Azəri
Sunday 5th of May 2024
0
نفر 0

QUR᾽ANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR

Artıq təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.

Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.

Birinci ayə:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

«Şübhəsiz ki, Qur᾽anı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən – artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).

Buradan belə mə᾽lum olur ki, Qur᾽an nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.

Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mə᾽nalarda təfsir etməyə çalışmışlar:

1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Qur᾽an deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.

قَدْ أَنزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا، رَّسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ

«Allah sizin üçün Qur᾽anı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.»

Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.

Yə᾽ni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə tə᾽yin etdikdən sonra bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.

Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mə᾽nalarını daşıyır. Demək «zikr» deyildikdə hər iki ayədə Peyğəmbər (s) deyil, Qur᾽an nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.

Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.

وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil olunan kəs! Həqiqətən sən divanəsən!» (Hicr-6).

Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzilə ələyhiz-zikru innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur.

2. Deyirlər: Qur᾽anın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.

Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Qur᾽anı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki Qur᾽an hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.

Yox, əgər onlar Qur᾽anın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Qur᾽an nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki, qaldı onun toxunulmazlığına, bu məsələ Qur᾽anın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə yuxarıda qeyd olunan ayənin mə᾽na və məfhumu ilə heç bir əlaqəsi yoxdur.

Əvvəla ona görə ki, Qur᾽an əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.

Digər tərəfdən isə ayə Qur᾽anın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.

3. Deyirlər: Doğrudur, ayədə Qur᾽anın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Qur᾽an nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Qur᾽an nəzərdə tutula bilər. Çünki ayənin zahiri mə᾽nasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.

Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki Qur᾽anın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki, qaldı zəmanənin imamında olan Qur᾽ana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan Qur᾽an kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.

Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Qur᾽anlar deyil, yalnız bir Qur᾽anı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Halbuki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur. Mövcud olan Qur᾽an nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orijinal nüsxənin zahiri formasıdır. Bu Qur᾽an nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Qur᾽anı nəzərdə tutmalıyıq. Belə bir Qur᾽an dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə mə᾽ruz qalmayacaqdır.

4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Qur᾽anın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Qur᾽anın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki təhrif olunduğu ehtimal olunan bir ayə ilə Qur᾽anın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Qur᾽an ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mö᾽təbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yə᾽ni, Qur᾽anın təhrif olunub-olunmamasına dair e᾽tibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.

İkinci ayə:

وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ

«Şübhəsiz ki, o [Qur᾽an], çox dəyərli, qiymətli bir Kitabdır.

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz]. O, hikmət sahibi və şükrə, tə᾽rifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir.» (Fussilət 41-42).

Ayənin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽an bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.

«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Qur᾽anın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qummidən nəql olunmuş rəvayətə istinad edirlər. O öz təfsirində İmam Baqirdən (ə) bu rəvayəti nəql edir: «Qur᾽an nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»

Mərhum Təbərsi «Məcməul Bəyan»da İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Qur᾽anda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün mə᾽lumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»

Cavab: Ayəni belə mə᾽nalandırmaq heç də düzgün olmazdı. Çünki burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Qur᾽anın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən mə᾽lumatların həqiqət olması bildirilir.

Qur᾽anın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qur᾽ana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Qur᾽anda yalan və iftiralara yol verilmədiyi kimi mə᾽nalandırsaq, onda Qur᾽anın tarix boyu tağut rejimlərə, batil ən᾽ənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.
SÜNNƏ VƏ HƏDİSLƏRİN TƏHRİFƏ OLAN BAXIŞI

«Səqəleyn» hədisi və Qur᾽anın təhrifi:

Qur᾽anın təhrif olunmamasına dəlalət edən ən əsaslı dəlil onun öz ayələridir. Biz bir qədər əvvəl onlardan ikisi haqda ətraflı mə᾽lumat verdik. Bu mətləbə dəlalət edəcək ikinci əsaslı dəlil, Peyğəmbərdən (s) nəql olunmuş «Səqəleyn» hədisidir. Hədisdə deyilir: «Mən sizin aranızda iki qiymətli və ağır əmanət qoyub gedirəm. Onlardan biri Allahın Kitabı (Qur᾽an) və digəri isə mənim Əhli-beytimdir.»

