Azəri
Friday 19th of July 2024
0
نفر 0

İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar

İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar
İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.
Bə’ziləri İmam Həsən əleyhissəlamın həyatını və o günkü dövrün hadisələrini mütaliə edərək belə suallar irəli sürürlər ki nəyə görə İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh etmişdir? Məgər Əli əleyhissəlamın şəhadətindən sonra o Həzrətin şiələri və ardıcılları onun oğlu İmam Həsən əleyhissəlama bey’ət etməmişdilər? Yaxşı olmazdımı ki İmam Hüseyn (əleyhissəlam) qaldıran qiyamı, İmam Həsən (əleyhissəlam) elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi ya da şəhadəti ilə Müaviyənin hökumətini laxladardı.
Bu suallara cavab verməzdən qabaq üç məsələyə diqqət yetirmək lazımdır:
1. İmam Həsən əleyhissəlamın imamətindən qabaqkı mübarizələri
Tarix şahiddir ki İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.
İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə
İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi. Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı. İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əş’əri Kufənin Osman tərəfindən tə’yin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əş’əri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi.
İmam Həsən (əleyhissəlam) Siffeyn döyüşündə
İmam Həsən əleyhissəlamın Siffeyn döyüşündə də ordunu səfərbər edib Əli əleyhissəlamın başçılığı altına gətirməkdə böyük rolu olmuşdur. O Həzrət öz mətin və kəskin çıxışları ilə Kufə əhalisini Əli əleyhissəlamın ordusuna qoşularaq xainlər və İslam düşmənlərinə qarşı vuruşmağa də’vət edirdi.
İmam Həsən əleyhissəlamın haqq yolunda fədailiyi o dərəcədə idi ki Əli (əleyhissəlam) Siffeyn döyüşündə öz səhabələrinə deyirdi ki Həsən və qardaşı Hüseynin (əleyhimassəlam) mübarizə etməkdən qarşısını alın məbada onların ölümü ilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) nəsli kəsilə.
2. İmam Həsən əleyhissəlamın Bəni-Üməyyə ilə kəskin mübarizələri
İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
İmam Həsən əleyhissəlamın Müaviyə və onun əlaltıları ilə o cümlədən Əmr As Ütbə ibn Süfyan Vəlid ibn Ütbə Müğeyrə ibn Şü’bə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.
İmam Həsən (əleyhissəlam) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (əleyhissəlam) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhissəlamın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin həm də Müaviyənin dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.
Əli əleyhissəlamın şəhadətindən və İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli əleyhissəlamın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhissəlamın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam əleyhissəlama xəbər göndərdi ki Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (əleyhissəlam) ona cavab göndərdi ki mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.
İmam əleyhissəlamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mə’nanı vurğulayır.
3. İslamda sülhün qaydası
Nəzərə almaq lazımdır ki İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bə’zi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.
Biz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr Ühüd Xəndək və Hüneyndə döyüşürdüsə digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) Bəni-Zəmrə və Bəni-Əşcə’ eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.
Buna əsasən, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) o günlər bə’ziləri üçün mə’lum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı İmam Həsən (əleyhissəlam) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də, özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.
Bu mövzu (İmam Həsən əleyhissəlamın sülhü) pis mə’nada başa düşülməməlidir. Əksinə o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.
İndi isə İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.
Qısa olaraq deməliyik ki əslində İmam Həsən (əleyhissəlam) öz istəyi ilə sülh etmədi əksinə o sülh etməyə məcbur oldu. Yə’ni vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki sülh etmək İmam Həsən (əleyhissəlam) üçün zəruri bir məsələyə çevrildi və o Həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki kim o Həzrətin yerində olub həmin şəraitdə olsaydı sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti həm də İraqın daxili vəziyyəti və habelə, İmamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.
Xarici siyasət nöqteyi-nəzərindən
O vaxtkı xarici siyasət nöqteyi-nəzərindən müsəlmanların bir-biri ilə vuruşması İslam aləminə heç bir fayda verməyəcəkdi. Çünki İslamdan güclü zərbələr alan Şərqi Roma imperiyası bu məğlubiyyətlərin əvəzini çıxmaq və özünü İslam nüfuzundan azad etmək üçün münasib bir fürsət axtarırdı. İmam Həsən əleyhissəlamın Müaviyə ilə vuruşmaq istədiyini eşidən Roma imperiyasının başçıları belə fikirləşdilər ki öz məqsədlərini həyata keçirmək üçün ən yaxşı fürsətdir. Buna görə də, müsəlmanlardan əvəz çıxmaq böyük bir ordu ilə İslam ölkəsinə hücum etmək qərarına gəldilər. Belə bir vaxtda vəzifəsi İslamın əsasını qorumaq olan İmam Həsən (əleyhissəlam) kimi bir şəxsiyyət bu təhlükəni İslam ölkəsindən dəf etmək üçün ruhu sıxıntılı və düşüncəsiz insanların tə’nələri ilə nəticələnməsinə baxmayaraq sülhü qəbul etməkdən başqa bir yol seçə bilərdimi?
