Azəri
Monday 22nd of July 2024
0
نفر 0

PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?

PEYĞƏMBƏRLƏ (S) GÖRÜŞÜB SÖHBƏT APARMAĞA NƏ ÜÇÜN SƏDƏQƏ VERİLMƏLİDİR?

Bu ayə üç mühüm mətləbə dəlalət edir:

1. Peyğəmbərlə (s) görüşüb söhbət aparmazdan əvvəl, sədəqə qəlblərin mə᾽nən saflaşmasını və eyni zamanda Allaha iman gətirmiş hər bir müsəlmanın həm mə᾽nəvi, həm də maddi rifahının inkişafına səbəb olur.

2. Hökm yalnız maddi imkanı olan şəxslərə dəlalət edir. Yoxsul və imkansız təbəqəyə isə sədəqənin verilməsi heç də vacib deyildir. Çünki Allah öz bəndələrinə qarşı mehriban və bağışlayandır.

Nəcva ayəsinin verdiyi hökm bundan ibarətdir. Hökmün mahiyyətinə diqqət yetirdikdə, onun nə qədər mənfəətli və müsbət xarakter daşıdığının şahidi oluruq. Çünki bir tərəfdən yoxsul təbəqəyə maddi yardım olunur, digər tərəfdən də səhabənin Peyğəmbərə (s) qarşı olan səmimiyyətləri daha da artır. Və Peyğəmbərə (s) olan yersiz müraciətlərə məhdudiyyət qoyulmuş olur. Çünki hökm sadir olmaqla günlərini Peyğəmbərlə (s) keçirmək istəyən və özlərinin yersiz sualları ilə onun vaxtını alan şəxslərin müraciətləri müəyyən qədər azalır. Və Peyğəmbərlə (s) dostluğu və ünsiyyətdə olmağı puldan, var-dövlətdən üstün tutan təqva sahiblərinə onunla daha çox görüşmək və mümkün qədər çox bəhrələnmək imkanı verilir.

3. Bütün bunlarla yanaşı ayəni iman gətirmiş şəxslərin insani, əxlaqi və mə᾽nəvi dəyərlərini sınamaq üçün ən əlverişli bir vasitə hesab etmək olar. Çünki Allah yolunda Peyğəmbərlə (s) ünsiyyətdə olmaq xatirinə yoxsullara sədəqə vermək onların ruhi təkamülünə və imanlarının daha da güclənməsinə səbəb ola bilərdi.

Şübhəsiz ki, hökm müəyyən zamana deyil, bütün zamanlara dəlalət edir. Ayənin sınaq xarakteri daşıması ikinci, yə᾽ni, on üçüncü ayədə özünü daha da bəlli edir. Belə ki, ayə nazil olduqdan sonra Əli (ə)-dan savayı əshab pula və var-dövlətə olan sonsuz əlaqələrinə görə Peyğəmbərlə (s) görüşmək üçün sədəqə verməkdən imtina etmişlər.

HÖKM NƏ ÜÇÜN NƏSX OLUNMUŞDUR?

Sədəqə mənfəət verməklə yanaşı başqa bir mənfəətin də qarşısını alırdı. Çünki müsəlmanların və səhabənin Peyğəmbərlə (s) ünsiyyətdə olmamaları ümumi mənafeyə xələl gətirəcək bir çox şeylərə də səbəb olurdu. Bu səbəbdən ümumi mənafeni, şəxsi mənafedən üstün tutaraq növbəti ayə nazil olmaqla sabiq hökm nəsx olundu. Beləliklə, belə bir sədəqənin vacibliyi namaz, zəkat və Peyğəmbərə (s) tabe olmaq hökmü ilə əvəz olundu. Artıq bizə mə᾽lum olur ki, hökmün nəsx olunması zərurət üzündən olmuş və həqiqətən birinci (on ikinci) ayə növbəti (on üçüncü) ayə ilə nəsx olunmuşdur. Lakin diqqət yetirmək lazımdır ki, ayənin nəsx olunması birinci ayənin qüvvədə olma müddətinin başa çatmasına dəlalət edir və bir qədər əvvəl qeyd etdik ki, ayələrin bu qayda ilə nəsx olunmaları heç də qeyri-adi hal deyildir.

