Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Sülh müqaviləsi və İmam Həsən əleyhissəlamın məqsədləri



İmam Həsən (əleyhissəlam) yuxarıda qeyd etdiyimiz səbəblərə görə Müaviyə ilə vuruşmağı İslam cəmiyyətinin ali məsləhətləri və İslamın qorunub saxlanmasının zərərinə görüb atəşkəs və sülhü qəbul etmək məcburiyyətində qaldığı üçün öz ali və müqəddəs məqsədlərini mümkün olduğu qədər sülh yolu ilə həyata keçirməyə çox çalışdı. Digər tərəfdən də Müaviyə sülhü bərqərar etmək və qüdrəti ələ keçirtmək üçün hər cür imkanatı İmam əleyhissəlamın ixtiyarında qoymuşdu. Hətta Müaviyə İmam (əleyhissəlam) üçün möhürlənmiş ağ bir kağız göndərib bildirdi ki, İmam (əleyhissəlam) ona nə yazsa, Müaviyə qəbul edəcək və razılıq əlaməti olaraq qabaqcadan öz möhrünü də vurmuşdu. İmam Həsən (əleyhissəlam) bu fürsətdən necə lazım idisə istifadə edərək İmam əleyhissəlamın ali məqsədlərindən hesab olunan əsas və mühüm məsələləri sülh müqaviləsində yerləşdirdi və Müaviyənin  dilindən sülh müqaviləsinə əməl edəcəyinə zəmanət aldı. Tarixi qaynaqlarda sülh müqaviləsinin mətni tam, mükəmməl və tərtiblə deyil, pərakəndə şəkildə verilmişdir. Hər tarixçi onun bə’zi maddələrini qeyd etmişdir. Ancaq bunların hamısını bir yerə yığdıqda, təxminən kamil şəkildə bir müqavilə düzəltmək olar. Kiçik bir baxışda İmam Həsən əleyhissəlamın sülh müqaviləsində qeyd etdiyi məsələlərə və onları həyata keçirməkdə etdiyi israr və tə’kidə nəzər salmaqla İmam Həsən əleyhissəlamın siyasi mübarizə zamanı düşməndən xal almaq üçün işlətdiyi fövqəl’adə tədbirini müşahidə etmək olar.

İndi sülh müqaviləsinin maddələrini ayrı-ayrılıqda araşdırmazdan qabaq beş maddədə cəmlənmiş sülh müqaviləsinin hamısını əziz oxucuların nəzərinə çatdırırıq.

Sülh müqaviləsinin mətni

Birinci maddə: Həsən ibn Əli (əleyhissəlam) hökuməti Müaviyəyə o şərtlə təhvil verir ki, Müaviyə hökuməti Qur’an qayda-qanunu və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etməlidir.

İkinci maddə: Müaviyədən sonra hökumət Həsən ibn Əli əleyhissəlamın ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsən əleyhissəlamın) başına bir iş gələrsə, Hüseyn ibn Əli (əleyhissəlam) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin tə’yin etməyə haqqı yoxdur.

Üçüncü maddə: Əmirəlmö’minin Əli əleyhissəlama namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lə’nətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin.

Dördüncü maddə: Kufə beytül-malında olan beş milyon dirhəm pul Müaviyənin hökumətinə verilməkdən istisna olunur və həmin pulu İmam Həsən əleyhissəlamın özü lazımi yerlərə sərf edəcək. Həmçinin, Müaviyə beytül-maldan ayrılan payda Bəni Haşimi Bəni Üməyyədən üstün tutmalıdır. Eləcə də Müaviyə Darabegərd şəhərinin xəracının bir milyon dirhəmini Əli əleyhissəlamın rəhbərliyi altında Cəməl və Siffeyn döyüşlərində şəhid olanların ailələri arasında bölüşdürməlidir.

Beşinci maddə: Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha tə’qib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Onları Müaviyənin hökumətinə qarşı keçmişdəki fəaliyyətlərinə görə axtarışa mə’ruz qoymamalı, xüsusilə keçmiş kin-kudurətə görə İraq əhalisinə əziyyət verilməməlidir. Bundan əlavə, Müaviyə Əli əleyhissəlamın dostlarını harda olursa olsunlar amanda saxlamalı və onların heç birinə əziyyət etməməlidir. Əli əleyhissəlamın şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa mə’ruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əli əleyhissəlamın şiələrindəki beytül-mal onların özlərində qalmalıdır.

Həmçinin, Həsən ibn Əli (əleyhissəlam) və qardaşı Hüseyn ibn Əli (əleyhissəlam) və eləcə də, Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.

Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam ə’yan-əşrafı buna şəhadət verdilər.

Beləliklə də, İmam Həsən (əleyhissəlam) hələ uşaq olarkən Peyğəmbərin (səlləllahu əleyhi və alih) gələcəkdən verdiyi xəbər həyata keçdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) bir gün İmam Həsən əleyhissəlamı (uşaq olarkən) minbərin başına çıxmış görüb buyurdu: «Mənim bu övladım müsəlmanların ağasıdır. Allah onun vasitəsilə iki müsəlman dəstə arasında sülh yaradacaq.»

İmam Həsən əleyhissəlamın Müaviyə ilə sülh etməkdə məqsədi

Dünyanın böyük şəxsiyyətləri, ölkə başçıları vəziyyətin öz məqsədləri ilə zidd olduğunu görüb iki yol ayrıcına çatanda, çalışırlar işi elə həll etsinlər ki, ziyanı az olsun. Bu da siyasi və ictimai gedişatda bir əsas kimi götürülmüşdür.

Bu məsələyə əsaslanaraq İmam Həsən (əleyhissəlam) da çalışırdı ki, öz yüksək məqsədlərini mümkün qədər tə’min etsin. Buna görə də, Müaviyə ilə sülh etmək məcburiyyətində qalanda müqavilənin birinci maddəsinə əsasən, hökuməti Müaviyəyə bu şərtlə təhvil verdi ki, Müaviyə hökuməti Qur’an qayda-qanunları və Peyğəmbərin (səlləllahu əleyhi və alih) sünnəsi əsasında idarə etsin. Mə’lumdur ki, İmam əleyhissəlamın məqsədi qüdrəti ələ almaq və İslam hökuməti təşkil verməklə yanaşı həm də cəmiyyətdə İslam qayda-qanununu qoruyub saxlamaq və cəmiyyətə bu qayda-qanun əsasında rəhbərlik etmək idi. Əgər bu qayda-qanun Müaviyə tərəfindən də icra olunsaydı, yenə İmam əleyhissəlamın məqsədi az da olsa tə’min olunardı. Buna əlavə olaraq ikinci maddəyə əsasən, Müaviyənin ölümündən sonra İmam Həsən (əleyhissəlam) İslam cəmiyyətinin rəhbərliyini azad şəkildə öz öhdəsinə götürə bilərdi. Müaviyənin otuz yaş İmam Həsən əleyhissəlamdan böyük olduğunu, o dövrdə artıq Müaviyənin qocalıq vaxtlarını keçirtməsini və adi halla onun ömrünün sonlarının yaxınlaşdığını nəzərə alanda, bu maddənin adi hesablamalar əsasında İslam və müsəlmanlar üçün nə qədər faydalı olduğu mə’lum olur. Müqavilənin digər maddələri də bu cür əhəmiyyət daşıyır. Çünki cümə namazında və eləcə də digər namazlarda Əli əleyhissəlamın rəsmi şəkildə heç bir qorxu olmadan lə’nətləndiyi, bu işin bir bid’ət kimi camaat arasında yayıldığı və Əli əleyhissəlamın şiə və dostlarının, eləcə də Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinin (qohum-əqrəbasının) hər yerdə tə’qib olunduğu və tutularaq cürbəcür təzyiqlərə mə’ruz qaldığı bir dövrdə bu işlərin bundan belə təkrar olunmayacağı barədə maddə yazıb onu Müaviyəyə qəbul etdirmək və Müaviyənin onlara əməl edəcəyi və’dini onun dilindən almağın nə qədər böyük nailiyyət olduğunu inkar etmək mümkün deyil.

Kufədə toplanış

Sülh müqaviləsi bağlandıqdan sonra tərəflər (İmam Həsən əleyhissəlamla Müaviyə) hərə öz ordusu ilə birlikdə Kufə şəhərinə gəlib şəhərin böyük məscidində bir yerə toplaşdılar. Camaat gözləyirdi ki, indi sülh müqaviləsinin maddələri hər iki tərəfin rəhbərliyinin iştirkı ilə camaat üçün oxunulacaq və daha onun icra olunacağında heç kimin şəkk-şübhəsi qalmayacaqdır.

Əlbəttə, camaatın bu intizarı heç də yersiz deyildi. Çünki camaat qarşısında çıxış etmək sülh proqramının əsaslarından biri idi. Buna görə də, Müaviyə minbərə çıxıb xütbəyə başladı. Ancaq o, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tə’nə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»

Daha sonra dedi: «Bunu bilin ki, Həsən ibn Əli əleyhissəlamla bağladığım sülh müqaviləsinin bütün maddələrini ayağım altına qoyub tapdalayıram və onların heç birinin dəyəri yoxdur.»

