Azəri
Thursday 28th of March 2024
0
نفر 0

QADINLA KIŞI ARASINDAKI FƏRQLƏR


II FƏSIL

QADIN VƏ KIŞININ VAHID XILQƏTI
Şübhəsiz ki, bəşəri xüsusiyyətlər baxımından qadın və kişi bir-birindən fərqlənmir. Yə`ni onların hər ikisi insandır və vahid insani xüsusiyyətlərə malikdirlər. Onların biri o birindən üstün və ya alçaq deyil. Bə`zi fəlsəfi cərəyanlar, məktəblər və məzhəblər qadını ikinci dərəcəli mövcud sayır. Qur`ani-kərim isə öz aşkar bəyanlarında qadının kişi cinsindən olduğunu və onların hər birinin o biri üçün zinət və aramlıq vasitəsi sayıldığını bildirir. Qur`an qadınla bağlı xurafi əqidələrin üzərindən xətt çəkir.
İslam və Qur`an baxımından qadın və kişi vahid bir xilqətə malikdir.
Tarix boyu qadınların mə`ruz qaldığı və onları bir çox hüquqlardan məhrum etmiş sıxıntıların kökü qadın vücudunun mahiyyəti ilə bağlı yanlış düşüncə tərzidir. Müxtəlif ailə mühitləri və cəmiyyətlərdə rastlaşdığımız bir çox kobud rəftarların və qarşıdurmaların səbəbi həmin yanlış baxışdır. Təəssüf ki, bütün cəmiyyətlərdə bu sayaq yanlış düşüncə və e`tiqadlar kök atmışdır. Yaxın zamanlaradək əksər avropa ölkələrində qadın ən ibtidai hüquqlardan məhrum idi. Müasir mədəniyyət qanunları əsasında qadınların bir çox hüquqları ayaq altına alınmışdı. Bə`zi ideologiyalarda, xüsusi ilə də xristianlıqda qadın insanda şübhə və tərəddüd yaradan şeytani bir mövcud kimi tanıtdırılır, kişilərin süqutunun əsas səbəbkarı kimi təqdim olunur. Bu sayaq düşüncə tərzinə hələ də əksər cəmiyyətlərdə təsadüf olunur. Bizim də əqidə və e`tiqadımızda Qur`an prinsiplərinə zidd olaraq bu sayaq xurafi münasibətlər görünməkdədir. Belə yanlış düşüncələrin zehinlərə yol tapması əməldə xoşagəlməz nəticələrlə sonuclanır.
Əgər kişi qadını vəsvəsəçil, şeytani və şər bir mövcud kimi tanısa, onu cilovlamağı özünə vəzifə biləcək, bu yolda qadını istənilən bir şəkildə sıxıntıya salmağı mümkün sayacaq. Keçmişdə bu sayaq ailə rabitələrinin nümunəsi çox olmuşdur. Həmin ailələrdə kişi ailənin himayəçisi kimi yox, müstəbid hakim kimi tanınırdı. Belə bir kişi üçün arvad-uşaq bir qul kimi idi. İndi də bə`zi ailələrdə bu sayaq münasibətlə rastlaşırıq. Belə ailələrdə yalnız qeyd-şərtsiz itaət dəyər sayılır. Ailədə kişiyə bu sayaq hərtərəfli, korkoranə və qulsayağı itaət mövcud olduqda onu, adətən, “patriarxal” adlandırırlar.
QADINLA MÜŞTƏRƏK HƏYATDA ILK ADDIM
Qadınla bu sayaq rəftar ilk növbədə ona sitəmkar baxışdan formalaşır. Keçmişdə bu münasibət o qədər sərt olmuşdur ki, hətta qadın özü də özünü dəyərsiz saymış, ər qarşısında hüquqlarını dərk etməmişdir. Qadına ifrat sərt münasibət “feminizm” adlı əks bir cərəyan doğurmuşdur. Bu, qadının kişi ilə tam bərabər olduğunu iddia edən ifrat bir cərəyandır.
Qur`ani-kərim bu sayaq yanlış e`tiqad və adətlərlə mübarizə üçün, harada böyük və pak bir kişidən söz açmışsa onunla yanaşı böyük və pak qadının adını çəkmişdir. Bəli, Qur`anda kişi və qadına münasibətdə tarazlıq gözlənilmiş, qadına mövcud münasibəti aradan qaldırmaq üçün qəhrəmanlıq dastanlarında kişilərlə yanaşı qadınlar da xatırlanmışdır.
Bizim səmavi kitab daim tə`kid edir ki, axirət mükafatı cinsdən yox, iman və əməldən asılıdır.
Demək, kamillik mərhələlərini keçmək üçün qadın kişi ilə eyni imkanlara malikdir. O düzgün tə`lim-tərbiyə aldıqda kamilliyin ali dərəcələrinə çata bilər. İslam tarixində pak və ali məqamlı qadınlar çoxdur.
Zülm-sitəmdən uzaq, yetərli ailə mədəniyyətinə nail olmaq üçün kişi düzgün düşüncə tərzinə yiyələnməli, bəşər tarixində kök atmış yersiz təəssüblərdən çəkinməlidir. Bu, kişinin qadınla müştərək həyatda atacağı ilk addımdır. Kişi qadını ilahi bir hədiyyə, həyat yoldaşı bilməlidir. Bilməlidir ki, hüquqi baxımdan qadın eynən onun kimidir. Qadını əskik saymaq, ona hakimlik fikrinə düşmək yolverilməzdir.
Qadına münasibətdə təhqiramiz təsəvvürə malik olmaq kişinin özünü üstün sayması ilə nəticələnir və bu ailə rabitələrinə çox mənfi tə`sir göstərir.
Nə qədər ki, bu sayaq düşüncə tərzi formalaşmamış və kişi qadını özü ilə bərabər mövcud saymır, ailə münasibətləri tənzimlənməyəcək. Bu sayaq düşüncə tərzi ailə rabitələrinin sağlamlaşdırılması yolunda kişilərin atacağı ən zəruri addımdır. Yalnız bu yolla Allahın və`d etdiyi mərhəmət və sevgiyə nail olmaq mümkündür. Əgər qadınla kişi arasındakı rabitələr ədalət və bərabərliyə əsaslansa, tərəflərdən biri o birinə həqarətlə baxmasa, onlar aram bir həyat sürəcəkdir. Bu o demək deyil ki, ailədə iş bölgüsü olmasın və hər kəs öz fitri və təbii xüsusiyyətlərinə uyğun məs`uliyyət daşımasın. Uyğun düşüncə tərzi kişinin ailədə müdiriyyət məs`uliyyətini azaltmır. Növbəti söhbətlərimizdə ailədə iş bölgüsü haqqında danışacağıq. Hələ ki, diqqət əsas məsələyə yönəldilməlidir:
Qadınla kişi arasında rabitənin əsasını anlaşma, təvazö, qarşılıqlı ehtiram, bir sözlə, yoldaşlıq təşkil edir.
Aydın məsələdir ki, yoldaşlıq və dostluq münasibətlərində bir tərəfin özünü üstün, qarşı tərəfi əskik sayması mümkün deyil. Dostluq varsa, tərəflər arasında qarşılıqlı ehtiram da var.
QADINLA KIŞI ARASINDA FƏRQLƏR
Xilqət baxımından qadınla kişi bərabər olsa da, onlar arasında müəyyən fərqlərin mövcudluğu göz qabağındadır. Dövrümüzün tanınmış psixoloqları, eləcə də, gündəlik təcrübə bu həqiqəti təsdiqləyir. Bir çox qərb psixoloqları qadınla kişi arasındakı fərqlərin siyahısını hazırlamışlar.
Tanınmış Amerika psixoloqlarından olan professor Riq qısa bir cümlə ilə uyğun mövzunu belə xülasələşdirir:
«Qadın dünyası kişi dünyasından tamamilə fərqlidir.»
Yə`ni bu iki cins bə`zi məqamlarda fərqli düşünürsə, bunun səbəbi onların fərqli dünyalara malik olmasıdır.
Uyğun fərqlər ikinci dərəcəli xüsusiyyətlərlə bağlı olduğundan cinslərin birini o birindən üstün etmir. Allah bu cinslərdən birinin o birini tamamlaması üçün onları incə bir şəkildə fərqli yaratmışdır. Bu fərqlər yaranışın əsrarəngiz sirlərindəndir və varlıq aləminin idarəsində hikmət dolu bir iradədən danışır. Bütün bunlar göstərir ki, yaranış aləmi məqsədli bir məcmudur.
Hər halda qadında onu kişidən üstün edəcək xüsusiyyətlər var. Kişidə də ona imtiyaz verən xüsusiyyət var. Hər bir tərəfin qarşı tərəfin xüsusiyyətləri ilə tanışlığı sağlam rabitələrin qurulması üçün zəruridir.
Ailə rabitələrindəki bə`zi ixtilafların səbəbi budur ki, kişi həyat yoldaşının onun kimi düşünməsini və ona məxsus maraqlara malik olmasını istəyir.
Başqa sözlə, kişi umur ki, həyat yoldaşı qarşıya çıxan problemlərə onun gözü ilə baxsın. Belə bir istək isə təbii ki, tə`min olunmur. Kişi yaddan çıxarır ki, qadın xilqət baxımından onunla bərabər olsa da, fərqli xüsusiyyətlərə malikdir. Qadının öz baxışı, meyilləri, həssaslıqları vardır. Qadının məsələlərə münasibəti kişidən fərqli də ola bilər. Əgər qarşılıqlı anlaşma məsələsinə qadın da kişi kimi baxarsa, xüsusi ilə ailə həyatının ilk illərində problemlər qaçılmazdır. Çünki həmin dövrdə tərəflərdən heç biri yetərli təcrübəyə malik olmur. Əslində onların məsələlərə fərqli münasibəti eyni bir giləmeyvəni ərəbin “inəb”, farsın “ənqur”, türkün “üzüm” adlandırması kimidir. Yə`ni problemin əsas səbəbi tərəflərin bir-birinin dünyasına yol tapmaması, ayrı-ayrı dildə danışmasıdır.
Qadınla kişi arasındakı fitri və təbii fərqləri nəzərə almadıqda insanda mənfi təsəvvürlər yaranır, ərlə arvad problemlərlə üzləşir. İnsani münasibətlərdə fərdlərin bir-birini tanıması, qarşı tərəfin baxışlarından və meyillərindən xəbərdarlıq mühüm məsələdir. Bu məsələdən xəbərdarlıq mövcud rabitələri xeyli möhkəmləndirir. Ailə münasibətlərində də eyni qayda müşahidə olunur. Tərəflər təkcə bir-birlərinin əxlaq, düşüncə və şəxsiyyətlə bağlı xüsusiyyətləri ilə tanış olmamalı, həm də belə bir həqiqəti qəbul etməlidirlər ki, qadın və kişi psixoloji baxımdan fərqli mövcudlardır. Tərəflərin baxışlarındakı uyğunsuzluqlar ailə rabitələrinə əhəmiyyətli tə`sir göstərir. Uyğunusuzluqları nəzərə almaq, mövcud fərdləri tanımaq üçün yetərli sə`ylər insanın qarşı tərəfdən anlaşılmasına səbəb olur və bir çox problemlər öz həllini tapır.
Deyilənləri nəzərə alaraq söhbətimizin bu hissəsində qadınla kişi arasındakı bə`zi fərqləri ehtiyacımız həddində nəzərdən keçiririk. Uyğun mövzu ilə bağlı ətraflı mə`lumat əldə etmək üçün zəruri katab və mənbələrə müraciət edilməlidir.
QADIN RUHIYYƏSININ ƏSAS MEHVƏRI
Qadını kişidən imtiyazlı edən əsas mehvər onun duyumlu və həssas olmasıdır. Duyum və hiss kişidə varsa da, bu xüsusiyyət qadında onu kişidən fərqləndirəcək həddə güclüdür. Qadının bu xüsusiyyətləri onun bir çox digər xüsusiyyətinin də qaynağıdır.
Dərin daxili hisslərə malik olması qadının ruhunda lətafət doğurur və qəlb riqqətinin yüksəlməsinə səbəb olur.
Bu səbəbdən də qadınlar kişilərdən çox tez tə`sirlənirlər. Qadın bir çox məsələlərə mərhəmət prizmasından baxır və bu mərhəmət onun batin dünyasında tə`yinedici rol oynayır.
Qadın yaranış aləmində xüsusi rol oynadığından belə bir daxili sərmayə ilə təchiz olunmuşdur. Bu rol dünyaya övlad gətirmək və insan nəslinin həyatını davam etdirməkdən ibarətdir. Əslində övladın böyüməsi və bu məs`uliyyətli işin öhdəyə götürülməsi eşq və məhəbbət dolu bir ruh istəyir. Övlad dünyaya gətirib onu tərbiyə edən bir varlıq mehriban, fədakar olmalı və bu işdən ləzzət almalıdır. Bəli, riqqət və lətafət xüsusiyyətləri qadın ruhunun imtiyazlarından və varlıq nizamının ona hədiyyələrindəndir. Eləcə də, möhkəmlik və qüvvə, bu iki xüsusiyyətdən qaynaqlanmış şücaət, qətiyyət və idarəçilik kişi vücuduna xas xüsusiyyətlərdəndir. Qadınlar bu xüsusiyyətlərdən kişilər qədər faydalanmırlar.
Qadın kişi şücaətinə sahib olmasa da, belə bir şücaətə vurğundur. O güclü və qüvvətli bir kişinin pənahına sığınmaq istəyindədir. Özünü belə bir kişinin himayəsində hiss edən qadın aramlıq tapır. Xanım Lembrozanın təb`irincə, qadın divar və ya ağaca dolanıb yuxarı qalxan və onu öz çiçəkləri ilə bürüyən sarmaşıq kimidir. (Olsun ki, bu təşbeh kişilərin qadınlardan qüvvətli olmasını önə çəkən Qur`an ayəsinin anlaşılmasına kömək edə.)
Qadınlar, adətən, zəif kişiləri sevmir. Zəif ər qadını daim narahat edir. Ərin polad biləklərini özü və ailəsi ətrafında yenilməz divar tək hiss edən qadın özündə razılıq və iftixar dolu bir rahatlıq duyur. Qadının psixoloji sağlamlığında bu məsələ çox rol oynayır. Qadının qeyri-zəruri məsələlərdə özünü büruzə verən zərif təbiəti bə`zən kişilər üçün anlaşılmaz olur. Qadın ruhunun tez tə`sirlənməsi, ictimai mühitə bağlılığı, başqalarına təqlidçiliyi, başqalarının fikrinə öz fikrindən daha çox üstünlük verməsi, sabit halda qala bilməməsi onun mərhəmət və duyumundan danışır.
QADININ HƏR ŞEYLƏ MARAQLANMASI
Əksər qadınlar ətrafdakılarla bağlı ən incə məsələlərə həssasdır. Başqalarının həyatında baş verən ən kiçik dəyişiklik onların nəzərindən qaçmır. Bu xüsusiyyəti doğuran ondakı casusluq, başqalarının işinə müdaxilə hissidir, yoxsa pərdə arxasında başqa bir səbəb var? Hər şeylə maraqlanmaq qadın üçün təbii bir xüsusiyyətdir. Hətta rahatlıq və sakitlik tələb edən qocalıq dövründə belə kişilərin əksinə olaraq qadınlar təkliyə çəkilib sakit yaşaya bilmir. Qadındakı daxili hiss və ya başqalarına münasibətdə istək güclü bir amilə çevrilib onu dörd bir yana sövq edir. O, başqalarının həyatını öz həyatının bir hissəsi sayır. Başqalarının qəminə qəmlənir, şadlığına sevinir. Əlbəttə ki, qadın bu hissi özündə cilovlamadıqda özü və başqaları üçün xeyli problem yaradır.
Bə`zən qadının başqalarına, xüsusi ilə də biganə kişilərə marağı onun ərində şübhələr yaradır. Kişi elə düşünür ki, qadının bu marağı hansısa pis məqsədlərdir. Hansı ki, adətən, belə olmur. Qadın təbiətindəki hər şeylə maraqlanmaq hissi onun həyatında bir növ başqalarının rolunu artırır. Bu hiss qadında o qədər güclənə bilər ki, ətrafdakıların ən kiçik hərəkəti onun gözündən yayınmaz. Qadının başqalarının həyatına yersiz müdaxilələri, həddi aşmış maraqları, şübhəsiz ki, xeyli problem yaradır. Hansı ki, kişilər, adətən, belə olmur. Hər hansı kişi adi şəraitdə başqalarının həyatı haqqında nəsə öyrənməyə sə`y göstərmir. Əslində ətrafdakıların necəliyi onun üçün əhəmiyyətli deyil. Adi bir qadının da başqa kişilərə marağı sadəcə mə`lumat toplamaq xatirinə olur. Əlbəttə ki, qadındakı bu hiss qarşıda dərin problemlər yaratmamaq üçün cilovlanmalıdır. Kişinin biganə qadına baxımı dərhal nəfs baxımından qiymətləndirilir. Hansı ki, qadının bir kişiyə marağı qadınlar arasında nəfs istəyi kimi dəyərləndirilmir. Demək, qadının biganə kişiyə baxışı ilə kişinin biganə qadına baxışı arasında fərq var və bu iki baxış eyni sayılmamalıdır. Qadının biganə kişilərə marağının digər bir səbəbi onun özünü əskik, kişiləri üstün varlıq saymasıdır. Yanlış tərbiyə sayəsində qadında belə bir münasibət yarana bilər.
Belə bir tərbiyəvi nöqtəni qeyd etməliyik ki, ailələr öz qız  övladları ilə kiçik yaşından hörmətlə rəftar etməli və onların özlərini əskik varlıq saymasına şərait yaratmamalıdırlar. Gənc bir qızın həyatında uyğun əskiklik hissi mühüm rol oynaya bilər, hətta onu təhlükəli işlərə yönəldər.
QADINLAR ÜÇÜN SÖHBƏT HISLƏRINI BÖLÜŞMƏ VASITƏSIDIR.
Xanımlar arasındakı uzun-uzadı söhbətlərin səbəbi kişilərlə qadınlar arasındakı rəftar fərqlərindən doğur. Adi halda hər hansı kişi qadınların uzun-uzadı söhbətlərinin səbəbini anlaya bilməz. Belə söhbətlər kişilərin nəzərində yorucudur. Bitib-tükənməyən qeyri-zəruri telefon söhbətləri, ayrılarkən söhbəti uzatmaq bu mövzunun müxtəlif nümunələridir. Həqiqət isə qadın ruhunun psixologiyası ilə bağlı deyilənlərdir.
Söhbət əgər kişilər üçün mə`lumat mübadiləsidirsə, qadınlar üçün hisslərini bölüşmə vasitəsi, məhəbbətlərini izhar etmə yoludur.
Deyilənlərdən belə mə`lum olur ki, mərhəmət hissi qadının həyatında necə də geniş yer tutur. Eləcə də, zahirən səthi görünən bu münasibətlərin qadın batinində dərin kökləri var. Bu hisslər sadəcə bir e`tiraz və tövsiyə ilə aradan götürülə bilməz. Kişi dərin düşüncə və ayıq gözlə qadın ruhiyyəsini tanımalı və öz istəklərini tarazlaşdırmalıdır. Digər bir tərəfdən, qadın düzgün tə`lim-tərbiyədən faydalanmaqla öz şəxsiyyətinin zəif və qüvvəli nöqtələrini müəyyənləşdirməli, təbii istəklərinə nəzarət etməlidir. O çalışmalıdır ki, bu istəklər ağıl və məntiq həddini aşmasın və qadın kişi tərəfindən ağılsızlıqda ittiham edilməsin. Nəzərdən keçirilən problemlər, adətən, düzgün tə`lim-tərbiyə görməmiş qadınlarda müxtəlif formalarda təzahür edir və qadın şəxsiyyəti alçalır.
AĞIL VƏ HISSLƏR ARASINDAKI DAIMI DARTIŞMA
Qadının psixoloji xüsusiyyətləri ilə bağlı araşdırılması məsələlərdən biri hiss və ağıl arasındakı rabitədir. Bə`zən qıcıqlanmış hisslər pis fikirlər yaradır.
