Azəri
Monday 6th of May 2024
0
نفر 0

Əl-Maidə (Süfrə) surəsi-3

51. Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri (özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!

52. Ona görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və xaçpərəstlərin) içində vurnuxan və: "Bizə bir fəlakət üz verməsindən (islamın məğlubiyyətindən) qorxuruq", - deyən görərsən. Amma, ola bilsin ki, Allah (mö’minlərə) bir zəfər gətirsin və Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində gizlətdiklərindən (küfr və nifaqdan) peşman olsunlar.

53. İman gətirənlər isə deyəcəklər: "Sizinlə birlikdə olacaqları barədə Allaha (yalandan) möhkəm andlar içən kəslər bunlarmıdır?" Onların (bütün) əməlləri puça çıxdı və (axirətdə) zərərçəkənlərdən oldular.

54. Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö’minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!

55. Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər.

56. Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).

57. Ey iman gətirənlər! Sizdən əvvəl kitab verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə dost tutmayın. Əgər mö’minsinizsə Allahdan qorxun!

58. Siz (bir-birinizi) namaza çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir tayfa olmalarındandır.

59. (Ya Rəsulum!) De: "Ey kitab əhli! Bizdən xoşunuz gəlməməyiniz yalnız bizim Allaha, bizə nazil edilənə və bizdən daha əvvəl nazil edilənlərə inanmağımıza və sizin əksəriyyətinizin fasiq olmasınamı görədir?!

60. De: "Allah yanında cəza e’tibarilə bundan (dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allahın lə’nətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara (bütlərə) ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!

61. (Münafiqlər) sizin yanınıza gəldikləri zaman: "Biz iman gətirdik!" - deyirlər. Halbuki onlar (sizin hüzurunuza ürəklərində gizlətdikləri) küfrlə daxil olmuş, küfrlə də çıxıb getmişlər. Allah onların gizlətdiklərini (özlərindən) daha yaxşı bilir!

62. Onların bir çoxunu günah işləməyə, düşmənçilik etməyə və haram yeməyə tələsən görərsən. Onların gördüyü işlər necə də pisdir!

63. Kaş onların (yəhudilərin) din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! Onların törətdiyi əməllər necə də pisdir!

64. Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lə’nətə gəldilər. (Və ya dedikləri sözə görə onların öz əlləri bağlansın və lə’nətə gəlsinlər!) Xeyr, Allahın əlləri açıqdır. (O, kərimdir, səxavətlidir), istədiyi kimi lütf (və ehsan) edər. Rəbbindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız küfrünü və azğınlığını artırar. Biz onların arasında qiyamət gününə qədər davam edəcək düşmənçılik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!

65. Əgər kitab əhli (Muhəmməd peyğəmbərə və Qur’ana) iman gətirsə və Allahdan qorxaraq pis əməllərdən çəkinsə, Biz, sözsüz ki, onların günahlarının üstünü örtər və özlərini də (ne’məti bol olan) Nəim cənnətlərinə daxil edərik.

66. Əgər onlar Tövrata, İncilə və Rəbbi tərəfindən özlərinə nazil edilənə (ilahi kitabların sonuncusu olan Qur’ana) düzgün əməl etsəydilər, onlar həm (başları) üstündə, həm də ayaqları altında olanlardan (göylərin və yerin ne’mətlərindən) yeyərdilər. Onlar arasında mö’tədil (islam dininə qarşı heç bir ədavət bəsləməyib onun müqəddəsliyini e’tiraf edən) bir camaat vardır. Lakin onların çoxusunun gördüyü işlər necə də pisdir!

67. Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Qur’anı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!

68. De: "Ey kitab əhli! Tövrata, İncil və Rəbbiniz tərəfindən sizə nazil edilmiş olana (Qur’ana) düzgün əməl etmədikcə, siz (Allah yanında məqbul, dini baxımdan doğru olan) heç bir şey üzərində deyilsiniz. Rəbbin tərəfindən sənə nazil edilən (Qur’an) onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır. Elə isə kafir tayfanın halına acıma!

69. Şübhəsiz ki, iman gətirənlərdən, yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməzlər!

70. Biz İsrail oğullarından əhd almış, onlara peyğəmbərlər göndərmişdik. Hər dəfə bir peyğəmbər onlara ürəklərinə yatmayan bir hökm gətirdikdə (həmin peyğəmbərlərin) bir qismini yalançı hesab edər, bir qismini də öldürərdilər.

71. Və elə hesab edərdilər ki, (bunun müqabilində özlərinə) heç bir bəla üz verməyəcəkdir. Onlar kor və kar oldular. (Haqqı görməkdən və eşitməkdən aciz qaldılar). Sonra Allah onların tövbələrini qəbul etdi. Bundan sonra onların bir çoxu yenə (haqqı) görməz və eşitməz oldu. Allah onların nə etdiklərini görəndir!

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ
Mühitin insan ruhuna təsiri
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Qəflət azğınlıqla nəticələnir
ANA QARĞIŞI VƏ QƏBİR ƏZABI (1)
Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)

 
user comment