ALTİNCİ BÖLMƏ
YAŞIL İNTİZAR
Qara buludlarün Günəşin çöhrəsini tutduğu, çöllər, səhralar onun qızğın hərarətindən məhrum qaldığı, gül-çiçəklərin və yaşıllıqların aləmin məhəbətindən uzaq olduğuna görə qəlblər niskil yaranan zaman çarəmiz nədir?! Yaradılışın və yaxşılıqların xülasəsi, bütün gözəlliklərin güzgüsü üzünə qeybət pərdəsi saldığı, aləmdəkilərin onun hüzur feyzindən mərhrum olduqları zaman nə etmək olar?!
Bağ-baçanın gülləri gözlərini yola dikmişlər ki, mehriban bağbanın sayəsini öz üstlərində görsünlər, onun mehr-məhəbbətlə dolu əllərindən həyat suyu içsinlər; aşiq qəlblər taqətsiz halda onu gözləyirlər ki, onun şur və iştiyaq yaradan inayətlərini əyani olaraq dərk etsinlər. Məhz belə bir şəraitdə intizar məsələsi formalaşır. Bəli, hamılıqla onun intizarını çəkirlər ki, o gəlsin, özü ilə yaşıllığı və təravəti də ərməğan gətirsin. Doğrusu, intizar necə də gözəl və necə də şirindir! Əgər onun gözəlliyini nəzərdə canlandırsanız və şirinliklərini qəlbinizdə hiss etsəniz...
İntizarın həqiqəti və məqamı
İntizar üçün müxtəlif mə`nalar deyilmişdir, lakin bu kəlmə barəsində dərindən diqqət yetirməklə onun həqiqi mə`nasını dərk etmək olar. İntizar-gözü yolda olmaqdır ki, bu gözü yolda olmaq da onun zəminlərinə mütənasib olaraq özünə dəyər alır, habelə onun müxtəlif əsər və nəticələri vardır. İntizar-yalnız ruhi və batini bir halət deyil; əksinə, insanın batinindən zahirinə də sirayət edir, onun bütün hərəkət və tədbirlərini qat-qat artırır. Məhz həmin səbəbə görə də rəvayətlərdə intizar ən yaxşı əməl, hətta əməllərin ən yaxşısı kimi təqdim olunmuşdur. Bu halət intizarda olan şəxsi mə`nən formalaşdırır, onun sə`y və fəaliyyətləri üçün xüsusi bir istiqamət icad edir və o cəhət də intizari çəkilən şeylərin həyata keçməsi ilə gerçəkləşir.
Buna əsasən, intizar oturub əli-əli üstünə qoymaqla həyata keçməz. İntizar gözü qapıya dikmək və həsrət çəkməklə sona çatmır; əksinə intizarın həqiqətində hərəkət, inkişaf və qızğın fəaliyyət göstərmək yatmışdır.
Əziz bir qonağın intizarında olan bir şəxs bir an belə, sakit oturmur, daim çalışır və fəaliyyət göstərir, özünü və ətraf mühitini qonağın gəlişi üçün hazırlayır və mövcud olan maneələri aradan qaldırır.
Bizim söhbətimiz misilsiz bir hadisənin intizarında olmaq barədədir ki, gözəllik və kamalda heç oxşarı yoxdur. Elə bir dövranın intizarı çəkilir ki, şadlıq və xürrəmlikdə keçmiş ruzigarlarında heç birində onun misalı və oxşarı yoxdur, dünya belə bir gözəllik dövranını heç vaxt sınaqdan keçirməmişdir. Bu da həzrəti Məhdi (ə)-ın dünya səviyyəli hökumətinin intizarında olmaqdır ki, rəvayətdə o, «fərəcin intizarı» kimi qeyd olunur. Bu iş ibadət və əməllərin ən yaxşısı, hətta bütün əməllərin qəbul olunması səbəbi kimi qeyd olunur. Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Mənim ümmətimin ən yaxşı əməli fərəcin intizarında olmaqdır.»[1]
İmam Sadiq (ə) öz köməkçilərinə belə buyururdu: «Sizi elə bir şeydan agah etməyimmi ki, Allah-təala onun vücudu olmadan bəndələrin heç bir əməlini qəbul etməz?!» Dedilər: «Əlbəttə, buyurun!» Buyurdu: «Allahın yeganəliyinə, İslam Peyğəmbəri Həzrəti Muhəmmədin nübüvvətinə şəhadət vermək, Allahın əmr etdiyi şeyləri iqrar etmək və bizim vilayətimizi qəbul edib düşmənlərimizdən, yə`ni xüsusi şəkildə biz imamların düşmənlərindən bezarlıq etmək, onların (imamların) qarşısında təslim olmaq, təqvalı olmaq, (yaxşı əməllərdə) sə`y göstərmək, özünü (günahdan) saxlamaq və Qaimin intizarında olmaq.»[2]
MƏHDİ (Ə)-IN İNTİZARININ XÜSUSİYYƏTLƏRİ
Qeyd olundu ki, intizar fitri bir və bütün qövm və dinlərdə belə mövcuddur. Amma adi insanların, hətta cəmiyyətlərin həyatlarında belə, mövcud olan adi intizarlar nə qədər böyük və əhəmiyyətli olsa belə, dünya səviyyəsində və`dəsi verilən intizarla müqayisədə çox kiçik və əhəmiyyətsiz olacaqdır. Çünki onun zühurunun intizarını çəkmək özünəməxsus xüsusiyyətlərə malikdir. O cümlədən Həzrəti Məhd (ə)-ın intizarını çəkmək xilqətin əvvəllərindən başlanan bir intizardır, yə`ni lap qədim zamanlardan belə, ilahi peyğəmbərlər, övliyalar və s övsiyalar onun zühurunun müjdəsini vermiş və yaxın zamanlarda belə, bütün imamlarımız onun dövlətini görmək arzusunu etmişlər.
