Vahabi etiqadının yeni təhlili(4)
Bismillahir Rəhmanir Rəhim
DÖRDÜNCÜ SÖHBƏT
Şiə və Vahabiçilik etiqadı əsasında təvəssül, ölüm və şəfaət
Vahabiçilik və təvəssül
Bu fəsldə vahabi nəzərincə təvəssül məsələsi araşdırılacaqdır. Bu firqənin alimləri deyirlər:
“Allahdan qeyrisinə təvəssül etmək, insanın hansısa bir qəbirlə üzbəüz dayanıb namaz qılması Rübubi Tovhidlə uyğun gəlmir”. Onların nəzərincə Tovhidin tələb etdiyi şey Allahdan başqasına, hətta İslam Peyğəmbərinə (s) belə təvəssül olunmamasıdır. Çünki təvəssül, şəfaət və bu kimi məfhumlar Peyğəmbər adəti və salehlərin sünnəsi olmamaqla yanaşı Quran da belə bir əqidəni şirk hesab etmişdir.[1]
“Tovhid bil luğətil farsiyyə” kitabında yazılır:
“Allahdan başqa kimsədən kömək istəmək şirkdir. Ondan digərinə təvəssül edib ona pənah aparmaq belə şirk məsələsinə aiddir..... Allahın sözləri Onun eyni zatı kimi qədimdir (yəni məxluq deyil, yaradılmamışdır). Elə bu səbəbə görə də o sözlərə sığınmaq və pənah aparıb kömək istəmək olar. Qeyri surətdə şirk hesab olunur”.[2]
Həmən kitabda bu mövzunun ardınca deyilir:
“Mübarək “Cin” surəsinin 6-cı ayəsindən belə nəticəyə gəlmək olar ki, Allahdan başqa hətta cinlərdən belə kömək istəmək olmaz. Beləliklə, ilahi peyğəmbərlər də belə qaydadan müstəsna olmamışlar. Yəni, onlardan da yardım istəmək olmaz”.[3]
Bu şübhəyə belə cavab vermək olar:
Birincisi, bu ayə cinlər barəsində nazil olmuşdur. Bu ayənin nazil olmasına səbəb olan məsələ o zaman cahil ərəblərin cinlərin biyabanlarda yaşadığını sanması idi. Onlar elə bilirdilər ki, şəhərdən çıxmaq üçün cinlərin başçısından kömək diləyib ona “Ey cinlərin padşahı, bizi cinlərin şərrindən xilas et və bizi onlardan qoru” demək lazımdır.
Əlbəttə, şübhəsiz cindən yardım istəmək haramdır. Çünki, Allah birbaşa bu işi qadağan etmişdir. Bundan əlavə Allahı qəbul etməyən kəsdən yardım istəməyən kəsdən yardım diləməyin özü açıq-açkar xilafdır.
Ikincisi, Allahla birbaşa rabitədə olan, vəhyin nazil olma məkanı sayılan peyğəmbərlərlə Allahı tanımayan cinlərin çox fərqi vardır. Beləliklə də, İslam əqidəsi Mütəal Allahdan mədəd diləyib Ona yaxın olanları şəfaətverici kimi qəbul etməyi tələb edir.
Bundan öncə vahabi alimlərinin Allahdan qeyrisinə təvəssülün haram olması barəsində nəzəriyyələrini qeyd etmişdik. Indi isə onların bu barədə dəlillərini nəzərinizə çatdırırıq:
Birinci dəlil:
"قُلْ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِهِ فَلا يَمْلِكُونَ كَشْف الضُّرّ عَنْكُمْ وَ لَا تَحْوِيلَا * اُولئكَ الَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ اِلى رَبِّهِمْ الْوَسِيلَةَ أَيُّهُمُ أقْرَبُ وَ يَرْجُونَ رَحمَتَهُ وَ يَخَافُونَ عَذَابَهُ اِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُوراً"[4]
“Ey peyğəmbər! Allahdan başqasına etiqadı olanlara de: Onlar sizin çətinlik və narahatçılığınıza çarə tapıb həll etməyə qadir deyildirlər. Bəli, bu şəxslər Allahın onlara daha yaxın olduğunu bilə-bilə Ondan qeyrisini Onunla özləri arasında vasitə edirlər. Allahın rəhmətinə ümidvar olduqları halda Onun əzabından qorxurlar (qorxmaları lazımdır). Çünki Onun əzabı qorxuludur”.
