Azəri
Monday 20th of May 2024
0
نفر 0

Əbu Talibin imanı barəsində ümumi görüşlər





İslam tarixi boyunca alimlər arasında Əbu Talibin mömin olması barədə fikir çox geniş surətdə yayılmış və dönə-dönə təsdiq edilmişdir. Mötəzili kəlam məktəbinə mənsub olmuş İbn Əbil-Hədid «Nəhcu`l-bəlağə»yə yazdığı şərhdə qeyd edir: «Əbu Talibin imanı mövzusu alimlər arasında mübahisəli məsələdir. Bütün imamiyyə şiələri (yəni cəfəri məzhəbinin ardıcılları), habelə zeydilərin (şiəliyin bir qoludur) əksəriyyəti onun müsəlman halda dünyadan getdiyini təsdiq edir. Həmçinin, bizim şeyxlərin (yəni mötəzili alimlərinin) də bir hissəsi, məsələn, Şeyx Əbu`l-Qasim Bəlxi, Əbu Cəfər Əskafi və b. bu əqidədədirlər» («Şərhu-Nəhcu`l-bəlağə», cild 14, səh. 65).

Məşhur əhli-sünnə alimi İbn Əsir Şafii «Əl-Cameu`l-usul» kitabında yazır ki, Əbu Talibin mömin olması məsələsində Əhli-beyt icma etmişdir (yəni hamılıqda bunu təsdiq etmişdir) (Qazi Nurullah Şüştəri - «Məcalisu`l-muminin», cild 1, səh. 163).

Həmçinin, cəfəri məzhəbli məşhur alimlər Şeyx Mufid («Əvailu`l-məqalat»), Şeyxu`t-taifə Tusi («Tibyan» təfsiri), Əllamə Təbrisi («Məcməu`l-bəyan» təfsiri), Seyyid ibn Tavus («Təraif»), Əllamə Məclisi («Biharu`l-ənvar») və b. öz adı çəkilən əsərlərində Əbu Talibin mömin olduğu barədə cəfəri aləminin icma etdiyini yazmışlar.

Əbu Talibin mömin və müsəlman olması elə məlum və məşhur həqiqətlərdəndir ki, bu mövzuda həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən 30-a yaxın müstəqil kitab qələmə alınmışdır. Bu kitablardan 19-nun adını mərhum Əllamə Əmini «Əl-Ğədir» kitabının 7-ci cildində (səh. 401-403) siyahı şəklində vermişdir. Əbu Talibin mömin olduğu barədə müstəqil kitab yazmış müəlliflərin zaman etibarilə ilki Səd ibn Abdullah Əşəri Qummi (vəf. hicri 299-301) sayılır. Bu müəlliflərin sırasında Şeyx Mufid (vəf. 419 hijri), Əbu`l-Fəzail Əhməd ibn Tavus (vəf. 673 hicri; bu, «Təraif» kitabının müəllifi Seyyid ibn Tavusun qardaşıdır), Əbu Səid Məhəmməd Xuzai Nişaburi (məşhur təfsirçi Əbu`l-Futuh Razinin babasıdır), Seyyid Hüseyn Təbatəbai Yəzdi Hairi (vəf. 1307 hicri), Şəmsu`l-uləma Mirzə Məhəmməd Hüseyn Gürgani və b. kimi məşhur din alimləri vardır.

Əbu Talibin kafirliyi barədə (!) nazil olduğu iddia edilən ayələr



Əbu Talibin kafir olduğunu iddia edən alimlər bunun üçün Quranın bəzi ayələrini dəlil gətirirlər. Bu ayələr aşağıdakılardır.

Birinci ayə:

«Başqalarını ondan uzaqlaşdırır, özləri də ondan uzaq durarlar; onlar yalnız özlərini həlak edər, lakin bunu anlamazlar» (Ənam, 26).

Bu ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçi Qurtubi nəql etmişdir. Bu zaman o, Peyğəmbərin əmisi oğlu Abdullah ibn Abbasa aid olunan bir rəvayətə əsaslanmışdır. Lakin ayənin bu cür izahı aşağıdakı səbəblər üzündən kökündən yanlışdır:

a) Bu rəvayət Abdullah ibn Abbasdandır, bilavasitə Peyğəmbərin dilindən söylənmir.

b) Ayənin məhz Əbu Talib barəsində nazil olması bu rəvayətdən başqa heç bir hədisdə söylənməmişdir. Rəvayətin sənədində İbn Abbasdan əvvəl gələn ravi – yəni Həbib ibn Əbu Sabit isə hədis alimləri tərəfindən etibarsız şəxs kimi tanınmışdır. Bir neçə məşhur rical alimi onu, hədisləri dəyişdirən, sözünə inanılması gərəkməyən şəxs kimi xarakterizə etmişdir. Deməli, bu məlumat heç bir əlavə sübutla təsdiq olunmadığından və bundan əlavə, rəvayətin özü də sənəd etibarilə zəif sayıldığından, ona əsaslanmaq və onun əsasında qəti hökm vermək olmaz.

c) Təfsirçilərin rəyinə görə, bu ayə hicrətdən çox-çox sonra, Mədinədə nazil olmuşdur. Bu zaman Əbu Talib artıq çoxdan vəfat etmişdi.

