Azəri
Thursday 2nd of May 2024
0
نفر 0

Qasidlər və məktublar

Qasidlər və məktublar

İmam Həsən Əskəri (əleyhissəlam) şiə mərkəzlərində nümayəndələr təyin etməkdən əlavə, qasidlər vasitəsilə də şiələrlə əlaqə saxlayır və bu yolla onların müşkülatını həll edirdi. Bu sahədə İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dostlarından biri olan Əbül-Ədyanın misilsiz xidmətlərini nümunə göstərmək olar.  O, İmamın məktublarını müxtəlif yerlərdə yaşayan şiələrə çatdırır, eləcə də şiələrin İmama yazdığı məktubları, sualları, həmçinin, onların çətinlik və müşkütlatını, habelə İmama göndərdikləri şəri vergiləri Samirraya gətirərək İmama çatdırırdı. Onun İmam Həsən Əskəri əleyhissəlamın ömrünün son günlərində göstərdiyi fəaliyyəti barədə o Həzrətin şəhadəti bölməsində şərh verəcəyik.

Qasidlərdən başqa İmam Həsən Əskəri (əleyhissəlam) məktublaşma yolu ilə də şiələrlə əlaqə saxlayır və onları öz hidayət qanadı altına alırdı. İmamın ibn Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir.  (Bu barədə “mühüm şiə ünsürlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək” bölməsində söhbət edəcəyik.)  Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub yazmışdır. Bu məktublar hədis kitablarında dərc olunmuşdur.  Müxtəlif münasibətlərlə o Həzrətin yazdığı başqa məktublar da vardır.  Bir rəvayətə görə İmam Həsən Əskəri (əleyhissəlam) şəhadətindən bir neçə gün qabaq hicrətin iki yüz altımışıncı ili rəbiül-əvvəl ayının səkkizində Mədinə camaatına çoxlu məktub yazmışdır.

3. Gizli siyasi fəaliyyətlər

Abbasilər hökumətinin son dərəcə nəzarətinə baxmayaraq İmam Həsən Əskəri (əleyhissəlam) bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə və gizli metodlardan istifadə edərək saray casuslarının gözündən uzaq olmuşdur. Bu fəaliyyətlərə dair çoxlu nümunələr vardır, lakin biz aşağıda qeyd etdiyimiz iki nümunə ilə kifayətlənirik:

1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Osman ibn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət göstərirdi. Şiələr şəri vergilərini İmama göndərmək istəyəndə onu Osmana verir, o isə yağ qablarına qoyub onu İmama çatdırırdı.

2) İmam Həsən Əskəri əleyhissəlamın hamamını qızdırmaq üçün odun daşıyan Davud ibn Əsvəd deyir: Bir gün İmam məni çağırıb mənə qalın, uzun və dairəvi bir çubuq verib buyurur ki, bu çubuğu apar ver Osman ibn Səidə. Mən çubuğu götürüb yola düşdüm. Yolda bir nəfər su daşıyanla rastlaşdım. Onun qatırı yolu kəsmişdi. O, məndən qatırı kənara çəkmək üçün kömək istədi. Mən İmamın verdiyi çubuğu qaldırıb qatıra çəkdim. Çubuq sındı, gözüm çubuğun içərsində olan məktublara sataşdı. Tez çubuğu qoltuğuma vurub geri qayıtdım. Su daşıyan isə məni söyə-söyə qaldı... İmamın evinə çatdıqda o Həzrətin xadimi qabağıma çıxıb dedi: “Ağa deyir ki, nə üçün çubuğu qatıra vurub sındırdın?” Dedim ki, bilmirdim çubuğun içərsində məktub var. İmam buyurdu: “Nəyə görə elə bir iş görürsən ki, sonradan üzr istəməli olasan? Bundan sonra bir də belə bir iş görmə. Əgər eşitsən ki, bir nəfər bizi söyür, yenə də işin olmasın, çıx yolunu get. Biz çox pis şəhərdə yaşayırıq. Sən ancaq öz işini gör. Bunu da bil ki, sənin bütün işlərin bizə çatdırılır.”

