Azəri
Saturday 4th of May 2024
0
نفر 0

QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT

QUR᾽ANIN E᾽CAZINDA ZİDDİYYƏT

5-ci irad:

Onlar deyirlər: Əgər insanların Qur᾽an kimi ikinci bir kitab tə᾽lif edə bilmədiklərini mö᾽cüzə hesab edəriksə, onda Eqleydsinin və Maçestinin kitablarını da mö᾽cüzə adlandırmalıyıq. Yə᾽ni, təkcə müəyyən bir kitabın oxşarının yazılmaması mö᾽cüzə hesab edilərsə, onda dünyada nə çox kitablar vardır ki, onların da bənzəri yoxdur.

Cavab:

Əvvəla, adları çəkilən bu iki kitabın oxşarının yazılması heç də çətin bir iş deyildir və kimsə bu kitabların bənzərinin hazırlanmasının qeyri-mümkünlüyünü ehtimal belə verməyib. Tarixə nəzər saldıqda da bu kitabların qarşısında kimsənin aciz qalmadığının şahidi oluruq. Çünki son dövrün alimləri bu kitablardan dəfələrlə elmi və mükəmməl kitablar yazıb-yaratmışlar. Buraya əlavə mətləblər daxil edilmiş və nəzərə çarpan fəsillərdə müəyyən dəyişikliklər aparılmışdır. Bunu da qeyd edək ki, bir qədər əvvəl mö᾽cüzə haqda söhbət açdıqda mö᾽cüzənin şərtlərindən bir neçəsinə işarə etdik. Onlardan biri bu idi ki, mö᾽cüzə peyğəmbərlik iddiası edən şəxsin doğruluğunu sübuta yetirməli və onun iddiası ilə müvafiq olmalıdır. Və mö᾽cüzənin digər şərtlərindən biri də onun təbii qanunlardan xaric olmasıdır. Bu kitablarda isə bu xüsusiyyətlərin heç birini müşahidə etmirik.

QUR᾽ANLA MÜBARİZƏ APARILMASININ SƏBƏBLƏRİ

6-cı irad:

Onlar deyirlər: Ərəblərin Qur᾽an kimi ikinci bir kitab yazmamasının səbəbi heç də onların bu işə aciz olmaları deyildir. Bunun bir neçə səbəbi olmuşdur.

İstər Peyğəmbərin (s), istərsə də xəlifələrin dövründə iqtidarı ələ keçirmiş müsəlmanlar böyük qüdrət və nüfuz əldə etdikləri üçün, bütpərəst ərəblər Qur᾽an kimi ikinci bir kitab yazmağa cəsarət etmirdilər. Onlar çox gözəl bilirdilər ki, Qur᾽anla mübarizə müsəlmanlar tərəfindən necə qarşılana bilər.

Əməvi sülaləsi xilafəti ələ keçirdikdən sonra isə mərkəzi hakimiyyətin İslama və Qur᾽ana olan marağı getdikcə zəifləyib məhvə doğru yönəlirdi. Və təbii ki, belə bir şəraitdə Qur᾽an və İslam dini ilə mübarizə heç bir əhəmiyyət kəsb etməməli idi.

Digər tərəfdən isə illər ötdükcə müsəlmanlar Qur᾽anın şirin mə᾽na və ifadələrindən ilham alır və qəlbən ona bağlanırdılar. İllər ötdü və Qur᾽an qəlblərdə dərin iz qoydu və insanlarla Qur᾽an arasında qırılmaz ünsiyyət yarandı.

Cavab: Biz bu iradı bir neçə səbəbə görə rədd edə bilərik.

1. Peyğəmbər (s) öz müxaliflərini Qur᾽anla mübarizəyə də᾽vət etdiyi zaman hələ Məkkədə yaşayır və İslamı gizlincə təbliğ edirdi. Mə᾽lum olduğu kimi, o illər iqtidarda müsəlmanlar deyil, öz şe᾽r və ədəbiyyatı ilə fəxr edən Məkkə müşrikləri idi. Amma buna baxmayaraq, fəsahət və bəlağət elmlərinə yiyələnmiş ərəblər Qur᾽anın qarşısında aciz olduqlarını e᾽tiraf edir və həqiqəti dərk etdikdə onun qarşısında diz çökürdülər.

