Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI

Qur᾽an yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, «ümumi nəzarət qanunu» adı altında hamıya eyni səviyyədə vacib etmişdir.

Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs İslam dininə əbədilik ruhu vermişdir.

İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi tə᾽yin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməməlidir.

Diqqət edin, cəmiyyətin maddi-mə᾽nəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və tə᾽siredici ordu yaratmaq olarmı?!

Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi tə᾽yinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı tamamilə alınmır. Çünki hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-mümkündür.

Amma İslam «yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirmək» proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından ibarət olan əzəmətli, könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məs᾽uliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.
QUR᾽ANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK ME᾽YARI

Qur᾽anın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə birdəfəlik son qoyulmuşdur. Üstünlük me᾽yarı isə, Qur᾽an nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Qur᾽an ayələrində deyilir:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

 «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.» (Hücurat-13).

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ

 «Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» (Zümər-9).

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: «O böyük Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara İslam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hislərini kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar [günahdan çəkinənlər] olacaqdır.» (Fürui Kafi. 2-ci cild, 21-ci fəsil).

Başqa bir hədisdə buyurur: «Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir.» (Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).

Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.

Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa də᾽vət edirdi. Beləliklə o, qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ən᾽ənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bə᾽zi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin ə᾽yan-əşrəfi, öz qızlarını İslamı qəbul etmiş və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.
NƏTİCƏ

Göründüyü kimi, Qur᾽anda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. Bəşəriyyətin maddi və mə᾽nəvi ehtiyaclarını tə᾽min edən bu qanunlar həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə yanaşmaq olarmı? Halbuki, o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər tə᾽yin olunmuş və öz də᾽vətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən daha yüksək idi.
QUR᾽ANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR

Qur᾽ani-Kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bə᾽ziləri haqda ötəri mə᾽lumat, bə᾽ziləri haqda isə ətraflı izahlar verilmişdir. Bə᾽zən, olduqca böyük əhəmiyyət kəsb edən Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bə᾽zən ailə hüquqları, döyüş, ölkənin idarə olunması, ictimai-sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir.

Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir.

Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.

Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə nöqsan və çatışmazlıqlar müşahidə olunmuşdur. Çünki nəzəri elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət bəhs və araşdırmaların səmərəsidir.

İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illər keçməsinə, Qur᾽an ayələri ətrafında yüzlərlə təhqiqatlar aparılmasına baxmayaraq, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.
QUR᾽ANDA QEYBİ XƏBƏRLƏR

Qur᾽anın bə᾽zi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki, tarixə nəzər saldıqda, bu haqda xəbər verən Qur᾽an ayələri nazil olduqdan sonra həmin hadisələr baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.
1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi

وَإِذْ يَعِدُكُمُ اللّهُ إِحْدَى الطَّائِفَتِيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللّهُ أَن يُحِقَّ الحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ

«O zaman Allah, sizə iki dəstədən birinin [Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin] sizin olmasını və᾽d edirdi. Siz, silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [İslamı] bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» (Ənfal-7).

Döyüş başlamazdan əvvəl İslamı təzə qəbul etmiş mö᾽minlər həm silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil edirdilər.

Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mə᾽nəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına bəşarət verilir.
1. PEYĞƏMBƏRin (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ الَّذِينَ يَجْعَلُونَ مَعَ اللّهِ إِلـهًا آخَرَ فَسَوْفَ يَعْمَلُونَ

«[Ya Məhəmməd!] Sənə əmr olunan Qur᾽anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allaha şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini] mütləq biləcəklər.» (Hicr 94-95-96).

Ayə İslamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: «İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman edən şəxs budur.» həmin anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.

Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan oldu və çox keçmədən həqiqət öz yerini tapdı.
3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

«Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Qur᾽anla] və haq dinlə göndərən Odur!» (Səf-9).

Ayə nazil olarkən hələ İslam dini Ərəbistan yarımadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla, İslam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz əzəmətini qoruyub saxlayacağı bildirildi.
4. İRAN-RUM MÜHARİBƏSİ

غُلِبَتِ الرُّومُ فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

«Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [Ərəbistana] ən yaxın bir yerdə [Şamda ya İordaniyada] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).

