Həzrət Mehdinin (ə) dünyaya gəlişinin məxfiliyi imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsinə münasibətdə şiələr arasında tərəddüdə səbəb oldu. Şiə əqidəsinə görə imamət məqamına seçilmək üçün on birinci imamın oğlu olmalı idi. İmam Həsən Əsgərinin (ə) övladından xəbərsiz olanlar bu barədə şəkk-şübhəyə düşdülər. Mənbələrdə bildirildiyinə görə imam Həsən Əsgəridən (ə) sonra onun ardıcılları on dörd və ya on beş firqəyə bölündülər. Bu firqələrin sayının iyirmiyə çatdığını bildirənlər də var.
İmam Mehdinin (ə) dünyaya gizli gəlişi və gizli həyat sürməsi bir tərəfdən, imam Həsən Əsgərinin (ə) qardaşı Cə’fərin imamlıq iddiası digər bir tərəfdən şiələri çaşqın vəziyyətdə qoydu. Bu tərəddüdlü vəziyyətdən istifadə edən digər məzhəblər imamiyyə məzhəbinə yetərincə zərbələr vurdular. Mö’təzilə, əshabe-hədis, zeydiyyə ardıcılları, eləcə də, Abbasilər şiəliyə qarşı əllərindən gələni etdilər.
İmam Həsən Əsgərinin (ə) vəfatından sonra şiəliyə münasibətdə tarixdə misli görünməmiş tərəddüdlər, təfriqələr ortaya çıxdı. Yuxarıda sadalanan səbəbləri əsas götürərək uyğun dövrü şiələrin pərişanlıq və heyrət dövrü də adlandırmaq olar.
Amma müxtəlif yollarla, eləcə də, e’tibarlı adamlar vasitəsi ilə imam Mehdinin (ə) dünyaya gəlişinə əmin olanlar onun imaməti üzərində möhkəm dayandılar. Bu zaman kəsiyində yaranmış bütün məzhəblər az bir müddətdən sonra məhv olub getdi. Bu gün həmin firqələrin heç bir davamçısı yoxdur. Uyğun uydurma məzhəblər haqqında yalnız tarix kitablarında yazılmışdır. Hətta Şeyx Müfid dövründə bu firqələrin davamçılarından qalmamışdı. Şeyx Müfid bu barədə yazır: «Hazırda, hicri 373-cü ildə bizim dövrümüzdə həmin qruplardan kimsə qalmamışdır».
Söhbətimizin davamında imam Həsən Əsgərinin (ə) şəhadətindən sonra meydana çıxmış firqələrlə tanış olacağıq.
İMAM HADİNİN (Ə) OĞLU CƏ’FƏRİN İMAMLIĞINA E’TİQAD
İmam Həsən Əsgəridən sonra onun qardaşı Cə’fərin imamlığına inanlar dörd qrupa bölündülər:
Bir qrup dedi ki, imam Həsən Əsgərinin (ə) qardaşı imamdır. Onlar bu əqidələrinə əsas olaraq imam Həsən Əsgərinin (ə) vəsiyyətini yox, imamdan sonra övladının qalmamasını əsas götürürdülər. Onlar çarəsizlikdən Cə’fərin imamətə çatdığını qəbul edirdilər.
Bə’ziləri isə iddia edirdilər ki, imam Həsən Əsgəri (ə) Cə’fərin imaməti barədə vəsiyyət etmiş və onu öz canişini tə’yin etmişdir. Bu firqə də bə’zi başqa firqələr kimi Cə’fəri on ikinci imam sayırdı.
Bə’ziləri isə Cə’fərin atasından irsi olaraq, imamət qazandığını iddia edirdilər. Onlar hətta imam Həsən Əsgərinin (ə) övladı olmadığını güman edərək onun özünün də imamətini yanlış sayırdılar. Bildirirdilər ki, imam yalnız övladı olan şəxs ola bilər. Belə bir qənaətə gəlirdilər ki, imam Hadidən (ə) sonra onun canişini Cə’fər olmalı imiş. Beləcə Cə’fər on birinci imam kimi qəbul edilirdi.