Bu hadisədən məlum olur ki, İmam Həsən Əskəri (əleyhissəlam) gizli məktubları çubuğun arasına qoyub sirsaxlayan və etimadını doğrultmuş Osman ibn Səidə göndərir. Özü də bu işi vəzifəsi hamam qızdırmaq üçün odun daşıyan və heç kəsin gümanına gəlməyən bir şəxsə tapşırır. Ancaq onun ehtiyatsızlığı ucbatından az qala bu sirrin üstü açılacaqdı.

4. Şiələri maddi cəhətdən təmin etmək

İmam Həsən Əskəri əleyhissəlamın fəaiyyətlərindən biri də şiələri, xüsusən də, yaxın dostlarını maddi cəhətdən təmin etmək idi. O Həzrətin həyatı barədə mütaliə edilsə, bəzi vaxtlar şiələrdən bir neçəsinin İmamın hüzuruna gedib yoxsulluqdan şikayətlənməsinin, İmamın da onların maddi ehtiyacını ödəməsinin şahidi olarıq. Hətta bəzi vaxtlar onlar özləri şikayətlənməzdən qabaq İmam özü onların maddi ehtiyacını aradan qaldırırdı. İmam Həsən Əskəri əleyhissəlamın bu hərəkəti şiələrin maddi çətinlik ucbatından hökumətə tərəf cəlb olunmasının qarşısını alırdı. Buna dair aşağıdakı nümunələri qeyd etmək olar:

1) Əbu Haşim Cəfəri deyir: “Maddi cəhətdən çox pis vəziyyətə düşmüşdüm. Vəziyyətimi məktub vasitəsilə İmam Həsən Əskəri əleyhissəlama bildirmək istədim, ancaq utandığımdan bu fikirdən əl çəkdim. Evə gəldikdə, İmam mənim üçün yüz dinar pul göndərib məktubda da yazır ki, nə vaxt ehtiyacın oldu, bizə xəbər ver, utanma, Allahın sayəsində öz istədiyinə çatarsan.”

2) Əli ibn Zeyd Ələvi deyir: İmam Həsən Əskəri (əleyhissəlam) mənə bir qədər pul verib buyurur: “Get bu pula özün üçün bir kəniz al. Sənin kənizin ölüb.” Evə qayıtdıqda gördüm ki, doğurdan da, kənizim ölüb.”

3) Əbu Haşim Cəfəri deyir: “Maddi çətinliyim barədə İmama xəbər çatdırdım. O Həzrət mənə beş yüz dinar pul verib buyurdu ki, Əbu Haşim, bunları götür, az olsa, bizi bağışla.”

4) Əbu Tahir ibn Bilal bir dəfə həcc ziyarətinə gedib orada görür ki, Əli ibn Cəfər külli miqdarda pul paylayır. Həcdən qayıtdıqdan sonra hadisəni İmam Həsən Əskəri əleyhissəlama çatdırır. İmam onun cavabında yazır: “Əvvəl demişdim, ona yüz min dinar versinlər, sonra bir o qədər də əlavə etdik, ancaq o, bizi nəzərə alıb bunu qəbul etmədi.” Bu hadisədən sonra Əli ibn Cəfər İmamın hüzuruna gedir və İmamın əmrinə əsasən, ona otuz min dinar pul verirlər.”

Bu hadisədən belə başa düşülür ki, Əli ibn Cəfər Hicazda külli miqdarda pul paylamışdır. Onun payladığı pulların hara sərf edildiyi hədisdə müəyyən edilməsə də onun miqdarından belə başa düşülür ki, bu, geniş və qabaqcadan hazırlanmış (nəzərdə tutulmuş) bir proqram əsasında qurulmuş və təbii ki, ehtiyacı olan, sayılıb-seçilmiş, mübarizə aparan şiə başçıları həmin puldan istifadə etmişlər. Şübhəsiz ki, bu iş İmam Həsən Əskəri əleyhissəlamın göstərişi və maddi köməyi ilə həyata keçmişdir.

