Bu da həmin xütbənin
(əşyanın xilqəti və pak Allahın yaradılmışların
sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir
Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət və məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması və arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onun iradə və istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın.[1] Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.
Bu xütbənin bir hissəsi
səmanın vəsfi haqqındadır
(Allah-təalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca Həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)
Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı.[2] Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi.[3] Onun bağlanmış qapılarını yığıldıqdan sonra[4] açdı.[5] Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən və dağılmaqdan qorudu.[6] Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi.[7] Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən də tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi[8] ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin.[9] Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə və cismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları və (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı.[10] Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiq olanları və müvafiq olmayanlarını Öz iradəsi və əmri ilə) ram və bərqərar etdi.[11]
Bu xütbənin bir hissəsi mələklərin
vəsfi barəsindədir[12]
Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onları ibadət və itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar.[13] Allah-təala onları cürbəcür surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər.[14] Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir.[15] Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi.[16] Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) mə’sum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan və nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tovhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə və nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə də insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənn və yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq və sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-təalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (və qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər.[17] Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-təalanın qüdrət və əzəmətini bildiklərinə görə) Onun (əzabının) xof və qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət və bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir.[18] Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (və başqasına ürək bağlamırlar). Münacat və (Allah-təala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur və öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən və itaətin çoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-təalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət və rahatlıq heyvani məzacın tələbatlarındandır və mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, oxlu şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-təalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar.[19] Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişə xof və ümid içində olar və bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir-yesir etməyib ki, (dünyadakı) səy və zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu və xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-təala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm və iradələri Allaha ibadət və itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr və fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.[20]
[1] Qur’ani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: «بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ» Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız «Ol!» deyər. O da dərhal olar.
[2] Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə və itələmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.
[3]Qur’ani-Kərimin Fussilət surəsinin 11 və 12-ci ayələrində buyurulduğu kimi: «ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ» O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət və məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü və buxar halında idi. O, göyə və yerə belə buyurdu: «istər-istəməz gəlin hazır olun» «göy və yer» «itaət edərək və boyun əyərək gəldik»-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik və hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan və hər bir şeyin hikmətini bilən Allahın təqdiridir» Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə və yerə əmri, onların cavabı, razılıqları və meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə və istəyi ilə yarandıqlarını güc və qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq «Ol!»-deməkdir. O da dərhal olar».
[4] Rəhmətin nazil olması və yağış üçün.
[5] Qur’ani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ» «Məgər kafir olanlar, Allaha və peyğəmbərə iman gətirməyənlər göylə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat və varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tovhid nişanələrini gördükdən sonra yenə də iman gətirməzlər?» Hədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə Həzrət İmam Məhəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: «Sən bəlkə də səmanın yerə bitişik olduğunu və sonradan ayrıldığını güman edirsən?» Həmin şəxs dedi: «Bəli». Həzrət buyurdu: «Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-təalanın «səma və yer bağlı idi» buyurmasının mənası budur ki, göylər yağdırmır və yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış və yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: «Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan və onların bildiklərini bilirsən.»
[6] Qur’ani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ «Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmi?» Yəni, istəsə, yerə düşər.
[7] Necə ki, Qur’ani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ «Onun əmri və iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir.
[8] Qur’ani-Kərimin Yasin surəsinin 38 və 39-cu ayələrində buyurulur: «وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ » «Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan və bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru və əyri budağı kimi hilal şəklində olar. Günəşi və ayı gecə-gündüzün əlaməti etdi.
[9] Qur’ani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: «وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً» Biz gecə və gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını və işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din və dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik.
[10] Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu «Parlaq ulduzlardan göylərə gözətçi qoydu» cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qur’ani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: « وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ» «Biz səmada bürclər və ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın və ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc və qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək və şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər və onu yandırar.
[11] Bu cümlə Qur’ani-Kərimin Ə’raf surəsinin 54-cü ayəsində buyurulana işarədir: «إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ» «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən və onu sürətlə təqib edən gecəni, günəşi, ayı və ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, «maddə və müddətsiz» bir şeyin yaranmasına iradə və əmr etmək də Ona məxsusdur.» Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür! Burada ulduzların uğurlu və uğursuz olmaması, yəni, dünyada pis və yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi və ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində də bol ərzağın olması və əksinə, yağışın vaxtında yağdığı illərdə də məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə və istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əş’əs ibn Qeysin qardaşı Əfifə demişdir və bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm və fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim və xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid və parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması və digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər və vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq və etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək və ya müxtəlif fikirləri və cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ)
[12]İbn Əbil-Hədid «Nəhcül-Bəlağənin şərhi» kitabında bu hissədə haqqa və həqiqətə uyğun olaraq yazır: إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل «Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan Mə’qil çayı quruyub öz əhəmiyyətini itirər». Bu rəbbani kəlam və müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli və bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin də bu sözlərə yaxın və münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə və üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri və müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi və ya ucsuz-bucaqsız çöllər və səhralar və buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi və müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki və ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə və öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq və cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü və sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq və məhəbbətləri və hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Qur’anın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt və başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə İmam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan İmam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar və Allah-təalanın əzəmət və böyüklüyünə qəlbində və bədən üzvlərində yer verər, Ona diqqət yetirər və elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc və qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər də onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir.
[13] Öz təsbih və şükrləri ilə göylərdə qovğa salan, narahatlıq və iztirab yaradan mələklərin Allah-təalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən və həqiqəti dərk edilməkdən pak və nöqsansızdır.
[14] Qur’ani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: «الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ» «Göyləri və yeri yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun». Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: «Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir!»
[15] Allah-təalanın icazəsi olmadan söz danışmır və Onun əmrinin ziddinə iş görmürlər. Necə ki, Qur’ani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: « وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون» «Kafirlər cəhalət və nadanlıqla dedilər: «Rəhman mələklərdən Özünə övlad götürdü!». O, belə sözlərdən pak və müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər».
[16] Qur’ani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: «اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ» «Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər və elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər və onların ümmətlərinin vəziyyətini görər». İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi: وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ «Mələklərin bir dəstəsi Allah-təalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil və tərcümandırlar, hökm və fərmanını çatdırmaq üçün gedib-gələrlər.»
[17] Onların bir dəstəsi yağışın və qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi də yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü və əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.
[18] Qur’ani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi: يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ «Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şə’ninə təriflər deyərlər».
[19] Çünki Allahı tanımağın dərəcəsinin həddi hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmiş olsa, ondan daha yüksək mərtəbə də var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil.
[20] Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından örnək götürərək Allaha ibadətdə onların ardınca getsinlər və şeytanların vəsvəsələrindən uzaqlaşsınlar.