Azəri
Friday 3rd of May 2024
0
نفر 0

OSMANIN XİLAFƏTİ


Ömər hicrətin 23-cü ili zil-hiccə ayında vəfat etdi. Lakin vəfat etməmişdən qabaq peyğəmbərin səhabələrindən altı nəfəri: Əli (ə), Osman, Zubeyr, Sə’d ibni Əbi Vəqqas, Əbdürrəhman ibni Ouf və Təlhə ibni Ubeydullaha tapşırıq verir ki, üç gün ərzində əyləşib məşvərət edərək öz aralarından birini xəlifə seçsinlər.

Əvvəldə mə’lum idi ki, xilafət Əli (ə)-a, ya da Osmana yetişəcək, ancaq Əməvi tayfası Əli (ə)-ın xəlifə olmasına razı deyildilər. Şura üzvlərindən biri olan Əbdürrəhman, Osmanla qohum olduğuna görə ona tərəfdar çıxdı.

Danışıqlar və get-gəllər başlandı. Sonda Əbdürrəhman Əli (ə)-a belə dedi: Əgər sənə bey’ət etsəm Allahın kitabına, Peyğəmbər sünnəsinə və Əbu Bəkrlə Ömərin əxlaqına əsasən rəftar edəcəyini qəbul edirsənmi? Aydındır ki, Əli axırıncı şərti qəbul etməmşdir. Çünki on iki il ərzində peyğəmbər sünnəsində elə dəyişikliklər baş vermişdi ki, onlarla barışmaq olmazdı. Beləliklə o Həzrət, Əbdürrəhmana belə cavab verdi: Mən Allah kitabına, peyğəmbər sünnəsinə və öz ictihadıma əsasən rəftar edəcəyəm. Əbdürrəhman bu şərti Osmana təklif etdikdə isə o, qəbul etdi və şura üzvləri onu xəlifə seçdilər. Ancaq görəsən Osman sona qədər bu şərtlərə riayət etdimi? Gələcək bu acı həqiqəti üzə çıxartdı ki, belə bir şərti dildə demək asan, lakin yerinə yetirmək qeyri mümkün idi.

Osmanın bu tərzdə xəlifə seçilməsi o günə qədər görünməyən bir hadisə idi. Bildiyiniz kimi, bəni Saidə eyvanı altında (mühacir və ənsar) Əbu Bəkri xəlifə seçdi, Öməri isə Əbu Bəkr məktub yazaraq xəlifə tə’yin etmişdir. Belə yazırlar ki, Osman Əbu Bəkrin yazdığı məktubu müsəlmanların toplandığı yerə aparıb dedi ki, bu məktubda adı yazılmış Ömərlə bey’ət edəcəksiniz və onlar da qəbul etdilər. Lakin altı nəfərdən ibarət şura bir növ vəkalət xarakteri daşıyırdı. Bu şura hər hansı bir nəfəri seçməli, müsəlman icması da naçar onu qəbul etməliydi. Osmanın xəlifə seçilməsi də bir dəstə səhabələrin (mühacirlərin) arasında yalnız altı nəfərin rə’yi ilə həyata keçdi. Görəsən niyə belə etdilər? Öz düşüncülərinə əsasən müsəlmanların xeyrini bunda görürdülər. Mərkəzi hökumətə xələl gəlməsin deyə xilafət məsələsi tezliklə həll edilməli idi. Lakin əgər xəlifə şura vasitəsilə tə’yin olunmalı idisə, görəsən şura üzvlərinin sayını niyə artırmadılar? Görəsən nəyə görə ənsardan bu məclisdə bir nəfər də olsun belə iştirak etməyirdi? Məgər Əbu Bəkr deməmişdi ki, ənsar vəzirdilər? Xatırlamaq lazımdır ki, tarix boyu belə oxşar suallar ortaya çıxmış və bu barədə çoxlu sayda kəlami mübahisələr doğurmuşdur və bə’ziləri də bunlara cavab vermişlər. Ancaq bir şeyi unutmaq olmaz ki, bə’zi kiçik məsləhətli fikirlər bir tərəfdən müsəlmanların xeyrinə olsa da belə, digər cəhətdən böyük problemlər üzə çıxarırdı. Qeyd etmək lazımdır ki, bu problemlər ölçülüb-biçilmədən, tələsik atılan addımların nəticəsi idi. Hər halda belə bir addımın sonluğu bu nəticəni verməli idi.