Ayənin nəsx olunması hökmün qüvvədə olma müddətinin başa çatması ilə əlaqəli olsa da, bu heç də o demək deyildir ki, hökmün mənafei dövrə aid olmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, belə bir mənafe Peyğəmbərin (s) həyatının bütün dövrlərində mövcud olmuşdur. Lakin müsəlmanların pula, var-dövlətə olan meyl və əlaqələri hökmün daimi olaraq qüvvədə qalmasına mane oldu və bu da ayənin nəsx olunması ilə nəticələndi.

SUAL VƏ CAVAB

Elmi hər şeyi əhatə edən və hər şeyi əvvəlcədən bilən Allah təbii ki, hökmün davam gətirə bilməyəcəyini və nəticədə nəsx olunacağını da bilirdi. Belə bir halda sədəqənin vacibliyinə dair belə bir hökmün verilməsi nə məqsəd daşımışdır?

Cavab: Hökmün verilməsi və sonradan nəsx olunması bir neçə faydalı nəticələr vermişdir. Verdiyi ən faydalı nəticələrdən biri də müsəlmanlara olunan xəbərdarlıq və onların oyanması olmuşdur. Belə ki, ayə nəsx olunduqdan sonra hamıya mə᾽lum oldu ki, həm səhabə, həm də Peyğəmbərin (s) digər tərəfdarları pulu və var-dövləti öz peyğəmbərlərindən üstün tutmuş və Əli (ə)-dan savayı kimsə bu ayəyə əməl etməmişdir. Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan çəkinmək günah olmasa da əshabın bir çoxu pulu və var-dövləti bundan üstün tutmuşlar.

Hökmün qüvvəyə minməsi və sonradan nəsx olunması bir çox həqiqətləri meydana çıxarır. Bunlardan ən başlıcası müsəlmanların Peyğəmbərə (s) olan diqqətsizliyini və Əli (ə)-ın iman və şəxsiyyətinin ucalığını bəyan etməsidir.

Nəcva ayəsində sədəqə hökmünün verilməsi və sonra bu hökmün nəsx olunması həm Qur᾽anın zahiri mə᾽nasından, həm də nəql olmuş bir çox hədis və rəvayətlərdən bəlli olur. Lakin əgər sədəqə İbrahim peyğəmbərin oğlu İsmaili qurban etməsi kimi, sınaq xarakterli bir hökm olsaydı, ayənin nəsxini həqiqi və istilahi adlandıra bilməzdik. Çünki sınaq və imtahan xarakteri daşıyan bir çox hökmün nəsx olunması istilahi deyil, lüğəvi nəsxə aiddir. Fəxri Razi öz kitabında yazır: Əbu Müslüm qətiyyətlə hökmün sınaq xarakteri daşıdığına istinad edir. Onun fikrincə əsasən, hökmün verilməsindən məqsəd mö᾽minlərin münafiqlərdən fərqlənməsi olmuşdur. Bu səbəbdən də ayə həqiqi mə᾽nada nəsx olunmamışdır. Fəxri Razi, Əbu Müslümün nəzəriyyəsini qeyd etdikdən sonra deyir: Bu nəzəriyyə tamamilə düzgün və əsaslıdır.[1] Şeyx Şərəfüddin deyir: Məhəmməd ibni Abbas öz təfsir kitabında əhli-sünnə və şiə mənbələrindən bu məzmunda yetmiş hədis və rəvayət nəql etmişdir. Bütün bu rəvayətlərdə Peyğəmbərlə (s) görüşməzdən əvvəl sədəqə verən yeganə şəxsin Əli ibni Əbu Talib (ə) olduğu göstərilir. Sonra Şeyx Tusidən bu hədisi nəql edərək deyir: Termizi özünün «Sünən» adlı kitabında və Sə᾽ləbi öz təfsirində Əlqəmə Ənmaridən – ravilərin bir neçəsinin adı ixtisara salınmışdır – və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Allah-taala mənə xatir bu ümmətə güzəşt etdi. Çünki onlar Peyğəmbərlə (s) ünsiyyətdə olmaq üçün sədəqə verməklə sınağa çəkildilər. Lakin pul və var-dövlətə olan meyl və əlaqə buna imkan vermədi. Ayəyə əməl edən yeganə şəxs mən oldum. Cəmi bir dinar pulum olduğu halda mən onu on dirhəmə xırdalayıb Peyğəmbərlə (s) görüşə gəlməzdən əvvəl sədəqə verərdim. Bu səbəbdən də Allah-taala mənə xatir onları əfv edib, bağışladı. Əgər ayəyə əməl edən bir şəxs olmasaydı ilahi əmrə tabe olmadıqları üçün bütün insanlar Allahın əzabına düçar olardılar.[2]