ç) Ayənin Əbu Talib barəsində nazil olduğunu təfsirçilər arasında yalnız Qurtubi qətiyyətlə müdafiə etmişdir. Demək olar ki, bütün sair müfəssirlər bunu bir nəzəriyyə kimi xatırlatmış, araşdırmalardın sonra bu qərara gəlmişlər ki, güclü ehtimala görə, ayə ümumilikdə Məkkə müşriklərinin başçıları barəsində nazil olmuşdur. Böyük nüfuza malik olan bu şəxslər həm özləri Peyğəmbərə mane olur, həm də əllərindəki imkanlardan istifadə edərək, başqalarını İslamdan uzaqlaşdırmağa çalışırdılar. Təbəri, İbn Kəsir, İmam Fəxr Razi, Əllamə Suyuti, Zəməxşəri və b. məşhur təfsirçilər öz əsərlərində məhz bu mövqedən çıxış etmiş, ayənin Əbu Talib barəsində nzil olması nəzəriyyəsini həqiqətə daha az uyğun saymışlar (ətraflı məlumat üçün Əllamə Əmininin «Əl-Ğədir» kitabının 8–ci cildinə müraciət edə bilərsiniz, səh. 3-8).

İkinci və üçüncü ayələr:

«Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbər və iman gətirənlərin onlardan ötrü şəfaət diləmələri yaramaz! » (Tövbə, 113).

«Şübhəsiz, sən sevdiyin şəxsləri hidayət edə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri daha yaxşı o bilir» (Qəsəs, 56).

Rəvayət olunan bir hədisə görə, bu iki ayənin Əbu Talibin vəfatı münasibətilə nazil olduğu bildirilmişdir. Halbuki, ətraflı araşdırma aparsaq, bu fikrin tamamilə həqiqətdən uzaq olduğunu görərik.

a) Əvvəla, bütün təfsir alimlərinin fikrincə, haqqında danışılan «Tövbə» surəsinin 113-cü ayəsi Məkkədə nazil olmuşlur, «Qəsəs» surəsinin 56-cı ayəsi isə Mədinə dövrünə – Məkkənin fəthindən sonrakı dövrə aiddir. Deməli, hər iki ayənin Məkkədə, Əbu Talibin vəfatı zamanı nazil olması barədə bu yeganə rəvayət, digər məşhur rəvayətlərlə tam ziddiyyət təşkil etdiyindən, etibarsız sayılır.

b) Hədisin sənədindəki ravilərdən biri Səid ibn Museyyibdir. Onun Əhli-beyt imamları ilə ədavəti isə tarixdə məşhurdur. Həzrəti Əlinin (ə) imaməti barəsində Səid ibn Museyyiblə Əlinin (ə) oğlu Ömərin arasında baş vermiş mübahisə İbn Əbi`l-Hədidin «Nəhcu`l-bəlağə»yə şərhində təsvir edilmişdir. Bu mübahisənin sonunda Ömər ibn Əli ibn Əbu Talib (ə) Səid ibn Museyyibi münafiq adlandırmışdır (bax: «Əl-Ğədir», cild 8, səh. 9).

İmam Zeynulabidin (ə) vəfat etdikdə Mədinənin bütün məşhur şəxsləri ona cənazə namazı qılmağı özlərinə şərəf saydılar, lakin Səid ibn Museyyib bundan imtina etdi. Cənazə namazına dəvət ediləndə Səid belə cavab vermişdi: «Bu şəxsin cənazə namazını qılmaqdansa, iki rükət adi namaz qılmaq mənə daha xoşdur!» (bax: «Əl-Ğədir», cild 8, səh. 9).

Əbu Talibin guya müşrik halda ölməsi və vəfat edərkən kəlmeyi-şəhadəti deməkdən imtina etməsi barədə rəvayətləri Əllamə Suyuti «Durru`l-mənsur» təfsirində bir neçə dəfə rəvayət etmişdir. Bu rəvayətlər Əbu Hüreyrənin, Abdullah ibn Ömərin və Abdullah ibn Abbasın dilindəndir; onların heç biri Peyğəmbərə istinadən deyildir və adı çəkilən üç nəfərin hər biri bu hadisəni sanki özləri görmüş kimi təsvir etmişlər. Lakin cüzi diqqət göstərsək, bunun həqiqətə qətiyyən uyğun olmadığını başa düşərik. Çünki Əbu Hüreyrə Peyğəmbərin ömrünün sonuna yaxın Yəməndən Mədinəyə gəlmiş və iman gətirmişdir; Əbu Talib vəfat edəndə Əbu Hüreyrə hələ müsəlman olmamışdı və heç Mədinədə deyildi. Həmçinin, Əbu Talib vəfat edərkən, Abdullah ibn Ömərin cəmi 7 yaşı vardı, Abdullah ibn Abbas isə ümumyyətlə körpə uşaq idi. Ona görə də bu üç nəfərin heç birinin rəvayətinə əsaslanmaq sağlam məntiqə uyğun gəlməz. Bundan əlavə, rəvayətlərin sənədində rast gəlinən Əbu Səhl Sirri və Əbdu`l-Quddus Əbu Səid Dəməşqi adlı ravilər rical alimləri tərəfindən «kəzzab» (yalançı) adlandırıl¬mışlar. Bu fakt həmin rəvayətlərin etibar dərəcəsini sıfıra endirir.

Deyilən dəlillərə əsasən, 3 ayədən (Ənam, 26; Tövbə, 113; Qəsəs, 56) heç birinin Əbu Talib barəsində nazil olması mötəbər fikir deyildir. Həm əsbabi-nüzul (ayələrin nazil olma səbəbləri), həm də rical (ravilərin şəxsiyyəti) elmləri vasitəsilə aydın olur ki, ayələrlə Əbu Talib arasında əlaqə yoxdur.


0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAM ALƏMİNDƏ İLK SAZİŞ
İmam Əli (ə)-ın şəhadəti
İRAQLILARIN MƏKTUB YAZMASI
İŞİD qanunsuz ticarəti internet üzərindən həyata keçirir
MÜAVİYƏNİN ZİYADI QARDAŞ ADLANDIRMASI
SÜLH SAZİŞİ
MÜAVİYƏNİN HAKİMİYYƏTİ
Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ

 
user comment