İmam Həsən Əskəri əleyhissəlamın şəraitinin məhdud olmasına baxmayaraq bu kimi böyük məbləğlərin ödənilməsi heç də təəccüblü gəlməməli, yaxud inkar edilməməlidir. Çünki İmamın siyasi-ictimai fəaliyyəti Abbasi hökumətinin ciddi nəzarəti altında olsa da, müxtəlif yerlərdə yaşayan çoxsaylı şiələr o Həzrətə külli miqdarda pul (şəri vergilər) göndərirdilər. Məsələn, tarix deyir: “Qorqan (Corcan) şəhərindən bir nəfər İmam Həsən Əskəri əleyhissəlamın hüzuruna gəlib yerlilərinin göndərdiyi şəri vergiləri o Həzrətin Mübarək adlı xadiminə təhvil verir.”  Yaxud Cəbəl məntəqəsindən bir nəfər Ələvinin vasitəsilə İmamın yanına gəlmiş şəxs o Həzrətə dörd min dinar pul verir.  Yaxud bundan qabaq qeyd etdiyimiz kimi İmamın Qumdakı nümayəndəsi (Əhməd ibn İshaq) şiələrdən topladığı yüz altımış kisə qızıl-gümüşü o Həzrətə çatdırır.  Bunlardan əlavə, İmam Həsən Əskəri əleyhissəlamın müxtəlif şəhərlərdə olan nümayəndələri külli miqdarda şəri vergi toplamış, lakin onu İmamın şəhadətinə qədər o Həzrətə göndərə bilmədiklərindən İmam Zaman əleyhissəlama çatdırmışlar. Buna misal olaraq Əli ibn Məhziyarın topladığı, onun vəfatından sonra isə oğlu Məhəmmədin İmam Zaman əleyhissəlamın nümayəndəsinə çatdırdığı külli miqdarda pulu qeyd etmək olar.  Həmçinin, Cəbəl əhalisindən olan bir nəfərin  yanındakı yeddi yüz dinar, eləcə də İmran Həmədani adlı bir şiədəki beş yüz dinarı buna misal göstərmək olar.

5. Mühüm şiə şəxsiyyətlərini müşkülat qarşısında siyasi baxımdan qüvvətləndirmək

İmam Həsən Əskəri əleyhissəlamın ən əsas fəaliyyətlərindən biri də şiələrin görkəmli şəxslərini siyasi mübarizə çətinlikləri qarşısında şiə amalını müdafiə etmək məqsədilə himayə etməsi olmuşdur. Şiələrin görkəmli nümayəndələri çətinliklərlə üzləşdiyindən İmam Əskəri (əleyhissəlam) müxtəlif məqamlarda yeri gəldikcə onlara təskinlik verib öz himayəsi altına alır, çətinliklər, yoxsulluq, təzyiqlər qarşısında daha dözümlü olmaları və böyük siyasi-ictimai məsuliyyətlərini, dini vəzifələrini layiqincəsinə yerinə yetirmələri üçün onları ruhlandırırdı. Məhəmməd ibn Həsən ibn Meymun deyir: Bir dəfə İmam Həsən Əskəri əleyhissəlama bir məktub yazıb kasıbçılıqdan şikayətləndim. Ancaq sonra öz-özümə dedim ki, məgər İmam Sadiq (əleyhissəlam) buyurmayıbmı ki, bizimlə birgə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan, bizimlə birlikdə ölmək düşmənlərlə birgə yaşmaqdan yaxşıdır?