 
5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ  سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ

«Yoxsa onlar: «Biz [Məhəmməddən və mö᾽minlərdən] intiqam ala biləcək bir zümrəyik!» - deyirlər? [Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45).

Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.
6. ƏBU LƏHƏBİN AQİBƏTİ

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ  سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ

«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan [Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən] övrəti də həmçinin.» (Ləhəb 1-4).

Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına düçar olacağı onlar hər ikisi sağ ikən bəyan olunur.
QUR᾽ANDA YARADILIŞIN SİRLƏRİ

Qur᾽ani-Kərimdə dəfələrlə yaradılışın sirr və qanunlarına toxunulur. Yer və digər səmavi cisimlərin qalaktikadakı müntəzəm hərəkəti, vahid və dəyişilməz qanuna tabe olmaları və s. mövzuları əhatə edir.

Qur᾽anın nazil olduğu bir dövrdə, vəhy yolu ilə bunlardan agah olan peyğəmbərlərdən savayı, kimsənin bu kimi elmlərdən azacıq mə᾽lumatı belə yox idi.

Qeyd etmək lazımdır ki, yunan alimlərindən bə᾽ziləri astronomik hesablamalar apararaq yaradılışın müəyyən sirlərinə yol tapa bilmişdilər. Lakin elm və sivilizasiyadan uzaq düşmüş Ərəbistan yarımadasında bu kimi faktlarla qarşılaşmaq qeyri-mümkün idi. Lakin, Qur᾽anın verdiyi və olduqca dəqiq olan mə᾽lumatlar hələ heç bir yunan alimi tərəfindən təklif olunmamışdı. Belə ki, yüz illər keçdikdən sonra bu elmlər bəşəriyyətə mə᾽lum olmuş və onun müxtəlif sahələrində araşdırmalar aparılmağa başlamışdır. Bir şeyə də diqqət yetirmək lazımdır ki, Qur᾽anda o dövrə aid olan elmi mövzular olduqca sadə bir tərzdə bəyan olunmuş, başa düşülməsi bir o qədər də asan olmayan mətləblərə isə yalnız qısa şəkildə toxunulmuş və geniş şəkildə araşdırılması isə gələcək nəsillərin üzərinə qoyulmuşdur. Qur᾽ani-Kərimdə yaradılış və onun sirlərinə toxunan ayələrə istənilən qədər rast gəlmək olar. Biz onlardan bir neçəsinə işarə edirik:

وَأَنبَتْنَا فِيهَا مِن كُلِّ شَيْءٍ مَّوْزُونٍ

«Hər şeydən [bütün meyvələrdən] müəyyən ölçüdə [lazım olan qədər] yetişdirdik.» (Hicr-19).

Ayədə bitkilər aləminin müəyyən ölçüdə yaradıldığına işarə olunmuşdur.

Son zamanlar botanika alimlərinə mə᾽lum olmuşdur ki, təbiətdə mövcud olan bitkilərin hər biri özünəməxsus tərkibə malikdir. Belə ki, tərkib hissəsinin bir qismi başqa bir qismindən çoxluq və ya azlıq təşkil edərsə, onların xarici görünüşündə nəzərə çarpacaq fərq və dəyişikliklər əmələ gəlir. Bitkilər aləminə hakim olan belə bir sabit qanun, əsrlər boyu dəyişmədən qalmış və qalmaqdadır. Və göründüyü kimi, yaradılış aləmində böyük əhəmiyyət kəsb etdiyi üçün Qur᾽ani-Kərimdə dəfələrlə bu mətləbə işarə olunmuşdur.
QUR᾽ANDA CÜTLƏŞMƏ QANUNU

Qur᾽an haqqında söhbət açan əsrarəngiz mövzulardan biri də, bitkilər aləminin külək vasitəsilə cütləşməsi və ya daha dəqiq desək, tozlanma prosesidir.

Bu təbii prosesin nəticəsində ağaclar (bitkilər) tozlanır və yeni-yeni bitkilərin göyərməsinə səbəb olur. Hicr surəsinin 22-ci ayəsində bu haqda deyilir:

وَأَرْسَلْنَا الرِّيَاحَ لَوَاقِحَ

«Biz [buludla] yüklənmiş [bitkilərə, ağaclara həyat verən, onları tozlandıran] külək göndərdik.»