Bə’ziləri isə iddia edirdilər ki, imamlıq Cə’fərə atasının dövründə həyatını dəyişmiş qardaşı Məhəmməddən irs qalmışdır. Guya imam Hadi (ə) vəsiyyət edibmiş ki, ondan sonra oğlu Məhəmməd imamət məqamına çatasıdır. Amma Məhəmməd vəfat etdiyindən çarəsiz qalan imam vəsiyyətini öz az yaşlı qulamı Nəfisə etmişdir. Guya imam Hadi (ə) müsəlmanların ehtiyaclı olduğu kitabları, bilikləri, döyüş ləvazimatlarını ona vəsiyyət etmişdir və tapşırmışdır ki, əgər imam Hadi (ə) dünyasını dəyişsə, bütün bunları qardaşı Cə’fərə versin.
Bu insanlar imam Həsən Əsgərinin (ə) imamlığını qəbul etməmişlər. Onların nəzərincə, imam Hadi (ə) imam Həsən Əsgərini (ə) yox, digər oğlu Məhəmmədi on birinci imam tə’yin etmiş və Cə’fərin canişinliyini təsdiqləmişdir.
İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) DİGƏR BİR OĞLUNUN İMAMLIĞINA E’TİQAD
Bu qrup da dörd hissəyə bölünür:
Bə’ziləri bu əqidədə olmuşlar ki, imam Həsən Əsgərinin (ə) Əli adlı bir oğlu olmuşdur. İmam (ə) Əlinin canişinliyini vəsiyyət etdiyindən on ikinci imam, eləcə də, Mehdi-Qaim Əli sayılmalıdır.
Bə’zilərinin əqidəsinə, imam Həsən Əsgərinin (ə) vəfatından səkkiz ay sonra gəlmiş oğlu on ikinci imamdır.
Başqa bir qrup inanırdı ki, imam Həsən Əsgəridən (ə), Allahın məsləhəti ilə o vaxt dünyaya gəlməmiş bir oğlu qalmışdır. Anasının bətnində olan bu uşaq Allahın əmri ilə yüz illər anasının bətnində qalıb, sonra dünyaya gələ bilər.
Bə’zilərinin əqidəsinə görə, imam Həsən Əsgəridən (ə) sonra onun Məhəmməd adlı oğlu imam olmuşdur. Guya bu şəxs dünyasını dəyişmiş və zamanında yenidən dirilib qiyam edəsidir.
İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) İMAMƏTİNİN DAVAMINA İNANANLAR
Belə bir əqidədə olanlar da iki qrupa bölünmüşlər:
1. Bir qrup iddia edirdi ki, imam Həsən Əsgəri (ə) sağdır və Mehdi də o özüdür. Guya imamın heç bir övladı olmadığından o özü qeybə çəkilmişdir.
Bu insanların fikrincə, əgər imam dünyasını dəyişərkən onun övladı qalmamışdırsa, demək, o özü Mehdidir. Guya müsəlmanlar onun sağ olduğuna inanmalı və intizarını çəkməlidirlər.
2. İkinci bir qrup inanırdı ki, imam Həsən Əsgəri (ə) dünyasını dəyişmişdir və sonra yenidən dirilmişdir. Guya rəvayətdə bildirilir ki, öldükdən sonra yenidən dirilən bir imam qaimdir. Onların nəzərincə, əgər imam Həsən Əsgərinin (ə) canişini qalmamışdırsa, demək, o özü sonuncu imam idi. Guya imam dünyasını dəyişdikdən sonra yeni bir həyata başlamış və gözlərdən gizli qalmışdır. O bir vaxt zühur edib dünyanı ədalətlə doldurasıdır.
Bu firqənin digər firqələrdən fərqi odur ki, onlar imamın dünyasını dəyişdikdən sonra diriləcəyinə e’tiqad etmişlər. Hansı ki, əvvəlki qruplar imamın dünyasını dəyişmədən qeybə çəkildiyini iddia edirdilər.
İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) QARDAŞI MƏHƏMMƏDİN İMAMLIĞINA E’TİQAD
Bu insanlar inanırdılar ki, imam Hadidən (ə) sonra onun oğlu Məhəmməd canişin olmuşdur. Onlar imam Həsənlə (ə) imam Hüseyni (ə) istisna edərək, iki qardaşın imam olmasını mümkünsüz sayırdılar.
Onlar Cə’fəri imamət məqamına layiq saymırdılar, onun ədalətsiz olduğunu bildirirdilər.
İmam Həsən Əsgərinin (ə) isə övladı olmadığı üçün imamət məqamına layiq bilmirdilər. Ona görə də bu qrupdan olanlar Cə’fərin və imam Həsən Əsgərinin (ə) yox, onların digər bir qardaşı Məhəmməd ibn Əlinin canişinliyini iddia edirdilər. Bu şəxsin həm övladı olmuşdu, həm də özü ləyaqətli bir insan idi. Bu əsasla da onu imam Mehdi (ə) sayırdılar. Onun diri olduğunu və bir zaman zühur edəcəyini iddia edirdilər.
ON BİRİNCİ İMAMA E’TİQAD
Bir qrup şiə bildirirdi ki, imam Həsən Əsgərinin (ə) vəfatından sonra imamət məsələsi şübhəli qaldığından, Cə’fərin və ya başqa bir şəxsin imam olduğu bilinmədiyindən, şübhələrdən yaxa qurtarmaq üçün imam Həsən Əsgərinin (ə) imamətində dayanmaq lazımdır.
DURĞUNLUQ (FƏTRƏT) DÖVRÜNƏ E’TİQAD
Bir dəstə şiə belə düşünürdü ki, imam Həsən Əsgərinin (ə) imamətindən sonra ilahi höccətlər düzümü arasında fasilə yaranmışdır. Onlar yer üzündə ilahi höccətin olmamasını mümkün sayırdılar. Bildirirdilər ki, həzrət İsa və İslam Peyğəmbəri arasında da ilahi höccət olmamışdır.
Bu insanlar imam Həsən Əsgərinin (ə) dünyasını dəyişməsinə inanırdılar. Sadəcə, ondan sonra kimsənin canişin olduğunu qəbul etmirdilər. Dəlil göstərirdilər ki, həzrət Peyğəmbərdən də sonra bir peyğəmbər gəlməmişdir.
Əvvəldə qeyd etdiyimiz kimi, imam Həsən Əsgəridən (ə) sonra meydana çıxmış bütün bu firqələr zaman keçdikcə on birinci imamın övladı olduğundan xəbər tutdular. Hazırda bu firqələr haqqında yalnız kitablarda yazılmışdır.
DÖRD NAİB («NƏVVABE-ƏRBƏƏ»)
İmam Mehdi (ə) kiçik qeyb dövründə dörd şəxsi özünə xüsusi naib seçib, şiələrə təqdim etmişdir. Bu dörd şəxs əvvəlki imamların səhabələrindən və təqvalı şiə alimlərindən olmuşlar. Dörd naiblə tanış olaq: Osman ibn Səid Əmri, Məhəmməd ibn Osman ibn Səid Əmri, Hüseyn ibn Ruh Növbəxti, Əli ibn Məhəmməd Səməri.
Şiələr bu dörd səfir haqqındakı mə’lumatların əksərini Şeyx Tusinin «Əl-ğeybət» kitabından götürmüşlər. Şeyx Tusi öz növbəsində iki mənbəyə istinad etmişdi. Bu kitablardan biri Məhəmməd ibn Osman ibn Səid Əmrinin qızı Ümmü-Gülsümün oğlu İbn-Bərinənin kitabıdır. İkinci kitab Əhməd ibn Nuhun «Əxbarul-vukəlail-ərbəə» əsəridir. Uyğun iki kitab hansı səbəblərdənsə məhv olub getmişdir. Təəssüf ki, Şeyx Tusi və digər alimlər dörd səfirin həyatı haqqında olduqca az mə’lumat vermişlər. Bu səbəbdən də imam Mehdinin (ə) dörd xüsusi səfirinin həyatı haqqında ətraflı mə’lumat əldə etmək mümkün deyil. Mənbələrdəki mə’lumatların imkan verdiyi qədər bu səfirlər haqqında dörd başlıq altında söhbət aparacağıq:
Dörd naib;
Dörd naibin seçilmə me’yarı;
Naiblərin şiələrlə rabitə yolu;
Dörd naibin vəzifələri və məs’uliyyətləri.