Görkəmli tarixçi Yə’qubi yazır: «Müaviyə (İmam Həsən əleyhissəlamla sülh bağlayıb) Şama qayıdandan sonra ona xəbər çatdı ki Roma imperatoru İslam ölkəsinə hücum etmək məqsədilə böyük və nizamlı bir ordu ilə Romadan çıxmışdır. Müaviyənin belə böyük bir ordu ilə üzləşməyə imkanı olmadığından onlarla sülh bağlayıb yüz min dinar Şərqi Roma imperatoruna verməli oldu.» Bu tarixi sənəd göstərir ki iki müsəlman dəstənin bir-biri ilə döyüşmək istədiyi bir vaxtda onların müştərək düşməni - Roma imperiyası bu fürsətdən istifadə edib onlara hücum etməyə hazırlaşmışdı. Təbii ki belə bir vəziyyət də İslam ölkəsini çox ciddi bir təhlükə ilə üzləşdirirdi. Əgər belə bir vaxtda İmam Həsən (əleyhissəlam) qoşun çəkib Müaviyə ilə vuruşsaydı bu döyüşdə nə İmam Həsən (əleyhissəlam) qalib gələcəkdi nə də Müaviyə. Əksinə bu döyüşdə qalib gələn tərəf Şərqi Roma imperiyası olacaqdı. Ancaq bu təhlükə İmamın uzaqgörənliyi tədbir və güzəştə getməsi nəticəsində dəf oldu. İmam Baqir (əleyhissəlam) İmam Həsən (əleyhissəlam)ın sülhünə irad tutan bir nəfərə buyurdu ki əgər İmam Həsən (əleyhissəlam) sülh etməsəydi İslamı böyük təhlükə gözləyirdi.
Daxili siyasət nöqteyi-nəzərindən
Hamıya mə’lumdur ki hər hansı bir rəhbər və ya başçı döyüş meydanında düşmənə qalib gəlmək istəyirsə gərək güclü və hazırlıqlı orduya malik olsun. Lakin belə bir orduya malik olmadan döyüşə girmək biabırçı məğlubiyyətdən başqa heç bir nəticə verməyəcək. İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini daxili siyasət nöqteyi-nəzərindən araşdırdıqda, gözə çarpan əsas səbəb məhz belə bir ordunun olmamasıdır. Çünki İraq camaatının xüsusilə də Kufə əhalisinin İmam Həsən əleyhissəlamın dövründə nə ruhən döyüşə hazırlığı var idi nə də ordu təşəkkül tapa bilmişdi.
Döyüş yorğunluğu
Cəməl Siffeyn və Nəhrəvan döyüşləri həmçinin Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan sonra İraq Hicaz və Yəməndə baş verən və bir çox tələfatlarla nəticələnən Əli əleyhissəlamın və Müaviyənin qoşunları arasındakı qırğınlar Əli əleyhissəlamın dostlarının əksəriyyətində yorğunluq əmələ gətirmiş onlar daha döyüşməmək və sülh etmək fikrinə düşmüşdülər. Çünki onlar Əli əleyhissəlamın beş illik hakimiyyəti dövründə başdan-başa müharibələrdə olmuşdular. Digər tərəfdən də onların döyüşü heç də yadelli işğalçılara qarşı deyil əksinə dünən onlarla qardaş olub bu gün Müaviyənin ordusuna qatılmış adamlarla olmuşdu.
