Azəri
Sunday 5th of May 2024
0
نفر 0

MÜAVİYƏNİN ƏLİ ŞİƏLƏRİ İLƏ SƏRT DAVRANMASI

MÜAVİYƏNİN ƏLİ ŞİƏLƏRİ İLƏ SƏRT DAVRANMASI

Müaviyə həzrət Əlinin (ə) təqva və ədalətinin tezliklə xalqın xatirəsindən silinəcəyini bilirdi. Bə’zi şəxslərin Əli (ə)-a və ailəsinə tərəfdar olub ona qarşı çıxacağını da bilirdi. İraq yavaş-yavaş Qəhtani tayfasının əsas mərkəzinə çevrilmişdi. Bədr döyüşündə Müaviyənin yaxın qohumlarını öldürən də ənsar olmuşdu. Süffeyn müharibəsində Şama ağır zərbə vuran da İraq olmuşdu. İraq əsrlər boyu siyasi və iqtisadi hakimiyyətə sahib olmaq, Hind okeanından Aralıq dənizinə qədər uzanan ticarət yolunu əldə etmək üçün Şamla münaqişədə olmuşdur. Müaviyə bu əhalini tənbeh etmək üçün bir tərəfdən öz nümayəndələrinə yazıb bildirdi ki, Əlinin şiələrinə işkəncə verməkdən çəkinməsinlər, digər tərəfdən isə xətiblərə minbərdə Əlini təhqir etmələrini tapşırdı. Muğeyrəni Kufəyə hakim tə’yin edən zaman ona dedi: Sənə bir neçə tapşırıq vermək istəyirəm! Əlini söyməkdən və Osmana rəhmət oxumaqdan çəkinmə, həmçinin bacardıqca Əlinin tərəfdarlarında eyib tut.

Ondan sonra xətiblər hər namazdan sonra Əlinin (ə) adını hörmətsizcəsinə yad edər, dinini dünyaya satmış hədis rəvayətçiləri də onu razı salmaq üçün Əli (ə)-ın barəsində məzəmmətedici, Əməvilərin isə fəziləti barədə hədis qoşmaqdan usanmadılar.

Əli (ə)-ın şəhadətindən sonra İraqın ağsaqqalları onun yanına gedəndə onları təhqir edər, onların aşağı nəsildən olduqlarını və ağır yaşayış tərzlərini başlarına qaxınc edərdi. Bə’zi vaxtlar İraqlılar ona layiqli cavab verərdilər. Müaviyənin Əli şiələrinə qarşı ən çirkin rəftarı Hucr ibni Ədini öldürmək olmuşdur. Çünki zahid və dindar olan bu şəxs bir gün məsciddə xətibin Əli (ə)-a söyüş söydüyünə e’tiraz etmişdi. Ziyad ondan Müaviyəyə şikayət etmiş və Müaviyə də onu Şama göndərməyi əmr etmişdir. Ziyad Hucr ilə bir neçə nəfəri qandallayıb Şama yollayarkən onların yolda boyunlarını vurmuşdular.

ÜRƏK QORXUSU VƏ VƏHŞİLİK

İslam hakimiyyəti Mədinədə təsis olunan vaxtdan Əli (ə)-ın xilafətinin sonuna qədər müsəlmanların hakimləri ictimai və siyasi məsələlərin həlli zamanı mühacir və ənsarın başçıları ilə məşvərət edər və onlar çəkinmədən öz nəzər və rə’ylərini bəyan edərdilər. Göründüyü kimi, hələ Peyğəmbər (s) öz zamanında şəriət hökmündən əlavə olaraq bə’zi anlarda öz silahdaşlarının rə’y və təkliflərini qəbul etmişdir. Xəlifələr də bu ən’ənəyə sadiq qalmışlar. Qarşıya çıxan problemin cavabını Qur’an və sünnədən tapmadıqda Peyğəmbərin səhabəsindən nə etmək lazım olduğunu soruşardı. Xəlifənin çıxardığı qərar da Qur’an və sünnəyə birbaşa zidd olmamalı idi. Əgər xəlifənin öz ictihadı əsasında gördüyü iş ilahi kitaba (Qur’an) və Peyğəmbər sünnəsinə zidd olsaydı onu tənbih və ya məzəmmət edərdilər. Ömər deyərdi: Düz hərəkət etmədiyimi görsəniz, məni ayıldın. Hətta bir gün məclisdə oturanlardan biri onun cavabında belə dedi: Səni qılıncla düz yola yönəldəcəyik. Osman hakimiyyətinin son illərində yaxın qohumlarının xalqla onun arasında ayrılıq salmalarına baxmayaraq bacardıqca xalqla yaxın ünsiyyətdə olmağa çalışırdı. Belə ki, dəfələrlə ona qarşı olan e’tirazları söyləmələrini istəmiş, hətta məscidə gələrək irad tutanlara işləri sahmana salacağını və’d etmişdi, lakin ətrafındakılar ona bu imkanı vermədilər.