İmam Sadiq (ə) buyurmuşdur: «Əgər onu görsəydim, bütün ömrümü ona xidmətlə geçirərdim.»[3]
Həzrəti Məhd (ə)-ın zühurunun intizarını çəkmək dünya səviyyəli bir xilaskar və islahatçının gəlişinin, dünya səviyyəli ədalət hökumətinin, bərqərar olmasının, bütün yaxşılıqların geçəkləşməsinin intizarını çəkməkdən ibarətdir. Bəşəriyyət onun yolunu gözləyir ki, Allahın əta etdiyi pak fitrət əsasında arzusunu etdikləri və heç vaxt kamil surətdə həyata keçməyən şeyləri görsünlər. Həzrəti Məhd (ə) da ədalət və mə`nəviyyət, səbir və bərabərlik, yer üzünün abadlığı və təhlükəsizliyi, sülh, bəşər elminin və əqlinin çiçəklənməsi əsrini onlar üçün ərməğan gətirəcəkdir. Cəmiyyətin hər növ istismar və zülmkarlıqdan, hər növ əxlaqi fəsadlardan və eybəçərliklərdən xilas edilməsi onun ədalət hakimiyyətinin nəticələrindən ibarətdir.
Həzrəti Məhd (ə)-ın intizarını çəkmək elə bir məsələdir ki, yalnız onun çiçəklənən zəminlərinin gerəçəkləşməsi ilə həyata keçəcəkdir. O da elə bir dövrdə olacaqdır ki, insanların hamısı axirəz-zamanda baş verən xilaskarın sorağında olsunlar. O gələcək və bütün silahdaşlarının həmkarlığı və köməyi ilə birlikdə pisliklərin əleyhinə qiyam edəcəkdir, nəinki yalnız mö`cüzə ilə dünyanın işlərini qaydasına salmış olsun.
İmam Məhd (ə)-ın intizarında olmaq onun intizarını çəkənlərdə şövq və o həzrətə kömək etmək ruhiyyəsi icad edəcək, insanlara abır-heysiyyət və yeni həyat bağışlayacaq, onları mə`nəviyyətsizlikdən, puçluqdan və hədəfsizlikdən xilas edəcəkdir.
Qeyd olunanlar bütün tarix miqyasında olan, bütün insanların ruhunda kök atan və başqa heç bir intizarın onun əzəmətinə çatmadığı həmin intizarın xüsusiyyətlərinin bir qismidir. Buna əsasən, yaxşı olar ki, Həzrəti Məhd (ə)-ın intizarının çoxlu müxtəlif tanıyaq, zühurun intizarında olanların vəzifələri və onlara veriləcək misilsiz mükafatlar barəsində söhbət açaq.
İNTİZARIN YÖNLƏRİ
İnsan müxtəlif yönlərdə nəzərdən keçrildikdə, müxtəlif xüsusiyyətlərə malik oxşaması aydınlaşır. Bir tərəfdən o nəzəri və elmi yönlərə malikdir, digər tərəfdən isə fərdi və ictimai yönlərin sahibidir. Başqa tərəfdən də, onun cismi yönü ilə yanaşı ruhi və mənəvi yönləri də vardır. Şübhəsiz, qeyd olunan yönlərin hamısında müəyyən olunmuş bir qayda-qanuna ehtiyac duyulur ki, həyatın düzgün yolu məhz onun çərçivəsində açılsın, azğınçı yollar insanın üzünə bağlansın. Bu düzgün yol da yalnız intizar yolundan ibarətdir.
Bu intizar dünya səviyyəsində və`dəsi verilmiş intizarda olan bir şəxsin həyatının bütün yönlərinə –fikri və nəzəri yönlərinə tə`sir qoyur; çünki bunlar insanın əməl və rəftarlarının özəyini təşkil edir, insan həyatının əsas inanclarını öz hasarında qoruyub saxlayır. Başqa sözlə desək, düzgün intizar bunu tələb edir ki, intizarda olan şəxs özünün fikri və e`tiqadi əsaslarını gücləndirsin ki, azğınçı məktəblərin tələsinə, yaxud imam Zaman (ə)-ın qeybət dövrünün uzanmasından irəli gələn ümidsizlik tələsində düşməsin.
İmam Baqir (ə) buyurmuşdur: «İnsanlar üçün elə bir dövran gələcəkdir ki, onların imamları qaib olacaq. Bu zaman xoş olsun o kəslərin halına ki, həmin zamanda bizim (vilayət) əmrimizdə sabit və möhkəm qalmış olsun.»[4]
Yə`ni düşmənlərin müxtəlif şübhələr icad edərək müsəlmanların e`tiqadlarını sarsıtmağa çalışdıqları qeybət dövründə intizar səngərində qərar tutmağa görə onların əqidə sərhədləri qorunub-saxlanacaqdır.
Əməli yönlərdə də intizar insanın bütün rəftar və əməllərini düzgün şəkildə istiqamətləndirir. Belə ki, intizarda olan şəxs əməl meydanında çalışmalıdır ki, haqq dövlətin zühurunun zəminələrini yaratsın. Buna əsasən, intizarçı şəxs bu bölmədə də həm özünün ruhi və mə`nəvi kamalını, həm də cəmiyyətin mə`nəviyyatını artırmaq üçün sə`y göstərməlidir. Fərdi yönlərində də özünün ruhi həyatına və əxlaqi fəzilətlərin kəsb olunmasına üz gətirir, özünün cismi yönlərini gücləndirir ki, nur cəbhəsi üçün lazımlı və layiqli bir ehtiyat qüvvəsi olsun.
İmam Sadiq (ə) buyurur: «...İmam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyən bir şəxs gərək müntəzir olsun və intizar halında təqvalı olub gözəl əxlaqlara yiyələnsin[5].»