Osman şərtləri qəbul edərək müsəlmanların xəlifəsi oldu. Ancaq xilafət ilk günlərdən Peyğəmbər (s) səhabələrinin bir dəstəsinin narazılığı ilə üzləşdi. Ömərin oğlu Ubeydullah, Əbu Lö’löünün Öməri qətlə yetirdiyi xəncəri əlində tovlayaraq müsəlman olmuş iranlı əsir Hörmüzan və Cufeynə Nəsrani ilə bir yerdə olması xəbərini eşitmişdi. Ubeydullah öz başına Hörmüzanın yanına gedərək onu öldürür. Sonra isə Cufeynəni qətlə yetirir. Nəhayət Əbu Lö’löünün evinə gedərək onun qızını öldürür. Təbiidir ki, Peyğəmbər (s)-ın zahid səhabələri belə yaramazlığa göz yuma bilməzdilər. Osmanın xilafətinin ilk günlərində xəlifədən Ubeydullahı qanunsuz olaraq adam öldürməsinə görə cəzalandırmasını istədilər. Qocalığı ilə mülayimləşən yumşaq təbiətli Osman, hakimiyyətin ilk başlanğıcında onun boynunda böyük haqqı olan bir şəxsin oğlunu öldürmək istəmirdi. Həmçinin öz qohum-qəbiləsinin tərəfini saxlayaraq belə dedi: Heç rəvadırmı ki, dünən atasını bu gün də onun (Ömərin) oğlunu öldürsünlər. Mən Ubeydullahın yerinə beytül-maldan qan bahasını ödəyirəm. Osman zahirdə bu ictihadı ilə bir müsəlmanı ölümdən xilas etdi. Lakin bir dəstə səhabə Osmanın islam qanunlarını pozaraq Allahın tə’yin etdiyi müəyyən cəza tədbirlərini yerinə yetirmədiyini gördülər. O məclisdə iştirak edənlər islam hökmlərinin icrası zamanı ayrı-seçkilik etmək, qəti ilahi hökm müqabilində şəxsi təfsir və ictihada istinad etməklə razılaşa bilməzdilər.

Ubeydullahın cəzasız qalmasının islam fiqhi baxımından münaqişə doğurması çox əhəmiyyət kəsb etməsə də, ictimai qurluşu həddindən artıq sarsıtdı. Əgər iş bununla qurtarsaydı Osmanla müxalif olan dəstənin gələcəkdə onunla müvafiq olan dəstənin sırasına qoşulmaları mümkün olardı. Lakin təəssüflər olsun ki, xəlifənin müşavirləri (Əməvilər və Qüreyş), yə’ni Ömərin sərt nəzarəti altında olanlar get-gedə ölkənin idarə olunmasına və siyasi işlərinə qarışmağa başladılar. Onların bu dəxaləti ənsarın siyasi səhnədən uzaqlaşması ilə nəticələndi.

Osmanın Ömər tərəfindən tə’yin edilmiş vali və hakimləri vəzifələrindən çıxarmayacağını qəbul etməsinə baxmayaraq, çox keçmədən onların hamısını işdən kənar edərək yerlərinə öz qohum-əqrəbasını tə’yin etdi. Görəsən bu iş onun öz istəyi, yoxsa onun Əməvi qəbiləsindən olan müşaviri Mərvanın təklifi ilə baş vermişdir? Allah bilir! Ancaq bir şey aydındır ki, iş başına gələnlər arasında dini, siyasi və iqtisadi təqvaya malik olmayan şəxslər də var idi.