Müaviyənin hakimiyyətindən sonra xəlifəyə və onun mə’murlarına irad tutmaq yığışıldı. Onun bu mə’murlarının danışıq və rəftarına irad tutan şəxslər tənbih edilir və yaxud işkəncə və ölümə mə’ruz qalırdılar. Belə ki, Hucur ibni Ədiy və dostları Əli (ə)-a söyməyi rəva bilmədiklərinə görə ölümə məhkum olurdular.

O vaxtdan bəri artıq camaat öz vəzifəsini bilir, Allahın bəyəndiyi sözləri deyil, xəlifənin xoşuna gələn sözlər danışmağa çalışırdılar. Dinə azacıq ehtiramı olanlar da belə hakimlərin hərəkətləri qarşısında sakit otururdular. Belə ki, Müaviyə camaatdan Yezidin vəliəhd olması haqda rə’ylərini öyrənmək istədikdə Əhnəf ibni Qeys sakit oturmuşdu. Müaviyə isə ona: Sən niyə dinmirsən? Dedi: Əgər düz danışsam sən inciyəcəksən, yox əgər batil, nahaq desəm Allahı qəzəbləndirəcəyəm.

Ənsar, mühacir və etiqadlı müsəlmanların sayı azaldıqca, hökmlərin icrasına (doğru işlərə də’vət edib, yaramaz işlərdən çəkindirmə) nəzarətin zəifləməsi daha çox gözə çarpırdı. Hicrətin 40-cı ilindən sonra iş başına gəlmiş cavanların nə Peyğəmbər dövründəki islamdan xəbərləri var idi, nə də ki, ondan sonrakı hakimlərin sərt rəftarlarını görmüşdülər. Bu nəsil iğtişaşlı dövrdə boya-başa çataraq, sərt zəmanədə yaşadıqlarından təbiidir ki, həqiqi islamdan və bu dinin əsas dayağı olan ədalətdən xəbərləri yox idi. Ancaq bu dəyişikliklər islamın sadə dövründə yaşamış insanlar üçün ağır gəlirdi, onlar təəssüf hissi keçirsələr də bir iş görə bilmirdilər.

Müaviyənin dövründə birini məzəmmət, digərini isə tərif etmək haqda qoşulan hədislər rəvac tapdı, özü də bu hədisləri Peyğəmbər (ə)-ın adına çıxarırdılar. O zaman hədislər yazılmazdı, bəlkə dilləri dolaşaraq zehinlərdə həkk olunurdu. Hər kəs də ona öz istədiyi şeyi əlavə edər, ya da hədisdən bə’zi şeyləri azaldardı. Hədis kitablarında “Fəzilətlər” adlı fəslə rast gəlirik ki, orada ancaq hansısa bir şəxsin, qəbilənin, ailənin və ya bir şəhərciyin tərifinə həsr edilmişdir. Tarixi kitablarda isə islam fəthlərində hansısa müəyyən bir ailənin daha çox iştirak etdiyi rəvayətə rast gəlirik. Belə rəvayətlərə şübhə ilə yanaşmalı, bə’zən isə rədd etməliyik. Çox təəssüflər olsun ki, bu rəvayətlərin böyük əksəriyyəti 1 və 2-ci əsr islam tarixinin əsas mənbə dayağına çevrilmişdir və belə rəvayət və hədislər arasından düzgününü və yaxud düzgünlüyə yaxın olanı araşıdırıb üzə çıxarmaq tarixçilər üçün ağır bir məs’uliyyət tələb edir.

MÜAVİYƏNİN FƏTHLƏRİ

Uqbə ibni Nafe’nin Afrikadakı və şərqi İran nahiyəsində mə’muriyyətdə olan əsgərlərin fəthləri haqda qısa da olsa mə’lumat verdik. Müaviyə Rum imperatorları tək nizam-intizamlı və təcrübəli bir ordu hazırladı. Bu qoşun iki dəstədən - Yəmani və Qeyslərdən seçilmişdi. O, Yəmaniləri özünə daha yaxın bilib onlara Qeyslilərdən artıq məvacib verirdi. Onların Muzərilərə qarşı lovğalıq etməsi ona pis tə’sir bağışladığından hər iki qəbiləni bir-birindən ayırdı. Yəmanilərdən ibarət qoşunu dənizə, Qeysliləri isə qurudakı döyüşlərə göndərərdi. Fəthlərdən əlavə olaraq tutulmuş ərazilərdə iğtişaş baş verərkən onları yatırtmaq üçün bu qoşundan istifadə edərdi.

