Azəri
Saturday 18th of May 2024
0
نفر 0

SƏQƏLƏYN HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR

1. Səqələyn hədisini Əhməd ibni Hənbəl özünün «Musnəd» adlı kitabında (1-ci cild, 14-17-26 və 29-cu səh.) Əbu Səid Xidridən (4-cü cild, 366, 371-ci səh.) Zeyd ibni Ərqəmdən (5-ci cild, 182-ci səh.) və Zeyd ibni Sabitdən nəql etmişdir.

2. «Fəzailul Qur᾽an» (müəllif Dərəli) 2-ci cild, 431-ci səh.

3. «Camius-Səğir» (müəllif Cəmaləddin Süyuti, Təbəranidən və o da Zeyd ibni Sabitdən nəql edərək, rəvayətin mö᾽təbərliyini öz imzası ilə təsdiqləyir).

4. «Əllamə Mənavi» şərhinin (3-cü cild, 15-ci səh-də) nəql edir, Heysəmi hədisi nəql edən ravilərin şərh-halını bəyan etdikdən sonra onların mö᾽təbər olduqlarını təsdiq edir.

5. Hədisi nəql edən və mö᾽təbərliyinə istinad olunan şəxslərdən biri də Əbu Yə᾽la olmuşdur.

6. Hafiz ibni Əbdüləziz Əxzəri hədisi nəql etdikdən sonra deyir: Peyğəmbər (s) bu hədisi həccətül vidada bəyan etmişdir. Hər kim İbni Cozi kimi bu hədisi qondarma hesab edirsə böyük səhvə yol vermiş olur.

7. Səmhudi deyir: (Müəllif Hakim Nişapuri, 3-cü cild, 109-cu səh.) hədis Zeyd ibni Ərqəm tərəfindən nəql və mö᾽təbərliyi təsdiq olunmuşdur. Daim müxalif mövqe tutan və nəql olunmuş rəvayətlərə haşiyə yazan Zəhəbi belə, bu rəvayətə irad tutmamışdır.

Səqələyn hədisini nəql edən mənbələrin istifadə etdikləri kəlmə və ifadələrdə müəyyən fərqlər nəzərə çarpsa da, mə᾽na və məfhum baxımından tamamilə eynidir.
HARİS İBNİ HƏMDANİNİN ŞƏRHİ-HALI

İmamiyyə alimləri hamılıqla belə bir fikirdədirlər ki, Haris ibni Abdulla Həmdani, Əli (ə)-ın yaxın silahdaşlarından biri olmuşdur. O, böyük nüfuza malik olmuş və Əli (ə)-la ünsiyyətdə olduğu illərdə böyük, əhəmiyyət kəsb edən xidmətlər göstərmişdir.

İmamiyyə alimləri onu daim təqva və pəhrizkarlığı ilə xatırlayar və haqqında yalnız tə᾽rifli sözlər deyərlər. Rical alimləri və bir çox təhqiqatçılar onun nəql etdiyi rəvayətləri mö᾽təbər hesab edir və bir çox hallarda onlara istinad etmişlər.

Əhli-sünnə alimlərinin bir çoxu Harisin şərh-halını yazarkən onu xoş ifadələrlə yad etmişlər.

İbni Həcər Əsqəlani özünün «Təhzibut-təhzib» adlı kitabında Harisin şərh-halını Davəridən nəql edərək İbni Muinin bu sözlərinə işarə edir: “Mən onun şərh-halını İbni Məs᾽uddan eşitdim.” O, Harisi e᾽timad olunası bir şəxs kimi qələmə verirdi.

Osman Darəmi, İbni Muindən nəql edərək deyir: O, hamının e᾽timadını qazanmış bir şəxs idi.

Əşə᾽s ibni Səvar, İbni Seyreyndən nəql edərək deyir: Kufə camaatı beş nəfər şəxsə daha çox ehtiram edərdi. Lakin onlardan ikisinə, yə᾽ni Haris və Ubeydəyə daha artıq ehtiram edər və onlar haqda daim tə᾽rifli sözlər deyərdilər. Ubeydə barəsində söz düşərkən Haris yad olunur, Haris barəsində bir söz deyildikdə, həmçinin Ubeydə xoş sözlərlə yad olunardı.