2. Qorxu məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, bu heç vaxt qeyri-müsəlmanların Qur᾽an və İslamla apardıqları mübarizəyə maneçilik törədə bilməzdi. Belə ki, İslamdan əvvəl və sonra Səudiyyə Ərəbistanında kitab əhli azad və toxunulmazlıq şəraitində yaşamış və müsəlmanlar tərəfindən heç bir zorakılığa mə᾽ruz qalmamışlar. Məkkə bütpərəstləri də kitab əhlinin malik olduqları toxunulmazlıq hüququna yiyələndikləri üçün, kimsədən çəkinmədən e᾽tiraz edə bilərdilər. İctimai ədalət müsəlmanların xəlifələri tərəfindən qorunub saxlanılır və qanun pozğuntuluğuna yol verilmirdi. Əlinin (ə) xilafəti dövründə ictimai ədalətə daha çox diqqət yetirilir və müxalif qrup və qəbilələrə öz sözlərini deməyə xüsusi şərait yaradılırdı.

Bəli, belə bir azad şəraitdə Qur᾽ana bənzər ikinci bir kitab yaza bilməsələr də, hamıya söz azadlığı verilir, din və Qur᾽ana qarşı öz e᾽tirazlarını açıq-aşkar bəyan etməyə şərait yaradılırdı.

3. Fərz edək ki, elə doğrudan da Məkkə müşriklərində bu işdə onlara maneçilik törədə biləcək qorxu hissi olmuşdur. Belə isə, görəsən bu işdə kitab əhlinə hansı amil maneçilik törətmişdir? Nə üçün onlar gizlində də olsa, Qur᾽ana qarşı mübarizə apararaq istəklərinə nail ola bilməmişlər? Onlar Tövrat və İncilə istənilən qədər xurafi dastanlar əlavə etsələr də, Qur᾽an ayələrində kiçik bir ziddiyyət və ixtilaf yaratmağa cəsarət etməmişlər.

4. İnsan təbiəti daim yenilik və dəyişiklik tələb edir. Bir şey dəfələrlə təkrar olunduqda insanın nəzərində adiləşir və bir çox hallarda həmin şeyə qarşı nifrət hissinin yaranmasına səbəb olur.

Yazılmış şe᾽r və ədəbi əsərlər isə nə qədər fəsahətli və bəlağətli olsalar da, bir neçə dəfə oxunduqdan sonra adiləşir və özünün əvvəlki dəyərini itirməyə başlayır.

Məsələn, insan yeni yazılmış qəsidəni oxuyur və bundan mə᾽nəvi zövq alır, lakin bir neçə dəfə təkrarlandıqdan sonra həmin əsər öz təravətini itirir və adiləşir. Əlinə yeni qəsidə düşdükdə isə onu ilk qəsidədən daha maraqla oxumağa başlayır. Zaman keçdikcə o da əvvəlki kimi adiləşir və öz əhəmiyyətini itirməyə başlayır.

İnsanın yeniliyə və dəyişikliyə olan meyli təkcə ədəbiyyatda deyil, yemək-içməkdə, geyinib-keçinməkdə və s. şeylərdə də özünü büruzə verir.

Əgər Qur᾽an mö᾽cüzə olmasaydı, bəşəriyyətin yenilikaxtarma hissi özünü burada da büruzə verərdi. Mə᾽lum olduğu kimi, bu müqəddəs kitabın nazil olduğu vaxtdan illər, əsrlər keçməsinə baxmayaraq, dəfələrlə oxunmuş, əzbərlənmiş, amma öz təravət və şirinliyini qoruyub saxlaya bilmişdir.

Əgər Qur᾽an da oxucu və ya dinləyicidə yorğunluq hissi yaratsaydı, müxaliflər bunu mübarizə üçün ən gözəl üsul hesab edərdilər. Qur᾽an nə qədər çox təkrar olunursa, öz cazibədarlığını bir o qədər çox qoruyub saxlayır və oxunduqca özünə qarşı rəğbət hissinin artmasına səbəb olur. Qur᾽anın tilavəti insanda ruh yüksəkliyi yaradır və imanın daha da möhkəmlənməsinə böyük tə᾽sir göstərir. Belə bir xüsusiyyət nəinki Qur᾽anın əzəmətinə xələl gətirmir, hətta onu daha da dəyərləndirir və ilahi mö᾽cüzə olduğunu bir daha sübuta yetirir.

5. Müxaliflərin, «müsəlmanlar əsrlər, illər boyu Qur᾽anla ünsiyyətdə olmuş və bu səbəbdən də onunla mübarizə etməmişlər» iddiasına gəldikdə isə, bunu biz yalnız müsəlmanlar barəsində qəbul edə bilərik. Çünki ərəb olmayan qeyri-müsəlmanlar da Qur᾽anın tilavətindən mə᾽nəvi zövq aldıqlarını e᾽tiraf etmiş və mə᾽nasını başa düşməsələr belə, özlərində ona qarşı böyük rəğbət və ruh yüksəkliyi duymuşlar.