Hədisin məzmunundan belə mə᾽lum olur ki, Peyğəmbər (s) özündən sonra Qur᾽anı və Əhli-beytini (ə) müsəlmanların üzərində canişin tə᾽yin etmiş, müsəlmanlar da öz növbəsində qiyamət gününədək bir-birindən ayrılmayacaq bu iki şeyə tabe olmalı və onlara itaət etməlidirlər.

Bu kimi hədislər istər sünnü, istərsə də şiə mənbələrində kifayət qədər nəql olunmuşdur. Buradan biz Qur᾽anın təhrif olunmasına dəlalət edən iki əsaslı dəlilə işarə edə bilərik.

1. «Təhrif nəzəriyyəsi»ni qəbul edən müsəlmanlar Qur᾽ana istinad etməməklə yanaşı, onun hökmlərinə də əməl edə bilməzdilər. Çünki təhrifə yol verdikdə ayələrdən bə᾽ziləri ya dəyişilməli, ya ixtisara salınmalı, yaxud da onlara müəyyən əlavələr edilməli idi. Halbuki, bu müqəddəs Kitab nazil olduğu ilk gündən, məzhəbindən asılı olmayaraq hər bir müsəlman tərəfindən oxunmuş və həmçinin onun verdiyi hökmlərə əməl olunmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, «təhrif nəzəriyyəsi» tamamilə batil və əsassızdır.

İzah: «Səqəleyn» hədisi Qur᾽anla Əhli-beytin qiyamət gününədək ayrılmaz və əbədi qalacağına dəlalət edir.

Bu səbəbdən də insanların haqqa hidayət olmaları üçün həm Qur᾽an, həm də Əhli-beyt (ə) üzvlərindən biri qiyamət gününədək insanların arasında olmalıdır.

Mə᾽lum məsələdir ki, əgər insanlar Qur᾽an və Əhli-beyti (ə) sevərək onlara tabe olsalar, onların getdikləri hidayət yolunun yolçularına çevrilərlər.

İnsanların haqqa hidayəti və bu yolun həqiqi davamçılarından olmaları, onların zəmanə imamı ilə birbaşa ünsiyyətdə olmalarından asılı deyildir. Çünki birbaşa ünsiyyət onlar sağ ikən də hamıya müyəssər olmurdu. O ki, qaldı qeybət dövründə müəyyən şəxslərin imamla ünsiyyətdə olmalarının zəruriliyini iddia etmələrinə, bu tamamilə əsassız bir iddiadır. Belə ki, şiə məzhəbinin davamçıları istər imamların həyatı dövründə, istərsə də onlar qeybdə olan zaman onlarla ya birbaşa, ya da müxtəlif şəxslərin vasitəsilə ünsiyyətdə olmuşlar. Onlar imamlara qarşı məhəbbət göstərir və onların buyruqlarını həyatın bütün sahələrində həyata keçirərdilər.

Qur᾽ana gəldikdə isə, qeyd etmək lazımdır ki, müsəlmanlar bütün mə᾽nəvi dəyərləri daim oradan götürmüş və bütün işlərdə onu özləri üçün örnək hesab etmişlər. Onları zəlalətdən səadətə qovuşduran və xoşbəxt həyatlarını tə᾽min edən də məhz Qur᾽an olmuşdur.

«Qur᾽anın əsli zəmanənin imamındadır» deyənlər isə, böyük səhvə yol vermiş olurlar. Çünki belə bir halda müsəlmanların istədikləri vaxt Qur᾽ana müraciət etmələri heç də asan olmazdı. Bilavasitə haqq-ədalət və hidayət mənbəyi olan Qur᾽an, daim müsəlmanların ixtiyarında olmalı və onlar istədikləri vaxt ona müraciət edə bilməlidirlər.

«Səqəleyn» hədisinin Qur᾽anın təhrif olunmamasına dəlalət etməsi bundan ibarət idi.

Lakin bu dəlillərə irad tutaraq deyirlər: «Səqəleyn» hədisi Qur᾽anın təhrif olunmamasına dəlalət etsə də, burada bütün Qur᾽an deyil, yalnız fiqh və şəriət qanunlarının toxunulmazlığı nəzərdə tutulur. Çünki müsəlmanlar [şəriət məsələlərində] bütünlüklə Qur᾽ana deyil, yalnız fiqhi ayələrə istinad edirlər. Bu hədis həmin ayələrlə əlaqəli olmadığı üçün Qur᾽anın təhrif olunmamasına dəlalət edə bilməz.