Keçmişdə müfəssirlər ayədəki «təlqih» kəlməsinin lüğəvi (yükləmək) mə᾽nasından istifadə edərək, ayəni belə təfsir etmişlər: «Buludları yükləyib hərəkətə gətirmək üçün küləyi göndərdik və ya yağışı buludların qatlarında yüklədik (yerləşdirdik) və onu küləklə hərəkətə gətirdik.»

Lakin bu nəzəriyyə, ayənin mə᾽nası ilə bir o qədər də uyğun gəlmir. Çünki əvvəla nəzərdə tutulan mövzu bir o qədər də əhəmiyyət kəsb etmir və Qur᾽anın şə᾽nindən olduqca aşağıdır.

Sonra isə onlar buna diqqət yetirməli idilər ki, külək buludları yalnız hərəkətə gətirir və onların qatlarına heç bir şey yükləmir.

Demək, ayə bə᾽zi keçmiş müfəssirlərin dərk edə bilmədiyi və olduqca əhəmiyyətli elmi bir məsələyə də᾽vət edir. O da bundan ibarətdir ki, bitkilər aləmi də nəsil artımı üçün heyvanlar kimi cütləşmə prosesini keçməlidirlər. Və bu proses bitkilər aləmində əksər hallarda külək vasitəsilə həyata keçdiyi üçün tozlanma adlanır. Məsələn nar, portağal, küknar, ərik, pambıq və s. bitkilərin cütləşməsi yalnız tozlanma yolu ilə həyata keçir. Tumurcuqların içindəki kisəciklər yetişdikdən sonra açılır və küləklə ətrafa yayılan erkək toz dənələri onlara daxil olur və beləliklə tozlanma prosesi başa çatır.
3. QUR᾽ANDA EVLƏNMƏ QANUNU

Qur᾽an evlənmənin və ya müştərək həyat tərzinin qurulmasının yalniz insan və heyvanlarda deyil, bitkilər aləmində də baş verdiyini bizə xəbər verir.

وَهُوَ الَّذِي مَدَّ الأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا وَمِن كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ

«Bütün meyvələrdən [erkək-dişi, yaxud şirin-acı, turş-meyxoş və s. olmaqla] cüt-cüt yetişdirən... Odur.» (Rə᾽d-3).

سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنبِتُ الْأَرْضُ وَمِنْ أَنفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ

«Yerin yetişdirdiklərindən, onların [insanların] özlərindən və bilmədiklərindən [erkək-dişi olmaqla] cütlər yaradan Allah pak və müqəddəsdir! (Yasin, 36)

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا

«O [böyük Allah] ki, yer üzünü sizin üçün döşəmiş [döşək etmiş]...» (Taha-53).

Qur᾽an, çox zərif və incə ifadələrdən istifadə edərək yer üzünü döşəyə və ya uşaq beşiyinə bənzətmişdir. Mə᾽lum olduğu kimi, ayədə istifadə olunan «məhd» kəlməsi, ərəb dilində uşaq beşiyinə deyilir. Südəmər körpə beşikdə rahatlıq tapdığı kimi, yer üzündə baş verən dəyişikliklər (gündüzün gecə ilə əvəz olması, fəsillərinin dəyişdirilməsi və s.) insanlarda mə᾽nəvi rahatlığın və asayişin yaranmasına səbəb olur.

Təbiətdə baş verən dəyişikliklər yalniz insanlarda deyil, heyvan və bitkilər aləmində də asayişin bərqərar olmasına səbəb olur.

Göründüyü kimi, ayədə yerin hərəkət etməsinə ötəri və qısa ifadələrlə işarə olunur. Bunun isə əsas səbəbi Ərəbistan yarımadasında hökm sürən o dövrün cəhalət rejimi olmuşdur.