Şübhəsiz ki, duyumsuz həyat quru və ləzzətsizdir. Həyatın dadı insandakı mərhəmət, sevgi hisslərindən asılıdır. Ali hisslər bə`zən ağıldan yox, insan vücudundakı başqa yönümlərdən qaynaqlanır, insanın ruhuna və qəlbinə səfa verir, onu daha üstün aləmlərlə tanış edir. Amma belə bir nöqtə şübhə doğurmur:
Hisslərlə yanaşı heç bir amil və hərəkət əqlin göstərişləri ziddinə olmamalıdır.
Ağıl bir komandan kimi insan vücudundakı bütün qüvvələri nəzarət altına alır. İnsan ağıla əsaslanmayan heç bir hərəkətə yol verməməlidir. Hiss də insan vücudunda həyatverici çeşmə kimidir. Bu çeşmə məcrasından çıxıb viranəlik yaratmamalıdır. Hiss qüvvəsindən daha üstün şəkildə istifadə etmək üçün o, ağıl tərəfindən istiqamətləndirilməlidir.
Ağıl həqiqətlərin dərkində ayırdetmə qüvvəsidir. Düzü əyridən, xeyiri zərərdən seçmək onun öhdəsindədir. Demək, ağıl insan hisslərinə zidd deyil, həm də hansısa mərhələdə onun üçün möhkəm dayaqdır. Bə`zən deyirlər ki, yalnız ağıla əsaslanan insanlar quru və mərhəmətsiz olur. Diqqətli olmaq lazımdır ki, həyatı quru və sönük edən ağıla əsaslanmaq yox, hisslərdən məhrumluqdur.
Nə ağıl insani hislərin yerini tuta bilər, nə də insani hisslər ağılın yerini tutmalıdır.
Ağıl hissi, hiss isə ağılı əvəz edə bilməz. Çox hissiyyatlı və tez həyəcanlanan insanlar ağıl kimi bir dəyərdən də faydalanmaq imkanına malikdirlər. Əgər onlar öz hisslərini cilovlaya bilməsələr, hisslər ağılın fəaliyyətinə mane olar, ağıl zəifliyi ilə sonuclanar. Yə`ni bu tip insanlarda ağılın hakimiyyəti zəifləyir, onların qərarları ağıla yox, hissə əsaslanır. Bu böyük bir problemdir.
Adətən, hiss şirin olduğundan insan qəlbini özünə çəkir, onun yaratdığı ruhi həyəcanlar ağıl üçün meydanı daraldır. Məhz belə bir məqamda insandakı duyum əqlin yerini tutur.
Yalnız hisslər əsasında hərəkət edən şəxs və ya cəmiyyət ağıl gücündən lazımınca faydalanmır və nəhayətdə viran olub gedir.
Güclü hissə malik insanlar bə`zən ağılı hissə fəda edə bilərlər. Bu zümrədən olan insanların həyatına baxış uyğun müddəanı təsdiq edir. Hisslərlə daha çox ünsiyyətdə olan şairlər, rəssamlar, musiqiçilər, ümumiyyətlə zövq və sənət əhli bu zümrədəndir. Yalnız hissini cilovlaya bilənlər, təfəkkür qüvvəsini gücləndirənlər istisnadır.
QADININ MÖVQEYI
Qeyd olunduğu kimi, qadın dərin və geniş hissə malik bir varlıqdır. O bu baxımdan kişidən üstündür. (Bu üstünlük şəxsə yox, növə aiddir. Yə`ni orta halda olan qadınlar orta halda olan kişilərdən hiss baxımından üstündür. Amma xüsusi halda bir kişi bir qadından daha hissiyyatlı ola bilər.) Bu xüsusiyyət, şübhəsiz ki, qadın üçün problemlər yaradır. Hissin düşüncəyə qələbə çalması ağıl zəifliyi ilə nəticələnir. Kişilərin bu sahədə bir o qədər də böyük problemi olmur. Demək, kişi ilə qadın arasında iş bölgüsü aparılarkən bu fitri xüsusiyyət nəzərə alınmalıdır. Kişi və qadın arasındakı təbii fərqləri nəzərdən qaçırmaq olmaz. Eşq və məhəbbətlə dolu bir qəlb tələb edən işlərin öhdəsindən, adətən, qadınlar daha yaxşı gəlir. Daha çox fiziki qüvvə tələb edən işlər isə kişilər üçün münasibdir. İqtisadiyyat kimi fiziki güclə yanaşı dəqiqlik və sərtlik tələb edən sahələrdə də kişilər daha müvəffəqdirlər. Uyğun məsələni bəsirət gözü ilə nəzərdən keçirən hər bir insan anlayar ki, idarəçilikdə bu üsul daha möhkəm və e`tibarlıdır.
QADININ GÖSTƏRMƏLI OLDUĞU HÜNƏR
Deyilənlərdən aydın oldu ki, qadın həyatında ən mühüm məsələlərdən biri ağıl və hiss arasında uyğunluq yaratmaqdır. Əgər qadın öz vücudunda bu uyğunluğu yarada bilməsə, təbii olaraq, sırf emosional varlığa çevriləcəkdir. Belə bir hal həyati məsələlərin həll və kamillik yolunda bir çox problemlər yaradır. Beləcə, qadının ailə həyatı sağlam və müvəffəq olmur. Xanımların agahlıq və mücahidə ilə ağıl və hisslərdən paralel şəkildə faydalanması, ağılın yerini hissə, hissin yerini ağıla verməməsi zəruridir.
Qadın və kişinin müştərək həyatında ağıl və məntiq hakim olduqda, hər iki tərəf öz qərarlarını məntiq əsasında çıxardıqda bir çox müvəffəqiyyətlər əldə olunur, eləcə də, ixtilaflara yer qalmır. Hisslərini cilovlamaq təcrübəsinə malik olmayan qadın üçün qeyd olunmuş şərtlərə əməl etmək asan deyil. Ailə rabitələrində, adətən, ixtilaflar o zaman yaranır ki, tərəflər qarşılıqlı qəbul olunmuş me`yarlardan faydalanmır. İxtilafları yaradan, sabit ağıl və məntiq me`yarları əvəzinə hisslərə tabeçilikdir. Ağıl və məntiqi bir kənara qoyub hisslərə tabe olmaqla müsbət bir nəticə əldə etmək olmur. Ağıllı xanımlar müştərək həyatın davamı və xoşbəxtliyi üçün düşüncəyə üstünlük verir, öz hərəkətlərinin zərər-ziyanını müəyyənləşdirir, ailənin məsləhətini nəzərə alır, öz qəlb istəyini ailənin xoşbəxtliyinə fəda edir.
Məntiq və uzaqgörənlik yolunu seçmək tərbiyəli xanımların ən böyük imtiyazıdır.
Məntiq və ağıl əsasında rəftar əksər qadınların rastlaşdığı bir çox problemləri hansısa həddə həll edir. Bu problemlərdən biri də qeyri-sabit, dəyişkən haldır. Hisslərə əsaslanan həyat heç vaxt sabit olmur. Daim dəyişən psixoloji durum qadın həyatının böyük problemidir. Bu hal hisslərini cilovlaya bilməyən əksər adamlarda müşahidə olunur. Əksinə, insanın qərarları imkan həddində ağıl və düşüncəyə əsaslandıqda, hisslər insan həyatına hakim kəsilmədikdə bir çox dəyişkənliklər aradan qalxır, insan yersiz emosiyalardan azad olur.
BIR TƏNQID
Bu bəhsin sonunda öz diqqətsizliyi ilə həyat yoldaşına əziyyət verən bə`zi kişiləri tənqid etməli oluruq. Belələri öz həyat yoldaşlarına bəyənilməmiş və təhqiramiz sifətlər aid etməklə onu geri qalmış, zatən nöqsanlı bir varlıq kimi təqdim edirlər. Onlar başqalarının yanında birbaşa və ya dolayısı ilə zövcələrini təhqir edirlər. Bu gün adiləşmiş “ağıldan zəif” məzəmməti həmin təhqirlərə misal ola bilər. Hər birimiz qadınlara ünvanlanmış bu sayaq təhqirlərlə rastlaşmışıq. Bu sayaq təhqiramiz rəftar nəinki şər`i me`yarlara sığmır, həm də axirət əzabına səbəb olur. Belə münasibət ən ibtidai əxlaq və insanlıq üsullarına ziddir. Azca insani tərbiyəyə malik olan hər bir kəs qadınla bu sayaq rəftara yol vermir. Bu sayaq rəftarın əsas səbəbi, adətən, kişilərin özünü üstün bilməsi olur. Onlar bu yolla ailədə qadına münasibətdəki çəkilərini ağırlaşdırdıqlarını zənn edirlər. Kişilərə bu sayaq eyibləri aşkar bildirildikdə dözümsüzlük göstərir, ciddi e`tiraz edirlər. Necə olur ki, onlar qadınların əskikliyini öz məclislərində şirin mövzuya çevirir, yanlış rəftarlarından çəkinmirlər? Adətən, insanda eqoistlik gücləndikdə, addım-addım onun qəlbini əhatə edir. Bu halda insanın özünü dəyərləndirməsinə macal qalmır. Bu halda insan başqalarının kiçik eyiblərini böyüdür, öz böyük eyiblərini görüb qəbul etmək istəmir. Çox genişlənmiş bu münasibət eqoistlik caynağında giriftardır. Sə`dinin tə`birincə:

Xalqın eybini gəzmək
Uzaqdır kişilikdən.
Özünə bir nəzər sal–
Günahda batmısan sən.

Hər halda qadınlara münasibətdə bu sayaq rəftar böyük insanlarda müşahidə olunmur. Bundan əlavə bir bu qədər təhqir edib alçaltdığımız kəs bizimlə səmimi münasibətdə ola bilərmi?! Bu sayaq qeyri-əxlaqi rəftarlar qadın və qızlarda əskiklik hissi doğurur, onlar tə`sirə əsk tə`sirlə cavab verərək kişiləri bə`zi xüsusiyyətlərinə görə ittiham edirlər. Bə`zən qadınlardakı qürur hissi uyğun təhqirlərə cavab olur. Onlar bu yolla bir növ özlərini müdafiə edirlər. Əvəzində isə ailə mühiti savaş meydanına çevrilir, hər iki tərəf münasib fürsət olan kimi qarşı tərəfə zərbə endirirlər. E`lan olunmamış bu müharibə kişi tərəfindən başlayır və qadın özü də istəmədən bu savaşa qatılır. Təəsüf ki, bu günki modern ailələrdə qadın bu sahədə kişinin birinciliyini əlindən almışdır!
Şübhəsiz ki, qarşı tərəfin hörmətini saxlamaq insani münasibətlərdə ilk addımdır. Utanıb çəkinmədən başqalarının hörmətini ayaq altına atanlar, insan haqlarına heç bir ehtiram göstərməyənlər ya qürur badəsinin məstliyindən bu yola düşmüşlər, ya da ağıl azlığından əziyyət çəkirlər. Əlbəttə ki, bu da böyük bir dərddir.
Qeyd etmək yerinə düşər ki, əxlaq və insanlıq baxımından iki böyük bəla mövcuddur. Bütün digər bəlalar bu iki bəladan doğur. Həmin bəlalar bütün digər problemlərin və çətinliklərin anasıdır. Onlardan biri eqoistlik, digəri düşüncəsizlikdir. İnsanın insanı düçar etdiyi bəla və əziyyətləri nəzərdən keçirsək, bu iki amildən birinin izini görərik. Bə`zən də hər iki iz müşahidə olunur.
Diqqət yetirməliyik ki, ailə üstünlüyün sübutu üçün meydan deyil. Hətta həqiqətən də tərəflərdən biri o birindən üstün olsa bu barədə danışmaq, qarşı tərəfi ittiham etmək bəyənilməmiş işlərdəndir. İnsanlıq əxlaqından xəbəri olan kəs bu həddə tənəzzül etmir. Heç bir üstünlük olmadığı halda, yeri gəldi gəlmədi qarşı tərəfi təhqir etmək isə, şübhəsiz ki, daha pisdir.
QADIN VƏ KIŞININ BIR-BIRINƏ IKILI MÜNASIBƏTI
Qadın və kişi arasındakı fərqlərə səbəb olan əsas zəmin onların bir-birinə qarşı hissləridir. Yə`ni kişinin qadına qarşı hissləri qadının kişiyə qarşı hisslərindən fərqlənir. Ailə haqqında danışarkən bu məsələyə diqqət çox mühümdür. Müştərək ailə qurmaq fikrində olan qadın və kişi bu sahəyə lazımınca diqqət yetirməlidirlər ki, xoşbəxt həyat qura bilsinlər. Xüsusi ilə kişi bilməlidir ki, müştərək həyat qurmaq istədiyi kəs onunla rabitəyə öz prizmasından baxır və fərqli hisslərə malikdir. Əgər arada qarşılıqlı anlaşma olmasa, ailənin xoşbəxtliyi yolunda böyük maneələr yaranacaq. Bu məsələdən xəbərsizlik və ya ona diqqətsizlik bir çox problemlərin qaynağıdır.
Həmən problemlərdən biri budur ki, qadına münasibətdə kişinin hissləri tələbli və ehtiyaclıdır. Həmin bu səbəbdən kişi fiziki cəhətdən üstünlüyünə baxmayaraq, daim həyat yoldaşı sorağında olmuş, var-dövlətini, imkanlarını qadının ixtiyarına vermişdir.
Kişi məhz bu fitri hisslərin hesabına qadına elçi düşmüş və öz ehtiyacını aşkarlamaqda əskiklik görməmişdir. Amma qadının bu sahədəki təbii hissləri fərqlidir. O, kişinin sorağınca getməyi, rabitə üçün ilk addım atıb ehtiyacını açıqlamağı özü üçün əskiklik sayır. Qadın o zaman ruhi aramlıq tapır ki, “istəyən” yox, “istənilən” olsun.
Qadının kişiyə münasibəti “istəmək” yox, “istənilmək” hissləri üzərində qurulmuşdur.
Kişi “istəyin”, qadın isə “istənilməyin” zühur məhəllidir. Bu səbəbdən də qadının ən böyük hünəri o olmuşdur ki, həyat yoldaşının qəlbini ram etsin, onu özünə heyran qoysun. Təbiət də kişini öz məhəbbətinə əsir etmək üçün qadına fiziki və psixoloji imkanlar vermişdir. O zərif gedişləri ilə kişinin qəlbinə nüfuz edir, onu öz xidmətində saxlayır. Bə`zən isə kişinin şücaətlərinə səbəbkar olur. Qadını kişi qarşısında bu qədər güclü etmək yaranışın mahir tədbirlərindəndir.
Kişi dünyanı, qadınsa kişini fəth edə bilir.
Əgər qadında onu kişidən fərqləndirən xüsusiyyətlər olmasaydı, şübhəsiz ki, onu özünə heyran qoya bilməzdi. Bu səbəbdən də kişilər kişiyə oxşar qadınları sevmirlər.
Tarix şahiddir ki, bir çox amansız hakimlər qadın qarşısında aciz qalmışlar. Dünyanı qılıncdan keçirən bu fatehlər qadın qarşısında boyun əyib, öz heçliklərini e`tiraf etmişlər.
Qadın bu sayaq hisslərə malik olduğundan yalnız özünə vurğun kişi ilə birlikdə olduqda xoşbəxtliyi dadır. Kişi isə belə deyil. O yalnız sevdiyi qadını tapdığı vaxt ləzzət duyur.
KIŞI SEVMƏK, QADIN ISƏ SEVILMƏK SORAĞINDADIR
Demək, qadın üçün gerçək və təbii eşq kişi tərəfindən başlanılmış eşqdir. Yalnız belə bir eşq qadın üçün heç zaman soyumur. Qadın tərəfindən başlanılmış eşq isə kövrək və davamsızdır. (Daha geniş mə`lumat almaq üçün “İslamda qadın haqları” kitabına müraciət edin)
Qadınla kişi arasındakı münasibətlərdə qadın üçün fiziki yaxınlıq ləzzəti yox, kişinin qəlbini ram etmək ləzzəti önəmlidir. Başqa sözlə, qadın fiziki ləzzətlərdən daha çox ruhani ləzzətlərdən həzz alır. Kişidə isə əksinədir. Kişidə fiziki ləzzət ruhani ləzzəti üstələyir. Bu səbəbdən də deyirlər ki, kişi qadının cismi, qadın isə kişinin qəlbi sorağındadır. Ər-arvad münasibətlərində əsas nöqtə budur.
Qadında özününümayiş, dilrübalıq, ram etmə hissinin izharı üçün ideal fitri zəmin var. Qadın bu yolla kişi qəlbini fəth edib onu öz ardınca çəkir.
Beləcə, anlamaq olur ki, qüdrət təkcə qol gücü demək deyil. Kişi qadından nə qədər güclü olsa da, qadın əsrarəngiz qüvvəsi ilə onu öz qarşısında diz çökdürür, qəlbini özünə əsir edir. Həzrət Əlidən (ə) nəql olunmuş məşhur bir rəvayətdə deyilir: “Qadın qəhrəman yox, ətirli güldür.”  Yə`ni qadın fiziki baxımdan kişi qədər güclü olmasa da, ətirli, zərif, gözəl bir güldür və bu səbəbdən də kişini öz məhəbbət toruna sala bilir. Bütün bunları nəzərə almaqla qadından kişi kimi hərəkət etməsi tələb olunmamalıdır.
QADIN RUHUNDA ŞADLIQ VƏ TƏRAVƏT
Deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, əri tərəfindən sevilən, bu sevgidən arxayın olan qadın qəm-qüssədən uzaqdır. Belə bir arxayınlıq qadına daxili bir rahatlıq verir. Ərində özünə qarşı biganəlik görən, onun başqa kəslərə və başqa şeylərə maraq göstərdiyinə şahid olan, ərinin qəlbini ram etməkdə acizlik hiss edən qadın isə günbəgün pərişanlaşır, ruhi təravətini əldən verir. Qarşı tərəfin biganəliyi qadın ruhiyyəsinə o qədər mənfi tə`sir göstərir ki, o hətta övladlarına qarşı biganələşir. Yə`ni hətta analıq hissləri də ərin münasibəti ilə müəyyənləşir. Kişinin himayə və mehribanlığı qadın üçün o qədər dəyərlidir ki, bu hisslər olmadıqda ailə həyatı qadın üçün dözülməz olur. Belə bir izdivac heç vaxt xoşbəxtliyə aparmır.
Beləcə, mə`lum olur ki, ərin öz arvadına münasibətdə həssaslığı ailə həyatının xoşbəxtliyində misilsiz rola malikdir.
Belə bir nöqtəni də nəzərdən qaçırmaq olmaz: Qadın kişinin soyuqluğunu onun nəzərinə çatdıra bilmir! Ona elə gəlir ki, bu onun mənliyinə xələl gətirir. Amma bu biganəlik davamlı şəkil aldıqda qadının rəftarlarında onun mənfi təzahürləri özünü büruzə verir. Məsələ gündən-günə çətinləşir.
Qadın dərin daxili hisslərə malik olduğundan təbii bir şəraitdə əri yolunda böyük fədakarlıqlar göstərib, məhrumiyyətlərə dözə bilər. Amma bütün bu fədakarlıqlar yalnız o zaman baş verir ki, qadın əri ilə münasibətdə ruhən tə`min olunsun və özünü alçaldılmış görməsin. Başqa sözlə, ailə rabitələrində e`timad, həyat yoldaşının diqqəti və mehribanlığı qadına güc verir ki, çətinlikləri adlasın, ərinə münasibətdə böyük fədakarlıqlar göstərsin. Hətta belə bir vəziyyətdə qadın öz məhrumiyyətlərindən ləzzət alır. Amma qadının sevgisi və fədakarlığı qiymətləndirilmədikdə onun ruhiyyəsi günbəgün zəifləyir, hansısa fədakarlığa yer qalmır. Beləcə, ixtilaf və qarşıdurmaların bünövrəsi qoyulur.
Bir çox ailə ixtilaflarının kökü budur ki, qadın əsil istəyinə çatmır, ərinin qəlbini və məhəbbətini qazana bilmədiyini düşünür, amma bunu açıqlamır, bu hisslərin tə`siri altında qadın özündən asılı olmayaraq uyğunsuzluq və e`tiraz yolunu seçir.
Təəssüf ki, bir çox kişilər qadın ruhiyyəsindən xəbərsiz olduqlarından onun qanuni istəklərinə biganəlik göstərirlər. Onlar öz rəftarlarının nə ilə nəticələnəcəyindən xəbərsiz həyat yoldaşlarına məhəbbətlərini əsirgəyir, onu iztirab aləmində tənha buraxırlar. Qadın öz ailə həyatında məğlubiyyət hiss edib eşq sərmayəsini hədərə verdiyini düşündükdə özünü ailə həyatına necə həsr edə bilər?! Bu sayaq düşüncələrlə qəlbin pak hisslərini səxavətlə paylaşmaq, həyat nihalına eşq və məhəbbətlə qulluq etmək mümkündürmü?!