İbni Əbi Davud deyir: Haris zəmanəsinin ən bilikli fiqh alimi idi. O olduqca hörmətli və şərəfli bir nəslə mənsub idi. «İrs» məsələsini Əli (ə)-dan öyrənmiş və onun incəliklərinə hamıdan daha çox yiyələnmişdi.

Əbu Cə᾽fər Təbəri «Zilul Muzəyyil» adlı kitabında, Hicrətin 161-ci ilində vəfat etmiş şəxslər barəsində mə᾽lumat verərkən deyir: Haris ibni Abdulla Ə`vər, Əli (ə)-ın qabaqcıl səhabələrindən biri idi. O, zəmanəsinin «fiqh»,* «hesab*», «fəraiz*» elmlərinə yiyələnmiş ən bilikli alimlərindən sayılırdı.

Zəhəbi, Harisin şərh-halında yazır ki, Harisin nəql etdiyi rəvayətlər əhli-sünnənin istinad etdikləri dörd mö᾽təbər mənbələrdə də nəql olunmuşdur. Nəsai, ravilərin mö᾽təbərliyinə və onların şəcərənaməsinə (əsliyyətinə) hamıdan daha çox diqqət yetirsə də, Harisin nəql etdiyi rəvayətlərə istinad edirdi. Çünki o özünün elm və şöhrəti ilə hamının nüfuzunu qazanmış və cəmiyyətdə özünəməxsus məqama nail olmuşdur.

Mərrət ibni Xalid deyir: Məhəmməd ibni Seyreyn günlərin bir günündə mənə dedi: İbni Məs᾽uda yaxın olan beş nəfər şəxsdən hədis nəql olardı. Mən onlardan dördü ilə görüşə bilsəm də, Haris ilə görüşməyə nail olmadım. Əlbəttə, o digərlərindən daha nüfuzlu və daha bilikli idi.

Yazıçı: Şiə və sünni alimlərinin Harisin biliyi və şəxsiyyəti barəsində söylədikləri tə᾽riflərə baxmayaraq, Şə᾽bi onu qətiyyətlə təkzib edir və onun barəsində bu sözləri deyir: Haris Ə`vər, mənim üçün hədis nəql edərdi, lakin o, yalançının biri idi. Sonralar bə᾽ziləri Şə᾽bənin dediklərini qəbul edib, Harisi yalançı kimi qələmə verməyə başlamışdılar. Lakin bizə belə gəlir ki, bu kimi iftiralar təəssüb və inadkarlıqdan savayı başqa bir şeydən irəli gəlmir. Çünki bir qədər əvvəl qeyd etdik ki, rical alimlərinin və təhqiqatçılarının bir çoxu Harisi mö᾽təbər bir şəxs kimi qələmə vermiş və ondan yalan hədis və rəvayət nəql olunmadığını e᾽tiraf etmişlər. Bu səbəbdən də alimlərin bir qismi, Şə᾽binin Haris barəsində söylədiklərinin yalnız quru təəssüb üzündən meydana gəldiyinə işarə etmişlər.

Əbu Abdulla Qurtubi deyir: Şə᾽bi, Harisi yalançılıqda ittiham etsə də, onun sözlərini qəbul etmək olmaz. Çünki kimsə Harisin nə vaxtsa yalan bir söz dediyini eşitməmişdir. Bəlkə də Şə᾽bi, Əli (ə)-ın Harisə olan yaxın münasibətini və onu başqalarından üstün tutduğu üçün ona qarşı qərəzli mövqe tutmuş və haqqında xoşagəlməz sözlər söyləmişdir. Bu səbəbdən də Şə᾽bi, Əbu Bəkri hamıdan daha çox üstün tutar və onun barəsində deyərdi: O, İslamı qəbul etmiş ilk şəxs olmuşdur. (Təfsiri Qurtubi, 1-ci cild, 5-ci səh).

