Azəri
Monday 20th of May 2024
0
نفر 0

Həqiqətən, mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər:

97. Həqiqətən, mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir.
98. Heç bir çarəsi olmayan və (hicrət etməyə) heç cür yol tapa bilməyən zəif salınmış kişi, qadın və uşaqlar (hakim qüdrətin və ya elm öyrənməyə mane olan mühitin zəif hala saldığı bu kəslər) müstəsnadırlar.
99. Buna görə də ümid var ki, Allah onları əfv etsin. Allah həmişə çox əfv edən və bağışlayandır.
100. Kim Allah yolunda (cihad etmək, yaxud dini elm öyrənmək və ya lazım olan dünya malı üçün) hicrət etsə, (öz din işlərini təmin edə bilməsi üçün) yer üzündə ürəyi istəyən qədər çoxlu və geniş sığınacaq tapacaqdır. Kim öz evindən Allaha və Onun peyğəmbərinə tərəf hicrət etmək niyyəti ilə çıxsa, sonra ölüm onu haqlasa, həqiqətən, onun mükafatı Allahın öhdəsinədir. Allah həmişə çox bağışlayan və mehribandır.
101. Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.
102. (Təhlükə zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qaldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)lə birgə qılsınlar. Əlbəttə gərək ehtiyatlı olsunlar və silahlarını götürsünlər. Çünki kafirlər istəyirlər ki, siz öz silahlarınızı və mallarınızı yaddan çıxarasınız, beləliklə də onlar qəfildən sizə hücum etsinlər. Əgər yağışdan əziyyət çəksəniz, yaxud xəstə olsanız silahlarınızı yerə qayaraq ehtiyat halında olmağınız sizin üçün günah deyildir. Həqiqətən, Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
103. (Xof) namazı(nı) tamamladıqdan sonra (bütün hallarda) duran, oturan və böyrü üstə uzanan halda Allahı yada salın və (düşmənin şərindən) amanda olduğunuz zaman namaz(ı adi qaydada) qılın. Şübhəsiz, namaz möminlərə həmişə vacib olan bir qərardır.
104. (Kafirlərdən olan) o dəstəni axtarmaqda və təqib etməkdə süstlük göstərməyin. Əgər siz ağrı və əziyyət çəkirsinizsə, onlar da sizin kimi ağrı və əziyyət çəkirlər, (halbuki,) siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah həmişə (hər şeyi) bilən və hikmətlidir.
105. Həqiqətən, Biz bu kitabı sənə haqq olaraq (uca və ağılın təsdiq etdiyi bir məqsədlə) nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi əsasda hökm çıxarasan. Xainlərin müdafiəçisi olma.
106. Allahdan bağışlanmaq dilə ki, həqiqətən, Allah həmişə çox bağışlayan və mehribandır.
107. Özlərinə xəyanət edən (və öz qəbilələrinin etdiyi oğurluğu bir yəhudinin boynuna atan) kəsləri müdafiə etmə ki, Allah xəyanətkar və günahkar şəxsi sevmir (müsəlmanlardan biri digərinin zirehini oğurlayıb onu bir yəhudinin boynuna atmışdı. İş məhkəməlik oldu və oğrunun qəbiləsi Peyğəmbərdən (s) müsəlmanın abrını qorumaq üçün onun lehinə hökm etməsini istədi. Səkkizə yaxın ayə bu hadisə ilə bağlıdır).
108. Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə (s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət baxımından) əhatə etmişdir.
109. (Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!
110. Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər.
111. Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa belə) öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir.
112. Kim (səhvən və ya bilərəkdən, yaxud fərdi və ya ictimai) bir günah etsə, sonra onu günahsız bir şəxsə nisbət versə, şübhəsiz, boynuna (başqalarına töhmət vurmaqda) böhtan və aşkar bir günah götürmüşdür.
113. Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən, onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür.
114. Onların gizli söhbətləri və (bir-birlərinin qulaqlarına) pıçıldadıqlarının çoxunda – sədəqəyə, ya xeyir bir işə və yaxud insanların arasını düzəltməyə əmr edən kəslər(in gizli söhbətləri) istisna olmaqla – bir xeyir yoxdur. Kim Allahın razılığını qazanmaq üçün belə etsə, tezliklə ona böyük bir mükafat verəcəyik.
115. Kim hidayət yolu ona aydın olduqdan sonra Bizim göndərdiyimiz peyğəmbərlə müxalifət və düşmənçilik etsə və möminlərin yolundan başqa bir yola tabe olsa, onu elə üz tutduğu tərəfə yönəldər, Cəhənnəmə daxil edər və onun hərarətini ona daddırarıq. Ora pis bir dönüş yeridir.
116. Şübhəsiz, Allah Ona şərik qoşulmasını (bu günahı, tövbəsiz) bağışlamaz və ondan başqasını (ondan başqa və ya aşağı günahları) istədiyi şəxs üçün (bəzi şərtlərlə, hətta tövbəsiz belə,) bağışlayar. Allaha şərik qoşan kəs, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür.
117. Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən bütləri) çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər.
118. Allah ona lənət etdi və onu Öz rəhmətindən uzaqlaşdırdı. O dedi: «And olsun ki, mən Sənin bəndələrindən (özüm üçün) müəyyən bir pay götürəcəyəm». (Dünyada bütün kafir və fasiqlər, axirətdə isə müqəssir kafirlər və şəfaətin şamil olmadığı fasiqlər onundur.)
119. «Və şübhəsiz, onları azdıracaq və (uzun-uzadı) arzulara düçar edəcəyəm; onlara əmr edəcəyəm ki, dördayaqlıların qulaqlarını (xurafat və bidət üzündən) deşsinlər (Maidə surəsi, 103-cü ayə); Allahın (ruh və cismdəki) xilqətini dəyişdirmələrini (fitri dini küfrə, yaxşı sifətləri rəzilətlərə, ibadətləri itaətsizliyə və təbii cismi başqa bir şəklə salmalarını) əmr edəcəyəm. Kim Allahın yerinə Şeytanı özünə başçı və yardımçı götürsə, doğrudan da aşkar bir ziyana düşmüşdür.
120. Şeytan onlara vədə verir və arzulara daldırır. Şeytan onlara aldadıcı vəddən başqa bir şey vermir.
121. Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.
122. İman gətirib yaxşı işlər görənləri tezliklə (ev və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edəcəyik (və onlar) orada əbədi qalacaqlar. (Bu,) Allahın verdiyi haqq bir vəddir. Allahdan daha doğru danışan kimdir?!
123. (Axirətdə mükafat və cəzanın verilməsi) nə (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır və nə də (ki, özlərini Allahın dostu və övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir iş görsə, cəzalandırılacaqdır və özü üçün Allahdan başqa bir dost və kömək edən tapmayacaqdır.
124. Kişi və ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar və onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq və haqlarından kəsilməyəcəkdir.
125. Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
126. (Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm baxımından) hər şeyi əhatə etmişdir.
127. Səndən qadınlar (onlarla evlənmək və onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylər – qərara alınmış haqlarını vermədiyiniz və evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə də (mallarını yediyiniz) zəif və aciz uşaqlar barəsində (hökm verir). Və (Allah sizə) yetimlərlə ədalətli və insafla davranmağınızı (tövsiyə edir)». Şübhəsiz, Allah gördüyünüz hər bir xeyir işi bilir.
128. Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.
129. Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah həmişə bağışlayan və mehribandır.
130. Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm və rəhmət) və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Din və nikah
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri
Hazrat Fatima (S.A) is the Master of All of the Worlds’ Women
Rüşvət
ABNA Qadınlar Bayramı münasibətilə təbrik edir (Xanım Zəhra haqqda qısa ...
Öz evində ...
Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, ...
On ikinci İmamın (əc) məqamı ilə tanışlıq
Ümrənin növləri

 
user comment