Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Müqəddəslərimiz hansı hallarda qəzəblənirdilər

Səbr, helm, mülayimlik həm Qurani-kərimdə, həm də müqəddəslərimizin kəlamlarında ən çox təriflənən və tövsiyə edilən əxlaqi dəyərlərdəndir. Əksinə, qəzəb və şiddət möminə  yaraşmayan sifətlərdir.

Insan hətta ona qarşı ədəbsizlik və zülm edildiyi təqdirdə belə, qəzəbini udmağı və təqsirkarı bağışlamağı bacarmalıdır. Günahları bağışlamaq, tövbələri qəbul etmək Allahın ən bariz sifətləridir. Həzrət Mühəmməd Peyğəmbərin (s) və məsum imamların (ə) həyat tarixçəsini vərəqləyərkən, onların həmişə öz hisslərini cilovladıqlarını, təhqir və əziyyətlər qarşısında alicənablıq göstərdiklərini, öz düşmənlərinin qəlbini sevgi ilə fəth etdiklərini görürük. Həzrət Əli (ə) İslam Peyğəmbərini təsvir edərək buyururdu ki, o həzrət heç zaman Onun özünə qarşı edilən pisliyə görə intiqam almazdı. Yalnız Allahın qadağanları pozulanda Allah naminə qəzəblənərdi. Səhihü Müslimdə ümmül-möminin Aişəyə istinadən rəvayət edilir ki, Həzrət Peyğəmbər ömrü boyu nəyi isə əli ilə vurub yıxmadı, nə həyat yoldaşına, nə də nökərinə əl qaldırmadı; yalnız Allah yolunda savaşlarda düşmənə zərbə vurdu.

Səhabələrin təsvir etdiyi kimi, Allahın Rəsulu qəzəblənəndə çox zaman üzü qızarar, alnından tər axardı. Bəzən qaşlarının arasındakı damar şişib gərilərdi. Yanındakılar Onun qəzəbləndiyini bu əlamətlərdən duyardılar. O həzrətin varisi olan imamlar da səbr və mülayimlikdə məşhur idilər. Həzrət Əlinin (ə) Onu oğurluqda təqsirləndirən yəhudi ilə, İmam Həsənin (ə) Onun üzərinə qaynar xörəyi dağıtmış köləsi ilə, İmam Zeynül-abidinin (ə) Diməşqdə Əhli-beyti təhqir edən adamlarla, İmam Mühəmməd Baqirin (ə) Onu söymüş ədəbsiz şəxslə mülayim rəftarı dillər əzbəridir. Yeddinci imamımızın ləqəbi “Kazim”dir ki, bu da qəzəbini boğan deməkdir.

Müqəddəslərimiz bir şəxsin o birinə qarşı hər hansı mənfi hərəkətini görəndə onu islah etməyə çalışır, səhv edən adama nəsihət verir, hətta bəzən bu səhv nəticəsində dəyən maddi və ya mənəvi ziyanı özləri ödəyirdilər. Amma onların qəzəbləndikləri hallar da olurdu. Bu o zaman baş verirdi ki, nəsihətin və xoş rəftarın fayda verməyəcəyini bilirdilər. Məsumlarımız qəzəblənəndə heç kimi təhqir etməz, vurmaz, cəzalandırmazdılar. Narazıdıqlarını bildirər, bəzən də həmin adamla əlaqəni müvəqqəti kəsərdilər. Çox zaman bu, təqsirkar insanın səhvini başa düşməsi və peşman olması üçün bəs edirdi.

Həzrət Mühəmməd Peyğəmbər (s) oğulluğu Zeydin oğlu Üsaməni hərbi səfərlərin birinə göndərmişdi. Savaş meydanında Üsamə ilə başqa bir müsəlman əsgəri bir müşrik döyüşçüsü ilə üz-üzə gəlirlər. Müşrik silahını yerə qoyub təslm olduğunu bildirir, həm də ucadan kəlmeyi-şəhadəti dilə gətirir. Üsamənin yanındakı şəxs düşmənlə savaşmaqdan əl çəkib geri dönür. Üsamə isə əlindəki nizəni düz təslim olmuş əsgərin sinəsinə saplayıb onu öldürür.

Yürüşdən qayıdandan sonra əhvalatı Peyğəmbərə xəbər verirlər. Allahın Rəsulu Üsaməni çağırıb soruşur: “Sən o adamı “la ilahə illəllah” söylədikdən sonramı öldürdün?” Üsamə cavab verir: “O, ölümdən xilas olmaq üçün kəlmeyi-şahədəti demişdi”. Peyğəmbər Üsamənin cavabını eşitmirmiş kimi, təkrar-təkrar, hər dəfə “Sən onu niyə öldürdün?” deyə soruşur. Bu hadisədən son dərəcə üzülmüş Üsamə sonralar xatırlayırdı ki, bu hadisədən əvvəl müsəlman olmağıma peşman olmuşdum, “kaş bundan sonra İslamı qəbul etmiş olaydım” deyə düşünürdüm. Yəni insan İslama gələndən sonra keçmiş günahları bağışlanır. Üsamə də arzu edirdi ki, kaş müsəlman olmazdan qabaq bu qətli törətmiş olaydı; onda Islamı qəbul edəndən sonra günahı silinərdi (Səhihül-Buxari, Kitabül-Məğazi, hədis 4269).

Peyğəmbərin daha bir qəzəbi də Üsamənin adı ilə bağlıdır. Bir gün Bəni-Məxzum qəbiləsinin hörmətli ailələrindən birinə mənsub olan bir müsəlman qadın başqasının malını qəsb edib mənimsəyir. Peyğəmbər onun cəzalandırılmasına hökm verir. Qadının qohumları cəzanı yüngülləşdirmək üçün Peyğəmbərin yanına vasitəçi göndərmək fikrinə düşürlər. Bilirdilər ki, o həzrət Üsamənin xatirini çox istəyir; çünki Üsamə şəhid balası idi. (Onun atası Zeyd – Peyğəmbərin oğlulluğu – Mötə savaşında şəhid olmuşdu). Qadının qohumları Üsaməni razı sala bilirlər. Lakin Peyğəmbər Üsamənin xahişini eşidəndə hədsiz qəzəblənib buyurur: “Allahın əmr etdiyi cəzanı pozmağımı məndən istəyirsən?” Sonra o həzrət camaatı məscidə toplayır, minbərə qalxıb buyurur: “Sizdən əvvəlki qövmlər ona görə həlak oldular ki, varlı və möhtərəm bir adam oğurluq edəndə onu bağışlayır, adsız-sansız bir adam oğurluq törədəndə isə cəzalandırırdılar.” (Səhihü Müslim, Kitabül-Hüdud, hədis 4410).

Sonra Peyğəmbər əlavə edir ki, hətta ən yaxın adamları da oğurluq etsələr, cəzalandıraram.

Peyğəmbər bununla Üsamənin səhvinin böyüklüyünü göstərmək istəyirdi. Çünki Üsamənin hərəkəti cavabsız qalsaydı, başqaları da bunu təkrar etməyə həvəslənərdilər, insanlarda arxayınlıq, cəzasızlıq hissi yaranardı. Bu isə şirk düşüncəsindən, mənfi əxlaqi dəyərlərdən, ədalətsiz quruluşdan təzəcə ayrılmış bir cəmiyyət üçün çox qorxulu idi.

Müqəddəslərimiz öz yaxın adamlarının mənfi hərəkətini görəndə də qəzəblənir və narazılıqlarını aşkar şəkildə büruza verirdilər. Bununla göstərmək istəyirdilər ki, mən səndən bu hərəkəti gözləmirdim. Səhvə yol vermiş adam çox vaxt bu tənbehdən nəticə çıxarır və islah olurdu.

Bəzən müqəddəslərin qəzəbi və narazılığı o qədər şiddətli olurdu ki, günaha yol vermiş adamı bağışlamır və ölənə kimi onu dindirmirdilər. Çünki bilirdilər ki, heç bir danlaq və heç bir məzəmmət onların ölmüş qəlbini dirildə bilməz. Quran ifadəsi ilə demək, “onların qəlbini Allah möhürləyib”. Belə hadisələrdən bir neçə nümunəni diqqətinizə təqdim edirik:

İmam Mühəmməd Baqir (ə) rəvayət edir ki, o həzrətin atası İmam Zeynül-abidin (ə) bir gün yoldan keçərkən, atası ilə birlikdə hərəkət edən bir cavan oğlan görür. Oğlan özündən razı halda, atasının qoluna söykənərək gedirdi. Yaşlı ata oğlunun ağırlığı altında bükülmüşdü. Oğul isə buna əhəmiyyət vermədən, özünü az qala atasının üzərinə yıxaraq addımlayırdı. İmam Zeynül-abidin (ə) bu mənzərəni uzaqdan təəssüflə seyr etdi.

İmam Baqir (ə) buyurur ki, bu hadisədən sonra ədəbsiz oğul bir neçə dəfə atamın yanına gəlib görüşmək istədi, amma atam onun üzünə baxmadı. İmam Zeynül-abidin (ə) vəfat edənə kimi həmin adamı dindirmədi (Məcmuətül-Vərram, II, 208).

İmam Cəfər Sadiqin (ə) tərəfdarlarından biri o həzrətdən ayrılmazdı, hər zaman Onunla birlikdə olmağa çalışar, hətta bazarda belə, həzrəti tək buraxmazdı. Bir gün İmam Sadiq (ə) həmin adamla birlikdə ayaqqabı almaq üçün bazara gedir. Həmin adamın əslən Hindlistandan olan qeyri-müsəlman nökəri də arxalarınca gəlirdi. İmamı müşayiət edən adam bazarın içində arxaya dönüb nökərini axtardı, amma onu görmədi. Nökər yəqin ki, piştaxtalarda maraqlı nə isə görüb baxmaq üçün yubanmış və geridə qalmışdı. Ağa ikinci dəfə də çevrilir, amma nökəri görmür. Bir az gedəndən sonra üçüncü dəfə nökəri axtarır, amma yenə onu tapmır. Nəhayət, dördüncü dəfədə nökərin gəlib-çıxdığını görür. Qəzəbini saxlaya bilməyib onun üstünə qışqırır: “Ay zinakar qadının balası! Harda qalmışdın?” İmam illərlə dostluq etdiyi adamın bu ədəbsiz söyüşünü eşidəndə yerində durur, təəssüflə əlini öz alnına vurub buyurur: “Sübhan Allah! Sən bu adamın anasını söydün? Mən səni təqvalı adam sayırdım. Amma görürəm ki, səndə təqva yox imiş”. Həmin adam özünü təmizə çıxarmaq üçün deyir: “Ay Peyğəmbərin balası! Bu nökər hindistanlıdır, ata-anası da bütpərəst müşrikdir. Axı onlar şəriətlə kəbin kəsdirməyiblər. Mən ona görə bu nökəri zinazadə deyə çağırdım”. İmam cavab verdi: “Məgər bilmirsənmi hər millətin öz nikah qaydaları var?” (Yəni əgər həmin qaydalara əsasən evləniblərsə, onların övladını zinazadə saymaq günahdır). Sonra İmam Sadiq (ə) həmin adama dedi: «Bundan sonra məndən uzaq dur, daha səni görmək istəmirəm». Deyirlər ki, bu hadisədən sonra onları bir daha birlikdə görmədilər (Üsulül-Kafi, İman və küfr kitabı, Babül-bəza, hədis 5).

 

Müəllif: İslam.az


source : http://az.islam.az
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ

 
user comment