İmam Həsən Əskəri (əleyhissəlam) cavabında yazdı: “Bizim dostlarımızın günahları çoxaldıqda, Allah-taala onları kasıblıqla imtahana çəkir. Bəzi vaxtlar onların bir çox günahlarından keçir. Özün dediyin kimi bizimlə kasıb yaşamaq başqaları ilə varlı yaşamaqdan yaxşıdır. Biz, bizə arxalananlar üçün arxa, bizdən hidayət diləyənlər üçün bir nuruq. Biz (azğınlıqdan qurtarmaq üçün) bizə üz tutmuş şəxslərin gözətçisiyik. Bizi istəyən şəxslər (Allah dərgahında) yüksək mərhələdə bizimlə birlikdə olacaqlar. Bizim yolumuzu getməyənlər isə Cəhənnəmə tərəf getməli olacaqlar.”  İmam Həsən Əskəri əleyhissəlamın böyük şiə fəqihlərindən biri olmuş Əli ibn Hüseyn ibn Babəveyh Qummiyə yazdığı məktub da bu məsələyə dair bir sübut ola bilər. İmam bu məktubda bir sıra lazımi məsləhətləri qeyd etdikdən sonra yazır: “Səbirli ol, (İmamın) zühurunu gözlə. Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur ki, mənim ümmətim üçün ən yaxşı əməl zühuru gözləməkdir. Şiələrimiz, oğlum (İmam Zaman (əleyhissəlam)) zühur edənə qədər daima qəm-qüssə içərisində olacaqlar. Peyğəmbər (səlləllahu əleyhi və alih) onun barəsində buyurub ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman o gəlib yer üzünü haqq-ədalətlə dolduracaq. Ey mənim etibar etdiyim böyük fəqih! Səbr et, şiələrimizi də səbirli olmağa çağır. Yer kürəsi Allahın ixtiyarındadır və bəndələrindən kimi istəsə, ora (yer kürəsinə) hakim seçər. Yaxşılıq yalnız təqvalılara, Allahdan qorxanlara məxsusdur. Sənə və bütün şiələrə Allahın rəhmət və bərəkəti olsun!”

6. Qeybi məlumatlardan geniş şəkildə istifadə etmək

Məlumdur ki, İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş, İslam əsasının, yaxud ümmətin ali məsləhətləri təhlükə ilə üzləşdiyi zaman onlar da, bu məlumatlardan bir növ hidayət vasitəsi kimi istifadə etmişlər. İmamların qeyb aləmindən xəbər vermələri onların həyatında mühüm yer tutur. İmam Həsən Əskəri əleyhissəlamın həyatı ilə tanış olduqda isə məlum olur ki, o Həzrət digər İmamlara nisbətən qeybi məlumatlarından daha çox istifadə etmişdir.

Dövrümüzün müasir alimlərindən birinin təhqiqatına əsasən, İmam Həsən Əskəri əleyhissəlamın qeybi məlumatlardan istifadə etdiyi məqamlardan, Qütb Ravəndi “Xaric” kitabında qırxını, Seyyid Bəhrani “Mədinətül-məaciz” kitabında yüz otuz dördünü, Şeyx Hürr Amili “İsbatül-hudat” kitabında yüz otuz altısını, Əllamə Məclisi isə “Biharül-ənvar” kitabında səksən birini qeyd etmişdir.  Bu isə o deməkdir ki, o Həzrət qeybi məlumatlardan çox geniş şəkildə istifadə etmişdir. Belə başa düşülür ki, bu işin səbəbi İmam Həsən Əskəri (əleyhissəlam) və atası İmam Əliyyən-Nəqi əleyhissəlamın düşdüyü vəziyyətin çətinliyi olmuşdur. Çünki İmam Əliyyən-Nəqi (əleyhissəlam) məcburi şəkildə Samirraya köçdükdən sonra daima ciddi nəzarət altında olmuş, buna görə də, oğlu İmam Həsən Əskəri əleyhissəlamı bütün şiələrə özündən sonrakı İmam kimi tanıtdırmağa fürsət tapmışdır. Digər tərəfdən də, bu işi həyata keçirmək (özündən sonrakı İmamı təyin etmək) onu hökumət qarşısında ciddi təhlükə ilə üzləşdirirdi. Məhz buna görə də, İmam Həsən Əskəri əleyhissəlamı sonrakı İmam kimi tanıtdırıb şiələrdən onun üçün beyət almaq məsələsi İmam Əliyyən-Nəqi əleyhissəlamın ömrünün son aylarında həll olunmuşdur.  Hətta İmam Əliyyən-Nəqi (əleyhissəlam) vəfat edərkən şiələrin bir çoxu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğunu bilmirdi.