Ötən bəhslərəmizdə İraqın cənub və şimalında məskunlaşmış ərəblər haqda söhbət açmışdıq. Ərəbistan yarmadasında müxtəlif ərəb tayfalarının və qəbilələrinin yaşaması barədə şərh verdik. Sinələri dolaşaraq yaddaşlara həkk olunmuş nəsəbnamələrə əsasən onlar iki dəstəyə - Ədnanilə və Qəhtaniyə - bölünmüşlər. Sonrakı dövrdə isə cənublular Yəmani, şimallılar isə Qeysi adlandırılmışlar. Qəbilələr arasında düşmənçilik və ixtilaf təbii bir hal sayılmış, bu düşmənçilik hələ islamın zühurundan bir neçə əsr qabaq da mövcud olmuşdur. Dinin yayılması, Peyğəmbər (s) tə’limləri xüsusilə o həzrətin göstərişi ilə ənsar ilə mühacir arasında qardaşlığın bərpa edilməsi, islami bərabərlik, tayfa üstünlüklərinin ləğv edilməsi sayəsində özünü öymə və fəxr etmə halları müvəqqəti də olsa aradan getdi. Ancaq zaman keçdikcə, xüsusilə, Qüreyş qəbiləsinin müsəlmanlara hakim olacağı aydın olduqdan sonra bu öyünmə və fəxr etmək yenidən dirçəldi. Lakin Ömərin hakimiyyətinin sadəliyi, səhabələrin güzəştə getməsi və ən başlıcası sərvət toplamağın rövnəqsiz olması da öyünməyə imkan vermirdi. Osmanın xilafətinin ikinci yarsında hər şey yeni rəngə boyandı. Bir tərəfdən əhali peyğəmbər zamanından və Əbu Bəkr dövrünün sadəliyindən uzaqlaşmalarından artıq iyirmi il ötmüşdü, digər tərəfdən isə Ömərin Qüreyşə qarşı olan sərt rəftarı yox idi. Başlıca məsələ budur ki, belə dövrlərdə rəhbərlik etmək hər əzab-əziyyətə qatlaşmaq, Allaha xatir məs’uliyyət hiss etmək tələb etdiyi bir halda təmtəraqlı və cah-cəlallı mənsəbə malik olmaq adi hala çevrilirdi ki, bunu da əldə etmək istəyənlər həddindən artıq çox idi. Bəni Saidə eyvanı altında Yəmani tayfasından sayılan Ənsarın xilafət barəsindəki öz iddialarını mühacirlərin xeyrinə geri götürmələrinə baxmayaraq, onların övladları və yeni müsəlman olmuşlar Misir, Bəsrə, Kufə və Şamın da hakimiyyətindən əl çəkib bütün bu şəhərlərin gəlirlərini Qeysi tayfasına təslim etməyə razı olmazdılar. (Ömərin vəfatından sonra islamda Qeysi ilə Yəmani arasındakı düşmənçilik yenidən baş qaldıraraq onun əhatə dairəsi daha da genişləndi. Bütün münaqişələrdə, Süffeyn, Nəhrəvan müharibələrində, Əməvilər və Abbasilər dövrünün müharibələrində də bu düşmənçiliyin acı tə’sirləri gözə çarpırdı. Hətta iş o yerə çatdı ki, Mö’təsimin hakimiyyəti zamanı türk hakimi islam hökumətində mühüm rol oynayaraq ərəbin siyasətə qarışmasına imkan vermədi).

Ömərin xilafəti zamanı başqa bir problem də yaranmışdı ki, bu məsələ onun sərt nəzarəti, bə’zi vaxtlar ədalətli rəftarı sayəsində çox nəzərə çarpmırdı. Onun acı nəticələri Osmanın xilafəti dövrü üzə çıxdı.

VƏZİFƏ SINAĞI

Bildiyimiz ki, islam dininin əsas ictimai prinsiplərindən biri də bərabərlik olmuşdur. Mədinə sazişi bağlanan gündən bəri qərara alındı ki, bir müsəlmanın hər hansı bir şəxslə bağladığı sazişə bütün müsəlmanların riayət etməsi vacib sayılsın. Peyğəmbər (s) dövründə ərəb dilində ərəblər kimi kamil surətdə danışmağı bacarmayan qaradərili Bilal Həbəşi müsəlmanların azan deyəni olmuşdur. O, qul övladı olmasına baxmayaraq islam qoşununa rəhbərlik etmiş, ənsar və mühacirdən olan böyük mənsəbli şəxslər onun başçılığı ilə döyüşə getmişlər. Dünənə qədər islam əleyhinə qılınc çalan şəxs Allahın təkliyinə və Məhəmməd (s)-ın peyğəmbərliyinə şəhadət verdikdən sonra ictimai hüquq nöqteyi nəzərdən ağır günlərdə Peyğəmbərə yardım göstərən ilk müsəlman olmuş şəxslərlə bərabər hüquqa malik olurdu.

Məkkə fəth olunan günün axşamı peyğəmbərin əmisi Abbas Əbu Süfyana sığınacaq verərək oun müsəlmanların düşərgəsinə gətirir. Həmin günün səhərisi Əbu Süfyan müsəlman oldu, canı və malı toxunulmaz sayıldı, hətta bir müddətdən sonra hakimiyyətə də yetişdi. Bu islam ədalətinin ən parlaq nümunəsi sayılır. Bu bərabərliyin başqa bir nümunəsini biz İran və Ərəb müharibəsində müşahidə edirik. Dediyimiz kimi, İran əhalisi hələ ərəblərə məğlub olmamışdın əvvəl islam dininə məftun olmuşdu. İranın fəthini asanlaşdıran əsas səbəb islamın bərabərliyi və müsavatı olmuşdur. Əgər dinə qarşı eşq və məhəbbət, həmçinin Sasani hökumətindən narazıçılıq hissləri olmasaydı kiçik bir qoşunun belə bir böyük imperiya üzərində qələbəsi bəlkə də mümkün olmazdı. Xatırlatdığımız kimi Mədinədə Peyğəmbər (s) mühacirlərlə (Ədnani) ənsar (Qəhtani) arasında qardaşlıq bərpa etdiyi gündən bəri bu iki dəstə arasındakı düşmənçilik və münaqişə birdəfəlik məhv oldu. Hətta Yəmanilər özlərini Ədnanilərlə bərabər səviyyədə nəzərə alır, yeri gəldikdə isə onları özlərindən üstün hesab edirdilər. Əgər bu güzəştli mərama hər iki tayfa riayət etmiş olsaydı, onların islami qardaşlığı davam edər və ya ən azı onlar arasındakı kin-küdurət atəşi yenidən alovlanmazdı. Ancaq belə davam etməyəcəyi təbii ki, mə’lum idi. Peyğəmbər (s)-ın vəfatından sonra Yəmanilər islamın inkişafında böyük rol oynadıqları üçün xilafət məqamını ələ keçirmək üçün baş qaldırdılar, hətta onlar bu vəzifəni şərikli surətdə idarə etməyə razı idilər. Lakin Əbu Bəkrin sözü, ələlxüsus o günkü durum onların iddiasına son qoydu.

