İslamda xəbərçilik sifəti ən alçaq və ən çirkin sifətlərdəndir.
Bildiyimiz kimi, yalnız mə’sumlar bütün eyb və nöqsanlardan uzaqdır. Adi insanda az-çox nöqsan müşahidə olunur. Xəbərçilik sifəti olan insan həm insanlar arasındakı, həm də xalqla dövlət arasındakı rabitələrə kölgə salır. Çirkin əməllərinin mühakiməsindən qorxmayan xəbərçi insanda kiçik bir nöqsan müşahidə etdikdə bu nöqtəni dərhal onun dostuna çatdırır. Belə bir xəbər dostluğun qırılmasına, arada kin-küdurət yaranmasına, dostluğun düşmənliyə çevrilməsinə səbəb olur. Xəbərçi fərd dövlət aparatına yol tapdıqda, dövlət işçiləri ilə yaxınlıq etdikdə öz çirkin xəbərləri ilə hakimdə xalqa, xalqda hakimə qarşı bədbinlik yaradır. Nəticədə xalqın e’timadını və xalqa e’timadını itirən hakim çarəsiz bir vəziyyətə düşür. Bütün bunları nəzərə alan həzrət Əli (ə) e’timad və əminlik fəzası yaratmaq üçün Malikə tapşırır ki, xəbərçiləri rədd etsin. Həzrət buyurur:
وَلْيَكُنْ أَبْعَدَ رَعِيَّتِكَ مِنْكَ، وَأشْنَأَهُمْ عِنْدَكَ، أَطْلَبُهُمْ لِمَعَائِبِ النَّاسِ، فإنَّ في النَّاسِ عُيُوباً، الْوَالِي أَحَقُّ مَنْ سَتَرَهَا، فَلاَ تَكْشِفَنَّ عَمَّا غَابَ عَنْكَ مِنْهَا، فَإنَّمَا عَلَيْكَ تَطْهِيرُ مَا ظَهَرَ لَكَ، وَاللهُ يَحْكُمُ عَلَى مَا غَابَ عَنْكَ، فَاسْتُرِ الْعَوْرَةَ مَا اسْتَطَعْتَ يَسْتُرِ اللهُ مِنْكَ ما تُحِبُّ سَتْرَهُ مِنْ رَعِيَّتِكَ.
أَطْلِقْ عَنِ النَّاسِ عُقْدَةَ كُلِّ حِقْد، وَاقْطَعْ عَنْكَ سَبَبَ كُلِّ وِتْر، وَتَغَابَ عَنْ كلِّ مَا لاَ يَضِحُ لَكَ، وَلاَ تَعْجَلَنَّ إِلَى تَصْدِيقِ سَاع، فَإِنَّ السَّاعِيَ غَاشٌ، وَإِنْ تَشَبَّهَ بِالنَّاصِحِينَ
“İnsanlarda daha çox eyb axtaran rəiyyət səndən ən uzaqda dayanmalıdır. Aydın məsələdir ki, (mə’sumlardan savay) hamının eybi var. Eybləri örtmək daha çox hakimə layiq olan sifətdir. Xəbərsiz qaldığın eybləri üzə çıxarmağa çalışma. Sənin vəzifən yalnız üzdə olan eybləri aradan qaldırmaqdır. Səndən gizlin qalan işlər haqqında Allah özü hökm verəcək (Qiyamət günü günahkarların örtülü qalmış günahları mühakimə olunacaq.) Bəli, bacardığın qədər xalqın eyblərini ört. Belə etsən, Allah da gizli qalmasını istədiyin eyblərini örtər.
Xalqın qəlbində olan kin düyününü aç, daxilində tənhalıq amillərini qır, sənə aydın olmayan məsələdən özünü xəbərsiz göstər, hər xəbərçinin sözünü təsdiqləməyə tələsmə. Xəbərçi nəsihətçi və xeyirxah libasında gəlsə də xaindir.”