İraq camaatı bəhanələr gətirməklə Şam ordusunun Hicaz Yəmən və İraqda törətdikləri vəhşiliklərinə qarşı vuruşmaq üçün ordunu göndərməkdə tənbəllik edib başlarının dinc olması ilə əslində döyüşdən yorulduqlarını bildirirdi. İraq camaatının Əli əleyhissəlamın yenidən qüvvə toplayıb Siffeyn döyüşünə də’vətini gec qəbul etməsi bu yorğunluğa açıq-aşkar bir nümunədir. Doktor Taha Hüseyn Əbu Musa Əş’əri ilə Əmr As arasındakı danışıqlardan və Siffeyn döyüşünün sonundakı vəziyyətin gərginləşməsini qeyd etdikdən sonra yazır: «Sonra Əli (əleyhissəlam) Şama hücum etmək qərarına gəldi. Lakin ordusundakı münafiqlər – “Kufəyə qayıdıb işlərimizi səliqə-sahmana salaq ondan sonra bir az da çox qoşunla düşmənin üstünə hücum edərik” – dedilər. Əli (əleyhissəlam) onlarla birgə Kufəyə gəldi və bir daha döyüşə getmədi. Çünki ordusunda olanların hər biri öz evinə dağılışıb şəxsi işlərilə məşğul olmağa başladılar. Döyüşmək üçün o qədər səhlənkarlıq edib süstləşdilər ki Əli (əleyhissəlam) artıq onlara qarşı naümid oldu. Əli (əleyhissəlam) daima onları cihada də’vət edir və bunu dəfələrlə təkrar edirdi ancaq onlar İmamın də’vətini nə eşidir nə də qəbul edirdilər. Hətta iş o yerə çatmışdı ki Əli (əleyhissəlam) bir gün xütbələrinin birində buyurdu: «Öz asiliyinizlə mənim əmrimdən çıxdınız. Hətta iş o yerə çatdı ki Qüreyş dedi: Əbutalibin oğlu şücaətli kişidir ancaq döyüşməkdən xəbəri yoxdur. Allah babalarına rəhmət eləsin kim döyüşməyi məndən yaxşı bilir?»
Əli (əleyhissəlam) şəhadətə yetişdikdən sonra onun yerinə İmam Həsən (əleyhissəlam) hakimiyyətə gəldikdə, bu məsələ daha da qabarıq surətdə aşkar oldu. Xüsusilə İmam (əleyhissəlam) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa də’vət edəndə onlar İmam əleyhissəlamın də’vətini çox gec qəbul etdilər.
Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsən əleyhissəlama yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa də’vət etdi. İmam (əleyhissəlam) bildirdi ki səbirli olmaq fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam Həsən (əleyhissəlam) camaatın ruhiyyəsindən xəbərdar olduğundan onların bu də’vətə qarşı müsbət cavab verməməsindən nigaran idi. Elə belə də oldu. İmam (əleyhissəlam) camaatı döyüşə də’vət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi İmamın sözlərini təsdiq edən bir nəfər də tapılmadı. Bu hadisə o qədər təəssüfləndirici və acınacaqlı idi ki məclisdə hazır olan Əli əleyhissəlamın şücaətli səhabələrindən biri camaatı bu səhlənkarlıqlarına görə möhkəm danladı və onları yalançı qəhrəmanlar qorxaq və şücaətsiz insanlar kimi qələmə verərək onları İmamla birgə Şam ordusuna qarşı vuruşa çağırdı. Bu tarixi sənəd İraq camaatının döyüşdən nə qədər yorulduqlarını onlardakı mübarizə və döyüş ruhiyyəsinin ölməsini çox yaxşı bəyan edir. Onlar döyüşməyə hazır deyildilər. Nəhayət İmam Həsən əleyhissəlamın yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən (əleyhissəlam) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmam əleyhissəlamın ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər İmamın başına toplaşdı. Buna görə də, İmam (əleyhissəlam) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı.
Müxtəlif ünsürlü cəmiyyət
Yuxarıda deyilənlərdən əlavə, o dövrün İraq camaatı mütəşəkkil və vahid deyildi. Əksinə cəmiyyət müxtəlif ünsürlü və bir-biri ilə zidd olan dəstələrdən təşkil olunmuşdu. Belə ki bə’zi vaxtlar bu dəstələr bir-biri ilə heç cür yola gedə bilmirdilər. Bir dəstə çox təhlükəli olan Əməvilər sülaləsinin tərəfdarı digər bir dəstə həm Əməvilərlə həm də İmam Həsən əleyhissəlamla vuruşmağı özlərinə vacib bilən xəvaric dəstəsi başqa bir dəstə müxtəlif yerlərdən gəlib İraqda məskunlaşmış və sayı iyirmi min nəfərə çatan qeyri-ərəb müsəlmanlar başqa bir dəstə də əqidəsi sabit olmayan İmam Həsən əleyhissəlamla Müaviyə arasında hansı birinin üstün olmasında şəkk edən insanlardan ibarət idi. O dövrün İraq və Kufə əhalisi bu dəstələrdən təşkil olunmuşdu. Bunlardan fərqli olaraq digər bir dəstə də Əli əleyhissəlamın həqiqi dostları idi.
