Bismillahir Rəhmanir Rəhim
Əziz və hörmətli oxucu, mə`lum olduğu kimi müsəlman azəri xalqı da bir çox başqa xalqlar kimi 70 il allahsızlığı təbliğ və tərvic edən bir quruluşun tərkibində olmuşdur. Bu illər ərzində ən çox zərər çəkən, e`tiqadına ən çox zərbə dəyənlərdən biri də, bizim xalq olmuşdur. Dinin adı demək olar ki, yasaq edilmişdi. Əks istiqamətdə isə çox böyük səylə dinsizlik təbliğ olunurdu. Bütün bunların nəticəsində rabitəsini öz keçmişi, kökü və dini ilə qırmış yeni bir nəslin meydana gəlməsi təbii bir hal idi. Həmin nəsl bir ömür bu əqidəylə yaşamışdı. Onlardan vucuda gələn övladlar isə, əsl həqiqətdən tamamilə xəbərsiz bir halda böyüyürdü. Allaha şükür olsun ki, artıq o dinsiz quruluş asanlıqla tarixin karvanı ilə ötüb keçdi. İndi müsəlman övladları artıq öz dinlərilə maraqlanır, öyrənir və ona əməl edirlər.
Bu gün dini yaddaşımızın səhifələrini vərəqləyəndə İmam Hüseynin (ə) adının böyük hərflərlə, nur içində yazıldığının şahidi oluruq. Xalqımız “Məhərrəmlik” deyib bu ayda qaraya bürünsə də, çoxlarının azadlıq simvolu, şəhidlər şahı İmam Hüseyn (ə) barəsində mə`lumatı kifayət həddə deyildir. Kimisi İmam Hüseynin (ə) adı çəkiləndə elə bilir ki, həmin vaxt hansısa imamlar (ə) öldürülüblər. Kimisi Yezid adlı bir şəxsin ona su verməməsini, kimisi ərəblərin davasında şəhid olduğunu, kimisi də yezidlərin onu öldürdüyünü hesab edir. Xülasə desək, dini mə`lumatların azlığı və ya yoxluğu nəticəsində o əzəmətli İmam barəsində təsəvvür çox məhduddur. Bəs, həqiqət necədir? İmamı kim şəhid edib? Yalnız özünümü şəhid ediblər? Nə üçün qaçmayıb? Müsəlmanlar Peyğəmbərin (s) nəvəsinin öldürülməsinə necə razı oldular? Məgər onu öldürənlər müsəlman deyildi? Bəs müsəlman müsəlmanı öldürməyə necə cür`ət edə bilər?
Bu kimi suallarla tərtib olunmuş İmam Hüseyn (ə) barəsində olan bu məqaləni siz əzizlərin diqqətinə çatdırırıq. Ümid edirik ki, bu yazımızda qısa da olsa İmam Hüseyn (ə) ilə bağlı sizlərə diqqətəlayiq mə`lumatlar çatdıracağıq.
İmam Hüseyn kimdir, nə vaxt, harada və kimin ailəsində dünyaya gəlmişdir?
İmam Hüseyn (ə) islam tarixi ilə dördüncü ilin, şəban ayının üçündə, Mədinə şəhərində imam Əli (ə) və Peyğəmbər (s) qızı həzrət Fatimənin (ə) ailəsində dünyaya göz açmışdır. O Həzrət müsəlmanların üçüncü imamıdır. Babası İslam peyğəmbəri həzrət Məhəmməddir (s).
Peyğəmbərin (s) sağlığında İmam Hüseyn (ə) dünyaya gəlmişdimi və Peyğəmbərin ona qarşı münasibəti necə idi?