SİR SAXLAMAQ VƏ EYBİ ÖRTMƏK
Sir saxlamaq və insanların eyblərini örtmək İslamın həyatverici və insanpərvər üsullarından biri, hakimin vəzifələrindəndir. Həzrət Əli (ə) bu İslami prinsipi bəyan edərkən eyblərin örtülməsini vali üçün zəruri sayır. Malik tabeçiliyində olanların eyblərini örtməyə çağırılır. Həzrət Əli (ə) Maliki eyb axtarmaqdan çəkindirərək buyurur ki, öz sirlərinin açılmasını istəmədiyin kimi xalqın da sirlərini ifşa etmə.
İmam Sadiq (ə) həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Mö’minlərin nöqsanlarını araşdırma. (Din) qardaşında eyb axtaran kəsdə Allah eyb axtarar. Allahın eyb axtardığı kəs isə hətta evinin içində rüsvay olar.”
FƏSAD VƏ GÜNAH TƏZAHÜRLƏRİ İLƏ MÜBARİZƏ
Müxtəlif cəmiyyətlərdə fəsad və günahın genişlənməsi imperializmin ən bariz təlaşlarındandır. Materializm və kommunizm də xalqı dindən ayırmaq istəmiş, Allahsızlığı yaymaq üçün sə’y göstərmişdir. Onların son məqsədi dini və insani dəyərləri aradan qaldırmaqdır. Dünya imperializmi də iffət və paklığı aradan qaldırmaqla fəsad və günahı yaymaq, müstəzəf, məhrum xalqları mə’nəviyyatdan ayırmaq əzmindədir. Bəli, dünya imperializmi insanların şəxsiyyətini puça çıxartmağı qarşısına məqsəd qoymuşdur. Onlar insanları o qədər biganələşdirirlər ki, heç bir inanc yeri qalmasın və bəşəriyyət özünü zəhərli fəsad və günah girdabına atsın.
Dünya imperializmi öz varlığını qorumaq üçün müxtəlif proqramlar cızır. Amma bütün planların başında cəmiyyətlərdə günah və fəsadın yayılması dayanır. Son 2-3 əsrdə təcrübədə sübuta yetmişdir ki, millətlərin biganələr qarşısında ən möhkəm sipəri onların iffət və paklığıdır. İffət və paklığını itirmiş millət azğın nəfs istəkləri və şəhvətə məğlub olub insani şəxsiyyətini itirir. Nəticədə dini və mə’nəvi əsaslar laxlayır və möhkəm bir qala uçulub tökülür. Bundan sonra imperializm üçün nüfuz yolu açılır.
İslam bu sayaq fəsadların qarşısını almaq üçün ciddi mübarizə aparır. Aşkar şəkildə günaha yol verənlər və gizli şəkildə günah yaymaqla məşğul olanlar ən sərt şəkildə cəzalandırılır. Həzrət Əli (ə) Maliki günah təzahürləri ilə mübarizəyə, çirkin işlərin qarşısının alınmasına çağırır. Yalnız bu şərtlər ödəndikdə İslam cəmiyyəti süqutdan yaxa qurtara bilir.
PROBLEMLƏRİN HƏLLİ VƏ XALQIN ÇƏTİNLİKLƏRİNƏ DİQQƏT
Həzrət Əlinin (ə) “ətliq ənin-nasi uqdətə kulli hiqd” buyuruğundan mə’lum olur ki, problemlərin həlli, maddi və mə’nəvi ehtiyacların tə’mini hökumətin vəzifələrindəndir.
Aydın məsələdir ki, insanlar öz bəşəri fitrətlərinə uyğun olaraq, istəklərinə nail olmadıqda hökumət mə’murlarını müqəssir sayırlar. Onlar elə düşünürlər ki, hökumət problemləri aradan qaldırmaq, onların istəklərini tə’min etmək gücündədir. Təbii ki, hökumət xalqın istəklərini ödəyə bilmədikdə məs’ullara qarşı kin-küdurət baş qaldırır və belə bir münasibət hökumətin bünövrəsini süstləşdirir.
Hakim xalqın istəklərini yerinə yetirə bilmədikdə islami ədəb və əxlaqla xalqın qarşısına çıxmalı, onları mövcud imkansızlıqlarla tanış etməlidir. O problemlərin həlli üçün xalqdan məsləhət istəməli, bir sözlə, istənilən bir yolla onların razılığını qazanmalıdır.
