RİCAL ALİMLƏRİNİN HƏFSƏ OLAN MÜNASİBƏTLƏRİ
İbni Əbi Hatəm Abdullah ibni Əhməd ibni Hənbəl o da atası Əhməd ibni Hənbəldən nəql edərək deyir: «Həfs hədis elmindən uzaq düşmüş və heç bir e᾽tibarı olmayan bir şəxs olmuşdur.» Osman Dar və başqaları İbni Muindən belə nəql edir: “Həfs digər mühəddislər kimi bir o qədər də e᾽tibarlı deyildi.” İbni Mədini deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif və qeyri-mö᾽təbər olmuşdur. Bu səbəbdən də mən heç vaxt ondan hədis nəql etmirəm.» Buxari onun haqqında deyir: «Rical alimləri onun nəql etdikləri hədisləri qətiyyətlə rədd etmişlər.»
Müslüm öz kitabında yazır: «Həfs kimsə tərəfindən qəbul olunmayan mühəddis olmuşdur.» Nəsai onun haqqında deyir: «Həfs mö᾽təbər şəxs olmadığı üçün, nəql etdiyi hədislər kimsə tərəfindən yazılmırdı.» Saleh ibni Məhəmməd deyir: «Onun nəql etdiyi hədislər yalan və əsassız olduğu üçün, kimsə onu yazmaq fikrinə düşmürdü.» İbni Xərram, Həfsi yalan danışmaqda və hədis uydurmaqda ittiham etmişdir.» İbni Həyyanın fikrincə, Həfs hədislərin mətnində dəyişikliklər aparır və sənədi olmayan əsassız hədisləri mö᾽təbər olsun deyə, qondarma mənbələrlə nəql edirdi. Bə᾽zən də hədisi vasitəçi ravilərin adı ilə bağlayırdı. İbni Cəzri özünün «Movzuat» kitabında Əbdürrəhman ibni Məhdəvidən belə nəql edir: «And olsun Allaha! Həfsdən rəvayət nəql etmək düzgün deyildir.» Dar Qutni deyir: «Həfs hədis nəql etməkdə olduqca zəif olmuşdur.» Saci deyir: «Həfs, nəql etdiyi hədislər aradan getmiş kəslərdəndir. Onun söylədikləri yalan və iftiradan savayı bir şey deyildir.»
Müəllif: Rical alimlərinin Həfs ibni Bəhdilə haqda irəli sürdükləri nəzəriyyələr barədə ətraflı mə᾽lumat əldə etdiniz. Bunu da qeyd edək ki, Həfs barəsində fikir irəli sürən ravilər, digər qarilərin raviləri kimi şəxsiyyəti və kimliyi mə᾽lum olmayan kəslərdir.
2. Əbu Bəkr – Adı Şə᾽bə, atasının adı Əyyaş ibni Salim Hənatdır. Bəni-Əsəd və Kufi qəbilələrinə mənsub olmuşdur.
İbni Cəzri onun barəsində bu sözləri deyir: «O, öz qiraət üslubunu müəllimi Asimə, həmçinin Əta ibni Saibə və Əsləmə Munqirə təqdim etmişdir. Şə᾽bə yüz il ömür sürmüş və ölümündən yeddi il əvvəl qiraətdən əl çəkmişdir.
Şə᾽bə zəmanəsinin ən tanınmış qiraət və şəriət alimlərindən biri hesab olunurdu. Bə᾽zən o, özü haqda deyərdi: “Tək mən özüm İslam dininin yarısını təşkil edirəm!” Ölüm ayağında bacısını ağlayan görən Şə᾽bə deyir: «Evin o küncünə bax! Mən orada on səkkiz min dəfə Qur᾽anı xətm etmişəm.» Şə᾽bə Hicrətin 95-ci ilində doğulmuş, 193-cü və ya 194-cü ilində vəfat etmişdir.
Abdullah ibni Əhməd ibni Hənbəl atasından Əbu Bəkr haqda deyərdi: «Şə᾽bə mö᾽təbər şəxsiyyətlərdən olmaqla yanaşı, səhvə də çox yol verərdi.»
