Azəri
Thursday 25th of April 2024
0
نفر 0

QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT

QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT

5-ci irad:

Onlar deyirlər: Əgər insanların Qur᾽an kimi ikinci bir kitab tə᾽lif edə bilmədiklərini mö᾽cüzə hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da mö᾽cüzə adlandırmalıyıq. Yə᾽ni, təkcə müəyyən bir kitabın oxşarının yazılmaması mö᾽cüzə hesab edilərsə, onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur.

Cavab:

Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki son dövrün alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir qədər əvvəl mö᾽cüzə haqda söhbət açdıqda mö᾽cüzənin şərtlərindən bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, mö᾽cüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və mö᾽cüzənin digər şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik.

QUR᾽ANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ

6-cı irad:

Onlar deyirlər: Ərəblərin Qur᾽an kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.

İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Qur᾽an kimi ikinci bir kitab yazmağa cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Qur᾽anla mübarizə müsəlmanlar tərəfindən necə qarşılana bilər.

Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin İslama və Qur᾽ana olan marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Qur᾽an və İslam dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.

Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Qur᾽anın şirin mə᾽na və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və Qur᾽an qəlblərdə dərin iz qoydu və insanlarla Qur᾽an arasında qırılmaz ünsiyyət yarandı.

Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.

1. Peyğəmbər (s) öz müxaliflərini Qur᾽anla mübarizəyə də᾽vət etdiyi zaman hələ Məkkədə yaşayır və İslamı gizlincə təbliğ edirdi. Mə᾽lum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şe᾽r və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və bəlağət elmlərinə yiyələnmiş ərəblər Qur᾽anın qarşısında aciz olduqlarını e᾽tiraf edir və həqiqəti dərk etdikdə onun qarşısında diz çökürdülər.

2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Qur᾽an və İslamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, İslamdan əvvəl və sonra Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa mə᾽ruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları toxunulmazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən e᾽tiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.

Bəli, belə bir azad şəraitdə Qur᾽ana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qur᾽ana qarşı öz e᾽tirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.

3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Belə isə, görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün onlar gizlində də olsa, Qur᾽ana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Qur᾽an ayələrində kiçik bir ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.

4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox hallarda həmin şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.

Yazılmış şe᾽r və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.

Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mə᾽nəvi zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.

İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.

Əgər Qur᾽an mö᾽cüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə verərdi. Mə᾽lum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş, amma öz təravət və şirinliyini qoruyub saxlaya bilmişdir.

Əgər Qur᾽an da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab edərdilər. Qur᾽an nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur. Qur᾽anın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük tə᾽sir göstərir. Belə bir xüsusiyyət nəinki Qur᾽anın əzəmətinə xələl gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi mö᾽cüzə olduğunu bir daha sübuta yetirir.

5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Qur᾽anla ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər» iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində qəbul edə bilərik. Çünki ərəb olmayan qeyri-müsəlmanlar da Qur᾽anın tilavətindən mə᾽nəvi zövq aldıqlarını e᾽tiraf etmiş və mə᾽nasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və ruh yüksəkliyi duymuşlar.

QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ

7-ci irad:

Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Qur᾽anı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Qur᾽an ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Qur᾽an həqiqətən mö᾽cüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.

Cavab:

Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:

1. Qur᾽anın mö᾽cüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Qur᾽anın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yə᾽ni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.

2. İnsanlar Qur᾽anın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyildirlər. Qur᾽an ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki, qaldı Qur᾽ana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.

3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mö᾽təbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.

4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Qur᾽an Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki, qaldı Qur᾽an hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Qur᾽an nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.

Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Qur᾽anı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Qur᾽an hafizlərinin bol olduğu bir şəraitdə belə bir məs᾽uliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

MӘSUMLАRIN TÖVSİYӘLӘRİ
Dilin günahı ilə necə mübarizə aparaq
Həcc və Qurbanlıq
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Riyakarın əlamətlərini bilirsinizmi?
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ
Həzrət Zeynəb (ə.s)
Milli mətbuatın milli düşmənləri
Böyük günahlar
SƏCDƏ AYƏSİNİN TƏFSİRİ

 
user comment