Azəri
Tuesday 7th of May 2024
0
نفر 0

VƏHHABİLİK (5)


ƏQİDƏLƏR(4)
 

 

1. Allahdan başqası üçün nəzr və qurbanlıq tövhidlə necə uyğun gələ bilər?

2. Vəhhabilər nəzr və qurbanlıq barəsində necə düşünürlər?

 

 

4. NƏZR VƏ QURBANLIQ
Qədim zamanlardan bəşər cəmiyyətləri arasında belə bir adət vardır ki, camaat xüsusi niyyət və hədəflər üçün, yaxud məxsus şəraitlərdə qurbanlıq etmiş və ya müəyyən bir işi nəzr adı ilə özlərinə vacib etmişlər. Məsələn nəzir edirlər ki, xəstələri sağalarsa müəyyən bir məbləğ versinlər, yaxud bir qoyunu qurban kəssinlər və s. Əlbəttə bütpərəstlik ayinləri hakim olan cəmiyyətlərdə bütün adına və bütün qarşısında qurbanlıq və nəzr edilirdi. Buna görə də İslam nöqteyi-nəzərindən onların bu əməli müşrikcəsinə edilən bir əməl sayılmış, Allah və Peyğəmbər tərəfindən aşkar şəkildə qadağan edilmişdir. Müsəlmanlar da həmişə Peyğəmbər və din böyükləri, eləcə də müqəddəs məkanlar və bu kimi şeylər üçün nəzr, yaxud da qurbanlıq edirlər. Məsələn, bir kəs belə nəzr edir: «əgər filan hacətim qəbul olsa, müəyyən bir məbləği Peyğəmbər məscidinə və ya o Həzrətin hərəminə, yaxud filan məscidə, xəstəxanaya və ya digər bir yerə verərəm», yaxud da «filan gün filan müqəddəs məkanın zəvvarları və namaz qılanları üçün bir qoyun qurbanlıq edərəm.» Vəhhabilərlə sair İslami firqələr arasında bu məsələ ilə əlaqədar yaranan əsaslı ixtilaf bundan ibarətdir ki, onların fikrincə, Allahdan başqası üçün olan hər növ nəzr və qurbanlıq büt üçün olan nəzr və qurbanlığın nümunəsi kimidir.

İbni Teymiyyədən soruşulduqda ki: «Məscidlər üçün, ölü və diri şəxsiyyətlər üçün pul, dəvə, qoyun, şam, yağ və sair bu kimi şeyləri nəzr etmək olarmı? İnsanın «əgər övladım salamat qayıtsa, filan imam üçün filan məbləğ pul verəcəyəm» - deyə nəzr etməsi səhihdirmi?» O, bu suala belə cavab verdi: Bizim alimlərimiz belə nəzrləri caiz hesab etmir və insanın bir şeyi qəbir, yaxud qəbrin mücavirləri üçün nəzr etməyinə icazə vermirlər. Əgər pul, yağ, şam, heyvan və sair kimi şeylər bu yolda nəzr edilərsə, onun nəzri günah hesab olunacaqdır. Belə ki, Peyğəmbərdən (s) nəql olunan səhih bir hədisdə deyilir: «Hər kəs Allaha itaət etməyi nəzr etsə, gərək itaət etsin (nəzri səhihdir), Allaha günah etməyi nəzr edən şəxs o günahı etməməlidir (onun nəzri batildir).»

Məhəmməd ibni Əbdül Vəhhab deyir: «Peyğəmbər (s) müşriklərlə vuruşdu ki, hər bir şey, o cümlədən zibh və qurbanlıq da Allah üçün olsun.» Sonra deyir: «Məgər namaz və qurbanlıq ibadət deyildirmi? Əgər bir məxluq üçün qurbanlıq edirsinizsə, Allaha ibadətdə şərik qoşmursunuzmu? Mələklərə və saleh şəxsiyyətlərə ibadət edən müşriklər onlar üçün qurbanlıq kəsərək, dua etmirdilərmi və ya onlara sığınmırdılarmı?»[1]

