İKİNCİ FƏSİL
Kamil arif Əllamə Qazi
Həyatı
Ayətullah Behcətin mə`nəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və tə`siri olmuşdur. Ustadın tələbəsinə etdiyi bu qəribə tə`sir mə`rifət əhlinə xasdır. Şiə aləminin fəxri, ibrətamiz həyat tərzi və Behcətin ustadı olan Ustad Qazinin şərhi-halını burada qeyd etməyi özümüzə borc bildik.
Əllamə Seyyid Mirzə Əli Qazi 1864-cü il zilhəccə ayının 13-ü Təbriz şəhərində elm və mə`rifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. O, Mirzə Rəhim Təbatəbai ibn Mirzə Əhmədin oğlu, Mirzə Hüseynin oğludur ki, soy kökü həzrət Əliyə (ə) çatırdı. Atası Mirzə Hüseyn Qazi elm və mə`rifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi “həmd və ən`am” surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: “İndiki gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır.” Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: “Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə “müraqibə” halındadır. O, 1893-cü il fani dünya ilə vidalaşmışdır.
Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir. Bu ustadlar sırasında Mirzə Musa Təbrizi (Haşiyətul-vəsail kitabının müəllifi) və Seyyid Məhəmməd Əli Qaraçədağinin (“Haşiyeyi şərhe lüm`ə” kitabının müəllifi) adını qeyd etmək olar.
Əllamə Qazi 1892-ci ildə Nəcəf-Əşrəfə yollanır. Orada Molla Məhəmməd Şərəbyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzə Hüseyn kimi fazil alimlərdən dərs alır.
Maarif və Allaha doğru gedən yolda Axund Molla Hüseynqulu Həmədaninin şagirdi seyyid Əhməd Kərbəlayinin dərslərindən bəhrələnmiş və özü də bu yolda bir çoxlarını sirab etmişdir.
Onun əsərlərindən “Təfsiri-Qur`an” kitabını qeyd etmək olar. Bu kitabda Qur`anın əvvəlindən “Ən`am” surəsinin 92-ci ayəsinə qədər təfsir etmişdir. Onun digər əsərlərindən biri də iyirmi bir yaşında Şeyx Müfidin “İrşad” kitabına yazdığı düzəlişdir.
Onun həyatının parlaq nümunələrindən maddiyyatdan uzaq və tövhidə çatmış tələbələr yetişdirməsini misal çəkmək olar. Belə imanlı tələbələr tərbiyə etmək çox az adama qismət olur. Ötən yarım əsrdə İraq və İranın mühüm məntəqələri şiə aləminin fəxri–Əllamə Qazinin yetişdirdiyi tələbələrin mə`nəvi hakimiyyəti altında idi. Misal olaraq Əllamə Təbatəbai və kamil arif Ayətullah Behcətin Qum elmi hövzəsindəki yüksək tə`sirini qeyd etmək olar. Tehranda Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və son zamanlar Ayətullah Şeyx Abbas Hatif Quçani, fars vilayətində Ayətullah Dəstğeyb və Ayətullah Nəcabət Şirazi, Azərbaycanda (İran) Ayətullah Şeyx Əli Əkbər Mərəndi, Təbrizdə Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai, İraq və Məşhəddə də bu ilahi alimin mə`nəvi-əxlaqi dəsrlərindən bəhrələnmiş bir çox şagirdlərini misal çəkmək olar. Hal-hazırda onun əxlaqi yolunun davamçıları kamal aşiqlərini Əhli-beyt və Qur`an maarifinin zülal çeşməsindən sirab edərək, Allaha doğru gedən yola hidayət edirlər.
Ustad Qazinin tərbiyəvi göstərişləri barədə Ayətullah Hüseyni Tehrani belə deyir:
Qazi şagirdlərindən hər birinə onların iste`dadlarına uyğun, şər`i əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi-əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun “Səhlə” və “Kufə” məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bə`zən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyyə edərdi.
Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1935-ci il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O öz hicrəti ilə mə`nəviyat oduyla yanan ürəklərdə matəm qurdu.
Qazinin elmi-tərbiyəvi metodu
Rəhmətlik Qazi dövrünün adlı-sanlı müctəhidlərindən olmasına baxmayaraq, öz evində tədris etməyi daha üstün tutardı. O fiqh bölməsindən dərs deyər və camaat namazını da tələbələri ilə öz evində qılardı. Ustad Qazi namazı çox yavaş qıldığı üçün, onun namazları həmişə uzun çəkərdi. Günəş qürub edən kimi “şam” namazını qılar və sonra isə namazın tə`qibatını oxumağa başlayardı.
