İbrahim (ə) qocalmışdı. Ömrünün qürub çağını yaşayırdı. Oğlu İsmayıl (ə) həsrətindən yanıb qovrulurdu. Qəlbində min arzu-dilək var idi. İsmayıl üçün darıxırdı. Neçə illər idi ondan aralı yaşayırdı. Həzrəti İbrahim (ə) ömrünün ahıl çağlarında tapmışdı İsmayılı. Lakin bu sevinc uzun sürməmiş, İbrahim (ə) ilahi əmrinə tabe olaraq Hacərlə oğlu İsmayılı otsuz-ələfsiz, susuz bir torpaqda buraxıb geri dönmüşdü...
O vaxtdan illər ötmüş, İbrahim (ə) qocalmış, İsmayıl isə böyümüşdü. İbrahimin qəlbi bu qoca vaxtında yeganə övladı İsmayılın həsrət odu ilə alovlanıb yanırdı. Ürəyindən yandırıcı ahlar qopur, gözləri qan-yaşla dolurdu. Saranın qəlbində isə qısqanclıq hissləri alovlaşır, onların görüşməsinə razılıq vermirdi. Ata oğlunun, ana isə hər ikisinin intizarını çəkirdi...
- Gedib oğlunu və arvadını görsən, qəlbin məndən dönər və bir daha geri dönməzsən – deyirdi, Sara...
Əgər söz verib, and içsən ki, orda dəəvədən düşüb qonaq qalmayacaqsan, onların görüşünə getməyinə razılıq verərəm...
İbrahim (ə)-da söz verib and içir ki, orada qalmayıb geri dönəcək... Çətin sınaqlardan çıxmış İbrahim (ə) Tanrının rəhmi və lütfünə bel bağlayaraq oğlunu görmək arzusu ilə yola rəvan olur...
İsmayıl (ə) bu vaxt boylu-buxunlu bir oğlan olmuşdu. Yaxınlıqdakı «Cürhüm» qəbiləsinin adamları ilə qaynayıb-qarışmış və onların dilini öyrənmişdi. Çox keçmir İsmayıl həmən qəbilədən bir qızla evlənir. Xoş və rahat günlər yaşayır... Amma bu xoş günlər uzun sürmür. Ata nəfəsinə həsrət qalan İsmayıl ana qayğısından da məhrum olur. Hacərin ölümü bu rahatlığı pozur.
İbrahim (ə) oğlu İsmayıldan uzaqlarda yaşasa da onu unutmamış, qəlbində, ürəyində həzin-həzin bir övlad məhəbbəti alovlanırdı. İçində sönməyən, kül altında qora dönmüş bir od var idi. İçin-için tüstülənərək onun ata ürəyini yandırıb yaxırdı...
İbrahim (ə) elə bu həsrət və yanğı ilə oğlu İsmayılın görüşünə tələsirdi. Bu arzularla gəlib İsmayılın həyətinə çatır. Dəvənin belindəcə səslənir. İçəridən bir qadın çıxır. Bu İsmayılın övrəti idi. Hacər isə görünmürdü. İbrahim (ə) soruşdu:
- İsmayıl evdədirmi?!
- Evdə yoxdu, ruzi dalınca gedib. Gec gələcək. Sözünüz varsa mənə deyin.
Sonra qadın ağır dolanacağından, acı həyatından gileyləndi. İbrahimi evə dəvət etmədi. Bu giley-güzar və həyatından narazılıq İbrahim (ə) xoşuna gəlmədi. Dərhal geri döndü. Gedən zaman oğluna salam söyləməsini və sifarişini ona çatdırmasını xahiş etdi.
- Mən gedirəm, İsmayıla çatdırarsan ki, həyətin, evin yaraşıqlı olsa da evin astanasını əyri qoymusan. Evin astanasını dəyişsin.
Bu işarədən məqsəd o idi ki, İsmayıl həyat yoldaşını dəyişsin. Özünə münasib bir qadınla ailə qursun.
Axşama yaxın İsmayıl evinə dönür. Həyətə keçəndə xoş bir ətir duyur. Xəyalı onu çox uzaqlara çəkib aparır. Nə qədər doğma və əziz idi bu ətir ona... Odur ki, qadınından soruşur.
- Mən evdə olmayanda evə kimsə gəlibdirmi. Qadın bir az duruxdu.
- Bəli, bu gün bizə bu əlamətdə, bu sifətdə bir qoca kişi gəlmişdi. Səni xəbər aldı. Həyatımızı soruşdu. Mən də ağır dolanacağımızı, çətin-liyimizi ona danışdım...
İsmayıl yenə soruşdu: - Bəs gedən zaman bir söz söyləmədi?
Qadın İbrahim (ə) sözlərini xatırlayıb dedi:
- O, sənə salam söylədi. Tapşırdı sənə çatdırım ki, həyətin, evin yaraşıqlı olsa da evin astanasını əyri qoymusan. Evin astanasını dəyiş...
İsmayıl (ə) indi bildi ki, bu xoş ətir atasının ətiridi. Onun həsrətini o qədər çəkmişdi ki...
Başını qaldırıb qadınına dedi:
- O, mənim atam imiş. Sənin əxlaq və davranışın xoşuna gəlməyib...
İsmayıl (ə) o gündən sonra o qadından ayrılır...
İllər ötür, zaman keçir. İbrahim (ə) yenə oğlu ilə görüşə gedir. Gəlib İsmayılın həyətinə çatır. Dəvənin üstə duraraq səslənir. Bu dəfə evdən başqa bir qadın çıxır. Nurlu bir çöhrəsi var idi. Elə bil bulud arxasından ay çıxırdı. Sifətində xəfif bir qızartı var idi. Ədəb-ərkanla irəli durub:
- Buyurun, gəlin,- dedi.
İbrahim (ə) soruşdu:
- İsmayıl haradadı!
Qadın cavab verdi:
- Ruzi qazanmaq üçün evdən çıxıb. İsmayıl evdə olmasa da ev burdadı. Yol gəlmisiniz, hava da istidir. Buyurun içəri keçin. Bir az sərin su içib dincəlin. İsmayıl harda olsa gələcək.
Sonra İbrahim (ə) ondan necə dolandıqlarını, güzaranlarını soruşdu. Qadın ağzını Tanrıya şükürlərlə açıb dedi:
- Günümüzü xeyir-bərəkətlə, rahatlıq və səadət içində keçiririk.
İbrahim (ə) bu sözlərdən çox sevindi. O, qadının ürəyinin genişliyinə, şükür və iman sahibi olmasına əmin olub dedi:
- Məndən ərinə salam de. Ona çatdır ki, evin də, həyətin də çox gözəldi. Evin astanasını düzəltmisən. Evin astanasını yaxşı qorusun.
Axşama yaxın İsmayıl evinə dönür. Həyətə keçəndə ona tanış olan ətri duyur. Ata ətrini...
Xanımı ilə həmsöhbət olur. İsmayıldan qabaq qadın dillənir.
- Bu gün xoş sifət, vüqarlı bir qoca kişi gəlmişdi bizə. Üzündən-gözündən nur tökü-lürdü. Səni soruşdu. Yaşayışımızı xəbər aldı. Mən də xoşbəxtliyimizdən, yaxşı həyatımızdan o nüfuzlu qocaya danışdım. Çox yalvardım, xahiş elədim ki, yol gəlmisiniz, dəvədən enin, içəri keçin, bir az dincəlin. Sərin su için... Razılıq elədi. Amma dəvədən yerə enmədi. Baxışları ilə canıma od saldı. Nə qədər mehriban, doğma baxışları var idi. Gedərkən sənə salam söylədi. Sifariş etdi ki, evin astanasını yaxşı qoruyasan...
İmayıl (ə) xanımının üzünə nəzər salıb buyurdu:
- O, mənim atamdır. Sənin davranış və əxlaqından razı qalıb. Bu sifarişlə mənə məsləhət görmüşdür ki, səndən ayrılmayım. Səni yaxşı saxlayım...
O gündən aylar ötdü, illər keçdi. İsmayıl (ə) öz ocağında ata ətirli nəsihətlərin xoş təmasından uyuyaraq ömür sürürdü...
Hazırladı:
Məşədi Mirağa MUSTAFAZADƏ