QUR᾽ANIN E᾽CAZI İLƏ TOPLANMASI ARASINDA OLAN UYĞUNLUQ

7-ci irad:

Onlar deyirlər: Tarixdə göstərilir ki, Əbu Bəkr Qur᾽anı vahid kitab halına salmaq istədikdə Ömərə və Zeyd ibni Sabitə, məscidin kandarında oturub, iki nəfər tərəfindən Qur᾽an ayəsi olması təsdiq edilən cümlələri yazmağı və nəticədə onları kitab halına salmağı əmr etdi. Qərara alınmışdı ki, onların toplayıb təsdiq etdikləri və vahid nüsxə halına saldıqları nümunə hamı tərəfindən qəbul edilsin. Əgər Qur᾽an həqiqətən mö᾽cüzə olsaydı, nə onların şəhadətinə ehtiyac olardı, nə də kimlərinsə onu vahid nüsxə halına salmasına.

Cavab:

Bu iddianı da bir neçə səbəbə görə rədd edə bilərik:

1. Qur᾽anın mö᾽cüzə olması onun kəlmələrinin ayrı-ayrılığında deyil, fəsahət və bəlağətindədir. Qur᾽anın bir yerə yığılması məsələsinə gəldikdə isə, qeyd etməliyik ki, orada artıq kəlmə və hərflərin əlavə olunması və ya çıxarılması tamamilə adi hal ola bilərdi. Bunun üçün də iki nəfər şəxsin – əgər bunu həqiqət hesab etmək olarsa – şəhadət verməsini (yə᾽ni toplanmış nüsxələrə nəzarət etmələri) tamamilə məntiqi hesab etmək olardı.

2. İnsanlar Qur᾽anın fəsahəti qarşısında acizdirlər - dedikdə, bu heç də o demək deyildir ki, onlar ona oxşar, hətta bir kəlmə və ya bir ayə gətirməyə belə qadir deyildirlər. Qur᾽an ayələrinə oxşar ikinci bir ifadəni bəyan etmək bəlkə də onlar üçün mümkün olmuşdur, lakin müsəlmanlar heç vaxt belə bir iddia irəli sürməmişlər. O ki, qaldı Qur᾽ana, o da öz müxaliflərini öz ayələrinə oxşar bir ayə deyil, bir surə gətirmələrini tələb edir. Buna əsasən deyə bilərik ki, iki nəfərin, yığılmış nüsxələrə və ya oxunan ayələrin düzlüyünə şəhadət verməsi tamamilə məqsədəuyğun bir haldır.

3. Səhabələrdən ikisinin məsciddə bir şahid kimi iştirak etmələri haqda nəql olunmuş rəvayətə gəldikdə isə, onun mö᾽təbərliyinə bir o qədər də istinad etmək olmaz. Çünki rəvayət mütəvatir hədislər silsiləsinə daxil deyildir.

4. Rəvayətin məzmunu bu haqda nəql olunmuş digər rəvayətlərlə ziddiyyət təşkil edir. Belə ki, Qur᾽an Əbu Bəkrin xilafəti dövründə deyil, Peyğəmbər (s) hələ sağ olarkən bir yerə yığılmışdır. Gələcək fəsillərdə bu mətləbi təsdiq edəcək digər hədis və rəvayətlərə işarə edəcəyik. O ki, qaldı Qur᾽an hafizlərinə, hələ Peyğəmbərin (s) zamanında onların sayı yüzlərlə, bəlkə də minlərlə idi. Belə olduğu bir halda səhabələrdən yalnız ikisinin Qur᾽an nüsxələrinə və tilavətinə etdikləri nəzarət bir o qədər də düzgün olmazdı.

Qaranlıq cəhalət rejimindən yaxa qurtarmış müsəlmanlar gecə-gündüz Qur᾽anı tilavət edir və onu zehnlərinə həkk edirdilər. Qur᾽an hafizlərinin bol olduğu bir şəraitdə belə bir məs᾽uliyyətli işin yalnız iki nəfərə tapşırılması bir o qədər də inandırıcı olmazdı.

QUR᾽ANIN İFADƏ TƏRZİ ilƏ NATİQLƏRİN ÇIXIŞ ÜSLUBU ARASINDA OLAN FƏRQ

8-ci irad:

Onlar deyirlər:

Qur᾽anın bəyan tərzi ilə, mahir ədib və şe᾽r ustalarının üslubu tamamilə fərqli və ziddiyyətlidir. Belə ki, surələrdə bir neçə mövzuya və bir-biri ilə əlaqəsi olmayan mətləblərə toxunulduğunun şahidi oluruq. Məsələn, hər hansı bir tarixi mövzu haqda söhbət açıldığı zaman dərhal əxlaq, alış-veriş və ya digər mövzulara da toxunulur. Əgər Qur᾽anda hər bir mövzu üçün ayrıca fəsil ayrılsaydı, daha yaxşı olardı.