İntizarın xüsusiyyətləri bundan ibarətdir. Belə ki, o, insanı özünün malik olduğu çərçivədən daha üstün bir fəzaya aparır, onu cəmiyyətin ayrı-ayrı fərdləri ilə əlaqələndirir. Yə`ni təkcə intizarçı şəxsin fərdi həyatının yönlərində tə`sirli deyildir; əksinə ayrı-ayrı şəxsin cəmiyyətlə olan əlaqələrinə də tə`sir qoyur. Bu barədə müəyyən proqramlar tökür, onu cəmiyyətdə müsbət tə`sir qoymağa vadar edir. Haqq dövlətin zühurunun şərti kütləvi hazırlıq və səfərbərlik olduğuna görə, hər kəs özünün qüdrəti dairəsində cəmiyyətin islah olunmasına çalışır, ictimai xoşagəlməzliklər qarşısında laqeyd yanaşmır. Çünki dünya səviyyəli xilaskarın və islahatçının intizarını çəkən bir şəxs əqidə və əməldə doğruçuluq və islahat yolunu qət etmiş olur.
Bir sözlə, intizar çox xeyirli-bərəkətli bir cərəyandır ki, fərdin və cəmiyyətin həyatının əhəmiyyət kəsb edən bütün yollarında cərəyandadır və həyatın bütün sahələrində insana və onun həyatına ilahi rəng bağışlayır. İlahi rəngdən də gözəl bir rəng ola bilərmi?! Qur`ani Kərim buyurur:
...صِبْغَةَ اللّهِ وَمَنْ أَحْسَنُ مِنَ اللّهِ صِبْغَة...[6]
«(Özünüzə) ilahi rəng (alın); ilahi rəngdən də gözəl bir şey ola bilərmi?!»
Qeyd olunanlara diqqət yetirməklə dünya səviyyəli islahatçının intizarında olanların vəzifələri aydın olur yə`ni bu vəzifə insanın özünün bütün əməl və rəftarlarının ilahi rəngə boyanmasından başqa bir şey deyildir. Bu da intizarın bərəkətindən olub, insanın fərdi və ictimai həyatının hər bir yerində cilvələnir. Bu görüşlə, intizarçılarının öhdəsinə qoyulan vəzifələr ağır olmayacaq; əksinə bizim həyatımızın hər bir yönlərinə mə`na və məfhum verən şirinlik cərəyanı ünvanı ilə gözəllik bağışlayacaqdır. Doğrusu, əgər mehriban bir padşah, yaxud qəlbi mehr-məhəbbətlə dolu olan karvan rəisi səni «imamın xeyməsi üçün layiqli bir əsgər» –ünvanı ilə çağırsa, sənin haqq səngərində hazır olmağının intizarını çəksə, onda sənin üçün necə sevincli olar?! Sənin üçün müəyyən təklif və vəzifələr qoyub filan cür ol» deyilsə, və sən də o işləri yerinə yetirsən, onda seçildiyin vəzifə və məqsəd üçün irəli getməzsənmi?!
İNTİZARÇILARIN VƏZİFƏLƏRİ
Din rəhbərləri və məsum imamların hədislərində və bəyanlarında zühurun intizarını çəkənlər üçün çoxlu vəzifələr bəyan edilmişdir ki, burada onların ən mühümlərini qeyd edirik:
İmamı tanımaq
İntizarçı şəxsin öz imamını tanımadan intizar yolunu qət etməsi qeyri-mümkündür. İntizar vadisində müqavimət göstərib səbirli olmaq məhz və`dəsi verilən rəhbər barəsində düzgün mərifət əldə etməyə bağlıdır. Buna əsasən, imamın adı və nəsəbini tanımaqdan əlavə, onun rütbə və məqamı barəsində də mə`lumat kəsb etmək, lazımi və kifayət qədər mə`lumat əldə etmək lazımdır.
İmam Həsən Əsgəri (ə)-ın xidmətçilərindən biri olan Əbu Nəsr İmam Məhd (ə)-ın qeybətindən öncə o həzrətin hüzuruna gəlir. İmam Məhd (ə) ondan soruşur: «Məni tanıyırsanmı?» Cavab verir: «Bəli. Siz mənim sərvərim və mənim sərvərimin övladısınız!» İmam buyurur: «Mənim məqsədim belə mərifət deyildir.» Əbu Nəsr deyir: «(Sizin məqsədiniz nədir?) Öünüz buyurun!»
İmam buyurur: «Mən Allah Peyğəmbərinin axırıncı canişiniyəm və Allah təala mənim (bərəkətimin) səbəbi ilə bəlaları öz xanədanımdan və şiələrimdən uzaqlaşdırar.»[7]
Əgər bir intizarçı şəxs üçün imam barəsində mə`rifət hasil olsa, həmin vaxtdan e`tibarən özünü imamın cəbhəsində görür və hiss edir ki, sanki imamın xeyməsindədir və onun yanında qərar tutmuşdur. Buna əsasən, öz imamının cəbhəsini gücləndirmək üçün bir an belə, əlindən gələni əsirgəməz.
İmam Baqir (ə) buyurmuşdur:
...مَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ لَمْ يَضُرُّهُ، تَقَدَّمَ هذاالْاَمْرِ اَوْ تَأَخَّرَ وَمَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ كانَ كَمَنْ هُوَ مَعَ الْقائمِ فى فُسْطاطِهِ
«Hər kəs öz imamı barəsində mərifət əxz etmiş halda ölərsə, (zühur) işinin tə`xirə düşməsi, yaxud tez baş verməsi ona heç bir ziyan çatdırmaz. Öz imamını tanıyan və onun barəsində kamil mərifət kəsb edən halda ölən bir şəxs imamın xeyməsində və onunla yanaşı olan bir şəxs kimidir.»[8]
Qeyd etmək lazımdır ki, bu mərifət və agahlıq o qədər mühümdür ki, mə`sumların kəlamında da qeyd olunduğu kimi, onu əldə etmək üçün Allah təaladan kömək istəmək lazımdır. İmam Sadiq (ə) buyurmuşdur: «İmam Məhd (ə)-ın uzun qeybəti dövründə batilə uyanlar (öz din və etiqadlarında) şəkk-şübhəyə düçar olacaqlar.» İmamın ən yaxın səhabələrindən olan Zürarə soruşdu: «Əgər o dövrü müşahidə etsəm, hansı əməli yerinə yetirim?» İmam Sadiq (ə) buyurur: «Bu duanı oxu:
اَلّلهُمَّ عَرِّفْنى نَفْسَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى نَفْسَكَ لَمْ اَعْرِفْ نَبِيَّكَ اللّهُمَ عَرِّفْنى رَسُولَكَ فَاِنَّكَ اِنْ تُعَرِّفْنى رَسُولََكَ لَمْ اَعْرِفْ حُجَّتَكَ اَلّلهُمَّ عَرِفْنى حُجَّتَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى حُجَّتَكَ ضَلَلْتُ عَنْ دينى[9]
Bura qədər qeyd olunanlar İmam (ə)-ın varlıq aləmi məcmuəsində malik olduğu məqama dair mərifət kəsb etməyin zərurəti barəsində idi.[10] O, Allahın (bəndələrə olan) höccəti, Peyğəmbərin haqq canişini və bütün insanların rəhbəridir ki, ona itaət etmək bütün insanlara vacibdir. Çünki ona itaət etmək, elə Allaha itaət etməkdir.