ƏRIN ƏN MÜHÜM MƏ`NƏVI VƏZIFƏSI
Deyilənlərdən belə mə`lum olur ki, ərin ilk mə`nəvi vəzifəsi həyat yoldaşını öz məhəbbətindən arxayınlaşdırmaqdır. Diqqətsizlik və biganəlik qoxusu gələn istənilən bir işdən çəkinmək lazımdır. Ər çalışmalıdır ki, öz məhəbbəti ilə ailə nihalını sirab etsin. Əlbəttə ki, bütün sahələrdə olduğu kimi məhəbbət sahəsində də ifrata varmaq düzgün deyil. Heç bir halda tarazlığı pozub orta həddi aşmaq olmaz. Təcrübə göstərir ki, ailə həyatının ilk dönəmində əsas məhəbbət hisslərdən qaynaqlanır və qısa bir zamanda biganəliyə çevrilir. (Hisslərə əsaslanan qəlb bağlılığı ifrata vardıqda nəticələr həm qadının, həm də kişinin zərərinə olur. Bə`zi gənc xanımlar ailə həyatının ilk dövründə qarşı tərəfə ifrat məhəbbətlə yanaşırlar. Bu səbəbdən onlar qarşı tərəfdən də eyni məhəbbətin intizarında olurlar. Amma qadının bu intizarını doğrultmaq, adətən, kişilər üçün çətin və yorucu olur. Bu zümrədən olanlar məsələyə agahlıqla yanaşıb münasibətləri tənzimləməli, ifratçılığa yol verməməklə mümkün problemlərin qarşısını almalıdırlar.)
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: “Kişinin öz həyat yoldaşına sevirəm” deməsi heç vaxt onun yaddaşından silinmir.” Bu hədis qadının öz həyat yoldaşına bağlılığını göstərir və öncə dediklərimizi təsdiqləyir. Bu əsas nöqtəyə diqqətli olmaq kişi üçün zəruridir. Bu diqqət kişinin bir çox əxlaqi vəzifələrini müəyyənləşdirir. (Qadının rahatlığını əlindən alan amillərdən biri onun ərinin başqa qadınlara diqqət yetirməsidir. Bu məsələ qadında belə bir fikir formalaşdırır ki, o, ərinin diqqətini özünə cəlb edə bilməmişdir. Kişinin başqalarına diqqət yetirməsi xoşagəlməz sonluqla nəticələndiyindən dini tə`limlərdə belə bir diqqət və baxışa icazə verilməmişdir. Bir qadınla ailə təşkil etmiş kişi bütün diqqətini ona yönəltməli və başqa qadınlardan gözünü çəkməlidir. Bu əhdə vəfa şərtidir və ailə bağlarını möhkəmləndirir.) Məsələn, kişinin aldığı kiçik bir hədiyyə onun yoldaşı üçün misilsiz olur. Çünki bu hədiyyə ərin öz arvadına diqqətini və onu yaddan çıxarmadığını göstərir. İş yerindən və ya şəhərin hansısa bir nöqtəsindən ərin sadəcə telefonla öz həyat yoldaşı ilə danışması qadını xeyli rahatlaşdırır. Bə`zi kişilərin öz həyat yoldaşlarına biganəliyinin necə böyük qəflət və cəfakarlıq olduğu göz qabağındadır. Hətta belə olur ki, ərindən inciyən qadın ər evini tərk edib ata evinə üz tutur. Belə bir hərəkət düzgün olmasa da, ər yenə də evlənmədən əvvəldə olduğu kimi arvadının arxasınca getməli, müxtəlif hədiyyələrlə onun diqqətini cəlb etməlidir. Ərdən incimiş qadına bu sayaq diqqət onun qəm-qüssəyə qərq olmuş qəlbini dirildib, müştərək həyata yenidən ruhlandırır. Kişi belə hallarda içindəki vəsvəsələrə təslim olmamalı və düşünməməlidir ki, onun qabağa addım atması qadın üçün pis örnək ola bilər. Ailə həyatında bu sayaq tərəddüdlərə yer yoxdur və kişi qadına məhəbbət göstərməyi özü üçün təhqir saymamalıdır. Məgər ailə qurmamışdan öncə tam təvazö ilə qadının qapısına gedib ona öz eşqini e’lan edən həmin ər deyildimi?! Axı bir vaxt təhqir sayılmayan iş nə üçün küsüşmədən sonra təhqir sayılmalıdır?! Kişinin irəli addım atıb məhəbbətini izhar etməsi qadının gözündən yayınmır və ailə həyatını möhkəmliyində öz tə`sirini göstərir. Qadınlar da ərin təvazökarlıqla ona yaxınlaşmasına müsbət cavab verməli, onun məhəbbətini düzgün qiymətləndirməlidirlər. Burada Qur`ani-kərimdən bir ayəni xatırlamaq yerinə düşərdi: “Yaxşılığın yaxşılıqdan başqa əvəzi varmı?”
ƏRLƏRƏ XƏBƏRDARLIQ
Deyildiyi kimi, qadın üçün ərin ona diqqətindən mühüm bir şey yoxdur. Bu sahədə qadın çox həssasdır. Bu səbəbdən də ərin başqalarını, xüsusi ilə hansısa qadınları və ya öz ana-bacısını tə`rif etməsi qadın üçün dözülməzdir.
Qadın bu istəkdədir ki, ərinin qəlbini öz inhisarında saxlasın və bu qəlbdə kimsə onun yerini tutmasın. Ər öz həyat yoldaşının bu hisslərindən agah olmalıdır. O, yol verməməlidir ki, qadında onun sevgisi ilə bağlı narahatlıqlar yaransın. Ana-bacını, qardaşı, dostları sevmək o demək deyil ki, həyat yoldaşının yanında daim onlardan danışasan. Məsələn, həyat yoldaşı ilə ikilikdə səfərə çıxdıqda yeri gəldi gəlmədi başqa yaxınları xatırlayıb, onların olmamasına təəssüflənmək qadında iztirab yaradır. Həyat yoldaşına başqalarının bişirdiyi xörəkləri tə`rifləmək, əl işlərindən həvəslə danışmaq zərərlidir. Kişi bu şərtlərə riayət etməsə, daim öz həyat yoldaşına başqalarını tə`rifləsə, qadın elə düşünə bilər ki, ər onun yanında da olsa, fikri başqa yerdədir. Belə bir hiss onun üçün dözülməzdir və onda əxlaqi nöqsan olan həsəd yaradır. (Deyilənlər anaya da aiddir. Yə`ni insan öz anasının hüzurunda ardıcıl şəkildə həyat yoldaşını tə`rifləyib, başqalarına biganə qalması ilə bağlı şübhələr yaratmamalıdır. Ruhdakı həsəd xüsusiyyəti qıcıqlandıqda bir çox problemlər yaradır və həmin sifətdən asanlıqla yaxa qurtarmaq olmur. Məhz bu məqamlarda kişinin müdiriyyət rolu aydın olur.) Təkrar-təkrar qeyd etdik ki, ər öz danışıq və rəftarları ilə həyat yoldaşını öz sevgisinə inandırmalıdır. Qadın əmin olmalıdır ki, ərin qəlbində onun yerini başqa biri tuta bilməz. Qadın belə bir arxayınlıq olduqda müştərək həyatını sağlam və enerjili davam etdirir.
Bə`zən qadın öz ərini onun sevdiyi hər şeyə, hətta heyvana, əşyaya, idman və ya əyləncəyə də qısqanır. Ərinin ona yox, digər şeylərə maraq göstərdiyini gördükdə nifrəti həmin şeylərə ünvanlanır. Ətrafda bu nümunələrlə rastlaşmaq çətin deyil. Əlbəttə ki, belə bir münasibət qadının öz hisslərində ifrata vardığını göstərir. Amma hər halda ər öz həyat yoldaşının bu hisslərindən xəbərdar olmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, qadındakı bu hisslər qıcıqlanmasın. Əgər buna nail olsa, bir çox problemlərin qarşısı alınar, qadının psixoloji aramlığı tə`min edilər.
MƏHƏBBƏT INTIZARINDA IFRATA VARMAYAQ
Qadınlara belə bir nöqtəni də xatırlatmaq lazım gəlir ki, uyğun intizar eşq və məhəbbət göstəricisi olsa da, ifrata varıb məntiqsiz tələblər irəli sürmək olmaz. Qəbul etmək lazımdır ki, ər öz həyat yoldaşından əlavə başqaları ilə də münasibət qurmalıdır. Bu hər bir insanın aşkar haqqıdır. Ana, bacı, qardaş, dostlar insanın sevgisindən bəhrələnmək haqqına malikdir. Bu səbəbdən də, ərin qəlbini inhisarda saxlamaq olmaz. Belə bir istək əslində yerinə yetəsi deyil. Müştərək həyatın ilk dönəmlərində qadın və kişi bir-birlərini dəlicəsinə sevsələr də, sonrakı dövrlərdə həmin sevgi odunu qorumaq mümkünsüz olur. Demək, bu sevgidə də ifrata varmayıb orta həddi gözləmək lazımdır.
Başqalarına xoş münasibət həyat yoldaşını sevməmək deyil.
Əgər ər öz ana-bacısını sevirsə, bu çox təbii bir bağlılıqdır. Bir insan illər uzunu ana ağuşunda ömür sürüb boya başa çatdıqdan sonra ondan üz çevirərsə, onun məhəbbətini e`tibarlı saymaq olarmı? Olsun ki, qısa bir müddətdən sonra o öz həyat yoldaşını da bu sayaq unudar və qəlbindən onun məhəbbətini çıxarar.
III FƏSIL
ƏR-ARVAD RABITƏLƏRI
İnsan həyatının əsas yönümlərindən biri onun ətrafdakılarla rabitəsidir. Bizim ətrafdakılarla əlaqə növümüz ruhumuzun və şəxsiyyətimizin xüsusiyyətlərinin göstəricisidir. Buna görə də psixoloqlar insanları öyrənərkən onların rabitə növünü nəzərdən keçirirlər.
İnsanların bir-birləri ilə əlaqələri müxtəlif yollarla gerçəkləşir. Əlaqədəki çatışmazlıq problemlər yaradır və əlaqələrin kəsilməsi ilə nəticələnir.
İnsanlararası rabitələrdə mövcud olan çətinliklərin çoxu rabitə nümunələrindəki yetərsizlikdən qaynaqlanır.
Bə`zilərimiz ətrafdakılarla rabitənin incəliklərindən bir o qədər də xəbərdar deyilik və hansı yolla sağlam rabitə qurmalı olduğumuzu bilmirik. Məsələn, danışıq və dinləmənin incəliklərindən xəbərsizlik. Öz qəlb istəklərimizi qarşı tərəfə necə çatdırmalıyıq, hansı üsulla qarşı tərəfi tənqid etməliyik, bəd gümanlara necə cavab verilməlidir, pis təsəvvürlərin qarşısı necə alınmalıdır, öz narazılığımızı qarşı tərəfə necə çatdırmalıyıq? Başqaları ilə sağlam rabitə qurmaqda nə qədər çox məharətli olsaq, həmin qədər də bu rabitələri müxtəlif sahələrdə dərinləşdirə bilərik. Bu yolla dostları qoruyub, ətrafdakılara məhəbbətimizi süstlükdən qorumaq mümkündür.
SÖZ RABITƏSI
Ən çox yayılmış rabitə növlərindən biri söz rabitəsidir. Biz danışmaq və dinləmək vasitəsi ilə ətrafdakılarla rabitə qurur və bu yolla mə`lumatlarımızı, hisslərimizi bölüşürük. Öncə nəzərə gəlir ki, sözlə rabitənin elə də böyük məharətə ehtiyacı yoxdur. Əslində isə:
Söz vasitəsi ilə ətrafdakılarla sağlam rabitə qurmaq üçün xeyli məharət tələb olunur.
Söhbətimizin davamında ailə rabitələri sahəsində bə`zi məharətləri nəzərdən keçirəcəyik.
AZ DANIŞMALI, YOXSA ÇOX?
Bə`ziləri başqaları ilə ünsiyyətdə sözə ara vermir və onların qarşı tərəfi dinləməyə səbri çatmır. Onların bir növ dinləmə mədəniyyəti olmur. Belələri qarşı tərəfə öz hisslərini açıqlamağa imkan vermirlər. Onlar ara vermədən danışır, qarşı tərəfə macal vermir. Bu zümrədən olanlar hər hansı məclisə düşdükdə, adətən, natiq tək çıxış edir və ətrafdakıların sözünü ürəyində qoyurlar. Çoxdanışanların ziddinə olaraq başqa bir zümrə danışmaqdan yorulmuş kimi susur. Belələri qarşı tərəflə əlaqə qurmaqda acizdirlər. Bə`zi kişilər ailədə o qədər sakitdirlər ki, onların hüzuru ətrafdakıları da yorur. İstənilən bir səbəbdən ifrat sükut ədəb qaydalarına uyğun deyil.
İnsan vəzifəlidir ki, başqalarına ehtiram göstərərək onlarla ünsiyyət saxlasın və bu yolla rabitə qursun. Belə bir rəftarla göstərilir ki, başqalarının vücudu və hüzuru insan üçün dəyərlidir.
Bə`zən kişinin az danışmasının səbəbi anlaşma sahəsindəki ziddiyyət, qadının danışığının ərə xoş gəlməməsi olur. Unutmaq olmaz ki, ailə mühiti dərs otağı, elmi yığıncaq yox, səmimi rabitələr üçün bir məhəldir. Kişi öz həyat yoldaşından elmi və ya ictimai baxımdan nə qədər yüksək olsa da, ailə mühitində öz üstünlüklərini yaddan çıxarmalı, qarşı tərəflə eyni bir səviyyədən çıxış etməlidir. Başqa bir nöqtəyə də nəzər salmaq lazımdır:
Ərlə arvadın söhbəti yalnız mə`lumat mübadiləsi üçün yox, həm də hisslərin bölüşdürülməsi üçündür.
Yə`ni qadın söhbət vasitəsi ilə öz həyat yoldaşı ilə hisslərini bölüşür, onunla ünsiyyət saxlayır.
Sağlam rabitə fəal və qarşılıqla rabitədir. Qarşı tərəfin sözlərinə diqqət və maraqla qulaq asmaq lazımdır. Bu yolla qarşı tərəfə anlatmalıyıq ki, onun dedikləri bizim üçün mühümdür. Qarşı tərəf danışdığı vaxt onun sözünü kəsmək, diqqəti başqa bir yerə yönəltmək bir növ biganəlikdir. Bundan əlavə müraciət edən tərəfi dinləməmək əxlaq qaydalarına ziddir. Beləcə, qarşı tərəfin sözlərinə diqqətsizlik mövcud rabitələrin zəifləmə səbəbidir.
Hər iki tərəfin maraq dairəsində olan müştərək mövzuların nəzərdə tutulması, həmin mövzularda söhbət aparılması rabitələri gücləndirməklə yanaşı mə`lumat mübadiləsinə, düşüncələrin yaxınlaşmasına səbəb olur. Belə bir addım qarşılıqlı anlaşmada tə`sirlidir.
Bütün bu söhbətlərə baxmayaraq, günbəgün qadınla kişi baxışı arasındakı fərq artır, qarşılıqlı anlaşma və həmrəylik azalır.
SƏDAQƏT VƏ AÇIQ RABITƏ
Ətrafdakılarla sağlam rabitənin mühüm xüsusiyyətlərindən biri sədaqətli olmaqdır. Ərlə arvad öz rabitələrində yalnız sədaqət və düzlüyü gözləməlidirlər. Arada yaranan inciklik və kin-küdurət münasib məqamda açıqlanmalı və həllini tapmalıdır. Əgər ortada şübhə varsa, bu şübhə dərhal açıqlanmalıdır ki, mövcud qəlb rabitələrini qorumaq mümkün olsun. Hər halda ərlə arvad arasındakı rabitələr açıq olmalıdır. Qadın və ya kişi öz problemini qarşı tərəfə dərhal açıqlaya bilməlidir. Normal rabitədə hər iki tərəf qorxub çəkinmədən öz hisslərini qarşı tərəflə bölüşə bilir.
ANLAŞILMAZLIQ
İnsan aydın şəkildə danışmalıdır ki, anlaşılmazlığın qarşısı alınsın. Bu nöqtə diqqəti çox cəlb edir. Çox olur ki, deyilənlər eşidilənlərdən fərqlənir. Biz bir söz deyirik, qarşı tərəf başqa bir şey anlayır. Bu səbəbdən də danışarkən sözləri düzgün seçmək, uzun-uzadı təfsirlərdən çəkinmək lazımdır.
Bə`ziləri xüsusi bir ruhiyyəyə malik olduqlarından anlaşılmazlığa hazırdırlar və onların düşüncəsi istənilən bir sözü başqa bir tərzdə qəbul edir. Bu zümrədən olan fərdlər xoşgümanlıq xüsusiyyətindən məhrumdurlar və onlarla rabitə saxlamaq çox çətin olur.
Ərinin məhəbbətinə çox həssas olan qadın üçün o zaman anlaşılmazlıq şəraiti yaranır ki, əmin-amanlığı üçün təhlükə hiss etmiş olsun. Bu halda o qarışqadan fil düzəldir, ciddi psixoloji böhran keçirir. Kişi öz söz və rəftarında bu halı nəzərə almalıdır ki, anlaşılmazlıq üçün şərait yaratmasın.
Qadınlar da öz növbəsində əsassız ehtimallardan, mənfi tə`bir və təfsirlərdən, vəsvəsələrdən çəkinməlidir ki, ailə rabitələri tamamilə qırılmasın. Bə`zi psixoloqlar ailə ixtilaflarının əsas səbəbi kimi anlaşılmazlığı göstərirlər. Onların bu sahədə bir çox tövsiyələri vardır. Onların nəzərincə, ailə ixtilaflarının əsas kökü tərəflərin bir-birinin məqsədini düzgün anlamamasıdır. (Bu mövzuda daha artıq mə`lumat əldə etmək üçün “Eşq heç zaman bəs deyil” kitabına müraciət edin)
GILEYLƏRIMIZIN BƏYANINDA IFRATA VARMAYAQ
Sağlam bir rabitədə gileylər və razılıqlar mütənasib şəkildə bəyan olunmalıdır. Bə`ziləri söhbətə başlayan kimi gileylənib qarşı tərəfi incidirlər.
Bə`zən giley lazım olsa da, bu işdə ifrata varılmamalıdır.
Bu sayaq rəftar başqalarıyla rabitə, xüsusi ilə ailə üzvləri arasında ünsiyyət üçün münasib üsul deyil. İfrat, giley rabitələrdə soyuqluq yaradır. Digər bir tərəfdən giley üçün münasib məqam seçilməlidir. Əgər ər yorğun halda evə qayıtmışsa və ya ciddi bir işlə məşğuldursa, ona hansı problemləsə bağlı şikayətlənmək düzgün deyil.
Hər sözün öz yeri, hər nöqtənin öz məqamı var.
DANIŞIQ TƏRZI
Söz rabitəsində danışıq tərzi böyük əhəmiyyətə malikdir. Hər hansı sadə cümləni müxtəlif tərzlərdə bəyan etmək olar. Hər danışıq tərzi cümləyə xüsusi bir mə`na verir. Nəzərdə tutulmuş mə`naya uyğun gəlməyən tərzdə sözün deyilməsi onu anlaşılmaz edir. Danışıq tərzində bə`zən sərtlik, bə`zən diqqətsizlik, bə`zən istehza bə`zən tənqid, bə`zən isə təhqir olur. Bə`zən də insan elə bir tərzdə danışır ki, onun danışığından məhəbbət, ədəb duyulur. Çalışıb dilimizi ağıl və iradəmizin ixtiyarına verməliyik. Dilə tüğyan imkanı verilməməlidir. Bə`zən xoşagəlməz bir sözün işlədilməsi olduqca pis nəticələnir və vəziyyətdən çıxmaq çətin olur. Xüsusi ilə ailə çevrəsində insanlararası rabitə qəlb rabitəsidir. İnsan qəlbi olduqca həssas və kövrəkdir.