Dörd naibdən biri: Əbu Əmr, Osman ibn Səid Əmri
Osman ibn Səid Əmri imam Mehdinin (ə) ilk xüsusi nümayəndəsi və səfiri olmuşdur. Bu şəxs şiələr arasında xüsusi məqama malik idi. Onu «Əsədi» kimi tanıyırdılar. Çünki o bəni-Əsəd qəbiləsindən idi.
Anasının babası Əmri adlandırıldığından bu səfirə Əmri də demişlər. Bundan əlavə, imam Həsən Əsgəri (ə) buyurmuşdur: «Əbu-Əmr əvəzində Əmri deyin». Bu səbəbdən də səfir Əmri adı ilə məşhurdur.
Əsgər və ya Samirrada yaşadığına görə ona Əsgəri də demişlər.
Onun yağsatan kimi tanınmasının səbəbi öz siyasi fəaliyyətlərini pərdələmək məqsədi ilə yağ satmaqla məşğul olmasıdır. Əmri şiələrdən qəbul etdiyi dini ödəncləri yağ qablarında gizlədər və bu yolla imam Həsən Əsgəriyə (ə) çatdırardı.
Şeyx Tusi öz «Rical» kitabında Osman ibn Səidi həm imam Hadinin (ə), həm də imam Həsən Əsgərinin (ə) səhabələrindən saymışdır. Kəşşi Osmanın keçmişi haqqında yazır: «O, on bir yaşından imam Hadiyə (ə) xidmət etmişdir».
Bir şey aydındır ki, Osman ibn Səid Əmri yeniyetmə dövründən əhli-beytə xidmət iftixarı qazanmışdır. O bir neçə imama xidmət etmiş, imam Hadinin (ə) vəkili olmuş, imam Hadinin (ə) ömrünün son on ilində vəkalət qurumuna rəhbərlik etmişdir. İmam Həsən Əsgərinin (ə) vəkillərinin rəisi də Əmri olmuşdur. Şiələrin vəkillər vasitəsi ilə imam Həsən Əsgəriyə (ə) göndərdiyi dini ödənclər Osmana təhvil verilmiş, o da öz növbəsində bu əmanətləri imama çatdırmışdır. Növbəti mərhələdə Osman imam Mehdinin (ə) xüsusi naibi məqamına çatmışdır.
Şeyx Tusi bu barədə yazır: Əhməd ibn İshaq ibn Sə’d Qummi deyir: «Bir gün imam Hadinin (ə) xidmətinə gedib ərz etdim ki, mən tez-tez uzaqda olduğumdan öz şər’i suallarıma cavab ala bilmirəm. Soruşdum ki, kimin sözünü qəbul edim və kimə itaət göstərim? İmam (ə) buyurdu: «Əbu-Əmr (Osman ibn Səid) e’tibarlı şəxsdir. Mən ona e’timad edirəm. O, sizə nə deyirsə, mənim tərəfimdən deyir».