İbni Həcər, Harisin şərh-halında yazır: İbni Əbdülbərr özünün «Elm» adlı kitabında, Şə᾽binin hansı səbəblər üzündən Haris barəsində bu sözləri deməsini belə izah edir: Şə᾽bi, Harisi Əli (ə) ilə yaxın və səmimi ünsiyyətdə olduğu üçün daim tənqid və təkzib edərdi. Və mənim fikrimcə, o özünün belə bir xoşagəlməz işinin cəzasını çəkdi. O da bundan ibarətdir ki, kimsənin Harisdən yalan bir rəvayət eşitmədiyi bir halda onu yalançılıqda ittiham etmiş və irəli sürdüyü belə bir əsassız iddia, kimsə tərəfindən qəbul olunmayaraq onun öz yalanını sabit etmişdir.

İbni Şahin deyir: Əhməd ibni Saleh deyərdi: Haris Ə`vər e᾽timad olunası şəxslərdən idi. Əli (ə)-dan nəql olunmuş rəvayətdə onun tə᾽rif və mədh olunması çox gözəl ifadələrlə bəyan edilir!!

Ona, Şə᾽binin Harisi təkzib etməsini dedikdə buyurur: Harisin nəql etdiyi rəvayətlərin heç biri yalan deyildir. Sadəcə olaraq o, Əli (ə) ilə yaxın ünsiyyətdə olduğu üçün Şə᾽bi tərəfindən təkzib edilmişdir.

Yazıçı: Üzümü nəzər sahiblərinə və təhqiqatçılara tutub onlardan soruşmaq istəyirəm: Sizi and verirəm Allaha! Deyin görək günahsız bir müsəlmanı, Allahın əməli-saleh bəndəsini, mö᾽minlərin əmiri Əli (ə) kimi bir şəxsiyyət ilə səmimi ünsiyyətdə olduğu üçün, onu yalan və qondarma rəvayətlər nəql etməkdə ittiham etmək olarmı? Yiyələndiyimiz elm və mə᾽lumatlar, apardığımız təhqiqatlar, əqidə və e᾽tiqadımız bizə belə bir yanlış işin görülməsinə icazə verirmi?! Məgər Peyğəmbərin (s) özü Əli (ə)-ın fəzilətinin hamıdan üstün olduğunu bəyan edərək onun barəsində dəfələrlə bu sözləri deməzdimi?! «Ey Əli! Harun, Musaya nə qədər yaxın olmuşsa, sən də mənə bir o qədər yaxın və əzizsən.»

Ümumiyyətlə, hədis tarixinə nəzər saldıqda bunun şahidi oluruq ki, Peyğəmbər (s), Əli (ə) barəsində söylədiyi tə᾽rifli sözləri, digər səhabələrin heç biri barəsində bəyan etməmişdir.

Dost və düşmən, Əli (ə)-ın fəzilətini Peyğəmbərin (s) dilindən dəfələrlə eşitmiş və özləri bunu e᾽tiraf etmişlər. Elə bir fəzilətlər ki, başqa birisi barəsində nə deyilməmiş, nə də işlədilməmişdir.

Belə ki, Hakim Nişapuri deyir: Günlərin bir günündə Müaviyə, Sə᾽d ibni Vəqqası Əli (ə)-ı söyməyə və onun barəsində nalayiq sözlər deməyə vadar etmək istəyirdi. Sə᾽d, bundan imtina edərək Müaviyəyə deyir: Ey Müaviyə! (Allah özü səninlə hesab çəkər! İnşaalah!) Peyğəmbər (s), bu böyük şəxsiyyət barəsində dəfələrlə tə᾽rifli sözlərini və həmçinin tükənməz fəzilətini bəyan etdiyi bir halda, mən onun ünvanına necə xoşagəlməz sözlər deyə bilərəm?! Əgər bu rəvayətlərdən heç olmasa biri mənim barəmdə nəql olunsaydı, bu şərəf mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı. Sonra Kəsa, Mənzilət, Bidəq hədislərini və Xəndək əhvalatını Müaviyəyə nəql etdi. (Mustədrək (Hakim Nişapuri), 3-cü cild, 108-ci səh).