Müaviyə Şama hakim olandan sonra dəniz qüvvələri təsis etmişdi ki, onlar Aralıq dənizində fəaliyyət göstərmiş və hicrətin 28-ci ilində Kipr adasını fəth etmişdir. Onun xilafəti zamanı hicrətin 53-cü ili Müaviyə ibni Xudəyc Seysil adasını, Cənadə ibni Əbi Uməyyə isə Rudos adasını fəth etmişlər. Onun qoşunları 54-cü ildə (hicri) qurudan və sudan İstambula hücum etdilər. Lakin bu şəhər iki qat divarla əhatə olunduğundan, yüksək qala divarları üstündən qaynar su tökən əskərlərin şəhəri yaxşı müdafiə etdiyindən heç bir irəliləyiş əldə olunmadı. Nəhayət üç illik mühasirədən sonra qoşun böyük itkiyə məruz qalaraq məcbur olub geri çəkildi.

MÜAVİYƏNİN ÖLMÜ

Müaviyə hicri tarixi ilə 60-cı ilin baharında səksən yaşında ikən öldü. Onu Dəməşqdə Bab-əl-cabiyə ilə Bab-əl-səğir arasında dəfn etmişlər.

Müaviyə hiyləgər, uzaqgörən, xalqı gözəl tanıyan bir şəxs idi. Bacardığı qədər düşmənlərini ya sərvət, ya da yağlı dil ilə aldadardı. Saysız-hesabsız hədiyyələr verdiyinə görə irad tutulduqda isə deyərdi: Bu hədiyyələr döyüşə xərc olunan pulun az bir hissəsini təşkil edir. O, demək istəyirdi ki, mən bu pullarla baş verə biləcək döyüşün qarşısını alıram.

Onun bacarıqlı olması haqda deyərdilər: Onun üzünə yeddi qapı belə bağlansa, yenə də bir yol tapıb oradan çıxar.

YEZİDİN XİLAFƏTİ

Müaviyə ölən zaman Yezid Huvvarində yaşayırdı. Şamın darğası – Zəhhan ibni Qeys atasının ölümünü ona xəbər verdi. Yezid Dəməşqə gəlib məscidə yollanaraq minbərə çıxdı və qısa şəkildə çıxış edərək Müaviyəni təriflədi və Allahdan onun bağışlanmasını arzuladı.

Xilafəti ələ keçirdikdən sonra Yezidin görəcəyi əsas işlərdən biri xalq arasında nüfuza malik olub onunla bey’ət etməyənlərin əlindən yaxa qurtarmaq idi. Bunlar Qüreyş əsilzadələrindən olan aşağıdakı şəxslər idilər: Ömərin oğlu Abdullah, Zübeyrin oğlu Abdullah və bir də Hüseyn ibni Əli (ə). Ömərin oğlu Abdullah inqilabçı şəxs deyildi. Zübeyrin oğlu isə cəsarətli və tədbirli idi, xəlifə olmaq eşqi ilə yaşayırdı, ancaq əsil-nəsəbinə görə və ictimai mövqe baxımından öz ətrafına çoxlu sayda adam toplaya bilməmişdi. Yezidin yeganə qorxduğu şəxs Mədinədə yaşayan Hüseyn ibni Əli (ə) idi. Hüseyn həm Peyğəmbər qızının, həm də Əli ibni Əbi Talibin oğlu idi. Haşimilərin başçısı, elmli, təqvalı və xalq arasında böyük nüfuz və dəyərə malik idi. Yezid bilirdi ki, iraqlılar belə bir üstün şəxsdən əl çəkməyib onun ətrafına toplaşacaqlar. Buna əsasən Mədinənin valisi Vəlid ibni Utbəyə yazır ki, Hüseyndən bey’ət almayınca əl çəkməsin və əks təqdirdə e’dam edib başını Şama göndərsin. Mədinənin valisi öz müşaviri Mərvan ibni Həkəmdən soruşdu: Nə etməli, vəzifəmiz nədən ibarətdir? Mərvan dedi: Camaat Müaviyənin ölmündən xəbər tutmamış, Zübeyrin oğlu Abdullahı və Hüseyn ibni Əlini çağırıb hər ikisindən bey’ət al, əgər bey’ət etməsələr onları öldür! Lakin Ömərin oğlu Abdullahdan nigaran olma. Vəlid Abdullah ibni Zübeyrlə Hüseyn ibni Əlini (ə) çağırtdırdı. Zübeyrin oğlu gizlənərək gecə gizli yolla Məkkəyə yola düşdü.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nigeriya Şiələri Qüds Günün möhtəşəm qeyd etdi
Səqifə damı altında “Səqifə” cərəyanı
ƏLİ (Ə)-IN ŞƏHADƏTİNDƏN SONRA İSLAMIN ƏHATƏ DAİRƏSİ
ŞİMАL VƏ QƏRBDƏ İRƏLİLƏYİŞ
KƏ’BƏNİN VİRAN EDİLMƏSİ
İSLAMIN ZÜHURU
Mina qurbanı həzrət İsmayıl (ə)
SƏBА DÖVLƏTİNİN SÜQUTU, HƏMİRİLƏRİN HАKİMİYYƏTƏ GƏLİŞİ
MƏRVANİLƏR
İNSАNIN HЕYVАNDАN ÜSTÜNLÜYÜ

 
user comment