Beləliklə də, Müaviyə İmam Həsən əleyhissəlamla bağladığı sülh müqaviləsini ayağı altına saldı və onu açıqcasına pozdu.

Müaviyənin cinayətləri

Müaviyə bu siyasəti yürütdükdən sonra öz işlərini düzəltmək əvəzinə əksinə, cinayətlərini daha da artırdı. O, Əli əleyhissəlama əvvəlkindən daha çox hörmətsizlik etməyə başladı. Yaşayışı, Əli əleyhissəlamın vəfalı, böyük dost və şiələrinə həddən artıq darısqallaşdıraraq Hicr ibn Ədiyy kimi İslamın böyük şəxsiyyətlərini qətlə yetirdi. Əli əleyhissəlamın şiələrinə yönələn qətl, işkəncə və əzab-əziyyəti daha da şiddətləndirdi. Belə ki, Əli əleyhissəlamın əksər dostları ya tutulub həbs edilir, ya dərbədər düşür, ya da öz ev-eşiklərindən uzaq düşüb sıxıntılı mühitdə yaşayırdılar. Müaviyə təkcə Əli (əleyhissəlam) və şiələrinin hörmətinin qorunması maddəsini pozmaqla kifayətlənməyib  hətta Darabegərd məntəqəsinin xəracına da müqavilədə olduğu kimi əməl etmədi.

Təbəri bu barədə yazır: «Bəsrə əhalisi Darabegərdin xəracını verməyib dedi ki, bu mal bizim beytül-malın olub və bizə məxsusdur.»

İbn Əsir yazır: «Bəsrə əhalisi Darabegərd məntəqəsinin xəracını verməkdən boyun qaçırtdı. Onlar bu işi Müaviyənin göstərişi ilə etdilər.»

Xalqın oyanıb xəbərdar olması

Bir çox ardıcıl döyüşlər nəticəsində artıq vuruşmaqdan yorulub öz tayfa başçılarının sözü, Müaviyənin təbliğatçılarının hiyləgər tabliğatı və yağlı və’dələri ilə sülh etməyə razılaşan camaat nə vaxtsa oyanmalı idi. Onlar döyüşə qarşı yorğunluq göstərməklə, Müaviyənin yalan və yağlı və’dələrinə inanmaqla və kor-koranə öz tayfa başçılarının sözü ilə sülhü qəbul etməklə necə böyük səhvə yol verdiklərini anlamalı idilər. Bu isə təkcə bir yolla – öz gördükləri işin acınacaqlı nəticələrini görməklə mümkün idi. Bundan əlavə, müsəlmanlar Əməvi hökumətinin əsl və həqiqi sifətini görməli, onların cəmiyyətdə yaratdıqları çətinlikləri, məhrumiyyətləri, ardıcıl axtarışları və zülmləri öz gözləri ilə görməli idilər.

İmam Həsən əleyhissəlamın və onun ən yaxın dostlarının o həssas dövrdə həyata keçirmək istədiyi məsələ o idi ki, bu hadisələri olduğu kimi camaata göstərsinlər, camaatın ağıl və düşüncəsi nəticəsində onları Əməvi hökumətinin bu cür acınacaqlı işlərinin əleyhinə qiyama hazırlasınlar. Deməli, İmam Həsən (əleyhissəlam) sülh edibsə, bu ağır yükü boynundan atmaqdan ötəri sülh etməyib, əksinə ona görə sülh edib ki, mübarizəni başqa sahədə aparsın. Elə sülhdən sonra baş vermiş hadisələr də bu məsələyə kömək etdi və İraq əhalisini qəflət yuxusundan oyatdı. Təbəri yazır: «Müaviyə (sülh müqaviləsi bağlanandan sonra Kufə yaxınlığındakı) Nüxeylə adlı bir yerdə düşərgə saldı. Bu zaman xəvaricin bir dəstəsi Müaviyənin əleyhinə qiyam edib Kufə şəhərinə daxil oldu. Müaviyə Şam əhalisindən bir dəstəsini onlara qarşı vuruşmağa göndərdi, lakin xəvaric onları məğlubiyyətə uğratdı. Bundan sonra Müaviyə Kufə ordusuna xəbər göndərdi ki, xəvarici məhv etsinlər, əks təqdirdə Kufə əhalisi amanda olmayacaq.»