İmam barəsində mərifət kəsb etməyin yönlərindən biri də imamın sifətlərini və onun tutduğu yolu dərk edib bu barədə mərifət kəsb etməkdir[11]. Bu yöndə olan mərifət insanın və intizarçı şəxsin əməli, rəftarı və xislətlərində çox dərin tə`sirlərə malikdir. Aydındır ki, imamın və ilahi höccətin müxtəlif yönlərində insanın mərifəti nə qədər artıq və dərin olarsa, insan həyatının müxtəlif yönlərində tə`sir qoyması da bir o qədər artıq olacaqdır.
Nümunə və ülgü seçmə
İmam barəsində mə`rifət kəsb etdikdən və o həzrətin rəftarının gözəl cilvələrinə agah olduqdan sonra kamal məzhərlərindən neçə nümunə götürmək və o həzrətə tabe olmaq məsələsi irəli gəlir.
Peyğəmbəri Əkrəm (s) buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımın Qaimini görər; halbuki, qiyam dövründən qabaq ona və ondan qabaqkı imamlara iqtida və onların düşmənlərindən bizarlıq etmiş olar. Onlar mənim dostlarım, yoldaşlarım və mənim nəzərimdə ümmətimin əzizləridir.»[12]
Doğrusu təqva, ibadət, sadə yaşayış, səxavət, səbir və bütün əxlaqi fəzilətlərdə öz muradı olan imamın ardınca gedən bir şəxs o ilahi rəhbərin yanında necə yüksək məqama nail olacaq, o həzrətin müqəddəs hüzuruna çatan zaman necə də başıuca və vüqarlı olacaqdır!
Məgər dünya varlıqları içərisində ən gözəl bir şeyin axtarışında olan intizarçı şəxs özünü gözəlliklər üçün hazırlamazmı, çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq gəzməzmi və intizar yolunda daim öz əməl və fikirlərinin keşiyində durmazmı?! Əks halda, pisliklərin tələsinə düşmək get-gedə onu öz mə`şuqundan aralı salar. Bu həqiqət də o imamın xəbərdarlıqla deyilən bəyanlarında belə qeyd olunur:
فَما يَحْبِسُنا عَنَهُم اِلّا مايَتَّصِلُ بِنا مِمّا نُكْرِهُهُ ونُؤْثِرُهُ مِنْهُم
Heç bir şey bizi şiələrimizdən aralı salmamışdır; yalnız onlardan bizə gəlib çatan işlər (bizi onlardan aralı salır). Elə işlər ki, biz onları bəyənmir və şiələrimizdən baş verməsini gözləmirik[13].
İntizarçıların son arzuları bundan ibarətdir ki, Məhd (ə) dövlətinin və ilahi ədalət hökumətinin qurulmasında müəyyən rol ifa etmiş və Allahın axırıncı höccətinə kömək və onunla yanaşı olmaq iftixarına nail olsunlar. Lakin görsən, belə bir böyük səadətə nail olmaq əxlaqi gözəlliklərə yiyələnməkdən və ruhun saflaşdırılmasından başqa bir yolla müyəssər ola bilərmi?!
İmam Sadiq (ə) buyurur:
مَنْ سَرَّهُ اَنْ يَكُونَ مِنْ اَصْحابِ القائمِ فَلْيَنْتَظِرْ وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحاسِنَ الْاَخْلاقِ وَهُوَ مَنْتَظِر
Hər kəs imam Qaim (ə)-ın köməkçilərindən olmaq istəyirsə, gərək müntəzir olsun və intizar halında da təqvaya, gözəl əxlaqa və rəftarlara malik olsun.»[14]
Aydındır ki, belə istəklərin həyata keçirilməsi, bütün gözəlliklərə malik olan belə bir imamı nümunə götürmədən mümkün ola bilməz.
İmamı yad etmək
Müntəzirlərin imam barəsində mə`rifət kəsb etməsinə və o həzrətə tabe olmasına kömək edən, intizar yolunda səbir və müqavimətə səbəb olan bir şey daim o həzrətin, başqa sözlə, ruhlara şəfa verən bir təbibin yad olunmasıdır.