İSLAMDA MƏSLƏHƏT–MƏŞVƏRƏT
İslam dinində istibdadın, fərdiyyətçiliyin və təkəbbürün qarşısını almaq üçün, həm də başqalarının ağıl və düşüncəsindən faydalanmaq məqsədi ilə müşavirə və məşvərət nəzərdə tutulmuşdur. Qarşıda dayanan məsələ ciddiləşdikcə həmin məsələ ətrafında müşavirə də həssas və zərif olacaq. Məsləhət və əməldə məşvərətə əməl edilməsi iki baxımdan zəruri görünür:
Həyatın müxtəlif sahələrində siyasi, mədəni, əxlaqi, iqtisadi problemlərin tenpi onların mahiyyətcə qavranmasında çətinlik yaradır. Belə ki çox vaxt mütəxəssislərlə məsləhətləşməkdən başqa yol qalmır.
İnsan fiziki və əqli baxımdan nə qədər üstün olsa da o bir insandır və bir düşüncəyə sahibdir. Məsləhətləşən insan isə ətrafdakıların da düşüncəsindən bəhrələnib daha e’tibarlı və daha qənaətbəxş nəticə əldə edir.
İslamın müşavirə prinsipinə riayət etməyin zəruriliyini bildikdən sonra kiminlə məsləhətləşməli olduğumuzu müəyyənləşdirək. Görən rastlaşdığımız hər şəxslə məsləhətləşə bilərikmi?
MÜŞAVİRİN ƏXLAQİ KEYFİYYƏTLƏRİ
Bu gün dünyanın müxtəlif nöqtələrində ətrafdakıların təcrübəsindən faydalanmaq üçün müşavirələr keçirilir. Amma bir nöqtəyə yetərincə diqqət olunmur ki, müşavirin xüsusi əxlaqi səciyyələri olmalıdır.
Qeyri-islami məmləkətlərdə dərin elm və biliyi, təcrübə və bacarığı olanlar yaxşı müşavir sayılır. İslam məktəbində isə ağıl və təcrübədən əlavə əxlaqi me’yarlar da var.
Müşavirin şərtləri ilə ətraflı tanış olmaq üçün İslam baxımından müəyyənləşdirək ki, müşavir hansı sifətlərə sahib, hansı sifətlərdən uzaq olmalıdır.
ZƏRURİ VƏ QEYRİ-MƏQBUL ŞƏRTLƏR
Qısa şəkildə qeyd edə bilərik ki, müşavirdə aşağıdakı keyfiyyətlər olmalıdır: İslam, əql, helm, nəsihət, təqva, təcrübə.
Şərtlərdən aydın olur ki, İslam müsəlman, aqil, xoşxasiyyət, nəsihətçi, təqvalı və təcrübəli müşaviri bəyənir və qeyri-müsəlman, günahkar, nadan, paxıl, tamahkar, qaba, təqvasız, münafiq, axmaq, qorxaq, inadkar, təcrübəsiz insanla müşavirədən çəkindirir. Həzrət buyurur:
وَلاَ تُدْخِلَنَّ فِي مَشُورَتِكَ بَخِيلاً يَعْدِلُ بِكَ عَنِ الْفَضْلِ، وَيَعِدُكَ الْفَقْرَ، وَلاَ جَبَاناً يُضعِّفُكَ عَنِ الاُْمُورِ، وَلاَ حَرِيصاً يُزَيِّنُ لَكَ الشَّرَهَ بِالْجَوْرِ، فَإِنَّ الْبُخْلَ وَالْجُبْنَ وَالْحِرْصَ غَرَائِزُ شَتَّى يَجْمَعُهَا سُوءُ الظَّنِّ بِاللهِ
“Xəsis insanla məsləhətləşmə. Çünki o səni ehsandan çəkindirər, yoxsulluqla qorxudar. Qorxaq adamla məsləhətləşmə. O sənin ruhiyyəni zəifləşdirər. Həris adamla məsləhətləşmə. O sitəmkarlıqla sənin nəzərində tamahı bəzəyər. Xəsislik, qorxaqlıq, tamahkarlıq böyük Allaha sui-zəndən qaynaqlanan səciyyələrdir.”
