Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq və əli altında olanların və yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peymanlarındandır .

26-cı məktub

 

İmam Əli əleyhis-salamın öz məmurlarından birini zəkat yığmağa göndərərkən, onunla (pərhizkarlıq, rəiyyətlə mehribanlıq və əli altında olanların və yoxsulların hüquqlarına riayət etmək barəsində) olan əhd-peymanlarındandır .

Öz məmuruma gizlinliklərdə (düşüncəsində) və örtülü işlərində Allahdan başqa olan və görən və Ondan başqa gözətçi və işlərin tapşırılacağı kimsə olmayan yerdə Allahdan qorxub çəkinməyi əmr edirəm.

Həmçinin əmr edirəm ki, üzdə Allahın əmrinə itaət edib gizlin və batində onun əksini etməsin (münafiq və ikiüzlü olmasın). Gizlin və aşkarı və danışıq və davranışı iki cür olmayan kəs əmanəti əda edib (Allahın göstərişini yerinə yetirib) və ibadət və bəndəliyi (riyakarlıq və özünü göstərməklə deyil) saf niyyət və düzlüklə yerinə yetirib.

Ona əmr edərək göstəriş verirəm ki, onları (rəiyyət və əli altında olanları) incitməsin və onlara yalan deməsin (yaxud onlara yalan şey nisbət verməsin. Məsələn, «dəvəniz və ya əkininizin məhsulu bundan çoxdur, amma zəkat verməkdən yayınmağınız üçün onları gizlətmisiniz» kimi sözlər deməsin onlara). Onlara göstəriş verən olduğu üçün itaətsizlik səbəbindən onlardan üz döndərməsin (özünü onlardan ehtiyacsız sanmasın). Çünki onlar dində qardaş və dindaşdırlar, haqları hazırlamaq və ortaya çıxarmaqda yardımçıdırlar.[1]

Sənin bu zəkatda sabit payın, aşkar haqqın və yoxsul və acizlərdən ibarət şərik və ortaqların var. (Necə ki,) biz sənin haqqını tam şəkildə ödəyirik, sən () onların haqlarını tam şəkildə ödə. Əgər belə etməsən (onların haqqlarını kəssən), qiyamət günü sənin hamıdan çox düşmənin olacaq. Vay o adamın halına ki, Allah yanında onun düşmənləri yoxsullar, kasıblar, dilənçilər, qovulmuş səfillər, günah olmayan işlər üçün borca girənlər, öz malından, evindən və əhli-əyalından uzaqda aciz qalmış müsafirlər (səfərdə olanlar) olsun! Əmanətə (ilahi hökmə) xor baxan, xəyanətdə otlayan (ondan çəkinməyən) və özünü və dinini ondan təmizləməyən kəs dünyada özünə rüsvayçılıq rəva bilib və axirətdə daha çox xar və rüsvay olacaq. Ən böyük xəyanət və əyrilik ümmətə xəyanət etmək və ən çirkin hiylə isə, imamlara qarşı hiylə işlətməkdir.[2] Salama layiq kimsəyə salam olsun!

 

27-ci məktub

 

İmam Əli əleyhis-salamın Məhəmməd ibn Əbu Bəkr
(Allah ondan razı olaraq mükafatlandırsın) ilə olan əhd-peymanlarındandır.[3] İmam bu əhdi Misir hökumətini ona tapşırarkən yazıb. (Bu əhdnamədə ona camaat arasında ədalət və bərabərliklə davranmağı əmr edərək pərhizkarlığı, ölümün və qiyamət əzabının çətinliklərini yada salıb və sonda ona nəfsi istəklərlə mübarizə və namaza diqqət etmək barəsində nəsihətlər verib.)

Qanadını onlar (Misir əhalisini) üçün yığ (hamı ilə təvazökar ol) və mülayim davran (elə iş gör ki, hamı sənin davranışından faydalansın). Onlarla gülərüz ol (əlin altında olanlara üzünü turşutma) və onları gözaltı baxmaqda və baxışını üzlərinə zilləməkdə bərabər tut.[4] (Belə et) ki, böyüklər sənin onların xeyrinə zülm və sitəm etməyinə (düzlükdən uzaqlaşmağına) tamahlanmasınlar (əlləri altında olanlara zülm etməsinlər) və imkansızlar sənin ədalət və düzlüyündən məyus olmasınlar. Çünki ey Allah bəndələri, Allah-təala (qiyamət günü) sizin kiçik və böyük, aşkar və gizlin işləriniz barəsində soruşacaq. Buna görə də əgər əzab versə (sizi odda yandırsa), siz (özünüzə qarşı hamıdan) çox zalımsınız (çünki ona sizin günah və itaətsizlikləriniz səbəb olub). Əgər bağışlasa, O, çox kərim və böyükdür.