Mə`lum olduğu kimi Peyğəmbər (s) islam tarixinin onuncu ilində dünyadan getmişdir. İmam Hüseyn (ə) isə dördüncü ildə dünyaya gəlmişdir. Mə`lum olur ki, o Həzrətin (ə) ömrünün altı ili babasının həyatda olduğu dövrə təsadüf edir. Peyğəmbər (s) onu bir nəvə kimi istəməkdən əlavə, ona gələcəyin bir imamı kimi baxırdı və adını da özü qoymuşdu. Peyğəmbərimiz (s) öz səhabələri içində dəfələrlə ona xüsusi hörmətini, sevgisini bildirmiş, səbəbini soruşanlara isə onu Allahın çox sevdiyinə görə sevdiyini buyurmuşdu. Aşağıdakı hədislər İslam Peyğəmbərinin (s) dilindən çıxmışdır: “Hüseyn hidayət çırağı, nicat gəmisdir”, “Hüseyn məndən və mən də Hüseyndənəm” və s.
İmam Hüseynin şəxsiyyəti
Əgər biz o Həzrətin atasının Həzrət Əli, anasının behişt meyvəsi ilə dünyaya gələn Peyğəmbər qızı Fatimə (s) və babasının insanlar içində Allahın ən şərəfli, sevimli, seçilmiş məxluqu həzrət Məhəmməd (s) olduğunu bir anlıq təsəvvür etsək, bu kifayətdir. Ancaq, əlavə edək ki, o Həzrət ibadət, itaət, səbir, şücaət, səxavət və s. kimi xüsusiyyətləri ilə atası və babasına çox oxşayırdı. Belə ki, elə uşaqlıq dövrlərindən əzəməti ilə diqqəti cəlb edirdi. Ondan böyük qardaşı, İmam Həsən (ə) ona xüsusi hörmətlə yanaşırdı. Sanki İmam Hüseyn (ə) ondan böyük idi. Bunun səbəbini soruşduqda isə buyurardı: “Mən onda Əmirəl-mö`mininin heybətini, əzəmətini müşahidə edirəm”.
Oğlu İmam Səccaddan (ə) nə üçün İmam Hüseynin (ə) övladlarının az olduğunu soruşduqda belə cavab vermişdi: “Onun necə mənim kimi çoxlu övladı ola bilərdi? Axı o gecə-gündüz ərzində min rük`ət namaz qılardı...”
O həzrət həm cisim, həm də rəftarlarında Peyğəmbərə (s) lap çox oxşayırdı. Camaat onu gecələr mübarək bədənindən ətrafa saçılan nurla tanıyardılar.
İslam Peyğəmbəri (s) onun şəhid olmağı barəsində müsəlmanlara xəbər vermişdimi?
Peyğəmbərimiz (s) dəfələrlə onun zalım bir qövm tərəfindən şəhid ediləcəyi barəsində müsəlmanlara xəbər vermiş, hətta şəhid ediləcəyi yerin adının Kərbəla olduğunu və orada baş verənləri əvvəlcədən bildirmişdi. Peyğəmbərimiz (s) onun şəhadətini yad edərkən dəfələrlə ağlamış və onun qatillərini lə`nətləmişdi.
İmam Həsən (ə) İmam Hüseyndən (ə) yaşca böyük idi və imamlıq məqamı onun öhdəsində idi. Ancaq o hökumətə, onun başçısı Müaviyəyə qarşı qiyam etmədi. Ömrünün axırınacan Müaviyə ilə sülh şəraitində yaşadı. Bəs nə üçün İmam Hüseyn (ə) qardaşından sonra hökumətə qarşı çıxdı ?
