İZDIVAC ASTANASINDA YERSIZ XƏRCLƏR İzdivac astanasında ailələri sıxıntıya salan problemlərdən biri izdivacla bağlı mərasimlərdəki dəbdəbədir. Qeyri-zəruri izdivac mərasimlərinə bə`zən o qədər əhəmiyyət verilir ki, diqqət mərkəzində dayanası ailə təşkili məsələsi arxa plana keçir. Ağır xərcli mərasimlər, evlənmədən öncə böyük sıxıntı yaradan ölçüsüz adət-ən`ənələr, yeniliklər ailə təşkilini bir çox gənclərin və ailələrin nəzərində dəhşətli kabusa döndərir. Bu sayaq xərclər nəinki ailənin iqtisadiyyatını tənəzzülə uğradır, hətta ailə təşkili yolunda gənclərə müşkül olur və çox sadə, eləcə də, təbii olan evlənmə mövzusu böyük ictimai problemə çevrilir. Hazırda bu problem cəmiyyətimiz üçün aktualdır. İslam peyğəmbərinin həyat yolu göstərir ki, Həzrət (s) öz dövründə evlənmə mərasimini çox sadə bir şəkildə keçirmişdir və ailə qurmaq istəyən gənclər üçün heç bir maneə olmamışdır. Həmin dövrdə evlənmək yaşına çatmış hər bir şəxs rahat şəkildə ailə qurmaqla öz təbii ehtiyaclarını tə`min etmişdir. Amma bizim dövrümüzdə ailə təşkili kimi müqəddəs bir yolda elə problemlər yaradılmışdır ki, bu yolda qədəm götürən gənclər və ailələr üzücü sıxıntılarla üzbəüz qalmışlar. Ağıllı və mədəniyyətli ailələr dəbdəbəli mərasimlərin mahiyyətini anladıqlarından ondan çəkinir və mərasimlərini sadə keçirməklə özlərini dəhşətli dəbdəbə girdabından xilas edirlər. Mehriyyə və cehiz məsələləri də ciddi problemə çevrilmişdir. Qarşıda həmin mövzuları nəzərdən keçirəcəyik. Mehriyyə əslində qadının diqqət və razılığını cəlb etmək üçün kişinin verdiyi hədiyyə, onun məhəbbət və təvazö simvoludur. Bu həqiqət qadının mövqe və fitri xüsusiyyətlərinə tam uyğundur. Eyni zamanda, nəfs istəkləri digər qanunlar kimi bu zərif və gözəl qanuna da müdaxilə edərək onun mahiyyətini dəyişmiş, ona ticari bir yön vermişdir. İslami rəvayətlərdə mehriyyənin yüngül tə`yin olunması və izdivac şərtlərinin asanlaşdırılması barədə xeyli tövsiyyələr mövcuddur. Yalnız ağır mehriyyə və digər iqtisadi şərtlər müqabilində izdivaca razılıq verən qadın bərəkətsiz sayılmışdır.” Təcrübə göstərir ki, ağır mehriyyə nə ailənin xoşbəxliyini tə`min edə bilir, nə də boşanmanın qarşısını alır. Ailəyə xoşbəxtlik gətirən ailə üzvləri arasındakı bağlılıq, səmimiyyət və sədaqətdir. Bu münasibətlər isə maddi amillər vasitəsi ilə əldə olunmur. Bu məqamda bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, əgər söhbət yoldaşlıq şərtlərini yüngülləşdirməkdən gedirsə, hər iki tərəf nəzərdə tutulmalıdır. Ağır mehriyyə tələb etmək düzgün olmadığı kimi, ağır cehiz tələb etmək də yersizdir. Mövcud imkanlar nəzərə alınmalı və tərəf qarşısında gücdən artıq tələb irəli sürülməməlidir. Qarşı tərəfdən yersiz istəklər və qeyri-məntiqi tələblər daim bir çox narazılıqların və ixtilafların kökü olur. Qızların izdivacla bağlı ən çox təsadüf olunan problemlərindən biri onların mehriyyə, cehiz miqdarı ilə dəyərləndirilməsi, həmyaşıdlar arasında dəbdəbə rəqabətinin mövcudluğudur. Həyat yoldaşı seçimindəki bu sayaq yanlış üsullar, bə`zi ailələrin maddi me`yarlara ifrat diqqət yetirməsi, ümumiyyətlə, gənc ailənin həyatında maddiyyatın rolunun düzgün qiymətləndirilməməsi bir çox problemlər yaradır və hələ möhkəmlənməmiş ailə dağılmağa başlayır. Bu sayaq seçimin peşmanlıqdan, ictimai sarsıntılardan savay nəticəsi olmur.