Cavab:

Qur᾽an, bəşəriyyəti haqq-ədalətə hidayət etmək və onları dünya və axirət səadətinə qovuşdurmaq üçün nazil olmuşdur. Qur᾽an fiqhi, tarixi, və əxlaqi kitab olmadığı üçün bu elmlərə ayrıca başlıq və fəsillər ayrılmamışdır.

Şübhəsiz, Qur᾽anın bəyan etmə üslubu digər üslublardan daha qənaətbəxş olduğu üçün, nəzərdə tutulan mövzunu oxuculara daha tez çatdırır. Qur᾽an surələrindən hər birini mütaliə etdikdə yaradılış, mə᾽ad, əxlaq və keçmiş qövmlərin tarixi haqda dəyərli mə᾽lumatlar əldə etməklə yanaşı, onların aqibətlərindən də ibrət dərsi alınır, kamil insana xas olan əxlaq normaları və dinin bir çox şər᾽i məsələləri ilə yaxından tanışlıq hasil olur.

Mövzuların müxtəlif olmasına baxmayaraq, surələrin heç birində istər fəsahət və bəlağət, istərsə də ümumi mə᾽na baxımından heç bir nizamsızlıq müşahidə etmirik.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi öz nəzmini itirər və oxucu üçün bir o qədər də faydalı olmazdı. Belə ki, hər hansı bir mövzunu mütaliə edən oxucu, Qur᾽anın digər müqəddəs hədəflərindən xəbərsiz qalar və nəticədə ən başlıca məqsədə, yə᾽ni kamala çatmaqdan məhrum olardı.

Qur᾽ana xas olan belə bir bəyan tərzi onu digər dini, ədəbi mətnlərdən fərqləndirir və ona xüsusi yaraşıq verir.

Amma nə etmək olar, düşmənçilik və ədavət hissi həqiqəti dərk etmək üçün daşürəkli, təəssübkeş insanların gözlərini kor, qulaqlarını isə kar etmişdir.

Əgər Qur᾽an ayrı-ayrı fəsillərə bölünsəydi, başqa bir ciddi çatışmazlıqla qarşılaşardı. O da Qur᾽anda bir neçə dəfə təkrar olunan keçmiş peyğəmbərlərin əhvalatı və tarixi əhəmiyyət kəsb edən hadisələrdir. Əgər dəfələrlə təkrar olunan bu əhvalatlar eyni fəsildə nəql olunsaydı, Qur᾽an öz təravət və cazibədarlığını itirər və belə olduqda, təkrar heç bir mə᾽na kəsb etməzdi.

QUR᾽ANLA MÜBARİZƏ

9-cu irad:

«Husnul iycaz» kitabının müəllifi deyir: Qur᾽anda istifadə olunan oxşar ifadələrin yerini dəyişdirməklə, Qur᾽an kimi ikinci bir kitab yazmaq heç də çətin deyildir. O, öz iddiasını isbat etmək üçün Qur᾽anın müxtəlif yerlərindən cümlələr toplamış və bununla da fəsahət və bəlağət elmlərinə dair olan mə᾽lumat səviyyəsinin hansı dərəcədə olduğunu çatdırmaq istəmişdir.

Cavab:

Bir qədər sonra müəllifin Qur᾽anla mübarizə tədbirində istifadə etdiyi ifadələrə və onun zəif nöqtələrinə işarə edəcəyik. Biz «Nəfəhatul-e᾽caz» adlı kitabda bu haqda ətraflı söhbət açmışıq.

FATİHƏ SURƏSİ İLƏ MÜBARİZƏ

Bu xəyalpərəst insan elə güman edir ki, ağlına gəldiyi bu qısa ifadələr Fatihə surəsindən qısa olmaqla yanaşı, onun əhatə etdiyi bütün mətləblərə də şamil olur:

الحمد للرحمان، رب الاكوان، الملك الديان، لك العبادة، و بك المستعان،اهدنا صراط الايمان

«Həmd olsun bağışlayan Rəhmana [O Allah ki] varlıqların sahibi və pərvərdigarıdır, [O Allah ki] mükafat verəndir. İbadət sənin üçün, kömək də səndəndir. Bizi iman yoluna hidayət et!»