Bəzi tarixçilərin fikrincə, bu məsələdə başqa bir səbəb öz təsirini göstərmişdir. O da bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın qardaşı Məhəmməd ibn Əlinin hələ İmam Əliyyən-Nəqi əleyhissəlamın dövründə İmam olmasına inam yaranması olmuşdur. Onlar buna görə də, ona İmam Əliyyən-Nəqi əleyhissəlamın yanında hörmət göstərirdilər. Ancaq İmam Əliyyən-Nəqi (əleyhissəlam) onların bu fikrinə qarşı mübarizə aparır və onlarda oğlu İmam Həsən Əskəri əleyhissəlamın İmam olduğuna dair inam yaratmağa çalışırdı.

İmam Əliyyən-Nəqi əleyhissəlamın şəhadətindən sonra da İbn Mahəviyyə kimi bəzi xainlər bu əqidəni əllərində bayraq tutaraq camaatı İmam Həsən Əskəri əleyhissəlamın İmam olması fikrindən yayındırırdılar.

Bu amillər cəm olaraq bəzi şiələrdə İmam Həsən Əskəri əleyhissəlamın İmam olmasına aid şəkk-şübhə yaratmışdı. Onların bəziləri İmamı yoxlamaq fikrinə düşür,  bəziləri isə bu barədə İmamla məktublaşırdılar . Bu şəkk-şübhələr o dərəcəyə çatmışdı ki, İmam Həsən Əskəri (əleyhissəlam) bu barədə bəzi şiələrə yazdığı cavabda ürək ağrısı ilə buyururdu: “Ata-babalarımdan heç birinin İmaməti şiələrin mənim İmamətim məsələsində şəkk etdikləri kimi şəkkə düçar olmamışdır.”  İmam Həsən Əskəri (əleyhissəlam) bu şəkk-şübhələri aradan qaldırmaq, eləcə də, öz dostlarını təhlükədən qurtarmaq, yaxud onları arxayınlaşdırmaq və ya azğınları düz yola yönəltmək məqsədilə məcbur olurdu ki, həqiqət üzərindən pərdələri kənara çəkib qeyb aləmindən xəbər versin. Bu isə müxaliflərin nəzərini cəlb etmək, eləcə də, şiələrin imanını möhkəmlətmək üçün istifadə olunan ən yaxşı metod idi. Əbu Haşim Cəfəri deyir: “Hər dəfə İmam Həsən Əskəri əleyhissəlamın yanına gedəndə onda İmamətə dair yeni bir nişanə müşahidə edirdim.”

İmam Həsən Əskəri əleyhissəlamın bu sahədəki mövqeyi məlum olduqdan sonra o Həzrətin gələcək hadisələr barədə qabaqcadan verdiyi məlumatların bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

1) İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın və səmimi dostlarından olan Məhəmməd ibn Əli Səməri deyir: “İmam Əskəri (əleyhissəlam) bir məktub vasitəsilə mənə bildirdi ki, sizə bir bəla üz verəcək. Özünüzü gözləyin!

Üç gündən sonra Bəni Haşim qəbiləsi arasında ixtilaf yaranır. İmama məktub yazdım ki, dediyiniz bəla budurmu? İmam cavab yazdı ki, xeyr, bu, o deyil, özünüzü gözləyin! Bir neçə gündən sonra xəlifə Mötəzz öldürüldü.”

2) İmam Həsən Əskəri (əleyhissəlam) xəlifə Mötəzzin qətlindən iyirmi gün qabaq İshaq ibn Cəfər Zübeyriyə məktub yazaraq tapşırır: “Öz evində otur, (bu yaxınlarda) mühüm bir hadisə baş verəcək.”

İshaq ibn Cəfər Zübeyri deyir ki, Büreyhə öldürüldükdən sonra İmama məktub yazıb dedim ki, dediyiniz hadisə baş verdi, indi nə edim? İmam onun cavabında buyurdu ki, dediyim hadisə başqa hadisədir. Çox çəkmir ki, Mötəzz də öldürülür.