Peyğəmbər (s) bununla kifayətlənməyib, Əli (ə)-ın fəzilətlərini bəyan etdiyi hədislərdə onun elm və əxlaqına, ictimai-siyasi mövqeyinə də dəfələrlə işarə etmişdir.

Hakim nəql etdiyi rəvayətlərdən birində deyir: Peyğəmbər (s), Əli (ə)-a buyurur: Ey Əli! Hər kim mənə itaət etmiş olarsa, Allaha itaət etmiş olur və hər kim sənə itaət etmiş olarsa, mənə itaət etmiş olur. Hər kim səninlə müxalif olub düşmənçilik edərsə, mənimlə düşmənçilik etmiş olur. (Həmin bənbə).

Bu hədis, Peyğəmbərdən (s) Əli (ə)-ın fəzilətləri barəsində nəql olunmuş rəvayətlərin kiçik bir hissəsidir. Bu məzmunda nəql olunmuş rəvayətlər isə, qeyd olunanlardan olduqca çoxdur.

Lakin Şə᾽binin, Harisi yalançılıqda ittiham etməsi heç də təəccüblü deyildir. Çünki o, Əməvilərin yaxın havadarlarından biri idi, dəfələrlə onların təşkil etdiyi rəngarəng ziyafətlərdə iştirak edər və bu əlverişli şəraitdən səmərəli istifadə edərdi. Bu səbəbdən də onların rəğbətini qazanmaq üçün istək və niyyətlərinə müvafiq sözlər deyir, lazım gəldikdə isə qondarma hədislər belə nəql etməkdən çəkinmirdi.

Tarixə nəzər salsaq, bu kimi təəssüf doğuran əhvalatlarla dəfələrlə qarşılaşmış olarıq. Məsələn, Təbəri, kitabının 5-ci cildinin 310-cu səhifəsində yazır: Abdul Məlik ibni Mərvan, Şə᾽bini Misir camaatından, oğlu Vəlid ibni Əbdülməlik üçün bey᾽ət almağa oraya göndərir. Sonra isə Əbdülməlik tərəfindən Kufəyə vali tə᾽yin olunmuş Bəşər ibni Mərvanın nəzarət etdiyi məntəqələrdən birinə, maliyə işlərini idarə etməyə tə᾽yin olunur. Və daha sonra Ömər ibni Əbdüləziz tərəfindən Kufə şəhərinin qəzavət işlərinin rəhbərliyini öz üzərinə götürür.

Bəli, Şə᾽bi Mərvanın yaxın havadarlarından biri olmuşdur. Onun və Əməvi sülaləsinin digər nümayəndələrinin razılığını qazanmaq üçün nə yalan danışmaqdan çəkinər, nə də başqalarına iftira qoşmaqdan. Əbül Fərəc, Həsən ibni Ömər Fəqihdən nəql edərək deyir: Günlərin bir günündə Şə᾽binin evinə getdim. Həyətə daxil olduqda evdən cəlbedici qəribə səs eşitdim. Ondan bu səsin qonşu evdən gəldiyini soruşduqda, əlimdən tutub şəxsi otağına gətirdi. Birdən gözüm gözəl və yaraşıqlı bir cavana düşdü. O, şəhvətedici təranələr oxuyur və məclis əhlini əyləndirirdi. Şə᾽bi üzünü mənə tutub dedi: Onu tanıyırsanmı? Dedim: yox. Dedi: Bu həmin kəsdir ki, hələ uşaq ikən bir çox elm və məharətlərə yiyələnmişdir. Onun adı İbni Səricdir.