Dərin mə᾽nalı Qur᾽an ayələrini, heç bir mə᾽na kəsb etməyən qısa ifadələrdən ayıra bilməyən yazıçıya təəccüb edirik!

Yaxşı olardı ki, yazıçı hər şeydən əvvəl öz yazılarını ərəb ədəbiyyatı ilə tanışlığı olan məsihi alimlərinə təqdim edəydi və özünü bu dərəcədə rüsvay etməyəydi.

O bilməli idi ki, mübarizə məqsədilə hər hansı bir mətnə qarşı istifadə etdiyi ifadələr mə᾽na və heca baxımından bir-birindən fərqli və ziddiyyətli olmamalıdır.

Mübarizə dedikdə, heç də belə təsəvvür etmək lazım deyil ki, müxalif mövqe tutmuş şəxs mətndə istifadə olunmuş ifadələrin yerini dəyişib onu bir qədər fərqli ifadələrlə bəyan etmiş olsun. Əgər mübarizə bu qədər asan olsaydı, Peyğəmbərlə (s) mübarizə aparan Məkkə müşrikləri belə bir əlverişli üsuldan istifadə edər və asanlıqla öz məqsədlərinə nail olardılar. Lakin onlar ədəbi mübarizə üsulunun nə olduğunu çox gözəl dərk edir və bu səbəbdən də Qur᾽anla mübarizə aparmağa cəsarət etmirdilər.

Onlardan bə᾽ziləri həqiqəti, yə᾽ni Qur᾽anın ilahi mö᾽cüzə olduğunu dərk edib iman gətirdi. Qəlbləri daşdan da möhkəm olan inadkar və cahil kəslər isə Qur᾽anı sehr və cadu adlandıraraq dedilər:

فَقَالَ إِنْ هَذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ

«Bu [başqasından] öyrənilən sehrdən başqa bir şey deyildir!» (Müddəssir-24).

Görəsən özünü bu dərəcədə rüsvay edən yazıçının bəlağət elmindən heç bir mə᾽lumatı olmamışdırmı?

1. Axı necə demək olar ki, «Şükür olsun bağışlayana (Rəhmana)» kəlməsi, «Şükür Allaha» kəlməsi ilə mə᾽na və məfhum baxımından eynidir. Halbuki, «Allah» kəlməsi Allah-taalanın bütün sifətlərinə şamil olan müqəddəs Zatın adı, «Rəhman» isə yalnız onun sifətlərindən biridir.

Demək, «Əlhəmdulillah – həmd olsun Allaha» kəlməsindəki şükürdən məqsəd, Allah adının bütün sifətlərə şamil olması, «Şükür Rəhmana – Əlhəmdu lirrəhman» kəlməsində edilən şükürdən məqsəd isə, yalnız Allahın Rəhman sifətinə edilən şükürdür və göründüyü kimi, burada artıq Allahın digər sifətləri nəzərdə tutulmur.

2. «Aləmlərin Rəbbinə [bu dünyada hamıya] rəhimli, axirətdə isə ancaq mö᾽minlərə mərhəmətli olana» ayəsini «Varlıqların pərvərdigarı» kimi naqis və münasib olmayan qısa bir ifadəylə bəyan edir. Bu qısa ifadə isə hər iki ayənin mə᾽na və məfhumunu bütünlüklə aradan aparır. Çünki hər iki ayə aləmlərin çoxluğuna, Allahın hakimiyyət və rəhmətinin onların hamısına şamil olduğuna dəlalət edir. Onun hakimiyyəti əzəli və əbədidir.

Bütün bunları «varlıqların pərvərdigarı» kimi qısa və mə᾽nasız bir ifadədən əldə etmək olarmı?

Halbuki, «kovn», lüğətdə baş vermək, qayıtmaq mə᾽nalarını verir. Malik və başçı mə᾽nasını verən «Rəbb» kəlməsini məsdər halında işlənilən « Əkvan» kəlməsinə birləşdirmək isə qrammatik qanunlarla əsla uyğun gəlmir. Cümlə quruluşuna gəldikdə isə, «xaliq» ifadəsindən istifadə edərək «xaliqul əkvan» – yə᾽ni «varlıqların xaliqi» deyə bilərik. «Əkvan» kəlməsinə gəldikdə isə, onu nə aləmlər mə᾽nasında istifadə edə bilərik, nə də Allahın varlıqlara şamil olan daimi rəhmətinə.