İbni Əbi Hatəm deyir: «Atamdan, Əbu Bəkr Əyyaşın və Əbul Əhvəsin kimliyi haqda soruşduqda bu sözləri dedi: Onlardan heç birinin mö᾽təbər olmasını təsdiq etmirəm. İbni Sə᾽d deyir: «O, düz danışan və e᾽tibarlı bir şəxs idi, hədislə yanaşı digər elmlərə də yiyələnirdi. Lakin səhvə də çox yol verərdi.»
Əbu Nəsim deyir: «Hədis və qiraətdə Əbu Bəkrdən çox səhvə yol verən ikinci bir şəxs görmədim.»
Bəzad deyir: «Hafizəsi zəif olduğu üçün hədis əzbərləmirdi.»
Yə᾽qub ibni Şeybə deyir: «Nəql etdiyi hədislərdə bir növ zəiflik nəzərə çarpırdı.»
ƏBU ƏMR BƏSRİ
Zəbban ibni Ə᾽la ibni Əmmar Mazəni Bəsrə əhalisindən olmuşdur. Bə᾽ziləri, hətta onun iranlı olduğunu da qeyd etmişlər.
Tə᾽qibə mə᾽ruz qaldığı üçün atası ilə birlikdə Hicazı tərk etməyə məcbur olmuş və qiraət elminə Məkkə və Mədinədə yiyələnmişdir. Bəsrə və Kufə şəhərlərində də tanınmış qiraət ustalarının dərslərində iştirak etmiş, sonralar daha da məşhurlaşaraq yeddi qiraət ustalarının sırasına daxil edilmişdir.
Şam camaatı Hicrətin 5-ci yüz illiyinə qədər İbni Amirin qiraət üsulundan istifadə edərdi. Amma sonralar İraqdan Şama gəlmiş bir şəxs Əməvi məscidində Əbu Əmr Bəsrinin qiraətini geniş şəkildə təbliğ etmiş və onu yerli əhaliyə öyrətməyə başlamışdır. Əsməi, Əbu Əmrdən nəql edərək deyir: «Hətta keçmiş qiraət ustalarından kimsənin məndən bilikli olduğunu güman etmirəm.»
Əbu Əmr Hicrətin 68-ci ilində doğulmuş və bir çoxlarının dediyinə görə, 154-cü ildə vəfat etmişdir.
Dovri, İbni Muindən nəql edərək deyir: «Əbu Əmr mö᾽təbər və e᾽timad olunası bir şəxs olmuşdur.»
Əbu Xeysəmə deyir: «Əbu Əmrin heç bir nöqsanı yox idi, lakin nəql etdiyi rəvayətləri yadda saxlaya bilmirdi.»
Nəsr ibni Əli Cəhzəmi atasından nəql edərək deyir: «Günlərin bir günündə Şə᾽bə mənə dedi: Əbu Əmrin qiraətinə diqqət yetir! Hər hansı bir qiraəti seçərsə, onu kağız üzərinə köçür. Çünki o yaxın gələcəkdə qiraət tədris edəcəkdir.»
Əbu Müaviyə Əzhəri nəql edərək deyir: «Əbu Əmr bir neçə qiraət üsuluna yiyələnmişdi. O, ərəb dilinin incəliklərinə fəsahət alimlərindən daha çox tanış idi.»(Təhzibut-təhzib, 12-ci cild, səh.178-180)
ƏBU ƏMRİN RAVİLƏRİ
Əbu Əmrin qiraətini iki nəfər şəxs Yəhya ibni Mübarəkin vasitəsilə nəql etmişdir. Dovri və Səuəsini də onların sırasına daxil etsək, onların sayı üçə çatacaqdır.
