Azəri
Saturday 20th of July 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır.

134-cü xütbə

 

İmam Əli əleyhis-salamın Ömər ibn Xəttab rumlularla döyüşə gedərkən o böyük insanla məsləhətləşdiyi vaxt buyurduğu kəlamlarındandır.

Allah İslam əhlinin sərhəd və hüdudlarını qorumağa, övrətlərini (düşmənin bilməməli olduğu şeyləri) örtməyə zamin olmuşdur. Allah az olduqları və (düşməndən) intiqam ala bilmədikləri vaxt onlara yardım etdi. Az olduqları və özlərini qorumağa gücləri olmadığı vaxt onları yenilməkdən saxladı. (İslamın ilk illərində bugünkü kimi saysız-hesabsız əhaliyə, gücə-qüdrətə malik olmayan müsəlmanlara kömək edən Allah indi də yardımçı olacaq. Çünki) diridir və heç vaxt ölməyəcək. (Deməli, döyüş meydanına getmə. Çünki) sən özün bu düşmənə (Rum qeysəri və qoşunlarına) doğru gedib onlarla görüşdə məğlub olsan, ucqar şəhər və sərhədlərdəki müsəlmanlar üçün pənah yeri qalmayacaq. Onların (fitnə-fəsadın qarşısını almaq üçün) səndən sonra müraciət etməyə yerləri yoxdur. (Məsləhət budur ki, sən burada qalasan və öz yerinə) onların üstünə bir müharibə görmüş igid göndər. Döyüşün bəla və çətinliklərinə taqəti olan, öyüd-nəsihət eşidənləri onunla yola sal. Əgər Allah-təala (ona) zəfər yetirsə, bu elə sənin istədiyin olacaq. Başqa bir hadisə baş versə, sən müsəlmanların köməyi və pənahı olacaqsan (yenidən qoşun toplayıb onlarla döyüşə göndərə bilərsən).

 

135-ci xütbə

 

İmam Əli əleyhis-salamın kəlamlarındandır. O böyük şəxsiyyətlə Osman arasında mübahisə baş verdikdə Müğəyrə ibn Əxnəs Osmana dedi: «Mən səni müdafiə etməyə onun üçün kifayət edərəm».[1] Sonra İmam əleyhis-salam ona buyurdu:

Ey özündən sonra övladı qalmayanın, Allahın rəhmətindən qovulmuşun oğlu![2] Ey köksüz-budaqsız şəcərənin (layiqli əsil-nəsəbi olmayanın) oğlu! Sən özünü mənimlə bərabər sanırsan?! Allaha and olsun ki, sənin dost olduğun kimsəyə Allah uğur zəfər nəsib etməz, ayaq üstə saxladığın kimsə dayanmaz. Məclisimizdən bayıra çıx, Allah xeyir yaxşılığı səndən uzaq etsın! Öz səylərinə (və düşmənçiliyinə) son qoy. (Mənimlə) mehribanlıq etsən, Allah rəhmətini sənə şamil etməsin.  

 

136-cı xütbə

 

İmam Əli əleyhis-salamın (beyətdən məqsədləri müqəddəs İslam dinini yaymaq deyil, hakimiyyət və dünya malı toplamaq olan səhabələrinə buyurduğu) kəlamlarındandır.

Sizin mənimlə beyətiniz fikirləşmədən və düşüncəsiz deyildi.[3] Mənimlə sizin işiniz bir deyil. (Çünki) mən sizi Allah (dini qaydaların yayılması) üçün sizsə məni özünüz (dünyanızın bəhrələrini əldə etmək) üçün istəyirsiniz. Ey camaat, öz nəfsinizlə mübarizədə mənə kömək edin (nəfsi istəklərinizin ardınca getməyib mənə itaət edin). Allaha and olsun, məzlumların haqqını zalımlardan almaq üçün ədalət və insafla hökm verəcəyəm. Zalımı (dəvənin burnuna həlqə keçirib cilovunu çəkdikləri kimi) burnunun halqasından dartıb ona meyli olmasa belə, haqqın su arxına çatdırana qədər gətirəcəyəm (zülmkarı zəlil və xar edəcəyəm ki, zavallıların haqqını ondan alım).

 

137-cü xütbə

 

İmam Əli əleyhis-salamın Təlhə və Zübeyr barədə (beyəti pozduqdan sonra, Osmanın qətlini onun adına çıxmaları barədə sözlərini rədd edərkən) buyurduğu kəlamlarındandır.