İmam Hadi (ə) dünyasını dəyişdikdən sonra imam Həsən Əsgərinin (ə) xidmətinə gedib eyni sualla ona müraciət etdim. İmam Həsən Əsgəri (ə) atası imam Hadinin (ə) dediklərini təkrarladı və buyurdu. «Əbu-Əmr həm əvvəlki imamların, həm də mənim e’tibar etdiyim bir şəxsdir. Məndən sonra da belə olasıdır. Sizə nə desə, mənim tərəfimdən deyir və sizə nə çatdırsa, mənim tərəfimdən çatdırır». Həzrətin Osman ibn Səid Əmri haqqındakı bu sözləri şiələr arasında məşhur idi. Əbdüllah ibn Cə’fər deyir: İmam Həsən Əsgərinin (ə) vəfatından bir neçə il sonra Allah evinin ziyarəti üçün Məkkəyə yola düşdük. Əhməd ibn İshaqla görüşdük və Osman ibn Səid Əmrinin onunla olduğunu gördük. Osman ibn Səid Əmriyə müraciətlə dedik: «Əhməd ibn İshaq bizim aramızda e’timad sahibidir. O, sizin məqamınız haqqında imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) dediyi sözləri bizə çatdırmışdır». Sonra həmin iki rəvayəti onun üçün zikr etdik. Osman ibn Səid Əmri imam Hadinin (ə) və imam Həsən Əsgərinin (ə) onun haqqında dediyi sözləri eşidib Allahın lütfünə şükür olaraq torpağa düşüb bu ne’mətə görə səcdə etdi. Bu səhnəni müşahidə edən Əhməd ibn İshaq və ətrafdakılar ağladılar.
Əbdüllah ibn Cə’fər deyir: Sonra onu Allaha və həmin iki imama and verib imam Mehdini (ə) görüb-görmədiyi barədə soruşdum. Onun gözləri doldu, ağladı və dedi: «Bəli, mən həzrəti görmüşəm. Onun xüsusiyyətlərini sənə deyirəm. Amma nə qədər ki, sağam, bu barədə kimsəyə heç nə danışma.
Şeyx Tusi yazır: «Osman ibn Səid Əmri imam Həsən Əsgərinin (ə) göstərişi ilə Yəmən şiələrindən toplanmış malı onlardan təhvil aldı. İmam Həsən Əsgəri (ə) Osmanın e’tibarına işarə edərək oradakılara dedi: «Bəli, şahid olun ki, Osman ibn Səid Əmri mənim vəkilimdir və onun oğlu Məhəmməd oğlum Mehdinin (ə) vəkili olacaq».
Başqa bir rəvayətə əsasən, imam Həsən Əsgəri öz canişinini e’tibarlı şiələrdən qırx nəfərinə tanıtdırdı. Bu adamlar arasında Hüseyn ibn Əyyub, Əli ibn Bilal, Əhməd ibn Hilal, Osman ibn Səid də vardı. Həzrət həmin qırx nəfərə müraciətlə buyurdu: «Artıq onu görə bilməyəcəksiniz». Sonra oradakılara tapşırdı ki, imam Mehdinin (ə) qeyb dövründə onun nümayəndəsi Osmana itaət etsinlər.
İmam Həsən Əsgərinin (ə) vəfatından sonra Osman ibn Səid Əmri ona qüsl verdi, kəfənlədi və dəfn etdi. Bütün bunlar onun uca məqamının sübutudur. İmam Mehdinin (ə) göstərişləri də Osman vasitəsi ilə şiələrə çatdırılırdı.
İmam Həsən Əsgərinin vəfatından sonra Qumdan və İranın digər nöqtələrindən bir qrup şiə Samirraya dini ödənc gətirdilər. Onlar Samirraya çatdıqda imam Həsən Əsgərinin (ə) dünyasını dəyişdiyini bildilər. Bir qrup şəxs onlara imamın qardaşı Cə’fəri canişin kimi tanıtdırdı və Cə’fər gətirilən malın ona verilməsini istədi. Cə’fər sualları cavablandıra bilmədiyindən hey’ət gətirdiyi əmanəti ona verməkdən imtina etdi. Şiələr Samirradan çıxdıqları vaxt imam Mehdinin (ə) nümayəndəsi onlarla görüşdü. Gətirilən malların nişanələri imam tərəfindən sadalandıqdan sonra onlar həmin əmanətləri həzrət Mehdiyə (ə) təhvil verdilər. İmam onlara bildirdi ki, bundan sonra Samirraya gəlməsinlər və onun Bağdaddakı nümayəndəsinə (Osman ibn Səid) müraciət etsinlər.
