Bu da həmin xütbənin bir hissədir
(Bəni-Üməyyənin xalqa hakim kəsiləcəyini, onun hakimiyyətinin tezliklə məhv olacağını xəbər verir.)
(Bəni-Üməyyə xalqa hakim kəsilib şəhərləri ələ keçirəcək, Allaha ibadət edən kişiləri öldürüb arvadlarını əsir, mallarını qarət edəcək. Onların zülmünə, sitəminə qarşı qiyam edənlər məğlub olub öldürüləcəklər.) Güman edən (zahiri görən dünyapərəst) dünyanın (dəvə bəndə bağlandığı kimi) Bəni-Üməyyənin əlinə keçdiyini, xeyrini onlara verdiyini, onları saf və təmiz suyuna saldığını, (xülasə, dünya onlara məxsusdur və başqaları ondan bəhrələnmir) qamçı və qılınclarının (onların törətdiyi qətl, qarət və cürbəcür çətinliklərin) bu ümmətin başının üstündən çəkilməyəcəyini zənn edəcək. Halbuki bunu güman edən səhv düşünmüşdür. Bəni-Üməyyənin hökuməti, dünya həyatından bəhrələnmələri azacıq dadılıb sonra (hələ içilməmiş) hamısı çölə atılan (ağızdakı) su kimidir. (Tezliklə onların zülm və sitəm əli kəsiləcək, başqaları onlara hakim olacaq, dövlətləri məhv olacaq.)
87-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara, fikirlərə etimadı tənqid etdiyi və peyğəmbərə, İmama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.
Böyük Allaha həmd və şükrdən, Xatəmül-ənbiyaya salamdan sonra (bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır.[1] (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın).[2] Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar), qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?![3] Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir.[4] Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış İmamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır).
88-ci xütbə
İmam Əli əleyhis-salamın (Həzrət Peyğəmbərin besətindən, cahiliyyət dövründən danışdığı və camaata moizə etdiyi) xütbələrindəndir.
Allah-təala peyğəmbərlərdən heç birinin qalmadığı, camaatın müxtəlif firqələrinin nadanlıq və azğınlıq zülmətində yuxuya getməsinin uzandığı bir vaxtda Həzrət Peyğəmbəri peyğəmbərliyə seçdi.[5] Fitnələr bütün yer üzünü bürümüş, işlər bir-birinə dəymiş, müharibə alovu şölələndirilmiş, dünyanın nuru, işığı gizlənmişdi.[6] Dünyanın nadürüstlükləri aşkar olmuş, yarpağı saralmışdı və (camaat) onun xeyrindən bəhrələnmirdi. Suyu sovrulmuş, qurumuşdu.[7] Hidayət və qurtuluş nişanələri məhv olmuş, həlakət və bədbəxtlik bayraqları aşkara çıxmışdı.[8] Dünya öz əhlinə pis nəzərlərlə baxaraq onu istəyənlərə üzünü turşutmuşdu. (Hər cür çətinliyə mübtəla olmuşdular və bir an rahatlıqları yox idi.) Səmərəsi fəsad və puçluq, yeməyi isə murdar ət idi.[9] Şüarı qorxu və xof, yolları qılınc yolu idi.[10] İbrət götürün, ey Allah bəndələri! Öz atalarınızın, qardaşlarınızın (indi) girov və giriftarı olduqları (qiyamət günündə) nadürüst inanclarını və çirkin əməllərini yada salın! (Ondan xilas olmaq üçün heç bir çarələri yoxdur.) Öz canıma and olsun ki, sizin zəmanənizdən onların dövranına qədər uzun vaxt ötməmişdir, sizinlə onların arasından illər, əsrlər keçməmişdir. Siz bu gün onların bellərində olduğunuz vaxtdan (o qədər də) uzaqda deyilsiniz.[11] Allaha and olsun! Həzrət Peyğəmbər ata-babalarınıza mənim bu gün sizlərə xatırlatdıqlarımdan başqa bir şey eşitdirmədi. (Buna görə də Allaha, Peyğəmbərə qarşı çıxmaq üçün «bizlərə təbliğ etməyə bir kimsə yox idi» deyə bilməzsiniz.) Bu gün sizin qulaqlarınız dünən onların qulaqlarının olduğundan zəif deyil.[12] O zaman onların gözləri iti deyildi və bu dövrdə sizlərə verilən ürək və gözlər kimi ürəklər verilmişdi.[13] Allaha and olsun! Siz onlardan sonra onların bilmədikləri bir şeyi görüb bilmədiniz, onların məhrum olduğu, bəhrələnmədikləri bir şeyə sahib olmadınız.[14] Və (bu itaətsizlik nəticəsində) bəlaya (Müaviyə və Bəni-Üməyyənin fitnə-fəsadına) ürcah oldunuz. (Bu bəla dikbaş bir dəvə kimidir ki,) cilovu cövlan edən, yüyəni boşdur (belə bir dəvəyə minən təhlükəyə yaxın olar). Günahkarların yığdıqları şey (sərvət və məqam) sizi aldatmasın. (Təsəvvür etməyin ki, həmişə belə olacaq.) Çünki o, müəyyən bir vaxta qədər düşən kölgə kimidir (həmişəlik qalmayacaq və tezilklə yox olacaq).