Mübarək ramazan ayında tələbələr onun camaat namazından feyz almaq üçün Qazinin mənzilinə gedərdilər. Bə`zi tələbələr günəş batan vaxtı göyün üzündəki qızartı tam itməmiş namaz qılmadıqları üçün, Qazidən bir az da səbir etməsini xahiş edəndə, o da gözləyərdi. Rəhmətlik Qazi günəş tam batan kimi iftar edərdi.
Ramazan ayının yalnız birinci və ikinci ongünlüyündə gecələr tə`lim və tədris edərdi. Amma ramazanın sonuncu ongünlüyündə dərsləri tə`til edər və ayın sonuna qədər heç kim Ağa Qazini görməzdi. Bu müddət ərzində tələbələr onu görmək üçün Kufə və Səhlə məscidlərinə və Kərbəlaya gedər, amma ondan xəbər tuta bilməzdilər. Bu onun ömrünün sonuna qədər icra etdiyi proqramlardan biri idi.
Rəhmətlik Qazi ərəb dilini çox gözəl bilirdi. Onun öz dediyinə görə qırx min ərəb sözünü hifz etmişdi. Ərəbcə şe`r oxuyanda, hətta ərəblər belə onun qeyri-ərəb (İranlı) olduğunu ayırd edə bilməzdilər.
Bir gün Şeyx Abdullah Mamaqani sözarası Qaziyə deyir: Mən ərəb dili və ədəbiyyatını kamil bildiyim üçün əgər bir şəxs ərəb dilində şe`r desə, onun ərəb və ya qeyri-ərəb olduğunu dərhal deyə bilərəm. Hətta əgər o şe`r gözəl fəsahət və bəlağətlə deyilmiş olsa da.
Qazi ərəb şairlərin birindən bir qəsidə oxumağa başlayır. Qəsidənin ortalarında barəsində qabaqcadan fikirləşmədiyi şe`rlərindən bir neçəsini də əlavə edir. Sonra Şeyx Mamaqaniyə buyurur: “Bunlardan hansını qeyri-ərəb yazmışdır.” Şeyx ayırd edə bilmir.
Ayətullah Qazi Qur`anı təfsir və mə`na etməkdə çox yüksək iste`dada malik idi. Rəhmətlik Əllamə Təbatəbai buyurmuşdur: “Qur`anda ayəni ayə ilə təfsir etmək metodunu Qazi bizə öyrətmişdir. Biz onun kəşf etdiyi bu yolun davamçılarıyıq. Həmçinin “Fiqhul-hədis” deyilən on dörd mə`sumdan nəql olunmuş hədislərin mə`nasını dərk etmək metodunu da ondan öyrənmişdik.”
Rəhmətlik Qazi nəfsin və əxlaqın paklaşdırılmasında, ilahi maarif sahəsində, seyri-süluk məqamında qeybi mükaşifələr və eyni müşahidələr xüsusunda əsrinin yeganəsi olmuşdur. İlahi sirlərlə dolub-daşan və əzəmətli bir dağa bənzəyən Qazi tələbələrinin mə`nəvi-əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirərdi. Gündüzlər tələbələri üçün öz evində xüsusi məclis təşkil edər və onları moizə və nəsihət etməyə çalışardı. Onun verdiyi tərbiyəvi dərslər nəticəsində böyük şəxsiyyətlərin bir çoxu haqq yolunda addımlayaraq yüksək kamal və məqam sahibi olmuşlar.
Müvəhhidlər ağası
Əxlaq ustadlarından biri nəql edirdi ki, Əllamə Təbatəbai deyirdi: “Rəhmətlik Qazi Allah təqdirinə razı və tövhiddə qərq olmuş bir şəxs idi. O, otuz altı nəfərlik bir ailəyə başçılıq etməsinə baxmayaraq, özünü elə göstərirdi ki, sanki heç qəm-qüssəsi yoxdur. Bə`zən, Qazinin mənzilinə gedəndə onun ucadan güldüyünü görərdik. Biz onun bu hərəkətindən problemlərinin daha da çoxaldığını başa düşərdik. Çünki o nə qədər çətinlikdə olsa, bir o qədər də şad olurdu.