Cavab: Bu nəzəriyyənin heç bir əsası yoxdur. Çünki bəşəriyyəti haqqa hidayət edən, Qur᾽anın müəyyən surələri deyil, Peyğəmbərə (s) 23 il müddətində nazil olmuş bütün surə və ayələridir. İnsanların xoşbəxt həyatını tə᾽min edən və onları səadətə qovuşduran yalnız fiqh ayələri deyil, onun bəşər həyatını hərtərəfli əhatə edən bütün ayələri, o cümlədən əxlaq, rəftar, ailə, siyasət, hüquq, ticarət və s. qanunvericilik ayələri də şamildir. Qur᾽anın fəziləti barəsində söhbət açarkən qeyd etdik ki, bə᾽zi ayələrdə keçmiş ümmət və peyğəmbərlərin sərgüzəştləri əhvalat şəklində bəyan olunsa da, əsas məqsəd ilahi hökmlərin izahı və insanların bundan ibrət götürərək haqqa hidayət olmalarıdır. Buna əsasən, müsəlmanlar Qur᾽ana iman gətirərək onun bütün ayələrinə istinad etmişlər.

«Təhrif nəzəriyyəsi»ni qəbul edənlər arasında elələri də vardır ki, təhrif deyildikdə yalnız vilayət ayələrinin təhrif olunduğunu nəzərdə tuturlar. Halbuki, vilayət ayələri də digər ayələr kimi hər bir müsəlman tərəfindən qəbul olunmalı və əməli olaraq sübuta yetirilməlidir. Və belə bir halda bu ayələrdə də təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkündür.

Təhrif nəzəriyyəsinin əsassızlığının «Səqəleyn» hədisi vasitəsilə sübuta yetirilməsinin ikinci yolu bundan ibarətdir ki, təhrif məsələsi düzgün olsa, onda Qur᾽an tədricən öz e᾽tibarını itirəcək və nəticədə dəlil olaraq kimsə tərəfindən mö᾽təbər sayılmayacaqdır. Belə bir çətinliklə qarşılaşan hər bir şəxs, şəkk-şübhəni aradan qaldırmaq üçün Əhli-beytə (ə) müraciət etməli, onların Qur᾽an barəsində verdikləri nəzəriyyəyə, yə᾽ni bu ilahi Kitabın təhrif olunmamasına e᾽tiqad bəsləməli və bu barədə heç bir əlavə fərziyyələrə istinad etməməlidir. Çünki hədisdən əldə etdiyimiz mə᾽naya əsasən Əhli-beyt (ə), Qur᾽andan sonra müsəlmanların istinad edəcəkləri ikinci ən mö᾽təbər mənbədir. Belə bir halda, Qur᾽anın təhrif olunduğuna ehtimal verib sonra bu nəzəriyyənin əsassız olduğunu Əhli-beytin (ə) buyuruqları ilə sübuta yetirməliyikmi?!

«Təhrif nəticəsində Qur᾽an öz e᾽tibarını itirir» dedikdə isə, ayələrdə olunan ixtisar, əlavələr, dəyişikliklər və bunun nəticəsində mə᾽na, məfhum baxımından nəzərə çarpan fərqlər nəzərdə tutulur.

Nəticə: Təhrif nəzəriyyəsindən əldə olunan nəticə, Qur᾽anın öz e᾽tibarını itirməsi və ayələrin zahiri mə᾽nalarına istinad olunmasıdır. Bu isə qeyd etdiyimiz kimi, tamamilə yanlış bir nəticədir. Belə ki, Qur᾽anın dəlil olmaması onun təhrif olunduğuna dəlalət edir və belə bir halda bunun sübuta yetirilməsi üçün «icmali elm»dən istifadə olunmasına heç bir ehtiyac duyulmur. Bu halda biz belə bir qənaətə gəlməliyik: Təhrif nəticəsində «icmali elm» yolu ilə bə᾽zi ayələrin zahiri mə᾽nalarında yaranmış ixtilaflar artıq bizə bəlli olur və icmali elmə istinad etməklə Qur᾽an öz e᾽tibarını itirir. Çünki əgər Qur᾽anın zahiri mə᾽nasının dəlil olduğunu icmali elm yolu ilə sübuta yetirmək istəsək, cavabında gərək deyək:

Əvvəla, Qur᾽anda təhrifə yol verilməsi icmali elmə və ayələrin zahiri mə᾽nasında ixtilafın yaranmasına səbəb olmur. Digər tərəfdən isə icmali elm, Qur᾽anın zahiri mə᾽nalarına istinad olunmasında heç bir tə᾽sirə malik deyildir. Çünki icmali elm yalnız o zaman tə᾽sirli ola bilər ki, ona hər tərəfli əməl olunmuş olsun, əks təqdirdə onun heç bir vəzifə tə᾽yin etmək səlahiyyəti olmayacaqdır. Belə olduqda isə icmali elm, Qur᾽an ayələrinin zahiri mə᾽nalarının şəriət məsələlərini bəyan edən və bəyan etməyən ayələri arasında ixtilafın yaranmasının qarşısını alır. Şəriət hökmlərini bəyan etməyən ayələrə əməl olunmadıqda isə, icmali elm heç bir rol oynamayacaq.

Təhrif nəzəriyyəsinin tərəfdarları bə᾽zən belə güman edirlər ki, Qur᾽anın dəlil olması onların istinad etdikləri nəzəriyyə ilə heç də ziddiyyət təşkil etmir. Yə᾽ni onlar həm Qur᾽anın dəlil olmasını, həm də onun təhrif olunduğunu qəbul edərək, belə bir fərziyyəyə istinad edirlər. Onlar deyirlər: Təhrif nəzəriyyəsini qəbul etməklə yanaşı, Qur᾽an ayələrinin zahiri mə᾽nalarına da istinad edə bilərik. Çünki ayələrin zahiri mə᾽nalarının dəlil olması təhrif nəzəriyyəsinin e᾽tibarsızlığına səbəb olur. Lakin, imamlar mövcud Qur᾽anların mö᾽təbərliyini, həmçinin öz səhabələrinin Qur᾽anın zahiri mə᾽nalarına əməl etmələrini təsdiq etmişlər. Beləliklə, təhrif nəzəriyyəsinin tərəfdarları həm bu nəzəriyyəyə istinad etmək, həm də Qur᾽anın zahiri mə᾽nalarının imamlar tərəfindən təsdiq olunduğuna e᾽tiqad bəsləmək istəmişlər.

Lakin, bu tamamilə batil və əsassız fərziyyədir. Çünki imamların öz davamçılarını haqqa hidayət etmələri və onların Qur᾽an ayələrinin zahiri mə᾽nalarına istinad etdiklərini təsdiq etmələri heç də Qur᾽anın dəlil olduğunu sübuta yetirmək məqsədilə olmamışdır. Əksinə onlar, Qur᾽an nazil olduğu ilk gündən onun zahiri mə᾽nalarının dəyişilmədiyinə istinad etmiş və belə bir saf əqidəyə əsaslanaraq bəşəriyyətin hidayətini öz üzərlərinə götürmüşlər. Yə᾽ni, onların mövcud Qur᾽anların mö᾽təbərliyini təsdiq etmələri, onun zahiri e᾽tibarına deyil, həqiqi dəlil və höccət olduğuna dəlalət edir.
QUR᾽AN SURƏLƏRİNİN NAMAZDA OXUnMASI

Qur᾽anın təhrif olunmamasına dəlalət edən başqa bir dəlil, vacibi namazlarda 1-ci və 2-ci rə᾽kətlərdə «Həmd» surəsindən sonra hər hansı bir surənin tam şəkildə və ayət namazında isə bir surənin beş yerə bölünərək oxunmasıdır. Bu hökm namaz vacib olunduğu ilk gündən məhz bu şəkildə müəyyənləşmiş və müsəlmanlar tərəfindən icra olunmuşdur.

Buna əsasən təhrif nəzəriyyəsini qəbul edən şəxslər gündəlik namazlarında təhrifə yol verilmiş surələr oxumamalıdırlar. Həmd surəsindən sonra hər hansı bir surənin tam və düzgün şəkildə oxunması vacib olduğu üçün, təhrif olunmuş surələrin oxunması mükəlləfin üzərindən məs᾽uliyyəti götürməz.