GÜNAHKARLARIN DÖVLƏT İŞLƏRİNDƏN UZAQLAŞDIRILMASI ZƏRURƏTİ
Nazirlər dövlət proqramlarının tənzimlənməsində ən üstün məqam sahibləridir. Onlar cəmiyyəti həm tərəqqiyə, həm də süquta apara bilər. Hökumətin e’tibar və əzəməti nazirlərin yaxşılığı ilə bir başa əlaqədədir. Keçmişdə zalım hakimlərin naziri olanlar ədalətli hakimiyyətdə məqama layiq deyil. Çünki zülm onların xarakterinə hopmuşdur və ədalətli hakimiyyətlə heç bir uyğunluqları yoxdur. Digər tərəfdən, onların zalımlığından xəbərdar xalq növbəti dəfə onları vəzifədə gördükdə mövcud hakimiyyətdən bədbin ola bilər. Belə bir fikir yaranar ki, hazırkı hökumət də əvvəlki zalım hökumətin davamıdır və nazirlər öz mənafeləri üçün çalışasıdır.
Aydın məsələdir ki, belə bir düşüncə ilə xalq kütləsi yenə də zülm-sitəm altında olduğunu fikirləşəcək. Və yeni dövlətə e’tibar göstərilməyəcək. Bu yolla hakimiyyət və xalq arasında uçurum yaranır, çox vaxt zalım nazirlərin ucbatından yeni dövlət süquta uğrayır. Həzrət buyurur:
شَرُّ وُزَرَائِكَ مَنْ كَانَ لِلاَْشْرَارِ قَبْلَكَ وَزِيراً، وَمَنْ شَرِكَهُمْ فِي الاْثَامِ، فَلاَ يَكُونَنَّ لَكَ بِطَانَةً، فَإِنَّهُمْ أَعْوَانُ الاَْثَمَةِ، وَإِخْوَانُ الظَّلَمَةِ، وَأَنْتَ وَاجِدٌ مِنْهُمْ خَيْرَ الْخَلَفِ مِمَّنْ لَهُ مِثْلُ آرَائِهِمْ وَنَفَاذِهِمْ، وَلَيْسَ عَلَيْهِ مِثْلُ آصَارِهِمْ وَأَوْزَارِهِمْ وَ آثَامِهِمْ، مِمَّنْ لَمْ يُعَاوِنْ ظَالِماً عَلَى ظُلْمِهِ، وَلاَ آثِماً عَلَى إِثْمِهِ
“Sənin üçün ən pis nazir o nazirdir ki, səndən öncə şər hakimiyyətdə nazir olub. O əvvəlki hakimiyyətin günahlarına şərik və yardımçıdır. Belələri sənə sirdaş olmamalıdır. Çünki onlar günahkarların həmkarı, sitəmkarların qardaşlarıdır. Sənin ixtiyarında ən üstün insanlar var. Onlar düşüncə və ictimai nüfuz baxımından ətəyi bulaşıqlardan əskik deyil. Bundan əlavə, onlar günaha batmayıb, sitəmkarlarla həmkarlıq etməyib, günahda onlara şərik olmayıb.”
Həzrət Əli (ə) öz hakimi ilə əvvəlki rejim mə’murlarının münasibətini son incəliyinədək araşdırıb Malikə tövsiyələr verir. Paklıq əsasında seçim mütəxəssis çatışmazlığı problemi yarada bilər. Bununla belə, Malikin diqqəti inqilabi, nüfuzlu qüvvələrə yönəldilir. Xatırladılır ki, uyğun təfəkkürlə cəmiyyəti saflaşdırmaqdan çəkinməsin. Çünki sağlam qüvvələr asanlıqla azğın qüvvələri əvəz edəsidir.