1. Yəhya ibni Mübarək;
İbni Cəzri onun haqqında deyir: « Əbu Əmr nəhv və qiraət elmlərini tədris edərdi. O, e᾽tibarlı və hamı tərəfindən hörmətlə qarşılanan şəxslərdən idi. Bağdada gəldikdən sonra hamı onu Yəzidi adlandırmağa başladı. Çünki Abbasi xəlifəsi Yəzid ibni Mənsur Humeyri ilə sıx əlaqədə idi. Belə ki, xəlifənin övladlarının tərbiyəsi də onun üzərinə düşürdü. Yəhya ibni Mübarək qiraət dərslərini başa vurduqdan sonra onu Əbu Əmrə təqdim edir. Əbu Əmr ona öz nəzəriyyələrindən istifadə etməyi tövsiyə edir və onu Qur᾽an qiraətini tədris etmək üçün öz yerinə canişin tə᾽yin edir. Yəhya, Əbu Əmrlə yanaşı, məşhur qari Həmzədən də dərs almışdır. O, qiraət elmində ictihada nail ola bilmiş və ustadı Əbu Əmr ilə çox az məsələlərdə ixtilafı olmuşdur. Qiraəti isə ondan Dovri və Əbu Şueyb Səuəsi nəql etmişdir.
İbni Mücahid deyir: «Əbu Əmrin digər şagirdləri Yəzididən (Yəhyadan) daha fəal olmalarına baxmayaraq, burada məhz onun mö᾽təbərliyini qeyd etdik. Bunun isə əsas səbəbi onun başqaları ilə deyil, məhz Əbu Əmrlə maraqlanıb ondan hədis nəql etməsidir. O, Əbu Əmrin digər şagirdlərindən daha fəal və hafizəli idi.»
Yəhya Hicrətin 402-ci ilində doğulmuş və 72 yaşında Mərvdə vəfat etmişdir. Bə᾽ziləri isə onun yaşının daha çox olduğunu qeyd etmişlər.
2. Dovri, Yəhyanın ravisi və şagirdi olmuşdur. Adı Həfs, atasının adı isə Əmr ibni Əbdül Əziz Dovri, Bəni-Əzd və Bağdadi qəbiləsinə mənsub olmuşdur.
İbni Cəzri deyir: «Dovri hamı tərəfindən hörmət və izzətlə qarşılanan bir şəxs olmuşdur. Nəql etdiyi bütün mətləbləri yazır və hifz edirdi. O, qiraət elminin qanun və qaydalarını bir yerə toplayan ilk şəxs olmuşdur. Təvəllüdü dəqiq mə᾽lum deyildir, vəfat tarixi isə Hicrətin 246-cı ili göstərilir. (Təhzibut-təhzib, 2-ci cild, səh.408.)
Müəllif: Dəvəridən qiraət haqda nəql edən şəxslərin kimliyi digər ravilər kimi mə᾽lum olunmamışdır.
3. Səuəsi – Adı Saleh, künyəsi Əbu Şueyb, atasının adı Ziyab ibni Abdullahdır.
İbni Cəzri onun haqda deyir: «Səuəsi bütün mətləbləri yazır və onu hifz edirdi. Bu səbəbdən də onun nəql etdikləri mö᾽təbər hesab olunurdu. O öz təhsilini Əbu Məhəmməddən almış və onun rəğbətini qazanmışdı. 261-ci ilin əvvəllərində 70 yaşında vəfat etmişdir.» .(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)
Əbu Hatəm, Nəsai və Əbu Həyyan, Səuəsinin e᾽tibarlı bir şəxs olduğunu tə᾽yid etmişlər.
Əbu Əmr Dani deyir: Nəsai qiraəti ondan nəql edirdi, lakin Müslim ibni Qasim Əndəlosi heç bir dəlil və əsas olmadan Səuəsini mö᾽təbər hesab etmişdir. (Təhzibut-təhzib, 4-cü cild, səh.392.)
Müəllif: Səuəsinin ravilərinin kimliyi digər ravilər kimi namə᾽lum qalmışdır.
HƏMZƏ KUFİ
Həmzə ibni Həbib ibni Əmmarət ibni İsmail, Kufənin Bəni-təmim qəbiləsinə mənsub olmuş və Əbu Əmmarə ləqəbi ilə tanınmışdır.
Qiraət dərslərini başa vurduqdan sonra qiraətini Süleyman ibni Ə᾽məş və Həmran ibni Ueynə təqdim edir.