3) Məhəmməd ibn Həmzə Sərvi deyir: “İmam Əskəri əleyhissəlamın yaxın dostlarından olan Əbu Haşim Cəfərinin vasitəsilə o Həzrətə məktub yazaraq varlanmağım barədə dua etməsini istədim. O Həzrət öz xətti ilə mənə cavab yazıb bildirdi: “Gözün aydın olsun! Allah tezliklə səni varlandıracaq. Əmioğlun Yəhya ibn Həmzə vəfat edib və heç bir vərəsəsi yoxdur. Tezliklə onun yüz min dirhəm pulu sənə yetişəcək.”

4) Əbu Haşim Cəfəri deyir: “Mən zindanda idim. Vəziyyətimin ağır olmasından İmam Həsən Əskəri əleyhissəlama şikayət etdim. İmam mənə məktub yazıb bildirdi ki, bu gün günorta namazını öz evində qılacaqsan. Çox çəkmir ki, zindandan azad olub (İmamın buyurduğu kimi) namazımı öz evimdə qıldım.

5) Əhməd ibn Məhəmməd deyir: “Abbasi xəlifəsi Mühtədi mövliyaları  kütləvi şəkildə qırmağa başlayarkən İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb dedim: “Allaha şükr olsun ki, xəlifənin başı qarışıb və sizə əziyyət verməyə fürsət tapmır. Eşitmişəm ki, o, sizi təhdid edərək deyirmiş ki, bunları yer üzündən silib qurtarmaq lazımdır.”

İmam cavabında öz xətti ilə yazır: “Onun bu təhdidləri icra etməyə ömrü çatmayacaq. Bu gündən saymağa başla, düz altıncı gün zillət və alçaqcasına öldürüləcək.”

Altı gündən sonra İmamın buyurduğu kimi Mühtədi öldürülür.”

6) Cəfər ibn Məhəmməd Qəlanisi deyir: “Həyat yoldaşı hamilə olan qardaşım Məhəmməd, İmam Həsən Əskəri əleyhissəlama məktub yazıb ondan xahiş edir ki, yoldaşının doğuşunun asan və uşağının oğlan olması üçün Allaha dua etsin.

İmam onun cavabında yazır: “Allah-taala sənə oğlan uşağı bağışlayar. Məhəmməd və Əbdürrəhman adlarının ikisi də gözəl addır.”

Onun yoldaşı əkiz oğlan uşağı doğur. Birinin adını Məhəmməd, o birininkini isə Əbdürrəhman qoyurlar.”

7) Məhəmməd ibn Əyyaş deyir: “Bir neçə nəfər yığışıb İmam Həsən Əskəri əleyhissəlamın fəzilətləri barədə söhbət edirdik. Bir nəfər nasibi (Əhli-beytin düşmənlərindən) dedi: “Mən ona mürəkkəbsiz bir məktub yazacağam. Əgər o, mənim məktubuma cavab yazsa, onun haqq olduğunu qəbul edərəm.”

Hərə öz məsələləri barədə İmama məktub yazdı, nasibi də bir vərəq üzərinə mürəkkəbsiz nə isə yazıb İmama göndərdi.

İmam Əskəri (əleyhissəlam) bizim cavablarımızı məktuba yazdı, nasibinin yazdığı məktubun üzərinə isə onun özünün və atasının adını yazdı. Nasibi bunu gördükdə huşunu itirir. Huşa gəldikdən sonra İmamın haqq olduğunu qəbul edib şiələrə qoşuldu.”

8) İsmayıl ibn Məhəmməd deyir: “Bir gün gedib İmam Həsən Əskəri əleyhissəlamın qapısının ağzında oturdum. İmam evindən çıxanda kasıblıqdan şikayətlənib and içdim ki, hətta bir dirhəm belə pulum yoxdur.