Müəllif:

Bu rəvayət Termizinin «Sünən» adlı kitabının nə köhnə, nə də yeni çapında nəql olunmamışdır. Kitablarının bir çoxunda bu rəvayəti nəql edən Sə᾽ləbi də öz təfsirində buna heç bir işarə etməmişdir.

(Kitabı yazarkən Ayətullah üzma Nəcəfinin şəxsi kitabxasında [Qum şəhərində] Sə᾽ləbinin qədim və nəfis xətlə yazılmış 908 nömrəli təfsirini tapdıq. Təfsirə müraciət etdikdən sonra bizə belə mə᾽lum oldu ki, Əlqəmə Ənmari yalnız əvvəl hissəsini Əli (ə)-dan nəql etmişdir. Hədisin digər hissələri isə Sə᾽ləbinin nəql etdiyi digər rəvayətlərdən əldə olunmuşdur.

Sə᾽ləbinin nəql etdiyi bir neçə rəvayətə işarə edirik:

1. Mücahid deyir: «Sədəqə vermədən» Peyğəmbərlə (s) görüşmək bizə qadağan olundu. Sədəqə verən yalnız Əli (ə) [Allah ondan razı olsun] oldu. O bir dinarı xırdalayıb sədəqə verdi və sonra növbəti ayə nazil olmaqla Peyğəmbərlə (s) görüşməyə bizə icazə verildi.

Əli ibni Əbu Talib [Allah ondan razı olsun] deyir: Allahın kitabında [Qur᾽anda] elə bir ayə vardır ki, nə məndən əvvəl, nə də məndən sonra kimsə ona əməl etməmişdir. O — «Ey iman gətirənlər Peyğəmbərlə (s) [hər hansı bir iş barəsində] məxfi danışığa getməzdən əvvəl [ona hörmət əlaməti olaraq yoxsullara] sədəqə verin» — ayəsi idi. Belə ki, ayə əvvəl vacib sonra isə nəsx olundu.

Abdulla ibni Hamid, Əli ibni Əlqəmə Ənmari, Əli ibni Əbu Talib (ə)-dan nəql edərək deyir: Nəcva ayəsi nazil olarkən Peyğəmbər (s) mənə dua etdi. (Əli (ə) sonra buyurdu:) “Allah taala mənə xatir bu ümməti bağışladı. Çünki Allah taala səhabələri imtahana çəkdi, onlar Peyğəmbərlə nəcva etməkdən çəkindilər. Bundan sonra Peyğəmbər (s) evində oturdu və yalnız bu iş üçün sədəqə verənlərlə söhbət etdi.  Mənim də bir dinar (qızıl) pulum var idi, onu sədəqə verdim. Bu ayəyə əməl etdiyim zaman Allah taala müsəlmanların tövbəsini qəbul etdi. Əgər bir kəs bu ayənin hökmünə əməl etməsəydi, hamının ona əməl etməkdən boyun qaçırqığına görə, Allah hökmən əzab nazil edərdi.”

Əli (ə) deyir: “Allah-taala ümmətə [müsəlmanlara] güzəşt etdi və nə ayə nazil olmazdan əvvəl, nə də sonra heç kim bu hökmə əməl etmədi.