3. «Maliki yəvmiddin» – haqq-hesab gününün [qiyamət] gününün sahibinə» ayəsini « Əlməlikud-dəyyani – [O Allah ki] mükafat verəndir» ifadəsilə əvəz etməklə biz ayədən tam başqa bir mə᾽na əldə edir və nəzərdə tutulan hikmətli ifadələrdən uzaq düşmüş oluruq. Çünki ayə Allahın qiyamət gününün sahibliyinə, müəllifin uydurduğu ifadə isə Allahın [mö᾽minlərə] mükafat verəcəyinə dəlildir. Göründüyü kimi burada qiyamət gününə və orada insanların gördükləri işlərin müqabilində mükafat və ya cəzaya layiq görüləcəyinə dəlalət edən heç bir mə᾽na nəzərə çarpmır. Mə᾽lum olduğu kimi, qiyamət günü aləmə yalnız Allahın özü hakim olacaq və hamı Onun əmrinə itaət edəcəkdir. Kimi cənnətə, kimisi də cəhənnəmə daxil ediləcəkdir. Bu səbəbdən də Allah-taala bu ayədə «Malik» adlandırılmışdır. Lakin yuxarıda qeyd olunan ifadələrdə biz bu mə᾽na ilə də qarşılaşırıq.

Bəli, «Əlməlikud-dəyyan» «Maliki yəvmiddin» ayəsinin verdiyi mə᾽naların heç birini daşımır. Bu ifadələrdən yalnız bu nəticəyə gəlmək olar ki, Allah öz bəndələrini xeyirxah işlərinə görə mükafatlandırır və beləliklə onları səadət və kamala sövq etmiş olur. Bu isə ayənin batini mə᾽naları ilə olduqca fərqli və hətta ziddiyyətlidir.

4. «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik.»

Yazıçı belə güman etmişdir ki, ibadət və kömək diləmək yalnız çarəsizlik üzündən edilməlidir. Bu səbəbdən də ayə həqiqəti bəyan etməklə yanaşı, iman sahiblərinə təlqin etmək istəyir ki, ibadi məsələlərindəki tövhid prinsiplərini və Allaha olan ehtiyac hislərini hətta ibadətdə belə aşkar etsinlər. Burada ən başlıca məqsəd, mö᾽minlərin bu həqiqəti e᾽tiraf etmələridir ki, Allahdan başqa heç bir varlığa pərəstiş etməyib, yalnız Ondan kömək diləsinlər.

Biz bunları üzdəniraq yazıçının uydurduğu «Ləkəl ibadətu və bikəl mustəan» – ibadət Sənin üçün və kömək də səndəndir ifadəsindən əldə edə bilərikmi?

5. «Bizi doğru yola yönəlt»

Ayədən məqsəd budur ki, insan ibadət zamanı Allahdan onu haqq yola, doğru yola yönəltməyini diləsin. Bu yol onu saf əqidəyə, xeyirli işlərə və bir sözlə, bütün insani dəyərlərə hidayət etmiş olsun.

Göründüyü kimi ayə bir neçə mühüm mətləbə toxunur.

(İhdinas-siratəl iman) «Bizi iman yoluna hidayət et.»

Qeyd olunan ifadədən bu mə᾽nalardan heç birini əldə etmirik.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, yuxarıdakı ifadə yalnız haqq yola hidayət prinsipini izlədiyi üçün bir o qədər də əhəmiyyət kəsb etmir. Lakin iman yolunun doğru yol olduğuna və bu yolun yolçularının heç vaxt haqq yoldan sapmayacaqlarına heç bir işarə edilməmişdir.

Yazıçı özünün naqis və əsassız iradları ilə bu ayəyə qədər kifayətlənmiş və surənin ardını heç bir ifadələrlə əvəz etməmişdir. Bu isə bir daha bu həqiqəti sübuta yetirir ki, yazıçı surənin mə᾽na və məfhumunu dərk etmişdir. Çünki surənin ardı, yə᾽ni «Ne᾽mət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və [haqdan] azanların yoluna yox!»

6-7-ci ayələr doğru yolun mövcud olduğuna dəlalət edir. Allahın razılığını qazananlar bu yolun yolçuları və ilahi ne᾽mətlərlə mükafatlandırılan şəxslərdir. Bu yol peyğəmbərlərin, şəhidlərin və əməli-saleh insanların yoludur. Allahın qəzəbinə düçar olan kəslər isə haqq yoldan azan və inadkarlıq üzündən həqiqətdən üz çevirənlərdir. Cəhalət və nadanlıq onları zəlalətə doğru sürüklədiyi üçün, həqiqəti axtarmaq əvəzinə ata-babalarının getdikləri yolu davam etdirmiş və kor-koranə təqlidi hər şeydən üstün tutmuşdur. Ayələri diqqətlə oxuyub işarə olunan mühüm mətləblərə diqqət yetirən hər bir şəxs bir çox həyati və əxlaqi məsələlərlə qarşılaşmış olur. Belə ki, yaxşını pisdən ayıra bilən hər bir adi insan bu ayələrdən ibrət dərsi almalı, peyğəmbərləri və əməli-saleh insanların tutduqları yolu davam etdirməlidir. İndi özünüz deyin, dərin mə᾽nalı və hikmətli ilahi kəlamları kənara qoyub hansısa xəyalpərəst yazıçının uydurduğu əsassız ifadələrə e᾽timad etmək olarmı?