İmam mənə buyurdu: “İki yüz dinar torpağa basdırdığın halda and içirsən ki, pulum yoxdur? Bunu ona görə demirəm ki, sənə pul verməyəm.” Sonra üzünü xadiminə tutub buyurdu: “Üstündə nə qədər pul varsa, ver ona!” Xadim mənə yüz dinar pul verdi. Mən Allaha şükr edib geri döndüm. Bu vaxt İmam Əskəri (əleyhissəlam) buyurdu: “Qorxuram ki, gizlətdiyin o iki yüz dinar sənə lazım olan vaxt onu tapmayasan.” İmamın bu sözündən sonra pulları gizlətdiyim yerə gedib oranı qazdım. Pullar yerində idi. Götürüb yerini dəyişdim və elə bir yerə qoydum ki, heç kəsin xəbəri olmasın. Bu hadisədən bir müddət keçdi. Pula ehtiyacım oldu. Pulları gizlətdiyim yerə getdim. Qazıb pulları yerində görmədikdə çox narahat oldum. Sonra bildim ki, oğlum pulların yerini tapıb onları götürüb getmişdir. Bir sözlə, İmamın buyurduğu kimi gizlətdiyim pullardan mənə bir şey nəsib olmadı.”

9) Hələbi adlı bir şəxs deyir: “Samirrada yığışıb İmam Həsən Əskəri əleyhissəlamı yaxından görmək üçün onun evdən çıxmasını gözləyirdik. Bu vaxt o Həzrətdən bizə aşağıdakı məzmunda bir məktub gəldi: “Heç kim mənə salam verməsin və heç kim əli ilə mənə tərəf işarə etməsin. Yoxsa canınız təhlükəyə düşər.” Mənim yanımda cavan bir oğlan dayanmışdı. Ondan soruşdum ki, haradansan? Cavab verdi ki, Mədinə şəhərindənəm. Dedim: “Buraya nə üçün gəlmisən?” Dedi: “İmam Həsən Əskəri əleyhissəlamın İmaməti barədə bir balaca mübahisə yaranmışdı. Ürəyim sakit olsun deyə, gəlmişəm ki, ondan ya bir söz eşidəm, ya da bir nişanə müşahidə edəm. Mən Əbuzər Qəffarinin  nəvələrindənəm.” Bu vaxt İmam Həsən Əskəri (əleyhissəlam) öz xadimi ilə birlikdə evdən çıxdı. Bizə çatanda mənim yanımda durmuş cavan oğlana baxıb buyurdu: “Sən Qəffarinin nəslindənsən?” Oğlan cavab verdi ki, bəli! İmam Əskəri (əleyhissəlam) buyurdu: “Anan Həmdəviyyə necədir?” Oğlan cavab verdi ki, yaxşıdır. Bu qısa söhbətdən sonra İmam bizim yanımızdan uzaqlaşdı. Mən üzümü cavan oğlana tutub dedim: “Onu bundan qabaq görmüşdün?” O, “Xeyr” - deyə cavab verdi. Dedim: “Sənin üçün bu kifayət edirmi?” Cavab verdi ki, bundan az da kifayət edərdi.”

10) Cəfər ibn Məhəmməd deyir: “Biz İmam Həsən Əskəri (əleyhissəlam) ilə birlikdə yol gedirdik. Mən istəyirdim ki, bir uşağım olsun. Ürəyimdə dedim ki, ey İmam Həsən Əskəri (əleyhissəlam), görəsən, mənim uşağım olacaq? Bu vaxt o Həzrət mənə baxıb başı ilə işarə etdi ki, bəli (uşağın olacaq). Ürəyimdə dedim: Görəsən, uşağım oğlan olacaq? İmam başı ilə işarə etdi ki, xeyr. Bir neçə gündən sonra Allah-taala bizə bir qız uşağı verdi.”

11) Əli ibn Məhəmməd ibn Ziyad deyir: “Bir gün İmam Həsən Əskəri əleyhissəlamdan mənə bir məktub gəldi. Məktubda yazılmışdı: “Səni bir təhlükə gözləyir, evdən çıxma!” Elə bu ərəfədə mənim üçün bir çətinlik irəli çıxdı. Mən çox narahat oldum. İmama məktub yazıb soruşdum ki, dediyiniz təhlükə budurmu? İmam cavab yazdı ki, xeyr, dediyimiz təhlükə bundan da pisdir. Çox çəkmədi ki, Cəfər ibn Mahmuda görə ciddi nəzarət altına düşdüm. Belə ki, hökumət məni tutan şəxs üçün yüz min dirhəm pul mükafat təyin etmişdi.”

