Azəri
Monday 22nd of July 2024
0
نفر 0

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI

MÖ᾽CÜZƏNİ İNKAR EDƏN ÜÇÜNCÜ AYƏNİN ARAŞDIRILMASI

وَيَقُولُ الَّذِينَ كَفَرُواْ لَوْلآ أُنزِلَ عَلَيْهِ آيَةٌ مِّن رَّبِّهِ إِنَّمَا أَنتَ مُنذِرٌ وَلِكُلِّ قَوْمٍ هَادٍ

«Müşriklər: «Barı peyğəmbər [bizə dediklərinin doğru olduğunu bilməyimiz üçün] Rəbbi tərəfindən bir mö᾽cüzə nazil edəydi!» – deyirlər. Onlara belə cavab ver: «Qeyb [aləmi] ancaq Allaha məxsusdur. Elə isə [Allahın əzabını] gözləyin.» Doğrusu mən də sizinlə birlikdə gözləyirəm!» (Yunus-20).

Onlar deyirlər: Ayənin məzmunundan belə mə᾽lum olur ki, müşriklər Peyğəmbərdən (s) mö᾽cüzə gətirməsini istədikdə o, mö᾽cüzənin onun ixtiyarında deyil, Allahın istək və iradəsindən asılı olduğunu bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, Peyğəmbərin (s) Qur᾽andan başqa heç bir mö᾽cüzəsi olmamışdır. Bu məzmunda ayələrə Qur᾽anın digər surələrində də rast gəlirik. Məsələn Rə᾽d surəsinin 1-ci və Ən᾽am surəsinin 37-ci ayəsində deyilir.

«Kafir olanlar: «Məgər ona Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?» – deyirlər. Sən ancaq [insanları Allahın əzabı ilə] qorxudansan, hər tayfanın [doğru yol göstərən] bir rəhbəri [peyğəmbəri] vardır.» (Rə᾽d-7).

«[Məkkə müşrikləri] dedilər: “Məgər ona [Peyğəmbərə Rəbbindən bir mö᾽cüzə endirilməli deyildimi?” De ki: Allah mö᾽cüzə endirməyə qadirdir. Lakin onların əksəriyyəti [belə bir mö᾽cüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başlarına gələcək müsibət və fəlakəti] bilməz!» (Ən᾽am-37).

Müşriklərin istinad etdikləri bu mətləbə də biz iki cür cavab verə bilərik.

Birinci cavab: Əvvəlki ayələrdə olduğu kimi bu ayədə də inkar olunan mö᾽cüzələr Peyğəmbərin (s) bütün mö᾽cüzələri deyil, müşriklərin inadkarlıqla Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələrdir. Bir qədər əvvəl qeyd etdik ki, müşriklərin tələb etdikləri mö᾽cüzələr peyğəmbərlərə iman gətirmək və ya onların həqqaniyyətini dərk etmək məqsədilə deyil, məhz öz istəklərinə nail olmaq üçün idi.

Belə ki, müşriklərin irəli sürdükləri tələblərin özünəməxsus xüsusiyyətləri var idi və onlar heç bir məntiqə əsaslanmırdı.

Qur᾽ani-Kərimdə dəfələrlə bu mətləbə toxunulmuşdur və biz bir daha bu məzmunda nazil olmuş ayələrdən bir neçəsinə işarə edirik.

وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ

«Onlar dedilər: Məgər ona [həzrət Məhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən] bir mələk endirilməli deyildimi?» (Ən᾽am-8).

وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

«[Müşriklər Peyğəmbərə] belə dedilər: “Ey özünə kitab nazil edilən kəs! Həqiqətən sən divanəsən! (Hicr 6-7).

وَقَالُوا مَالِ هَذَا الرَّسُولِ يَأْكُلُ الطَّعَامَ وَيَمْشِي فِي الْأَسْوَاقِ لَوْلَا أُنزِلَ إِلَيْهِ مَلَكٌ فَيَكُونَ مَعَهُ نَذِيرًا

«Müşriklər dedilər: “Bu necə peyğəmbərdir ki, yemək yeyir, bazarları gəzib-dolaşır? Məgər ona özü ilə birlikdə [insanları Allahın əzabı ilə qorxudan və onun həqiqi peyğəmbər olduğunu təsdiq edən bir mələk göndərilməli deyildimi?

أَوْ يُلْقَى إِلَيْهِ كَنزٌ أَوْ تَكُونُ لَهُ جَنَّةٌ يَأْكُلُ مِنْهَا وَقَالَ الظَّالِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًا مَّسْحُورًا

Yaxud ona [ruzi qazanmaqdan ötrü bazarları dolaşmasın deyə, göydən] bir xəzinə endirilməli və ya onun [meyvəsindən] yeyib-dolanmaq üçün bir bağı olmalı deyildimi? Zalimlər [müşriklər mö᾽minlərə] dedilər: “Siz ancaq ovsunlaşmış [buna görə də ağlını itirmiş] bir adama tabe olursunuz!”» (Furqan 7-8).