KOVSƏR SURƏSİ İLƏ MÜBARİZƏ

Elə həmin yazıçı Kovsər surəsini bu ifadələrlə bəyan edir:

انا اعطيناك الجواهر، فصل لربك و جاهر، و لا تعتمد قول ساحر

«Biz sənə cəvahiri bəxş etdik, sən də uca səslə namaz qıl, sehirbaz və cadugərlərin sözlərinə e᾽tina etmə.»

Bu iddianı biz bir neçə səbəblərə görə batil və əsassız hesab edə bilərik.

1. Göründüyü kimi, yazıçı Qur᾽andakı oxşar ifadələrdən istifadə etmiş və heç nədən çəkinmədən bunun adını mübarizə qoymuşdur.

2. Qoşduğu ifadələrdən belə mə᾽lum olur ki, bu onun öz sözləri deyil, sadəcə olaraq peyğəmbərlik iddiası etmiş Musəyləmə Kəzzabın uydurduğu ifadələrdir. O, bu surəni belə ifadə edir:

انا اعطيناك الجماهر، فصل لربك و جاهر، و ان مبغضك رجل كافر

«Biz sənə [insan] kütlələr bəxş etdik. Sən də namaz qıl və mühacirət et. [Və bil ki,] düşmənin kafir bir kəsdir.»

3. Təəccüb doğuran burasıdır ki, o, iki kəlmənin qafiyə baxımından bir-birinə oxşar olmasını fəsahət və bəlağət elmlərində də bu qayda üzərində olacağını güman etmişdir. Halbuki, fəsahət qanunlarının ilk şərtlərindən biri kəlmələr arasında uyğunluq və rabitənin olmasıdır. Yazıçının ifadələrində isə biz bunların heç birini müşahidə etmirik.

4. Buradan belə bir sual meydana gəlir. Görəsən hansı səbəblər üzündən yazıçı «cəvahir» kəlməsini müəyyənlik əlaməti olan «əlif-lam» ilə qeyd etmişdir.

Əgər müəyyən cəvahiri nəzərdə tutursa, belə olduqda heç bir müəyyənlik şəkilçisindən istifadə etməyə ehtiyac duyulmur. Əgər dünyada mövcud olan bütün cəvahiratı nəzərdə tutursa – belə ki, «əlif və lam» hərfləri ismin müəyyənlik formasının cəm halına dəlalət edir – bunu da həqiqi olaraq qəbul edə bilmərik. Çünki dünyada mövcud olan ləl-cəvahiratın yalnız bir nəfərə verilməsi qeyri-mümkündür.

5. Burada başqa bir sual meydana gəlir. O da bundan ibarətdir ki, görəsən birinci cümlə ilə «Vəla tə᾽təmidu qovlə sahir – sehirbaz və cadugərlərin söylədiklərinə e᾽tina etməyin» cümləsi arasında nə kimi rabitə vardır? Cadugər dedikdə kimləri nəzərdə tutur? «Söylədiklərinə e᾽tina etmə» dedikdə hansı sözləri nəzərdə tutur? Əgər o hər hansı bir cadugəri və onun söylədiklərini nəzərdə tutursa, onda mətləbin daha da açılması və onun söylədiklərinin nədən ibarət olduğunu sübuta yetirmək üçün müəyyən dəlil və sübutlar gətirməlidir. Yox əgər müəyyən şəxsi və onun söylədiklərini nəzərdə tutmayırsa – belə ki, hər iki ifadə, yə᾽ni həm «qovl» – söyləmək, həm də «sahir» – sehirkar qeyri-müəyyənlik və inkar formasında işlənilmiş və ümumiyyət xarakteri daşıyır. Belə olduqda bu mə᾽nanı daşıyacaqdır: Heç bir sehirbaz və cadugərin söylədiyi sözlərə e᾽tina etməyin. Lakin biz cümləni bu mə᾽nada qəbul edə bilmərik. Çünki bizim, sehirkarların hətta adi məsələlərdə belə söylədiklərinə e᾽tina etməyimizə dair heç bir əqli dəlilimiz yoxdur.