Doğrusu, ümmətin mehriban imamının həmişə öz şiələrinin vəziyyətinə nəzarət etdiyini, bir an belə, onlardan qafil olmadığını bildikdə, rəvadırmı ki, ona aşiq olanlar dünya və onun mənfur təəlüqatlarına baş qarışdırsınlar və o əziz şəxsiyyətdən qafil və xəbərsiz qalsınlar?! Halbuki, həqiqi dostluq və məhəbbətin şərti bundan ibarətdir ki, hər bir halda onu özümüzdən və başqalarından qabağa keçirək. Dua etmək istəyəndə, əvvəlcə ondan başlayaq, onun salamatlığı və zühurunun tezləşməsi üçün dua edək. Çünki, o həzrətin özü belə buyurmuşdur: «Fərəcin tezləşdirilməsi üçün çox dua edin; çünki bu sizin fərəc və qurtuluşunuzdur.»[15] Biz bu duanı oxuyaraq həmişə imam üçün dua etməliyik:
اللّهُمَّ كُنْ لِوَلِيَّكَ الْحُجَّةِبْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى ابائهِ فِى هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَليّاً وَحافِظًا وًقائداً وَناصراً وَدليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَتُمَتِّعَهُ فيها طَويلاً[16]
Pərvərdigara, Öz vəlin olan Höccət ibnil-Həsən üçün –Sənin salam və salavatın ona və onun pak ata-babalarına olsun! –Bu saatda və bütün saatlarda keşikçi, rəhbər, köməkçi, yol göstərən ol ta ki, (o zamana qədər ki,) yer üzündə rəğbət və meyl üzündə ona yer verəsən, və onu yer üzündə uzun müddət ərzində bəhrələndirəsən.»
Həqiqi intizarçı sədəqə verən zaman əvvəlcə öz imamının şərif vücudunun salamatlığı nəzərə alır və hər bir bəhanə ilə əlini onun mehr-məhəbbətlə dolu ətəyinə atır, onun mübarək zühurunun şövqündən və misilsiz camalının görüşündən nalə edir.
عَزيزُ عَلَىَّ أَنْ اَرَى الخَلْقَ وَلاتُرى
«Mənə necə də çətindir ki, hamını görüm, amma sən görünməyəsən?!»[17]
İntizar yolunu ötüb keçən hər bir şəxs qəlblərin sevimlisi olan o böyük şəxsiyyətin adına bərqərar olunan məclislərdə iştirak edir ki, özünün onunla olan məhəbbət tellərini bir daha möhkəmləndirsin. O, «səhlə» və «cəmkəran» məscidi, İmam Zaman (ə)-a mənsub olan müqəddəs sərdab və sair kimi müqəddəs yerlərə getməklə bu əlaqələri möhkəmləndirir.
Müntəzirlərinhəyatında İmam Məhd (ə)-ın xartırlanmasının ən gözəl cilvələrindən biri də budur ki, hər gün onunla bağladığı əhd-peymanını (beyəti) yeniləşdirsin, özünün bu əhd peymana sadiq qalmasını e`lan etsin. «Əhd» duasında belə oxuyuruq:
اَلّلهُمَّ اِنّى اُجَدِّدُ لَهُ فى صَبيحَةِ يَومى هذا وَما عِشْتُ مِنْ اَيّامى عَهْداً وَعَقْداً وَبَيْعَةً لَه فى عُنُقى لااَحُولَ عَنْها وَلااَزُولَ اَبَداً اَلّلهُمَّ اجْعَلْنى مِنْ اَنْصارِهِ وَاَعْوانِهِ وَالذّابّينَ عَنْهُ والْمُسارِعينَ اِلَيْهِ فى قَضاءِ حَوائِجِهِ والمُمْتَثِلينَ لِاَوامِرِه وَالمُحامينَ عَنْهُ وَالسّابِقينَ الى اِرادَتِهِ وَالمُسْتَشهِدينَ بَيْنَ يَدَيْه
«Pərvərdigara! Mən bu günün sübhündə və həyatımın bütün dövrlərində o həzrətin barəsində öhdəmdə olan əhd-peymanı və bey`əti yeniləşdirirəm və ondan və (əhd-peymandan) heç vaxt qayıtmaram. Və onun üzərində möhkəm dayanıram. Pərvərdigara! Məni o həzrətin köməkçilərindən, onun müqəddəs sərhədlərini müdafiə edənlərdən, istəklərini yerinə yetirmək üçün onun hüzuruna tələsənlərdən, ona itaət edənlərdən, göstərişlərinə əməl edənlərdən, o həzrətin şərif vücudunu himayə edənlərdən, onun istəklərinə doğru qabağa düşənlərdən və onun gözləri önündə şəhid olanlardan qərar ver!»[18]
Əgər bir şəxs daim əhd duasını oxusa və ruhunun dərinliklərində onun məzmununa sədaqətli qalsa, heç vaxt süstlüyə düçar olmaz, öz imamının məqsədlərinin həyata keçməsində, o həzrətin zühuru üçün zəminə yaratmaqda daim çalışar və bir an belə usanmaz və doğrudan da belə bir şəxs ilahi zəxirələrin sonuncusuna kömək etmə meydanında layiqli hüzurunu göstərmiş olur.
İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs qırx gün sübh çağı Allahı bu əhd duası ilə dua edərək çağırsa, bizim Qaimimizin köməkçilərindən olacaqdır. Əgər o həzrətin zühurundan öncə dünyadan gedərsə, Allah təala (zühur zamanı) onu qəbirdən dirildər (və Qaimin köməkçilərindən qərar verər).»
Vəhdət və həmrə`ylik
İntizarda olan ayrı-ayrı şəxslərin xüsusi vəzifələrini bəyan etdikdən sonra intizarçı cəmiyyətin vəzifələri də irəli çəkilir. Belə ki, onlar da imam və ilahi höccətin hədəflərinin gerçəkləşməsi yolunda əsaslı qədəm götürməlidirlər. Başqa sözlə desək, intizarçı cəmiyyət öz hərəkət və sə`ylərini gərək və`dəsi verilən rəhbərin razılığı yolunda qərar versin. Buna əsasən, intizarçı bir cəmiyyət qərara almalıdır ki, özünün imamla bağladığı əhd-peymanını sona çatdırsın, nəticədə o həzrətin zühuru və əzalı dövlətinin yaranmasına münasib şərait hazırlamış olsun.