Bə`zən düşüncəsiz bir söz qarşı tərəfin qəlbini sındırır və həmin qəlbi əvvəlki halına qaytarmaq asanlıqla başa gəlmir.
DIL YARASI
Bu gün müxtəlif millətlər arasında “dil yarası kimi bir tə`bir geniş yayılmışdır. Dil yarası yetərsiz, acı danışığın nəticələrindəndir. Dil yarası insanların bir-birləri ilə ünsiyyətdən mə`ruz qaldıqları əzab-əziyyəti göstərir. Təcrübədən görünür ki, bə`zilərinin dil yarası vurmaqda xüsusi məharəti var. Onlar hətta adi söhbət zamanı da qarşı tərəfi salamat buraxmırlar. Onlar öz ətrafındakı dostlarını və yaxınlarını ardıcıl şəkildə incidir, özlərinə qarşı nifrət oyadırlar. Onlar dil yarası vurmaqla qarşı tərəfin məhəbbətini itirir və nə üçün sevilmədiklərini anlamırlar. Bu məsələ ailə həyatında da bir çox problemlər yaradır, ailə rabitələrini zəiflədir. Doğurdan da, bə`zən ünsiyyətdə olan tərəf qəlbində yara varmış kimi normal davrana bilmir. Bu əxlaqi nöqtənin acı nəticələri təkcə bu dünyaya yox, həm də axirət aləminə aiddir. Kiminsə qəlbini sındırmaq, onun kefini pozmaq dini tə`limlərdə şiddətlə məzəmmət olunmuş günahlardandır.
Ər və arvad bir-birlərinə dil yarası vurmaqdan ciddi şəkildə çəkinməlidirlər.
Ərlə arvad rabitəsində acı sözə, məsxərəyə, təhqirə heç vəchlə yol verilməməlidir. Belə təzahürlər insanın mə`nəvi süqut nişanəsidir və axirət əzabı ilə nəticələnir. (Cəmiyyətimizdəki problemlərdən biri də yanaşı yaşayan qövmlərin bir-birinə qarşı təhqiramiz münasibətidir. Belə bir münasibət müxtəlif sahələrdə zərər-ziyan törətməklə yanaşı milli birliyi zəiflədir. Məsələn, bə`zi məzhəkə, komediyalarda hansısa məntəqənin və ya kəndin əhli, onların adət-ən`ənələri məsxərəyə qoyulur. Bu sayaq komediyalar əxlaq və ədəbə zidd olmaqla yanaşı şəriət ölçülərinə sığmadığından qadağandır. Belə bir münasibət ya nadanlıqdandır, ya da düşmənçilikdən. İki ayrı qövmdən, şəhərdən və ya kənddən olan gənclər ailə qurduqda diqqətli olmalıdırlar ki, öz rəftarlarında qarşı tərəfin təhqirinə yol verməsinlər. Xalqın tə`birincə, təhqirə dözmək aclığa dözməkdən çətindir. Necə ola bilər ki, insan bir dam altda yaşadığı ömür-gün yoldaşını təhqir edə?!)
Bütün hallarda ər və arvad öz qəlb rabitələrini bu sayaq bəlalardan qorumalıdırlar. Onlar bir-birləri ilə mülayim davranmalı, insani üslubda danışmalı, səhvə yol verdikdə dərhal üzr istəməlidirlər.
ƏDƏB ÜÇÜN YARDIM DILƏYƏK
Mühüm məsələlərdən biri də ədəb qaydalarına riayət etməkdir. İnsanın daxili kamilliyi nə qədər artarsa, onun ədəbi, həyası və iffəti də artar.

Ədəbdə Allahdan yardım diləyək.
Ədəbsiz rəhmətdən məhrumdur bilək.

Mövləvinin bu misraları əslində ruhi, mə`nəvi təkamül üçün rəmzi bir açardır. Dini rəvayətlərdə də bu sahə ilə bağlı tə`kidli tövsiyələr vardır.
Din böyüklərinin iş üsulundan mə`lum olur ki, onlar heç vaxt ədəb çərçivəsindən kənara addım atmamışlar.
Bəli, insani rabitələr ədəbə əsaslanmalıdır. İnsanlar arasında rabitələrin möhkəmliyində ədəbin xüsusi rolu var. Ədəbli rəftar bir çox bəlaları aradan qaldırır. Beləcə, ərlə arvad bir-birləri ilə ədəb qaydaları əsasında rəftar etdikdə bir çox problemlərin qarşısı alınır. Təcrübədən də görünür ki, ailə rabitələrindəki yaxınlıq səbəbindən bə`zən ədəb qaydaları pozulur. Bə`ziləri elə düşünürlər ki, yaxın rabitələrdə ədəb qaydalarını gözləmək səmimiyyətdən uzaqdır. Əslində isə belə deyil.
Qeyri-münasib, kobud sözlərlə danışıq hər şeydən öncə insanın mə`nəvi məqamını aşağı salır və o əxlaqi baxımdan tənəzzül edir.
Bə`zən də xüsusi məclislərdə insanlar əxlaq və ədəb qaydalarını ayaq altına alıb cinsi məsələlərlə bağlı iffətsiz söhbətlər edirlər. Bə`zən xanımların da xüsusi məclislərində bu hala təsadüf olunur. Bə`ziləri bu sayaq söhbətlərə o qədər vərdiş verirlər ki, çirkin sözlərin işlədilməsi onlar üçün adiləşir. Hansı ki, şəxsiyyətli xanımlar heç vaxt belə bir səviyyəyə alçalmırlar.
Cinsi münasibətlər mövzusu əyləncə və zarafat mövzusu deyil.
Təəssüf ki, bir çox lətifələrin və zarafatların məğzini cinsi münasibətlər mövzusu təşkil edir. İnsanlar üçün həyat nümunəsi olan ilahi şəxsiyyətlər heç vaxt bu sayaq rəftara yol verməmişlər. Həya, ədəb, iffət ölçülərini gözləmək insanın əxlaqi süqutunun qarşısını alan bir səddir.
MƏHƏBBƏTIN IZHARINDAN ÇƏKINMƏYƏK
Bə`ziləri belə güman edirlər ki, məhəbbət qəlbdə olmalıdır və onu izhar etmək olmaz. Onlara elə gəlir ki, məhəbbəti bildirmək riyakarlıqdır. Əlbəttə ki, məhəbbət qəlbə aiddir və əməldə aşkar olur. Amma onu bəyan etməyin də öz yeri var. Bə`zən qadın ərinin onu sevib sevməməsi ilə bağlı şübhələrə düşür və rahatlıq üçün bir səbəb tapmır. Belə bir halda məhəbbəti bəyan etmək onun içində qalanmış alovun üzərinə su çiləmək kimidir. Məhəbbətin izharında yeganə şərt onun həqiqi olmasıdır, insanları aldatmaq məqsədi ilə belə rəftar etmək olmaz. Məhəbbət siyasətə yox, sədaqətə əsaslanmalıdır. Əlbəttə ki, bu sahədə də ifrata varmaq olmaz. Məhəbbətin bəyanında ifrata vardıqda onun dəyəri əskilir və adət şəkli alır.
İslami rəvayətlərdə tövsiyə olunur ki, qarşılıqlı məhəbbət izhar olunsun.
Məhəbbətin izharı ərlə arvad münasibətlərində olduqca mühümdür. Xüsusi ilə bu iş ər tərəfindən görülməlidir. İslam peyğəmbərlərindən nəql olunmuş bir rəvayətdə buyurulur: “Ərin öz həyat yoldaşına dediyi “sevirəm” sözü heç vaxt onun yadından çıxmır.”  Bu göstəriş qadın ruhunun həssaslığını, onun məhəbbətə ehtiyacını göstərir. Ər öz həyat yoldaşının bu ruhi ehtiyacından xəbərsiz qalmamalıdır.
SIRSAXLAMA
Ər-arvad başqaları ilə eyni məclisdə oturarkən ailənin xüsusi söhbətlərini açıqlamamalıdırlar. Belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz ki, dostluq zamanı kimsəyə mütləq e`timad göstərib bütün sirləri onunla bölüşmək olmaz. Belə bir münasibət e`timadsızlıq yox, bir növ gələcəyi nəzərə almaqdır. Çox olub ki, sirrini dostuna açan şəxs sonradan peşiman olub. Dostluq münasibətlərinin istisində açılan sirlər bu dostluq qırıldığı vaxt qarşı tərəfin əlində hücum vasitəsinə çevrilib. Ona görə də dini rəvayətlərdə tövsiyə olunur ki, dostlarınıza mütləq e`timad göstərməyin. Həzrət Əli (ə) buyurmuşdur: “Dostuna kamil məhəbbət yetir, amma mütləq e`timad göstərmə. Ona öz rəftarınla tam yardım göstər, amma bütün sirlərini ona açma.”
Qadınların belə bir nöqtəyə diqqətli olması zəruridir. Çünki onların sirr saxlamaq tutumu azdır və öz sirlərini asanlıqla başqalarına açırlar.
Digər bir tərəfdən, əgər bir şəxs bizə öz sirrini açmışsa və onun başqalarına deyilməsi ilə razı deyilsə, heç bir halda bu sirri faş etmək olmaz.
Başqalarının sirrini açmaq haramdır və ilahi əzabla nəticələnir.
Rəvayətdə deyilir: “Din qardaşı və ya din bacının sirrini açmaq xəyanətdir.” Digər bir rəvayətdə həzrət Peyğəmbər (s) buyurur: “Bir şəxs sizə dediyi sözə görə nigarandırsa (bu sözün yayılmasından qorxursa), onun dediyi söz əmanətdir.”
HÖCƏTLƏŞMƏDƏN ÇƏKINƏK
Başqaları ilə rabitədə, xüsusi ilə ailə münasibətlərində höcətləşmələrdən çəkinmək lazımdır. Bu sayaq tünd mübahisələrin olduqca böyük mənfi tə`sirləri olur. Hətta bu söhbətlər nəticəsində insanlar bir-birindən inciyir, ayrılır. Onu da qeyd etmək lazımdır ki, bu sayaq çəkişmələrin əksəri insanın dünya və axirəti üçün faydası olmayan məsələlər mövzusundadır. Çox vaxt görürük ki, qadın və ya kişi öz fikrini bildirib. Onu başqalarına qəbul etdirmək istəyir. Qarşı tərəf isə ona qarşı çıxaraq müqavimət göstərir. Məhz bu məqamda hücum və müdafiə əhatəsi genişlənir və iş savaşla nəticələnir.
Bə`ziləri umurlar ki, bütün hallarda onlar haqlı sayılmalıdır. Onlar öz müddəalarını nə üçün-niyəsiz qarşı tərəfə qəbul etdirmək istəyirlər. Əlbəttə ki, belə bir istək yersiz qürurdan qaynaqlanır. Bə`ziləri də öz yanlış və ya düz müddəalarını istənilən bir vasitə ilə başqalarına qəbul etdirməyə çalışır və qarşı tərəfin deyilənləri qəbul etməsini onun üçün vəzifə sayır. Belələrində məntiqi və aram söhbət hazırlığı olmur. Onlar tez qızışır, üsyankarlıq göstərirlər. Bə`ziləri də adət ediblər ki, hər deyilənə müxalif çıxsınlar. Guya qarşı tərəfin sözünü qəbul etmək təslimçilikdir. Belə bir düşüncə ilə inadkarlıq göstərib, qarşı tərəfin dediyi haqlı sözləri də inkar edirlər.
Təcrübədən mə`lum olur ki, əksər vaxt belə söhbətlərdə məqsəd haqqın yox, şəxsiyyətin qəbul etdirilməsi olur. Eqoistlik xəstəliyindən xəbərdar olanlar, bu çirkin sifətdən qoruna bilənlər bu sayaq mübahisələrdən çəkinirlər. Onlar hətta haqlı olduqları zaman səmərəsiz çəkişmələrə yol vermir, dartışmaya qatılmırlar. Onlar bilirlər ki, ilk addımda məqsəd haqqın sübutu olsa da, mübahisə gedişində haqqın yerini şəxsiyyət tuta bilər. Bu sayaq söhbətlərin arxasında, adətən, inadkarlıq və kin-küdurət dayanır.
Beləcə, əgər tərəflərdən biri inadkarlıq göstərirsə, qarşı tərəf onunla mübahisədən çəkinməli, söz sükutu ilə söhbətin davamına maraq göstərmədiyini anlatmalıdır. Hər birimiz öz zehnimizi islah etməli və unutmamalıyıq ki, bizim baxışımız yanlış da ola bilər. Axı insanın malik olduğu mə`lumatlar düzgün olmaya da bilər. Bütün deyilənləri nəzərə alaraq, mülayimliklə, məntiq əsasında söhbət aparmalı, inadkarlıqdan qaynaqlanan höcətləşmələrdən çəkinməliyik. Dini rəvayətlərdə bu mövzu ilə bağlı bir çox tövsiyələr var. Həzrət Peyğəmbər (s) buyurur: “Allah yanında ən mənfur insan inadkar, düşmən axtaran kəsdir.” Həzrət Əli (ə) buyurur: “Düşmənçilikdən çəkinin bu (xüsusiyyət) qardaşların qəlbini xəstələndirir, nifaq cücərdir.”
TÜND XASIYYƏTDƏN ÇƏKINƏK
Zövcələrin xoşbəxtliyinin tə`minində ən tə`sirli amillərdən biri gözəl əxlaqdır. Dini tə`limlərimizdə də bu nöqtəyə əsas amil kimi yanaşılmış, tövsiyə edilmişdir ki, pis əxlaqlı fərdlə izdivac edilməsin. Pis əxlaqlı insan ailə həyatını səfa-səmimiyyətdən məhrum edir, bə`zən onu özü və həyat yoldaşı üçün yandırıcı cəhənnəmə döndərir. Yersiz sərtliklər, danışıq və rəftarda tündlük, güzəşt və sazişdən uzaqlıq, kin-küdurət və bu kimi digər xasiyyətlər müştərək həyatı təbii axarından çıxaran amillərdəndir.
Səmavi tə`limlərə əsasən aramlıq və səfa-səmimiyyət hakim olan evlər Allahın diqqət və mərhəmətindən bəhrələnir. Mələklər yolunu belə evlərdən salır, mərhəmət bərəkət və aramlıq gətirir. Bu sayaq həyat axirətdə behiştlə sonuclanır. Qur`an ayələrinə əsasən behişt əhli arasında heç bir kin-küdurət və düşmənçilik yoxdur. Behiştdə olanlar tam səfa-səmimiyyət içindədirlər və bu səbəbdən behiştə “darus-səlam” deyilmişdir. Xoş rəftar, qarşılıqlı anlaşma həm də behişt əhlinə məxsus sifətlərdəndir və insanın üzünə behişt qapılarını açır. Çəkişmə, ixtilaf, keşməkeşlər meydanı olan evin əhli isə cəhənnəm astanasında dayanmışdır. Belələrində cəhənnəm əhlinin xüsusiyyətləri var. Qur`an tə`limlərinə əsasən belə fərdlər yırtıcı itlər tək bir-birlərinə hürməkdədir. Belə evə şeytanın gəliş-gedişi var. Onlar ilahi rəhmət və bərəkətdən məhrumdurlar. Məşhur bir rəvayətdə İslam peyğəmbərinin belə buyurduğu nəql olunur: “İt olan evə mələklər daxil olmaz.” Rəvayətin zahiri mə`nasına əsasən evdə it saxlamaq olmaz. Amma rəvayətdən başqa iki mə`na da anlaşılır:
Birinci mə`naya əsasən ev deyərkən insanın qəlbi nəzərdə tutulmuşdur. Əgər insanın qəlbində tamah, xəsislik, kin-küdurət, eqoistlik kimi məzəmmət olunmuş sifətlər varsa, mələklər bu qəlbə daxil olmaz. Belə bir qəlb şeytan yuvasıdır.
İkinci mə`naya əsasən rəhmət mələkləri çəkişmə, dava-dalaş, ixtilaf olan evə daxil olmazlar. Belə bir ev ilahi lütfdən məhrum olduğundan onda ilahi diqqət əlaməti olan aramlıq, səfa-səmimiyyət tapılmaz. Belə bir ev daim iztirab qəm-qüssə içindədir.  Bir sözlə, belə ev mə`nəvi bərəkət və xeyirdən uzaqdır. Ona görə də belə bir ailədə ərlə arvad sağlam və layiqli övlad intizarında olmamalıdır.
İBRƏTAMIZ BIR ƏHVALAT
Nəql olunur ki, Peyğəmbərin (s) yaxınlarından olan Sə`d ibn Məaz Ənsari dünyasını dəyişmişdi. Həzrət Peyğəmbər (s) onun dəfnində iştirak edirdi. Göstərdiyi fədakarlıqlara görə ona xeyli hörmət vardı. Peyğəmbərin (s) Məaza diqqət və ehtiramını görən ana övladına xitabən dedi: “Behişt sənə şirin olsun.”
Həzrət Peyğəmbər (s) buyurdu: “Aram ol və Allahın işləri haqda qəti söz danışma. O (Məaz) hazırda sıxıntı və əziyyətdədir.”
Peyğəmbərin bu sözləri ətrafdakıları heyrətə gətirdi. Onlar bunun səbəbini soruşdular. Həzrət Peyğəmbər (s) buyurdu: “O öz ailəsi ilə sərt rəftar edirdi.”
Bu əhvalat ailədə pis rəftarın acı nəticələrini göstərir. Əlbəttə ki, deyilənlər təkcə kişilərə aid deyil. Əgər qadın da öz əri ilə pis rəftar edərsə, uyğun aqibətlə üzləşər.
Bu məqamda bir nöqtəni də xatırlatmaq faydalı ola bilər ki, qadınlar fitri və təbii hazırlıq zəminəsinə əsasən sərt rəftara daha meyillidirlər. Qadın məzəmmət olunmuş belə bir xüsusiyyətin özünü büruzə verməməsi üçün sə`y göstərməlidir. Təəssüf ki, bir çox xanımlar bu sahədə kişiləri ötüb keçmişlər. Onlar öz tünd xasiyyətləri ilə ailə həyatını həm özləri, həm də ailələri üçün əzaba çevirmişlər. Sanki fitrətən qadın batinində əmanət qoyulmuş duyumlar səmərəsiz qalmışdır. Olsun ki, bə`zi qadınlar fitrətlərindəki mərhəmət sərmayəsini tədricən itirmiş, psixoloji xəstəliyə tutulmuşlar. Əslində qadının fitrətindəki mərhəmət hissi onu mehribanlığa, fədakarlığa, mülayimliyə çağırır. Qadında bu sayaq müsbət xüsusiyyətlərin təzahürü təbii bir işdir.
Qadın üçün hər şeydən önəmli odur ki, öz daxili dəyərlərini tanısın, agahlıq və bəsirətlə onları qorumağa çalışsın.
XOŞ RƏFTAR IMAN NIŞANƏSIDIR
Dini tə`limlərdə kişilərə və qadınlara tövsiyə olunmuşdur ki, öz həyat yoldaşları ilə yaxşı rəftar etsinlər. Əgər bir şəxs İslam prinsipləri əsasında tərbiyə almışsa, onun şəxsiyyəti iman və təqva əsasında formalaşmışsa, xoşrəftar, qarşı tərəfin hüquqlarını gözləmək, mülayimlik və müdara onun təbii əxlaqi xüsusiyyətləri olacaq. İman iddiasında olub pis rəftar edən şəxs öz imanına yenidən nəzər salmalı, boş-boş iddialarla qürrələnməməlidir.
İmanı onun xüsusiyyətləri ilə tanımaq olar. Xalqla xoş rəftar, ətrafdakıların mə`nəvi və maddi haqlarını pozmaq qorxusu imanın ilkin nişanələrindəndir.
QƏZƏBDƏN, SƏRT RƏFTARDAN ÇƏKINƏK!
Dini tə`limlərdə qəzəb və əsəbiliyin qarşısının alınması barədə bir çox tə`kidli göstərişlər vardır. İmam Zeynəl-Abidindən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, udulmuş qəzəb damlasından dəyərli bir damla yoxdur.  Həzrət Əli (ə) buyurmuşdur: “Qəzəbinə hakim olmayan bizdən deyil.”
Qəzəbə nəzarət üçün iki nöqtəyə diqqət yetirməliyik. Birinci nöqtə odur ki, qəzəbin nəticələrinə diqqətli olaq. Belə bir agahlıq qəzəblə mübarizədə insanı gücləndirir. Digər nöqtə budur ki, qəzəbi cilovlamaq üçün hazırlığa ehtiyac var.