89-cu xütbə
İmam Əli əleyhis-salamın (Haqq-təalanın bir sıra sifətlərini zikr etdiyi, xalqa axirət səfərinə azuqə toplamağa dair nəsihət verdiyi) xütbələrindəndir.
Həmd olsun Allaha ki, gözlə görülmədən (ağılla, nişanələri vasitəsilə) tanınmışdır. (Çünki vücudu mümkün olanı gözlə görmək olar. Heç bir hədlə məhdudlaşmayan vücudu vacib olanı isə görmək olmaz.) Düşüncə və fikir işlətmədən (aləmləri) yaradandır.[15] O, elə bir Allahdır ki, göylər bürclərə, mənzillərə və böyük qapıları olan hicablara (cazibə və itələmə qüvvəsinin köməyi ilə bir-birinə cəzb edilməyən atmosferdəki asılı kürələr) malik olmadığı vaxt O həmişə olmuşdur, vardır və bərqərardır. Qaranlıq gecə, sakit dəniz, enli yolları olan dağ (iki dağ arasındakı böyük dərələr), əyri-üyrülükləri olan (hər tərəfə çıxışı olan) geniş yol, döşənmiş yer üzü, güc-qüdrət sahibi məxluqun olmadığı vaxtda da (O) var idi. Odur misli və oxşarı olmayan məxluqatı yaradan (heçdən və yoxluqdan varlıq yaradan) və ixtira edən, (məhv olduqdan sonra) onların varisi, bərqərar və var olan. Odur məxluqatın mə’budu və onların ruzi verəni. Günəş və ay onun rizası ilə (iradəsinə və hikmətinə uyğun) hərəkət edir və (O) hər bir təzəni köhnəldir, hər uzağı yaxınlaşdırır. (Onların dövr etməsi ilə hər şeyin ömrü sona yetər, məhv və yox olar). Məxluqun ruzisini bölüb, nişanələrini, işlərini və nəfəslərinin sayını, gözlərinin xəyanətini (gizlincə, rəmzlə və ya işarə ilə baxmaqlarını), onların sinəsində gizlənənləri (fikirlərini, düşüncələrini), analarının bətnində yerləşdikləri və zahir olduqları (dünyaya gəldikləri) yeri, onların işlərini (əvvəldən axıra qədər onların bütün cüzi və külli halətlərini) lap sonuna qədər bilir. Odur rəhmətinin genişliyilə yanaşı düşmənlərə əzabı ağır olan və rəhməti dostlarını bürüyən Allah. (Heç bir iş onu başqa bir işdən saxlamır.) Ona qarşı çıxana qəhr edər. Onun əleyhinə olanı həlak edər, Ondan uzaqlaşanı xar edər, Onunla düşmənlik edənə qalib gələr. Ona təvəkkül edən hər kimsəni qane edər (hər kəs öz işini Ona tapşırsa, onun dünya və axirət işlərini yerinə yetirər), Ondan (bir şey) istəyənə əta edər, Ona borc verənə (Onun yolunda öz malından keçənə) Öz borcunu ödəyər.[16] Ona şükr edənləri mükafatlandırar. Ey Allah bəndələri, (Axirətdə əməl tərəzisində) çəkilməmişdən qabaq özünüzü (dünyada ədalət tərəzisində) çəkin (doğru yola qədəm qoyaraq Allaha və Peyğəmbərə itaət edin). Sizinlə hesab-kitab çürüdülməmiş (çarəsiz qalmamış) özünüzdən hesab sorun (öz çirkin əməllərinizdən peşman olub tövbə edin). Boğazlarınızın yolu daralmamış və tutulmamış (ölüm yetişməmiş) nəfəs alın (nə qədər ki, sağsınız, fürsəti əldən verməyin) və sizi zorla, kobudluqla (axirətə) aparmamış müti olun. Bilin ki, özünə kömək olmayan kimsəyə öz tərəfindən öyüd verən, (günahdan) çəkindirən olmasa (Allah ona kömək etməz, ağlını «Əmmarə» nəfsinə qalib gəlmək üçün gücləndirməz), başqasından ona qadağa qoyan və nəsihətçi çıxmaz.[17]
90-cı xütbə
İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir.[18] Bu, böyük və əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi.