İmam Zaman (ə) belə cəmiyyətə yazdığı bəyanlarında müjdə vermişdir: «Əgər bizim şiələrimiz – Allah itaət yolunda onlara kömək etsin! – onlardan alınan əhd-peymanı vəfadarlıqda bir sözlü və qəti qərarlı olsunlar. Əlbəttə görüş ne`məti onlardan tə`xirə salınmaz, bizimlə görüş səadəti onlar üçün bizim barəmizdə həqiqi və kamil mə`rifətlə yanaşı tezləşdirilər[19].
Qeyd olunan əhd-peyman Allahın kitabında və ilahi elçilərin sözlərində qeyd olunanlardır ki, onların ən mühümlərini aşağıda qeyd edirik:
1-İmamlara tabe olmaqda, onların dostları ilə dostluq və düşmənlərindən bizarlıq etmək yolunda sə`y göstərmək.
İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımdan olan Qaimin qiyamından əvvəl ona tabe olan, onun dostları ilə dost, düşmənləri ilə düşmənçilik edən bir halda görsün! Onlar mənim dostlarım, məhəbbət əhli və qiyamət günündə mənim ümmətim içrə ən əziz şəxslər olacaqlar.»[20]
2-İntizar çəkən cəmiyyət bi`dətlərin, dindəki azğınlıqların, münkər işlərin və çirkinliklərin cəmiyyət səviyyəsində yayılması qarşısında heç vaxt laqeyd yanaşmır, gözəl sünnə və qayda-qanunların, əxlaqi dəyərlərin unudulması müqabilində özlərindən ciddi əksül-əməl göstərirlər.
Peyğəmbəri Əkrəm (s)dən belə nəql olunur: «Əlbəttə, bu ümmətin sonunda (axirəz-zəman dövründə) elə bir qurup olacaqdır ki, onların mükafatları islamın əvvəllərindəki ümmətin savabı qədərdir. Onlar əmr be mə`ruf və nəhy əz münkər edərək (fitnə və fəsad) ilə mübarizə apararlar.»[21]
3-İntizarçı bir cəmiyyət başqaları ilə rəftarda gərək qarşılıqlı həmkarlığı öz proqramlarının əsası qərar versinlər. Bu cəmiyyətin ayrı-ayrı fərdləri dar görüş və qapalı nəzərlərdən, yalnız özünü görməkdən uzaq olmaqla daim fəqirləri və ehtiyaclıları arayıb-axtarır və onlardan xəbərsiz qalmırlar.
Şiələrdən bir qrupu İmam Baqir (ə)-dan onlara nəsihət etməsini istədikdə, həzrət buyurdu: «Aranızdakı güclülər zəiflərə kömək etsinlər, ehtiyacsızlar ehtiyaclılara mehribanlıq göstərsinlər və sizlərdən hər biriniz başqalarına qarşı xeyirxahlıq fikrində olsun.»[22]
Qeyd etmək lazımdır ki, bu qarşılıqlı həmkarlığın səviyyəsi şəxsin yaşadığı mühitlə hüdudlanmır; əksinə, intizarçıların xeyirxahlıq niyyət və yaxşı məqsədləri və əməlləri başqa şəhərlərin ucqar yerlərində yaşayan ehtiyaclıların mühitinə də gedib çatır. Çünki intizar ruhiyyəsinin sayəsində cəmiyyət üzvləri arasında heç bir ayrılıq və yaylıq hiss olunmamalıdır.
4-İntizarçı cəmiyyətin üzvü olan şəxslər gərək cəmiyyətə «Məhdlik» rəngi versinlər, onun adını və xatirəsini hər bir yerdə ucaltsınlar, imamın sözlərini və əməllərini bütün sözlərin və üslubların sərlövhəsi kimi ümümxalqın ixtiyarında qoysunlar və bu yolda bütün varlıqları ilə çalışsınlar. Şübhəsiz, bu halda imamların xüsusi inayət mərkəzində olacaqlar.
İmam Baqir (ə)-ın səhabələrindən olan Əbdül-Həmid Vasiti o həzrətə ərz etdi: «Biz bütün həyatımızı fərəc işinin intizarına vəqf etdik, belə ki, bə`zilərimizə bu yolda çoxlu çətinliklər icad etdi!»
İmam onun cavabında buyurdu: «Ey Əbdül-Həmid! Güman edirsənmi ki, Allah (çətinliklərdən) özünü Ona vəqf edən bir bəndə qurtuluş və xilas olunma yolunu üçün qərar verməmişdir?! Bəli! Allaha and olsun ki, Allah təala onun üçün (hökmət) bir çarə yolu qərar vermişdir. Allah rəhmət etsin o bəndəyə ki, bizim (vilayət) əmrimizi dirçəldə!»[23]
Sonda qeyd etməliyik ki, intizarçı bir cəmiyyət daim çalışmalıdır ki, ictimai həyatın bütün yönlərində sair cəmiyyətlərə nümunə olsunlar, və`dəsi verilmiş xilaskarın zühuru üçün lazım olan bütün zəminələri həyata keçirsinlər.
İNTİZARIN TƏ`SİRLƏRİ
Bə`ziləri güman edir ki, dünya səviyyəli xilaskarın intizarında olmaq insanları sükunət və laqeyd halında qərar verir, dünya səviyyəli bir xilaskarın qiyam edərək zülm və haqsızlığın kökünü kəsməyin intizarında olanlar pisliklərin, ictimai, eybəcərliklərin və çirkinliklərin müqabilində özlərindən heç bir əksül-əməl göstərmir, əksinə sakit və laqeyd qalır, əllərini bir-birinin üstünə qoyaraq cinayətlərin tamaşasına oturur!
Lakin bu nəzər çox səthi, diqqət – nəzərdən uzaq olan bir görüşdür. Çünki və`dəsi verilən imamın xüsusiyyətləri, eləcə də intizarın yönləri və müntəzirlərin xüsusiyyətləri barəsində qeyd olunanlara diqqət yetirməklə aydın olur ki, intizar ruhiyyəsi özünün müstəsna əhəmiyyətli xüsusiyyətləri ilə, eləcə də İmam Məhd (ə)-ın misilsiz məqamına nəzər yetirməklə, nəinki sükunət və laqeydliyə səbəb olur, əksinə insanın irəli doğru hərəkətində ən mühüm və tə`sirli amillərdən biri də sayılır.