ALLAHPƏRƏSTLƏRİN DÖVLƏT APARATINA QƏBULU VƏ ONLARIN ÜSTÜNLÜKLƏRİ
Həzrət Əli (ə) Maliki əmin edir ki, sabiq rejimin günahkar mə’murları işdən azad olunduqdan sonra saleh və mütəxəssis insanlar onların işini görəsidir. Mövla sözünün ardınca allahpərəstlərin zalımlardan üstünlüyünü belə bəyan edir:
أُولئِكَ أَخَفُّ عَلَيْكَ مَؤُونَةً، وَأَحْسَنُ لَكَ مَعُونَةً، وَأَحْنَى عَلَيْكَ عَطْفاً، وَأَقَلُّ لِغَيْرِكَ إِلْفاً، فَاتَّخِذْ أُولئِكَ خَاصَّةً لِخَلَوَاتِكَ وَحَفَلاَتِكَ
“Onların (allahpərəstlərin) xərci sənin üçün daha yüngüldür. Onların həmkarlığı üstün, sənə məhəbbətləri artıq, biganələrlə yaxınlıqları azdır. Elə buna görə də onları özünə yaxın et, nazir seç.”
ÜSTÜN İNSANLARIN SEÇİMİ
Qeyd olundu ki, sabiq rejimin qalıqlarını uzaqlaşdırıb, allahpərəst qüvvələri işə cəlb etmək İslam hakiminin vəzifələrindəndir. Allahpərəst insanlar zalım rejim mə’murlarından üstün olsalar da, onların da arasında məs’uliyyət hissi eyni deyil. Həzrət Əli (ə) allahpərəst qüvvələrin də müəyyən me’yarlarla, tutumlarına uyğun vəzifələrə seçilməsini zəruri sayır. Elə olmamalıdır ki, ləyaqətli insanlar kənarda qalsın, layiq olmayanlar vəzifə tutsun. Həzrət buyurur:
ثُمَّ لْيَكُنْ آثَرُهُمْ عِنْدَكَ أَقْوَلَهُمْ بِمُرِّ الْحَقِّ لَكَ، وأَقَلَّهُمْ مُسَاعَدَةً فِيَما يَكُونُ مِنْكَ مِمَّا كَرِهَ اللهُ لاَِوْلِيَائِهِ، وَاقِعاً ذلِكَ مِنْ هَوَاكَ حَيْثُ وَقَعَ.
وَالْصَقْ بِأَهْلِ الْوَرَعِ وَالصِّدْقِ، ثُمَّ رُضْهُمْ عَلَى أَلاَّ يُطْرُوكَ وَلاَ يُبَجِّحُوكَ بِبَاطِل لَمْ تَفْعَلْهُ، فَإِنَّ كَثْرَةَ الاْطْرَاءِ تُحْدِثُ الزَّهْوَ، وَتُدْنِي مِنَ الْعِزَّةِ
“(Allahpərəstlər arasından), meylin istəsə də, istəməsə də, hamıdan tez haqqı deyən, Allahın bəyənmədiyi işlərdə sənə yardım göstərməyən fərdlərə üstünlük ver.
Özünü təqva və sədaqət əhlinə yaxınlaşdır. Onları elə tərbiyə et ki, səni hədsiz tə’rifləməsinlər, pis iş görmədiyin üçün xoş sözlər söyləməsinlər. Çünki həddi aşan tə’rif xudpəsəndlik gətirir və insanı təkəbbürə yaxınlaşdırır.”
Görən həzrətin bu göstərişlərinə əməl olunsa mə’mur seçimində ləyaqət yox, yaxınlıq əsas götrülərmi? Hakimiyyətdə yaltaqlığa, özünü nümayişə, riyakar qayğıkeşliyə yer qalarmı? Münafiqlər, yalançılar, fırıldaqçılar vəzifə kürsüsünə qalxarmı? Pak və məs’uliyyətli insanlar guşənişin olarmı? Əlbəttə ki yox!
Belə bir hökumətdə mühakimə və dəyərləndirmələrdə mehvər hakimin yox, Allahın razılığıdır. Uyğun nizamda acı da olsa haqqına danışan mə’mur mö’təbərdir. Uyğun şəraitdə yaltaq və riyakar yox, sədaqətli və pak işçi qabağa çəkilir. Bu səbəbdən də hakimin vəzifəsi pak və haq yola yaxın insanları araşdırıb üzə çıxarmaqdır.