Bir sözlə, hökm istər həqiqi olsun, istərsə də sınaq məqsədi ilə, verildikdən çox az sonra nəsx olunaraq öz qüvvəsini itirməmişdir və Əli ibni Əbu Talibdən savayı hökm qüvvədə olduğu müddət ərzində heç kim tərəfindən ona əməl olunmamışdır. Bu da Əli (ə)-ın ən bariz fəzilətlərindən biri hesab olunur.

AÇIQ-AŞKAR TƏƏSSÜB VƏ QƏRƏZçiLİK

Fəxri Razi – hökmü icra etməyə fürsət olduğu bir halda – açıq-aşkar təəssüb hissi ilə səhabəni ayəyə əməl etməməkdə üzürlü hesab edərək deyir: Hökmün icrası yoxsulların qəm-qüssəsinə və varlıların kənara çəkilməsinə və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olurdu. Çünki yoxsul təbəqə maddi çatışmazlıqlar üzündən sədəqə verə bilmir, hökmü icra edə bilmədikləri üçün kədərlənir və özlərinin buna əməl etmədiklərini görüb bilirdilər ki, hamının onlara olan münasibətləri soyuyacaq və onlara irad və nöqsanlar tutulacaqdır. Bu səbəbdən də onlar Peyğəmbərdən (s) uzaq düşür və aralarında olan münasibətlər soyumağa başlayırdı.

Demək, yoxsul təbəqənin qəm-qüssəsinə və varlıların dindən uzaqlaşmasına səbəb olan hər hansı bir hökmün icra olunmamasının bir o qədər də zərəri yoxdur. Çünki sevgi və mehribançılığa səbəb olan hər hansı bir iş müsəlmanların din və Peyğəmbərdən (s) uzaq düşmələrindən daha müsbət nəticələr verə bilər.

Bütün bunlarla yanaşı, Peyğəmbərlə (s) ünsiyyətdə olmaq nə vacib, nə də müstəhəbdir. Sadəcə olaraq şərtin qoyulmasında ən başlıca məqsəd Peyğəmbərin (s) evinə olan gediş-gəlişlərin nisbətən azalması olmuşdur və gediş-gəlişlər nə qədər az olsa, məqsədə daha tez nail olmaq olar. Sözsüz ki, bu kimi münasibətlərə son qoymaq daha məqsədə uyğun olardı və bunun üçün təqsiri münasibətləri kəsən şəxslərdə görmək lazım deyildir.

Müəllif:

Hörmətli oxucu! Fəxri Razinin səhabənin Qur᾽an ayələrinə əməl etməmələrinə dair gətirdiyi üzürxahlıqla tanış oldunuz. Lakin onun gətirdiyi dəlillər insanda yalnız şəkk və şübhə yaradır və bunu Qur᾽an ayələrindən azacıq mə᾽lumatı olan hər hansı bir şəxsdən eşitmək belə, insanda təəccüb hissi doğurur.

Çünki fərz edək ki, bu barədə heç bir rəvayət nəql olunmamış və səhabənin itaətsizliyi haqda heç bir söz açılmamışdır.

Bəs «ə᾽əşfəqtum» yə᾽ni, növbəti on üçüncü ayə necə, burada pul və var-dövləti Peyğəmbərlə (s) ünsiyyətdə olmaqdan üstün tutanlara və bunun nəticəsində ondan uzaqlaşanlara işarə olunaraq, onlar danlaq atəşinə tutulmurlarmı? Lakin nə etmək olar, təəssüb hissi insanı həlak edən qorxunc bir xəstəlikdir! Daha təəccüb doğuran isə Fəxri Razinin «hökmün xeyirlərindən biri də dünyapərəst insanların, mə᾽nəvi cəhətdən pak və axirətə həqiqi mə᾽nada iman gətirmiş şəxslərdən fərqlənmələri oldu» və eyni zamanda «sədəqənin verilməsi yoxsul təbəqənin qəm-qüssəsinə, varlıların isə dindən və Peyğəmbərdən (s) uzaqlaşmalarına səbəb olduğu üçün daha yaxşı olardı ki, hökm icra olunmasın» deməsidir.

Əgər onun dedikləri doğru və düzgün olsaydı, bütün vacib ödənişlərə dair verilmiş hökmləri icra etməmək daha məqsədə uyğun olardı və bu kimi ilahi göstərişlər əql, adət-ən᾽ənə, varlı və yoxsul təbəqənin ümumi rifahı ilə müxalif olardı. Bütün bunları nəzərə alaraq Əli (ə)-ın fəzilətlərini inkar etmək üçün Fəxri Razinin belə bir – hətta bundan da əsassız mə᾽naya istinad etməsi heç də təəccüb doğurmamalıdır.

Burada Nizamuddin Nişapurinin, Fəxri Raziyə tutduğu irada işarə etmək yerinə düşərdi.

Nişapuri deyir:

«Razi deyir ki, Peyğəmbərlə (s) şəxsi söhbətlərdən [görüşlərdən] əvvəl sədəqə verməyi Əli (ə)-ın fəzilətlərindən və onun digər səhabələrindən üstün olmasından hesab etmək olmaz. Çünki ola bilsin onların hökmü icra etmələrinə fürsət olmamışdır.

Bütün bunlarla yanaşı Fəxri Razi deyir: Hökmə icrasında vaxtın olduğunu fərz etsək də belə, bu hökmü icra etmək sədəqə verməyə qadir olmayan yoxsul təbəqənin kədərlənməsinə və varlıların dindən uzaqlaşmalarına səbəb olardı.

Demək, belə bir hökmün icra olunmamasının heç bir nöqsanı yoxdur. Çünki ümumi həmrə᾽yliyə səbəb olan hər hansı bir iş nifaq və ayrılığa gətirib çıxaran işlərdən daha çox müsbət nəticə verə bilər. Belə ki, Peyğəmbərlə (s) şəxsi görüşlər üçün sədəqənin verilməsi nə vacib, nə də müstəhəbdir və belə bir hökmü icra etməmək, icra etməkdən daha yaxşı olardı. Çünki belə şəxsi görüşlər Peyğəmbərin (s) narahatçılığına səbəb olurdu.

Nişapuri, Fəxri Razinin dediklərini nəql etdikdən sonra deyir: Bütün bunların nə dərəcədə təəssüb hissi ilə deyildiyi göz qabağındadır. Axı nə üçün hər zaman Əli (ə)-ın fəziləti haqda bir söz deyildiyi zaman şübhə ilə yanaşaraq hər hansı bir nöqsan axtarmalı və ya qətiyyətlə rədd etməliyik? Məgər o digər səhabələrin malik olmadıqları xüsusiyyətlərə yiyələnə bilməzdimi? Halbuki, Ömərin oğlundan nəql olunan rəvayətdə deyilir: Ömər deyərdi: Əgər Əlinin fəzilətlərindən biri məndə olsaydı, bu mənim üçün qırmızı tüklü dəvələrdən daha qiymətli olardı.

1. Peyğəmbərin (s) yeganə qızı Fatimə (ə) ilə evlənməsi;

2. Xeybər döyüşündə bayraqdar olması;

3. Nəcva ayəsinə əməl etməsi.

Bütün bunlarla yanaşı hər bir insaflı şəxs deyə bilərmi ki, Peyğəmbərlə (s) şəxsi görüş və söhbətlərin aparılması fəzilət deyil, nöqsandır? Kamal [kamillik] yox, eyibdir? Məgər ayədə hökmün icra olunması yasaq olunurmu?! Xeyr! Əksinə, buna əməl edənlərin iki fəzilətə nail olacaqları bildirilir.

Belə ki, həm ehtiyacı olanlara maddi yardım etmiş olur, həm də qəlbində Peyğəmbərə (s) olan məhəbbəti daha da gücləndirərək bir qədər də ona yaxınlaşır və öz çətinliklərini onun vasitəsilə aradan qaldırır və beləliklə onunla ünsiyyətdə olmağın var-dövlətdən əhəmiyyətli olduğunu sübuta yetirmiş olur.[3]

 

َّا أَفَاء اللَّهُ عَلَى رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَى فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ

AYƏSİNİN NƏSXİ

«Allahın Öz peyğəmbərinə [fəth olunmuş] məmləkətlərin əhalisindən [dinc yolla] verdiyi qənimət Allaha, Peyğəmbərə [Məhəmmədə (s) yaxın olan] qohum-əqrəbaya, yetimlərə, yoxsullara və [pulu qurtarıb yolda qalan] müsafirlərə məxsusdur. Bu ona görədir ki, [həmin mal-dövlət] içərinizdəki zənginlər arasında əldən-ələ düşən bir sərvət olmasın [ondan yoxsullar da faydalansın]. Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.» (59/7).