Osman ibn Səid imam Həsən Əsgərinin (ə) vəfatından sonra Samirradan Bağdada getdi və Kərx məntəqəsində sakin oldu. Osman ömrünün sonunadək sakin olduğu yerdə naiblik işinə məşğul oldu. O, imam Həsən Əsgərinin (ə) imaməti dövründə olduğu kimi müqəddəs nahiyəyə ünvanlanmış namələri, ödəncləri qəbul edirdi.
Şeyx Tusi bu barədə yazır: Sahibul-Əmrin (imam Mehdinin) göstərişləri Osman və onun oğlu Məhəmməd tərəfindən şiələrə çatdırılırdı. Bu göstərişlər imama ünvanlanmış sualların cavabı və zəruri məsələlər haqqında olurdu. İmamın məktublarındakı dəstxətt imam Həsən Əsgərinin (ə) məktublarındakı dəstxətt idi. Şiələr hər iki şəxsin ədalətli olduğunu qəbul edirdilər. Osman ibn Səid dünyasını dəyişdikdən sonra oğlu Məhəmməd ona qüsl verdi və onu dəfn etdi. Biz hicri 308-330-cu illərdə Bağdadda onu ziyarət edirdik. Sonradan həmin yeri Əbu-Mənsur ibn Fərəc tə’mir etdi və qəbrin üzərində günbəz tikildi. Ətrafdakılar onun ziyarətinə gələr və onda təbərrük axtarardılar. Deyirlər ki, bu saleh şəxs imam Hüseynin (ə) süd qardaşı olmuşdur.»
OSMAN İBN SƏİD ƏMRİNİN SƏFİRLİYİNİN DƏLİLLƏRİ
Deyilənlərdən mə’lum olur ki, Osman ibn Səid Əmri həzrət Mehdinin (ə) ilk səfiri və naibi olmuşdur. Çünki əvvəla, bu şəxs imam Həsən Əsgərinin (ə) evində xüsusi mövqeyə malik olmuş və həzrət onu e’tibarlı saymışdır. İkincisi, imam Həsən Əsgərinin (ə) qüsl və dəfn işləri bu şəxsin ixtiyarına verilmişdir. Hansı ki, şiələrin e’tiqadına görə imamı imam dəfn etməlidir. İmam Mehdi (ə) ixtifada olduğundan naibi onun nümayəndəsi olaraq bu işləri öhdəsinə almışdır. Üçüncüsü, həm imam Mehdi (ə), həm də imam Həsən Əsgəri (ə) Osmanın nümayəndəliyini bir qrup şəxsə bəyan etmişlər. Dördüncüsü, həzrətin namələri və göstərişləri Osman ibn Səid vasitəsi ilə çatdırılardı. Nəhayət, həzrətin nümayəndəsi olduğu vaxt onda kəramətlər görünmüşdü.
OSMAN İBN SƏİD ƏMRİNİN VƏFAT TARİXİ
Osman ibn Səid Əmrinin şiə tarixində mühüm rolu olsa da, onun ölüm tarixi mə’lum deyildir. Hər halda tarixçilər bu tarixi müəyyənləşdirmək üçün sə’y göstərmişlər. Haşim Mə’ruf Həsəni yazır: «Osman ibn Səidin səfirliyi hicri 265-ci ilədək davam etdi». Amma bu mə’lumat verilərkən heç bir mənbə göstərilmir. Cavad Əli yazır: «On ikinci imamın qeybindən iyirmi il sonra onun ilk səfiri dünyasını dəyişdi. (hicri 270-ci il)».
Bə’ziləri bildirirlər ki, Osman ibn Səid Əmri imam Həsən Əsgəridən (ə) sonra və hicri 267-ci ildən qabaq vəfat etmişdir. Çünki yalandan naiblik iddiasına düşmüş Əhməd ibn Hilal həqiqi naib Məhəmməd ibn Osmanla müxalifətçilik etmiş, onun səfirliyini qəbul etməmişdir. Bu şəxs hicri 267-ci ildə ölmüşdür. Demək, Osman ibn Səid Əmrinin vəfatı bu tarixdən əvvələ təsadüf edir.
source : الشیعه