Başqa bir yerdə deyir: Xəlifə Ömər ibni Ubəydən bu sözlərin deyildiyi nəql olunmuşdur. Şə᾽bi, atamla birlikdə evin ikinci mərtəbəsində idilər. Evin alt mərtəbələrindən xanəndələrin gözəl səsləri eşidilirdi. Atam Şə᾽biyə dedi: Eşidirsənmi? Dedi: Xeyr!! Aşağı nəzər saldıqda gözəl və yaraşıqlı bir cavan gördük. O, öz gözəl təranələri ilə hamını valeh edirdi. Bu cavan və məşhur xanəndə İbni Ayişə idi. Şə᾽bi heyrətə gəlib barmaqlarını dişləri ilə sıxıb dedi: Allah, elm və məharəti istədiyi şəxsə bəxş edir.

Əbül Fərəc nəql etdiyi başqa bir rəvayətdə deyir: Məs᾽əb ibni Zubeyr Kufədə vali olduğu dövrdə, günlərin bir günündə Şə᾽bini evinə gətirir. Onlar birlikdə Məs᾽əbin zövcəsi olan Ayişənin otağına girirlər. Ayişə bu zaman yatağında tam üryan halda istirahət edirdi. Məs᾽əb dedi: Şə᾽bi! Ayişə barəsində nə deyə bilərsən? Şə᾽bi, Ayişəni Məs᾽əbin ürəyincə tə᾽rifləyib, gözəl ifadələrlə vəsf etdi. Məs᾽əb bu tə᾽riflərindən razı qalıb, ona on min dirhəm pul və otuz dəst paltar hədiyyə verdi.

Belə ki, Qurtubi öz kitabında yazır: Şə᾽bi and içərdi ki, Əli (ə) Qur᾽andan bir ayə də olsun belə, əzbərləməmiş dünyasını dəyişdi.

Sahibi deyir: Əli (ə) barəsində deyilən bu sözlər olduqca nalayiq və tamamilə əsassızdır. Elə bir şəxs barəsində ki, dəfələrlə ümumi kütlə arasında uca səslə bu sözləri deyərdi: “Məni itirməmişdən əvvəl, elmi və dini suallarınızı məndən soruşun, sizə cavab verim. Çünki mən Qur᾽anda nazil olmuş bütün ayələrin xüsusiyyətlərinə hamıdan çox agaham. Hətta onların gecə, gündüz, dağda və səhrada nazil olduqlarını belə bilirəm.”

Sudey, Əbdü Xəyrdən nəql edərək deyir: Əli (ə), Peyğəmbər (s) vəfat etdiyi gün, camaatın Qur᾽ana qarşı diqqətsizliyini görüb, Qur᾽anı bir yerə yığmayınca əbasını geyinməyəcəyinə (yə᾽ni evdən bayıra çıxmayacağına) and içdi. O gündən e᾽tibarən evində oturub Qur᾽anın pərakəndə nüsxələrini bir yerə yığıb onu kitab halına saldı. Əli (ə)-ın yığdığı bu nüsxə, ilk Qur᾽an nüsxəsi oldu. Oradakı bütün ayələri öz hafizəsindən kağız üzərinə köçürdü və bu nüsxə sonralar İmam Sadiq (ə)-ın övladlarında idi.

Ey qürurlu müsəlman! Görün bu şəxs dilinə Allah və Onun Peyğəmbəri barəsində necə nalayiq və xoşagəlməz sözlər gətirir?!

Bəli! Mö᾽minlərin Əmiri olan həzrət Əli (ə), nəql olunmuş bir çox rəvayətlərdə elm, hikmət və xilqətin (yaradılışın) sirlər şəhəri adlandırılmışdır. Əli (ə) hər zaman Qur᾽anla, Qur᾽an da onunladır. Bu iki qiymətli bəşər və Kitab qiyamət gününədək bir-birlərindən ayrılmayacaqdır və o gün Kövsər hovuzunun kənarında Peyğəmbərin (s) yanında olacaqlar.