Ey Allah bəndələri, bilin ki, pərhizkarlar keçici dünyanı və gələcək axirəti (onların xeyrini) qazanıblar. Beləliklə, onlar dünya əhli ilə dünyalarında (onun xeyrlərində) şərik oldular. Dünya əhli isə onların axirətlərində (onun xeyirində) şərik olmadılar. Onlar dünyada ən yaxşı mənzildə məskunlaşdılar və yeməlilərin ən yaxşısını yedilər.[5] Beləcə, dünyadan əylənənlər kimi bəhrələndilər və itaətsizlərin aldıqları ləzzəti aldılar.[6] Dünyadan sonra onları (məqsədə) çatdıran azuqə və (səadət) mənfəəti olan sövdələşmə ilə (axirətə) getdilər. Dünyada öz zahidliklərinin ləzzət və şirinliyini daddılar. Sabah, axirətdə Allahın yaxınlığında olacaqlarını yəqin etmişdilər, (Allahın rəhmətinin onlara çatacağını yəqinliklə bilirdilər. Belə) ki, istəkləri rədd edilməyəcək və rahatlıq və asayiş bəhrələri azalmayacaq. Odur ki, ey Allah bəndələri, (pərhizkarlara tabe olub fani dünyaya bel bağlamayın və) ölüm və onun yaxın olmasından qorxun və onun üçün tədarük görün. (Elə edin ki, ölüm çatanda nigarançılıq keçirməyəsiniz.) Çünki ölüm böyük təhlükəsi olan bir işlə gəlir. (Yaxşı işlər görənlər üçün) heç vaxt pisliyi olmayan xeyir və yaxşılıqlar gətirir. Yaxud (pis işlər görənlər üçün) onunla heç vaxt yaxşılıq olmayan şər və pisliklər gətirir! Belə isə, Cənnətə Cənnət işləri görəndən və Cəhənnəmə Cəhənnəm işləri görəndən kim yaxın ola bilər? Siz ölümün qovduğu, təqib etdiyi kimsələrsiniz. Əgər dayansanız, sizi tutacaq, əgər ondan qaçsanız, sizi tapacaq.[7] Ölüm sizə kölgənizdən də yaxındır (sizdən bir an belə ayrılmaz)! Ölüm sizin kəkillərinizə bağlanıb (ondan qurtula bilməyəcəksiniz) və dünya sizin arxanızca büküləcək (şəxs keçdikdən sonra bükülərək yığışdırılan xalça kimi). Belə isə, (axirət məsələsinə bu qədər etinasız olmayıb) dərinlik və istiliyi hədsiz, əzab və çətinliyi isə yeni olan oddan qorxun.[8] (Cəhənnəm) elə bir yerdir ki, orada rəhmət və mehribançılıq yoxdur, istək qəbul edilmir, qəm-qüssə qurtarmır.[9] (İndi) əgər Allahdan həm xof və qorxunuzun çox, həm də Ona güman və ümidinizin yaxşı olmasını bacarırsınızsa, qorxu ilə ümidi (bir yerə) toplayın. (Mütləq elə edin ki, həm qorxasınız, həm də ümidvar olasınız, nə qorxunuz çox olsun, nə də ümidiniz qorxunuzu üstələsin.) Çünki bəndənin Rəbbinə olan yaxşı güman və ümidi, Rəbbindən olan qorxusunun miqdarındadır və insanların Allaha nisbətdə ən nikbini Ondan ən çox qorxandır.[10]

Ey Məhəmməd ibn Əbu Bəkr, bil ki, mən səni qoşunlarımın ən böyüyü olan Misir əhlinə vali təyin etmişəm. Buna görə də dünyadan sənin bir saatın qalmış olsa belə, öz nəfsinlə müxalifət edərək dinini müdafiə etməlisən. Allahı, yaratdıqlarından birini (nahaq) şad etməklə qəzəbləndirmə. Çünki Allahdan başqasında olan şeylərin əvəzi, Onun yanında var, (amma) Allah yanında olan şeylərin əvəzi, Ondan başqasında yoxdur. (Əgər Allah razı olsa, başqasından nə qorxu və əgər O razı olmasa, başqasına nə ümid?)

Namazı onun üçün müəyyənləşdirilmiş vaxtda yerinə yetir və bekarçılıqdan onu vaxtından əvvəl qılma. Həmçinin işin olduğu üçün onun vaxtını keçirmə və bil ki, əməllərinin hər bir şeyi namaza bağlıdır. (Əgər namazını yaxşı qılsan, başqa işləri də yaxşı yerinə yetirəcəksən. Onu zay etsən isə ondan qalan işləri daha xarab və pis edəcəksən)

 

Bu da həmin əhdin (Məhəmməd ibn Əbu Bəkri və Misir əhalisini münafiq və ikiüzlülərdən çəkindirmək
barəsindəki) bir hissəsidir

(Gərək sizin dil və qəlbiniz bir olsun və ikiüzlü olmayasınız, azğınların ardınca düşməyəsiniz.) Çünki qurtuluş (yolunun) başçısı (İmam əleyhis-salam) ilə həlakət (yolunun) başçısı (Müaviyə), Peyğəmbərin dostu ilə düşməni bir deyil.[11] Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) mənə buyurub ki: «Mən ümmətim üçün mömin və müşrikdən qorxmuram. Çünki Allah mömini imanına xatir (başqalarını yoldan azdırmaqdan) saxlayır. (Deməli, ondan müsəlmanlara ziyan dəyməz.) Allah müşriki də şirkinə görə zəlil və xar edir. (Müsəlmanlar da şirkinə görə onun sözlərinə qulaq asmaz və dalınca düşməzlər.) Amma mən sizin üçün qəlbən ikiüzlü və dildə alim olan kimsədən (ikiüzlülüyü qəlbində gizlədərək dilinə şəriət hökmlərini gətirənlərdən) qorxuram. O sizin bəyəndiyiniz şeyləri deyir, nalayiq hesab etdiyiniz işləri isə yerinə yetirir.[12]