Əvvəla, İmam Hüseyn (ə), qardaşı Müaviyənin əli ilə şəhid edildikdən sonra imamət məqamında olsa da on il müddətində qiyam etmədi. İkincisi isə, hansı hökumətdən söhbət gedir?! Məgər Müaviyə müsəlmanların rəhbəri idimi?! O, üzdə islamdan dəm vursa da əslində çox məkrli bir kafir idi. Müaviyə şərab içir, eyş-işrətlə məşğul olur, məzlum insanları qətlə yetirir, camaatın var-yoxunu talayaraq xəzinəni doldururdu. Özünü Peyğəmbərə (ə) qohum kimi qələmə verərək avam müsəlmanların gözündən pərdə asırdı. O vaxt onun başçılıq etdiyi hökumətin mərkəzi Şam idi. Şam isə həmin vaxt dini təbliğatdan kənarda qalmışdı. Müaviyə özü də ikinci xəlifə tərəfindən ora vali tə`yin edilmişdi. O vaxtdan başlayaraq müxtəlif hiylələrlə özünü orada bacardıqca möhkəmlətmişdi. İllər keçdikcə həyata göz açan yeni nəsil onu və onun rəftarlarını görmüş, İslamı Müaviyənin simasında tanımışdılar. Siz təsəvvür edin, Şam camaatı elə güman edirdi ki, Peyğəmbərin (s) Müaviyədən başqa qohumu yoxdur. Müaviyə camaatı manqurtlaşdırma metodundan istifadə edərək camaat arasında “cəbr” əqidəsini yayırdı. Yə`ni Müaviyə nə iş görürdüsə: Bu Allahın işidir – deyilməliydi. Hətta bu əqidəyə görə o, özü də öz rəftarlarının əksini edə bilməzdi. Çünki Allah-taala əvvəldən nə yazıbsa o da olmalıydı. Bu cəbri e`tiqad üsulu Bəni-Üməyyə hakimiyyətinin ideoloji dayaqlarından biri idi. Bu metod xalqın qiyamının qarşısını alan olduqca məkrli bir silah idi. Onlar deyirdilər:
“Hakimiyyətdəkilərin əməlləri nə qədər pis və haqdan uzaq olsa da Allahın yazdığıdır və bunu heç cür dəyişmək mümkün deyildir”.
Avam camaat isə bütün bu deyilənlərə inanır, hakimiyyətin etdiyi zülmlər müqabilində susurdular. Müaviyə 42 il (5 il ikinci xəlifənin, 12 il üçüncü xəlifənin, 4 il İmam Əlinin (ə), 6-ay İmam Həsənin dövründə) Şamın valisi olmuş, 20 il isə islam hökumətinə başçılıq etmişdir. Siz təsəvvür edin, belə bir xəbis insanın İslam hökumətinə başçılıq etməsi dində nə böyük faciə idi! Ancaq, dediyimiz kimi onun zahirdə İslama riayət etməsi onun əsl şeytan sifətini həmişə gizlədirdi. Elə İmam Həsənin (ə) ona qarşı qiyam etməməsinin başlıca səbəblərindən biri budur. Camaat Müaviyənin şirin və`dlərinə, pul kisələrinə aldanaraq İmamın ətrafından dağılışdılar. Camaat rahatlığa uymaqla Allah yolunda cihada getməkdən imtina edirdi. İmam Həsən (ə) onları nə qədər Müaviyə əleyhinə döyüşə səsləsə də, bir nəticə vermirdi. İmamın qoşun başçıları Müaviyə tərəfindən göndərilən qızıla aldanaraq bir-bir ona tərəf keçirdilər. İmam Həsən (ə) tək qaldığını gördükdə məcbur qalıb Müaviyənin sülh təklifli məktubuna xüsusi şərtlər qoymaqla müsbət cavab verdi. İmamın bundan başqa çarəsi yox idi. Bəs necə demək olar ki, İmam, Müaviyə kimi bir alçaqla sülh şəraitində yaşamışdır?! İmam zəhərlənənə kimi müqaviləyə əməl edərək hökumətə qarşı bir əks-tə`sir göstərmədi. Ancaq Müaviyə dəfələrlə müqaviləni pozmuşdu. İmam Hüseynin (ə) on il müddətində hökumətə qarşı çıxmamasının bir səbəbi də qardaşı ilə Müaviyə arasında imzalanmış bu müqavilə olmuşdur (Şərtlərə əsasən Müaviyə öləndən sonra hökuməti İmam Həsənə həvalə etməliydi). Digər tərəfdən isə Müaviyə üzdə İslama riayət edir, namaz qılır, aşkar şərab içmirdi. Ancaq elə ki, Müaviyə cəhənnəmə vasil oldu, daha bir səbəb qalmamışdı ki, İmam Hüseyn (ə) İslam uğrunda mübarizəyə qalxmasın. Həzrət görürdü ki, İslam artıq məhvolma ərəfəsindədir.