Yuxarıda qeyd olunan ayələrdən bir daha belə bir nəticəyə gəlirik ki, müşriklərin Peyğəmbərdən (s) tələb etdikləri mö᾽cüzələr onların şəxsi istək və inadkarlıqlarından irəli gəlmiş və heç bir əqli dəlillərə əsaslanmamışdır. O ki, qaldı Peyğəmbərə (s), o da müşriklərin ardı-arası kəsilməyən tələblərinin qarşısında təslim olmamalı və onlara müsbət cavab verməməli idi. Çünki qeyd etdiyimiz kimi, müşriklər bu tələbləri peyğəmbərə iman gətirmək məqsədilə deyil, əyləncə və inadkarlıq üzündən edirdilər. Bu səbəbdən də əgər onlar, mö᾽cüzələrdən hər birini Peyğəmbərin (s) həqqaniyyətinə dəlalət edəcək amil kimi qəbul etsəydilər, onlara mənfi cavab verməzdi. Belə olduqda, heç olmasa Qur᾽anı bir mö᾽cüzə olaraq onların qarşısına qoyar və mübarizə meydanına də᾽vət edərdi.

Yuxarıda qeyd olunan ayələrdən iki mühüm nəticəyə gəlirik:

1. Peyğəmbər (s) öz ixtiyarında olan mö᾽cüzələrdən yalnız biri ilə, yə᾽ni Qur᾽anla müşriklərin mübarizə meydanına varid oldu. Başqa cür ola da bilməzdi. Çünki əbədi peyğəmbərlik əbədi mö᾽cüzəyə əsaslanmalıdır və belə bir əbədi və mö᾽cüzəvi xüsusiyyətə yalnız Qur᾽an malikdir. Digər mö᾽cüzələr isə müvəqqəti və məhduddur. Yə᾽ni bütün insanlara deyil, bə᾽zi zaman və ərazilərdə yaşamış millətlərə şamildir.

2. Mö᾽cüzə göstərmək peyğəmbərin ixtiyarında deyildir. O, Allah tərəfindən peyğəmbərliyə tə᾽yin olunur və Onun izn və əmri olmadan nə kimsəyə əmr edir, nə də özü bir iş görür.

Bu xüsusiyyət yalnız həzrət Məhəmmədə deyil, həmçinin bütün peyğəmbərlərə şamildir. Belə ki, Allahın izni olmadan onlar nə peyğəmbərlik iddiası etmiş, nə də mö᾽cüzə göstərmişlər. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

وَمَا كَانَ لِرَسُولٍ أَن يَأْتِيَ بِآيَةٍ إِلاَّ بِإِذْنِ اللّهِ لِكُلِّ أَجَلٍ كِتَابٌ

«Allahın izni olmadıqda heç bir peyğəmbər mö᾽cüzə gətirə bilməz.» (Rə᾽d-38).

وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ فَإِذَا جَاء أَمْرُ اللَّهِ قُضِيَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُونَ

«Heç bir peyğəmbər Allahın izni olmadan mö᾽cüzə gətirə bilməz. Allahın [kafirlərə əzab verməsi barədə] əmri gəldikdə [peyğəmbərlər və onları təkzib edənlər arasında] ədalətlə hökm olunar. Yalan danışanlar, batil söyləyənlər elə oradaca ziyana uğrayacaqlar.» (Mu᾽min-78).

Bunu da qeyd etmək lazımdır ki, Qur᾽anda [bə᾽zi] mö᾽cüzələri inkar edən ayələrlə yanaşı, Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələrinə də dəlalət edən ayələrə rast gəlmək olur.

Məsələn:

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

«Qiyamət yaxınlaşdı, ay [Peyğəmbərin mö᾽cüzəsi ilə] parçalandı.

وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ

Əgər müşriklər [Məhəmmədin (s) peyğəmbərliyinin həqiqiliyini təsdiq edən] bir mö᾽cüzə görsələr [imandan] üz döndərib: Bu uzun müddət davam edən bir sehrdir! – deyərlər.» (Qəmər 1-2).

وَإِذَا جَاءتْهُمْ آيَةٌ قَالُواْ لَن نُّؤْمِنَ حَتَّى نُؤْتَى مِثْلَ مَا أُوتِيَ رُسُلُ اللّهِ

«Onlara bir ayə gəldiyi zaman: Allahın peyğəmbərinə verildiyinin [nübüvvətin, mö᾽cüzələrin] misli bizə verilməyincə biz iman gətirməyəcəyik! – deyərlər.» (Ən᾽am-124).