Sən᾿ani də belə deyir: «İbadətdə tövhid yalnız bununla kamil olar ki, hər bir şey, o cümlədən qurbanlıq Allah üçün olsun. Buna əsasən qəbirlərin kənarında qurbanlıq etmək müşriklərin əməli kimidir. Belə ki, onlar bütlərin yanında qurbanlıq edirdilər.» Həmçinin belə deyir: «Qurbanlıq edən şəxslərdən soruşuruq: Bunu Allah üçün və Onun razılığı naminə yerinə yetirirsinizmi? Onda nə üçün bu işi qəbirlərin kənarında edirsiniz? Əgər bu yolla qəbrin sahibinə ehtiram qoyub ona tə᾿zim etmək istəyirsinizsə, onda müşrik sayılırsınız. Əgər belə məqsədiniz olmasa, onda qəbri qana batırmaq, camaatın üst-başını murdarlamaq istəyirsiniz.»[2]

Sən᾿ani nəzr barəsində belə deyir: «Hər kəs belə bir iş görsə ibadətdə şirkə düçar olmuşdur, hansı məxluq üçün nəzr etmişdisə, o məxluq onun mə᾿budu sayılır. Məxluqun xeyir və zərər sahibi olmasına e᾿tiqad bəsləmək, onu şəfaətçi etmək şirkdir. İnsanın malını və övladını ölü və ya yaxud diri üçün nəzr etməsinə gəldikdə isə, bu şübhəsiz şirkdir! Bu kimi əqidələr cahiliyyət əqidəsidir və belə nəzrlər cahiliyyət dövründəki camaatın əməllərinə oxşayır».

O, sözünün davamında deyir: «Əgər «bu qurbanlıqların və nəzrlərin hökmü nədir?» - deyə soruşsanız, cavabında deyəcəyik: Camaatın var-dövləti özləri üçün əziz və sevilməlidir. Nəzr edib malının bir miqdarını bir tərəfə qoyan şəxs yalnız zərəri dəf edib, yaxud fayda aparmağa inanır. Əgər əməlinin yanlış olmasını bilsəydi, heç vaxt bu işi görməzdi. Deməli, əvvəlcə ona demək lazımdır ki, onun bu işi malını zay etməkdir və bu işdə nəinki bir fayda hasil etməmiş, üstəlik zərəri də dəf etməmişdir.» Sonra deyir: «Alimlərin vəzifəsi budur ki, bu əməl və e᾿tiqadların şirk və haram olduğunu izah etsinlər və bildirsinlər ki, bu işlər müşriklərin öz bütləri qarşısında yerinə yetirdikləri həmin əməllər kimidir.»[3]

TƏNQİD VƏ ARAŞDIRMALAR
Vəhhabilərin nəzr və qurbanlıq barəsindəki nəzəriyyəsini araşdırıb onun səhih və ya batil olmasını ayırd etmək üçün bir neçə məsələni qeyd etmək lazımdır:

1. Şübhəsiz qurbanlıq etmək həmişə ibadət ünvanı ilə edilmir və ibadət də deyildir. Çünki əksər hallarda heyvanın başı zibh olunarkən Allahın adını dilimizə gətirməyimiz yalnız buna görədir ki, o heyvanın əti halal olsun, çünki Allah-taala buyurur:

«Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...»[4]

Bə᾿zən mümkündür ki, zibh edilmə məxluqa aid edilsin. Məsələn, «bu qoyunu qonaqlar üçün zibh etmişik» desək, belə çıxır ki, biz qonaqların dərgahına yaxınlaşmaq məqsədilə bu işi görmüşük və bizim bu qonaqpərvərliyimiz ibadət hesab olunur?!