Şübhəsiz ki, qəzəb və əsəb insanın fiziki və psixoloji sağlamlığına dağıdıcı tə`sir göstərir və ağır xəstəliklərlə nəticələnir. Bundan əlavə, qəzəb bizim başqaları ilə rabitələrimizə zərbə vurur, şəxsiyyətimizi alçaldır. Bir an əsəbiləşmək elə bir problem yaradır ki, həmin problemi aradan qaldırmaq çox çətin olur. Bundan əlavə, əsəbilik zamanı insanın hərəkətləri ağıl və məntiqdən yox, psixoloji həyəcandan qaynaqlanır. Adətən, əsəbilikdən sonra peşmanlıq gəlir. Bə`zən bu peşmanlıq o qədər şiddətli olur ki, əsəb sarsıntısına gətirib çıxardır. Digər bir tərəfdən, qəzəb və əsəb başqaları üçün narahatlıq yaradıb onların hüquqlarının tapdanmasına səbəb olduğundan, onun ağır axirət cəzaları da var. Uyğun zərər-ziyanı nəzərə alan əsəbi fərd öz əxlaqındakı bu zəif nöqtəni aradan qaldırmalı, ən azı hisslərini nəzarət altına almalıdır.
Dini tə`limlərimizdə tövsiyə olunmuşdur ki, əsəbi halda qərar çıxarmayın, əsəbinizi soyutmaq üçün vəziyyətinizi dəyişin. Məsələn, əyər ayaq üstəsinizsə oturun, əgər oturmusunuzsa durun. Əsəbiləşən zaman dəstəmaz almaq da tövsiyə olunmuşdur.  Yə`ni dərhal reaksiya verməyin, arada fasilə yaradın. Bu fasilə qəzəbin nəzarət altına alınmasında tə`sirlidir.
Əlbəttə ki, bə`zilərinin əsəbi bir anlıqdır. Onlar tez qəzəblənib, tez də təbii hallarına qayıdırlar. Amma bə`zilərində qəzəb şəxsiyyətin bir çalarına çevrilmiş və vücuda hopmuşdur. Belələrinin islahı asan olmur. Onların uzun müddət ciddi mübarizəyə ehtiyacı var. Belələri ilə yanaşı yaşamaq olduqca çətindir. Onlar, adətən, özlərini təqsirkar bilmir və buna görə də islaha sə`y göstərmirlər. Onlar daim günahı başqalarının boynuna atır və çox vaxt ətrafdakıların xeyirxah nəsihətlərinə qulaq asmırlar.
Əgər zövcələrdən biri əsəbi olsa, ikinci tərəf çalışmalıdır ki, onun əsəblərini qıcıqlandırmasın və öz dözümü ilə ona əsəbini nəzarətə almaqda yardımçı olsun. Qəzəb soyuduqdan sonra münasib bir məqamda həyat yoldaşı ilə danışıq, ona əsəbləşməməyi tövsiyə etmək olar. Adətən, əsəbi insanlar yorğunluq zamanı daha tez əsəbiləşirlər. Belə məqamda onları yola vermək zəruridir.
QADINLARLA RƏFTARDA ISLAMI NÜMUNƏLƏR
Həzrət Peyğəmbər (s) və mə`sum imamların həyatına nəzər saldıqda görürük ki, onlar öz həyat yoldaşları ilə mülayim və mehriban rəftar etmişlər. Bu böyük insanlarda mərhəmət elə bir həddə olmuşdur ki, hətta bə`zi zövcələri onların bu xüsusiyyətlərindən sui-istifadə etmişdir. Amma yerə də onların səbr kasası dolmamış, sərt rəftara yol verməmişlər. Nəql olunur ki, bir gün Əbu-Bəkr peyğəmbərin evinə gəldikdə qızı Ayişənin (peyğəmbərin həyat yoldaşı) peyğəmbərlə mübahisə etdiyini gördü. Onlar mübahisənin həlli üçün Əbu-Bəkri hakim tə`yin etdilər. Ayişə danışır və öz danışığında Peyğəmbərin (s) hörmətini gözləmirdi. Əbu-Bəkr Ayişənin bu hərəkətinə dözməyib ona bir sillə vurdu. Ayişə Peyğəmbərə (s) sığınıb onun arxasında gizləndi və yardım istədi. Həzrət Peyğəmbər (s) buyurdu: “Biz səni buna görə çağırmamışdıq, səndən belə rəftar istəməmişdik.”
Nəql edirlər ki, bir gün peyğəmbərin zövcəsi onunla tünd davrandı. Anası onun bu hərəkətini görüb tənbeh etdi. Həzrət Peyğəmbər (s) buyurdu: “Onu rahat buraxın, bildiyini etsin.”  Peyğəmbərin (s) yaxınları onun haqqında demişlər: “Peyğəmbər (s) qadınları və uşaqları bağışlamaqda xalqın ən üstünü idi.”  Həzrət Peyğəmbər (s) buyurmuşdur: “İman baxımından xalqın ən kamili onların ən xoş xasiyyətlisi və zövcəsinə ən mehriban olanıdır.”
Peyğəmbər (s) müsəlmanlara son vəsiyyətində üç şeyi xatırlatmışdır: namaz, əl altında olanlarla xoş rəftar, qadınların yanında Allahdan qorxub onlarla gözəl rəftar etmək.  Digər bir rəvayətdə oxuyuruq: “Sizin ən yaxşınız ailəsi üçün yaxşı olandır. Mən öz ailəm üçün sizin hamınızdan üstünəm. Böyük insanlar qadınları girami tutur, rəzil insanlar onları əskik sayır.”
Dini bir rəvayətdə deyilir:
Qadınlara və uşaqlara zülm-sitəm Allahı hər şeydən çox qəzəbləndirir.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir: “Bilin ki, Allah və peyğəmbər zövcəsinə zərər-ziyan yetirəndən üz çevirmişdir.”
Qur`ani-kərim kişilərə belə göstəriş verir: “Həyat yoldaşlarınızla yaxşı və xoş rəftar edin.”
Qur`an ayələrində buyurulur ki, əgər müştərək həyatı davam etdirmək imkanınız yoxdursa, zövcənizin haqqını ödəyin, onunla yaxşılıqla ayrılın və elə etməyin ki, həyat ona sıxıntılı olsun; ona zərər-ziyan yetirməyin və Allah bəyənən tərzdə bir-birinizdən ayrılın.”
İslamın qadınlarla rəftar haqqındakı buyuruqları göstərir ki, ailələrimizin bir çoxu İslam normalarından nə qədər uzaqdır. Bə`zi kişilər din öncüllərinin tam ziddinə olaraq bayırda xoş rəftar edir, evə qayıtdıqda ailə mühitini öz davranışı ilə zəhərləyir.
Təəssüf ki, ailə ilə bağlı bir çox ən`ənələrimiz İslam tə`limindən uzaqdır, bə`zən isə ona ziddir.
Deyilənlərə əsasən müsəlman ailələrindəki bu günkü gerçəkliyi İslamın ailə prinsipləri ilə eyni tutmaq olmaz.
Qadınlara hörmət, onların girami tutulması, onlarla sərt rəftardan çəkinmək İslam qanunlarının gerçək prinsiplərindəndir. Haqqında danışdığımız məsələ ilə bağlı ayələr və rəvayətlər çoxdur. Bizim xatırladıqlarımız isə yalnız dəryadan bir damla idi.
ƏRLƏ RƏFTARDA İSLAM ÖLÇÜLƏRI
İslam tə`limlərini nəzərdən keçirdikdə mə`lum olur ki, qadın üçün ərin razılığını qazanmaqdan mühüm bir iş yoxdur. Yə`ni kişi qadına hörmət göstərib, onunla xoş rəftar etməyə vəzifəli olduğu kimi, qadın da ərin razılığını tə`min etməyə vəzifəlidir. Belə ki, qadının əri ilə xoş rəftarı və onu razı salması cihad sayılmışdır.
İslam tə`limlərinə əsasən kişinin qadın öhdəsində daha çox haqqı var.  Qiyamət hesabında qadın üçün ərin razılığından böyük şəfaətçi yoxdur.  Həzrət Fatimə (s) dünyasını dəyişdiyi vaxt Həzrət Əli (ə) dedi: “Pərvərdigara! Mən sənin peyğəmbərinin qızından razıyam.”  Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Xoş o qadının halına ki, əri ondan razıdır; vay o qadının halına ki, ərini qəzəbləndirmişdir.”
İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir ki, ərini incidən, qəm-qüssəyə qərq edən qadın məl`undur (lə`nətlənmişdir). Ərini əziz tutub onu incitməyən, ona itaət edən qadın isə xoşbəxtdir.”
Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər bir qadın ərini incitsə, onu razı salanadək namazı və digər xeyir işləri Allah dərgahında qəbul deyil. Kişi üçün də belədir. Arvadını incidən, ona zülm edən kişi cəzalanır.”
Həzrət Fatimə (s) buyurmuşdur: “Həyat yoldaşı ilə mehriban rəftar edib onu bağışlayanlar insanların ən dəyərliləridir.”
Bir şəxs həzrət Peyğəmbərə (s) öz zövcəsinin yaxşı rəftarı haqqında danışıb dedi: “Evə qayıtdığım vaxt zövcəm məni gülər üzlə qarşılayır, xoş sözləri ilə yorğunluğumu və qəm-qüssəmi çıxarır, mənimlə daim mehriban rəftar edir.” Həzrət Peyğəmbər (s) buyurdu: “O, şəhid mükafatının yarısını almışdır.”
Əgər İslamın kişi və qadın üçün nəzərdə tutduğu vəzifələrə əməl edilsə, ailə rabitələrində ciddi bir problem yaranmaz.
UYĞUNLAŞMA
İstənilən bir ictimai mühitdə, o cümlədən ailədə əsas prinsiplərdən biri uyğunlaşma prinsipidir. Hər bir toplumda, eləcə də, ailədə olan fərdlər fərqli xüsusiyyətlərə malikdir. Həyat yoldaşı seçimində nə qədər diqqətli olsaq da, seçdiyimiz fərddə fərqli xüsusiyyətlərin olması qaçılmazdır. Fərqli mədəniyyətlərin tərbiyə etdiyi şəxslər arasında düşüncə, psixologiya, əxlaq baxımından fərqlər olur. İki ailə mədəniyyət, adət-ən`ənə baxımından bir-birlərinə nə qədər yaxın olsalar da, onlar arasında fərqlərin mövcudluğu qaçılmazdır. (Ayrı-ayrı millətdən olan iki fərdin qurduğu ailənin davamsızlığı deyilənlərə sübut ola bilər. Təbii ki, kökündən fərqli mədəniyyətlərdən bəhrələnmiş iki şəxs olduqca çətin uyğunlaşır.
Təcrübə göstərir ki, xarici vətəndaşla ailə quran şəxslərin xüsusi problemləri olur və onların izdivacı, adətən, uzun çəkmir. Əlbəttə ki, istisnalar da var. Hətta bu istisna hallarda da tərəflərdən biri o birinin əqidəsini və mədəniyyətini qəbul edir.) Bütün bu səbəblərdən ailə qurmuş tərəflər arasındakı fərqlər bizi təəccübləndirməməlidir. Həyat yoldaşı seçərkən belə bir nöqtəni nəzərdən qaçırmaq olmaz və bu seçimdə çalışmalıyıq ki, prinsipial məsələlərdə tərəflər bir-birinə uyğun olsunlar.
Prinsipial fərqləri olan iki nəfərin qurduğu ailə çox çətin uyğunlaşır, bə`zən isə uyğunlaşmır.
Əlbəttə ki, bə`zən ailədə prinsipial yox, xırda məsələlər ixtilaf yaradır. Hər halda, fərqlər azaldıqca rabitə də möhkəmlənir. Tərəflər arasındakı fərqlərdən bir qismi onların iste`dadları ilə bağlıdır. İste`dad fərqi isə fərqli maraqlar, istəklər yaradır. Zövcələr arasındakı fərqlərdən bir qismi də onların uzun illər boyu formalaşmış adətləridir. Adəti atmaq isə olduqca çətindir. Bir sözlə, tərəflər arasında fərqlər labüddür. Əgər fərqlər qaçılmazdırsa, ailənin davamı üçün uyğunlaşmadan başqa çarə yoxdur. Bütün toplumların, zümrələrin, eləcə də, ailənin uyğunlaşma prinsipinə ehtiyacı var.
UYĞUNLAŞMA MƏFHUMU
Ailədə uyğunlaşma deyərkən hər bir ailə üzvünün, xüsusi ilə ərlə arvadın bə`zi məsələlərə münasibətini dəyişməsi və ümumi razılıq naminə bə`zi istəklərdən çəkinməsi nəzərdə tutulur. Deyildiyi kimi, ərlə arvadın bə`zi əxlaqi xüsusiyyətləri bir-biri ilə ziddiyyət təşkil edir. Ümumi razılıq xatirinə bu xasiyyəti tərk etməkdən başqa yol yoxdur.
Müştərək bir həyatda ərlə arvad çalışmalıdır ki, bir-birlərinin bütün xüsusiyyətlərini, maraqlarını öyrənsinlər və tam ziddiyyət təşkil edən işlərə yol verməsinlər.
Bu həssaslıqların kökü çox vaxt insanların psixoloji xüsusiyyətlərində, aldıqları tərbiyədə olur. Əlbəttə ki, bu sahələrdə dəyişmək çətindir. Hər hansı fərdin qısa bir zamanda bu xüsusiyyətləri tərk etməsini gözləmək olmaz. Ona görə də hər iki tərəf çalışmalıdır ki, qarşı tərəfin həssaslığını nəzərə alsın.
Həyat yoldaşının istəklərinə zidd rəftara yol verməmək mehr-məhəbbət şərti, ağıl və düşüncə nişanəsidir.
Çünki həyat yoldaşını sevən kəs ailə həyatına əlaqəlidir. O, həyat yoldaşını incidəcək, müştərək həyat bağlarını qıracaq heç bir iş görmür. O, inadkarlıq və ya nadanlıq üzündən yoldaşı üçün sıxıntı yaradacaq işə yol vermir. Təəssüf ki, bə`zən zövcələr bir-birinə hörmət əvəzinə, inadkarlıq göstərərək biganələrin yanında qarşı tərəfi incidirlər. Bu sayaq rəftar göstərir ki, onlar ailə həyatının qayda-qanunlarından xəbərsiz və biganədirlər.
Bilməliyik ki, hər bir insanın xüsusi ruhiyyəsi, düşüncə tərzi var. Hər bir insan xüsusi yanaşma tələb edir. Başqa sözlə, ətrafdakılarla rabitə zamanı onların şəxsiyyətini nəzərə almamaq olmaz. İstənilən bir söz və rəftar qarşı tərəfin düşüncə və ruhuna uyğun olmalıdır. Çünki hər maye üçün münasib bir qab var və qaba tutumundan artıq bir şey tökmək olmaz.
Bə`ziləri öz rəftarında ağıla əsaslandığından onlarla ağıl və məntiq dilində danışılmalıdır. Bə`ziləri isə emosionaldırlar. Belələri ilə ünsiyyətdə quru məntiqi dəlillərlə kifayətlənmək olmur. Onların həssaslığını nəzərə almaqla daha tez nəticə əldə etmək olmaz. Kimi istiqanlı, kimi isə soyuqqanlıdır. Kimi məsələlərə səthi yanaşır, kimi də məsələnin mahiyyətinə varır.
Zövcələrdən hər biri qarşı tərəfin şəxsiyyətinə qapı açmaq üçün açar soraqlamalıdır. Qarşı tərəflə onun ruhiyyəsinə uyğun rəftar edilməlidir.
Müsbət nəticə əldə etmək üçün sağlam və yetərli rabitələrin qurulmasında sədaqətlə təlaş göstərmək lazımdır.
HƏYAT YOLDAŞININ AILƏSI ILƏ SAZIŞ
Mühüm məsələlərdən biri qadının ər evində dil tapmasıdır. Təəssüf ki, bu sahədə bir çox problemlər yaranır. Hətta bu problemlər acı nəticələrə də gətirir. Ərlə arvad qarşı tərəfin ailəsi ilə sazişə gəlməli olsa da, kişinin bu sahədəki müdiriyyəti nəzərə alınmalıdır. Kişi tədbir və bəsirətlə elə rəftar etməlidir ki, həm həyat yoldaşı, həm də yaxınlarının haqlarını yerinə yetirsin. Hər halda onlardan heç birini digərinə fəda etmək olmaz. Bə`zi kişilər analarını çox sevdiklərindən özləri də bilmədən həyat yoldaşlarının haqqını tapdalayırlar. Onlar öz həyat yoldaşlarından analarına qarşı xüsusi bir münasibət umurlar. Hansı ki, qadın yalnız öz vəzifəsini yerinə yetirməli, yersiz tələblərin icrasında üzülməməlidir. Bə`ziləri isə evləndikdən sonra ana-bacısını, yaxınlarını yaddan çıxarır və onların hüquqlarına biganəlik göstərir. Evləndikdən sonra kişinin öz həyat yoldaşı, yaxınları ilə necə rəftar edəcəyindən çox şey asılıdır. Ailədə isti rabitələrin yaranması, bir çox problemlərin aradan qalxması üçün kişi düzgün müdiriyyət üsulu seçməlidir. Kişi tədbirli və agah olmadıqda ailədə xeyli problem yaranır. Digər tərəfdən, qadın da ərini əziyyətə salacaq rəftarlardan çəkinməli, ərin yaxınları ilə isti əlaqələr qurmağa çalışmalıdır. Cüz`i məsələlərdən ötrü dava-dalaş salmaq, səmimi rabitələri pozmaq düzgün deyil.
GÜZƏŞT UYĞUNLAŞMA ŞƏRTIDIR.
Uyğunlaşma sözündə bir növ güzəşt, dözüm, göz yummaq mə`naları da var. Müdara etmək tə`biri də həmin mə`nanı bildirir. Müdara etmək odur ki, biz kollektiv yaşayışda ətrafdakıların bə`zi yersiz hərəkətlərinə dözək, onlara göz yumaq. Məsələn, əgər həyat yoldaşının rəftarında nöqsan varsa və nöqsanı aradan qaldırmaq üçün göstərilən sə`ylər nəticə vermirsə, dava-dalaş salıb ailə rabitələrini süstləşdirmək olmaz. Çünki hər birimizin zəif nöqtəsi var. Bə`zən bu nöqtəni islah etmək asan olmur. Bə`zi zəif nöqtələrin irsi kökləri olur. Qəbul etməliyik ki, müştərək həyatda bu sayaq çətinliklər labüddür. Axı heç birimiz mə`sum, günahsız deyilik. Özünü nöqsansız bilən şəxs hamıdan nöqsanlıdır. Əlbəttə ki, hər bir insan öz üzərində çalışıb eyiblərdən yaxa qurtarmalıdır. Belə bir sə`y mə`nəvi təkamül səbəbidir. Yalnız çalışmaqla Qur`ani-kərimin “pak həyat” adlandırdığı sağlam həyata yol tapmaq olar. Hər halda bu sayaq çətinliklər var və müdara edib, keçinməkdən başqa yol yoxdur. Elə bu səbəbdən də İslam tə`limlərində müdara etmək tə`kidlə tövsiyə olunur. İslam peyğəmbərindən nəql olunmuş rəvayətlərdə müdara imanın yarısı kimi təqdim olunur.  Həzrət Peyğəmbərin (s) bu bəyanı insani rabitələrdə əxlaqi fəzilətin əhəmiyyətini göstərir. Bu mövzuda rəvayət çoxdur.
SAZIŞ HƏDDI
Qarşı tərəflə saziş o demək deyil ki, insan qeyd-şərtsiz kiminsə istəyinə və ya mühitin tələblərinə təslim olsun, gerçək me`yarlardan əl çəksin. Bə`zi əxlaqi keyfiyyətləri o zaman tərk etmək olar ki, bu hərəkət prinsipial üsullara zərər vurmasın və haqq ayaq altına atılmasın.
İnsan fərd və ya mühitlə uyğunlaşmaq üçün nə günaha yol verə bilər, nə də vacib vəzifələrini tərk edə bilər.
İslam Peyğəmbərindən (s) nəql olunmuş bir rəvayətdə belə bir nöqtə aydın şəkildə bəyan olunmuşdur: “Öncə Allaha iman, sonra kimsənin haqqını tapdamadan xalqla müdara düşüncə göstəricisidir.”