Beləliklə, Əli əleyhissəlamın və İmam Həsən əleyhissəlamın ordusunda vuruşmağa razı olmayan İraq əhalisi onların və xəvaricin müştərək düşməni olan Müaviyə tərəfindən xəvariclə vuruşmağa məcbur oldular. Bu da onu göstərir ki, camaat Müaviyənin hökumətində arzuladığı sülh və asayişə heç vaxt çatmamışlar.

Qorxu içində saxlamaq və aclıq siyasəti

Bundan əlavə, Müaviyə camaata qarşı insaniyyətdən uzaq olan bir siyasət də yeridirdi. Bu siyasəti qorxu içində saxlamaq və aclıq siyasətindən başqa bir şey adlandırmaq olmaz. O, bu yolla İraq əhalisini həyat səhnəsindən götürürdü. Müaviyə bir tərəfdən İraq əhalisini hər cür çətinliklər qarşısında qoyur, digər tərəfdən də onları öz hüquqlarından məhrum edirdi.

Sünni məzhəbinin görkəmli alimi ibn Əbil Hədid yazır: «Harada şiə var idisə, qətlə yetirilirdi. Bəni–Üməyyə tərəfindən şiə olduğunu ehtimal verən şəxslərin əl-ayaqları kəsilirdi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsinə məhəbbəti olanların hamısı ya həbs edilir, ya mal-dövlətləri müsadirə olunur, ya da evi viran edilirdi. Şiələrə qarşı təzyiqlər o qədər artmışdı ki, Əli əleyhissəlamı sevmək nisbəti küfr nisbətindən pis sayılırdı və onun ardınca acınacaqlı əzablar gözlənilirdi. Kin-küdurət doğuran bu siyasətin icrasında Kufə şəhərinin vəziyyəti hər yerdən pis idi. Çünki Kufə Əli əleyhissəlamın şiələrinin mərkəzi hesab olunurdu. Müaviyə Ziyad ibn Süməyyəni Kufənin valisi tə’yin etdi, sonradan Bəsrənin də hökumətini ona tapşırdı. Bir vaxtlar Əli əleyhissəlamın şiələrindən olan Ziyad onları çox yaxşı tanıyırdı. O, şiələri harada gizlənmişdilərsə, tapıb öldürdüyünü öldürdü, bə’zilərini hədələyərək əl-ayaqlarını kəsdi, gözlərini çıxartdı, xurma ağaclarının budaqlarından asdırdı və onları İraqdan didərgin saldı. Belə ki, daha şiənin tanınmış şəxsiyyətlərindən heç biri İraqda qalmadı.»

Kufə və Bəsrədə təzyiqlərin artması

Yuxarıda qeyd etdik ki, İraq əhalisi, xüsusən də kufəlilər hamıdan çox təzyiqlərə mə’ruz qalırdılar. İş o yerə çatmışdı ki, onlar öz e’tibarlı, inamlı dostlarının evinə get-gəl edib bir gizli söhbət etmək istədikdə, ev sahibinin xidmətçisindən qorxduqları üçün ondan xəbərçilik etməyəcəyi barədə and almayınca sözə başlamazdılar.

Müaviyə ölkənin bütün valilərinə məktub yazıb onlara tapşırdı ki, şiə və Əli (əleyhissəlam) övladlarının şəhadətini də qəbul etməsinlər.

O, məktubların birində belə yazır: «Əgər iki nəfər bir nəfərin şiə olduğuna şəhadət verərsə, dərhal onun adını beytül-maldan silin və onu hüququndan məhrum edin.»

Növbə ilə altı ay Kufədə, altı ay Bəsrədə vali olan Ziyad Bəsrədə olmadığı dövrdə öz işlərini Səmürə ibn Cündəbə tapşırırdı. Səmürə bu müddətdə (altı ayda) səkkiz min nəfəri qətlə yetirdi. Ziyad ona dedi: Qorxmursan ki, onların arasında biri günahsız olar? Səmürə dedi: “Onların iki bərabərini öldürsəm də, yenə qorxmaram.”

Əbu Səvar Ədəvi deyir: «Səmürə bir gün hamısı Qur’anı əzbərdən bilən qırx yeddi qohumumu öldürdü.»


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Misir Ordusu 241 terroristi öldürüb
Fəllucə şəhərin mərkəzi İŞİD-dən azad edildi
Oman Sultanlığı azanda “Əliyyən Vəliyyullah” (ə) kəlməsinin deyilməsini ...
İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib

 
user comment