6-ÖMƏRDƏN SONRA MÜVƏQQƏTI EVLƏNMƏ
Osmanın xilafətinin ikinci yarısında xilafətin hakim qüvvələri parçalandı və bir-birinin qarşısında qərar tutdular: Ayişə, Təlhə, Zübeyr, Əmr ibni As və onun ardıcılları bir tərəfdə, Mərvan və onun övladları, Bənil-As, sair Bəni Üməyyə və onun ardıcılları isə digər tərəfdə dayandılar. Bu çarpışmalar nəticəsində müsəlmanların əməl meydanı genişləndi, nisbi azadlıqlar əldə etdilər, qadağan olunan hədislərin bir qismi yayılmağa başladı və müsəlmanları xəlifə qarşısında müqavimət və mübarizəyə çəkdi. Yeni nəsil qədim müsəlmanlardan eşitməyə taqətləri olmayan şeylər eşidir, heç vaxt müşahidə etmədikləri işlər görürdülər. Müxalifətlərin bə`ziləri müvəqqəti izdivacla əlaqədar idi.
Əbdür-Rəzzaq «Müsənnəf» kitabında Ibni Cərirdən, o da Ətadan belə rəvayət edir: Müt`ənin adını eşitdiyim ilk şəxs Səfvan ibni Yə`la idi. O mənə xəbər verdi ki, Müaviyə Taifdə bir qadınla müvəqqəti izdivac etmiş, mən də onun işini bəyənilməz hesab etmişdim. Sonra Ibni Abbasın yanına getdik. Bə`zilərimiz bu hadisəni ona da dedi. O belə cavab verdi: «Bəli, bu iş (müvəqqəti evlənmə) caizdir.» Ravi deyir: Mənim qəlbim sakitləşmədi və nəhayət Cabir ibni Əbdüllahın yanına getdim, camaat ondan müəyyən suallar soruşurdu, müt`əyə çatanda Cabir dedi: Bəli, biz Peyğəmbərin, Əbu Bəkrin və Ömərin dövründə müvəqqəti izdivac edirdik. Nəhayət Ömərin xilafətinin axır vaxtlarında Əmr ibni Həris bir qadını müvəqqəti olaraq əqdinə keçirtdi və...»[1]
Həmçinin Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında belə deyilir: Müaviyə ibni Əbi Süfyan Taifə daxil olan zaman Məanə adlı bir qadınla müvəqqəti evləndi. Cabir deyir: «Mən Məanəni Müaviyənin xilafəti dövründə gördüm. O hələ də sağ idi və Müaviyə onun dünyadan getdiyi vaxta qədər hər il onun üçün hədiyyə göndərirdi.»[2]
Həmin kitabda Əbdüllah ibni Xeysəmdən belə rəvayət olunur: Məkkə şəhərində iraqlı abid bir qadın Əbu Üməyyə adlı oğlu ilə birlikdə yaşayırdı. Səid ibni Cübeyr onun evinə gediş-gəliş edirdi. O deyir: Səidə dedim: «Bu qadının yanına çox gedib gəlirsən?!» Səid dedi: «Mən onu müvəqqəti izdivacla öz əqdimə keçirmişəm.» Səid ona demişdi: «Müvəqqəti izdivac adi su içməkdən də rahatdır.»[3]
Bəli, həmin dövrdən e`tibarən müvəqqəti izdivacın halal olması barəsində sözlər danışılmış, fətvalar verilməyə başlamışdır. Əbdür-Rəzzaq öz kitabında deyir: Əli Kufədə dedi: "Əgər Ömər ibni Xəttabın əvvəlki rə`yi olmasaydı, fərman verərdim ki, müvəqqəti izdivac yayılsın. Bundan sonra bədbəxt adamdan başqa heç kəs zina etməzdi."[4]
«Təfsiri Təbəri», «Təfsiri Nişaburi», «Təfsiri Fəxr Razi», «Təfsiri Ibni Həyyan» və «Təfsiri Süyuti» kitablarında rəvayət olunur ki, imam Əli ™ buyurmuşdur: "Əgər Ömər müvəqqəti izdivacı qadağan etməsəydi, bədbəxt şəxslərdən başqa heç kəs zina etməzdi."[5]
«Təfsiri Qurtubi» kitabında Ibni Abbasın belə dediyi nəql olunur: «Müvəqqəti evlənmə Allah tərəfindən bəndələrə hədiyyə olunan Ilahi bir ne`mət idi (və Ömər onu bəndələrə qadağan etdi). Əgər Ömər onu qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zina etməzdi.»[6]
Əbdür-Rəzzaqın «Müsənnəf», Cəssasın «Əhkamul-Qur`an», Ibni Rüşdün «Bidayətul-müctehid», Süyutinin «Durrul-mənsur» kitabında və Ibni Əsirin «Nihayətül-lüğət» kitabının «şəqi» maddəsində, Ibni Mənzurun «Lisanul-ərəb» kitabında, Zübeydinin «Tacul-ərus» və digər kitablarda qeyd olunur ki, Əta deyir: Ibni Abbasın belə dediyini eşitdim: «Allah Öməri bağışlasın! Müt`ə Ilahi rəhmətdən başqa bir şey deyildi ki, Allah onu Mühəmmədə əta etmişdi (Ömər onu qadağan etdi). Əgər onun qadağanı olmasaydı, bədbəxt şəxslərdən başqa heç kəsin zinaya ehtiyacı olmazdı.»[7]
Əbdür-Rəzzaqın «Müsənnəf» kitabında «rəhmət» kəlməsinin yerinə «rüxsət» sözü (genişlik, icazə) qeyd olunmuşdur. Əta deyir: «Allaha and olsun, sanki, onun sözünü eşidirəm ki, belə deyirdi: «Illa şəqiyyun, yə`ni bədbəxtlərdən başqa.»
«Bidayətul-müctehid» kitabında belə deyilir: "Əgər Ömər onu qadağan etməsəydi, bədbəxtlərdən başqa heç kəs zinaya düçar olmazdı."
[1] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.496-497; «müt`ə» babı.
[2] Yenə orada.
[3] Yenə orada, səh.499.
[4] «Müsənnəf», Əbdür-Rəzzaq, 7-ci cild, səh.500.
[5] «Təfsiri Təbəri», 5-ci cild, səh.17; «Təfsiri Nişaburi», 5-ci cild, səh.17; «Təfsiri Fəxr Razi», 3-cü cild, səh.300; «Təfsiri Ibni Həyyan», 3-cü cild, səh.218; «Təfsiri Süyuti», 2-ci cild, səh.20.
[6] «Təfsiri Qurtubi», 5-ci cild, səh.130.
[7] «Əhkamul-Qur`an», Cəssas, 2-ci cild, səh.147; «Təfsiri Süyuti», həmin ayənin təfsirində, 2-ci cild, səh.141; «Bidayətul-müctehid», 2-ci cild, səh.63; «Nihayətul-lüğət», 2-ci cild, səh.229; «Lisanul-ərəb», 14-cü cild, səh.66; «Tacul-ərus», 10-cu cild, səh.200; «Əl-faiq», Zəməxşəri, 1-ci cild, səh.331, həmçinin «Təfsiri Təbəri», «Təfsiri Sə`ləbi», «Təfsri Razi», «Təfsiri Əbu Həyyan», Təfsiri Nişaburi» və «Kənzül-ümmal» kitablarına baxa bilərsiniz.