Azəri
Friday 3rd of May 2024
0
نفر 0

ABNA Peyğəmbər və İmam Sadiqin Milad bayramın təbrik edir

İmam Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn (əleyhimus səlam) və ya sadəcə İmam Cəfər əs-Sadiq (əleyhis səlam) künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İslamın ən böyük alimlərindən biri. Dini elmlərlə yanaşı zəmanəsinin dünyəvi elmlərinə də dərindən bələd olmuşdur. Onun elmi "Elmi Lədunni"dir (yəni Allah cəllə cəlaluh öz elmini onlara ihtaf etmişdir).

ABNA Peyğəmbər və İmam Sadiqin Milad bayramın təbrik edir

Əhli Beyt -ABNA- xəbər agentliyi əziz İslam Rəbiul Əvvəl ayının 17-si əziz İslam Peyğənbəri Muhəmməd İbn Əbdullah (səlləllahu əleyhi və alih) və onun məsum övladı 6-cı İmam Cəfəri Sadiq (əleyhis səlam) cənablarının dünyaya gələn günüdür. Bu gün dünya müsəlmanlarının ən sevincli günüdür. Biz ABNA olaraq dünya müsəlmanlarının bu sevincinə qoşularaq misilsiz bayram münasibəti ilə başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edir və bu möhtəşəm bayramla əlaqədar saytımızın ziyarətçilərinə İslam peyğənbərinin və 6-cı İmamın həyatın qısa şəkildə təqdim edirik.

Əziz İslam Peyğənbərinin həyatını mütaliə etmək üçün aşağıdakı başlığa tıklayın:

İslam Peyğəmbəri ...

 

İmam Cəfər ibn Məhəmməd Baqirin (əleyhis səlam) həyatı ilə qısa tanışlıq:

 

جعفر بن محمد الصادق‌

Şiələrin 6-cı İmamı miladı tarixi ilə 743 - 774 illərdə İmamlıq etmişdir.

Sələfi: Şiələrin 5-cı İmamı İmam Baqirdir (əleyhis səlam).

Xələfi: Şiələrin 7-cı İmamı İmam Kazımdir (əleyhis səlam).

Dini: İslam Dini.

Mənsəbi: Yer üzərində İlahi Hakimiyyətə rəhbərlik etmək (Allah cəlləvə cəlalın həqiqi Xəlifəsi) və Müsəlmanların dünya və axirət məsələlərində İmamlıq etmək olub.

Təvəllüdü: Miladi tarixi ilə 704-cü il Mədinə şəhəri.

Şəhadəti: Miladi tarixi ilə 774-cü il Mədinə şəhərində dövrünün zalım və qəsibkar hakimi tərəfindən zəhərlənərək şəhid edilmiş və Bəqi qəbiristanlığında dəfn olunmuşdur.

Atası: Şiələrin 5-cı İmamı (əleyhis səlam) İmam Məhəmməd ibn Əlidir (əleyhis səlam) ki, Baqir ləqəbi ilə məhşurdur.

Oğulları: İmam Musa (əleyhis səlam) və İsmaildir. İsmail İmam Cəfər Sadiqin şəhadətindən iki il öncə vəfat etmiş və imam Sadiq xalqa oğlu İsmailin həqiqətən vəfat etməsini anlatmaqdan ötrü onun nəşini iki gün torpağa bastırmamış və cənazənin üzərində hönkür hönkür ağlamışdır.

İmam Cəfər ibn Məhəmməd ibn Əli ibn Hüseyn (əleyhimus səlam) və ya sadəcə İmam Cəfər əs-Sadiq (əleyhis səlam) künyəsi Əbu-Abdullah, ləqəbi Sadiqdir. İslamın ən böyük alimlərindən biri. Dini elmlərlə yanaşı zəmanəsinin dünyəvi elmlərinə də dərindən bələd olmuşdur. Onun elmi "Elmi Lədunni"dir (yəni Allah cəllə cəlaluh öz elmini onlara ihtaf etmişdir).