Qətadə ayənin nəsx olunduğunu belə izah edir: «Fəy`» və «qənimət» eyni mə᾽na daşıyır. Bu səbəbdən də ayədə «fəy`» kəlməsindən istifadə olunaraq qənimət hökmləri bəyan olunur. İslamın zühur etdiyi ilk illərdə qənimət məhz bu ayəyə əsasən, bölünür və əldə olunan qənimətlərdən yalnız ayədə işarə olunan şəxslərə verilirdi. Lakin Ənfal surəsi nazil olduqdan sonra ayə nəsx olundu və artıq qənimət əvvəlki kimi deyil, onun beşdə biri ayədə işarə olunan şəxslərə və yerdə qalan dörd hissəsi də döyüşçü, əsgər və mücahidlər arasında müəyyənləşdirildi.

Ənfal surəsinin 41-ci ayəsində deyilir:

وَاعْلَمُواْ أَنَّمَا غَنِمْتُم مِّن شَيْءٍ فَأَنَّ لِلّهِ خُمُسَهُ

«Bilin ki, əldə etdiyiniz hər hansı qənimətin beşdə biri Allahındır.»

Ayənin nəsx olunduğuna dair yalnız Qətadə fikir irəli sürmüşdür.

Lakin alim və tədqiqatçılar onun bu fikri ilə razılaşmayaraq demişlər: Müsəlmanların döyüş zamanı ələ keçirdikləri qənimət Allahın Peyğəmbərə aid etdiyi «fəy` – qənimətdən» bir qədər ayrı sözdür. Çünki «fəy`» adi halda kafirlərdən ələ keçirdikləri şeylərə deyilir, «qənimət» isə yalnız döyüş zamanı əldə olunan hər hansı bir şeydir.

Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, ayələr arasında heç bir ziddiyyət yoxdur və belə bir halda hökmün hər ikisi qüvvədə olaraq qalacaq və biri digərini nəsx etməyəcəkdir.

Müəllifin nəzəri:

Tədqiqatçıların bu barədə dedikləri tamamilə doğru və düzgündür. Onların söylədiklərini dəstəkləyərək demək istəyirəm ki, ayənin nəsx olunması Peyğəmbərin (s) sünnət və adət-ən᾽ənələri ilə əsla uyğun gəlmir. Çünki tarixi mənbələrin heç birində Peyğəmbərin (s) əldə olunan qənimətin özünə və qohum-əqrəbasına aid etdiyi və döyüş iştirakçılarına bir şey vermədiyi göstərilmir.

Ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyənin batil olduğuna dəlalət edəcək başqa bir dəlil bə᾽zilərinin Ənfal surəsinin Həşr surəsindən əvvəl nazil olduğunu hesab etmələridir. Halbuki, bu heç də belə deyildir. Tarixə müraciət edərək deyə bilərik ki, Ənfal surəsi Həşr surəsindən sonra nazil olmuşdur.

Demək «qənimət» ayəsi olan Ənfal surəsi Həşr surəsindəki «fəy`» ayəsindən əvvəl nazil olmuşdur. Halbuki, nəsx edən ayə nəsx olunan ayədən əvvəl deyil, sonra nazil olmalıdır. Bu səbəbdən də qətiyyətlə deyə bilərik ki, «qənimət» ayəsi, zaman baxımından bir qədər sonra nazil olan və haqqında söhbət açdığımız ayəni nəsx etməyə əsla qadir deyildir.



[1] Fәxri Razinin tәfsiri, 8-ci cild, 167-ci sәh.

[2] “Biharul-әnvar”, 9-cu cild, 12-ci sәh.

[3] Nişapurinin tәfsiri, Tәbәrinin haşiyәlәrindә, 28-ci cild, 24-cü sәh.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ

 
user comment