
HACI AXUND TÜRBƏTİNİN VƏFATI
Vəfat etməsi çox maraqlı olan ilahi övliyalardan biri də mərhum hacı axund Türbəti idi. O, məşhur xətib mərhum Hüseynəli Raşidin atasıdır.
O, «Unudulmuş fəzilətlər» adlı kitabında atasının şərhi-halını və onun vəfat etməsini belə bəyan edir:
VƏFATDAN BİR HƏFTƏ QABAQ
Ailə üzvülərimizin ondan müşahidə etdiyi mühüm hadisələrdən biri də bu idi ki, atam 1322-ci şəmsi ilinin mehr ayında şənbə günü (1362-ci hicri qəməri ilinin şəvval ayının 17) gün çıxandan iki saat sonra vəfat etdi. O, həmin zamanlarda sübh namazını üzü qibləyə uzandığı halda (ehtizar halında) qılmışdı. Üzünü qibləyə çevirmiş və son anlarda ayıqlığı çoxalmışdı. Ahəstə bə᾽zi kəlmələr deyirdi. Özü də başa düşmüşdü ki, axırıncı anlarını yaşayır. Ona görə də dediyi axırıncı kəlmə «La ilahə illəllah» sözü idi.
SALAM OLSUN SƏNƏ, YA RƏSULƏLLAH!
Keçən həftənin bazar günü sübh namazını qıldıqdan sonra üzü qibləyə uzandı və əbasını üzünə çəkdi. Gözlənilmədən bacadan saçan günəş işığı kimi bir nur onu əhatə etdi. Bədəni başdan ayağadək nuraniləşdi, uzun xəstəlik nəticəsində saralıb solmuş çöhrəsi birdən-birə şəffaf nur verməyə başladı, hətta üzərinə çəkilmiş nazik əbanın altından da belə görünürdü. Sonra dedi: Əssəlamu əleykə ya Rəsuləllah! Siz mənim kimi zəlil bir bəndəni görməyə gəlmisiniz.
Sonra onun görüşünə bir-bir gələnlərin pişvazına çıxır, o cümlədən Əmirəl-mö᾽minin Əli (ə) və bir-bir imamları qarşılayırdı. Nəhayət on ikinci imama salam verdi və onların gəlişindən minnətdarlığını bildirdi. Sonra həzrət Fatimeyi Zəhra (ə)-a salam verdi, daha sonra həzrət Zeynəbə salam verdi və ağlayaraq dedi: Bibi, mən sizin üçün çox ağlamışam.
SALAMA OLSUN ANAMA!
Sonra anasına salam verib dedi: Anacan, səndən çox minnətdaram, sən mənə pak süd vermisən.
Bu vəziyyət gün çıxandan iki saat sonraya qədər davam etdi. Sonra bədənində zahir olmuş nuranilik yavaş-yavaş aradan getdi və əvvəlki xəstəlik və solğun vəziyyətinə qayıtdı və canını tapşırdı.
HÜSEYNƏLİ, MƏNƏ ƏZİYYƏT VERMƏ!
Bu iki gün arasında mən ona dedim: Biz Peyğəmbərlərdən və böyük şəxsiyyətlərdən rəvayət nəql edirik və arzu edirik ki, kaş özümüz bu işləri dərk edib başa düşək. İndi ki, sən mənə yaxın adamsan, belə halət baş verdikdə ürəyim istəyir ki, onun nə olduğunu deyəsən.
Atam sükut etdi və heç nə demədi. İki-üç dəfə təkrar etdim, yenə də cavab vermədi. Dördüncü və ya beşinci dəfə dedi: Hüseynəli, mənə əziyyət vermə!
Dedim: Mənim məqsədim bu idi ki, bir şey başa düşüm.
Dedi: Mən səni başa sala bilmərəm, get özün başa düş.
Onun bu vəziyyəti mənim, anam, qardaş-bacılarım və bibim üçün hələ də müəammalı şəkildə qalmaqdadır. Hətta bu mətləbləri yazdığım vaxtda belə, 1354-cü ilin tir ayının 24-ü sübh saat 9-30 dəqiqəyə qədər (1395-ci hicri qəməri ilinin rəcəb ayının 5) hələ də bu məsələni başa düşə bilməmişəm. Yalnız bunu deyirəm ki, atamın vəfatından qabaq onda belə bir halət müşahidə olunmuşdu.
(«Unudulmuş fəzilətlər» səh.149.)