Budur Əli (ə)-ın həqiqəti! Günəş tək nurlu olan, şiələrin qolunun gücü və düşünən beyini, Allahın yer üzündə canişini sayılan bir şəxsiyyətin danılmaz həqiqətini görməyə qadir olmayan Şə᾽bi kimilər isə, öz yalan və iftiraları ilə özlərini belə bir böyük günaha düçar edərək layiqili cəzalarını çəkəcəklər. (İnşaallah).
«LƏTƏRKƏBUNNƏ SUNƏNƏ MƏN QƏBLƏKUM» HƏDİSİNİ NƏQL EDƏN MƏNBƏLƏR

Bu hədis «Kənzul-ummal» ilə yanaşı, digər mö᾽təbər mənbələrdə də nəql olunmuşdur.

O cümlədən:

1. «Musnəd» (Əhməd ibni Hənbəl, Vaqedidən nəql edir, 5-ci cild, 218-ci səh.) 3-cü cildin 14-cü səhifəsində isə Əbu Səid Xidridən nəql edir.

2. «E᾽tisam» (Buxari) Peyğəmbərin (s) buyurduqları fəsil, 8-ci cild 151-ci səh.

3. «Səhih Müslim» «Elm» (Müslim «Yəhudi və nəsranilərin adət-ən᾽ənələrini davam etmək» fəsli, 8-ci cild, 51-ci səh).

4. «Məcməuz-zəvayid» (Hisəmi) 7-ci cild, 261-ci səh. Hədisi İbni Abbasdan nəql edir.
MÜƏLLİFİN BİR YƏHUDİ ALİMİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ

Mən, yəhudi alimlərindən biri ilə «Yəhudi dininin dövranının arxada qaldığı və hal-hazırda heç bir mö᾽cüzəyə malik olmadığı haqda» fikir mübadiləsi apardığım zaman, ona belə bir sual verdim: Şəriət (din) yalnız yəhudilərə aiddir, yoxsa bütün bəşəriyyətə? Əgər yalnız yəhudilərə aiddirsə, onda digər millətlər peyğəmbərlərin göndərilməsinə ehtiyac duyacaqlar və həmin peyğəmbər sizin nəzərinizcə İslam peyğəmbərindən (həzrət Məhəmməddən (s)) başqa kim ola bilər? Əgər Musa (ə)-ın gətirdiyi şəriət ümumbəşəri və əbədidirsə, demək o, əbədiliyinə dəlalət edəcək dəlil və sübutlara malik olmalıdır. Halbuki, hal-hazırda bunu sübuta yetirəcək heç bir dəlil yoxdur. Çünki Musa (ə)-ın göstərdiyi mö᾽cüzələr yalnız öz dövrünə aid idi və hal-hazırda onun gətirdiyi dinin həqqaniyyətini sabit edəcək mö᾽cüzələrdən heç bir əsər-əlamət qalmamışdır.

Əgər «Bu mö᾽cüzələr hal-hazırda mövcud olmasa da, nəql olunmuş bir çox mütəvatir rəvayətlərdə onların mövcud olduğu açıq-aşkar bəyan edilmişdir» desəniz, cavabında deyəcəyik: Əvvəla mö᾽cüzə yalnız o zaman mütəvatir rəvayətlərlə sabit ola bilər ki, nəql edən ravilərin sayı camaat tərəfindən mö᾽təbərliyini isbat edəcək miqdara çatmış olsun. Siz belə mütəvatir rəvayətlərlə Musa (ə)-ın mö᾽cüzələrini bütün əsrlərdə və bütün millətlər üçün sabit edə bilməzsiniz.

Digər tərəfdən isə, əgər yalnız mö᾽cüzələrin nəql olunması har hansı bir həqiqəti isbat etməyə kifayət edərsə, bunu yalnız Musa (ə)-ın mö᾽cüzələrinə aid etmək olmaz. Belə ki, siz Musa (ə)-ın mö᾽cüzələrini nəql etdiyiniz halda, məsihilər İsa (ə)-ın mö᾽cüzələrini, müsəlmanlar da öz peyğəmbərlərinin mö᾽cüzələrini nəql edəcəklər. Mö᾽cüzələr haqda nəql olunmuş bu rəvayətlər arasında nə kimi fərq var? Demək, başqalarının öz peyğəmbərlərinin mö᾽cüzələri haqda nəql etdikləri rəvayətlər yox, yalnız sizin Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdiyiniz rəvayətlər qəbul olunur?! Əgər hər hansı bir peyğəmbərin göstərdiyi mö᾽cüzələr onun həqqaniyyətini sübuta yetirirsə, bəs nə üçün siz, digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş rəvayətləri qəbul etmirsiniz?