TƏŞVİQ VƏ TƏNBEHİN ZƏRURİLİYİ VƏ ME’YARLARI
İslam ayinləri ədalət prinsipinə əsaslanır. Ədalət hər şeyin öz yerində qərar tutmasıdır. Bu əsasla düzgün və İslami müdiriyyətdə əvvəla sadiq işçi ilə xain işçiyə eyni gözlə baxılmayacaq, xain tənbeh ediləcək, sadiq təşviq olunacaq. İkincisi, fərdlərin təşviq me’yarı yalnız onların işi və işin nəticəsidir.
Əgər bir müdiriyyətdə təşviq olmasa, sadiqlərlə xainlərə eyni gözlə baxılsa, onlar eyni maaş alsa, bir müddət sonra işçilər arasında elə bir təsəvvür yaranacaq ki, yaxşı işləyən lazımınca dəyərləndirilmir. Beləcə, iste’dadların iflic olması ilə nizam süquta uğrayacaq. Yox əgər təşviqlər ədalətə yox, hansısa münasibətlərə əsaslansa tabeçilikdə olanlar müdiriyyətə qarşı e’tinasız olacaq və səmimiliyini itirəcək. Həzrət buyurur:
وَلاَ يَكُونَنَّ الْـمُحْسِنُ وَالْمُسِيءُ عِنْدَكَ بِمَنْزِلَة سَوَاء، فَإِنَّ فِي ذلِكَ تَزْهِيداً لاَِهْلِ الاِْحْسَانِ فِي الاِْحْسَانِ،تَدْرِيباً لاَِهْلِ الاِْسَاءَةِ عَلَى الاِْسَاءَةِ، وَأَلْزِمْ كُلاًّ مِنْهُمْ مَا أَلْزَمَ نَفْسَهُ
“Yaxşı əməl sahibi ilə pis əməl sahibinə eyni gözlə baxmamalısan. Çünki belə bir münasibət xeyir əməl sahiblərini xeyirə biganələşdirən, bəd əməl sahiblərini pis işə təşviq edən ən güclü amildir. Hər kəsə işinə uyğun mükafat ver!”
XALQA E’TİMAD
Zalım hökumətlərin əsasını xalqa e’timadsızlıq və sui-zənn təşkil edir. Hakim xalqı özündən aşağı tutur və dövlətə düşmən sayır. Buna görə də dövlətin işi-gücü xalq arasında mə’lumat toplayıb müxtəlif bəhanələrlə müxalifləri əzmək olur. Belə bir hakim bir dəstə məzlumu başıqapazlı etməklə öz nöqsanlarını pərdələyir, müvəqqəti hakimiyyəti dövründə xalqa iztirab verir.
Əksinə, İslam prinsipləri üzərində qurulmuş dövlətdə xalqa e’timad və xoşgümanlıq hakim olur, vali tabeçiliyində olan xalqa dost və həmkar gözü ilə baxır. Belə bir hakim öz dövlətini xalqdan və xalqı özündən sayır. Ədalətli müsəlman hakim dövlətin möhkəmliyini xalq hərəkatlarında görür, daim xalqı razı salmağa çalışıb, xalq arasından casusluğa sə’y göstərmir. Həzrət buyurur:
وَاعْلَمْ أَنَّهُ لَيْسَ شَيْءٌ بِأَدْعَى إِلَى حُسْنِ ظَنِّ وَال بِرَعِيَّتِهِ مِنْ إحْسَانِهِ إِلَيْهِمْ، وَتَخْفِيفِهِ الْمَؤُونَاتِ عَلَيْهِمْ، وَتَرْكِ اسْتِكْرَاهِهِ إِيَّاهُمْ عَلَى مَا لَيْسَ لهُ قِبَلَهُمْ، فَلْيَكُنْ مِنْكَ فِي ذلِكَ أَمْرٌ يَجَتَمِعُ لَكَ بِهِ حُسْنُ الظَّنِّ بِرَعِيَّتِكَ، فَإِنَّ حُسْنَ الظَّنِّ يَقْطَعُ عَنْكَ نَصَباً طَوِيلاً،
وَإِنَّ أَحَقَّ مَنْ حَسُنَ ظَنُّكَ بِهِ لَمَنْحَسُنَ بَلاَؤُكَ عِنْدَهُ، وَإِنَّ أَحَقَّ مَنْ سَاءَ ظَنُّكَ بِهِ لَمَنْ سَاءَ بَلاَؤُكَ عِنْدَهُ
“Bil ki, rəiyyətin vəfadarlığı üçün valinin onlara ehsanı, dolanışıq xərclərini yüngülləşdirməsi, vəzifələri olmayan işə məcbur etməməsi ən tə’sirli amildir. Demək, sənin proqramın olmalıdır və bu proqram əsasında rəiyyətinə xoşgüman olasan. Bu xoşgümanlıq sənin çiynindən ağır yüklər götürər.