Seyyid Əhməd Kərbəlayinin göz yaşları
Şeyx Məhəmməd Hüseyni Xorasani Seyyid Əli Qazidən belə nəql edir:
“Bir dəfə gecəni oyaq qalmaq üçün “Səhlə” məscidinə getmişdim. Gecə yarısı bir nəfər məscidə daxil olub, İbrahim məqamı deyilən yerdə ibadətlə məşğul olmağa başladı. Sübh namazını qılandan sonra səcdəyə gedərək, gün çıxana qədər başını səcdədən qaldırmadı. O, səcdədə yanıqlı-yanıqlı ağlayıb, Allah-təala ilə münacat edirdi.
Mənə çox maraqlı idi ki, bu şəxsin kim olduğunu bilim. Yaxınlaşanda, onun Seyyid Əhməd Kərbəlayi olduğunu gördüm; o qədər göz yaşı axıtmışdı ki, səcdəyə getdiyi yer palçıq olmuşdu. Səhər açılan kimi qalxıb hücrəsinə getdi. Amma Seyyid Əhməd Kərbəlayi dərs deyərkən onun gülüş səsi hətta məsciddən çölə də yayılırdı.”
Zahidlik nümunəsi
Ustad Qazi şagirdlərindən hər birinə iste`dadına uyğun, əhkami əməllərin batini ədəb-ərkanına riayət etməklə şər`i qanunlar çərçivəsində xüsusi əxlaqi tapşırıqlar verərdi. Bununla da onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazırlayırdı. Şagirdlərinə tapşırmışdı ki, namaz qıldığınız, Qur`an oxuduğunuz və zikr etdiyiniz vaxt, gözəl sima və ya qeyb aləminə aid olan bə`zi şeylər müşahidə etsəniz, onlara diqqət etmədən öz ibadətinizlə məşğul olun!
Rəhmətlik Qazi əməl baxımından canlı nümunə idi. Nəcəf camaatı, xüsusilə də elm əhli ondan qəribə əhvalatlar nəql edirlər. Böyük bir ailə ilə ağır maddi durumda yaşamasına baxmayaraq təvəkkül, təslim və tövhid məqamına elə qərq olmuşdu ki, bu çətinliklər onu az da olsun haqq yolundan ayıra bilmirdi. Nəcəf müctəhidlərindən biri deyir: “Bir gün meyvə-tərəvəz dükanına getmişdim. Qazi də dükanda idi. O, əyilib kahı götürürdü. Amma başqalarının tam əksinə olaraq yarpaqları cod və solmuş kahıları seçirdi. Qazi yığdığı kahıları tərəzidə çəkmək üçün dükançıya verdi. Sonra bu kahıları əbasının altına tutub evə yollandı. O vaxtlar mən cavan bir tələbə, Qazi isə yaşlı qoca idi. Onun dalınca gedib dedim: Ustad, mənim sizə bir sualım var. Niyə siz hamının etdiyi işin tam əksinə olaraq xarab və solmuş kahıları aldınız? Dedi: “Ey cavan! Bu satıcı çox kasıb adamdır. Mən bə`zi vaxtlar ona kömək edirəm. Amma iki səbəbə görə istəmirəm ona etdiyim bu kömək əvəzsiz olsun. Birincisi budur ki, onun izzət və şərəfinin aradan getməsini istəmirəm. İkincisi isə, Allah eləməmiş, zəhmətsiz qazanca adət edib öz alış-veriş işini boş tutmasın. Bizim üçün təzə kahı ilə solmuş kahının heç bir fərqi yoxdur. Mən bilirəm ki, bunları alan olmayacaq və satıcı günorta vaxtı dükanı bağlayanda bunları çölə tökəcək. Onun zərər çəkməməsi üçün mən onları aldım. ”
Əllamə Qazinin xüsusi məclisləri
Şeyx Məhəmməd Hüseyn Xorasani öz ustadı Əllamə Qazi haqqında belə deyir: “Ustad Qazi adətən gecələr əxlaq məclisi qurar və çıraq yandırmazdı. Nəcəf alimlərindən “batin əhli” olan bə`ziləri də məclislərində iştirak edərdilər. Adətən, əxlaqı necə islah etmək, mə`rifət və həmçinin irfan haqqında da söhbət edərdi. Amma əksər vaxtlarda insanın zati mə`rifəti və özünütanıma bəhslərindən söz açar və məclisə qəribə bir şəxs daxil olsaydı, dərhal sözünü dəyişib İmam Hüseynin (ə) ziyarətindən bəhs edərdi. Onun dediyinə görə insanların iste`dadları müxtəlifdir. Hər sözü hər adama demək düz deyil.