Onlar bu mübarək ayələrə istinad edərək Allahdan başqa heç bir kəsə təvəssül edib yardım istəməmək nəticəsinə gəlmişlər.
Bu ayələrin təhlili: Bu iki ayə digər ayələri nəzərdə tutmamaq və onların zahiri ilə kifayətlənməmək şərti ilə vahabi alimlərinin sözünü təsdiqləyir. Çünki, Pərvərdigarın kəlamı əsasında insan Ona yaxınlaşmaqdan ötrü daha yaxın vasitəni qoyub zərəri uzaqlaşdırmağa qadir olmayan uzaq vasitəyə, yəni “min dunillah”a (Allahdan qeyrisinə) təvəssül edib Allahı unudarsa, Rübubi Şirk sərhədində dayanmışdır. Xatırlamaq lazımdır ki, Allahın izni ilə başqalarına da təvəssül etmək haqqında digər ayələr də mövcuddur. Belə halda Allahın təsdiqlədiyi şəxslərdən kömək istəməklə yanaşı şirk məsələsinin meydana gəlməsinə heç bir şərait yaranmır. Əgər vahabi alimləri başqa ayələri də nəzərə alsaydılar, heç vaxt belə bir böyük səhvə yol verməzdilər.
Zəifin güclüdən kömək istəməsi
Təvəssül yaranış aləminin qanunlarından olub məqsədə çatmaq üçün ən yüksək vasitədən kömək istəmək mənasını daşıyır. Təvəssülün bir nümunəsi hadisə zamanı körpə uşağın anasına təvəssül etməsidir. Bu məna bəşərin ictimai, siyasi, etiqadi, maddi və mənəvi sahələrində işlənir. Allaha təvəssül etmək isə elə kamil qüdrət və qüvvətə sığınmaqdır. Peyğəmbərlər və övliyaullahlara təvəssül etmək zəiflərin güclüdən kömək istəməsidir. Bu cəhətdən peyğəmbərlər digər insanlara nisbətən üstündürlər. Beləliklə də onlara təvəssül edib onların sünnə adlanan rəftar tərzlərini örnək kimi qəbul etmək olar.
Quranda təvəssül
Müxtəlif ayə və rəvayətlər övliyalara təvəssül etmək mövzusuna toxunmuşdur. Nümunə olaraq Yəqub peyğəmbərin övladlarına aid olan ayəni qeyd etmək olar:
"يَا أَبَانَا أسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا انا كُنَّا خَاطِئِين * قَالَ سَوْفَ أسْتَغْفِرُ لَكُمْ رَبِّي إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيم"[5]
“Atacan, bizim üçün bağışlanmaq tələb et. Çünki biz xəta etmişik. Ataları (Yəqub) cavabında dedi: Sizin üçün bağışlanmaq (istiğfar) tələb edərəm ki, həqiqətən də Pərvərdigar Bağışlayan və Mehribandır”.
Bu ayədə Yəqubun övladları atalarına təvəssül edirlər. Onlar bir neçə xəta etmişdilər: Birincisi, Allahın iki peyğəmbərinə (Yəqub və Yusuf) əziyyət edərək onları kədərləndirmiş, atalarına yalan söyləmişdilər. İkincisi, valideynləri əziyyətə salmamaq və yalan danışmamaq barəsində Allahın fərmanından boyun qaçırmışdılar. Bu xətalar əfv olunmalı xəta olduqları üçün övladlar atalarını şəfaətverici seçirlər və bu da Quran tərəfindən rədd yaxud inkar olunmamışdır.
Allah dərgahının ən yaxınları sayılan o iki nəfərə təvəssül edən Yəqubun övladlarını Pərvərdigarın bu işdən çəkindirməməsindən belə nəticəyə gəlmək olar ki, peyğəmbərlərdən kömək istəməyin heç bir eybi yoxdur. Çünki onların ülvi rütbələri və əzəmətli məqamları heç kəsə gizli deyildir.