 


28-ci məktub

 

İmam Əli əleyhis-salamın Müaviyənin məktubuna cavab olaraq yazdığı məktublardandır.[13]

Tək olan Allaha həmd və Həzrət Mustafaya salamdan sonra: məktubun gəlib mənə çatdı. Onda Allahın Məhəmmədi (səlləllahu əleyhi və alih) Öz dini üçün seçməsini və o Həzrəti qüdrət verdiyi səhabələrin yardımı ilə gücləndirməsini xatırladırsan. Deməli, zəmanə bizdən sənin barəndə təəccüblü şey gizlədibmiş ki, sən bizi Allahın bizim yanımızda olan xeyir-bərəkətindən və Peyğəmbərimizə görə bizə verdiyi naz-nemətdən xəbərdar etməyə başlamısan. Sən bu işində «Həcər»ə xurma vuran və yaxud öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxsə bənzəyirsən.[14] İslamda insanların ən yaxşısının filankəslə filankəsin (Əbu Bəkr ilə Ömərin) olmasını güman edir, sonra elə şeyi (onları) xatırladırsan (tərifləyirsən) ki, əgər (dediklərin) düz olsa, ondan sənə bir pay çatmır, səhv olsa isə sənə bir ziyanı və xəcaləti yoxdur. Sənin (kimin) üstün və (kimin ondan) aşağı, (kimin) başçı və (kimin isə) əlaltı olması ilə nə işin var? Azad edilmişlər (Əbu Süfyan) və oğlanlarının (Müaviyənin) ilkin çağlarda Məkkədən Mədinəyə hicrət edənlər arasında ayrı seçkilik salmaq, onların mərtəbələrini müəyyənləşdirmək və təbəqələrini tanıtdırmaqla nə işi? (Sən ki, «azad edilənlər»dənsən və hələ də din və imanın həqiqətini dərk etməmisən, fəzilətli ilə üstünün və məqamı aşağı olanla əlaltının kim olmasını necə bilə bilərsən?) (Bu sözləri danışmaq ləyaqəti səndən) nə qədər də uzaqdır! Yarış oxlarından olmayan ox səs çıxartdı və xilafətə layiq kimsəyə tabe olmaqdan başqa bir şey rəva olmayan kimsə, xilafət və imamət barəsində hökm verməyə başladı.[15] Ey insan, axsaq olmağına baxmayaraq, dayanmırsan? Əlinin qısa olduğunu görmürsən? Arxaya, qəzavü-qədərin sənin olmağını istədiyi yerə dönmürsən?! (Nə üçün ayağını yorğanından çölə çıxarır, xəcalət çəkib xəcalətlə başını aşağı salmırsan?) Məğlub olanın məğlubiyyətinin ziyanı və qalibin qələbəsinin xeyri sənə qalmayıb. Sən azğınlıq çölündə vurnuxursan və ayağını düz yoldan kənara qoymusan. Səni xəbərdar etmək (və özümü öymək) üçün deyil, Allahın (mənə əta etdiyi) nemətlərinə görə deyirəm: görmürsənmi (bilmirsənmi) Mühacir və Ənsarın bir hissəsi Allah yolunda öldürüldü və onların hamısı şərafət və fəzilət sahibi idi. Nəhayət, bizim şəhidimiz (Həmzə ibn Əbdülmüttəlib Ühüd müharibəsində) öldürüldü və (onun barəsində) belə deyildi (Həzrət Peyğəmbər buyurdu): «سيّد الشهداء» «O, Allah yolunda şəhid olanların ağası və böyüyüdür». Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) onun namazını qılarkən yetmiş dəfə «Allahu əkbər» deməklə (bu fəziləti ancaq ona) məxsus etdi.[16] Görmürsənmi (xəbərdar deyilsənmi) ki, Allah yolunda (Həzrət Peyğəmbərin səhabələrindən) bir dəstənin qolları (bədənlərindən) ayrıldı və onların hamısı fəzilət və şərafətə malik idi. Onların başına gələn iş bizlərdən də birinin (fər ibn Əbu Talibin) başına gəldi. (Mutə müharibəsində qolları bədənlərindən ayrıldı və onun barəsində belə) deyildi (Peyğəmbər onu belə adlandırdı): «الطَّيّارُ فِي الْجَنَّةِ وَ ذُو الْجَناحَينِ» «O, iki qanad sahibidir və Cənnətdə uçur». Əgər Allah insanın özünü tərifləməsini qadağan etməsəydi, danışan (İmam əleyhis-salam) saysız fəzilət və üstünlüklər sayardı ki, möminlərin qəlbləri onlarla tanış olar, eşidənlərin qulaqları inkar etməzdi. Buna görə də «ovun yoldan qaytardığı bir kimsəni özündən uzaqlaşdır».[17] Biz Rəbbimizin tərbiyə etdiyi kimsələrik və sonrakı insanlar bizim tərbiyə etdiklərimizdir.[18] Qədim şərəf və uzaq keçmişli böyüklük, bizə sənin qohumlarını özümüzə qarışdırmağa mane olmadı. Bir-birinə tay-tuş adamlar kimi (sizdən) qız aldıq, (sizə) qız verdik, halbuki siz həmin səviyyədə deyildiniz. Sizdə belə bir ləyaqət haradan ola bilər, halbuki Peyğəmbər bizdən, (Allahın Peyğəmbərisəlləllahu əleyhi və alihilə hamıdan çox düşmənçilik edən və Bədr müharibəsində kafir kimi öldürülmüş) təkzib edən (Əbu Cəhl) sizdəndir! Əsədullah («أسَدُ الله» «Allahın şiri») bizdən (məqsəd o Həzrətin özü, ya da əziz əmisi - şəhidlərin ağası Həmzədir) Əsədul-əhlafأسَدُ الاَحْلاف» «andlar şiri») isə sizdəndir.[19] Cənnət cavanlarının iki başçı və ağası bizdən (Həzrət Peyğəmbərsəlləllahu əleyhi və alihbuyurub: «هُما سَيِّدا شَبابِ أَهْلِ الْجَنَّةِ» «Həsənlə Hüseyn Cənnət cavanlarının başçılarıdırlar»), od əhli olan uşaqlar isə sizdəndirlər.[20] Bütün aləmlərin qadınlarının ən yaxşısı (Fatimə salamullahi əleyha) bizdən, odun daşıyan qadın isə sizdəndir.[21] (Qısası bunlar) bizim xeyrimizə olan çoxsaylı yaxşılıqlar və sizin ziyanınıza olan çoxsaylı pisliklər içərisində (işarə etdiyim azacıq bir hissə idi).