Məlumdur ki, qurbanlıq etməkdə məqsəd hansısa bir yerə yaxınlaşmaq olsa, o surətdə ibadət hesab olunur; bir kəs qurbanlıq etməklə Allahdan başqasına yaxınlaşmaq istəsə, şirkə düçar olar. Amma müsəlmanların müqəddəs məkanlarda etdikləri əməli yə᾿ni, qurbanlığı şirk hesab etmək olmaz. Müsəlmanlar heç vaxt Allahdan başqasına yaxınlaşmaq məqsədi güdmür, müqəddəs məkanlarda ibadətin daha çox savabı və dəyəri olduğundan, öz qurbanlıqlarını o yerlərdə yerinə yetirirlər. Digər tərəfdən də niyyət edirlər ki, məsələn, bu qurbanlığın savabı Peyğəmbərə, imama, yaxud o müqəddəs məkanda dəfn olunmuş saleh bir insana çatsın.

Hər hansı bir xeyir işi yerinə yetirib onun savabını ölülərin ruhuna hədiyyə etmək, bütün müsəlmanların nəzərində məqbul məsələdir. Bu barədə çoxlu rəvayətlər də nəql olunmuşdur. O cümlədən buyurulur: Bir kişi Peyğəmbərin yanına gəlib dedi: «Ya Rəsuləllah! Mənim anam vəsiyyət etmədən vəfat etmişdir. Zənnimcə, əgər diri olsaydı sədəqə verərdi. Mən sədəqə versəm ona bir fayda çatdırarmı?» Peyğəmbər (s) buyurdu: «Bəli.» Sonra həmin kişi soruşdu: «Nə sədəqə verim?» Həzrət (s) buyurdu: «Su.» Ona görə də həmin kişi quyu qazdı və dedi ki, bu anam üçündür.»[5]

O kişinin «Bu anam üçündür» deməsinin mə᾿nası bu deyildir ki, bu işlə anamın dərgahına yaxınlaşmaq istəyirəm; məqsədi budur ki, bu işin savabını anama hədiyyə edirəm.

2. Qurbanlıq barəsində qeyd olunduğu kimi, nəzr barəsində də əgər nəzr edənin məqsədi bu işlə Allahdan başqasına yaxınlaşmaq olarsa, şübhəsiz şirkə mübtəla olar. Halbuki, bütün müsəlmanlar nəzr verməklə yalnız Allaha yaxınlaşmaq istəyirlər. Çünki hər hansı bir şeyi nəzr etdikdə deyərlər ki: «Lillahi ələyyə kəza, in kanə kəza» yə᾿ni, əgər bu iş belə olarsa, Allah görə mənim öhdəmə filan iş olsun. Müsəlmanların peyğəmbər və yaxud imam üçün nəzr etməsindən məqsəd, məhz onların Allaha yaxınlaşmasıdır. «Lillahi ələyyə kəza» deməklə tə᾿kid edirlər ki, Allah görə mənim öhdəmədir ki, misal üçün, filan işi Rəsuli-Əkrəm üçün yerinə yetirim. Bu nəzrin mə᾿nası Allah dərgahına yaxınlaşmaq və savabını Peyğəmbərə (s) hədiyyə etməkdir. Diqqət yetirmək lazımdır ki, Qur᾿ani-kərimdə «Əs-sədəqatu lil füqəra»[6] deyilməsinin mə᾿nası bu deyildir ki, sədəqəni fəqirlərə yaxınlaşmaq üçün vermək lazımdır. Əksinə, mə᾿nası budur ki, sədəqənin xeyir və faydaları fəqirlərə çatmalıdır, onların ehtiyacları tə᾿min olunmalıdır. Amma, əsas niyyət Allah dərgahına yaxınlaşmaqdır.

3. Qurbanlıq və nəzr barəsində Peyğəmbəri-Əkrəmdən (s) çoxlu rəvayətlər nəql olunmuşdur. O hədislərin hamısında Allahdan başqası üçün nəzr və qurbanlıq edilməsinə icazə verilir. Bu məsələdə yalnız bir hal istisna olunur, o da müşriklərin və bütpərəstlərin əməli ilə qarışıq düşməsi ehtimal olunan hallardır.. Aşağıdakı rəvayətlərə diqqət yetirin:

*Peyğəmbərin (s) dövründə bir kişi nəzr etmişdi ki, bir dəvəni Dəvanədə (qırmızı dənizin sahilində bir çölün adıdır) qurbanlıq etsin. Peyğəmbərin (s) yanına gəlib öz məqsədini bildirdi. Həzrət (s) ona buyurdu: «Orada cahiliyyət dövründə pərəstiş edilən bütlərdən biri vardırmı?» Kişi dedi: «Xeyr.» Həzrət buyurdu: «Orada cahiliyyət dövrünə məxsus olan bayramlardan biri keçirilirdimi?» Dedi: «Xeyr.» Sonra Peyğəmbər (s) buyurdu: «Öz nəzrinə vəfa et, çünki (yalnız) Allaha qarşı günah sayılan və insanın malikiyyətində olmayan yerlərdə nəzr etmək caiz deyildir.»[7]

*Meymunə adlı bir şəxs Peyğəmbərə (s) ərz etdi: «Mən nəzr etmişəm ki, əlli baş qoyunu Dəvanədə qurbanlıq edəm». Peyğəmbər (s) ondan soruşdu: «Orada büt varmı?» Dedi: «Xeyr». Həzrət (s) buyurdu: «Onda öz nəzrinə əməl et».[8]

*Bir qadın Peyğəmbərin (s) yanına gəlib dedi: «Nəzr etmişəm ki, xüsusi bir məhəldə qurbanlıq edəm». Peyğəmbər (s) buyurdu: «Orada büt varmı?» Dedi: «Xeyr». Peyğəmbər (s) buyurdu: «Öz nəzrinə vəfa et».[9]

*Əhməd ibni Hənbəl, Əbu Davud və Termezi rəvayət etmişlər ki, Peyğəmbər (s) öz mübarək əli ilə qurbanlıq edib belə buyurdu: «Pərvərdigara! Bu mənim və ümmətimdən qurbanlıq etməyə qadir olmayanların tərəfindən olan bir qurbanlıqdır ».

*Seyf və Əbu Davud, Əli ibni Əbi Talib (ə)-dan nəql edirlər ki, o həzrət Peyğəmbərin (s) yerinə qurbanlıq kəsib buyurdu: «Rəsuli-Əkrəm (s) mənə vəsiyyət etmişdir ki, onun yerinə qurbanlıq edəm».

Bu barədə nəql olunan rəvayətlər məcmusundan belə nəticə alınır ki, savabını başqa şəxslərə, yaxud heç bir şirk ehtimalı olmayan, ehtirama malik olan məkanlara hədiyyə etmək məqsədilə nəzr etmək caiz və bəyənilən işdir. Yalnız o nəzrlər caiz deyildir ki, Allahdan başqasına yaxınlaşmaq məqsədi və ibadət ünvanı ilə edilsin. Müqəddəs məkanlarda, yaxud saleh insanların, böyüklərin, üzərimizdə haqqı olan şəxslərin və s. tərəfindən qurbanlıq etməyin də hökmü eynidir.

 

--------------------------------------------------------------------------------

[1] «Kəşfüş şübəhat».

[2] «Təthirul-e᾿tiqad».

[3] «Təthirul-e᾿tiqad».

[4] Ən᾿am‒121.

[5] «Səhihi Müslüm», Ayişədən nəqlən.

[6] Tövbə‒60.

[7] «Sünəni ibni Davud», 2-ci cild.

[8] Mö᾿cəmül-Büluan», 2-ci cild.

[9] «Sünəni ibni Davud», 2-ci cild.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏL-QƏSƏS ‏ SURƏSI
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir
İ.Əliyevə göndərilən məktubda İslamçı jurnalistlərin də adı var
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3
VARLIQ ALƏMINDƏ HƏŞƏRAT VƏ HEYVANLARIN ROLU
İKİNCİ XӘLİFӘ ÖMӘR İBNİ XӘTTAB
QURANIN YIĞILMASINA DAİR NƏQL OLUNMUŞ VERİLƏN CAVABLAR
BƏDXAH İNSANLAR MƏHRUMİYYƏT VƏ NAKAMLIQ ODUNDA YANARLAR
Kumeyl duasında “BISMILLAHIN şərhi
İlahi tofiqdən məhrum olmayaq

 
user comment