Hicrətdən 83 il sonra Rəbiəvvəl ayının 17-si Mədinə şəhərində Məhəmməd əl-Bağırın ailəsində dünyaya gəlmiş, hicrətin 148-ci ili 65 yaşında şəhid edilmişdir. Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.

Elmi irs olaraq Allah tərəfindən babası Əli ibn Hüseynin vasitəsi ilə almış və onun şəhadətindən sonra atası Məhəmməd əl-Baqirdən mənimsəmişdir. Miladi tarixi ilə 733-cü ildə onun xələfi olduğu elan edilmişdir.

İslamın hədis, sünnə, və Quran elmlərini dərindən bilən İmam Cəfər əl-Sadiq dünyəvi-riyaziyyat, fəlsəfə, astronomiya, anatomiya, kimya və digər elmləri də dərindən bilirdi. Kimyanın "atası" hesab olunan Əbu Musa Cabir ibn Həyyan (Avropada sadəcə Geber kimi tanınır) İmam Cəfər əs-Sadiqin tələbəsi olmuşdur.

İmam Cəfəri Sadiq atası kimi Bəni Üməyyə ilə Abbasilərin hakimiyyət uğrunda çəkişməsindən istifadə edərək elmi məktəbini yaratdı.

İmam Cəfər əs-Sadiqin elmə verdiyi töhfələr onun Günəş sisteminə, işığın fiziki-optik xassələrinə, insan bədənin anatomiyasına və s. dair fikirlərində göstərmişdir. Onun elmi fəaliyyəti sonralar Avropa alimləri, elecə də İslam alimlərindən İbn əl-Həzum, tələbəsi Cabir ibn Həyyan və başqa alimlər tərəfindən daha geniş öyrənilmişdir. Strasburqda yerləşən İslam Tətqiqatlar Mərkəzi İmam Cəfər əs-Sadiqin irəli sürüdüyü elmi nəzəriyyələri nəşr etdirmişdir.

 

İmam Cəfəri Sadiqin (əleyhis səlam) həməsri olmuş xəlifələr


İmam Sadiq adları aşağıda çəkilən Əməvi xəlifələri ilə həməsr olmuşdur:

Hişam ibn Əbdülməlik (105-125 h.q);

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);

Mərvan ibn Məhəmməd (126-132 h.q);

Abbasi xəlifələrindən isə aşağıdakıları ilə həməsr olmuşdur:

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);

İmam Sadiqin (əleyhis səlam) elmi səviyyəsi


Sadiqin elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır.

Hənəfi məzhəbinin məşhur banisi Əbu Hənifə deyirdi: "Mən Cəfər ibn Məhəmmədən savadlı şəxs görməmişəm."

Maliki məzhəbinin banisi Malik deyirdi: "Bir müddət Cəfər ibn Məhəmməd yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı, ya oruc tuturdu, ya da Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm, ibadət və təqvada Cəfər ibn Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də heç kimin fikrinə belə gəlməmişdir."

Şeyx Müfid yazır: "O, Həzrətdən o qədər elm söylənilib ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış, onun nəslindən olanların heç birindən onun söylədiyi qədər elm söylənilməmişdir."

İbn Həcər Heytəmi yazır: "O Həzrətdən o qədər elm söylənilmişdir ki, artıq bütün müsəlmanların yanında məşhur olmuş, onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük rəhbərlərindən olan Yəhya ibn Səid, İbn Cərih, Malik, Süfyan Suri, Süfyan ibn Üyeynə, Əbu-Hənifə, Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.

Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: "Cəfər ibn Məhəmməd elə bir şəxsdir ki, onun elmi bütün dünyanı əhatə etmiş, deyilənlərə görə Əbu-Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər."

Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və fəlsəfi məktəblərə işarə edərək yazır: "Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki, bu ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O, fəal təhqiqatçı, böyük mütəfəkkir və dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O, İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş, onun elm mənbəyindən bəhrələnmişlər."

Məşhur tarixçi ibn Xəllikan yazır: "O, on iki İmamlı şiələrin İmamlarından biri, Peyğəmbər ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki, daha bunu şərh etməyə ehtiyac yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir Sadiqin təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir kitab yazmışdır.


İmam Sadiqin (əleyhis səlam) dövründəki siyasi, ictimai və mədəni vəziyyət


İmam Sadiqin (əleyhis səlam) dövrü özünəməxsus yer tutmuş və o dövrdəki siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-Üməyyə hakimiyyətinin zəiflədiyi, Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən Abbasilərin siyasi təbliğatı başlamış, hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı və nizamlı mübarizəyə çevrilmiş, nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə nəticələnmişdir. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir çətinlik törənmirdi.


Xüsusi mədəni şərait

Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiqin (əleyhis səlam) dövrü mədəniyyət və fikir yüksəlişi dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs yaranmış və müxtəlif elmlər, istər Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid kimi İslami elmlər, istərsə də tibb, fəlsəfə, astronomiya, riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi. Belə ki, azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi.

Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:

1.İslamda fikir və əqidə azadlığı; Düzdür, bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur, ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni, əgər Abbasilər bunun qarşısını almaq istəsəydilər, yenə bacarmazdılar.

2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində olmuşdur. İslam Peyğəmbərinin, eləcə də, Quranın elm öyrənmək, elm barədə düşünmək haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.

3.İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran, Misir və Suriya qəbilələri kimi o dövr mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən yiyələnmək üçün təhqiq, tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.

4. Dini güzəşt, yaxud qeyri-müsəlmanlarla, xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq. Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər. O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr yaradır, bu isə təbii ki, bəhs, təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.

Məzhəb və firqələrin bir-biri ilə rəftarı


İmam Sadiqin (əleyhis səlam) dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması, həm də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin, eləcə də yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli çıxmışdı. O dövrdə Mötəzilə, Cəbriyyə, Mürciə, Qulat, Zənadiqə, Müşəbbihə, Mütəsəvvifə, Mücəssəmə,Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti, təfsir, hədis, fiqh və əqaid elmlərində qızğın mübahisələr yaranır, hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.

İmam Sadiq yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını, həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası Baqirin elmi və mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı, böyük məktəb təsis etdi. O dövrün dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm, Məhəmməd ibn Müslim, Əban ibn Təğlib, Hişam ibn Salim, Mömin Taq, Müfəzzəl ibn Ömər, Cabir ibn Həyyan və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi əsərlər yazmış, çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki, Hişam ibn Həkəm otuz bir cild, Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində, istər dəqiq elmlər, istər təbiət elmləri, istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmış, məhz buna görə də, "kimyanın atası" ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.


İmam Sadiqin (əleyhis səlam) münazirələri


Bundan öncə qeyd etdik ki, İmam Sadiqin (əleyhis səlam) yaşadığı dövr fikir və düşüncə mübarizəsi, müxtəlif məzhəb və firqələrin meydana gəldiyi dövr olmuşdur. İslam maarif və mədəniyyətinin yunan alim və filosofların fikir və rəyləri ilə mübarizəsi nəticəsində bir sıra şübhələr meydana çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhis səlam) İslam əsaslarını tanıtdırmaq məqsədi ilə bu məzhəblərin başçı və tərəfdarları ilə çoxsaylı və həyəcanlı münazirələr edirdi. Bu münazirələrlə o, bu məzhəblərin əqidəsinin puç, İslam əqidəsinin isə üstün olduğunu kəskin və məntiqli sübutlarla isbat edirdi.