Əllamə Qazinin Ayətullah Xoyi Həzrətlərinə əməli tapşırığı
“Nəcəfdə dini təhsillə məşğul olduğum illərdə müstəhəb əməllərə, həmçinin, vird və zikrlərə çox fikir verirdim. Hərdən Seyyid Əli Qazinin mə`nəvi feyzlə zəngin olan məclislərində iştirak edir və o böyük şəxsiyyətin qüdsi nəfəsindən bəhrələnirdim. Bir gün ona dedim: “Mümkünsə, mənə də bir şey öyrədin, əməli bir tapşırıq verin. Qazi mənə əməli bir tapşırıq verib dedi: “Qırx gün bu tapşırığa əməl edərsən.” Mən Qazinin verdiyi tapşırığa qırx gün əməl etdim. Qırxıncı gün mükaşifə halında gələcəkdə mənim üçün nə baş verəcəyini gördüm. Özümü, evdə minbərdə tədris etdiyimi və camaatın dəstə-dəstə mənim yanıma gəldiyini müşahidə etdim. Bütün bunlar sanki bir lent yazısı kimi gözümün önündən ötüb keçirdi. Birdən, Əli (ə)-ın hərəminin minbərindən “İnna lillah və inna iləyhi raciun” nidası səsləndi. Ey camaat! Ayətullah Xoyi vəfat etdi. Bu səsi eşidəndən sonra mükaşifə halından ayrıldım.
Gecə namazı haqqında tövsiyə
Əllamə Təbatəbai buyururdu ki, təhsil üçün Nəcəf-Əşrəfə getmişdim. Qohumluq əlaqəmiz olduğuna görə bə`zi vaxtlar rəhmətlik Qazinin hüzuruna gedərdim. Bir gün mədrəsənin darvazası önündə dayanmışdım. Qazi oradan keçib gedərkən məni görüb yaxınlaşdı və əlini çiynimə qoyub dedi: “Övladım, əgər bu dünyanı istəyirsən, gecə namazı qıl və əgər axirəti istəyirsən, yenə də gecə namazı qıl.”
Onun bu sözü mənə çox böyük tə`sir etdi. Mən İrana qayıtmazdan əvvəlki beş il ərzində gecə-gündüz Qazinin qiymətli göstərişlərindən bəhrələnirdim. İrana qayıdandan sonra da vəfatına qədər onunla əlaqə saxlayırdım. O, məktublaşma yolu ilə mənə xüsusi tapşırıqlar verirdi. Bizim aramızda ustad-şagird əlaqəsi var idi. “Biz ələ gətirdiyimiz bütün nailiyyətlərə görə Ustad Qaziyə borcluyuq.
Namazı ilk vaxtda qılmağın tə`siri
Rəhmətlik Əllamə və Behcət Ayətullah Qazidən nəql edirlər ki, buyurarmış: “Əgər bir şəxs vacib namazlarını həmişə ilk vaxtında qılsa və ali məqamlara çatmasa, məni lə`nətləsin və gəlib üzümə tüpürsün.”
İbrət dərsi
Böyük ustadlardan biri xatirə dəftərində rəhmətlik Qazinin barəsində belə bir əhvalatı qeyd etmişdir:
“Qazinin çox kasıb və pulsuz günlərindən biri idi. Bir nəfərin də ona borcu var idi. Qazi, dava gücünə də olsa gedib həmin şəxsdən pulunu almaq qərarına gəlir. Elə bu fikirlə mənzilindən çıxanda yolda iki nəfərin bir-biri ilə dalaşdığını görür. Onlardan biri digərinə belə deyirdi: Dava etmək lazım deyil. Onsuz da mən sənin pulunu qaytaracağam.
O, bu səhnəni görəndə öz işi yadına düşür və geri qayıdır.
Qazinin öz dediyinə görə həmin vaxtdan sonra maddi durumu yaxşılaşır və gözləmədiyi bir yerdən əlinə pul gəlir.”
