin Yunus surəsinin 35-ci ayəsində buyurulur: أَفَمَن يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لاَّ يَهِدِّي إِلاَّ أَن يُهْدَى فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ «Doğru yola yönəldən kəs ardınca gedilməyə daha çox layiqdir, yoxsa doğru yol göstərilmədikcə özü onu tapa bilməyən kəs? Sizə nə olub ki, hər ikisini eyni bilirsiniz və bu işdə necə hökm verirsiniz?». Zumər surəsinin 9-cu ayəsində də buyurulur: هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ «Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Ağıl sahibləri bundan agahdır». Deməli, Qur’anın hökmünə əsasən biz haqq yolunu göstərən və onun bütün biliklərinə sahib olduğumuza görə İmam, rəhbər olmalıyıq.

[10] Çünki Həzrət Peyğəbmər «Qədir-Xumda» və başqa vaxtlarda da İmamlığa və xəlifəliyə məni təyin etmişdir. Qısası, biz iki hakimin qəzavəti ilə öz nəfslərinə uyğun söz deyib istədikləri hər bir işi görmək üçün deyil, yalnız Qur’ana və sünnəyə uyğun hökm çıxarmaları üçün razılaşdıq.

 

[11] Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) adəti və yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr də xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən də Təlhə və Zübeyr bey’əti pozaraq o böyük insandan uzaqlaşdılar və bir dəstə də Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu.

[12] Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım?

[13]Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur:  إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا «İsraf etmə və malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları və dostlarıdırlar.

[14] Çünki Nəhrəvan xəvaricinin əqidələrinə, məzhəbinə görə xəta edib günah törədən hər kimsə kafirdir. Qəzavət olunması ilə razılaşmağı günah saydıqlarına görə Əmirəl-möminin əleyhis-salam və səhabələrinin –əuzu billah- kafir olduqlarını deyir, oranı «darül-küfr» adlandırırdılar. Onlardan əl çəkməyərək bacardıqları hər şeylərini – uşaqlarını, heyvanlarını – öldürürdülər. İmam əleyhis-salam onların sözlərini ifşa etmək üçün buyurmuşdur.

[15] Böyük günahlardan olan zina, oğurluq və qətl küfrə səbəb olsaydı, Həzrət Peyğəmbər zinakarın namazına durmaz, onun və qatilin mirasını yaxınlarına verməz, arvadı olmayan zinakara və əli kəsilmiş oğruya qənimətdən pay ayırmaz, onlar da müsəlman qadınlarla nigah bağlamazdılar. Çünki kafirə namaz qılmaq caiz deyil. Küfr miras sahibi olmağa və müsəlman qadınla nigaha, qənimətdən yararlanmağa mane olan səbəblərdəndir.

[16] Belə ki, siz özünüzü müsəlman və bu Peyğəmbərin davamçısı sayırsınızsa, nəyə görə günah təsəvvürünüzə görə müsəlmanı kafir hesab edərək canını, malını halal sanırsınız?

[17] O böyük şəxsi İmam və rəhbərləri, Həzrət Peyğəbmərin vəsisi, onu və on bir övladını mə’sum, hər bir günahdan uzaq sayan, nə ilahiləşdirən, nə də düşmən kəsilən İmamilər kimi.

[18] Təbiidir ki, Qur’an onları bizə tabe edəcək. Lakin iki hakim müxalif çıxaraq Qur’anın diriltdiklərini dirildib öldürdüklərini basdırmadılar.

[19] Burada sahibi zənci, yəni, zəncilərin əmiri Əli ibn Məhəmməd Borğeyinin qiyamına toxunur. Onun həmsöhbəti Əhnəfdir. Ləqəbi Sənhir ibn Qeys ibn Müaviyə, künyəsi Əbu Bəhr olan bu şəxs Bəni-Təmim qəbiləsindən, Bəsrə əhlindən, Əmirəl-mömininin böyük səhabələrindən və Bəni-Təmim qəbiləsinin başçısı olmuşdur. Bəni-Təmim qəbiləsi Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) dəvətini qəbul etməmiş, tayfadan ilk dəfə o, İslama gəlmiş, başqalarını da müsəlman etmişdir. Bu xəbər Həzrət Peyğəmbərə çatdıqda onun haqqında dua etmişdir. Qısası, öz elmi, hikməti və bəyənilmiş mərifət keyfiyyətləri ilə Siffeyn döyüşünə qoşulmuşdu. İmam əleyhis-salamdan sonra da Məsəb ibn Zübeyrin hakimiyyəti dövrünə qədər İraqda həyat sürmüş və hicrətin altmış yeddi ilində Kufədə vəfat etmişdir.