Əgər buradan məqsəd sehirkar və cadugərlər olarsa, yenə də biz bunu həqiqət kimi qəbul edə bilmərik. Çünki cadugərlərin işi sehramiz ifadələr söyləmək deyil, özünəməxsus hiylə və məkrlərdən istifadə edərək müəmmalı işlər göstərməkdir.

6. Kovsər surəsi Peyğəmbəri (s) istehza edən şəxs barəsində nazil olmuşdur. O, Peyğəmbər (s) haqda bu sözləri deyirdi: Məhəmməd övladı olmayan sonsuz bir insandır (övladı olmayan deyildikdə oğlan uşağı nəzərdə tutulur). Tezliklə öləcək və gətirdiyi din unudularaq aradan gedəcəkdir.

Tur surəsinin 30-cu ayəsində bu haqda deyilir:

أَمْ يَقُولُونَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهِ رَيْبَ الْمَنُونِ

«Yoxsa onlar [sənin barəndə]: «O, şairdir. Biz [ruzigarın gərdişi nəticəsində] onun başına gələcək müsibəti [ölüb getməsini] gözləyirik!» – deyirlər.

Bütün bu iftiraların müqabilində Peyğəmbərə (s) təskinlik olsun deyə «Kovsər» surəsi nazil oldu.)

إِنَّا أَعْطَيْنَاكَ الْكَوْثَرَ 

«Yə᾽ni biz sənə böyük ne᾽mət «kovsəri» bəxş etdik.»

Bəli, bu, Peyğəmbərə (s) bəxş olunan ən böyük və ən dəyərli ne᾽mət idi. Ömrünün son gününədək öhdəsinə düşən peyğəmbərlik vəzifəsinə məs᾽uliyyətlə yanaşır və insanları təkallahlığa, haqq-ədalətə də᾽vət edirdi. Ona iman gətirmiş kəslərlə düşmənlərə qarşı mübarizə aparır və bütün ömrünü İslamın yayılmasına həsr edirdi. Onun nəsli, qızı Fatimənin (ə) övladları ilə artıb çoxaldı. Dünya durduqca onun nəsli duracaq, axirət dünyasında isə birlikdə Kovsər hovuzunun kənarına yığılıb şəfaətindən bəhrələnəcəklər.

فَصَلِّ لِرَبِّكَ وَانْحَرْ

«Yə᾽ni bütün bu ne᾽mətlərin müqabilində Allaha şükür et! Namaz qıl və Allah yolunda qurban kəs.»

Ayədəki «Nəhr» sözü bir neçə mə᾽na daşıyır.

1. Həcc ziyarəti zamanı Minada kəsilən qurbanlıq dəvə;

2. Qurban bayramı «eyd zuha» günü kəsilən dəvə;

3. Namaza başlarkən ilk təkbirdə əllərin qulaqlara qədər qalxması;

4. Namazda ikən bədənin bütünlüklə qibləyə tərəf olması.

Lakin «nəhr» sözü haqda deyilən bütün mə᾽naları ayəyə şamil edə bilərik və onların hər birini nəzərdə tutduqda, Peyğəmbərin (s) ona bəxş olunan ne᾽mətlərə şükür etməsi kimi qəbul edə bilərik.

Allah-taala bəxş etdiyi ne᾽mətlərə, Peyğəmbərə (s) şükür etməsini əmr etdikdən sonra növbəti 3-cü ayəni nazil etdi:

إِنَّ شَانِئَكَ هُوَ الْأَبْتَرُ

«Səni istehza edən düşmənin sonsuz qalacaqdır və onun ad və şöhrətindən heç bir əsər-əlamət belə qalmayacaqdır!»

Peyğəmbərə (s) istehza edən kəslərin aqibəti Qur᾽anın xəbər verdiyi kimi də oldu. Onun nəsli kəsilərək ad-sanından heç bir əsər-əlamət qalmadı.

Axirətdə isə onların məskun olacaqları yer cəhənnəmin əzablı təbəqələri olacaqdır.

Kovsər surəsi haqda qısa mə᾽lumat verdik.

İndi özünüz deyin, hikmətlə dolu olan ilahi kəlamları, üzdəniraq yazıçının bir-biri ilə əlaqəsi olmayan əsassız ifadələri ilə müqayisə etmək olarmı?!

O, Musəyləmə Kəzzabın Qur᾽anla mübarizə üsulundan istifadə etsə də, nəticədə məqsədinə çata bilməmişdir.

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI

 
user comment