İntizar haləti şəxsdə çox xeyir-bərəkətli bir canlanma, hədəfli bir hərəkət icad edir. İntizar halətində olan şəxs intizarın həqiqətinə nə qədər yaxın olarsa, onun məqsədə olan hərəkətinə də bir o qədər artıq sür`ət bağışlayar. İntizar sayəsində insan özünü mehvər qərar verməkdən uzaqlaşır, özünü islam cəmiyyətinin bir cüzi hissəsi kimi görür. Buna əsasən, çalışır ki, cəmiyyəti öz bacarığı və qüdrəti sayəsində islah və düzgünlüyə yaxınlaşdırsın.
Bir cəmiyyət belə istedadlı və ləyaqətli şəxslərdən təşkil olunarsa, həmin cəmiyyət fəzilətlərin və insani keyfiyyətlərin yayılması istiqamətində qədəm götürər, yaxşılıqların bərqərar edilməsinə doğru ümumi bir hərəkat formalaşar və islah, quruculuq, ümidvarlıq, təravətlilik, həmkarlıq, həmrənglik və ciddi sə`ylər səhnəsindən ibarət olan belə bir mühit də dini etiqadların, «Məhdlik» barəsində dərin düşüncənin cəmiyyətdə yayılmasına səbəb olar, intizarın bərəkəti ilə mühitin fəsadlarına qurşanmayan, əksinə öz dini hüviyyətlərini və e`tiqadi sərhədlərini qoruyub saxlayan intizarçılar da intizar dövrünün çətinlikləri və müşkülləri müqabilində səbirli olar, Allahın labüd və`dəsinin gerçəkləşməsi yolunda bəlalara sinə gərər və bir an olsun belə, özündə süstlüyə və naümidliyə yol verməz.
Doğrusu, hansı bir məktəb və məzhəb öz ardıcıllarına belə bir aydın yol tə`yin etmiş olar?! Elə bir yol ki, ilahi məqsədlərlə qət edilir və nəticə e`tibarı ilə öz ardınca böyük mükafatlar gətirir.
İNTİZARÇILARIN MÜKAFATI
Xoş olsun o kəslərin halına ki, gözlərini yaxşılıqlara dikərək oturmuşlar! Dünya səviyyəsində və`dəsi verilən intizarın dəqiqələrini sayanların mükafatı necə də böyükdür! Ali-Mühəmmədin Qaiminin həqiqi müntəziri olan şəxsin məqam və rütbəsi necə də yüksəkdir!
Yaxşı olar ki, intizar fəslinin son bölməsində intizarın misilsiz rütbə və fəzilətindən danışaq, din rəhbərlərinin buyuruqlarından nümunələr qeyd edək.
İmam Sadiq (ə) buyurur: Xoş olsun Biz (Əhli beytin) Qaiminin şiələrinin halına ki, onun qeybəti dövründə zühurunun intizarını çəkər, zühur dövründə onun fərmanlarına canla-başla itaət edərlər. Onlar Allahın dostlarıdır ki, onlar üçün heç bir qəm-qüssə olmaz.»[24]
Bundan da böyük iftixar ola bilərmi ki, Pərvərdigari-aləmin dostluq əlamətini sinəsinə vurmuş olsun?!
Belə bir şəxs nə üçün qəm-qüssəyə düçar olmalıdır, halbuki onların həyatı da, ölümü də çox yüksək qiymətə malik olmuşdur!
İmam Səccad (ə) buyurur: «Qaimimizin qeybəti dövründə bizim vilayətimizdə sabitqədəm qalan şəxsə Allah təala Bədir və Ühüd müharibəsinin şəhidlərindən olan min şəhidin əcr və savabını verəcəkdir.»[25]
Bəli, qeybət dövründə öz imamının vilayətində sabit qədəm və o həzrətlə bağladıqları əhd-peymana vəfalı qalan şəxslər Peyğəmbərin önündə Allah düşmənləri ilə cihad edərək cihad səhnəsində qanına qəltan olan şəhidlər kimidir!
Peyğəmbər (s) övladına kömək etməyin intizarında olmaq məqsədi ilə canlarını hədiyyə edən müntəzirlər indidən e`tibarən haqq cəbhəsinin önündə xeymə (çadır) qurmuş olarlar!
İmam Sadiq (ə) buyurur: «Əgər sizdən (şiələrdən) biri həzrət Məhdnin fərəcinin intizarında olan bir halda ölsə, Qaimin kənarında və onun xeyməsində olan bir şəxs kimidir! (O həzrət bir qədər sükut etdikdən sonra buyurdu:) Xeyr, hətta o şəxs kimidir ki, o həzrətin önündə cihad edib qılınc çəkmiş olsun! (Sonra buyurdu:) Xeyr, Allaha and olsun, o kəs kimidir ki, Peyğəmbəri Əkrəm (s)-in gözləri önündə şəhadət məqamına çatmış olsun.»[26]
Bu qrup əsrlərlə öncə Allahın böyük Peyğəmbəri Həzrəti Mühəmmədin (s) öz qardaşları və dostları adlandırdığı şəxslərdir ki, o həzrətə qarşı öz qəlbi məhəbbətlərini e`lan etmiş olsunlar.
İmam Baqir (ə) buyurur: Bir gün Peyğəmbəri Əkrəm (s) ənsardan olan bir qrupun hüzurunda buyurdu: «Pərvərdigara! Mənim qardaşlarımı mənə göstər!» Bu cümləni iki dəfə təkrar etdikdən sonra səhabələr dedilər: «Ey Rəsuləllah! Biz sizin qardaşlarınız deyilikmi?!»