[20] Tarixçilərin yazdığına görə Rey şəhərinin əhlindən olan bu şəxs özünü Ələvi adlandıraraq atasının Məhəmməd ibn Əhməd ibn İsa ibn Zeyd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talib olduğunu iddia edirdi. Əbu Talibin nəslindən olanlar onun bu əsl-nəsəbinə tə’nə ilə yanaşaraq onu düzgün saymırdılar. Belə ki, əsl-nəsəb biliciləri olan üləmalar onun özünün Əli ibn Məhəmməd ibn Əbdürrəhim, anasının babasının isə Zeyd ibn Əli ibn Hüseynlə birgə Hişam ibn Əbdülməlikə qarşı qiyam edən kufəli Məhəmməd ibn Həkim Əsədi olması haqda yekdil rəyə malikdirlər. O, Zeyd öldürüldükdən sonra Rey şəhərinə qaçmış və Vərzənin adlanan kənddə qalmışdır. Bu kənddə də zəncilərin başçısı Əli ibn Məhəmməd dünyaya gəlmiş, onun babası Əbdürrəhim isə Taleqanda anadan olmuşdur. Əbdürrəhim İraqa getdikdən sonra bir kənizi satın almış və ondan Əlinin atası Məhəmməd olmuşdur. Qısası, iki yüz əlli beşinci ildə Bəsrəni hədəfə götürmüş və Bəsrə əhlinin işçilərindən olan zənci qullardan kömək istəmişdir. Onun göstərişi ilə bir gün qullar hamılıqla öz sahiblərini öldürərək onun ətrafına toplaşmış, Kufə əhlinə qarşı cürbəcür fitnələr törətmişlər. O isə üzünə örtdüyü niqaba (ərəbcə «borğe») görə «borğeyi» kimi məşhurlaşmışdır.

[21] Onlardan biri öldükdə daş ürəkli olduqlarına görə ölən barədə soruşmadan başqa birisi onun yerini tuturdu.

[22] Buna işarə olunur ki, Peyğəmbərə vəhylə çatan və onun da mənə öyrətdiyi belə elmləri aça bilmərəm. Buna görə də bilməmiş kimiyəm.

[23] Ancaq xütbədə bu barədə bir şey deyilməmişdir. Səbəbi bəlkə də bu ola bilər ki, Seyyid Rəzi əleyhir-rəhmənin metodu İmam əleyhis-salamın bütün buyurduqlarını deyil, ondan seçmələri qeyd etmək olduğu üçün bu başlığa aid hissəni ixtisara salmışdır. Bəlkə də heç Seyyid Rəzi mətnə toxunmayıb və xütbənin başlığı «haradadırlar öz ticarət və alış-verişlərində pərhizkarlar, öz əməllərini bəzəyən paklar» أَيْنَ الْمُتَوَرِّعُونَ فِى مَكاسِبِهِمْ وَ الْمُتَنَزِّهُونَ فِى مَذاهِبِهِمْ   cümləsindən götürülmüşdür. Ola bilər ki, camaatın çəkidə aldadılmağı və bu çirkin işin geniş yayıldığı barədə Həzrətin yanında söz düşmüş, Həzrət isə bu xütbəni buyurmuşdur.