Müsəlmanlığımız deyilənlərdir (bizim İslamda hamıdan qabağa düşməyimiz və onda olan xidmətlərimiz hamıya məlumdur) (İslamdan qabaqkı) cahiliyyət dövründəki (şərəf və üstünlüyümüz) də inkar edilmir. Allahın kitabı (Qurani-Kərim) barəmizdə pərakəndə və dağınıq olanları bizim üçün bir yerə topladı. (Bizim xilafət və imamətə layiq olmağımıza şahiddir.) Bu, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın kəlamıdır (Qurani-Kərimin Ənfal surəsinin 75-ci ayəsində): «وَأُوْلُواْ الْاَرْحَامِ بَعْضُهُمْ أَوْلَى بِبَعْضٍ فِي كِتَابِ اللّهِ» «Qohumlar Allahın kitabında (Onun hökm və fərmanında) bir-birinə daha yaxındırlar». (Peyğəmbərin qohumlarının mən və mənim övladlarım olmasında heç bir şəkk-şübhə olmadığı üçün qohumluq ancaq ona məxsus olan şəxs o Həzrətin yerində dayanmağa daha layiqdir.) (Həmçinin) Allah-təalanın (Qurani-Kərimin Ali-İmran surəsinin 68-ci ayəsindəki) bu kəlamı: «إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ» «Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Məhəmmd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudurDeməli, biz bir dəfə (Həzrət Peyğəmbərlə) qohumluq və yaxınlığımıza görə (imamət və xilafətə başqalarından) daha layiqik, bir dəfə isə (o Həzrətə) tabe olaraq ardınca getdiyimizə görə.[22] Mühacirlər (66-cı kəlamın şərhində toxunularaq izah edilən) Səqifə günündə Ənsara Peyğəmbərləsəlləllahu əleyhi və alihqohum olmalarını (xəlifəlik üçün) dəlil və sübut kimi gətirdilər və onlara qalib gəldilər. Buna görə də əgər qələbə çalmaq (xilafəti ələ almaq) Allahın Peyğəmbərisəlləllahu əleyhi və alihilə qohumluğa görə gerçəkləşirsə (imamət bu yolla sübut olunursa), haqq (xilafət haqqı) bizə məxsusdur, sizə yox! (Çünki biz o Həzrətə daha yaxınıq.) Amma əgər qələbə, qohumluqdan ayrı bir şeylə gerçəkləşirsə (qohumluq dəlil və sübut deyilsə), onda Ənsar öz iddiasında qalmaqdadır.[23]

Belə güman edirsən ki, mən xəlifələrin hamısına (Əbu Bəkrə, Ömərə, Osmana) həsəd aparmış və onlara zülm etmişəm. Əgər sənin bu gümanın düz olsa, sənə qarşı cinayət törədilməyib ki, səndən üzr istənilsin?! (Çünki onun sənə heç bir dəxli yoxdur, şair Əbi Zuvəyb demişkən: «وَ عَيَّرَ الْواشُونَ إِنِّي أُحِبُّها» Ağzıgöyçəklər məşuqəmi, mən onu sevdiyimə görə qınayır, məzəmmət edirlər.) «وَ تِلْكَ شَكاةٌ ظاهِرٌ عَنْكَ عارُها» «Bu, ar və xəcaləti səndən uzaq olan günahdır (ey məşuqə)

Deyibsən ki: məni (xəlifələrə beyət etmək üçün) burnuna çubuq soxulub çəkilən dəvə kimi çəkib apardılar ki, beyət edim. Allaha and olsun ki, məni pisləmək istəməyinə baxmayaraq, tərifləmisən; məni rüsvay etmək istəmisən, amma özün rüsvay olmusan.[24] Müsəlmanın dinində şəkk və yəqin, inamında isə tərəddüd olmasa, onun zülm və sitəmə məruz qalması ona nöqsan və eyb deyil. (Xilafətimin sübutu üçün işarə etdiyim) bu dəlillərin bəyan edilməsindən məqsədim səndən başqalarıdır (icmanın gerçəkləşməsini iddia edən xəlifələrdir). Mən həmin dəlil və sübutların ancaq yeri gələn qədərini bəyan etdim (ki, sən öz azğınlığını başa düşəsən).