«Kifayətul-kubra» kitabında deyilir: «Həmzə, qiraəti Məhəmməd ibni Əbdürrəhman ibni Əbi Leyla və Təlhə ibni Musrifdən öyrənmişdir. «Əttəysir» kitabında isə deyilir: «Həmzə, Muğeyrət ibni Muqsimin, Mənsurun və Leys ibni Əbi Səlimin qiraət dərslərində iştirak etmiş və ilk təhsilini onlardan almışdır. «Əttəysir» və «Mustəkir» kitablarının müəllifi yazır: «Həmzə qiraəti İmam Sadiqdən (ə) öyrənmişdir.»
Bunlar deyir: «Həmzə ilk qiraət təhsilini Həmrandan almış və sonralar Ə᾽məşə, Əbu İshaqa və Əbi Leylaya təqdim etmişdir. Asim və Ə᾽məşdən sonra qiraət tədrisinin rəhbərliyi ona həvalə olunmuşdur.
Həmzə e᾽tibarlı və misilsiz bir şəxsiyyət olmuşdur.»
Abdulla Əcli deyir: «Əbu Hənifə, Həmzəyə deyir: “Qur᾽ana və şəriətin vacib hökmlərinə bizdən daha bilikli olduğun üçün bu barədə səninlə bəhs etmək istəmirəm.”»
Süfyan Suri deyir: «Həmzə Qur᾽an və şəriətin vacib hökmlərində hamıdan bilikli idi.» Abdulla ibni Musa deyir: « Ə᾽məş şagirdi Həmzəni hər dəfə gördükdə deyərdi: «Həmzə Qur᾽an elmlərinə yiyələnmiş böyük bir alim və mütəxəssisdir. Həmzə Hicrətin 80-cı ilində doğulmuş, 156-cı ilində isə vəfat etmişdir.(Təbəqatul-qurra, 1-ci cild, səh.261.)
İbni Muin deyir: «Həmzənin doğru və mö᾽təbərliyi hamı tərəfindən qəbul olunurdu.»
Nəsai deyir: «Həmzənin heç bir eyb və nöqsanı olmamışdır.»
Əcli deyir: «O, əməli-saleh və e᾽tibarlı bir şəxs idi.»
İbni Sə᾽d deyir: «Qiraət elmində özünəməxsus üsluba malik idi. Öz e᾽tibarı ilə hamıdan fərqlənirdi və hamının ehtiramını qazanmışdı.» Saci deyir: «Həmzə düz danışan, amma hafizəsiz bir şəxs idi. Bu səbəbdən də onu hədis söyləməkdə bir o qədər də mö᾽təbər hesab etmək olmaz. Hədisi əsas me᾽yar götürən bə᾽zi şəxslər onun qiraətinə irad tutmuşlar. Bə᾽ziləri isə onun qiraət üsulu ilə qılınan namazları batil hesab etmişlər.»
Yenə də Saci və Əzdi deyir: «Alimlər Həmzə haqda müxtəlif nəzəriyyələr irəli sürmüş və bə᾽zən onu məzəmmət etməyə çalışmışlar.»
Əsləmət ibni Şəbib deyərdi: «Əhməd ibni Hənbəl namazda Həmzənin qiraətindən istifadə edən şəxsin arxasında namaz qılmazdı.»
Acəri, Əhməd ibni Sənandan nəql edərək deyir: «Yəzid ibni Harun, Həmzənin qiraətindən əsla razı deyildi.» Əhməd ibni Sənan deyir: «İbni Məhdi deyərdi: Əgər ixtiyarım olsaydı, Həmzənin qiraət üsulundan istifadə edən və ondan təqlid edən şəxsləri şallaqla cəzalandırardım.» Əbu Bəkr Əyyaş, Həmzənin qiraətini bir növ bid᾽ət hesab edirdi. İbni Dərid deyərdi: «Çox istərdim ki, Həmzənin qiraəti unudularaq Kufədə birdəfəlik aradan getsin. (Təhzibut-təhzib, 3-cü cild, səh.27.)