Hər iki ayədə istifadə olunan «ayə» kəlməsindən məqsəd Qur᾽an ayəsi deyil, mö᾽cüzə və onun əlamətləridir. Yə᾽ni «ayə» sözü hər iki ayədə mö᾽cüzə mə᾽nasında işlənmişdir. Çünki əgər Qur᾽an ayəsi nəzərdə tutulsaydı, «parçalanmaq» və «görmək» fe᾽lindən deyil, «eşitmək» fe᾽lindən istifadə olunardı. Ayənin məzmunu da Qur᾽an ayələri ilə deyil, mö᾽cüzə ilə əlaqəlidir.

Buradan belə mə᾽lum olur ki, Peyğəmbərin (s) Qur᾽andan başqa digər mö᾽cüzələri də olmuşdur və «uzun müddət davam edən sehrdir» cümləsindən belə bir nəticəyə gəlmək olar ki, onun mö᾽cüzələri dəfələrlə təkrar olunmuşdur. Haqqında söhbət açdığımız ayələrin məzmununu nəzərə alaraq biz onları iki hissəyə bölə bilərik.

1. Müvəqqəti olaraq mö᾽cüzələrin dayandırılmasına dəlalət edən ayələr;

2. Bu müddət başa çatdıqdan sonra yenidən Peyğəmbərin (s) göstərdiyi mö᾽cüzələr haqda nazil olmuş ayələr.

 

 

 

 

İNCİL VƏ TÖVRATDA HƏZRƏT MƏHƏMMƏDİN (S) PEYĞƏMBƏRLİYİ HAQDA

Qur᾽an, Tövratda və İncildə həzrət Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verildiyinə dəfələrlə işarə etmişdir.

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِندَهُمْ فِي التَّوْرَاةِ وَالإِنْجِيلِ يَأْمُرُهُم بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنكَرِ

«O kəslər ki, əllərindəki Tövratda və İncildə [adını, vəsfini və əlamətlərini] yazılmış gördükləri rəsula-ümmi [heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya Məkkəli] peyğəmbərə tabe olurlar. [O peyğəmbər] onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər.» (Ə᾽raf-157).

وَإِذْ قَالَ عِيسَى ابْنُ مَرْيَمَ يَا بَنِي إِسْرَائِيلَ إِنِّي رَسُولُ اللَّهِ إِلَيْكُم مُّصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَمُبَشِّرًا بِرَسُولٍ يَأْتِي مِن بَعْدِي اسْمُهُ أَحْمَدُ

«Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: Ey İsrail oğulları! Həqiqətən mən, özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə [sizə] müjdə verən Allah elçisiyəm!» (Səf-6).

Bununla yanaşı, tarixə nəzər saldıqda Peyğəmbərin (s) dövründə kitab əhlindən, yə᾽ni məsihi və yəhudilərdən bir çoxunun Peyğəmbərə (s) iman gətirərək İslamı qəbul etdiklərinin şahidi oluruq.

Kitab əhlinin kütləvi şəkildə İslamı qəbul etməsi, Tövrat və İncildə həzrət Məhəmmədin (s) zühuru haqda xəbər verilməsini bir daha sübuta yetirir.

Çünki əgər bu kitablarda Məhəmmədin (s) zühur edəcəyi haqda xəbər verilməsəydi, yəhudi və məsihilər çox asanlıqla onu təkzib edər və ona iman gətirmək fikrinə düşməzdilər. Qəlblərində kin-küdurət olmayan, həzrət Musa və İsaya (ə) iman gətirmiş şəxslər təbii ki, peyğəmbərlərin sonuncusu və ən şərəflisi olan Məhəmmədə (s) də iman gətirməli idilər.

Onlara iman gətirməyənlər isə, Məhəmmədin (s) peyğəmbərliyini qəbul edib ona iman gətirmələri üçün mö᾽cüzə görməli idilər. O ki, qaldı Məhəmmədin (s) mö᾽cüzələrinə, Qur᾽andan başqa onun bir çox digər mö᾽cüzələri də olmuş və bəşəriyyətin haqqa hidayət olması üçün digər peyğəmbərlərin mö᾽cüzələrindən daha böyük tə᾽sir göstərmişdir. Çünki onun mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlər zaman və e᾽tibar baxımından digər peyğəmbərlərin mö᾽cüzələri haqda nəql olunmuş hədis və rəvayətlərdən daha yaxın və daha mö᾽təbərdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü

 
user comment