Sonra mənimlə Osman arasında baş verənləri xatırladırsan (məni ona kömək etmədiyim üçün zalım adlandırırsan). (Amma) onunla (yaxın) qohum olduğun üçün bu barədə sən cavab verməlisən.[25] Buna görə də (de görüm,) mənimlə səndən hansı birimiz onunla daha çox düşmənçilik etdik və onun öldürülməsində bələdçi olduq? Ona kömək etmək istəyən, onun isə qoymayaraq özünü saxlamasını xahiş etdiyi kəs, yoxsa onun kömək istəməsinə baxmayaraq, köməyini əsirgəyən və ölümü (öldürülmək amillərini) ona tərəf istiqamətləndirən ki, nəhayət, qəzavü-qədəri (Allahın onun barəsindəki təqdiri) ona üz tutdu (və o öldürüldü)?![26]  Allaha and olsun ki, belə deyil! (Sən münafiq və ikiüzlüsən. Çünki sən ona zülm etdin, indi isə özünü ürəyiyanan kimi göstərirsən. Allah Qurani-Kərimin Əhzab surəsinin 18-ci ayəsində sənin kimilər barəsində belə buyurur: «قَدْ يَعْلَمُ اللَّهُ الْمُعَوِّقِينَ مِنكُمْ وَالْقَائِلِينَ لِإِخْوَانِهِمْ هَلُمَّ إِلَيْنَا وَلَا يَأْتُونَ الْبَأْسَ إِلَّا قَلِيلًا») «Allah içərinizdən (müsəlmanların müharibəyə getmələrinə) mane olanları (münafiq və ikiüzlüləri) və qardaşlarına  «bizə tərəf gəlindeyənləri tanıyır. Onlar ancaq az bir zaman (o da nifaq və özlərini göstərmək üçün) müharibəyə gəlirlər».

(Mən bu sözlərimlə) Osmana ondan baş verən bidətlər üçün nöqsan tutmağımdan üzr diləmək istəmirəm. Əgər mənim ona yol göstərməyim (sənin gümanına görə) günahdırsa, onsuz da: «رُبَّ مَلُومٍ لا ذَنْبَ لَهُ» «günahsız yerə məzəmmət olunan çoxdur».[27] «وَ قَدْ يَسْتَفِيدُ الظِّنَّةَ المُتَنَصِّحُ» «bəzən çox öyüd verən kəs (öyüd nəsihətinin müqabilində) töhmət və pis gümanlar qazanır». (Bu misra öyüd-nəsihət verməyə çalışan, axırda isə pis məqsədlər güdməkdə günahlandırılan şəxs barəsində məsəldir. Qurani-Kərim Hud surəsinin 88-ci ayəsində Həzrət Şüeybin öz qövmünə dediyi sözləri belə bəyan edir: «إِنْ أُرِيدُ إِلاَّ الْإِصْلاَحَ مَا اسْتَطَعْتُ وَمَا تَوْفِيقِي إِلاَّ بِاللّهِ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ») «Mən yalnız bacardığım qədər sizi islah etmək istəyirəm. Mənim (işləri islah etməkdəki) müvəffəqiyyətim yalnız Allahın köməyilədir. Mən yalnız Ona təvəkkül etdim və məhz Onun hüzuruna dönəcəyəm

(Məni müharibə ilə qorxudur və) deyirsən ki, sənin yanında mən və mənim səhabə və havadarlarım üçün qılıncdan başqa bir şey yoxdur! Ağladandan sonra güldürdün (bizi)! (Bu sözləri səndən eşidən kəs sənin İslam dinini ələ almağına ağlayandan sonra gülər. Sənin bu çərən-pərən sözlərin məni təəccübləndirərək güldürdü. Axı) sən Əbdülmüttəlib övladlarının düşmənlərdən çəkinərək üz çevirdiklərini və qılıncdan qorxduqlarını harada görmüsən? «لَبِّثْ قَلِيلاً يَلْحَقُ الْهَيْجا حَمَلْ» «Bir az ayaq saxla ki, Həməl (ibn Bədrbu, Quşəyr ibn Kəb ibn Rəbiə qəbiləsindən olan bir şəxsin adıdır) gəlib çatsın» («لا بأْسَ بِالْمَوْتِ إِذا الْموْتُ نَزَلَ» «Ölüm insana üz tutanda ondan heç bir qorxu yoxdur»).[28] Tezliklə, axtardığın (və barəsində çərənçilik, boşboğazlıq etdiyin) şəxs səni axtarar və uzaq sandığın şey sənə yaxınlaşar. Mən Mühacirlər, Ənsar və gözəl şəkildə onlara davamçı olan çox böyük qoşunla sənə tərəf tələsirəm. Onların sayı çox, toz-dumanları isə dağınıqdır. Ölüm köynəyi geyiniblər. Onlar üçün ən yaxşı görüş özlərinin Rəbbi ilə görüşdür. Bədr müharibəsi iştirakçılarının övladları və Bəni-Haşimin qılıncları da onlarladır. Sən özün qardaşın (Hənzələ ibn Əbu Süfyan), dayın (Vəlid ibn Ütbə) baban (Ütbə ibn Rəbiəo, Müaviyənin anası Hindin atasıdır və adı çəkilənlərin hər üçü Bədr müharibəsində öldürülüblər) və qohumlarına qarşı işlədilmiş həmin qılıncların itiliyini yaxşı bilirsən. (Qurani-Kərimin Hud surəsinin 83-cü ayəsində Lutun qövmü barəsində belə buyurulur: «وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ») «O əzab sənin ümmətin içərisində olan zalimlərdən də uzaq deyildir(Gərək zalımlar bu cür əzab və çətinliklərə düçar olsunlar.)