Qeyri-prinsipial məsələlərdə ixtilafdan çəkinib müdara yolunu tutmaq olar. Qeyri-mühüm məsələlərdə güzəşt başqaları ilə saziş şərtidir.
Uyğunlaşmaq təslimçilik, ictimai mühitin rəngini götürmək, şəxsiyyəti əldən vermək yox, ixtilaflardan çəkinmək məqsədi ilə güzəştə getməkdir.
UMACAĞIMIZI MƏHDUDLAŞDIRAQ
Ailə həyatında uyğunlaşma şərti budur ki, ərlə arvadın hər biri qarşı tərəfdən umacağında orta həddi gözləsin, imkandan uzaq, qeyri-məntiqi istəklərdən daşınsın. Ailə həyatında bir çox problemlərin kökü istək və umacaqlarda orta həddin gözlənilməməsidir.
Şübhəsiz ki, yalnız ailə həyatında yox, bütün insani rabitələrdə hər birimiz başqalarından nə isə gözləyirik. Əlbəttə ki, qarşı tərəfin də bizdən intizarı var. Ailə həyatımızdakı umacaqları bilmək üçün vəzifə və hüquqlarımızla tanış olmalıyıq. Əgər ailədə haqqımız olmayan bir tələb irəli sürsək, ailə rabitələrinə zərbə vurmuş olarıq. Yə`ni həyat yoldaşından vəzifəsi olmayan bir iş tələb etmək olmaz. Kişi də ummamalıdır ki, qadın öz ixtiyarında olanları və ya qazancını ailə üçün xərcləsin. Qadın da kişidən həddi aşan tələblər etməməli, eləcə də, onun qeyri-məntiqi istəklərinə təslim olmamalıdır.
ÖZ ISTƏKLƏRIMIZDƏ BƏSIRƏTLI OLAQ
Hətta şər`i haqlarımızın tələbində belə bəsirətli olmalı, imkanları nəzərə almalıyıq.
Bəsirətli olmaq, həqiqəti görmək bütün sahələrdə, eləcə də, ailə həyatında mühüm rol oynayan dəyərli bir xüsusiyyətdir.
Həqiqətdən uzaq istəklər rabitələrdə xeyli problemlər yaradır. Unutmamalıyıq ki, imkanı istəyə uyğunlaşdırmaq mümkünsüzdür. İnsan öz istəyini imkana uyğunlaşdırmalı, öz istəklərində gerçəkliyi nəzərə almalıdır. İmkanı nəzərə almadan uzun-uzadı arzularla yaşamaq əslində yuxu və xəyal aləmində seyr etməkdir. Həyatda müvəffəqiyyətin ilkin şərti bəsirətli olmaqdır. Belə bir nöqtəyə diqqət qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir.
Həyəcanlanmış hisslər bə`zən həqiqəti görməyə imkan vermir. Hissdən qaynaqlanan və ağıl ölçüsünə sığmayan istəklər də emosiyalardan doğur.
Bu sayaq istəklər, adətən, ailə həyatında çətinliklər törədir. (Qadının diqqət yetirməli olduğu digər bir məsələ həyat yoldaşının proqramı ilə uyğunlaşmaqdır. Bə`zi kişilər əmək fəaliyyəti ilə bağlı boş vaxt tapmaqda çətinlik də çəkə bilər. Bə`ziləri evdə də idarə işi görməyə məcbur olur. Belə məqamlarda həyat yoldaşı vəziyyəti düzgün qiymətləndirməli, öz e`tirazları ilə ərini sıxıntıya salmamalıdır. Əlbəttə, kişi də imkan həddində öz vaxtının bir hissəsini ailəsinə həsr etməli və bunu özünə vəzifə bilməlidir.)
MÜQAYISƏ APARMAYAQ
Tərbiyə sahəsində tə`kidlə qeyd olunmuş gerçəkliklərdən biri fərqli səviyyənin mövcudluğudur. Öncə də işarə etdik ki, hər fərdin digər fərdlərdən fərqli xüsusiyyətləri var. İnsanların tutumları, qabiliyyətləri, gücləri eyni deyil. Buna görə də hamıya qarşı eyni tələb irəli sürmək olmaz. Belə ki, kişi öz həyat yoldaşını başqa qadınlarla müqayisə edə bilməz. Qadından başqa qadınların gördüyü işi tələb etmək yersizdir. Əgər qadın kişinin bə`zi istəklərini yerinə yetirə bilmirsə, kişi ondan inciməməli, məhəbbətini əskiltməməlidir. Bə`zən kişilər öz həyat yoldaşlarına başqa qadınların aşbazlığından, dərziliyindən ağız dolusu danışırlar. Bu sayaq söhbətlər təkrarlandıqda qadın tərəfindən təhqir kimi qəbul olunur. Başqa qadınların həddi aşan tə`rifi dilxorçuluq, bə`zən isə kin-küdurət yaradır. Bə`ziləri bir az da qabağa gedərək yeri gəldi-gəlmədi həyat yoldaşlarını başqaları ilə müqayisə edirlər. Onlara elə gəlir ki, bu yolla həyat yoldaşlarını təşviq edirlər. Belə bir üsul daha çox zərər gətirir. Adətən, fərdlərin bir-biri ilə müqayisə olunması yanlış olur və pis nəticələrlə sonuclanır. Ümumiyyətlə, fərdlərin müqayisəsində diqqətli olmaq, fərdi keyfiyyətləri nəzərdən qaçırmamaq lazımdır. Başqa bir şərt bu müqayisənin təhqirə çevrilməsinə yol verməməkdir. Başqalarının üstünlüyü haqqındakı söhbət qarşı  tərəfin alçaldılması ilə müşayiət olunmamalıdır.
İnsani rabitələrdə bir çox incə nöqtələrə diqqət yetirmək və ölçülü hərəkət etmək lazımdır.
Həyat yoldaşının başqa qadınlarla müqayisə edilməsinin digər mənfi nəticələri də var. Bu nəticələrdən biri qadında başqa qadınlara qarşı mənfi emosiyaların yaranmasıdır. Qadın üçün ərin ətrafdakı qadınlara diqqətli olub, onların haqqında xoş sözlər deməsi cansıxıcıdır. Qadına elə gəlir ki, haqqında danışılan qadınlar onun ərinin diqqətini ondan yayındırırlar. Bir sözlə, yersiz müqayisələr ailənin ictimai rabitələrində xeyli problem yaradır və bu problemlər bə`zən ciddi qarşıdurmalarla nəticələnir.
ƏRDƏN MADDI TƏMƏNNA
Qadının öz ərindən təmənnalarından biri də maddi təmənnadır. Şübhəsiz ki, qadının dolanışıq xərcləri ərin öhdəsinədir. Kişi qadının şə`ni, öz imkanları ölçüsündə qadına həyat şəraiti yaratmalıdır. Onun həm rahatlığı tə`min olunmalı, həm də şəxsiyyəti qorunmalıdır. Təəssüf ki, bu sahədə də bə`zən orta hədd gözlənilmir, qadının təmənnaları ailənin və ərin imkanlarından çox-çox yuxarı olur.
Ailələrdəki durumun araşdırması göstərir ki, ərlə arvad arasındakı bir çox problemlərin səbəbi maddiyyatdır.
İslami rəvayətlərdə kişilərə tövsiyə olunur ki, imkanları daxilində qadının rifah və asayişini tə`min etsinlər. İmkanı olduğu halda ailənin ehtiyaclarını tə`min etməyən kişidə bir növ xəsislik görünür. Onlar unudurlar ki, var-dövlət ailənin ehtiyaclarının ödənməsi, şəxsiyyətin qorunması, xeyir işlər yolunda sərf olunduqda fayda verir. Əgər imkanlar sadalanan istiqamətdə yönəlməsə, onların heç bir dəyəri yoxdur. Rəvayətlərdə tövsiyə olunur ki, Allah sizin var-dövlətinizə bərəkət verdikdə siz də həmin artıma uyğun olaraq ailə-övladınızın şəraitini genişləndirin, açıq əl və ürəklə onların ehtiyaclarını tə`min edin.
Bundan əlavə, kişi ailə ehtiyaclarının tə`mini üçün öz fəaliyyət dairəsini genişləndirməlidir. Bu yolla ailənin üzləşdiyi maddi problemlər aradan qaldırılmalıdır. Bə`zi kişilər ailə-övladın ehtiyaclarını tə`min etmək üçün lazımınca çalışmırlar. Bu səbəbdən onlar öz fəaliyyətlərini genişləndirməyə cəhd göstərmirlər.
Başqa bir tərəfdən, dini rəvayətlərdə qadınlardan istənilir ki, həyat yoldaşlarının imkanlarını nəzərə alsınlar. Qadın həddi aşan istəklərdən çəkinməlidir. Təəssüf ki, bə`zi qadınlar bu məsələyə biganədirlər. Onlar öz xoşbəxtliklərini yalnız maddiyyatda axtarırlar. Belə qadınların təmənnasının həddi-hüdudu yoxdur, onlar hər gün yeni bir istəklə ərlərinə üz tuturlar. Belə qadınlar nə ərin imkanlarını, nə gələcəyi və nə də ailənin məsləhətini nəzərə alırlar. Onlar öz istəkləri üzərində möhkəm dayanıb tə`kid edir, müsbət cavab almadıqda ailə mühitini zəhərləyirlər. Belə qadınların itirdiyi ilkin şey ailə həyatındakı xoşbəxtlik hissləridir.
Bə`zi qadınlar maddi istəklərin gerçəkləşməsi üçün o qədər sə`y göstərirlər ki, sanki pul xərcləmək üçün yaranmışlar. Ağır xərcli, adətən, bu kimi səriştəsiz qadınlar ailə iqtisadiyyatını ağır yükləyirlər. V. Dorantın tə`birincə: “Ər məcburdur ki, can qoyub, əsəb çürütsün, acı da olsa, qadına bir qul olduğunu qəbul etsin.”  Bu hal dəbdəbəli həyat keçirən kübar ailələrdə daha çox müşahidə olunur. Belə ailələrin bərbəzək geyim, əyləncə xərcləri ağılsız həddədir və üzücüdür. Adətən, belə ailələrdə həqiqi xoşbəxtlikdən əsər-əlamət olmur.
Xoşbəxtlik var-dövlətdə, bər-bəzəkdə, güc və məqamda yox, eşq və aramlıqdadır.
Bu zümrədən olanlar elə bir yol tutmuşlar ki, bu yol onları daim aramlıqdan, xoşbəxtlik və həzdən uzaqlaşdırır.
Aşağı və ya orta imkana malik bir çox ailələr qənaət və şükür səbəbindən olduqca xoşbəxtdirlər. Bu xoşbəxtlik kübar ailələrin dəbdəbəli saraylarda , ağır xərcli qonaqlıqlarda və səfərlərdə axtardıqları xoşbəxtlikdir. Onlar heç vəchlə bu xoşbəxtliyi əldə edə bilmirlər. Elə bu səbəbdən də qəm-qüssə, əxlaqsızlıq, boşanma kimi bir çox psixoloji və ictimai problemlərlə üzbəüzdürlər.
Çox təəssüf ki, orta təbəqədən olan bə`zi qadınlar kübar zümrəni özü üçün ideal götürür və min bir əzab-əziyyətlə onlarla bir cərgədə dayanmağa sə`y göstərirlər. Onların imkanları kübar imkanlarla uzlaşmadığından üzüntüyə düçar olur, ailə həyatını özləri və ailələri üçün zəhərə döndərirlər. (Bu qadın zümrəsi ölkəmizə qərb mədəniyyətinin töhfəsidir. Xüsusi ilə ikinci dünya müharibəsindən sonra qərbə təqlidçilik cərəyanı gücləndi və cəmiyyətdə qərbpərəst bir zümrə formalaşdı.)
Bu tip qadınlar anlamalıdırlar ki, ailə xoşbəxtliyi bərbəzəkdən, dəbdəbəli həyatdan asılı deyil. İnsanın xoşbəxtliyi hər şeydən öncə onun ruhundan və qəlbindən asılıdır. Ruhunda və qəlbində aramlıq olmayan insan nə qədər dəbdəbəli yaşasa da, həyatdan ləzzət almır. İnsan onu addım-addım bədbəxtliyə aparan yol seçməməlidir. Bu yolun sonunda üzüntü və bədbəxtlikdən başqa bir şey yoxdur. Düşünməliyik ki, həyatdan nə istəyirik? Başqaları ilə dəbdəbə yarışına girmək bizi xoşbəxtliyə aparırmı? Axı imkanlar fərqlidirsə, bu yarışda hansı səmərə ola bilər?! Hər birimiz ixtiyarımızda olan imkanları nəzərə alaraq, proqram hazırlamalı, imkanca bizdən yuxarı olanlarla rəqabətə girməməliyik. İnadkar, tələbkar qadınlarla yanaşı şəxsiyyətli, düşüncəli qadınlar da var. Onlar ailənin iqtisadi mənbələrini hifz edir, israfdan çəkinir, ailənin imkan çərçivəsindən kənar addım atmırlar. Xoşbəxtlikdən bu növ qadınlar cəmiyyətimizdə kifayət qədərdir. Onlar hər zaman həyat yoldaşları ilə çiyin-çiyinə ailənin gələcək həyatı üçün proqram cızırlar. Yaxşı olar ki, ata-analar öz qızlarını ər evinə yola salmazdan öncə onları bə`zi həqiqətlərlə tanış etsinlər.
Xoşbəxtlik çox pul xərcləməkdə, ölçüsüz arzularda, azğın istəklərdə yox, həyat yoldaşı ilə qəlb bağlılığında, təkamül və yüksəlişə doğru sə`ydədir.
Bu xoşbəxtliyi qiymətli libaslara, bər-bəzəyə satmaq olmaz. Qızlar öz analarının ağuşunda bu böyük dərsi yetərincə öyrənməlidir.
Bu məqamda həzrət Fatiməni (s) bir ideal kimi xatırlamaq yerinə düşər. Bu xanımın fəzilət və təqva dolu həyatının qadınlarımıza ilham verəcəyinə ümid bəsləyirik. Həzrət Fatimənin (s) öz həyat yoldaşı, Həzrət Əliyə (ə) xitabən söylədiyi dəyərli bir kəlamı ilə sözlərimizi zinətləndiririk. Xanım buyurmuşdur: “Ya Əli! Mən öz Rəbbimdən həya edirəm ki, səndən imkanın çatmayan bir şey istəyəm.”
BAŞQALARININ YAXŞI DOLANIŞIĞINI HƏYAT YOLDAŞIMIZA NÜMUNƏ GÖSTƏRMƏYƏK
Bə`zi xanımlar ardıcıl şəkildə başqalarının dolanışığını öz ərinə nümunə göstərir, bu yolla onu alçaldırlar. Belə bir hərəkət ağıl və ədəbdən uzaqdır. Qadın tərəfindən daim təhqirə mə`ruz qalan ərdən hansı əsasla səmimi və mehriban münasibət gözləmək olar?!
Qadın və kişi birdəfəlik olaraq bu sayaq viranedici müqayisələrdən əl çəkməli, bu yolla qarşı tərəfi incidib təhqir etməməlidirlər.
Ailədə bu sayaq ləyaqətsiz rəftarlara yer yoxdur. Ailə eşq, məhəbbət, mərhəmət fədakarlıq ocağıdır və səmimiyyət dolu bu ocaqda təhqirə yer verilməməlidir.
Bə`zən bu müqayisə ərlə arvadın ata ailələrinə də gedib çıxır. Tərəflərdən hər biri öz ata evi ilə müqayisə aparır, öz ailəsinin imkanlarını və imtiyazlarını gözə çəkir. Qarşı tərəf də öz növbəsində yaxınlarının tə`rifinə başlayır və nəhayət, bu çəkişmə dava-dalaşla nəticələnir. Əslində bu sayaq rəftarlar tərəflərin şəxsiyyətini açıqlayır. Mə`lum olur ki, bu sayaq fərdlər hələ ki düşüncə və ruhi yetkinliyə çatmamışlar, müştərək həyatın qayda-qanunlarından xəbərsizdirlər. Tərəflərdən biri öz yaxınlarını tə`riflədikdə digər tərəf ona eyni cür cavab verməməli, mə`nalı bir sükutla onu düşündürməlidir. Yaxınlarından danışan həyat yoldaşına anlatmaq lazımdır ki, bu sayaq rəftar yanlış və yersizdir. Əgər hücuma mə`ruz qalmış tərəf eynən qarşı tərəf kimi cavab versə və ya həyat yoldaşının dediklərini inkar etsə, iş dava-dalaşa gedib çıxar və ailə savaş meydanına çevrilər. Belə məqamlarda ər və arvad münasib bir fürsətdə sağlam söhbət aparmaqla qarşı tərəfi yanlış mövqedən çəkindirə bilərlər.
AILƏDƏ KIŞININ MÜDIRIYYƏTININ ROLU
Hər bir ictimai qurumun müdiriyyətə ehtiyacı var. Ailə də ictimai bir qurumdur. Əgər ailədə düzgün müdiriyyət olmazsa, onun işləri dolaşar, nizam-intizam aradan götürülər. Himayə və müdiriyyətin zəif olduğu ailələr müxtəlif baxımlardan problemə məhkumdurlar. Ailə qadının lətafətinə, hisslərinə, mərhəmətinə ehtiyaclı olduğu kimi, qüdrət, çətinlik, tədbir, müdiriyyət və rəhbərliyə də möhtacdır. Bu xüsusiyyətlər isə təbii və fitri şəkildə kişidə daha güclüdür. Ailədə müdiriyyəti İslam dini kişinin öhdəsinə qoymuşdur. Qadın bu müdiriyyəti təmkinlə qəbul etməlidir ki, ailə işlərinin tənzimində problem yaranmasın.
Burada zəruri bir nöqtəyə işarə etmək lazım gəlir: ailədə müdiriyyəti təhkim, zor, sərtliklə eyni tutmaq olmaz. Bütün ictimai qurumlar, o cümlədən ailədə müdiriyyət işlərin daha yaxşı idarə olunması və ixtilafların qarşısının alınması üçündür. Təəssüf ki, bə`zi kişilər özünü ailə-övladın mütləq hakimi kimi aparır və onların heç bir haqqını tanımır. Adətən, belə kişilər rəftarını dəyişmək istəmir. Onlar eqoizmə, kobudluğa o qədər yer vermişlər ki, bütün tövsiyələri qulaqardına vururlar. E`tiraf edək ki, bu sayaq qaba fərdlərlə birlikdə yaşamaq olduqca çətindir.
Bə`zi ailələrdə, xüsusi ilə şəhərlərin modern zümrələrində vəziyyət tamam başqadır. Bu ailələrdə qadın kişinin rolunu əlinə almağa, ailənin idarəçiliyini öz öhdəsinə götürməyə çalışır. Belə bir ruhiyyə sağlam qadın üçün təbii deyil və fitrətin ziddinədir. Bə`zən də kişinin müdiriyyət zəifliyi qadında belə bir ruhiyyə yaradır. Hər halda belə bir vəziyyət nə təbiidir, nə də qadın və ailənin xeyrinədir. Belə rəftar qadının fizioloji və problem durumu üçün də zərərlidir.
Ailə üçün yetərli ideal budur ki, qadın və kişi öz xüsusi vəzifəsini yerinə yetirsin və əl-ələ verərək ailə vəzifələrini öhdəyə götürsün. Ailə mübarizə və rəqabət meydanı yox, həmkarlıq və uyğunlaşma ocağıdır.
Bə`zi ailələrdə isə kişi müdiriyyət rolunu əldən vermişdir və hər kəs azad şəkildə öz yolunu gedir. Belə ailələrdə böyüyən qızlar da azaddır. Onlar ailə həyatı qurduqdan sonra da azadlıqlarını qorumağa çalışırlar. Bu səbəbdən də əri saya saymır, onun istəklərinə məhəl qoymurlar. Elə bu məqamda ziddiyyət yaranır. Bu fərdlər öz ruhiyyələrini islah edib dəyişənədək uyğunsuzluq aradan qalxmır, əmin-amanlıq bərqərar olmur.