Ömər özünün xilafəti zamanı bu iki tayfa arasında ədalətə riayət etməyə çalışırdı. Əgər bir şəhərə Yəmanilərdən hakim tə’yin etsəydi, digər şəhərə Ədnanilərdən göndərərdi. Osman xəlifə olanda Ömər kimi davranacağına və onun tə’yin etdiyi hakimləri işdən kənar etməyəcəyinə söz vermişdi. Lakin çox keçmədi ki, öz qohumlarını iş başına gətirərək mümkün qədər Yəmaniləri hakimiyyətdən uzaqlaşdırdı.

 

O, Yəmaniləri hakimiyyətdən uzaqlaşdırmaqla yanaşı bəni Uməyyədən savayı digər qəbilələrdən olanları da mühüm şəhərlərə hakim tə’yin etməzdi. Belə ki, Kufənin hakimi Sə’d ibni Əbi Vəqqası vəzifədən kənar edib yerinə Vəlid ibni Uqbəni tə’yin etmişdi. Yazılanlara əsasən hətta iş o yerə çatdı ki, bəni Uməyyədən olan bir nəfər Bəsrə şəhərinin hakimi Əbu Musa Əşə`rinin Yəmani olduğunu gördükdən sonra Osmanın yanına gedib dedi: Məgər sizin aranızda bir cavan yoxdurmu Bəsrəyə hakim gördərəsiniz? Bu qoca nə vaxtacan Bəsrədə qalacaq?

Peyğəmbər (s) sünnəsi, Əbu Bəkr və Ömərin davranışındakı baş vermiş bu dəyişikliklər müsəlmanların əksəriyyətini narahat edirdi. Xüsusilə də ərəb olmayan islam ədalətinə heyran olmuş yeni müsəlman olanları daha artıq narahat edirdi. Bunlar islamın şüarı olan bərabərliyin aradan getdiyini, Ərəblərin arasında layiq olmayan bir tayfanın hakimiyyəti əlinə keçirməsini müşahidə edirdilər. Qüreyşin müsəlmanların malını öz şəxsi mülkü hesab etmələri bu malı qanı bahasına, çətinliklərə qatlaşıb əldə etdikləri halda sahiblərindən alınma hallarına rast gəlirdilər. Cahiliyyət dövrünün öyünmə, fəxr etmə hallarının dirçəlməsi, xüsusi bir dəstənin xalqa zorla hakim olması halı müşahidə edilirdi.

İstər Mədinədə, istərsə də oradan xaricdə məzəmmətlər və tə’nələr eşidilməyə başladı. Nəhayət xəlifə vəziyyətin ağır olduğunu hiss etdi. Əgər xəlifənin xeyirxah və uzaqgörən müşavirləri olsaydı, bu problemlərin bə’zilərini həll etmək mümkün olardı. Lakin onun ətrafına toplaşanların gözünü qohumluq təəssübü tutmuşdu. Ona, yersiz bəxşiş və hədiyyələrin qarşısını almağı, gəliri ehiyacı olanlara paylamağı və Yəmaniləri də hakimiyyətə gətirməyi tövsiyə etmək yerinə, narazı insanların bir dəstəsini müharibə meydanlarına göndərməyi, oranın hakimlərinə onlara macal verməməyi tapşırırdılar. Xalq arasında böyük narazıçılığa səbəb olan bu kimi xoşagəlməz rəftarlar artıq çaxnaşmanın ilk zəminələri hazırlayırdı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ
Nigeriya ordusunun Şeyx Zəkzəkinin evində törətdiyi Şiə soyqırımının yeni ...

 
user comment