[1] Onlar torpağı suvarıb əkir, heyvanları saxlayır onlara baxırlar ki, bu mallar toplanır. Biz onlardan zəkat alırıq. Buna görə onlar incidilməməlidirlər.

[2] Səfil yoxsulların haqqına əl uzadan kəs həm ümmətə xəyanət edib, həm öz imam rəhbərinə qarşı hiylə işlədib.

[3] Çox dəyərli yüksək məqamlı bu şəxs İmam əleyhis-salamın yaxın səhabələrindən olub. «Həccətul-vida» ilində, yəni, hicrətin 10-cu ilində dünyaya gəlib hicrətin 38-ci ilində Əmirəl-möminin əleyhis-salamın xilafəti zamanında Misirdə qətlə yetirilib. Onun başına gələnlərin bir hissəsi altmış yeddinci kəlamın şərhində yazılıb.

[4] Bərabərliyə riayət edərək böyüklə kiçik arasında fərq qoyma, varlılar böyükləri əl altında olanlardan yoxsullardan üstün tutmayıb hamı ilə bərabər davran.

[5] Çünki dünyapərəstlər kimi məskunlaşmaq üçün əziyyət çəkmədilər yemək üçün çətinliyə düşmədilr. Buna görə məskunlaşdıqları yer ən yaxşı yer, yedikləri şey isə ən yaxşı yemək oldu.

[6] Halal yol ilə mal nemət əldə edib Allah Peyğəmbərin göstərişinə uyğun sərf edərək axirətlərini abadlaşdırdılar dünyanın ləzzət xoşluqlarını tamamilə əldə etdilər.

[7] Necə ki, Qurani-Kərimin Nisa surəsinin 78-ci ayəsində buyurulur: «أَيْنَمَا تَكُونُواْ يُدْرِككُّمُ الْمَوْتُ وَلَوْ كُنتُمْ فِي بُرُوجٍ مُّشَيَّدَةٍ» «Harada olursunuz olun, hətta uca möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq

[8] Necə ki, Qurani-Kərimin Nisa surəsinin 56- ayəsində buyurur: «إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا » «Ayələrimizi (Peyğəmbər Qurani-Kərimi) inkar edənləri tezliklə elə bir oda atacağıq ki, onların dəriləri yanıb bişdikcə, əzabı həmişə dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik. Əlbəttə, Allah (onlara əzab verməyə) qadir biləndir

[9] Necə ki, Qurani-Kərimin Zuxruf surəsinin 74-77-ci ayələrində buyurur: «إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ وَمَا ظَلَمْنَاهُمْ وَلَكِن كَانُوا هُمُ الظَّالِمِينَ وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ قَالَ إِنَّكُم مَّاكِثُونَ» «Günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar. Onların bu əzabı yüngülləşdirilməyəcək həmin əzab çətinlik içində (Allahın rəhmətindən) naümiddirlər. Biz (əzabla) onlara zülm etmədik, amma onlar özləri özlərinə zülm etdilər (ki, Allahın Peyğəmbərin dünyada axirət xoşbəxtliyinə səbəb olan göstərişlərinin əksinə hərəkət etdilər). Onlar Cəhənnəmin gözətçisini çağırıb deyəcəklər ki, Rəbbindən bizim barəmizdə hökm etməsini istə (bizi öldürsün ki, bu əzabdan qurtulaq). O deyəcək ki, siz (burada) qalacaqsınız ( öləcəksiniz, ondan qurtula biləcəksiniz)».