Məhbubla müzakirə
Mö`təbər şəxslərdən biri nəql edirdi ki, ustadlardan biri belə deyirmiş:
“Rəhmətlik Qazi ömrünün son günlərini Məşhəddə ailəsinin yanında qalırdı və ağır xəstə olduğundan evdən çölə çıxa bilmirdi. Bu vaxtlarda Əllamə Təbatəbai ara-sıra ona baş çəkməyə gedər və Qazi üçün bir kitab oxuyardı. Bə`zən onların bu görüşü çox uzun çəkərdi. Bir dəfə rəhmətlik Qazinin xanımı Əllamə Təbatəbaiyə deyir: “Mümkünsə bizə tez-tez gəlin və Qazinin yanında çox qalın. Çünki siz burada olanda, sanki onun ağrıları sakitləşir və özünü daha gümrah hiss edir.”
Bəli, insan Allahla ünsiyyət yaradıb “qürb” əhli olduğu zaman, istər-istəməz, qəlbində ilahi şövq artır, dərdi-qəmi və hətta ağır xəstəliklərin belə ağrısını unudur.
Seyyid Qazinin kəramətləri
Nəcəf dostlarımdan Nəcəf elmi hövzəsinin tanınmış ustadlarından birinin dilindən nəql edirlər ki, deyirdi:
Mən ariflər ustadı Mirzə Əli Qazi Təbatəbai, onun dilindən nəql edilən mətləblər və onun haqqında tez-tez qulağıma çatan qəribə əhvalatlar barəsində şəkdə idim. Öz-özümə həmişə deyirdim görən bütün bu danışılanlar doğrudur, yoxsa yalan? Deyilənə görə tərbiyə etdiyi şagirdləri, belə hal sahibi olurlar, elə kamala çatırlar–düzdür, yoxsa təxəyyül? Uzun müddət bu fikirlər zehnimdə dolaşırdı və tərəddüddən yaxa qurtara bilmirdim. Kimsənin mənim bu fikrimdən xəbəri yox idi. Bir gün ibadət və Kufə məscidinin ziyarət buyuruqlarını yerinə yetirmək üçün həmin məscidə yollandım. (Əvvəldə qeyd etdiyimiz kimi, rəhmətlik Qazi Kufə məscidində çox olurdu. İbadət üçün orada xüsusi hücrəsi də var idi. Kufə və Səhlə məscidlərinə çox rəğbət göstərir və əksər gecələri sübhə qədər həmin yerlərdə ibadət edirdi.)
Məscidin həyətində dolaşarkən Qazi ilə rastlaşdım. Salamlaşıb bir-birimizlə hal-əhval tutduq və söhbət edə-edə gəlib məscidin arxa hissəsinə çatdıq. Məscidin arxa hissəsi çöllü-biyabana tərəf yaxın olduğundan, get-gəl də az olurdu. Məscidin hündür divarının dibində qiblə tərəfə doğru hər ikimiz yerə oturduq ki, bir az dincəlib yenidən məscidə gedək. Aramızda söhbət qızışdı. Rəhmətlik Qazi ilahi ayələrin sirlərindən mənə hikmətli mə`nalar deyirdi. Tövhidin əzəmətli və cəlallı məqamından, bu yola qədəm qoymaqdan, bu yolun insan yaradılışının yeganə hədəfi olmasından maraqlı söhbət edir, dediklərinə tutarlı dəlillər gətirirdi.
Mən yenə də tərəddüd içində fikirləşirdim ki, mən nə bilim bu deyilənlər doğrudur, ya yox? Deyilənlərə şübhə edirəm. Ola bilər doğru olsun, amma mənim xəbərim olmasın. Əgər ömrüm bu minvalla keçsə, vay mənim halıma, əgər deyilənlər doğru olsa və bizə bir şey çatmasa, vay halıma! Başqa bir tərəfdən, eşitdiklərimin nə dərəcədə doğru olduğunu bilmədiyim üçün şəkdə qalmışdım. Bilmirdim dalınca gedim, yoxsa getməyim.