Cavabında dedi: Yəhudilərin, Musa (ə)-ın mö᾽cüzələri haqda nəql etdikləri rəvayətləri həm məsihilər, həm də müsəlmanlar təsdiq edir və onların mö᾽təbərliyini e᾽tiraf edirlər. Lakin, digər peyğəmbərlərin mö᾽cüzələri isə hamı tərəfindən qəbul olunmur. Bu səbəbdən də onların həqqaniyyətini isbat etmək üçün digər dəlillərə ehtiyac vardır.

Cavabında dedim:

Düzdür, Musa (ə)-ın mö᾽cüzələrini müsəlmanlar və məsihilər hamılıqla qəbul edir. Lakin, onlar bu rəvayətləri yəhudilərin mö᾽təbər mənbələrindən deyil, öz peyğəmbərlərinin mö᾽cüzələr haqda verdikləri mə᾽lumatlardan əldə etmişlər. Müsəlmanlar və məsihilər Musa (ə)-ın mö᾽cüzələrini öz peyğəmbərlərinin ilahi mö᾽cüzələri vasitəsilə tanıya bilmişlər. Demək, onlar əgər Məhəmmədin (s) və İsa (ə)-ın peyğəmbərliyini qəbul etməzlərsə, Musa (ə)-ın, peyğəmbər kimi qəbul olunması üçün göstərdiyi mö᾽cüzələri də heç cür təsdiq edə bilməyəcəklər.

Bu irad tək yəhudi dininə deyil, bütün qədim dinlərə aiddir. Əbədi mö᾽cüzəyə malik olan din varsa, o da müqəddəs İslam dinidir. Onun mö᾽cüzəsi bütün dövr və millətlərə şamil olunur, qiyamət gününədək bəşəriyyəti haqqa hidayət edəcək və öz əzəmətini itirməyəcəkdir.

Biz bu əbədi mö᾽cüzə [Qur᾽an] ilə İslamı qəbul edib, onun həqqaniyyətini təsdiq etdik. İslamı qəbul edib həqqaniyyətini təsdiq etdikdən sonra, keçmiş peyğəmbərlərin də haqq olaraq Allah-taala tərəfindən bəşəriyyətə göndərildiklərini qəbul etməliyik. Çünki Qur᾽an və Peyğəmbər (s) onların həqqaniyyətini dəfələrlə təsdiq etmişdir. Belə bir nəticəyə gəlirik ki, Qur᾽an əbədi mö᾽cüzə olduğu üçün, bütün səmavi kitabların və ilahi peyğəmbərlərin həqqaniyyətini təsdiq etmiş və onlara lazımı qiymət vermişdir.
QUR᾽ANIN TƏRCÜMƏSİ VƏ TƏRCÜMƏYƏ LAZIM OLAN ŞƏRTLƏr

Allah-taala həzrət Məhəmmədi (s) bəşəriyyətin haqqa hidayət olması üçün peyğəmbərliyə tə᾽yin etmiş, bu müqəddəs hədəfə nail olması üçün onu bütün din və ayinlərin, cəhalət və nadanlığın üzərində qalib etmişdir. Demək, Qur᾽an insanı əbədi səadətə qovuşdurmaqla, onun kamala çatmasında böyük rol oynayır. Allah-taala tərəfindən insanlara bəxş olunan bu böyük ne᾽mət müəyyən millət və qəbiləyə deyil, bütün bəşəriyyətə şamil olunur. Lakin ilahi hikmət, Qur᾽anın peyğəmbərin yaşadığı qəbilənin danışdığı dildə nazil olmasını tələb edir. Orada bəyan olunan ilahi qanunlar isə, bütün millətlərə eyni dərəcədə şamil olunur. Belə isə hamı Qur᾽anı qəbul etməli və haqqa hidayət olmaq üçün ondan lazımınca bəhrələnməklə əbədi səadətə qovuşmalıdır.