Bu mövzuda şahid gətirəcəyimiz digər ayə isə budur:
" وَ لَوْ أَنَّهُمْ إذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفِرُوا اللهَ وَاسْتَغَفَر لَهُمُ الرَّسُولُ لوجَدُوا الله تَوَّاباً رَحِيماً". [6]
“Əgər onlar özlərinə zülm etdikdən sonra sənin yanına gəlsəydilər və Allahdan əfv tələb etsəydilər və peyğəmbər (də) onların bağışlanması üçün xahiş etsəydi, yəqinliklə Allahı tövbələri qəbul edən və Mehriban görərdilər”.
Bu ayədən alınan nəticə günahların bağışlanmasında Peyğəmbərə (s) təvəssül etməyin mümkün olmasıdır.
İlk ayə barəsində Yəqub peyğəmbərin övladlarının atalarına onun sağlığında təvəssül etdikləri iradı tutula bilər. Yəni, ölmüş insanlara deyil, diri adamlara təvəssül etmək olar. Bu xüsusda təbərrük mövzusunda söhbət açacayıq.
Ikinci ayədən alınan nəticəyə əsasən demək olar ki, Peyğəmbərə (s) təvəssül etmək ümumi və küllidir. Yəni həm onun həyatı dövründə və həm də ölümündən sonrakı zamana şamil olur. Burada həyatı dövrünə aid olması barədə qeyd zikr olunmamışdır.
Bəzilərinin bu aşağıdakı ayəyə istinadı əsasında bütpərəstliyi pisləyib onun bir növ şirk olduğunu deyir, Allahdan qeyrisinə təvəssülü də azğınlıq hesab etmələri imkanı da vardır:
"وَ قَالُوا لا تذرُنَّ آلِهَتَكُمْ وَ لا تَذرُنَّ وَدّاً وَ لا سُواعاً وَ لا يَغُوثَ وَ يَعُوقَ وَ نَسْراً * وَ قَدْ اضَلُّوا كَثِيراً وَ لا تزد الظَّالِمِينَ الا ضَلَالاً"[7]
“Dedilər məbada öz allahlarınızı, nə “Vəddəni”, nə “Sovanı” , nə “Yəğusu” və nə də “Yəuqu” əldən buraxmayın. Və bir çoxlarını yolundan azdırdılar. (İlahi) zülmkarların azğınlığını çox et”.
Onlara cavabında deyirik: Əgər Allahdan qeyrisi dedikdə bütlər nəzərdə tutularsa, bu sözə irad tutmaq olmaz. Ancaq əgər Allahdan qeyrisi dedikdə ilahi övliyalar və peyğəmbərlər nəzərdə tutlarsa, problemlə rastlaşarıq. Çünki, bu şəxslər Allahın etimadlı kəsləri və “Xəlifətullah”dırlar. Bundan əlavə bütlər Allahla paralel bir cərgədə, Haqq həzrətlərinin qarşısında nəzərdə tutulur. Lakin övliyalar Ondan sonrakı cərgədə (elə həmən sırada), Onun feyz vasitəçiləridirlər. Həmçinin bütlər Hagg yolundan azdıran, peyğəmbərlər isə yolgöstərici və sadiqlik simvoludurlar. Peyğəmbərlərə və bütlərə təvəssül etməyi müqayisəsi fərqlilik müqayisəsi olaraq batildir.
Vahabilərin nəzərincə ölüm nə deməkdir?
Ölüm haqqında müxtəlif versiyalar irəli sürülmüşdür. Biz isə burada vahabilərin bu barədə fikirlərini nəzərinizə çatdırmaq istəyirik. Ibn Qəyyim Covzidən belə nəql olunur:
“İslam Peyğəmbəri (s) olmuş olsa da belə meyitə təvəssül etmək çirkdir. Ona görə ki, Quranın buyurduğuna əsasən meyit puç olmuş hesab olunur.
"اِنَّكَ مَيِّتُ وَ اِنَّهُمْ مَيِّتُونَ" [8]
“Sən ey peyğəmbər, vəfat edəcəksən, onlar da vəfat edəcəklər”.