Bu fikirdə idim ki, qarşıdakı təpənin deşiyindən böyük bir ilan çıxıb divarın paralel istiqamətində bizə doğru sürünməyə başladı. (Bu yerdə çoxlu ilan olur və əksər hallarda camaat onları görürdü. Amma indiyə qədər kimsəni çaldığını eşitməmişdik.) İlan bizim qarşımıza çatanda məni ixtiyarsız vahimə götürdü. Rəhmətlik Qazi ilana işarə edib dedi: “Mot biiznillah! Allahın izni ilə öl! Həmin dəqiqə ilan yerində quruyub qaldı.
Qazi heç nə olmayıbmış kimi söhbətini davam etdirməyə başladı. Bir az da söhbət edəndən sonra qalxıb məscidə getdik. Qazi məscidin ortasında iki rəkət namaz qılandan sonra öz hücrəsinə getdi. Mən də məscidin bir-iki ziyarət əməllərini yerinə yetirəndən sonra Nəcəfə qayıtmaq qərarına gəldim. Ziyarət etdiyim an birdən yadıma düşdü ki, bayaq məscidin arxasında baş verən əhvalat, Qazinin gördüyü o iş həqiqət idi, yoxsa gözbağlayıcılıq? Dedim, bəlkə kişi məni sehirləyib və mənə elə görsənib? Bu fikirlər məni əldən saldı, daha necə ziyarət oxuduğumu bilmədim. Dedim, yaxşısı budur gedim görüm ilan həqiqətən ölüb, yoxsa dirilib qaçıb? Ziyarəti başa çatdırıb tələsik çölə çıxdım. Bayaqkı oturduğumuz yerə gedib gördüm ki, ilan quru ağac kimi yerə sərilib. Ayağımla tərpətdim, gördüm hərəkətsizdir. Ağlım başımdan çıxdı. Məscidə qayıtdım ki, bir-iki rəkət də namaz qılıb Nəcəfə dönüm. Amma bacarmadım və fikir-xəyal məni götürdü ki, əgər bu işlər haqdırsa, bəs bizim niyə xəbərimiz yoxdur?
Rəhmətlik Qazi öz hücrəsində ibadətlə məşğul idi. O, öz hücrəsindən çıxanda, mən də məsciddən çölə çıxdım. Məscidin həyətində yenə də onunla rastlaşanda, gülümsünüb mənə dedi:
Ay canım, imtahan da etdin, daha nə istəyirsən?!
Vadiyüs-səlamdan anladım!
Mirzə Əli Qazinin əksər şagirdləri nəql edirlər ki, Qazi Nəcəfin vadiyüs-səlam qəbiristanlığına ziyarət üçün çox gedərdi. Ziyarəti üç-dörd saata qədər çəkərdi. Hərdən şagirdləri də onunla gedirdilər və Qazi bir kənarda səssiz-səmirsiz sükut içində əyləşərdi. Bu haldan şagirdlərin çoxusu yorular və geri qayıdardılar. İşin nə yerdə olduğunu bilməyən şagirdlər Qazinin bu əhvalatına e`tiraz edib öz qəlblərində deyərdilər: Axı, ustad üç-dörd saat vaxtı niyə burada oturur? Görən yorulmur?
Tehranda olduqca təqvalı, alicənab bir alim var idi. Həqiqətdə düzünü demək istəsək, bu şəxs olduqca yaxşı adam idi. Bu şəxs Qazinin birinci silsilə irfan və əxlaq yönlü şagirdlərindən olan Məhəmməd Təqi Amuli idi. Məhəmməd Təqi Amuli belə nəql edirdi: “Mən həmişə görürdüm ki, Qazi gedib 2-3 saat Vadiyüs-səlamda oturur. Öz-özümə dedim: İnsan qəbristanlığa gəldi, gərək ziyarət edib tez də getsin. Bir fatihə oxuyub ölülərin ruhuna tapşırsa, bəsdir, daha bu qədər burada oturub vaxt öldürmək nəyə lazımdır, görüləsi o qədər vacib iş var ki...