İrad: Təhrif nəzəriyyəsinin tərəfdarları belə bir iddia irəli sürə bilərlər ki, surənin tam oxunması, yalnız onun təhrifə mə᾽ruz qalmadığını bilmədikdə vacib olur. Bundan qeyri-halda surənin tam oxunması heç də vacib deyildir.

Cavab: Bu iddianı yalnız o zaman düzgün hesab etmək olar ki, Qur᾽anın bütün surələrinin təhrif olunduğuna ehtimal vermək olsun. Lakin bu surələrdən heç olmasa biri – hətta təhrif nəzəriyyəsinin tərəfdarlarının əqidəsinə əsasən – təhrif olmasa, onda gərək bu nəzəriyyənin tərəfdarları gündəlik namazlarında bu surədən başqa heç bir surə oxumasınlar.

Başqa bir irad:

Mə᾽sum imamlar namazda Həmd surəsindən sonra hər hansı bir surənin oxunmasını icazə vermişlər. Əgər belə bir icazə verilməsəydi, təhrif olması ehtimal verilən surələrin oxunması düzgün olmazdı.

Cavab: İmamların, Qur᾽an surələrinin gündəlik namazlarda oxunmasına icazə vermələri, onun təhrif olunmamasını bir daha sübuta yetirir. Yox, əgər imamların bu icazəsi müsəlmanların qıldıqları namazları təhrif olmuş surələri oxumaqla batil edəcəkdisə, bu halda onlar təhrif olunmamış surələrin oxunmasını tövsiyə edərdilər. Və belə olduqda təqiyyə ilə də heç bir ziddiyyət yaranmazdı. Çünki Tövhid və Qədr surələrinin oxunmasına daha çox diqqət yetirər və onların fəziləti haqda dəyərli mə᾽lumatlar verərdilər. Belə bir halda bu iki surənin fəziləti haqda söhbət açmaq əvəzinə, təhrif olunmamış digər surələrin də oxunmasının vacibliyini bəyan edərdilər.

Nəticə: Gündəlik namazlarda Həmd surəsindən sonra hər hansı bir surənin tam oxunmasının vacibliyi imamlar tərəfindən dəfələrlə bəyan olunmuşdur. Və müsəlmanların bu məsələ ətrafında təqiyyə etmələrinə heç bir səbəb olmamışdır. Çünki bu hökm ya Peyğəmbərin (s) zamanında, ya da ondan sonra imamlar tərəfindən verilmişdir.

Demək, Həmd surəsindən sonra hər hansı bir tam surənin oxunmasının vacibliyi, hələ Peyğəmbərin (s) zamanında bəyan edilmiş və bu hökm hər bir müsəlman tərəfindən gündəlik namazlarda icra olunmuşdur. Buna əməl etmək yalnız o zaman düzgün olardı ki, surələr təhrif olunmadan özünün həqiqi formasını saxlaya bilmiş olsun. Təhrifə mə᾽ruz qaldıqda isə, elə bir surə seçilməli idi ki, təhrif olunmamış olsun. Belə ki, bu məqsəd üçün heç bir surə müəyyən olunmamış və istənilən hər bir surənin tam oxunmasına icazə verilmişdir. Bu isə bir daha Qur᾽anın təhrif olunmadığını sübuta yetirir.

Bu hökm təkcə surələrin namazlarda oxunmasına deyil, bütün surə və ayələrin (istənilən vaxtlarda da) qiraət olunmasına şamil olur.
QUR᾽AN XƏLİFƏLƏR TƏRƏFİNDƏN TƏHRİF OLUNMAMIŞDIR

Dördüncü dəlil: «Təhrif nəzəriyyəsi»nin tərəfdarları tərəfindən bu barədə üç müxtəlif fərziyyə irəli sürülmüşdür. Qur᾽an ya Əbu Bəkr və Ömərin, ya Osmanın, yaxud da başqa xəlifələrin xilafəti dövründə təhrifə mə᾽ruz qalmışdır.

Qur᾽anın Əbu Bəkr və Ömərin xilafəti dövründə təhrif olunmaması haqda:

Bunun həyata keçməsi üç haldan xaric deyildir:

1. Təhrif ya zərurət üzündən, ya da qeyri-iradi olaraq baş vermişdir;

2. Xilafət (hakimiyyət) haqda olan ayələrin bilərəkdən təhrif olunması;

3. Digər ayələrin bilərəkdən təhrif olunması.

1. Bilərəkdən yaranmış təhriflər;

Deyirlər: Qur᾽an, Əbu Bəkr və Ömərin xilafəti dövründə bir yerə yığılmadığı üçün onun bütün ayələrinin qorunub saxlanılması mümkün olmamış və bu səbəbdən də bə᾽zi ayələr unudularaq aradan getmişdir.