7. Şiələri on ikinci imamın qeybə çəkilməsi dövrü üçün hazırlamaq

Hər hansı bir cəmiyyətin rəhbər və İmamının qeybə çəkilməsi qeyri-təbii bir hadisə olduğundan, eləcə də, ona inanmaq və onun qeybə çəkilməsi nəticəsində qarşıya çıxan çətinliklərə dözmək camaat üçün son dərəcə çətin olduğundan İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) və həmçinin, İmam Həsən Əskəri əleyhissəlamdan qabaqkı İmamlar yavaş-yavaş camaatı bu məsələ ilə tanış edir və onlarda bu məsələyə dair inam yaratmağa çalışırdılar. On ikinci İmamın qeybə çəkiləcəyi dövr yaxınlaşdıqca camaatda bu məsələyə dair inam yaratmaq səyi İmam Əliyyən-Nəqi (əleyhissəlam) və İmam Həsən Əskəri əleyhissəlamın dövründə daha çox hiss olunurdu. Necə ki, İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatından danışarkən qeyd etdik ki, o Həzrət öz işlərini əsasən, nümayəndələr vasitəsilə həyata keçirir və özü isə çox nadir hallarda şəxsən şiələrlə əlaqədə olurdu. İmam Həsən Əskəri əleyhissəlamın dövrünə gəldikdə isə bu məsələ özünü daha çox büruzə verirdi. Çünki İmam Həsən Əskəri (əleyhissəlam) bir tərəfdən Həzrət Məhdi əleyhissəlamın anadan olmasına təkid etməsinə baxmayaraq, onu yalnız özünün ən yaxın şiə dostlarına göstərir, digər tərəfdən də, özü ilə şiələrin əlaqəsi azalaraq məhdudlaşırdı. Belə ki, hətta Samirra şəhərinin şiələrinin suallarına, müraciətlərinə məktubla və ya nümayəndələr vasitəsilə cavab verərək onları İmamın qeybə çəkiləcəyi dövrün çətinliklərinə dözməyə və İmamla nümayəndə vasitəsilə əlaqə saxlamağa alışdırırdı. Sonralar on ikinci İmamın özü də, kiçik qeyb dövründə bu vasitədən istifadə etmiş və şiələri böyük qeyb dövrünə hazırlamışdır. (Bu barədə on ikinci İmamın həyatı bölməsində ətraflı söhbət edəcəyik.)

Qeyd etdik ki, İmam Həsən Əskəri əleyhissəlamın ən yaxın dost və şiələrindən bəziləri İmam Zaman əleyhissəlamı görməyə nail olurdular. İndi həmin məqamlardan birini nümunə olaraq oxucuların diqqətinə çatdırırıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Banqladeş rejimi ateist və homoseksuallara görə anti-İslam siyasətlərə start ...
Əbdül Rəhman Həzrət Əli (ə) ilə təkcə Allahın kitabını və Peyğəmbərin ...
Vəhşi səudiyyəlilər Allahın Evini partladıb Yəmənin Sərari kənd sakinlərini ...
İraqın Əbülfəzlil Əbas (ə) Briqadası Kərbəla – Əl Anbar əyalətlərinin ...
İtaliyada 28 min Müsəlman əsilli uşaq yoxa çıxıb- RƏSMİ
Xəlifə sülaləsi Şeyx Əli Səlmanın şəkilini görməkdən belə bərk qorxu ...
Mina faciəsi itkinlərinin vəziyyəti ciddi şəkildə izlənilir
Tacikistan rejimi yas-toy mərasimlərinin qadağasının davamında saqqal saxlamağı ...
Terrorçular Türkiyədə 2017-nin süftəsin etdilər, İstanbulda yeni il gecəsi ...
Suriyalı qaçqınların Yunanıstana etdikləri xətərli səfərləri

 
user comment