Pərakəndə ordu
Əhali arasındakı bu dəstələr təbii ki İmam Həsən əleyhissəlamın ordusunda da yayılmış ordunu pərakəndə hala gətirib çıxarmışdı. Buna görə də, xarici düşmənlərə qarşı mübarizədə belə bir orduya arxalanmaq heç cür mümkün deyildi.
Şiə məzhəbinin böyük ustadı mərhum Şeyx Müfid və başqa tarixçilər İmam Həsən əleyhissəlamın ordusundakı bu təhlükə barədə belə yazırlar: «İraq əhalisi çox gec və süstlüklə İmam Həsən əleyhissəlamın ordusuna qoşuldu. İmam Həsən əleyhissəlamın təşkil etdiyi qoşun aşağıdakı dəstələrdən ibarət idi:
1) Əli əleyhissəlamın şiələrindən ibarət tərəfdarları;
2) Xəvaric; (Onlar Müaviyə ilə döyüşmək üçün bütün yollara əl atmışdılar. Onların İmam Həsən əleyhissəlamın dəstəsinə qoşulması Müaviyə ilə düşmənçiliklərinə görə idi.)
3) Dünyapərəst və mənfəətpərəst şəxslər; Bunlar da özlərinə maddi mənfəət əldə etmək üçün İmam Həsən əleyhissəlamın ordusuna qoşulmuşdular.
4) İkiürəkli və şəkk edən insanlar; Onların nəzərincə İmam Həsən (əleyhissəlam) kimi böyük bir şəxsiyyətin Müaviyədən elə bir üstünlüyü yox idi.
5) Nəhayət din xatirinə yox əksinə qəbilə düşmənçiliyinə görə və sadəcə olaraq öz qəbilə başçılarından itaət edib mübarizəyə qoşulanlar.
Beləliklə də, İmam Həsən əleyhissəlamın ordusu Müaviyə kimi bir düşmənə qarşı mübarizədə lazımi təşəkkülü tapmamış və pərakəndə şəkildə olmuşdu.
Canlı sənəd
O dövrün İraq əhalisinin pərakəndəliyini və camaatın döyüşə qarşı süstlüyünü, əslində heç kim İmam Həsən əleyhissəlamın özündən yaxşı bəyan edə bilməz. İmam Həsən (əleyhissəlam) ordusunun irəlilədiyi son məntəqə olan Mədaində çox geniş və ruhlandırıcı bir çıxış etdi. O sözlərinin əsnasında buyurdu: «Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bə’ziləri Siffeyn döyüşündə bə’ziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa deyin onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox əgər sağ qalmaq istəyirsinizsə deyin onda bu təklifi qəbul edib sizin razılığınızı tə’min edək.»
İmam əleyhissəlamın sözləri bu yerə çatanda hamı bir ağızdan biz yaşamaq istəyirik biz sağ qalmaq istəyirik– deyə qışqırdı.
Döyüş ruhiyyəsindən məhrum olmuş belə bir ordu ilə İmam Həsən (əleyhissəlam) Müaviyəyə qarşı necə mübarizəyə girişə bilərdi? Müxtəlif ünsürlü dəstələrdən təşkil olunmuş və kiçik bir qəflət nəticəsində özləri xətər törədə bilən bir ordu ilə qələbəmi əldə etmək olar? Fərz edək ki İmam Həsən (əleyhissəlam) deyil Müaviyə belə bir qoşuna başçılıq edir o İmam əleyhissəlamın gördüyü bu işdən (sülhdən) başqa bir iş görə bilərdimi?
Bəli bu səbəblər yığışıb İslam cəmiyyətini qəti təhlükənin iki addımlığına çatdırdı və çox acınacaqlı hadisələr əmələ gətirdi. İndi bunun şərhini sizin nəzərinizə çatdırırıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəhudilər bir daha Fələstin xalqına qarşı güc tətbiq etdi –
Suriya Milli Ordusu Dərada xeyli sayda terrorçunu məhv etdi
Bağışlanmış günah və qəbul olmuş yaxşılıq
Yəhudi ravvin Finkel İslam haqda nələrə etiraf etmədi, 2017-ci il
Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar

 
user comment