Həzrət müxtəlif məqamlarda öz qiyamının mahiyyəti haqda buyurmuşdur:
“Əgər onlar məndən bey`ət tələb etməsələr belə, yenə də aram və sakit oturmayacağam. Çünki mənim xilafətə qarşı müxalifətim yalnız Yezidlə bey`ətə görə deyil ki, əgər onlar bey`ət işində sakit qalsalar, mən də sakit duram. Yezid və onun sülaləsinin varlığı zülm, sitəm, əxlaqsızlığın varlığı deməkdir. Bu mənim vəzifəmdir ki, fitnə-fəsadı aradan qaldıram, yaxşılığa əmr edib, pislikdən çəkindirəm, babam Peyğəmbərin qanunları və atam Əlinin getdiyi yolu dirçəldəm, haqq-ədalətin bərpası üçün ayağa qalxam və Bəni-Üməyyənin azğınlıqlarına son qoyam. Qoy bütün dünya bilsin ki, Hüseyn vəzifə, var-dövlət və məqam, iğtişaş və fitnə-fəsad ardınca deyil”.
“Yezidin müsəlmanlara hakimiyyəti ilə İslamın “fatihə”sini oxumaq lazımdır!”
“Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün qiyama qalxdım!”
“Mənim kimi bir şəxs, əsla Yezid kimi şərabxora bey`ət etməz”.
“Mənim inqilab və mübarizəmə səbəb zülmün, azğınlığın baş alıb getməsi və İslam qanunlarının dəyişilməsidir. Bu inqilabi hərəkatdan məqsəd yaxşılığa əmr etmək, pislikdən çəkindirmək, ictimai əxlaqsızlığı aradan qaldırmaq və İslamın unudulmuş, əvəz olunmuş hökmlərini bərpa etməkdən başqa bir şey deyildir”.
“Camaat, ayılın! Bunlar (Bəni-Üməyyə) Allaha itaəti unudub şeytanın itaətini özlərinə vacib bilmiş, fəsad törədərək ilahi qanunları pozmuş, Peyğəmbər (s) ailəsinə məxsus olan əmlakı mənimsəmiş və Allahın halal-haramlarını, əmr-qadağalarını təhrif etmişlər. Mən müsəlman ümmətinə rəhbərliyə babamın dinini dəyişdirən bu azğınlardan daha layiqəm”.
İmamın qiyam etməsinə iki şey müqəddimə oldu. Birincisi Müaviyənin cəhənnmə vasil olması idi. Artıq bir səbəb yox idi ki, İmamı zahirdə susmağa vadar etsin. Müaviyənin getməslə müqavilə də qüvvədən düşdü. İkincisi isə şərabxor, itbaz, meymunbaz Yezid kimi düşkün bir yaramazın hakimiyyətə gəlməsi idi. Axı belə bir şəraitdə İmam Hüseyn necə susa bilərdi?! Allahın yer üzündəki canişini necə razı ola bilərdi ki, gözü önündə uğrunda illərlə zəhmət çəkilmiş, qanlar axıdılmış bir din xəbis bir kəsin əlilə aradan getsin. Yezid öz şeirlərində deyirdi: “Bəni-haşim (Peyğəmbərin nəsli-m.) xilafətlə oynadı, halbuki nə vəhy nazil olmuş, nə də göydən bir xəbər nazil olmuşdur”. Yaxud deyirdi: “Əgər şərab içmək Məhəmmədin dinində haramdırsa, sən onu İsanın dinində iç!” İndi siz təsəvvür edin, Peyğəmbərin (s) canişini deyil, imam deyil, sadəcə vicdanlı bir mömin, müsəlman olsaydı, belə bir vəziyyətdə nə edərdi?
Ona görə də İmam İslamı qorumaq, cəddinin dinini xürafatlardan təmizləmək və əmr be mə`ruf və nəhy əz münkər etmək üçün qiyama qalxdı...