Ailə işlərinin idarəçiliyində kişi elə bir üsul seçməlidir ki, qadının əks reaksiyasına səbəb olmasın. Yə`ni kişi qadının şər`i hüquqlarını qorumaqla onda belə bir inam yaratmalıdır ki, öz baxışlarını məcburi şəkildə qəbul etdirmək fikrində deyil. Adətən, kişinin səmimiyyəti, xoş niyyəti sübuta yetdikdə ailədə uyğun problemlər yaranmır.
Qadın kişinin müdiriyyət rolunu qəbul edib ailə işlərinin idarəsində həmkarlıq göstərməklə ailə və övladların tərbiyəsi üçün möhkəm bünövrə qurmalıdır.
Kişinin nəzərdən qaçırmamalı olduğu nöqtələrdən biri budur ki, qadın və ailənin ümumi mənafeyinə olan işlərdə onunla məsləhətləşsin. İmkan həddində ailənin məsləhəti nəzərə alınmalıdır. Gerçəkdə baxışlar arasında fərq olsa da məntiqi dəlillər arasında müşkülün həllinə çalışmaq lazımdır. Öz nəzərini ailəyə məcburi qəbul etdirməkdən çəkinmək lazımdır. Ailənin idarəsində məsləhətli müdiriyyət bəhrəlidir.
Kişinin qəyyumluq rolu ailənin ümumi məsləhəti ilə rabitəlidir, və qadının xüsusi vəzifə çərçivəsinə aid deyil. Kişi evdarlıq işlərinə müdaxilə etməməli, bu sahədə qadını azad buraxmalıdır.
İctimai bir vahid, o cümlədən ailədə müdiriyyətin fəlsəfəsi üstünlüyün tə`mini və müdirin hər şeyə müdaxiləsi yox, nəzərdə tutulmuş işlərin ən üstün şəkildə idarəsidir.
Əgər kişi bütün bu nöqtələri nəzərdə saxlasa, yersiz müdaxilələrə, əmr və qadağalara yol verilməz.
Ailə məhəbbət, fədakarlıq, anlaşma və həmkarlıq məhəllidir. Bu prinsipə zidd üsullardan istifadə etmək olmaz.
V. DORANTDAN BIR SITAT
Hazırkı söhbətin sonunda mühüm bir nöqtəyə işarə etmək lazım gəlir: Kişi toplumda şəxsiyyətini elə tanıtdırmalıdır ki, ailədə onun müdiriyyəti təbii şəkildə qəbul olunsun. Bu şərt gözlənilsə, bir çox qadınlar ər müdiriyyətinin qəbulunda problemə düçar olmaz. V. Dorant bu barədə deyir: “Qadın məhəllin komandanı olan kişiyə xoşluqla təslim olur. Əgər bu gün qadın itaətsizlik göstərirsə, bunun səbəbi kişilərin qüdrət və əxlaq baxımından keçmişə nisbətən zəif olmasıdır.”
AILƏDƏ IŞ BÖLGÜSÜ
Qədim adət-ən`ənələrə əsasən, iş bölgüsündə evdarlıq, uşağa qulluq və bu kimi işlər qadının, öhdəsinə ailə ehtiyaclarını ödəmək üçün qazanc əldə edilməsi kişinin öhdəsinə düşmüşdür. Belə bir iş bölgüsü təbii bölgüdür və qadın ailə səngərində bu məsələlərlə məşğul olaraq ön cəbhədə ailə ehtiyaclarını tə`min etmək üçün vuruşan kişini bu sayaq işlərdən azad edir. Belə bir bölgü ailə həyatına səfa-səmimiyyət bəxş edir. Nəzərdə tutulan bölgüdə qadın övladların tərbiyəsi üçün münasib fürsət əldə edir, bütün güc və iste`dadını gələcək nəsillərin tərbiyəsinə yönəldir. Bu halda ailə gələcək nəslin qəbulu üçün isti bir ocağa çevrilir. Qadın qazanc əldə edilməsinin, bu işdən yaranan yorğunluğun sıxıntısından amandadır. O bütün fiziki və ruhi gücünü ailə-övladına həsr etmişdir. Onun daim evdə olması ər və övladlar üçün ailə cazibəsini artırır. Belə bir ailə daha möhkəm bünövrəyə malik olur.
Modern dünyada bütün ictimai sahələr kimi ailə qurumu da dəyişikliyə mə`ruz qalmışdır. Belə ki, ən`ənəvi iş bölgüsü yenidən nəzərdən keçirilmiş, tamam başqa bir şəkil almışdır. Hazırda iqtisadi zərurətdən bir çox qadınlar ərlə çiyin-çiyinə, bə`zən isə ondan da artıq, evdən xaricdə əmək fəaliyyəti ilə məşğuldur. Onlar da eynən kişi kimi evə yorğun gəlir, qulluğa ehtiyac duyurlar. Evdən bayırda əmək fəaliyyəti ilə məşğul olan qadından evdarlıq gözləmək olmaz, eləcə də, ictimai ehtiyacları nəzərə alıb qadını evdən kənardakı fəaliyyətdən məhrum etmək olmaz. Axı evdən bayırda yalnız qadının ixtiyarına veriləsi işlər var. Yenə də bə`zi nöqtələri araşdırmaq lazım gəlir.
İŞLƏYƏN QADINLARLA BAĞLI BƏ`ZI NÖQTƏLƏR
1. Evdən xaricdə əmək fəaliyyəti ilə məşğul olan qadın ailə büdcəsinin bir hissəsini tə`min edir. Demək, ev işlərinin ağırlığını onun çiyninə qoymaq olmaz. Ər vəzifəlidir ki, işdən yorğun gəlmiş qadının ev işləri görüb üzülməməsi üçün münasib proqram tərtib etsin. Əgər qadın gücündən artıq yüklənərsə onun psixoloji durumuna zərbə dəyər. Əlbəttə ki, qadının problemi həm də ailənin problemidir. Nəzərdə tutulan halda ər və övladlar ev işlərində qadına kömək göstərməlidir.
Təəssüf ki, bə`zən təqaüdə çıxmış, yetərincə boş vaxtı olan kişilər adət-ən`ənə prizmasından «ayıbdır» deyə qadına ev işlərində kömək göstərmirlər. Belə bir rəftar səmavi tə`limlərə tam ziddir. İslam dini ev işlərini, hətta körpəyə qulluğu qadına vacib etməmişdir. Əlbəttə ki, qadın şəraiti nəzərə alaraq ev işlərini öhdəsinə götürməlidir. Amma onun bu fədakarlığından sui-istifadə edilməməlidir.
İslami tə`limlər baxımından kişinin evdə iş görməsi bəyənilmişdir və ilahi mükafata səbəb olur. Hətta bildirilir ki, kişinin ev işlərində çalışması onun böyük günahlarının bağışlanması ilə nəticələnir.
İslam peyğəmbərindən nəql olunmuş bir rəvayətdə deyilir ki, yalnız Allahın dünya və axirət xeyiri verdiyi kişilər öz həyat yoldaşına xidmət etməyə müvəffəq olur.
Bizim dini adət-ən`ənələrimizdə də qeyd olunur ki, kişi öz imkan və gücü həddində ev işlərində iştirak etməlidir.
2. Qadınların məşğulluq vəziyyəti göstərir ki, onlardan bə`ziləri ictimai faydalı işlərlə məşğul olub ailə iqtisadiyatına kömək göstərir. Başqa br qrup isə maddi ehtiyac olmadığı halda ictimai mövqe qazanmaq xatirinə evdən bayırda çalışır. Belələri həddi aşmış istəklərindən əl çəksələr evdən kənarda işləməyə ehtiyac qalmaz. Belələri adətən qadın üçün münasib olmayan yerlərdə çalışırlar. Hansı ki, qadının iş yerində sağlam əxlaqi mühit olmalıdır. Qadınlarımız, xüsusi ilə gənc qızlarımız bu mühüm nöqtəni daim nəzərdə saxlamalıdırlar:
Qadın üçün şəxsiyyətini qorumaqdan dəyərli bir şey yoxdur. Qadın heç bir halda öz şan-şərəfini əldən verməməlidir. (Təəssüf ki, bə`ziləri yeni mədəniyyətin müsbət və mənfi cəhətləri arasından yalnız xoşagəlməz tərəfləri götürürlər. Onlar sanki könüllü olaraq özlərini bu mədəniyyətə qurban verirlər. Yüngül əxlaqlı qadınlar gəlincik tək bəzənir, maddi ehtiyacları olmadığı halda müxtəlif müəssələrdə dəyərsiz işlərlə məşğul olurlar. Öz şərəf gövhərini ucuz qiymətə satanların mövcudluğu bir həqiqətdir.)
3. Bə`zi qadınlar ev işlərini özləri üçün əskiklik sayır, onu lazımınca dəyərləndirmirlər. Belə qadınlar üçün hansısa şirkətdə işləmək evdarlıqla məşğul olmaqdan, övlad tərbiyə etməkdən daha əhəmiyyətli görünür. Əslində isə:
Əvvəla, sağlam fitrətə malik bir qadın nəinki ev-eşiyə, hətta evdəki ləvazimatlara daxili hisslərlə bağlıdır. Sanki evin dam-divarı canlıdır və bütün bunlara ruhən bağlanmaq olar. Xanım Lembrozu “Qadın ruhu” kitabında bütün bu nöqtələri gözəl şəkildə açıqlayır. Kitabda qadının evə qayğıkeş münasibətindən ətraflı danışılır. Demək, qadın nə qədər ki hansısa səbəblərdən öz fitrətindən yayınmayıb ev işləri ona alçaldıcı görünmür, öz ailə övladına can-başla qulluq edir.
İkincisi, səmavi tə`limlər baxımından ev işləri, övlad tərbiyəsi, ərə qulluq qadın üçün çox dəyərli işlərdir və böyük ibadət sayılır. Hətta bir rəvayətdə İslam Peyğəmbəri (s) qadının öz ərinə qulluğunu onun cihadı kimi təqdim edir: “Qadının cihadı ərə yaxşı qulluqdadır.”
Rəvayətlərdə belə nəql olunur: “Qadının öz ərinə bir qurtum su verməsi onun üçün bir ilin ibadətindən üstündür.”  Qadın evdarlığının böyük dəyərə malik olmasından danışan rəvayətlər çoxdur. Bu rəvayətlərdən biri də “Əsma” adı ilə tanınır. Nəql edirlər ki, bir gün Əsma adlı bir qadın həzrət Peyğəmbərin (s) yanına gəlib dedi: “Mən sizə bir sual vermək üçün qadınlar tərəfindən seçilmişəm. Sual belədir: Allah-təala sizi həm kişilər, həm də qadınlara doğru göndərdi. Biz sizə iman gətirdik, amma biz ev işlərinə məşğul ikən kişilərin cihada getməsi onlara daha çox savab qazanmaq imkanı verib. Kişilərin əldə etdiyi bu savaba bizim şərikliyimiz varmı?” Həzrət (s) Əsmanın sualını bəyənərək buyurdu: “Bu sualı verən bütün qadınlara e`lan et ki, sizin ərə yaxşı qulluq etməyinizin, onun razılığını qazanmağınızın, ona itaət göstərməyinizin savabı onun gördüyü bütün işlərin savabı qədərdir.”
Demək, evdar qadınlar bilməlidirlər ki, onların gördüyü iş ən şərif və ən dəyərli işlərdəndir. Onlar öz evdarlıqlarını ucuz qiymətləndirməməli və bilməlidirlər ki, çəkdikləri bütün zəhmətlər ibadət sayılır və onları Allaha yaxınlaşdırır. Digər bir tərəfdən, həyat yoldaşı evdarlıqla məşğul olan kişilər onları lazımınca dəyərləndirməlidirlər. Evdarlıq əhəmiyyətsiz sayılmamalıdır. Kişilər öz rəftarları ilə göstərməlidirlər ki, qadının evdarlığını qiymətləndirirlər, bu üzücü zəhmətlərə biganə deyillər. Belə bir nöqtəni də xatırlatmaq yerinə düşər ki, körpəyə qulluq kişiyə yüngül iş kimi görünə bilər. Əgər qadının gün uzunu gördüyü işlərin siyahısı tutulsa, bu işin nə dərəcədə çətin olduğu üzə çıxar. Uşaqlı qadının zəhməti isə daha artıqdır. (Əlbəttə ki, müasir elektirik cihazları evdar qadının işini bir qədər yüngülləşdirmişdir. Belə qadınlar boş qalan vaxtlarında başqa faydalı işlərlə məşğul olmalıdırlar. Məsələn, zəruri kitabların mütaliəsi onların boş vaxtını doldura bilər. Qadın vaxtını səmərəli keçirməklə yanaşı, öz düşüncəsini də inkişaf etdirir. Vaxtı boş keçirmək, müsbət fəaliyyətlərdən qaçmaq insan ruhu üçün çox zərərlidir. Həzrət Əli (ə) buyurur: “İş ən yaxşı əyləncədir, Allah işsiz bəndəni sevmir.”
QADININ IQTISADI MÜSTƏQILLIYI
Ailə qurumunda mühüm məsələlərdən biri qadının iqtisadi müstəqilliyidir. İslam qanunları qadının iqtisadi müstəqilliyini tanıyır. Qadının iş, xidmət, mülkiyyət hüquqları vardır. Qadının gördüyü iş onun özü üçündür.
İslam dini qadın və onun övladlarının dolanışıq xərcini tam şəkildə kişinin öhdəsinə qoymuşdur. Bu səbəbdən də qadın evdə gördüyü işlərin müqabilində kişidən zəhmət haqqı tələb edə bilər. Adətən, qadınlar böyük həvəslə ev işlərinə məşğul olur, bu sahədə fədakarlıq göstərir və heç bir zəhməthaqqı ummur. Onlar belə bir tələbi ailə birliyinə zidd sayırlar. Əlbəttə ki, ailənin şə`ni də tələb edir ki, iş səmimiyyət və vəhdət amillərinə əsaslansın. Ailə mühiti iqtisadi mərkəzə çevrilməməlidir. Ərlə arvadın rabitələri sırf işçi rabitəsi olmamalıdır. Burada belə bir sual yaranır ki, əgər qadın bütün haqlarına göz yumub mülkiyyətini kişinin ixtiyarına verərsə, kişi bu fədakarlığa necə cavab verməlidir? Məgər ər əxlaqi baxımdan qadının bu fədakarlığını cavabsız qoya bilərmi? Hər hansı fədakarlığı sadəcə vəzifə hesab etmək nə dərəcədə düzgündür?
Əgər fədakarlıq və isar gözəldirsə, uyğun əməli qiymətləndirmək də gözəldir. Kişinin əxlaqi vəzifəsi budur ki, o, qadının hədiyyəsini cavabsız qoymasın. Kişi qadının hədiyyəsi qədər və ya ondan da artıq bağışlamalıdır. Qur`ani-kərimdə buyurulur: “Yaxşılığın əvəzi yaxşılıq deyilmi?” ; “Sizə salam veriləndə onu olduğu kimi və ya daha yaxşı şəkildə qaytarın. Həqiqətən Allah hər şeyin hesabını çəkəndir.”  Vəfalı kişilər arasında belə bir qayda var ki, qadının fədakarlıqlarına hədiyyə ilə cavab verilsin. Xüsusi ilə qadın ev işlərindən əlavə başqa bir işlə məşğul olduqda və qazancını ailəyə sərf etdikdə kişinin vəzifəsi onu yetərincə dəyərləndirməkdir. Belə bir qayda həm şəriət və ədalət prinsiplərinə uyğundur, həm də qadının gələcəyini tə`min edir.
SEVINCIMIZI HƏYAT YOLDAŞIMIZLA BÖLÜŞƏK
Söhbətimizin əvvəlində toxunduğumuz bə`zi nöqtələri bir daha yada salırıq. Belə ki, qadın və kişi üçün ailə həyatı və zövcəlik vəzifələri qədər mühüm bir şey yoxdur. Başqa heç bir iş ərlə arvadı bu vəzifələrdən ayırmamalıdır. Çünki insanın fərdi və ictimai həyatında ailə misilsiz əhəmiyyətə malikdir.
Bə`ziləri bu nöqtəyə diqqətlə yanaşmır, ailə həyatı və zövcəlik vəzifələrini digər vəzifələrlə eyni tuturlar. Adətən, bu zümrədən olanlar ailə həyatında problemlərlə rastlaşır, ən azı bu həyatdan lazımınca bəhrələnmirlər.
Bu problem qadınlardan çox kişiləri əziyyətə salır. Çünki kişinin evdən bayırda məşğul olması uyğun büdrəmə üçün zəmin hazırlayır.
Təbii ki , hər bir kişinin dostları, həmkarları var. Kişi vaxtının bir hissəsini öz dost-tanışı ilə keçirmək istəyir. Bə`zən kişidəki bu istək həddi aşır, öz dostları ilə əyləncəyə başı elə qarışır ki, ailə-övladın hüquqları yaddan çıxır. Təəssüf ki, bir çox kişilərin həyatında bu sayaq problemlə rastlaşırıq. Onlar vaxtını ailə-övlad kənarında keçirmək əvəzinə, adətən, evdən çöldə dostları ilə əylənirlər. Dostlarla görüş, idmanla məşğulluq, səyahətlər kişinin boş vaxtını elə doldurur ki, ailə üçün pay qalmır. Belələri anlamırlar ki, qadın da kişinin evdə olmasına ehtiyac duyur. Qadının heç olmasa həftədə bir saat öz həyat yoldaşı ilə gəzintiyə çıxıb istirahət etməsi onun qanuni haqqıdır. Belə bir gəzinti qadının fiziki və psixoloji yorğunluğunu aradan götürür. Evdarlıqla, övladların tərbiyəsi ilə məşğul olan qadının vaxtı, demək olar ki, evdə keçir. Əgər qadın ev işlərindən əlavə çöldə də məşğuldursa, təbii ki, onun istirahətə ehtiyacı var. Əgər kişi bütün boş vaxtını dostları ilə keçirirsə, ailə-övlad nə etməlidir?!
Şübhəsiz ki, belə bir rəftar xoşagəlməzdir.
Kişi bir şeydən ləzzət almamış həyat yoldaşı üçün də bu şəraiti nəzərdə tutmalı və onu unutmamalıdır. Bu həm insanlıq prinsipidir, həm də kişi ləyaqətinin tələbi.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə deyilir ki, kişinin öz həyat yoldaşının yanında əyləşməsi Allah üçün onun peyğəmbər məscidində e`tikafından əzizdir.”
Bə`zi kişilər həyat yoldaşının razılığını qazanmamış əyləncə və ziyarət səfərlərinə gedir. Belə vaxtlarda, adətən, qadınlar öz körpələri ilə evdə tək qalırlar. Həmin vaxt ər evdən kənarda xoş dəqiqələr keçirir. Ailə-övladın asayişinə bu sayaq diqqətsizlik İslam prinsiplərinə uyğun deyil. Belə bir hərəkəti ədalətli saymaq olmaz. Belə ki, qeyri-zəruri səfərlərə çıxmazdan öncə həyat yoldaşından razılıq almaq İslam qaydalarındandır. Övliyalarımızın həyatında ailə münasibətləri ilə bağlı ibrətamiz nöqtələr çoxdur. Onların həyatından nümunə götürmək lazımdır. Bu sayaq rəftarlar qadına dərin hörmət hissindən doğur. Və göstərir ki, ərlə arvad arasındakı rabitə, eləcə də, həyat yoldaşının hüququna riayət nə dərəcədə mühümdür. Həyat yoldaşının rifahına, asayişinə və təbii ehtiyaclarına diqqətsizlik din övliyalarının həyatında müşahidə olunmayan bir haldır.
Bu o demək deyil ki, qadın bütün səfərlərdə kişinin yanında olmalıdır. Əsas məsələ budur ki, kişi, əvvəla, öz həyat yoldaşının ehtiyaclarına diqqətsiz olmasın, ikincisi, bu hallarda onun razılığını alsın. Əgər qadın ailə həyatında öz ərindən razı olarsa, onun səfərlərini səmimi qəlbdən qəbul edər və ərinin öz vaxtını xoş keçirməsindən ləzzət alar. Demək, ölçü qadının qəlb razılığıdır. Ər müştərək həyatın bütün mərhələlərində bu razılığı nəzərə almalıdır.
Ailə rabitələrinin davamında ən mühüm amil zövcənin qəlb razılığıdır.