ƏR-ARVADLIQ VƏZIFƏLƏRI ILƏ TANIŞLIQ ZƏRURƏTI Gənc zövcələr bilməlidirlər ki, ailə də ictimai bir təşkilat kimi nəzərdə tutulmuş məqsədlərə doğru hansısa bir üsulla hərəkət etməlidir. Gənc ailə bu üsulu bilməli və öz vəzifələrini yerinə yetirməlidir. Bə`zi gənclər öncə hazırlıq olmadan, vəzifə və hüquqlarını bilmədən ailə qururlar. Onların nəzərində ailə təşkili sadə bir məsələdir. Amma belə bir münasibət ailə həyatının ilk aylarında ortaya ciddi problemlər çıxarır. Ailələrdə yanlış üsullar və adətlər hökm sürdüyündən gənc ailənin öz vəzifə və hüquqları ilə tanışlığı, eləcə də, bu sahədə ehtiyac duyulan biliklərə yiyələnməsi zəruridir. Adətən, hər bir ailədə xüsusi bir qayda-qanun hökm sürür və xüsusi bir ideala üz tutulur. Təbii ki, bu sayaq ailələrdə övladlar da həmin üsul əsasında tərbiyə olunur. Övladlar tərbiyə aldıqları ailənin adət-ən`ənələrinə üz tutur, həmin qayda-qanunlar əsasında rəftar etməyə çalışır. Bə`zi ailələrdə kişilərin, bə`zi ailələrdə isə qadınların idarəçiliyinə təsadüf olunur. Övlad da şəxsi ailə həyatında tərbiyə aldığı ailənin bu prinsipinə üstünlük verir. Məsələn, əgər ailədə ata-ana qarşılıqlı hörmət əvəzinə dartışmalarla dolu bir fəzada ömür sürürsə və ya bir-birlərindən yersiz tələblər edirsə, övlad da öz şəxsi həyatında bu yanlış üsullara əl atasıdır. İzdivac astanasında olan gənclər üçün həyat yoldaşının vəzifə və hüquqları, ailə həyatının qayda-qanunları ilə tanışlıqdan vacib iş yoxdur. Cəmiyyətimizdə bu mövzunun nə dərəcədə əhəmiyyətli olduğu heç də hamıya aydın deyil. Hələ ki izdivacdan öncə zəruri biliklərə yiyələnmək ən`ənəsi öz yerini tapmamışdır. Zövcələr ailə təşkilindən öncə xüsusi dərnəklərdə faydalı kitabların mütaliəsi, mütəxəssislərin nəzərləri ilə tanışlıq vasitəsi ilə zəruri biliklər əldə etməlidir. İlkin biliklər əldə etməklə yeni yaranmış ailədə qarşıya çıxacaq bir çox problemlərin qarşısını almaq olar.