Məs’ədə ibn Sədəqə Həzrət İmam Cə’fər Sadiq ibn Məhəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz və elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi və camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş və qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib Həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam və salavat göndərərək buyurdu:
Həmd olsun Allaha ki, əta etməyi kəsməsi və bağışlamaması malını, dövlətini artırmaz, səxavət və bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta və bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə də İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-təaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir.[19] Odur böyük nemət, nəsib və bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş və müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər və vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət və səadətin) yolunu aydın və işıqlı etmişdir. Ondan istənilən şeydəki əta və bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil.[20] İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun.[21] (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) və Onu dərk etməsinə mane olan Odur.[22] Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət və gücsüzlük, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik və bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə və (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun.[23] Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr və mirvarini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə və dənizdə olan xəzinə və mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş və səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq və nöqsan mümkünə xasdır, vacibə aid deyil).[24]
Ey sual verən, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal və Qur’anın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-təalanı həmin sifətlə vəsf et). Qur’anın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi və kitabda (Qur’ani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, Həzrət Peyğəmbər və doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm və biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-təalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qur’ani-Kərimdə, Həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar və sifətlərlə çağırasan, vəsf edəsən).[25] Bunu bil ki, elm və bilikdə qüvvətli və möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdəli olan və təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-təala da onların elm və biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk və gücsüzlüklərini etiraf etmələrini mədh etmiş və onların həqiqət və zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik və mətanətlilik adlandırır.[26] Belə isə sən də Qur’anın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak və nöqsansız Allahın əzəmətini və böyüklüyünü öz ağlınla ölçmə ki, həlak və puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət və gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə və fikirlər qeyb və görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, ürəklər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran və vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-təala, (gücü və qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl və düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda və Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət və böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət və örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq və mə’buddan nümunə götürməyə ölçü və əndazə olmadığı halda məxluqatı xəlq edən.[27] Öz padşahlığının güc və qüdrəti, Onun hikmətinin nümunə və nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut və qəti dəlilləri bizə göstərdi və bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri və hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər və bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr də), Onun varlığına dəlil və sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə və misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı və müqəddəsliyi barədə buyurur:)
Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin və ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən də Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma və imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qur’ani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək və fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər və oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil və sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir.[28] Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son və nəhayət yoxdur. Buna görə də düşüncələrin mənşəyində keyfiyyət və necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan və yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət və dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)
[1] Sizi agah edir ki, Allah heç bir qövmü çətinlikdə qoymaz, sonunda zülmkarları əldən salar, hər bir müsibət və bəlanın bir sonu vardır
[2] Məlumdur ki, həqiqətləri dərk etmək üçün heyvanların malik olduğu ürəklər, qulaqlar və gözlər deyil, ayıq ürəklər, eşidən qulaqlar, görən gözlər lazımdır.
[3] Qeybə inansaydılar və pislikdən çəkinsəydilər, dinlərində ixtilafa səbəb olan öz nadürüst dəlillərinə əsaslanmazdılar.
[4] Çətin hökmlərin həllində özlərinə müraciət edir, Allah və Peyğəmbərin buyurduqları ilə zidd olsa belə, öz rəylərinə uyğun rəftar edirlər.
[5] Çünki Adəmin vaxtından Həzrət İsaya peyğəmbərlik verilənə qədər camaatı doğru yola yönəltmək üçün Allah-təala bir-birinin ardınca peyğəmbər göndərərdi. Həzrət İsanın vaxtından Həzrət Mustafaya peyğəmbərlik verilən vaxta qədər beş yüz il müddətində isə heç kəsə peyğəmbərlik verilməmişdi.
[6] Çünki bir peyğəmbər yox idi ki, xalq hidayət və qurtuluş işığı olan ilahi elm və maarifi ondan öyrənsin.
[7] Elm, hidayət ağacını xəzan bürümüşdü və camaat səadət, nicat yoluna qədəm qoymurdu, xeyir-yaxşılıq qalmamışdı.
[8] Haqq və doğru yolu göstərənlər aradan getmiş, azğınlığın önündə gedənlər iş başına keçmişdilər.
[9] O dövrün əhalisinin həyatı pozğunluqla dolu idi. Sıxıntının çoxluğuna görə ərəblərin əksəriyyətinin xörəyi murdar ət idi və ya qarətlə, bir-birinin malını oğurlamaqla dolanırdılar ki, bu da murdar ətdən geri qalmır.
[10] Həmin dövrün insanları həmişə narahat və nigaran idilər, bir-birini öldürməklə, döyüşməklə məşğul idilər. Xülasə, fitnə-fəsad, nadanlıq, azğınlıq və çarəsizlik bütün dünyanı başına almışdı ki, Haqq-təala onları doğru yola yönəltmək, dünya və axirət səadətlərini bərqərar etmək üçün Həzrət Məhəmmədə peyğəmbərlik verdi.