İslamda xilafət sistemi digər ölkələrin hakimiyyət sistemi ilə ona görə fərqlənir ki, bu, təkcə siyasi təşkilat yox, eyni zamanda siyasi-məzhəbi bir təşkilatdır. İslami rəhbərə xəlifə adının ünvanlanması onu göstərir ki, o, siyasi rəhbərdən əlavə ilk növbədə Peyğəmbər canişinidir, Peyğəmbər isə din gətirmiş və əxlaq öyrədən bir şəxs olmuşdur. Deməli, İslamda xəlifə olmaq bu deməkdir ki, o, siyasi aləmdə vəzifə daşıması ilə yanaşı camaatın dini məzhəbi işlərini də öhdəsinə götürmüşdür. Tam qəbul edilmiş bu məsələ ona gətirib çıxartdı ki, ilk İslami xəlifələrdən sonra hakimiyyətə gələn dini məlumatı az olan, bəzən də dini məlumatı sıfır səviyyəsində olan xəlifələr bu qərara gəldilər ki, bu çatışmazlığı onlara tabe olan din alimlərinin köməyi ilə aradan qaldırsınlar və yaltaq hədisçi, təfsirçi və fəqihləri öz saraylarına cəlb etməklə hakimiyyət sistemini yenə də din və siyasət əsasında qursunlar. Bu cür şəxsləri saraya cəlb etməkdə xəlifələr üçün başqa bir məqsəd də ondan ibarət idi ki, onlar zalım və ədalətsiz xəlifələrin istəyinə əsasən, şəriət hökmələrini günün məsləhəti bəhanəsi ilə asanlıqla dəyişib,xəlifələrin tamahı əsasında (avam camaat üçün fərq qoyulması məlum olmayan) hökmləri istənilən şəkildə ələ gətirsinlər.

Ötən əsrlərin yazıçı və tarixçiləri insanı dəhşətə gətirən bir sıra qondarma olan yalan hədis və şəxsi fikir əsasında verilmiş təfsir nümunələrini qeyd etmişlər ki, onlarda siyasi qüvvələrin təsiri açıq-aşkar hiss edilir. Eynilə bu iş Quranın təfsiri barədə də icra olunurdu. Quranın, təfsirçinin öz şəxsi fikrinə əsasən təfsir olunması, Allahın hökmünü camaatın gözündə dəyişib onu öz istədiyi kimi (təbii ki, təfsirçinin istədiyi xəlifənin istəyi ilə uyğun gəlirdi) qələmə verə bilməsi bu cür işlərdən biri idi. Bu səbəbə görə, elə İslamın lap ilkin çağlarından fiqh (şəriət elmi), hədis və təfsir iki hissəyə bölünür. Birinci dəstə qəsbkar hökumət orqanlarına tabe olan dəstə olmuş və əksər hallarda həqiqəti hökumətin məsləhətinə qurban verərək dünya malına çatmaq üçün Allahın hökmünü təhrif etmişdir. İkinci dəstə isə doğru və düzgün İlahi hökmlərə heç bir məsləhəti üstün tutmayan əsl İslami dəstə olmuşdur. Təbii ki, onlar hər an hakimiyyət və onun yaltaq fəqihləri ilə baş-başa gəlmiş və bu səbəbdən də çox vaxtlar qeyri-rəsmi şəkildə fəaliyyətdə olmuşlar.

 

İmam Sadiq (əleyhis səlam) məktəbinin hökumətə qarşı olan etirazının məfhumu

Yuxarıda qeyd etdiklərimizi nəzərə alsaq, asanlıqla başa düşərik ki, Cəfəri fiqhi İmam Sadiqin (əleyhis səlam) dövründəki rəsmi fəqihlərə qarşı təkcə sadə bir dini ixtilaf olmamış, eyni zamanda hökumətə qarşı iki məzmunu da özündə ehtiva etmişdir. Onların birincisi və eləcə də, ən əsası hökumət orqanlarının lazımi dini məlumatlardan xəbərsiz olmasını və camaatı ideoloji cəhətdən idarə edə bilmədiklərini isbat etmək olmuşdur. Yəni, həqiqətdə onların xilafət kürsüsündə oturmağa layiq olmadıqları sübut olunurdu. İkincisi isə hökumətə bağlı olan fəqihlərin fiqhi məsələləri bəyan etmək və onların, hakim dairələrin istəklərini nəzərə alaraq qeyri-İslami məsləhətləri əsasında qurduqları şəriətdə dinin təhrif olunmasını sübuta yetirmək idi.Sadiq elm ocağını genişləndirib fiqh, İslam maarifi, Quran təfsirini hökumətə bağlı olan alimlərin dediyindən fərqli bəyan etməsi əməli olaraq hökumətə qarşı atılmış bir addım idi. O Həzrət hamısı bir növ hökumətin əsas hissəsi sayılan rəsmi fiqh və məzhəbi təşkilatların səhvlərini üzə çıxarıb hökumət orqanının şəriətdən kənar olduğunu isbat edirdi.

İmam Sadiqin (əleyhis səlam) səhabələrinə buyurduğu təlim və müzakirələrində xəlifələrin dini elmlərdən xəbərsiz olduqları məsələsi, İslam nöqteyi-nəzərindən onların xəlifəliyə səlahiyyətləri olmadığı açıq-aşkar müşahidə olunur. Yəni, Sadiq öz fiqh və Quran dərslərinin ehtiva etdiyi hökumətlə qarşıdurma məsələsini səhabələri arasında açıq-aşkar müzakirəyə qoyurdu. İmam Sadiqdən (əleyhis səlam) olan hədisdə oxuyuruq: "Biz o kəslərik ki, Allah-taala bizə itaət etməyi camaata vacib buyurmuşdur. Halbuki, camaat elə bir şəxsə itaət edir ki, sabah onun cahilliyi ucbatından Allah dərgahında üzürlü sayılmayacaqlar." Bu o deməkdir ki, camaat rəhbər və xəlifələrinin cahilliyi nəticəsində səhvə düçar olub Allah yolundan başqa yola getdiklərinə görə üzürlü sayılıb deyə bilməzlər ki, biz öz seçimimizə görə səhv etməmişik. Bizi bu yola sürükləyən bizim cahil rəhbərlərimiz olmuşdur. Bu üzr əsla qəbul olunmayacaq, çünki, bu cür rəhbərlərdən itaət etməyin özü səhv bir iş olub sonrakı səhvlərə bəhanə ola bilməz.


İmam Sadiqin (əleyhis səlam) siyasi fəaliyyəti


Burada bunu qeyd etmək lazımdır ki, hamının təsəvvürünün əksinə olaraq İmam Sadiqin (əleyhis səlam) hərəkatı təkcə elm sahəsində (baxmayaraq ki, bu sahə çox geniş olmuşdur) olmamışdır. Eyni zamanda, o Həzrət siyasi fəaliyyət də göstərmişdir. Ancaq İmam Sadiqin (əleyhis səlam) hərəkatının bu hissəsi bir çox yazıçı və təhqiqatçılar üçün naməlum qalmışdır. İndi isə "İmam Sadiq (əleyhis səlam) o dövrün vəziyyət və şəraitini nəzərə alıb əsla siyasət işinə qarışmamış və heç bir siyasi fəaliyyət göstərmədən xəlifələrin siyasətləri ilə hərəkət etmişdir" deyənlərin bu fikrinin əsassız və səhv olduğunu başa düşmək üçün İmam Sadiqin (əleyhis səlam) bəzi siyasi fəaliyyətlərini oxucuların nəzərinə çatdırırıq.

 

İmam Sadiq (əleyhis səlam) Abbasilərlə üz-üzə


Yuxarıda qeyd etdiyimiz kimi Bəni-Abbas Bəni-Üməyyə ilə mübarizənin əvvəllərində (Bəni-Haşimi) Peyğəmbər (səlləllahu əleyhi və səlləm) ailəsini himayə etmək,haqq-ədalət qurmaq şüarlarını verirdilər. Həqiqətən də, bir tərəfdən Əməvilərin hakimiyyəti dövründə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinin məzmlumluğu müsəlmanların ürəklərini yaraladığından, digər tərəfdən də, onlar İslam hakimiyyəti adı altında heç bir zülm etməyi əsirgəmədiyindən, Bəni-Abbas camaatın Bəni-Üməyyəyə qarşı olan ciddi narazılığından istifadə edib Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsini himayə etmək şüarı adı altında işin əvvəlində xalqın etimadını özlərinə cəlb edə bildilər. Ancaq onların Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə qarşı zülmün,haqsızlığın aradan qaldırılması və haqq-ədalətin öz yerini tutacağı barədəki vədləri nə təkcə həyata keçmədi, üstəlik çox çəkmədi ki, Bəni-Üməyyənin qeyri-İslami işləri bu dəfə bir az da, artıqlaması ilə icra olunmağa başladı. İş o yerə çatdı ki, camaat yenidən Bəni-Üməyyə hakimiyyətinin qayıtmasını arzuladı. Səffahın hakimiyyət dövrü qısa və ilk Abbasi xəlifəsinin hakimiyyət dövrü olduğundan, o vaxt hələ Bəni-Abbas hakimiyyətinin dayaqları çox da möhkəmlənmədiyi üçün onun dövründə camaata bir o qədər də zülm olunmurdu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsi də çox təzyiqlərə məruz qalmırdı. Ancaq Mənsur Dəvaniqinin hakimiyyətə gəlişi ilə zülm artdı. Mənsur nisbətən uzun müddət, yəni təxminən iyirmi bir il Sadiqin həməsri olduğu üçün onun bu müddətdə göstərdiyi təzyiqlər və törətdiyi cinayətlər barədə bir az açıqlamalar veririk.

İqtisadi təzyiq siyasəti


(İkinci Abbasi xəlifəsi) Əbu Cəfər Mənsur Dəvaniqi çox zalım, qəddar, daşürəkli bir şəxs olmuşdur. O, İslam cəmiyyətini bədbəxtliyə sürükləmiş, camaatı boğaza yığmış və kiçik bir müxalifətə belə, qılıncla cavab verirdi. Mənsur zalım olmasından əlavə, həm də həddən artıq tamahkar, paxıl, dardüşüncəli bir şəxs olmuş və Abbasi xəlifələri arasında paxıllıq və tamahkarlıq üzrə ad çıxarmışdı. Tarixi qaynaqlarda onun həddən artıq paxıllıq və tamahkarlığı barədə çoxlu dastanlar qeyd olunmuşdur. Ancaq onun cəmiyyətdə yaratdığı maliyyə çətinliklərini və insanı əldən salan iqtisadi təzyiqlərini təkcə onun paxıl və tamahkar olması ilə əlaqələndirmək olmaz. Çünki o, öz hakimiyyəti dövründə cəmiyyətin iqtisadi vəziyyətini iflic halına salaraq camaatı həyat səhnəsində məhv etdi. O, təkcə müsəlmanların ümumi malını hökumət xəzinəsində yığıb toplamaqla onu abadlıq işləri və camaatın rifahı sahəsində xərcləməmiş, üstəlik camaatın əlində olanı da, güclə onlardan alıb heç kimdə az da olsa, belə pul qoymamışdı. Bəzi tarixçilərin dediyinə görə Mənsurun bu yolla topladığı mal-dövlətin dəyəri səkkiz yüz milyon dirhəmə çatırdı.

Bəli, bütün ölkədə icra edilən bu ətraflı proqram elə bir proqram deyildi ki, onu təkcə Mənsurun son dərəcə paxıllıq və tamahkarlığı ilə əlaqələndirmək mümkün olsun. Əldə olan sübutlar göstərir ki, cəmiyyətdə iqtisadi və maliyyə çətinlikləri yaratmaq qabaqcadan hazırlanmış və Mənsurun xüsusi məqsədləri əsasında qurulmuş bir siyasət olmuşdur. Mənsurun bu çirkin siyasətdən məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac, ehtiyac içərisində olub daima ona göz diksin və belə olduğu bir halda da, ancaq qarınlarını doyurmaq fikrində olub daha böyük ictimai hadisələrlə məşğul olmağa macal tapmasın. Mənsur bir gün öz dost-tanışının bir qisminin yanında camaatı ac saxlamaqda olan məqsədini uca səslə belə bəyan etdi: "Bədəvi ərəblər öz misallarında yaxşı demişlər ki, itini həmişə ac saxla, qoy çörək tapmaq üçün daima sənin ardınca düşsün." Bu zaman Mənsurun bu təhqiramiz ifadəsindən bərk narahat olmuş bir şəxs dedi: "Qorxuram ki, başqa bir şəxs həmin itə bir parça çörək versin, it də çörəkdən ötəri onun ardınca düşüb səndən əl çəksin."

Mənsur öz hakimiyyəti dövründə təkcə özünün bu çirkin aclıq siyasəti ilə kifayətlənmir, üstəlik bu siyasəti oğlu Mehdiyə də tövsiyə edirdi. O, oğlu Mehdiyə etdiyi vəsiyyətlərin birində deyir: "Mən camaatı müxtəlif yollarla özümə tabe etmişəm. İndi camaat üç qisimdir: Bir dəstəsi ac-yalavacdır və həmişə ehtiyac əllərini sənə tərəf uzadacaq. Bir dəstəsi qaçaq düşüb həmişə öz canlarını qorumaq hayındadır. Üçüncü dəstə isə həbsdədir və öz azadlıqlarını yalnız sənin əfv və mərhəmətində arzulayır. Elə ki hakimiyyətə gəldin, camaat üçün rifah və asayiş meydanını çox açıq qoyma."

Bu həqiqətlər göstərir ki, bu proqram Mənsurun hakimiyyətinin möhkəmlənməsi məqsədilə icra olunurmuş. Məqsəd isə dövlət mülkiyyətində olan mal-dövlətdən qənaətlə istifadə etmək deyil, mübariz qüvvələri zəiflədib aradan götürməklə camaatın müxalifət sədalarını yatırmaq olmuşdur.


Kəlamları


Günlərin bir günü cahillərdən biri Cəfər əl-Sadiqdən ona Allahı göstərməsini tələb edir. İmam cavabında ona başını qaldırıb Günəşə baxmasını istəyir. Həmin şəxs isə Günəşin həddindən artıq parlaq olması səbəbindən ona baxa bilmədiyini bildirir. Belə olan halda Cəfər əl-Sadiq ondan yaranmışı görə bilmədyi halda yaradanı necə görə biləcəyini soruşur.

"Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla."[1]


Mənbə

1.↑ Əmali-Tusi, səh. 646, hədis 1339

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAM HÜSEYNİN QİYAMI VƏ ОNU DОĞURAN SƏBƏBLƏR
151-ci xütbə
İMAM CAVADIN (Ə) ŞƏHADƏTI
İmam Əliyyən-Nəqinin (ə) təvəllüdü
Peyğəmbərdən 72 suala cavab
PEYĞƏMBƏRIN (S) RUM PADŞAHINA YAZDIĞI MƏKTUBU
Məbəs bayramı
MÜHARIBƏDƏN QAÇMAQ
İMAM HÜSEYN ƏLEYHİSSƏLAMIN HƏYATI (1)
Həzrət Peyğəmbərin Milad bayramın təbrik edir

 
user comment