[10] Bəndənin Allah barəsindəki gümanı qədər yaxşı olsa, qorxusu da o qədər artar Onun razılığı olmayan işi görməz ki, məbada ondan inciyə. İbn Əbil-Hədid burada dördüncü imam Əli ibn Hüseyn əleyhis-salamdan nəql edir: «Əgər Allah-təala Kitab göndərib onda bir nəfərə əzab verəcəyini yazsa, mən həmin şəxsin özüm olacağımı güman edərəm. Yaxud onda bir nəfəri bağışlayacağını yazsa, ümidvaram ki, o mən olum. Əgər məni hökmən əzaba düçar etməli olsa belə, yenə öz səyimi artıraram ki, məbada özümə gələndə nəfsim məni məzəmmət etsin

[11] Buna görə aldanaraq bu iki başçıya bir gözlə baxıb azğınlıq yolunun başçısı kimi ikiüzlülüyü öz adətiniz etməyin. İmam əleyhis-salam Müaviyə onun kimilərini başçı adlandırıb, necə ki, Allah-təala da onun kimiləri azğınlıq zəlalət başçıları adlandırıb. Qurani-Kərimin Qəsəs surəsinin 41-ci ayəsində buyurulur: «وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَدْعُونَ إِلَى النَّارِ وَيَوْمَ الْقِيَامَةِ لَا يُنصَرُونَ» «Biz onları Cəhənnəm oduna çağıran azğınlıq rəhbərləri etdik. Qiyamət günü onlara (Allahın əzabından qurtulmaq üçün) heç bir kömək edilməyəcəkdirİbn Əbil-Hədid burada belə yazır: «İmamın Müaviyəni Həzrət Peyğəmbərin (səlləllahu əleyhi alih) düşməni hesab etməsindən məqsəd onun  Qureyşlə müharibə günlərindəki düşməniçiliyi deyil, bəlkə məqsəd Müaviyənin indi Peyğmbərin (səlləllahu əleyhi alih) düşməni olmasıdır. Buna dəlil Peyğəmbərin (səlləllahu əleyhi alih) İmam Əliyə buyurduğu «وَ عَدُوُّكَ عَدُوِّى وَ عَدُوِّى عَدُوُّ اللهِ» «Sənin düşmənin mənim düşmənimdir mənim düşmənim Allahın düşmənidir» kəlamıdır.

[12] Bəli, münafiq ikiüzlüdən qorxmaq onun şərinin dəf edilməsini Allahdan istəmək lazımdır. İmam əleyhis-salamın 185-ci xütbədə onların  əlamət davranış üslublarını şərh etmişdir.

[13] Burada Müaviyənin nadürüst iddialarını puç sözlərini xatırladıb öz davamçılarının diqqətini dəlil sübut gətirmə məqamında çox əhəmiyyətli həqiqətlərə yönəltmişdir. Buna görə Seyyid Rəzi əleyhir-rəhmə buyurmuşdur ki, «bu, ən gözəl məktublardandır». Hərçənd ki, o Həzrətin hər bir məktubu hər bir sözü öz yerində gözəlliyin son dərəcəsindədir.

[14] Mərhum İbn Meysəm burada belə buyurur: «Həcər» Bəhreyndə bir şəhər adıdır. Orada xurma bağları çox, xurma isə boldur. «كَناقِلِ التَمْرِ إِلَي هَجَرَ» «Həcərə xurma vuran kimisən» məsəlinin əsli belə olub: Həcərdən olan bir kişi Bəsrə şəhərinə mal aparır ki, onu satıb əvəzində aldığı şeydən xeyir götürsün. O, Bəsrədə xurmadan kasad bir şey tapmır. Buna görə xurma alır Həcər şəhərinə vurur. Xurmaları öz evində saxlayaraq, onun qiymətinin qalxmasını gözləyir. Amma qiymət günü-gündən aşağı düşür sonda xurmaların hamısı xarab olub əldən gedir. İndi bu məsəl bir şeyi mədəninə vətəninə, bol olduğu yerə aparan şəxs barəsində çəkilir. «كَداعِى مُسَدِّدِهِ إِلَى النِّضالِ » «öz müəllimini ox atmaq müsabiqəsinə çağıran şəxs kimisən» məsəli isə, birini özündən daha yaxşı bildiyi şey barəsində xəbərdar etmək istəyən şəxs barəsindədir.

[15] «لَقَدْ حَنَّ قِدْحٌ لَيْسَ مِنْها» «Yarış qumar oxlarından olmayan ox səs çıxartdı» məsəli belə olub ki, ərəblər qumar oxlarını bir örtüyün altına qoyur onların səs çıxarmaları üçün bir-birinə qatışdırardılar. Bəzən səsdən, onların arasında ayrı yad bir ox olmasını bilirdilər.

[16] Çünki namaz qurtardıqdan sonra mələklərin digər bir dəstəsi gəlirdi Peyğəmbər bir daha onlarla birlikdə ona namaz qılırdı. Bu, ancaq Həzrət Həmzənin (Allah ondan razı olsın) xüsusiyyətlərindəndir.

[17] «فَدَعْ عَنْكَ مَنْ مالَتْ بِهِ الرَّمِيَّةُ» «Ovun yoldan qaytardığı kimsəni uzaqlaşdırmaq» məsəli düz yoldan çıxıb əyri yol ilə gedən şəxs barəsindədir. Məqsəd budur ki, Əmr ibn As kimi dünya ovu tamahı ilə haqq yoldan çıxanlara tabe olma onların sözlərinə qulaq asma.

[18] Allah bizi seçib xalqa bizə tabe olmağı bizi sevməyi əmr edib. Bizə bizimlə Onun arasında heç bir vasitənin olmaması xalqla Allah arasında bizim vasitə olmağımız kimi böyük nemət əta edib.