[11] Siz vaxtca onlara yaxınsınız. Dünyadan köçmələri və sizdən uzaqlaşmarından az vaxt keçməsinə baxmayaraq, onların ruzigarlarını unutmağınızın, yada salmamağınızın səbəbi nədir?
[12] Buna görə də üzrxahlıq edə bilməzsiniz ki, ata-babalarımız bizdən daha yaxşı eşidən olublar, Peyğəmbərin sözünü eşidiblər və biz sənin sözlərini eşitmirik.
[13] Buna görə də deyə bilməzsiniz ki, biz kor idik və onlar Peyğəmbəri gördükləri kimi biz səni görmürdük və ya ürəklərimiz onlar ürəkli olduqlarına görə Peyğəmbərin sözlərini başa düşdükləri kimi ayıq deyildi ki, sənin sözlərini başa düşək.
[14] Sizə öyrədilənləri onlara da öyrətdilər, sizə əta etdiklərini onlara da əta etdilər. Siz onlardan üstün olmadığınız halda Allaha, Peyğəmbərə və zamanın İmamına itaət etməmənizin səbəbi nədir?
[15] Belə ki, naməlum şeylər barədə düşünmək lazım gəlir. Vacibin zatında cəhalət və nadanlığı olması qeyri-mümkündür. Deməli, heç bir şey ona qaranlıq deyil ki, onu başa düşmək üçün düşünməli olsun.
[16] Dünya və axirətdə onun əvəzini verər. Onun yolunda malımızdan keçməyimizin verilən borc kimi izah edilməsinin məqsədi borcun qaytarılmağı vacib olduğu tək budur ki, Allah yolunda maldan keçməyin də bir əvəzi olduğunu bilək.
[17] İnsan özünə öyüd verib doğru yola, qurtuluşa hazır olmasa, başqalarının sözünün ona xeyri olmayacaqdır. Bu cümlədə ona işarə olunur ki, Allahdan nəfsi islah etmək, şeytanı dəf etmək üçün kömək istəmək hər halda vacib və lazım olsa da, kimsənin itaətə və ya üsyana məcbur edilməsi demək deyil. Çünki belə olsa, iş cəbrə gedib çıxar.
[18] «Əşbah» sözü ərəbcə şəxslər deməkdir və bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır.
[19] Çünki bəxşişi kəsmək ya yoxsulluq xofuna, qorxusuna görə, ya da xəsislik və alçaqlığa görədir. Ancaq bəxşiş Allah-təalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik və bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət və məsləhət var. Deməli, bəndələrinə nəyisə əta və ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi Həzrət İmam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: «Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb və onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi.
[20] Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət və qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak və nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad və qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş və ehsan istəməsi əmr edilib ki, dua və istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş və ehsana layiq olmasına gətirib çıxarar.
[21] Deyə bilmərik ki, axırdan öncə əvvəldir və ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib.
[22] Çünki görünmək və başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində də bu mənaya toxunulmuşdur.
[23] O, ruzigarı və məkanları xəlq edəndir. Onun Özü üçün halət və məkan dəyişikliyi qeyri-mümkündür.
[24]Allaha həmd və şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv və xətasını başa salmaq, Allah-təalaya layiq mədh və şükrləri ona, toplaşanlara və orada olmayanlara öyrətmək, onları Haqq-təalanın zatı və sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.
[25] Məsələn: Qur’ani-Kərimdə, hədislərdə Allah-təalanın «səmi», «bəsir», «əlim» və «cəvad», yəni, eşidən, görən, bilən və səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Qur’anda, dua və hədislərdə Onun haqqında «lamis» və «zaiq», yəni, dadan və toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil və onlara inanmaq haramdır. Qur’ani-Kərimin Ə’raf surəsinin 180-ci ayəsində buyurulur: «وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ» «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi və etiqad olunması doğru olmayan adlar və vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar.» Həzrət Sadiq əleyhis-salam buyurur: «Cəhalət və nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər və yaxşı iş gördüyünü sanar.» Qısası, Qur’an və hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru və mənalı olsa belə, Onu Qur’an, hədis və dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan və haramdır.
[26] Onlara «elm və bilikdə qüvvətli və mətanətli olanlar» deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar və həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qur’ani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: «هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ» «Sənə Qur’an nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr və möhkəm, yəni, aydın və aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr də: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir»,-deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət və təzad tapılmaz».
[27] Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin və O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın.
[28] Sənin tək olan Allah olduğuna inanmır: Qur’ani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: «قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ» «De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!