Sənə xoş münasibətinə ən çox layiq olan şəxs sənin siyasətini yaxşı bilən, sənin pis münasibətinə ən layiq olan şəxs sənin siyasətini ən pis bilən şəxsdir.”
Xalqa e’timadın və xoşgümanlığın əsassız olmaması üçün həzrət Əli (ə) yollar göstərir: Ehsan, dolanışıq xərclərinin yüngülləşdirilməsi, məcburi işlərin qarşısının alınması.
Növbəti fəsillərdə bu üç tədbirdən hər biri haqqında ayrıca danışacağıq. Buna görə də təkrardan çəkinirik.
ŞƏR’İ (QANUNİ) VƏ QEYRİ-ŞƏR’İ (QEYRİ-QANUNİ) SÜNNƏLƏR (QAYDA-QANUNLAR)
İslam xalq arasındakı sünnə və adət ən’ənələri iki qismə bölür: Şər’i sünnələr və qeyri-şər’i sünnələr.
İslam əsaslarına və me’yarlarına zidd olan sünnələr qeyri-şər’i sünnə adlanır. Hakim qeyri-şər’i sünnələrlə mübarizə aparmalıdır. Həzrət Peyğəmbərin (s) risalətinin başlanğıcında xalq arasında bütpərəstlik rəvac tapmışdı. Bütpərəstlik İslam prinsiplərinə və tövhidə zidd olduğundan həzrət Peyğəmbər (s) Qur’anın “deyin yoxdur Allahdan başqa bir mə’bud və qurtulun” buyuruğunu şüar edib bütpərəstliklə mübarizəyə başladı və bu yolda şəhadətdən də çəkinmədi.
İslam əsaslarına zidd olmayan sünnələr şər’i sünnələr adlanır. İslam hökuməti bu sayaq sünnələrlə mübarizə aparmamalı, əksinə onları qoruyub müsbət ən’ənələri istiqamətləndirməlidir. Həzrət buyurur:
وَلاَ تَنْقُضْ سُنَّةً صَالِحَةً عَمِلَ بِهَا صُدُورُ هذِهِ الاُْمَّةِ، وَاجْتَمَعتْ بِهَا الاُْلْفَةُ، وَصَلَحَتْ عَلَيْهَا الرَّعِيَّةُ،لاَ تُحْدِثَنَّ سُنَّةً تَضُرُّ بِشَيء مِنْ مَاضِي تِلْكَ السُّنَنِ، فَيَكُونَ الاَْجْرُ بِمَنْ سَنَّهَا، وَالْوِزْرُ عَلَيْكَ بِمَا نَقَضْتَ مِنْهَا
“Ümmət böyüklərinin əməl etdiyi, ülfət və birliyə səbəb olan, millətin işlərini düzə çəkən heç bir bəyənilmiş sünnənin qarşısını alma! Keçmiş sünnələrə zərər vuracaq yeni qaydalar qoyma. (Bu sayaq sünnələrə qarşı çıxsan) onların banisi mükafatlandırılacaq, sünnəni pozduğun üçün sənə günah yazılacaq.”
source : الشیعه