Məhz bu qəlb razılığı sayəsində qadın bir çox problemlərə və məhrumiyyətlərə dözə bilər. Təcrübə göstərir ki, bə`zi ərlər evdən kənarda məşğulluq səbəbindən ailə-övlad yanında yetərincə ola bilmirlər. Belə hallarda evin bütün işləri qadının öhdəsində qalır. Qadın bütün bu çətinliklərin öhdəsindən o zaman gəlir ki, kişi ona lazımınca ehtiram göstərsin, hətta e`tiraf etsin ki, xanımının fədakarlığı olmasaydı, bir bu qədər ictimai vəzifənin öhdəsindən gəlməzdi.
CINSI EHTIYACLARIN TƏ`MIN OLUNMASININ ƏHƏMIYYƏTI
İzdivac yolu ilə tə`min olunası ehtiyaclardan biri də cinsi ehtiyacdır. Yaxınlıq ehtiyacı ailə həyatının əsas ehtiyaclarındandır. Çünki bəşər nəslinin davamı bu ehtiyacın tə`min olunmasından asılıdır. Bu ehtiyac o qədər güclüdür ki, bütün problemlərə baxmayaraq, insan ailə həyatına can atır.
Nəfslə bağlı ləzzətlər arasında ən böyük ləzzət yaxınlıqdan duyulan ləzzətdir.  Bu, sadə bir meyl deyil. Onun həm fizioloji, həm də psixoloji yönümləri var. Bu meylin başqa meyllərlə qatışması ona tamam başqa bir mahiyyət vermişdir. Əgər bu meyl düzgün yolla tə`min olunmazsa, bəşər həyatında bir çox problemlər yaranar. Bu meyl ailə həyatı çərçivəsində tə`min olunmalıdır. Prinsipcə, ailənin həll edəcəyi əsas məsələlərdən biri də bu məsələdir.
Bə`ziləri bu meyli çirkin saymış, onunla mübarizə aparmışlar. Amma islami tə`limlər baxımından bu meyl nəinki çirkin deyil, hətta ilahi bir yönümə malikdir. Bu istək ailə çərçivəsində tə`min olunduqda müqəddəs bir iş olur. Uyğun yaxınlıqda ilahi məqsədlər nəzərdə tutularsa, o, ibadət sayılar. Bu səbəbdən də, ailə həyatında tərəflərdən hər biri yaxınlıqdan bəhrələnməli və qarşı tərəfin fiziki və ruhi tə`mini üçün çalışmalıdır.
Bə`zən məhz bu ehtiyacın ödənməməsi müştərək həyatda problemlər yaradır. Əgər bu yaxınlıqdan hər iki tərəf lazımınca bəhrələnərsə, müştərək həyat daha cazibəli olar. Tərəflərin uyğun məsələ ilə bağlı vəzifələrdən xəbərsizliyi onların bu yaxınlıqdan lazımınca bəhrələnməməsinə səbəb olur. Yaxınlıqdakı yetərsizlik isə ciddi problem yaradır. Bu nöqsanları aradan qaldırmaq üçün tərəflər ailə həyatı qurduqdan sonra elmi mənbələrdən lazımi mə`lumatlar əldə etməlidirlər. Bilməliyik ki, qadın və kişidə haqqında danışılan meyl eyni deyil. Əgər kişi qadının bu meyllə bağlı xüsusiyyətlərini bilməsə, qadın məhrumiyyətə düçar olar. Bə`zən iş o yerə gedib çatır ki, qadın bu təbii meylə nifrətlə yanaşır. Hansı ki, kişi öncədən məsələyə agahlıqla yanaşıb, hansısa nöqtələri nəzərdən qaçırmasa, iş bu yerə gəlib çatmaz. İslami tə`limlərdə uyğun məsələ ilə bağlı göstərişlər mövcuddur. Bu məqsədlə kitablar tərtib olunmuş, geniş oxucu kütlələrinin ixtiyarına verilmişdir. Xüsusi ilə kişilərin bu göstərişlərdən xəbərdar olması zəruridir.
Burada bir nöqtəni də nəzərdən qaçırmaq olmaz ki, yaxınlıq münasibətlərində ifrata varmaq olmaz. Bu meylin tə`minində ifratçılıq həyat qüvvəsini azaldır, insanın fiziki və ruhi sağlamlığına zərbə vurur. Hətta ifratçılıq səbəbindən insan tez qocalır, onda fiziki və ruhi baxımdan taqətsizlik yaranır. Bu səbəbdən də İslam tə`limlərində tövsiyə olunur ki, uzun ömür istəyənlər yaxınlıq münasibətlərində həddi aşmamalıdırlar.
EV MÜHITINDƏ QADININ BƏZƏNMƏSI
Dini tə`limlərdə tapşırılır ki, qadın ev mühitində özünü əri üçün bəzəsin, cazibəli görünsün. Kişi də zahiri görkəminə fikir verməlidir. Zahirə bu sayaq diqqətin səbəbi tərəflərin bir-birinə daha çox rəğbətli olmasıdır. Bə`zi qadınlar və bir çox kişilər bu məsələyə lazımınca diqqət yetirmir. Hətta qadının tələblərinə baxmayaraq bə`zən kişi öz səliqəsinə fikir vermir. Zövq əhli üçün bu nöqtəyə diqqətsizlik dözülməzdir. Bu nöqtələrə e`tinasızlıq qadın və kişi arasındakı rabitələrə mənfi tə`sir göstərir. İmam Rizadan (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, nə qədər ki Bəni-İsrail kişiləri zahirlərinə diqqət yetirirdi, Bəni-İsrail qadınları yolunu azmamışdı.
İslam tə`limlərində ümumi şəkildə tövsiyə olunur ki, zahiri görkəmə diqqət yetirilsin. Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Özünü bəzəmək mö`min əxlaqındandır.”  Bu zəruri nöqtəyə diqqət ictimai rabitələrə tə`sir göstərir, insan ruhunun ehtiyaclarından birinə cavab verir. (Qadın özünü bəzəməklə yanaşı, ev mühitini təmiz saxlamalıdır. Təəssüf ki, bə`zi qadınlar səliqəyə fikir vermir, onların ev mühiti daim tör-töküntü olur.)
QADININ BAŞQALARI ÜÇÜN BƏZƏNMƏSI
Qadın ərinin hüzurunda bəzənməli olduğu kimi, biganə kişilərin qarşısında bəzənməkdən çəkinməlidir. Qadının biganələr üçün bəzənməsi dini baxımdan haramdır. Belə bir hərəkətin zərərlərindən biri budur ki, evdən bayıra çıxan kişiləri biganə qadınların gözəlliyi cəzb edir. Belə bir cazibə kişinin öz həyat yoldaşına əlaqəsini azaldır. Kişi özündən asılı olmayaraq həyat yoldaşını gördüyü gözəl qadınla müqayisə edir. Əlbəttə ki, heç bir qadın öz zahiri görkəmi ilə bütün qadınlara üstün gələ bilməz.
Qadının biganə kişilər önündə bəzənməsinin haram edilməsinin səbəbi ailə rabitələrinin qorunmasıdır. İslamın bu hökmündən qadınlar daha çox faydalanır.
Harada qadınlar bu şərtə əməl etmirlərsə, həmin cəmiyyətdə ailə qurumu süquta uğrayır. Çünki kişinin diqqətini öz həyat yoldaşından yayındıran istənilən bir amil zərərlidir. Prinsipcə, qadın və kişi ailə həyatı qurduqdan sonra biganələrə diqqət yetirməməlidir. Onlar bağladıqları əhd əsasında başqaları ilə maraqlanmamalı, günah şəraitindən çəkinməlidirlər. Yalnız bu şərtə əməl olunduqda ailə rabitələri güclü olur. Demək, kişi başqa qadınlara diqqət yetirməməli, qadın isə öz növbəsində başqa kişilərin diqqətini cəlb etməməlidir.
Qadının özünü göstərmək, biganə kişinin qəlbini ovlamaq üçün imkanı daha böyükdür. Bu imkan nəzarət altına alınmadıqda ailə rabitələrinə ciddi zərbə dəyir.
Belə bir sual yaranır ki, nə üçün bə`zi qadınlar hətta ərə getdikdən sonra öz gözəlliklərini nümayiş etdirmək istəyirlər? Mütləq bir qanun var ki, qadın kişidən gizləndikdə maraqlı olur və onun diqqətini daha çox cəlb edir. Kişi isə qadının təslimçiliyinə nifrət bəslədiyi kimi, onun e`tinasızlığını qiymətləndirir.  Kişinin ehtiyac və eşqi o zaman zirvə həddinə çatır ki, qadın ehtiyacsız, ciddi görünsün. Qadının mətanəti, gizliliyi, əlçatmazlığı kişinin məhəbbətini alovlandırır. Qadın təbiət e`tibarı ilə iffətlidir, bu iffəti itirdikdə isə birinci özünə zərər vurur. Daha sonra kişi və cəmiyyət zərər çəkir.
QEYRƏT KIŞILIK SIMVOLUDUR
Təəssüf ki, bə`zi kişilər öz həyat yoldaşının gözəlliyini başqalarına göstərməyə daha çox meyillidir. Onlar kişilik simvolu olan qeyrətdən məhrumdur. Hansı ki, qeyrət ailə məkanını qorumaq üçün kişiyə verilmiş təbii hissdir. Kişidə belə bir fitri hiss var ki, namusunu başqalarından qorusun. Kişinin insani kamilliyi artdıqca qeyrəti da artır. Kişi o qədər kamilləşə bilər ki, yalnız öz həyat yoldaşını yox, bütün qadınları öz namusu saysın və kiminsə namusuna təcavüzlə razılaşmasın.
Qeyrət cəmiyyətin paklığına münasibətdə insani bir həssaslıqdır.
Həzrət Əlidən (ə) nəql olunmuş bir rəvayətdə deyilir: “Qeyrətli insan heç vaxt zina etmir.” Digər tərəfdən, şəhvət hisslərini başına buraxan insanda iffət, təqva və əxlaqi keyfiyyətlər zəifləyir, qeyrət də sair kamilliklər kimi süquta uğrayır. Belə bir vaxtda kişi başqalarının onun qadınından ləzzət almasına adi baxır. Bə`zən isə belə bir haldan ləzzət alır.
ÇIRKIN BAXIŞLAR
Qadın iffət və həya yolunu seçməli, biganə kişiləri cəzb etməməlidir. Kişi də öz həyat yoldaşına baxmaqla kifayətlənməli, biganə qadınlardan gözünü çəkməlidir.
Kişilərin çirkin baxışları qadınlarda özünü göstərmək hissini gücləndirir. Demək, qadın və kişi rabitələri birtərəfli yox, qarşılıqlıdır.
Yə`ni həm qadın özünü göstərməkdən çəkinməli, həm kişi öz gözünü qorumalıdır. Əgər hər iki tərəf sə`y göstərməsə və kişi bu məs`uliyyəti qadının çiyninə qoysa, ailə rabitələrində problem qaçılmazdır.
Öz qəlbinə və gözünə nəzarət etməyən kişilər ilkin olaraq eşq və səmimiyyət ləzzətini itirirlər.
Başqalarına nəzər salmaq kişinin qəlbini öz həyat yoldaşına qarşı soyudur, nəticədə qadının arxayınlıq hissi aradan götürülür. Bu halda qadın daim ərinin vəfasızlığından nigaran qalır.
Bə`zi rəvayətlərdə naməhrəmə baxış şeytan tərəfindən atılmış ox kimi təqdim olunur. Bu tə`bir naməhrəmə baxışın təhlükələrindən danışır. İnsan bu səhnələri nə qədər seyr etsə də, onun gözü doymur. Əlbəttə ki, nəticədə qəlb də gözün ardınca gedir.

Göz hara baxırsa–könül yanında,
Baxış bir kəmənddir könül boynunda.

Kişilər arasında bu sayaq büdrəmələrin artması pak qadınlar üçün mühitdə sıxıntı yaradır. Belə bir cəmiyyətdə qadın hara gedirsə, kişinin çirkin baxışlarını hiss edir. Pak qadınlar üçün belə bir hal çox əziyyətlidir.
Qadının öz iffət və həyasını, kişinin öz baxışlarını qoruması bir pul sikkəsinin iki üzü kimi qarşılıqlı rabitədə hakim olmalıdır.
ÖVLADI OLMAYAN ZÖVCƏLƏR
Bə`zi ailələrin problemi onların övladlarının olmamasıdır. Belə bir problem bə`zən kişi, bə`zən isə qadınla bağlı olur. Övlad insanın fitri ehtiyaclarından olsa da, övladsızlıq məhrumluq kimi qəbul olunmamalıdır. Həyatda bütün insanlar üçün məhrumiyyət var. Bu məhrumiyyətlərin bir çoxu insan iradəsindən asılı deyil. Bə`ziləri uşaqkən ata-anasını əldən verir və ya yoxsulluğa düçar olur. Kimi də əzab-əziyyətlə boya-başa çatdırdığı övladını itirir. Allah və qiyamət gününə e`tiqadı olan insan üçün bu məhrumiyyətlərə dözmək çətin deyil. İmanlı insan əmindir ki, bütün çətinliklərə səbirlə dözüb Allahın razılığını əldə etmək olar. Bu mövzuda ayə və rəvayətlər çoxdur. Bildirilir ki, məhrumiyyətlə rastlaşmış insan öncə Allaha təvəkkül, səbir və razılıq yolunu seçməli, bilməlidir ki, Allah onların bu fədakarlığına əbədi həyatda cavab verəsidir. Övladı olmadığı halda xoşbəxt yaşayan ailələr az deyil. Bə`zən isə ailə uzun illər ötdükdən sonra övlad sahibi olur. Son dövrün tibbi araşdırmalarına əsasən uyğun problemlə rastlaşmış ailələrin övlad sahibi olması ehtimalı böyükdür. Bundan əlavə, övladı olmayanlar ata-anasını itirmiş körpəni övladlığa götürə bilərlər. Belə bir iş böyük ilahi savabla nəticələnir. Bu kimi ailələrin bə`ziləri övladı olan ailələrdən daha xoşbəxtdir.
İXTILAFLARA NECƏ YANAŞAQ?
Gənc ailənin diqqət yetirməli olduğu məsələlərdən biri də ortaya çıxan ixtilafların həllidir. Xüsusi ilə ailə həyatının ilk illərində tərəflər zəruri təcrübəyə malik olmadığından əhəmiyyətsiz məsələlərlə bağlı ixtilaflarla üzləşirlər. İlk günlərdəki eşq-məhəbbət gənclərdə belə bir təsəvvür yaradır ki, onların arasında heç bir ziddiyyət yoxdur. Amma vaxt ötdükcə gənc ailə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına düçar olur. Bu problemlər agahlıqla həll olunmadıqda ərlə arvad arasındakı rabitələr soyuyur. Gənc ailələr çalışmalıdırlar ki, mövcud problemləri özləri həll etsinlər. Problem iki nəfərin arasından çıxanadək asan həll olur. Problem ictimailəşdikdə onu həll etmək də çətinləşir. Bə`zən gənc ailə öz problemini yaxın qohumlarla həll etmək istəyir. Təcrübə göstərir ki, məsələyə qatılan ətrafdakılar ədalət prinsipini gözləyə bilmir, hərə öz tərəfinə bəraət qazandırır. Xüsusi ilə analar öz analıq hisslərinin kölgəsində məsələyə birtərəfli yanaşıb onun həllini çətinləşdirirlər. Ata-anaların yersiz müdaxilələri ilə bağlı məsələlər çoxdur.
Övladın kiminləsə bağlı problemində ata-ananın ədalət prinsipinə riayət etməsi çox çətindir. Atalıq və analıq hissləri, adətən, qalib gəlir. Həzrət Əli (ə) buyurmuşdur: “Bir şeyi sevmək insanı kor və kar edir.”  Bu səbəbdən də gənc ailə, xüsusi ilə gənc xanımlar ailə problemlərini müstəqil şəkildə həll etməyə çalışmalıdır. Onlar bu işdə güzəşt və fədakarlıq yolunu tutmalıdırlar.
Aradakı ixtilafın məntiqi söhbətlə yoluna qoyulması zövcələrin düşüncə nişanəsidir.
Hər halda gənc ailə bilməlidir ki, problemlərin həlli üçün güzəşt lazımdır. Əgər hər tərəf özünü haqlı bilsə, günahı qarşı tərəfin boynuna atsa məsələnin həlli çətinləşər. Ümumiyyətlə, əksər ailələrdəki problemlər güzəşt və fədakarlıq yolu ilə həllini tapır. Tərəflərdən hansı daha tez bağışlama yolunu tutarsa, böyük ilahi savabı da o əldə edər. Problem ailə çərçivəsində həll olunmadıqda zövcələr məsləhət vermək ləyaqəti olan fərdə üz tutmalıdır. Təəssüf ki, bə`ziləri problemin həlli üçün e`tibarlı bir fərddən məsləhət almağı əskiklik sayır. İxtilaf dərinləşdikdə və iş boşanmaya gəlib çıxdıqda tərəflərdən hər biri öz ailəsindən agah və e`tibarlı bir şəxs seçməli və problem müzakirələrlə öz həllini tapmalıdır.
ATA-ANALARA TÖVSIYƏ
Ailə münasibətlərinin araşdırılması göstərir ki, mövcud ixtilafların əsas səbəbi tərəflərin düzgün tərbiyə almamasıdır. Bu gün ailə təşkil edən gənc zəruri tərbiyə almamışsa, hökmən problemlə qarşılaşasıdır. Ailə qurmaq astanasında olan bir çox gənclər öz vəzifələrindən xəbərsizdirlər. Ata ailəsindəki vəzifə ilə ər ailəsindəki vəzifə fərqlidir. Ata ailəsində öz vəzifələrini bilən gənc öz ailəsində də vəzifələri ilə də tanış olmalıdır. Müştərək həyatın öz qanunları var. Qarşı tərəflə uyğunlaşma, qarşı tərəfin diqqətini cilb etmə, istəkləri tarazlaşdırma kimi məsələlər zəruri təhlil tələb edir. Ata-analar övladlarının tərbiyəsində bu nöqtələri nəzərə almalıdırlar. Yə`ni ailə həyatının qanunları övlada tə`lim olunmalı, övlad ailə qurduqdan sonra da ona zəruri məsləhətlər verilməlidir. Ata-ana öz övladının ailə həyatına birtərəfli yanaşmamalı, ədalət prinsipinə riayət etməlidir. Odu üfürmək yox, onun üzərinə su çiləmək lazımdır. Bəli, düşüncəli ata-analar məhz belə edir.
SON SÖZ
Ailə rabitələri mövzusunda, əlbəttə ki, bu kitabdakından daha geniş danışmaq və bir çox digər nöqtələrə toxunmaq olar. Biz isə deyilənlərlə kifayətləndik və güman edirik ki, ailə həyatına sədaqətlə qədəm qoyan kəs yeni həyat üçün çox təhlükəli olan eqoistlikdən çəkinəcək, qarşı tərəfin də istək-arzularına hörmətlə yanaşacaq. Kitabda qeyd olunmuş nöqtələrə əməl etməklə sağlam və müvəffəq bir ailənin bünövrəsini qoymaq olar. Hər halda, nutmamalıyıq ki, ailə həyatında qarşı tərəfin haqlarını tapdamaq, onu incitmək Allah dərgahında bağışlanası hərəkət deyil və belə rəftarın dünya və axirət cəzası var. Digər bir tərəfdən, daxili həyatında aramlıq və razılıqdan məhrum kəs başqa sahələrdə də yetərincə bəhrələnə bilmir. Buna görə də insan səadətinin əsaslarından biri ailə həyatını nizamlamaqdır. Belə bir nizam isə agahlıq, dərin düşüncə, sədaqətli təlaşdan asılıdır. Bütün bunlara əməl olunduqda ailə ocağı ər-arvad və övladlar üçün təkamül və yüksəliş məhəlli olur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİN SAFLAŞDİRİLMASİNİN MƏRHƏLƏLƏRİ
ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI
Habil və Qabil kim ilə evlənmişdi?
Beynəlxalq ədalət
İNSANIN DƏRDLƏRİ BARƏSİNDƏKİ MÜXTƏLİF NƏZƏRLƏR
Müqəddəs Kitab boşanmaq və yenidən ailə qurmaq haqqında nə deyir?
İki dünyanın xanımı Həzrəti Zəhranın (s ə) təvəllüdü
Ümümdünya Müsəlmanlarının Ali Lideri Seyid Əli Xamenei cənablarının “Fiqh ...
Buna diqqət etdikdə ki, Quran hər bir şeyi açıqlayıb bəyan edəndir, ayələri ...
AİLƏ

 
user comment