Bu narazılıq həmişə mənim qəlbimdə dururdu, amma heç kəsə, – hətta ən səmimi bildiyim dostlarıma belə bu barədə bir söz deməmişdim. Günlər ötdü, illər sovuşdu, mən bu minvalla hər gün ustadın xidmətinə gedir, onun elm və mə`rifət dəryasından incilər toplayırdım. İş elə gətirdi ki, Nəcəf-Əşrəfdən İrana qayıtmaq fikrinə düşdüm. Amma bu səfərin nə dərəcədə məsləhətə uyğun olduğunu bilmirdim və tərəddüddə qalmışdım. Bu niyyətimi heç kəs bilmirdi. Bir axşam yatağıma uzanmışdım. Otaqda yataq taxtının ayaq tərəfində taxçanın üstünə elmi və dini kitablar yığmışdım. Yatan zaman təbii olaraq ayaqlarım kitablara tərəf uzanmış olurdu. Öz-özümə dedim: Görən, qalxıb yatağımın səmtini dəyişim, yoxsa lazım deyil, belə qalsın? Çünki kitablar tam mənim ayaqlarımın müqabilində idi. Fikirləşdim ki, bununla kitablara hörmətsizlik olmaz. Bunu deyib yatdım. Səhər tezdən ustadım Qazinin yanına gedib, salaməleykdən sonra dedi: “Sənin İrana qayıtmağın məsləhət deyil. Kitablara tərəf də ayağı uzatmaq elmə, kitaba ehtiramsızlıq sayılır.”
Bu sözləri eşidəndə, diksinib özümü itirdim. Dodağım əsə-əsə dedim: Ustad, siz bunu haradan bilirsiniz? Dedi:
“Vadiyüs-səlamdan.”
Qazi bu son cümləsi ilə uzun müddət Məhəmməd Təqi Amulinin qəlbində ustadının vadiyüs-səlamda oturması ilə əlaqədar dolaşan şübhələrə son qoydu.
Qarnının fikri səni götürməsin.
Höccətü-lislam Seyyid Mehdi Qazi Təbatəbai, rəhmətlik Seyyid Əli Qazi Təbatəbainin oğlu idi. Qazinin oğlu Seyyid Mehdi “Cəfr” elmində kamil bir ustad olmasıyla yanaşı, “süls və nəsx” xətlərini də çox gözəl məharətlə yazırdı. Zahidlər kimi ömür sürən Seyyid Mehdi ömrünün sonuna qədər subay yaşamışdır. O, mənə belə nəql edirdi:
“Nəcəf-Əşrəfdə hövzə təhsili aldığım vaxtlar “Cəfr” elmini də çox böyük sə`ylə öyrənməyə çalışırdım. Rəhmətlik atam həmişə mənə nəsihət edib deyərdi: “Sən bu elmləri (cəfr) öyrənməklə bir şey əldə edə bilməyəcəksən.” Ömrünün son günlərini yaşadığım bir vaxtda atamın dediklərinin həqiqət olduğu mənim üçün isbat oldu. İnsana bu elmlərdən qaranlıq və zülmətdən başqa bir şey nəsib olmur.
Atam Seyyid Əli Qazi böyük bir ailə başçısı idi və Allah yolunun həqiqi yolçusu olduğundan dünya gəlirlərinə əhəmiyyət verməzdi. Buna görə də biz çox kasıb yaşayır və hətta gündəlik ehtiyaclarımızı ödəməyə belə çətinlik çəkirdik. Bizim gündəlik nahar yeməyimiz kiçik çörək tikələri və ayran olurdu. Bir gün anam mənə dedi: Get atanın hücrəsinə, ondan bir az pul al. Heç olmasa, bu gün bir yaxşı yemək yeyək. Ayran-çörək yeməkdən bədənimizdə güc qalmayıb.
Rəhmətlik atam siqaret çox çəkərdi. Siqaret külünü hücrəsinin arxa tərəfindəki kiçik otağa tökərdi. Hücrəyə daxil olub salam verəndə, nə üçün gəldiyimi dərhal başa düşüb dedi: “Seyyid Mehdi! Bu otaqdakı zibilləri (külü) təmizləmək lazımdır.” Dedim:
Ayaq üstə durmağa belə halım yoxdur, o ki, qaldı bu ağır işi görəm. Buyurdu: “Bu kisənin qıraqlarını ki, tuta bilərsən.” Sonra xakəndazı götürüb zibilləri kisəyə tökməyə başladı. Xakəndazdakı zibilin içindən bir qızıl əşrəfi tapıb dedi: “Bu bir əşrəfi!” Yenə də xakəndazı zibillə doldurub kisəyə tökdü. Hər dəfə bir qızıl əşrəfi mənə verib dedi: “Bu üç əşrəfini götür get! Bundan sonra daha bu qədər qarnınızın fikrini çəkməyin. Allah ruzi yetirəndir.”
source : الشیعه