Sonra sözünün davamında belə deyir:
“Ölülərdən yardım diləyib, “ya seyyidi” (ey mənim ağam), “ya rəsulallah unsurni” (ey rəsulallah mənə kömək et) “ya seyyidi Əli ibn Əbi Talib əğisni” (ey mənim ağam Əli ibn Əbi Talib mənə yardım et) və bu kimi sözləri dilə gətirmək şirkdir”.[9]
Çox maraqlıdır ki, İbn Qəyyim və vahabilər Quranın Bərzəx əhli üçün onların diri olduqlarını təkid[10] etdiyi halda belə necə Bərzəx həyatına inanmır və ölülərin digər adamlarla ruhi və mənəvi rabitədə olmadıqlarını güman edirlər?! Ya da Quranın şəhidlər barəsində “Allah yolunda öldürülmüşləri ölü hesab etməyin. Əslində onlar sağdırlar və Pərvərdigarları tərəfindən ruzilənirlər”[11]dediyini bildikləri halda belə necə şəhidlərin ölü olduğunu sanırlar.
Şeyx Məhəmməd bin Əbdül Vəhhab Qurani Kərimin
"فَكَشَفْنَا عَنْكَ غطَاءَكَ فَبَصَرُكَ الْيَوْم حَدِيد"[12]
“Və biz sənin (gözlərin önündən) pərdəni götürdük və bu gün baxışın itidir”.
Ya digər yerdə:
"وَ لَهُمْ رِزْقُهُمْ فِيهَا بكرة وَ عَشِيّاً"[13]
“Onların ruziləri (Bərzəx əhlinin) səhər və axşam orada hazırdır” buyurduğunu bilə-bilə necə “ölən hər kəs puç olur” deyə fikirləşə bilirlər?!
Bu ayələrə diqqətlə nəzər saldıqda Bərzəx dünyasında gecə-gündüzün olduğu üçün dünyadan köçmüşlər ruzilənirlər və buna görə də o aləm (Bərzəx) sakinlərini puç hesab etmək olmaz. Əlbəttə, gecə və gündüz Bərzəx əhlinə aiddir. Çünki Qiyamətdə bu versiyaların təsəvvürü üçün Günəş yoxdur. Bununla da belə nəticəyə gəlirik ki, ölüm puçluğa qovuşmaq deyildir və vahabilərin bu barədə nəzəriyyəsi isə özü-özlüyündə batildir.
Müqəddəs vücudlara təvəssül etmək izni
Qurani Kərim bu ayədə İlahi dərgaha yaxınlaşmaq üçün Haqq həzrətlərinin seçilmişlərinə təvəssül edib onlara pənah aparmağı rəva bilərək izn vermişdir:
"يَا اَيُهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللهَ وَابْتَغُوا اِلَيْهِ الْوَسِيلَة وَ جَاهِدُوا فِى سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ"[14]
“Ey iman gətirən şəxslər, Allahdan qorxun və Ona (təvəssül edib) yaxınlaşmağa çalışın və Onun yolunda cihad edin, bəlkə xilas olasınız”.
Bu ayədə vasitələrlə təvəssül cəhd etmək ümumi halda deyildiyinə baxmayaraq, Quran ayələrində və rəvayətlərdə qeyd olunan digər analogiyaya əsasən demək olar ki, bu vasitələrin ən aşkar nümunəsi peyğəmbərlər və övliyalardır. Ayənin məfhumunu nəzərə alaraq belə bəyan etmək olar:
Allaha sığınmağın özünün feyzin nəticəsi olduğunu nəzərdə tutaraq kamilliklə təqvaya riayət edin. İxlas və təqva nəticəsində məqamlar əldə edən, təvəssül olunan şəxslərin müstəqil olmaması mümkündür. Lakin sizin də təvəssül etmək üçün təqvaya riayət etməniz lazımdır.
[1] “Fəthul-Məcid”, səh. 98.
[2] Səh. 140.
[3] و انَّهُ كَانَ رِجَالُ مِنَ الإنْس يَعُوذُونَ بِرِجَال مِنَ الْجِنِّ فَزادُوهُمْ رَهْقاً"”
[4] İsra (17), 56 və 57-ci ayələr.
[5] Yusuf (12), 97 və 98-ci ayələr.
[6] Nisa (4), 64-cü ayə.
[7] Nuh (71), 23 və 24-cü ayələr.
[8] Zümər (39), 30-cu ayə.
[9] “Fəthul-Məcid”, səh. 197.
[10] Mömin (40), 46-cı ayə.
[11] Ali-İmran (3), 169-cu ayə.
[12] Qaf (50), 22-ci ayə.
[13] Məryəm (19), 35-ci ayə.
[14] Qaf (50), 22-ci ayə.