Həzrət buyurdu: «Xeyr, siz mənim səhabələrimsiniz; mənim qardaşlarım o qövmdür ki, axirəz-zamanda məni heç vaxt görmədikləri halda mənə iman gətirərlər! Allah təala onları özlərinin və atalarının adları ilə mənə təqdim etmişdir... Onlardan hər birinin öz din işində sabitqədəm qalması qaranlıq gecədə əlinə məş`əl almış bir şəxsin tikanları çıxartmasından da ağırdır. Onlar hidayət məş`əlləridir ki, Allah təala onları qaranlıq fitnələrdən xilas edər.»[27]
Peyğəmbəri Əkrəm (s) yenə buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim Əhli-beytimin Qaimini görsün, halbuki onun qiyamından əvvəl ona iqtida etmiş olar. Onun dostları ilə dostluq, düşmənlərindən bezarlıq edər və ondan əvvəlki imamları da sevmiş olar. Onlar mənim dostlarım, məhəbbət sahibləri, ümmətim içərisində mənim üçün ən əziz olan şəxslərdir.»[28]
Peyğəmbərin (s) hüzurunda belə böyük məqama nail olanlar o həzrətin dostluqla xitab etdiyi şərəfə də nail olmuşlar! O da elə bir nidadır ki, eşq-məhbbətlə doludur, onların Allah təalanın hüzuruna ən yaxın dərəcələrindən hekayət edir.
İmam Baqir (ə) buyurur: «İnsanlar üçün elə bir dövr gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o dövrdə bizim (vilayət) işimizdə sabitqədəm qalar. Həqiqətən onlara veriləcək ən kiçik mükafat budur ki, Allah təala onlara nida edərək deyər: «Ey Mənim bəndələrim! Mənim sirrimə (və qaib imama) iman gətirdiniz, onu təsdiq etdiniz, belə isə, sizə Mənim gözəl mükafatımla müjdələr olsun! Siz həqiqətdə Mənim bəndələrimsiniz. Sizin əməllərinizi qəbul edərək, günahlarınızdan güzəştə gedir və sizin bərkətinizlə yağışı bəndələrimə nazil edir, bəlaları onlardan uzaqlaşdırıram. Əgər siz (camaatın arasında) olmasaydınız, hökmən Öz əzabımı (günahkar bəndələrimə) göndərərdim!»[29]
Amma doğrusu, görəsən hansı bir şey müntəzirlərin aramlaşdıra, onların intizarlarına son qoya bilər?! Hansı bir şey onların göz aydınlığına səbəb olar, qərarı kəsilmiş qəlblərinə aramlıq bəxş edər?! Məgər bir ömür gözlərini intizar yoluna dikən, həmin yolda bütün çətinliklərə sinə gərərək yolu davam etdirən və və`dəsi verilmiş yaşıl səhraya ayaq qoyan bir şəxs öz mə`şuq və məhbubları ilə həmnişin olmaqdan da aşağı bir mükafata razı olarmı?! Bundan da gözəl axır-aqibət və bundan da əzəmətli bir an ola bilərmi?!
İmam Kazim (ə) buyurur: «Xoş olsun bizim şiələrimizin halına! O, kəslər ki, Qaimimizin qeybət dövründə bizimlə dostluq tellərinə sarılar və bizimlə dostluqda, düşmənlərimizdən bezarlıq etməkdə sabitqədəm qalarlar. Biz onlardan, onlar da bizdəndir. Onlar bizim rəhbərliyimizə razı olmuşlar (imamətimizi qəbul etmişlər), biz də onların şiə olmalarına razı olmuşuq! Xoş olsun onların halına! Allaha and olsun ki, onlar qiyamətdə bizimlə yanaşı və bizimlə bir rütbədə qərar tutacaqlar.»[30]
[1] Biharul-ənvar, 52-ci cild, səh 122
[2] Qeybəti Nömani, 11-ci bab, hədis 16, səh 207
[3] Yenə orada, 13-cü bab, hədis 46, səh 252
[4] Kəmalud-din, birinci cild, hədis 15, səh. 602
[5] Qeybəti Nomani, 11-ci bab, hədis 16, səh 200
[6] Bəqərə surəsi 138
[7] Kəmalu-din ikinci cild 43-cü bab 12-ci hədis səh 171
[8] Usuli-kafi, birinci cild, 84-cü bab, 5-ci hədis, səh. 433
[9] Qeybəti Nömani, 10-cu bab, 3-cü fəsil, hədis 6, səh 170
[10] Bu mövzu barəsində kitabın birinci fəslində müəyyən mətləblər bəyan olunmuşdur.
[11] İmam Məhdi (ə)-ın sirə və sifətləri barəsində gələn fəsildə söhbət olunacaqdır.
[12] Kəmalud din, birinci cild, 25-ci bab, 3-cü hədis, səh 535
[13] Biharul-ənvar, 53-cü cild səh 177
[14] Qeybəti Nömani, 11-ci bab, 16-cı hədis, səh 207
[15] Kəmalud din, ikinci cild, 45-ci bab, hədis 4, səh 237
[16] Məfatihul-cinan, mübarək Ramazan ayının 23-cü gecəsinin əməlləri.
[17] Məfatihul-cinan, Nüdbə duası
[18] Yenə orada, «Əhd duası»
[19] Ehticac, ikinci cild, səh. 600
[20] Kəmalud din, birinci cild, 25-ci bab, hədis 2, səh. 535
[21] Dəlailun nübüvvət, 6-cı cild, səh. 513
[22] Biharul-ənvar, 52-ci cild, 22-ci bab, 5-ci hədis, səh. 123
[23] Yenə orada, 16-cı hədis səh 126
[24] Kəmalud din, ikinci cild, 33-cü bab, 54-cü hədis, səh. 39
[25] Yenə orada, 31-ci bab, 6-cı hədis, səh. 591
[26] Biharul-ənvar, 52-ci cild, səh. 126
[27] Yenə orada, səh 123
[28] Kəmalud din, birinci cild, 25-ci bab, ikinci hədis, səh. 535
[29] Yenə orada, 32-ci bab, 15-ci hədis, səh. 602
[30] Kəmalud din, ikinci cild, 34-cü bab, 5-ci hədis, səh. 43