Qur᾽anın ümumbəşəri bir kitab olduğunu nəzərə alaraq, şübhəsiz ki, onun bütün millətlərin dillərinə tərcümə olunması vacibdir. Belə ki, ərəb dili ilə tanışlığı olmayan digər millətlər, bütünlüklə hamıya şamil olan ilahi qanunlardan agah olsun.

Lakin, Qur᾽anı hər hansı bir dilə tərcümə edən şəxs, ilk növbədə həm ərəb dilinin, həm də tərcümə edəcəyi dilin incəliklərinə dərindən yiyələnməlidir. Çünki Qur᾽an başqa dillərə nə qədər səlis tərcümə olunsa da, e᾽cazkarlıq və zinət bəxş edən bəlağətli bəyan etmə tərzi, ərəb dilində olduğu kimi özünü biruzə verə bilməyəcəkdir. Amma bütün bunlara baxmayaraq, mütərcim, ayələrin bəyan etmə üsulunda istifadə olunan incəlikləri nəzərə almalı və öz tərcüməsində onlardan lazımı qaydada istifadə etməlidir. Ayələrdə istifadə olunan kəlmə və ifadələrin əsl mə᾽nasını hamının başa düşə biləcəyi sadə üsullarla bəyan etməlidir. Bu yalnız o zaman mümkün ola bilər ki, mütərcim ayələrin məzmun və məfhumunu yaxşıca dərk etmiş olsun. Həmçinin, aşağıda qeyd edəcəyimiz üç mühüm məsələyə diqqət yetirsin:

1. Ayənin (və ya ayədəki kəlmələrin) zahiri mə᾽naları ilə tanışlıq;

2. İnsanın sağlam əql (düşüncə) və fitrətinin hökm verdiyi mətləblərə diqqət yetirmək;

3. Qur᾽anın təfsirinə dair Əhli-beyt (ə) tərəfindən nəql olunmuş rəvayətləri nəzərə almalı və onlardan səmərəli istifadə etməlidir.

Mütərcim bu üç mühüm məsələ ilə yaxından tanış olduqdan sonra, ayələrin əsl mə᾽nasına yol tapmaq üçün onlardan istifadə etməli və nəhayət nəzərdə tutulan mətləbi tərcümə edəcəyi dildə çox sadə ifadələrlə bəyan etməlidir.

Lakin, mö᾽təbər hesab olunmayan bir çox müfəssirlərin irəli sürdükləri nəzəriyyələrə tərcümə zamanı istinad etməməlidir. Əgər tərcüməçi qeyd olunan bu üç məsələyə riayət edərsə, tərcümədə heç bir çatışmazlıq və nöqsana yol verilməyəcəkdir. Beləliklə, hər bir qövm və millət, öz dilinə tərcümə olunmuş Qur᾽anı asanlıqla başa düşəcək, həmçinin onun əsl mahiyyətini də olduğu kimi dərk edəcəkdir. Hər bir mütərcimin yuxarıda qeyd olunan şərtlərdən istifadə etməsi labüd və zəruridir. Çünki Qur᾽an ümumbəşəri bir kitab olduğu üçün, onun mətni tək ərəb dili ilə tanışlığı olan şəxslərə deyil, hər bir adi insana da bəlli olmalıdır.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda şirk (Allaha şərik qoşmaq)
NӘSXİN MӘ᾽NASI
Məb`əs bayramınız mübarək ABNA bu bayramı münasibəti ilə sizə təbrik deyir
Həzrət Əbülfəzl-Abbasın (ə) şəhadəti!
Düşmənlərin İslama qarşı ədavəti
Həzrət Məsumənin (ə.s) fəzilətləri
Peyğəmbərin (s) möcüzəsi
“Ümumdünya Əhli-Beyt cəmiyyətindən
GÜNАHIN TӘ`SİRLӘRİ
Məbəs bayramı

 
user comment