Yerin sabit və hərəkətsizliyinə əqidəli olan nadan bir camaata, təbii ki, onun daim hərəkətdə olmasını birbaşa açıq-aşkar ifadələrlə bəyan etmək mümkün deyildi. (Peyğəmbərin (s) vəfatından on əsr sonra Qaliley, yerin iki növ hərəkətdə (həm öz oxu ətrafında fırlanması və günəş qalaktikasındakı daimi hərəkəti) olduğunu sübut etməyə cəhd etdi. Lakin onun irəli sürdüyü nəzəriyyə iqtidarda olan katolik keşikçiləri tərəfindən küfr kimi qarşılandı. Qaliley işkəncələrə mə᾽ruz qalaraq zindanlara atıldı. Beləliklə, Avropa alimləri öz ixtiralarını kimsəyə bildirməməyi hər şeydən üstün tutdular.) Beləliklə, Qur᾽an yerin hərəkət etməsini müxtəsər və qısa ifadələrlə bəyan edir.
5. QUR᾽ANDA TANINMAYAN QİTƏLƏR

Qur᾽anın on dörd əsr bundan əvvəl açdığı sirlərdən biri də, yer üzündə mövcud olan digər qitələrdir. Ərrəhman surəsinin 17-ci ayəsində bu haqda deyilir:

رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ

«İki məşriqin və iki məğribin Rəbbi [günəş və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi] Odur.»

İki məşriq və iki məğrib deyildikdə nəyin nəzərdə tutulduğu, bir çox müfəssirlərin nəzərini özünə cəlb etmişdir. Onlardan bə᾽ziləri ayəni təfsir edərkən iki məşriq və məğribdən, bir məşriq və məğribin ay, ikinci məşriq və məğribin günəş olduğunu izah etmişlər. Başqa bir qismi isə məşriq və məğrib deyildikdə, yay və qış nəzərdə tutulduğunu bildirmişlər.

Lakin bu məzmunda nazil olmuş digər ayələr yer üzündə mövcud olan, hələ o zaman kəşf olunmamış qitələrə dəlalət edir. Məsələn, Zuxruf surəsinin 38-ci ayəsində deyilir:

يَا لَيْتَ بَيْنِي وَبَيْنَكَ بُعْدَ الْمَشْرِقَيْن

«Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasında məsafə qədər uzaqlıq olaydı.»

Ayədən belə mə᾽lum olur ki, insanlar üçün ən uzaq məsafə şərqlə qərb arasında olan məsafədir. Demək, iki məşriq və məğrib deyildikdə, bunu ay və günəş və ya yayla qış kimi mə᾽nalandırmaq olmaz. Çünki onların arasında olan məsafə bir o qədər də uzaq deyildir. Demək, məşriq və məğrib deyildikdə, şərq və qərb tərəfindən əhatə edən qitələri nəzərdə tutmalıyıq. Belə ki, şərq hesab etdiyimiz qitədə yaşayan əhali yer kürəsinin ikinci yarısında yaşadıqları üçün, bizim yaşadığımız qitəni artıq şərq deyil, qərb hesab etməliyik. Göründüyü kimi, Qur᾽an on dörd əsr əvvəl qitələr, dəniz səyyahları tərəfindən kəşf edilməzdən əvvəl bizə bu haqda xəbər verir.

«Şərq də, qərb də Allahındır» - ayəsini misal olaraq deyə bilərik ki, məşriq və məğrib kəlmələri tək halda işlənilən ayələrdən məqsəd, şərq və qərb istiqamətlərini bəyan etməkdir. Təsniyə (ikilik) «məşriqəyn», «məğribəyn» və cəm halında (məşriq, məğrib) işlənilən ayələrdən isə, üfüq baxımından bir-birləri ilə fərqli olan yer üzündəki bütün şəhərlərin şərq və qərb nahiyələrini nəzərdə tutmalıyıq. Gələcək fəsillərdə bu mətləbə yenidən qayıdacağıq.
6. QUR᾽ANda YERİN DAİRƏLİYİ

Qur᾽ani-Kərimdə bu haqda deyilir:

وَأَوْرَثْنَا الْقَوْمَ الَّذِينَ كَانُواْ يُسْتَضْعَفُونَ مَشَارِقَ الأَرْضِ وَمَغَارِبَهَا

«Zəif, fəqir görünən o tayfanı [İsrail oğullarını] yer üzünün daimi xeyir-bərəkət verdiyimiz şərq və qərb tərəflərinə [Şam diyarına] varis etdik.» (Ə᾽raf-137).

رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ

«O, göylərin, yerin və onların arasında olanların [bütün məxluqatın] Rəbbidir. Məşriqlərin [şərqin və qərbin] Rəbbi Odur.» (Saffat-5).

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ

«Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən qadirik.» (Məaric-40).

Ayə günəşin müxtəlif yerlərdən qürub edib doğmasına dəlalət etməklə yanaşı, yerin dairəvi olmasına da işarə edir. Çünki əgər yer dairəvi olarsa, günəş onun başqa bir hissəsindən qürub etməlidir və belə olduqda şərq və qərbin müəyyən olunması bir o qədər də zəhmət tələb etməyəcək. Yox əgər yerin dairəvi olmadığını fərz edəriksə, şərq və qərbin dərk olunması bizim üçün qeyri-mümkün olacaqdır. Lakin Qurtubi və digər müfəssirlər məşriq və məğribləri günəşin illik hərəkəti və il ərzində günlərin dəyişilməsi ilə təfsir etmişdir. Bu isə ayənin zahiri mə᾽nası ilə tamamilə ziddiyyət təşkil edir. Çünki günəşin il ərzində müəyyən şərq və qərbi olmur və belə olduqda o heç bir əhəmiyyət də kəsb etmir. Belə bir nəticəyə gəlirik ki, ayədə şərq və qərb deyildikdə, yerin hərəkəti nəticəsində yaranmış cəhətlər nəzərdə tutulur.
YERİN DAİRƏVİLİYİNƏ DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR

Şərq və qərb ayələrinin yerin dairəvi olduğuna dəlalət etdiyi artıq bizə mə᾽lum oldu. İndi isə bu haqda nəql olunmuş hədis və rəvayətləri nəzərdən keçirək.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Günlərin bir günündə bir nəfər şəxslə səfərə çıxdım. O hər gün məğrib namazını qaş qaraldıqdan, sübh namazını isə günəş çıxmazdan əvvəl gecə yarısı qılardı. Amma mən əksinə olaraq, məğrib namazını gün qürub edərkən, sübh namazını isə dan yeri söküləndə qılardım. O, mənə dedi: Sən də mənimlə eyni vaxtda qıl, çünki günəş üfüqdə bizim üzərimizdə görünməzdən əvvəl başqaları onu bizdən tez görür və axşamlar bizim üzərimizdə qürub edərkən başqa üfüqlərdə hələ də qürub etməyir. İmam Sadiq (ə) deyir: Mən ona dedim ki, hər qövm və millət bütün dini mərasimləri öz üfüqü əsasında həyata keçirməlidir.»

Göründüyü kimi, həmin şəxs burada şərq və qərb arasında fərq qoymaqla yer kürəsinin dairəvi olduğuna işarə edir. İmam Sadiq (ə) da öz növbəsində onun dediklərini təsdiq edir və eyni zamanda buraxdığı səhvlərə diqqət yetirməsini tövsiyə edir.

2. İmam Səccad (ə) sübh və axşam namazlarından sonra bu duanı edərdi: «Allah gecə və gündüz üçün müəyyən hədd və ölçü tə᾽yin etmişdir. Onlardan hər birini digərinə daxil edir və eyni zamanda digərindən o birinə qovuşdurur.»

İmam Səccad (ə) insanlardakı tərz-təfəkkürü nəzərə alaraq gündüzün gecə, gecənin də gündüzlə əvəz olunmasını çox zərif ifadələrlə bəyan edir və yerin dairəvi olduğuna toxunur.

Bə᾽ziləri belə güman edə bilər ki, İmam Səccad (ə) gecənin gündüzə, gündüzün də gecəyə daxil olmasını (bir-birilə əvəz olunmasını) dedikdə, onların ilin fəsillərində uzanıb qısalması olmuşdur. Bu isə tamamilə yanlış bir fikirdir. Çünki əgər İmam yalnız hamının dərk edə bildiyi bir məsələni, yə᾽ni gündüzün uzanmasını və gecənin qısalmasını və ya bunun əksini bəyan etmək istəsəydi, «onlardan (gecə və gündüz) hər birini digərinə daxil edir» deməklə kifayətlənər və əlavə olaraq «və eyni zamanda digərini də o birinə qovuşdurur» ifadəsindən də istifadə etməzdi. Çünki bu cümlə ilk baxışda birinci cümləni bir növ təkrar edir. Buna əsasən deməliyik ki, ikinci cümlə hal formasında işlənmişdir. Demək gecənin gündüz, gündüzün də gecə ilə əvəz olunmasını yalnız o zaman fərz etmək olar ki, yerin dairəvi olduğunu qəbul etmiş olaq.
NƏTİCƏ