[24] Rəbəzə Mədinənin şərq istiqamətində, ona İraq hacılarının yolu tərəfdən yaxın, Əbuzər Qəffarinin dəfn olunduğu və İslamın ilk illərində abad olmuş bir kənd olub. İndi ondan heç bir əsər-əlamət qalmayıb. Əbuzər Mədinədə Osmanın qəzəbinə gəldiyinə görə xəlifə onu Şama sürgün etmişdir. Əbuzər orada da Osmanın çirkin əməllərini xalqa çatdırmış, onu olduğu kimi tanıtdırmışdır. Osman tərəfindən Şama vali təyin olunan Müaviyə onun hərəkətləri barədə Osmana xəbər göndərdi. Osman ona məktub yazdı ki, məktubum əlinə çatan kimi Əbuzəri yalın dəvəyə mindirərək Mədinəyə qaytar. Müaviyə onu palansız dəvəyə mindirərək yola saldı. Mədinəyə çatana kimi zəif, arıq, ucaboy, saçı və saqqalı ağarmış Əbuzərin budlarının əti yeyilmişdi. Osmanın gözü ona sataşdıqda dedi: «Ey Cunəydəb, Allah səni Öz neməti ilə sevindirməsin». Əbuzər cavab verdi: «Mənim adımı bilmirsən? Mənim adım Cündəb idi, ancaq Peyğəmbər məni Abdullah adlandırdı və mən bu adı seçdim». Osman ondan özü barədə eşitdiklərini soruşdu. Əbuzər deməmiş olduqlarını təkzib edərək dedi: «Ancaq Allahın Peyğəmbərindən eşitmişəm ki, sizin tayfanız Bəni-Üməyyədən elə bir adam çıxacaq ki, Allahın malını öz ixtirayına keçirib bəndələri zəlil və dinlərini zay edəcək. Sonra Allah öz bəndələrini onun əlindən xilas edəcək». Osman ətrafındakılardan soruşdu ki, siz Peyğəmbərdən belə bir söz eşitmisinizmi? Onlar dedilər ki, yox, eşitməmişik. Osman dedi: «Ey Cundəb. Vay olsun sənin halına! Allahın Peyğəmbərinin adından yalan danışırsan?» Əbuzər yalan danışmadığını dedi. Sonra Osman bir nəfəri Əmirəl-möminin əleyhis-salamın yanına göndərdi. O Həzrət təşrif gətirdikdə ondan belə bir hədis eşidib-eşitmədiyini soruşdu. Həzrət buyurdu ki, «eşitməmişəm, ancaq Əbuzər doğru danışan insandır». Dedi ki, «doğru danışan olduğunu haradan bilirsən?» Buyurdu: «Allahın Peyğəmbərinin onun haqda dediyi bu sözlərdən: «ما أَظَلَّتِ الْخَضْرَآءُ وَ لا أَقَلَّتِ الْغَبّرآءُ عَلَى ذِى لَهْجَةٍ أَصدَقُ مِن أَبِى ذَرِّ الْغَفارِى» «Yəni, göylər Əbuzər Qəffari kimi daha doğru danışan dil sahibinə kölgə salmadı, yer isə üzərində gəzdirmədi». Sonra məclisdə olan Peyğəmbər səhabələri bu sözləri Peyğəmbərdən eşitdiklərini və Əbuzərin düzdanışan olduğunu dedilər». Osman üzünü onlara tutub dedi: «Nə deyirsiniz, müsəlmanlar arasında təfriqə, ayrılıq salan bu şeyxi neyləyək? Onu döydürsəm, həbs etsəm, öldürsəm, ya Mədinədən çıxarsam yaxşıdır?» Əmirəl-möminin əleyhis-salam buyurdu: «Ey Osman. Mən sənə Firon ailəsindən olan bir möminin Musa barədə Firona dediklərini deyirəm. Qur’ani-Kərimin Mu’min surəsinin 28-ci ayəsi «وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ» «Əgər o yalan deyirsə, yalan deməyinin cəzası öz boynunadır. Yox əgər doğru danışırsa, xəbər verdiyi şeyin bir hissəsi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı və çox yalan danışanı doğru yola yönəltməz, rüsvay edər.» Osman bu sözləri eşitdikdən sonra İmam əleyhis-salama cəsarət etdi. Həzrət də cavab verərək buyurdu: «Ey Osman, sən nə deyirsən, gördüyün bu Əbuzər Allahın Peyğəmbərinin yaxın dostlarındandır.» Osman üzünü Əbuzərə tutaraq dedi: «Bizim şəhərimizdən çıx.» Əbuzər dedi: «And olsun Allaha, mən də sənin qonşuluğunda olmaq istəmirəm.» Osman ona dedi: «İraqa get və istədiyin qədər orada qal.» Əbuzər dedi: «Hara gedirəmsə gedim, haqq sözü deməkdən çəkinməyəcəyəm.» Osman ona dedi: «Hansı yerdən acığın gəlir?» Əbuzər dedi: «Rəbəzədən. Orada İslamdan qeyri dində olmuşam». Sonra Osman Mərvan ibn Həkəmə göstəriş verdi ki, onu çılpaq dəvəyə mindirərək Rəbəzəyə aparsın. O, Osmanın xəlifəliyinin səkkizinci ilində vəfat edənə qədər orada qaldı. Ölüm ayağında, həyat yoldaşı və ya bəzilərinin sözlərinə görə qızı tənhalıqdan və kimsəsizlikdən ağladığı vaxt Əbuzər ona demişdir: «Ağlama, Həzrət Peyğəmbər mənə tənhalıqda öləcəyimi və layiqli insanların mənim dəfnimi öhdələrinə götürəcəklərini xəbər vermişdi.» Daha sonra dedi: «Mən dünyadan köçdükdən sonra bir qoyunu qovur və yolda əyləş. Bir dəstə müsəlman oraya çatacaq və səndən nə baş verdiyini soruşacaq. Onlara de ki, Həzrət Peyğəmbərin səhabələrindən olan Əbuzər Qəffari vəfat etmişdir. Onlar bu xəbəri eşitdikdə səninlə birgə mənzilimə gələcəklər. Onlara yemək ver, mənim dəfnimi öz öhdələrinə götürəcəklər. Əbuzər öldükdən sonra həmin qadın yol üstünə çıxdı. Məkkeyi-Müəzzəmədən qayıdan bir dəstə iraqlı oraya çatdı. Əhnəf ibn Qeys Təmimi, Sə’sə’ə ibn Sauhan Əbdi, Xaricə ibn Səlt Təmimi, Abdullah ibn Səlmə Səhmi, Hilal ibn Malik Mozni, Cərir ibn Abdullah Bəcəlli, Əsvəd ibn Qeys Nəxəi, Malik ibn Haris Əştər Nəxəi onlardan ayrılaraq həmin qadına doğru gəlib dedilər: «Sənin başına nə gəlib?» O dedi: «Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabəsi Əbuzər Qəffari dünyadan köçüb və mən tənha qalmışam.» Onlar ağlaya-ağlaya onun evinə getdilər. Ona qüsl verib kəfənlədilər və namazını qılıb dəfn etdilər. Sonra Malik Əştər yerindən qalxaraq xütbə oxudu və onun bəyənilmiş sifətlərini, məzlumluğunu xatırlayıb dua etdi. Sonra çörək yeyərək yola düşdülər. Qısası, Osman onun Mədinədən çıxarılmasını əmr edərək kimsənin onunla danışmasını, müşaiyət etməsini qadağan etdi. O, Mədinədən çıxdıqda Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn əleyhimus-salam, Əqil, Abdullah ibn Cə’fər və Əmmar ibn Yasir onunla vidalaşmaq üçün şəhərdən çıxdılar. İmam əleyhis-salam ona təskinlik verərək bunları buyurmuşdur:

[25] Qur’ani-Kərimin Talaq surəsinin 2 və 3-cü ayələrində buyurduğu kimi وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ  «...Kim Allahdan qorxsa və pərhizkar olsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gümanına gəlməyən yerdən ruzi verər.»

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İman
Əlidir! (Şeir)
Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır
İmam Əlidən (ə) 14 hikmətli öyüd
Xəlvət
İLAHI RƏHMƏTIN ƏSRARƏNGİZ CİLVƏSİ
TӘHARӘT VӘ PAKİZӘLİK
BEŞİNCİ FƏSİL: İMAM MƏHDİ (Ə)-IN HÖKUMƏTİ
ŞƏRABIN TƏSİRİNƏ BİR MİSAL
Dostluq

 
user comment