Cavab: Bu fərziyyə üç əsas səbəbə görə tamamilə batil və əsassızdır:

1. Peyğəmbərin (s) və onun səhabələrinin Qur᾽ana və onun tilavətinə olan sonsuz diqqət və əhəmiyyəti, bu nəticəyə gəlmək imkanı verir ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında bir yerə yığılmış, oradan bir kəlmə, yaxud bir hərf də olsun belə, ixtisara salınmamışdır. Ayələr pərakəndə və ya əzbərləmək yolu ilə olsa da, müsəlmanlar tərəfindən qorunub saxlanılmışdır. Cahiliyyət dövründə yazılmış yüzlərlə şe᾽r misralarını əzbərləmiş şəxslərin Qur᾽anın əzbərlənməsində səhvə yol vermələrini təsəvvür etmək olarmı?!

O Qur᾽an ki, müsəlmanlar onun yolunda həyatın bütün ağırlıqlarına sinə gərir, hətta öz can, mal və əzizlərini belə qurban verməyə razı olurdular. Onlar tarixin qara səhifələrini öz qanları ilə yumuş və Qur᾽anın bu günlərədək qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Bütün bunları nəzərə alaraq, bu nəzəriyyə də digər nəzəriyyələr kimi əqli və tarixi dəlillərlə əsassız və batil hesab olunur.

2. Bütün bunlarla yanaşı «Səqəleyn» hədisi bir daha bu ehtimalı batil edir. Çünki «Səqəleyn» hədisinin Qur᾽anın bir hissəsinin aradan getməsi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, əgər təhrif olunarsa, Peyğəmbərdən (s) bizlərə gəlib çatan kitabın [Qur᾽anın] tam nüsxəsi deyil, yalnız bir hissəsi olacaqdır. Lakin hədisin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽anın Peyğəmbərdən (s) bizlərə müəyyən hissəsi deyil, tam və kamil nüsxəsi gəlib çatmışdır.

Hədisin məzmununa diqqət yetirdikdə bir daha bunun şahidi olacağıq ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında toplanmış və vahid nüsxə halına salınmışdır. Belə ki, hədisdə deyilir: «Mən sizin üçün [özümdən sonra] iki ağır [əhəmiyyətli] şey qoyuram. Allahın Kitabını və Əhli-beytimi.» Demək, Qur᾽anı yalnız o zaman kitab adlandırmaq olardı ki, bütün surə və ayələri bir yerə yığılmış olsun.

3. Digər tərəfdən isə müsəlmanlar İslamı qəbul etdikləri ilk gündən Qur᾽ana böyük əhəmiyyət vermiş və onun vahid nüsxə halına salınmasına xüsusi diqqət yetirmişlər. Əgər müsəlmanların Qur᾽ana əhəmiyyət verməyərək onu vahid nüsxə halına salmamalarını fərz etsək də belə, Peyğəmbər (s) o zamanın şəraitini və gələcəkdə yaranacaq ixtilafı, qarşıdurmaları nəzərə alaraq, bunun həyata keçməsinə hamıdan daha çox əhəmiyyət verməli idi. Məgər ona bu işdə mane olan amillər var idimi?!

Bütün bu sualların cavabı mənfidir. Çünki Peyğəmbər (s) həm Qur᾽ana, həm də onun vahid nüsxə halına salınmasına hamıdan daha çox diqqət yetirirdi və bunu həyata keçirmək üçün ixtiyarında hər cür imkanlar var idi. Bu səbəbdən də qətiyyətlə deməliyik ki, Qur᾽an hələ Peyğəmbərin (s) zamanında yığılmış və vahid nüsxə halına salınmışdır.

2. Siyasi mə᾽na daşımayan ayələrin təhrifi;

İrad: Bu haqda irəli sürülmüş başqa bir fərziyyədə deyilir: Birinci və ikinci xəlifə siyasətləri ilə heç bir əlaqəsi olmayan ayələri şəxsi rə᾽ylərinə əsasən bilərəkdən təhrif etmişlər.

Cavab: Bu fərziyyə də digər fərziyyələr kimi bir neçə səbəbdən batil və əsassızdır.

Əvvəla belə bir təhrifə heç bir ehtiyac duyulmamışdır. Və mə᾽lum məsələdir ki, heç bir adi insan onun şəxsi həyatı və işi ilə əlaqəsi olmayan belə böyük, eyni zamanda qorxulu olan bir işi görməzdi.

Digər tərəfdən isə hər iki xəlifənin hakimiyyəti dövrünə nəzər saldıqda bunun şahidi oluruq ki, İslam dini və müsəlmanlar o günlər özünün dirçəliş mərhələsini keçmiş, ictimai, siyasi, dini və s. məsələlər Qur᾽anla tətbiq olunmuşdur. Demək, müsəlmanların Qur᾽ana böyük əhəmiyyət verdikləri belə bir zamanda, onun kimsə tərəfindən təhrifə yol verilməsi sadəcə olaraq qeyri-mümkün idi. Və eyni zamanda mərkəzi xilafət ilə müxalif olan Sə᾽d ibni Ubadə və başqaları o günlər baş verən bütün hadisələri diqqətlə izləyir və bir o qədər də əhəmiyyət kəsb etməyən məsələləri belə nəzərdən qaçırmırdılar. Əgər xilafət başçıları Qur᾽anda təhrifə yol vermiş olsaydı, təbii ki, bu iş müxaliflər tərəfindən e᾽tirazla qarşılanar və tez bir zamanda bunun qarşısı alınardı. Lakin tarixi mənbələr bizə bu haqda heç bir mə᾽lumat vermir.

Həzrət Əlinin (ə) mərkəzi xilafətə qarşı çıxış etdiyi «Şiqşiqiyyə» kimi həyacanla dolu olan xütbəsinə nəzər saldıqda belə, biz bu mətləbə toxunulduğunun şahidi olmuruq.

«Qur᾽an təhrif olunmuşdur, lakin kimsə buna e᾽tiraz etməmişdir» kimi iddia edənlər isə böyük bir səhvə yol vermiş olurlar. Çünki tarixdə baş verən böyüklü-kiçikli bütün hadisələr yazılaraq indiki zamana kimi gəlib çatmışsa, əgər doğrudan da İslamın və müsəlmanların müqəddəratına böyük tə᾽sir göstərən belə bir əhəmiyyətli hadisə baş vermişdisə, sözsüz ki, bu iş tarix kitablarında nəql olunmalıydı.

3. Qur᾽anın siyasi xarakter daşıyan ayələrinin təhrifi;

Təhrif nəzəriyyəsinə istinad edən digər şəxslər iddia edirlər ki, Qur᾽anın siyasi xarakter daşıyan ayələri birinci və ikinci xəlifə tərəfindən hakimiyyəti əldə saxlamaq məqsədilə təhrif olunmuşdur. Lakin bu tamamilə əsassız bir nəzəriyyədir. Belə ki, Əli (ə) xilafətdən məhrum olduqdan sonra həyat yoldaşı həzrət Zəhra (ə) və yaxın səhabələri ilə birlikdə xəlifəyə öz e᾽tirazlarını bildirir, Peyğəmbərin (s) Əli (ə) haqda buyurduğu hədis və rəvayətləri onlara xatırladırdılar. Əliyə (ə) yaxın olan səhabələr Peyğəmbərdən (s) bu barədə nəql olunmuş Qədr və bu kimi digər mö᾽təbər hədislərə istinad edərək, dəfələrlə mərkəzi xilafətə qarşı öz e᾽tirazlarını bildirmişdilər. «İhticac» adlı kitabda səhabələrdən on iki nəfərinin xəlifəyə qarşı çıxışları və istinad etdikləri rəvayətlər açıq-aşkar işıqlandırılmışdır. Bu barədə ətraflı mə᾽lumat əldə etmək istəyənlər yuxarıda adı çəkilən kitaba müraciət edə bilərlər.

Bir sözlə, əgər belə bir əhəmiyyətli mövzuya dəlalət edən ayələr təhrif olunsaydı, ilk növbədə Əli (ə) və onun səhabələri tərəfindən böyük e᾽tiraza səbəb olar və dərhal həmin təhriflərin qarşısı alınardı.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq

 
user comment