Qur᾽anın mö᾽cüzə və səmavi kitab olduğuna dair gətirdiyimiz dəlillərlə kifayətlənirik. Artıq cəsarətlə deyə bilərik ki, Qur᾽an bəşəriyyətin bacarıq və iste᾽dadından xaric olan ilahi bir vəhy toplusudur.

Qur᾽anın ilahi vəhy olduğunu sübuta yetirmək üçün, İslamın bəşəriyyət üçün Əli ibni Əbi Talib (ə) kimi bir şəxsiyyət yetişdirməsini dəlil gətirmək kifayət edər.

Dünyanın tanınmış alimləri İmamın (ə) ifadələrini (xütbə və hikmətli kəlamlarını) dərk etməyi özlərinə böyük iftixar bilirlər. Mütəfəkkir və təhqiqatçılar onun tükənməz elm dəryasından bəhrələnir və ondan öz elmi əsərlərində lazımı qaydada istifadə edirlər. Onun söylədiyi ifadələr qarşısında nə bir şəxs yeni nəzər verir, nə də ondan üstün bir şey söyləməyə cəsarət edirlər.

 Əli (ə)-ın həyatı ilə tanışlığı olmayan şəxslər, onun xütbələrindən birini mütaliə etdikdən sonra belə güman edə bilərlər ki, haqqında söhbət açdığı bütün elmi mövzularda xüsusi məharəti olmuş və bütün ömrünü bu sahələrdə təhqiqat işləri aparmaqla başa vurmuşdur. Lakin onun elm və zəkası ilahi vəhy məktəbindən qaynaqlanmışdır. Ərəbistan yarımadasının, xüsusilə də Hicazın o günkü ictimai vəziyyətilə azacıq tanış olan şəxs, qətiyyətlə belə bir nəticəyə gələcəkdir ki, Əli (ə) öz elmini Peyğəmbərə (s) iman gətirdiyi ilk gündən e`tibarən ilahi vəhy məktəbindən əxz edə bilmişdir.

Məşhur söz ustadlarından biri Nəhcül-bəlağə haqda bəyan etdiyi gözəl ifadələrdən birində deyir: «Nəhcül-bəlağə, Xaliqin dediklərindən aşağı, məxluqun [insanların] dediklərindən olduqca üstündür.»

Əlinin (ə) məqamını yalnız o zaman dərk etmək olar ki, onun yiyələndiyi elmlərlə, xüsusilə də fəsahət və bəlağət elmləri ilə tanışlığın olsun. Belə ki, onun elm və zəkası hamını heyran qoymuş, hətta düşmənlərini də bu e᾽cazkarlıqları e᾽tiraf etməyə vadar etmişdir. Elmlə yanaşı o, özünün iman və təqvası ilə də fərqlənərək kamil insan simvoluna çevrilmişdir. O, eyş-işrətə və dünya ləzzətlərinə göz yumar, hər zaman təqvanı me᾽yar tutardı. Hakimiyyət məsələsi meydana çıxdıqda, Əbu Bəkrin idarəetmə üsulunu qəbul etmək şərtilə xilafəti ona təqdim etməyə hazır olurlar. O isə buna razı olmayaraq, necə olursa-olsun, haqq-ədaləti hər şeydən üstün tutur, dövlət idarəetmə üsulunu yalnız Qur᾽anda görürdü. Əli (ə) xilafətət gəldikdə, öz mövqeyini möhkəmləndirmək üçün, Müaviyənin hətta bir gün də olsun Şamdakı hakimiyyətinə razı olmurdu. Çünki o, bunun acınacaqlı aqibətini əvvəlcədən görür və nə ilə nəticələnəcəyini çox gözəl şəkildə dərk edirdi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin
Adəm Peyğəmbər (ə) və onun yaranması
İBADƏTİN BƏLALARI
. Ənam surəsi
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment