167-ci xütbə
İmam Əli əleyhis-salamın xilafətində bey’ət edildikdən sonra buyurduğu kəlamlarındandır. (Təlhə ilə Zübeyr bey’ətlərini pozaraq Bəsrəyə getdilər, orada fitnə və çaxnaşma yaradaraq müsəlmanların mallarını qarət etdilər və yaxşı insanları öldürdülər.) Səhabələrdən bir dəstəsi o Həzrətə dedi: Kaş ki, Osmana qarşı (onu öldürməyə) toplaşanları cəzalandıraydın (və bey’ətlərini pozan kimsələrin heç bir bəhanələri qalmayaydı). İmam əleyhis-salam buyurdu:
Qardaşlar (dindaşlar)! Mən sizin bildiyinizdən xəbərsiz deyiləm (bəlkə həm keçmişi, həm gələcəyi, həm də indini bilirəm). Lakin mənim (Osmanı öldürənlərdən intiqam almağa) necə gücüm çatar, halbuki (onu öldürmək üçün) toplaşmış (və bu çaxnaşmanı da yaradan) dəstə öz güclülüyünün son həddində qalmaqdadır və biz onlara deyil, onlar bizə ağalıq edirlər?![1] Bilin! Osmanı öldürənlər sizin qullarınızın kömək olduğu və çöldə yaşayanlarınızın birləşdiyi bir dəstədir (bu işi hamı əlbir olaraq görüb). Onlar sizin aranızdadırlar (hələ Mədinədən xaric olmayıblar və əgər məqsədinizi başa düşsələr), sizə istədikləri əziyyəti verərlər (və heç kəsin onların qarşısını almaq qüdrəti yoxdur). İstədiyiniz şeyə gücünüz var? (Bu barədə fikirləşib onlarla vuruşmaq üçün bir kömək nəzərdə tutmusunuz? Sizin istədiyiniz) bu iş nadanlığa əsaslanan bir işdir və onların (çoxlu) kömək və yardımçıları var (ki, ehtiyacları olan zaman onlardan kömək istəyirlər). Camaat bu intiqam söhbəti ortaya gələndə bir neçə dəstə olur. Bir dəstə sizin gördüklərinizi görür (nəzərləri budur ki, gərək intiqam alınsın). Bir dəstə sizin görmədiyinizi görür (deyir ki, gərək onun qatillərinə kömək edilsin). (Digər) bir dəstə (isə) nə bunu, nə də onu görür (bu işdə susub dayanıb və heç bir nəzəri yoxdur). Buna görə də (Osmanın qatillərindən intiqam almaq, əhəmiyyəti onun öldürülməsindən də çox olan bir böyük fitnə-fəsadın yaranmasına səbəb olacaq. Odur ki,) xalqın rahatlıq tapması, qəlblərin öz yerində qərar tutması və haqların münasib yerdə asanlıqla alınması üçün səbrli olun. Mənim yanımda sakit və rahat olun (tələsməyin və bu cür öyüd-nəsihət verməyin), sizə necə əmr verəcəyimə baxın (göstərişlərimə tabe olun). Güc və qüvvəni məhv edərək aradan aparan və süstlük və xarlıqla nəticələnən bir iş görməyin. Tezliklə, nə qədər ki, yumşaqlıqla mümkündür bu işi yumşaqlıq və mülayimliklə düzəldəcəyəm. Başqa bir çarə və çıxış yolu tapmadığım zaman (mülayimlik bir fayda verməyəndə) isə, «son dərman dağlamaqdır».[2]
168-ci xütbə
İmam Əli əleyhis-salamın Cəməl əhli (dəvəyə minmiş Aişənin tərəfdarları) Bəsrəyə gedən zaman buyurduğu xütbələrindəndir.
Allah (bəşəriyyət üçün) doğru yol bələdçisi olan Peyğəmbəri natiq (xeyir və şər yolu açıqlayan) Kitab (Qur’ani-Kərim) və bərqərar (qiyamətə kimi qalacaq və əyriliyin yol tapa bilmədiyi) iş (din və qanun) ilə göndərdi. Onunla müxalif olan kəsdən başqa heç kəs məhv olmaz. Həqiqətən (Həzrət Peyğəmbərin sünnəsi kimi göstərilən) naməlum və qaranlıq bid’ətlər Allahın onlardan qoruduğu (onlara əməl etməməyə nail etdiyi və nəticədə salamat qalan) kəs istisna olmaqla (insanlar üçün) məhvedicidir. Allahın höccətinə (İmam əleyhis-salama) tabe olmaq sizin (din və dünya) işlərinizin qorunmasıdır. Buna görə də məzəmmət və məcbur edilmiş olmadan ona tabe olun.[3] And olsun Allaha, (ya) gərək (mənə) tabe olasınız, ya da Allah haqq xilafəti sizdən başqasına keçirsin. Beləliklə, o, sizdən başqasına (Bəni-Üməyyə və Bəni-Abbasa) qayıdana kimi, heç vaxt onu sizə qaytarmaz.
Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək (onların birlik və vəhdət kəndirləri qırılacaq). Həqiqətən onlar Allahın onu əta etdiyi şəxsə paxıllıq etdikləri və həsəd apardıqları üçün bu dünyanı (xilafət və əmirliyi) istəyirlər. Buna görə də hökmləri (İslamın hökmlərini) başıaşağı çevirmək (Allahın mənə məxsus etdiyi xilafəti məndən almaq) istəyiblər. (Əgər bizə tabe olsanız) sizin bizim boynumuzda olan haqqınız Allahın Kitabına və Onun Peyğəmbərinin (səlləllahu əleyhi və alih) davranış üsuluna əməl etmək, Onun haqqını əda etmək (göstərişlərini yerinə yetirmək) və Onun hökmlərini ucaltmaqdır (yaymaqdır ki, bunların nəticəsində nicat tapasınız).
169-cu xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. O Həzrət Bəsrənin yaxınlığına çatanda, həmin diyarın əhalisinin bir dəstəsi onun yanına bir ərəb göndərdilər ki, onlar üçün o Həzrətlə Aişənin ətrafındakıların vəziyyətləri barəsindəki həqiqətləri öyrənərək aydınlaşdırsın (ki, onların bu müharibəni etmək haqları var, ya yox?) və beləliklə, əhalinin şəkk-şübhə və tərəddüdləri aradan qalxsın. Əmirəl-möminin əleyhis-salam da özünün onlarla olan rəftarını bəyan etdi. Bununla da həmin şəxs o Həzrətin haqq olmasını (və Cəməl əhlinin batil və nahaq olmalarını) başa düşdü. (Dəlil-sübutdan) sonra (İmam əleyhis-salam) ona buyurdu: Bey’ət et. Həmin şəxs dedi: Mən bir dəstənin elçisiyəm və onların yanına qayıdana (və məsləhətləşənə) kimi özbaşına bir iş görmərəm. İmam əleyhis-salam buyurdu:
Bax (de görüm), əgər tərəfindən mənim yanıma gəldiyin kəslər, səni onlar üçün yağış yağmış (ot və suyu olan) bir yer tapmaq üçün qabağa göndərsələr və sən onların yanına qayıdıb ot və su (tapdığın yer) barəsində xəbər versən, amma onlar sənə tabe olmayıb otsuz-susuz yerdə oturaq salsalar, nə edərsən? Həmin şəxs dedi: Mən onları buraxıb müxalifət edərək otu və suyu olan yerə gedərəm. İmam əleyhis-salam buyurdu: Onda (mənimlə bey’ət etmək üçün) əlini uzat.[4] Həmin şəxs dedi: And olsun Allaha ki, mənə hərtərəfli dəlil gətirildiyi üçün bey’ətdən üz döndərə bilmədim və beləliklə, İmam əleyhis-salamla bey’ət etdim. (Bəli, öyüd-nəsihət və haqq söz hidayət və nicat tapmağa layiq olan kəsə mütləq öz təsirini göstərir. Seyyid Rəzi deyir: Hədis və tarix kitablarında Bəni-Cərm ibn Zəban ibn Hülvan qəbiləsinə mənsub) həmin şəxs Kuləyb Cərmi adı ilə tanınır.
170-ci xütbə
İmam Əli əleyhis-salamın Siffeyndə Şam əhli ilə qarşılaşmaq (müharibə etmək) qərarına gəldiyi zaman buyurduğu kəlamlarındandır.
(Bəndə hər halda-aşkar və gizlin, pis və yaxşı, çətin və rahat halların hamısında Allah-təalaya üz tutaraq dua etməlidir. Çünki istər mövcud, istərsə də ehtimal edilən zərərin dəf edilməsi həm ağıl, həm də təcrübə baxımından vacibdir. Dua zərər-ziyanı dəf edən, uzaqlaşdıran bir amildir. Bütün bunlara görə İmam əleyhis-salam halların ən çətini olan müharibə, qan axıdılması və düşmənlə qarşılaşmaq zamanında tək olan Allaha belə üz tutur:)
Allahım! Ey uca göyün və həmçinin gecə ilə gündüzün dolanma, günəşlə ayın seyr etmə və fırlanan ulduzların gəl-get yeri etdiyin və sakinlərini Sənə ibadət və bəndəlikdə yorulmayan bir dəstə mələk etdiyin saxlanılan səmanın Rəbbi! Ey insanların qərar tutma məkanı və həşərat, dördayaqlılar, göz ilə görünənlər və (çox kiçik olduğundan) göz ilə görünməyən saysız-hesabsız varlıqların get-gəl yeri etdiyin bu yerin Rəbbi! Ey yerin (hərəkət və tərpənməkdən qorunması üçün onun) mismarları və (mənbə, bitki və digər faydalarından istifadə etmələri üçün) yaranmışların söykənəcəyi etdiyin möhkəm dağların Rəbbi! (Ey qadir Allah, Səndən istəyirəm ki:) Əgər bizi düşmənlərimizə qalib etsən, zülmkarlığı bizdən uzaq et və bizi haqq və düzlükdə möhkəmləndir! Əgər düşmənlərimizi bizə hakim etsən, şəhidliyi bizim ruzimiz edərək bizi fitnə-fəsaddan qoru! (Sonra öz səhabələrini düşmənlərlə döyüşə həvəsləndirərək buyurur:)
Haradadır kişiyə lazım olan şeyi qorumaq üçün düşmənin qarşısını alan? Haradadır çətinliklər zamanı bağlı olduğu şeyə riayət edən qeyrətli? (Əgər döyüşdən üz çevirsəniz) ar arxanızdadır (qaçmağınızı eşidən hər bir kəs sizi məzəmmət edəcək) və (əgər Allah yolunda din düşmənləri ilə cihad etsəniz) Cənnət qarşınızdadır (yeriniz əbədi Cənnətdir)!
[1] Çünki həmin işdə Mədinə əhalisinin çoxu, eləcə də Misir, Kufə və digər şəhərlərin sakinlərinin əksəriyyəti və çöldə yaşayan tayfalar iştirak etmişdilər. Deyirlər ki, İmam əleyhis-salam bir gün camaatı bir yerə topladı və onlara xütbə oxuyaraq dedi: Osmanı öldürənlər ayağa qalxsınlar. Çox az hissədən başqa hamı ayağa qalxdı. O Həzrət bu işi öyüd verənlərin cavabını əməli şəkildə vermək üçün etmişdi.
[2] Bey’əti pozanlarla vuruşacağam. «اخِرُ الدَّواءِ الْكَىُّ» «Son dərman dağlamaqdır» cümləsi məşhur bir məsəldir və onu son tədbirə əl atılan yerdə işlədirlər.
[3] Daxili istək olmadan deyil, niyyət və qəlb saflığı və səmimiyyətlə onun göstərişlərinə əməl edin. Çünki belə olmayan şəxsi münafiq və riyakar sayır və məzəmmət edirlər.
[4] Çünki əgər səninlə insanın cisim və bədəninin həyatı ona bağlı olan ot və su tapmaqda müxalifət edəndə, sən onlara tabe olmayacaqsansa, bəs onda ruhun qidası olan elm və mərifət nurunu tapdıqdan sonra səninlə müxalifət etsələr necə, müxalifət edəcəksən?