AILƏ HƏYATINA CIDDI YANAŞAQ Hər bir gənc ailə həyatı qurmazdan öncə mühüm bir məsələyə diqqətli olmalıdır. Bu nöqtə bütün həyat boyu diqqət mərkəzində saxlanmalıdır: Ailə təşkil etmək qərarına gəlmiş qadın və kişi üçün həyat yoldaşı vəzifələrini yerinə yetirmək, qarşı tərəfin razılığını qazanmaq, bir sözlə, ailə ocağına rövnəq vermək ən mühüm işlərdəndir. İnsanın fərdi və ictimai həyatında ailə qurumunun xüsusi əhəmiyyət daşıması uyğun işləri zəruriləşdirir. Qadın və kişi diqqətli olmalıdırlar ki, izdivacdan sonra bütün mərhələlərdə özlərini ailə adlandırılan qurumun bir hissəsi saysınlar. Ailə təşkilindən sonra ər və arvadın hər birinin xoşbəxtliyi o birinin xoşbəxtliyindən asılıdır. Ona görə də insan ailənin ümumi xoşbəxtliyi xatirinə bə`zi istəklərindən daşınmalıdır. Ər və arvad öz istəklərini bir-birləri ilə bölüşməli, bütün mərhələlərdə həmdərd olmalıdırlar. Qadın və kişi ailə xoşbəxtliyinə zidd olan və ya ailə təməlini sarsıdan, eləcə də, qarşı tərəfin şər`i hüququnu pozan işlərdən çəkinməlidir. Hər iki tərəf tam sədaqətlə, ağıl və şəriət çərçivəsində bir-birinin razılığını qazanmalıdır. Onlar bilməlidirlər ki, söz-söhbətli bir ailədə kimsə xoşbəxtlik əldə edə bilmir. Gənc ailə ilk gündən bir-birini tanımağa və qarşı tərəfin istəklərini öyrənib bu istəkləri tə`min etməyə sə`y göstərməlidir. Bu yolla insan öz həyat yoldaşı üçün müştərək həyatı şirinləşdirə bilər. Tərəflər bir-birlərinin zəif nöqtələrini də öyrənməlidir. Onlar həm bu zəifliyin aradan qaldırılası istiqamətində bir-birlərinə kömək etməli, həm də qarşı tərəfi incitməmək üçün bu zəif nöqtəyə toxunmamalıdırlar. Eşq və məhəbbət tələb edir ki, hər bir zövcə qarşı tərəfin rahatlığı fikrində olsun, onu incitməkdən çəkinsin. Bu yolla qarşı tərəf üçün təkamül şəraiti yaranmış olar. Ər və arvad yaxınlarla get-gəl, alış-veriş, səliqə kimi bə`zi qeyri-zəruri işlər qarşı tərəfdə narazılıq yaratdıqda bu işlərdən çəkinməlidirlər. Ailədə yekdillik yaratmaq üçün bir o qədər də mühüm olmayan məsələlərdə güzəşt zəruridir. Unutmamalıyıq ki, həyat yoldaşı ilə isti və səmimi münasibət bütün qeyri-zəruri işlərdən mühümdür. İsti münasibəti qeyri-zəruri məsələlərə qurban vermək olmaz. Həmçinin izdivac tərəflərinin hər biri öz həyat yoldaşlarının hüquqlarına riayət etmək fikrində olmalıdır. Heç bir halda həyat yoldaşının haqqını ayaq altına atmaq olmaz. Ailə həyatının başlanğıcında ər və arvad tərəfindən qarşı tərəfin hüquqlarını qorumaq qərarı gələcəkdə bir çox problemlərin qarşısını alır. Belə bir qərar tərəfləri haqqa təcavüzdən, dünya və axirətdə pis aqibətindən hifz edir. İnsan hüquq və mənafe baxımından daha çox öz həyat yoldaşı ilə müştərək sərhəddə malik olduğundan bu qərar çox mühümdür. Ərlə arvad arasındakı yaxın, ardıcıl və geniş təmaslar səbəb olur ki, onların müxtəlif sahədəki hüquq və mənafeləri toqquşsun. Maddi və mə`nəvi hüquqların pozulması ehtimalı başqalarına nisbətən ərlə arvad arasında daha böyükdür. Bu baxımdan təqva və insanlıq şərti odur ki, ər və arvad bir-birlərinin hüquqlarına, xüsusi ilə zərif və həssas mə`nəvi hüquqlara diqqətli olsunlar. Növbəti söhbətlərimizdə də həmin mövzu ətrafında danışacağıq.
source : http://www.alhassanain.com