Allaha and olsun! Haram işi (adıma çıxmağı) məndən əsirgəmədilər (Osmanın öldürülməsi və onun qətlinə razılığı yalandan mənim adıma çıxdılar) və mənimlə özləri arasında insafla, ədalətlə rəftar etmədilər. (Çünki insafları olsaydı, iddialarının puçluğu aydın idi. İddialarının səhvliyi bundadır ki,) özlərinin tərk etdikləri haqqı və tökdükləri qanı (məndən) tələb edirlər. Əgər mən bu qanın tökülməsində (Osmanın qətlində) onlarla birgə iştirak etmişəmsə, onlar da bundan faydasız qalmayıblar.[4] Əgər mənsiz bu işi görüblərsə, onda özlərindən başqa heç kim sorğu-sual edilməməlidir.[5] İlk ədaləti bu olsun ki, ədalətlə hökm verməyi özlərində icra etsinlər. Bəsirətim və gözüaçıqlığım mənimlədir, (əmələ zidd olan sözün ziyanını bilirəm və buna görə də kimsəni) səhvə yönəltmədim (Təlhə və Zübeyr kimi bir söz deyib əksinə iş görmədim) (onların ardıcılları kimi) səhv yola salınmadım. Onlar zülmkar və günahkar bir dəstədirlər. (Həzrət Peyğəmbərin mənə xəbər verdiyi kimi) Qara gil (gil saf suyu bulandırdığı kimi ümmətin dincliyini əlindən alan fitnə-fəsad), əqrəb zəhəri (kin və düşmənçilik) və zülmət şübhəsi (nadanlıq və azğınlıq) onlardadır. Bu iş (camaatı çaşdırdıqları Osmanın qanının alınması barədə sözləri alim, zəkalı insanların yanında) aşkar oldu. Batil (haqqın ziddinə olan söz) kökündən qopardıldı və şər yayan dili kəsildi.[6] Allaha and olsun, (fitnəkarların qarşısını almaq mənə vacib olduğuna görə) onlara bir hovuz düzəldib suyunu özüm çəkərəm, (onları döyüş meydanında elə məhv edərəm ki,) ondan doymuş qayıtmazlar və başqa yerdə də su içməzlər.[7]

 

Həmin kəlamın (yenə də Təlhə, Zübeyr və ardıcılları barədəsindəki) bir hissəsidir

 

(Osmanın qətlindən) sonra (beyət etmək üçün) yeni doğmuş heyvanlar balalarına tərəf gedən kimi mənə üz tutub dalbadal «beyət etməyə gəlmişik» deyirdiniz. Əlimi əlimin üstünə qoydum, açdınız, arxaya apardım, özünüzə tərəf çəkdiniz.[8] (Mən də sizdən Allaha şikayət edərək deyirəm:) İlahi, (Qüreyş tayfasından olan) Təlhə və Zübeyr mənimlə (mən də həmin tayfadanam) qohumluq əlaqəsini kəsib zülm etdi, əhd-peymanını pozdu və camaatı mənim üstümə qaldırdı. Sən onların bağladıqlarını aç, süstləşdirdiklərini möhkəm et. Arzularında olub etdikləri rəftarlarında onlara (dünya və axirət) pisliyi nəsib et.[9] (Onlarla döyüşdüyümə görə məni əsla danlaya və qınaya bilməzlər. Çünki) döyüşə başlamamışdan onlardan pozduqları beyətə qayıtmalarını istəyib hadisədən qabaq (bu iş barədə) düşünüb-daşınmalarını tələb etdim. Deməli, (mənim öyüd-nəsihətlərimi qəbul etməyib öz səhv fikirlərinin ardınca getdilər), neməti (Allah, Peyğəmbər və zəmanənin İmamına itaəti) xar sayıb (dünya və axirət) salamatlıqlarını əldən verdilər.




[1] Müğəyrənin İmam əleyhis-salama kin saxlamasının səbəbi qardaşı Əbulhəkəm ibn Əxnəsin «Ühüd» döyüşündə Həzrət tərəfindən öldürülməsi idi.

[2] Özündən yaxşılıq yadigar qoymayıb və sənin kimi şər övladın olması elə övladı olmamış kimidir. İmam əleyhis-salam Əxnəsi ona görə məlun adlandırır ki, o, münafiqlərin başçılarından idi. Münafiqə lənət yağdırmaq isə caizdir. On doqquzuncu xütbənin şərhində də bu qeyd olunmuşdur.

[3] Əksinə, toplaşaraq düzgün fikir və düşüncə əsasında bu işi görmüsünüz. Deməli, sizlərdən heç biriniz beyətini pozmamalı və ya peşman olmamalısınız. Bu, Əbu Bəkrə düşünmədən etdiyiniz beyət kimi deyil. Onda Ömər də demişdi: إِنَّ بَيْعَةَ أَبِى بَكْرَ كانَتْ فَلْتَةً وَقِى اللهُ شَرَّها فَمَنْ عادَ إِلى مِثْلِها فَاقْتُلُوهُ  yəni, «Əbu Bəkrə düşünülmədən beyət edilmişdir. Allah onun şərindən saxlasın. Əgər kimsə onun mislinə qayıtsa, onu öldürün.

[4] Ona görə də onlar Osmanın intiqamını tələb etməməlidirlər. Çünki onlar da qatildirlər. Varis deyildirlər ki, intiqamını tələb edə bilsinlər.

[5] «Biz İmama yaxşı işlərə dəvət, pis işlərdən çəkindirmə və ədalətlə hökm vermək üçün düşmən kəsilib beyətdən çıxmışıq» deyərək beyəti pozmalarına səbəb kimi göstərənlərin.

[6] Deməli, onların zəhmət və səyləri faydasızdır. Çünki beyəti pozaraq hay-küy yaratmaqda və fitnə-fəsad salmaqda məqsədlərinin Osmanın intiqamını almaq deyil, dünya sevgisi və hakimiyyət olduğu məlum oldu.

[7] Çünki bu hovuz başqa hovuzlar kimi deyil ki, hər gələn doyub qayıtsın və ya doymasa, başqa yerdə içsin. Bu, elə bir hovuzdur ki, ona daxil olan batar, həlak və ya məhv olar.

[8] Xülasə, siz mənimlə beyətə böyük rəğbət göstərsəniz də buna meylim yox idi. Elə isə beyəti niyə pozdunuz?

[9] Dünyada öz arzularına, xəlifəliyə və hakimiyyətə çatmasınlar, axirətdə isə əbədi əzaba düçar olsunlar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment