Azəri
Monday 22nd of July 2024
0
نفر 0

Əl-Maidə (Süfrə) surəsi-2

29. Mən istəyirəm ki, sən (məni öldürməklə) mənim də günahımı öz günahınla birlikdə üstünə götürəsən və beləliklə də, Cəhənnəm sakinlərindən olasan. Zalimlərin cəzası budur!"

30. Nəfsi onu (Qabili) qardaşını öldürməyə sövq etdi, onu (Habili) öldürdü və bununla da zərərçəkənlərdən oldu.

31. Sonra Allah qardaşının cəsədini necə basdırmağı ona göstərmək üçün yer eşən bir qarğa göndərdi. (Qabil) dedi: "Vay halıma! (Gör nə günə qalmışam!) Bu qarğa qədər olub qardaşımın cəsədini də basdıra bilmərəm?" O, artıq peşman olmuşdu.

32. Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara (İsrail oğullarına) açıq mö’cüzələr gətirmişdilər. Bundan (bu mö’cüzələrdən) sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar.

33. Allaha və Peyğəmbərinə qarşı vuruşanların, yer üzündə fitnə-fəsad salmağa çalışanların cəzası ancaq öldürülmək, çarmıxa çəkilmək, ya da əl-ayaqlarının çarpazvari (sağ əllərilə sol ayaqlarını) kəsilməsi, yaxud da yaşadıqları yerdən sürgün olunmalıdırlar. Bu (cəza) onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.

34. Sizin əlinizə keçməmişdən əvvəl tövbə edənlər müstəsnadır. Bilin ki, Allah bağışlayandır, rəhm edəndir!

35. Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!

36. Əgər yer üzündə olanların hamısı, üstəlik bir o qədər kafirlərin əlində olsaydı və onlar bunu qiyamət gününün əzabından qurtarmaq üçün fidyə versəydilər, yenə də onlardan (fidyə) qəbul olunmazdı. Onları şiddətli bir əzab gözləyir!

37. Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!

38. Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir!

39. Lakin hər kəs gördüyü haqsız işdən (oğurluqdan) sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

40. (Ey insan!) Məgər bilmirsən ki, göylərin və yerin hökmü Allaha məxsusdur?! O, istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!

41. Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): "İnandıq", deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: "Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının". Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!

42. Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!

43. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni necə (nə üzlə) hakim tə’yin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mö’min) kimsələr deyildirlər.

44. Şübhəsiz ki, Tövratı da Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövratdan ələ gəlib çatan ayələrlə) hökm edərdilər. Onlar (peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövratın ilahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

45. Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!

46. Onların ardınca Məryəm oğlu İsanı özündən qabaqkı Tövratı təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik.

47. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.

48. (Ya Rəsulum!) Biz (Qur’anı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitbları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Qur’an) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol tə’yin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamınızın axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir!

49. O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bə’zi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir!

50. Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü

 
user comment