Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Xədicənin qanuni ticarəti və sonsuz sərvəti

 

Olduqca pak təbiətli bir qadın olan Xədicə ağıllı-kamallı və yüksək mənəviyyat sahibi bir insan idi. Haqq və ədalətə, etiqad və ağıla, bilik və kamala meyl hissləri onun təbiətindən doğurdu. Odur ki, Xədicə hələ cavanlıq yaşlarından Hicaz və Ərəbistanın ən məşhur qadınlarından biri sayılırdı. İlk qadın ərəb taciri və Hicazın ticarət üzrə böyük şəxsiyyətlərindən biri olan Xədicə Peyğəmbərlə (s) evlənməmişdən qabaq da çox şöhrət qazanmışdı. Belə ki, onun adı təkcə İslam tarixində deyil, eyni zamanda ərəblərin və ərəb qəbilələrinin tarixində, o cümlədən qeyri-müsəlman tarixçilərinin əsərləri və qeydlərində əzəmətlə yad edilir.

Xədicə ticarət işlərində də həmin insani xüsusiyyətlərinə əsaslanırdı. Ticarətə hansı yolla, hansı qayda ilə olur-olsun, sonsuz gəlir əldə etmək vasitəsi kimi əsla baxmırdı. Əsla şəxsi mənfəətini düşünən, şəxsi qazancı dalınca düşən də deyildi. Buna görə də həmişə çalışırdı ki, öz ticarətini bulaşıq işlər, dolaşıq gəlir üzərində qurmasın. Möhtəkirlikdən, çəkidə alıcını aldatmaqdan, malı baha satmaqdan, pulu sələm verməkdən və bu kimi işlərdən uzaq idi. Bu səbəbdən də Xədicə öz ticarətində belə işlərə yaxın durmazdı. Yalnız qanuni şəkildə, ədalətlə alış-veriş edirdi.

Xədicə bu cür bəşəri keyfiyyətləri, ağıllı və məntiqi rəftarı nəticəsində camaatın bir çox təbəqələrinin inam və etimadını qazanmışdı. Bütün bunların hesabına onun halal gəliri gündən-günə artırdı. Xədicənin ticarətdə qazandığı uğurları və halal yolla əldə etdiyi gəlirləri haqqında müxtəlif tarix kitablarında belə yazmışlar: “Xədicənin xidmətçilərinin və işçilərinin əlində minlərlə dəvə var idi. Onlar bu dəvə karvanları ilə Misir, Şam (Suriya), Həbəşistan kimi ətraf ölkələrə ticarətə gedir və ticarət mallarının alış-verişi ilə məşğul olurdular.”

Kəramətli Peyğəmbərlə (s) evlənmə

Xədicənin ticarət sahəsində ilk qadın kimi şöhrət tapdığı zaman İslam peyğəmbəri (s) cavanlıq dövrünü yaşayırdı. O vaxtlar camaat İslam peyğəmbərinə (s) hədsiz təmizliyi və düzlüyünə, əmanətə qarşı misilsiz sədaqətinə görə “Məhəmməd Əmin” ləqəbini vermişdilər. Hər yerdə onun adını bu sifətlərlə çəkir, dillərinə gətirirdilər. həmin əlamətlər o həzrətin səciyyəvi xüsusiyyətlərindən idi. Məkkədə Məhəmməd Əminə sonsuz ehtiram əlaməti olaraq yayılan bu düzlük və sədaqətin səsi-sədası Xədicənin də işində düz olan, əmanətə sadiq qalan bu cavana tərəf elə çəkdi ki, o, Əbu Talibin hüzurunda Məhəmməd Əmini özünün ticarət karvanının başçısı və alış-veriş işləri üzrə vəkili seçdi. Beləliklə, böyük İslam peyğəmbəri (s) cavanlıq illərində Xədicənin karvanı ilə dəfələrlə ticarət səfərlərinə getdi və iti ağlı, məntiqli düşüncəsi, ağıllı və düzgün alış-verişi sayəsində çoxlu qazanc əldə edib Məkkəyə qayıtdı. Xədicənin indiyə qədər görmədiyi bu gözlənilməz ticarət uğuru Hicazın ən ağıllı qadınının Məhəmməd Əminin düzlüyünə, əmanətə sadiqliyinə olan etimad və inamını əvvəlkindən də çox artırdı. Xədicənin bu yolla bu təmiz, saf əxlaqlı cavanın varlığında tapdığı yüksək keyfiyyətlər onun fikir və düşüncələrinə elə bərk təsir etdi ki, onun həyata baxışı, təfəkkür tərzi tamam başqalaşdı. O, qabaqlar iki dəfə ərə getmişdi və hər iki həyat yoldaşını – Ətiq ibn Aidi və Hind ibn Bənası ölümlərinə görə itirmişdi. İkinci ərini itirərkən həyata baxışı tamam dəyişmiş və qərara gəlmişdi ki, bundan sonra bütün ömrünü təkcə, ayrıca yaşasın və sərvətini heç kəsə tapşırmasın. Xədicənin bu qərarı bəlkə də onunla bağlı idi ki, bu cür dünyagörüşü, həyata baxışı, yüksək duyğuları, təmiz əxlaqı və başqa dəyərli keyfiyyətləri ilə heç kəsi özünə ömür-gün yoldaşlığına layiq bilmirdi. Bir sözlə, o, müstəqil yaşamağı üstün tutur və ömrünün qalan illərini heç kimlə bağlamaq istəmirdi.

Amma Məhəmmədin (s) bənzərsiz əxlaqı onu bu fikrindən daşındırdı. Məhəmmədin (s) ruhunun əzəməti, fikrinin aliliyi, misilsiz həyat tərzi onu özünə elə cəlb etdi ki, özünün əvvəlki fikrindən birdəfəlik əl çəkdi. Əvvəlki müstəqil yaşamaq fikrini bir kənara qoyaraq qərara aldı ki, bundan sonra həyatını belə bir bənzərsiz kişi ilə bağlasın, onunla qovuşsun.

Məhəmməd Əminin sədaqət və düzlük, təmizlik və paklıq cazibəsi elə güclü idi ki, hətta Xədicənin qüruruna da üstün gəldi. Belə ki, özü birinci olaraq könüllü surətdə qabağa gəldi və o pak, bənzərsiz cavana evlənmək təklifini etdi. Xədicə bir gün Məhəmmədi (s) özü ilə görüşə dəvət etdi və bu görüşdə ürəyindəki sirri açaraq düşündüyünü aşkar etdi:

- “Ey Məhəmməd (s), mən səni bir şərif və əmanətə sadiq, pak və təmiz bir insan kimi tapdım. Sən özünü pak və təmiz saxladın. Sənin ətəyinə kiçicik bir toz belə bulaşmayıbdır. Sən xoş əxlaqlı, etibarlı və düzdanışansan. Düz danışmaqdan əsla qorxun yoxdur və insanlıq keyfiyyətlərini heç nəyə görə əldən vermirsən. Sənin bu insanlıq xüsusiyyətlərin və layiqli keyfiyyətlərin məni özünə cəlb və cəzb etmişdir. İndi səninlə evlənməyi, səninlə birgə yaşamağı təklif etmək istəyirəm. Əgər mənim təklifimə razısansa, mən özüm münasib vaxtda evlənmə mərasimini yerinə yetirməyə hazıram.”

Beləliklə, Xədicə Hicazda o zaman mövcud olan adət-ənənənin əksinə olaraq bəlkə də ilkin qadın idi ki, kişi tərəfdən elçi gözləmək əvəzinə, özü gələcək əri ilə evlənmək xahişini irəli sürdü.

Fəzilətlər və yüksək bəşəri keyfiyyətlər qarşısında qadının boyun əyməsi, itaətkarlıq göstərməsi təəccüblü deyil

Nə olmuşdu, nə baş vermişdi ki, görkəmli, məşhur bir ərəb qadını – var-dövlət içində yaşamış bir qadın birdən-birə, gözlənilmədən əyan təbəqəsinə məxsus adət-ənənələrə məhəl qoymadan bütün buxovları qırdı, ayaqları altına atdı?! Başıuca halda və qürurla irəli çıxdı ki, onun-bunun heyrətli gözləri qarşısında əlini hər cür işlərə vursun. Hətta elə işlərə ki, bəlkə də adi və sadə ailələrdən çıxmış qadınlar belə əllərini bu cür işlərə bulamazdılar...

Bu macəranın sirri və rəmzi təkcə bir incə mətləbdə gizlənmişdi: görkəmli şəxsiyyətə, misilsiz etibara malik bir qadın – qarşısında bir çox qadınların, hətta bir çox kişilərin itaətlə dayandıqları bir qadın indi yüksək bəşəri fəzilətlər və ali insani vücudunda işıq saçan bu əlamətlər önündə özünü itaətkar bir vəziyyətdə görürdü. Və burada heç bir təəccüblü şey yoxdur.

Bəli, bu Xədicə idi ki, ali bir şəxsiyyət qarşısında, Məhəmmədin (s) yüksək fəzilətləri və ali bəşəri keyfiyyətləri önündə bu cür boyun əyərək itaətkarcasına durmuşdu. Artıq onun üçün əyanlara məxsus adət-ənənələrin heç bir əhəmiyyəti yox idi. Bu görkəmli və tanınmış şəxsiyyət həmin o qadın idi ki, bir çox qadınlara və kişilərə əmrlər verirdi. Həmin o qadın idi ki, yüklə dolu ticarət karvanları Ərəbistana və uzaq-uzaq ölkələrə yola düşərkən gözləri qamaşdırır və onunla danışanların qəlbindəki şövq və həvəslərini qızışdırırdı. Həmin o qadın idi ki, ərəb əyanları, qəbilə başçıları, sərvət və şöhrət sahibləri, nüfuzlu və hörmətli şəxslər dəfələrlə ona elçi göndərmiş, lakin onların heç birinin təklifini qəbul etməmişdi. Çox güman ki, onların heç birini özünə layiq bilməmişdi.

Amma indi həmin o görkəmli və hörmətli qadın – bütün Hicaz torpağında tayı-bərabəri ollmayan o qadın böyük bir şövq və həvəslə, tərifə sığmayan bir hiss və duyğularla özü qabağa gəlmiş, ilk addımı özü atmış, Məhəmmədlə (s) evlənmək təklifini özü irəli sürmüşdü.

Beləliklə, Məhəmmədlə (s) Xədicənin evlənməsi baş tutdu. Bu mübarək evlənmə üçün tədarük görülməyə başlandı. Xədicə bu evlənmədə nəinki elçilik adət-ənənəsini dəyişdirdi, həmçinin o zamankı cahiliyyə ərəbləri arasında mövcud olan bütün evlənmə qaydalarını da ayaqları altına atdı. Hətta kəbinpulu məsələsində də görünməmiş bir işə əl atdı. Qabaqlar ona elçi gələnlərin böyük sərvətləri, qiymətli malları olmasına baxmayaraq, yenə də Xədicə Məhəmməd (s) barədə başqa cür rəftar etdi. Belə ki, kəbinpulu kişi tərəfindən ödənilməsinə baxmayaraq, o, bunu öz malı, sərvəti hesabına ödədi. Kəbinpulu olaraq danışılmış dörd min dinarlıq məbləği özünün sonsuz var-dövlətindən götürüb Məhəmmədə (s) hədiyyə verdi.

Xədicə bu cür yüksək əxlaqi keyfiyyətləri və bir tərəfdən əzəmət və şəxsiyyətini göstərən, digər tərəfdən də sadəliyi və təvazökarlığından xəbər verən bənzərsiz rəftarı ilə göstərdi ki, doğrudan da, onun şöhrəti və imtiyazları sərvət toplamaq, ticarətdən hədsiz gəlir qazanmaq xatirinə deyil. Əksinə, onu bir şəxsiyyət kimi tanıdan, ona sonsuz nüfuz və şöhrət qazandıran fikir dərinliyi, təfəkkür tərzinin aliliyi, mənəvi aləminin zənginliyi idi. Bütün bu cəhətləri Xədicəni başqa qadınlardan fərqləndirir, daha üstün edirdi.

Bəli, Xədicə bu cür qəribə və təəccüblü rəftarı ilə aşkara sübut etdi ki, evlənmə məsələsində o, dövrün qadınları arasında yayılmış baxışlardan, fikirlərdən uzaqdır. Xədicə sübut etdi ki, evlənmə məsələsində heç vəchlə gözünü gələcək ərinin sərvətinə, var-dövlətinə dikməmişdir. Böyük sərvəti olan kişinin intizarında və ağır kəbinpulu almaq niyyətində deyil. Ərindən vəzifə və əyanlıq, maddi və dünyəvi şöhrət ummur. Əksinə, elə bir ömür-gün yoldaşının yolunu gözləyir ki, mənəvi sərvətləri gur şəlalə kimi, saf və şəffaf yağış damcıları kimi saysız-hesabsız olsun. Elə bir ər istəyir ki, varlığı fəzilət və dərin mənalarla, yüksək insani dəyərlərlə zəngin olsun. Bəli, o, elə bir ər istəyirdi ki, fəzilət və mənəviyyat kişisi olsun. Aydındır ki, belə bir şəxs Peyğəmbərdən (s) başqa heç kəs ola bilməzdi.

Xədicənin fədakarlığı və canından keçməsi

Bu mübarək evlənmə haqqında ilkin danışıqlar oldu. Qərarlar qəbul edildi. Evlənmə günü təyin olundu. Həmin gün sadə bir mərasim keçirildi. Ən yaxın adamların və qohumların iştirakı ilə Məhəmmədlə (s) Xədicənin evlənmə mərasimi oldu.

Həmin mübarək gündə bu iki böyük və görkəmli şəxsiyyətin evlənmə kəbininin xütbəsi Peyğəmbərin (s) sevimli əmisi – Qüreyşin ən hörmətli böyükləri və başçılarından olan Əbu Talib vasitəsilə oxundu. Beləliklə, Xədicənin evi İslam peyğəmbərinin (S) mübarək qədəmləri ilə nur və əzəmət, mənəvi gözəllik tapdı. Lakin hələ heç kim bilmirdi ki, bu ev tezliklə şərəf evi, vəhyin nüzul (enmə) yeri və Cəbrayılın, eləcə də başqa səma mələklərinin enmə yeri olacaqdır.

Evlənmə mərasimindən və kəbin kəsiləndən sonra Məhəmməd (s) yerindən qalxıb qapıya tərəf yollandı. Rəftar və hərəkətindən görünürdü ki, məclisi tərk etmək fikrindədir. Qərara gəlmişdi ki, bu evdən gedib öz evini həyat yoldaşının gəlişi üçün hazır etsin. Amma qəfildən Məhəmmədin (s) arxasından Xədicənin səsi ucaldı: “Ey Məhəmməd (s), hara gedirsən? Axı indi mənim evim sənin evindir. Bütün sandıqların açarı sənin ixtiyarındadır. Mənim özüm də bu gündən etibarən sənin kənizin və fərmanında duranam.”

Beləliklə, Xədicənin evi bu iki böyük və görkəmli şəxsiyyətin birgə rahatlıq və səadət ocağı oldu. Həmin gündən Məhəmməd (s) o evə köçdü ki, uşaqlıq illərində ata-anasının vəfatına görə itirdiyi rahatlığını burada yenidən tapsın, əmin-amanlıqla, asudə yaşasın və özünü ali duyğu və düşüncələrini inkişaf etdirsin.

Bu evlənmədə daha bir mühüm və diqqəti cəlb edən cəhət var idi. Bu da bu cür sadə və təmənnasız evlənmə əhd-peymanının İslam peyğəmbəri (s) üçün əhəmiyyətli olmasında idi. Allah-təala Özünün sonsuz hikmətini bu evlənmədən 15 il sonra İslam peyğəmbəri (s) üçün aşkar etdi. Belə ki, bu əhd-peyman və evlənmə nəticəsində Xədicənin bütün sərvəti həzrət Məhəmmədin (s) ixtiyarına keçdi və o həzrət də peyğəmbərlik məqamına çatdıqdan sonra bütün bu böyük sərvəti İslamı inkişaf etdirmək yolunda, Allah yolunda sərf etdi.

Xədicə İslam peyğəmbəri (s) üçün fədakar və canından keçən bir qadının nümunəsi idi. O, həmin birgə həyatlarının əvvəlindən səmərəli həyatının son anlarınadək – bütün bu müddət ərzində Peyğəmbərin (s) ən yaxın köməkçisi, yardımçısı və ən mehriban dostu hesab olunurdu. Rahatlıq günlərindən Peyğəmbərin (s) ən yaxın həmdəmi, çətinliklər, məhrumiyyətlər içində yaşadıqları günlərdə o həzrətin ən səbirli və dözümlü köməkçisi və böyük Rəsula (s) üz vermiş bütün ağır, müsibətli hadisələrdə ən ardıcıl, ən güclü arxası, ən sədaqətli və möhkəm dayağı idi. Peyğəmbərlikdən sonra Peyğəmbər (s) və müsəlmanlar üçün meydana çıxmış bütün ağır sınaqlardan ən çətin anlarda Xədicə təkcə o həzrətin (s) ən yaxın dostu və təsəlliverəni yox, eyni zamanda bütün müsəlmanlar üçün bir mehriban ana, sönməyən ümid yeri hesab olunurdu. Misilsiz səbr və hövsələsi, bənzərsiz güclü dözümü, heyrətdoğurucu möhkəmliyi və müqaviməti başqaları üçün nümunəyə çevrilirdi. Bundan əlavə, Peyğəmbərin (s) ilahi məqsədləri, İslamın güclənməsi və yayılması yolunda çoxlu malını xərcləməyi əsirgəməzdi. Bu cür qüdrət və şöhrətinə, nüfuzuna və rifah, naz-nemət içində yaşamaq iqtidarında olmasına baxmayaraq, dünyəvi həyatın bütün zahiri cəhətlərini bir kənara qoydu və əvəzində Peyğəmbərlə (s) birgə yaşadığına görə üzləşdiyi bütün çətinliklərə, məhrumiyyətlərə sinə gərdi. İllər boyu ərinə qarşı edilən əzab və işkəncələri, hər ikisinin həyatı üzərinə kölgə salan təhlükəli sürgün və mühasirə həyatını, aclığı, gecələr oyaq qalmağı asanlıqla yola saldı ki, İslamın ali hədəflərinə nail olmaq, Quranın buyurduğu göstərişləri yerinə yetirmək və İslamın insan tərbiyələndirici məktəbini davam etdirmək yolunda hər gün addımlar atsın.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmаm Rİzа әlеyhİssәlаmın hәyаtı bаrәdә qısа mә’lumаt
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
Rusiyadan İŞİD-lə bağlı sərt qərar
Hacı İlqar İbrahimoğlu aşurafoblardan yazdı.
Həzrət Əbülfəzlil Əbbasın hərəmində azyaşlı uşaqlara Quran Dərsləri ...
Səudiyyə döyüş təyyarələri Səna Beynəlxalq Aeroportunu növbəti dəfə ...
“İŞİD” Liviyanın neft yataqlarına hücum edib
Canlı bomba özünü zəvvarların arasında partlatdı.
Qahirədə Futbol yarışından öncə azərkeşlərlə polis arasında qarşıdurma ...
Qələbə: Terrorçular Suriyanın Mənbic şəhərində məğlubiyyətə uğradılar

 
user comment