[19] Məqsəd Bəni-Əbd Mənaf, Bəni-Zöhrə, Bəni-Əsəd, Tim Bəni-Haris ibn Fəhrə ilə bənin başçılığının Bəni-Əbduddarın əlində olan hissəsini geri almaq üçün Bəni-Quseyy müharibəsi aparmağa and içmiş Əsəd ibn Əbdülüzzadır ki, onlar döyüş  başlamamış əhdlərini pozaraq dağılışıblar. Bəziləri deyiblər ki, «əsədul-əhlaf» Müaviyənin ana babası Ütbə ibn Rəbiədir. Bəziləri deyiblər ki, «əsədul-əhlaf» Xəndək müharibəsində müxtəlif dəstələri bir yerə toplayaraq onları Peyğəmbəri (səlləllahu əleyhi alih) öldürməyə and vermiş Əbu Süfyandır.

[20] Məqsəd Üqbə ibn Əbu Müitin uşaqlarıdır ki, Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) onun «مَنْ لِلصَّبِيَّةِ» «uşaqlar üçün kim qalacaqsualının cavabında «həm sən həm onlar üçün atəş var» buyurub. Yaxud da məqsəd Mərvan ibn Həkəmin uşaqlarıdır ki, küfrləri nəticəsində Cəhənnəm əhli oldular.

[21] Əbu Süfyanın bacısı Ummu Cəmil  Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi alih) düşmənçilik ədavətinin çoxluğundan axşam çiyinlərində tikan kol daşıyaraq o Həzrətin keçdiyi yola tökürdü. Allah-təala Qurani-Kərimin Əbu Ləhəb surəsinin 3-4- ayələrində Ummu Cəmil onun əri Əbu Ləhəb barəsində belə buyurur: «سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ » «O tezliklə alovlu atəşə girəcəkdir. Onun odun daşıyan övrəti həmçinin

[22] İmam əleyhis-salam «أُوْلُواْ الْاَرْحَامِ» «qohumluq» barəsindəki ayə ilə ona görə kifayətlənmədi ki, çox yaxın qohumların yad bir-birindən ayrı dinlərdə olmaları da mümkündür. Qurani-Kərimin, Hud surəsinin 46- ayəsində Həzrət Nuhun oğlu barəsində buyurduğu kimi: «إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ» «O sənin ailəndən deyildir. Çünki o, nalayiq bir əməl (sahibi)dir». Zahiri mənəvi yaxınlıq, yəni, qohumluqla itaət tabeçilik bir yerdə olanda isə canişinliyə ləyaqət məsələsində heç bir şəkk-şübhə qalmır. Məlumdur ki, İmam əleyhis-salam onun əhli-beyti qohumluq itaətkarlıqlarına görə xilafət imamət məqamına layiqdirlər heç kəsin bu məsələdə onlardan qabağa düşmək haqqı yoxdur.

[23] Mühacirlərin Ənsara gətirdikləri dəlillər kəsərli qaneedici olmayıb icma gerçəkləşməyib, halbuki Mühacirlərin dəlil sübutları qaneedici olub yerinə düşüb, amma itaət tabeçilik şərti ilə! Onda həmin dəlil İmam əleyhis-salamın ləyaqətliliyini sübut edir.

[24] Çünki bu sözlərinlə mənə edilmiş zülmləri üzə çıxarmısan. Mənim zülm, sitəm, ikrah məcburiyyətlə beyət etməyimi iqrar etdiyin üçün bilməlisən ki, zülm sitəmlə gerçəkləşən icma düz olmayıb haqq onu inkar edənlədir. Beləliklə, xəlifələri məzəmmət, özünü isə rüsvay etmisən.

[25] Müaviyə ilə Osmanın ikinci babaları Üməyyə ibn Əbdüşşəmsdir. Belə ki, Müaviyə ibn Əbu Süfyan ibn Hərb ibn Üməyyə, Osman isə ibn Əffan ibn Əbilas ibn Üməyyədir.

[26] Deyirlər ki, o Həzrət, Osmanla xalq arasında barışıq yaradaraq fitnə qalmaqalı yatırtmaq istəyirdi. Osman Müaviyənin köməyinə arxalandığı üçün bu işə razı olmadı o Həzrətin bu məsələdən kənara çəkilməsini istədi. Osman Müaviyənin yanına adam göndərərək onun tez köməyə gəlməsini istədi. Müaviyə isə çox ləngidi Şamdan çıxandan sonra çox yavaş hərəkət edirdi ki, nəhayət, Osmanın öldürülməsindən xəbər tutdu Şama qayıdaraq müstəqillikdən hökumətdən dəm vurdu. Buna görə İmam əleyhis-salam onun Osman barəsindəki həqiqətə zidd «ürəkyananlığı» haqqında buradakıları buyurmuşdur.

[27]Bu şerin birinci misrası belədir: «وَكَمْ سُقْتُ فِى اثارِكُمْ مِنْ نَصِيحَةٍ» «mən sizə qədər çox öyüd-nəsihət verdim».

[28] Deyirlər ki, cahiliyyət dövründə Həməlin dəvələrini qarət edirlər, o gedib onları qaytarır bu şeri oxuyur. Sonra bu şer müharibə ilə hədələmək zamanında məsələ çevrilir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment