Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan edilir[1]
Böyük Allah yeri (yerin çoxunu) erkək heyvanın öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaların arasında erkək heyvanların şəhvani həyəcan və məst vaxtı ağzı köpükləndiyi tək biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətrafları ilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağın suda yerləşməsindən sonra onun çalxalanması dayandı və dalğaları sakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, boyun əyməmək və böyüklükdən (öz dalğalarının coşub daşması nəticəsində səs-küy salmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünə çevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birinin üstünə çevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-təala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-təala göylə yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlini (onun üzərində yaşamaq üçün) bütün ehtiyaclarını ödəyən şeylərlə birgə yaratdı. Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerə su versin) onun bitkilərini cücərtsin.[2] Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanların döşündən süd sağan kimi sağdı). Sonra bulud (ağır yüklü dəvə sinəsi üstə yerə çökən kimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağış yağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-təala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər ələflər bitirdi.[3] Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəl görünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşıl olar). Allah-təala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədikləri hər bir yerə gedib gəlmələri üçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlar və dağlar kimi) əlamətlər, nişanələr qoydu (ki, ətraf aləmə yol tapa bilsinlər).[4] Allah-təala yeri açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Sonra Allahın əvvəlcədən onun barəsində olan elminə uyğun olmaq üçün Adəm Allah-təalanın qadağan etdiyi işi gördü.[5] Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunla olan və ya sonradan dünyaya gələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıca və məada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən Allahı tanımaq məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onları doğru yola yönəltdi.) Bu minvalla peyğəmbərimiz Məhəmməd (səlləllahu əleyhi və alih) vasitəsilə hüccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi.[6] Ruziləri təyin etdi (ölçüsünü müəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələri arasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hər kəsə Öz hikmətinə və məsləhətinə uyğun, onun bacarığı müqabilində bağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsün ki, varlılar şükr, yoxsullar səbr edirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlını kasıb, sağlamı xəstə və şadı qəmgin etdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülmək və bu kimi) səbəblərini yaratdı. Ölümü (quyudan vedrə çəkən kimi) ömürlərin uzun kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərinin uzunluğuna ümidvar olan qüvvətli insanlar bilsinlər ki, ölüm güclü və zəif tanımır).
(İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-təalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir[7] və buyurur:)
Allah-təala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqası hiss etmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heç kəsin agah olmadığından), hicab və pərdələrlə örtülmüş (heç bir kəsə aşkar olmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların ah-nalə səsləri və hönkürtülərindən, (addımlayanların) addımlarının ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqanadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağac budaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaq və çör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarət və bu qəbildən tikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləl və mərcandan), gecə qaranlığının örtdüklərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-huyunu, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insanda olduğu kimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahı tanıma, ibadət, nemətə şükr etmə və təşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi.[8]
(İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:)
Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən.[9] İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tovhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə. Çünki Sən istədiyin hər şeyə qadirsən.[10]
[1] Bu fəsildə yerin yaradılması və insan üçün çox faydalı olan buludu, yağışı, nuru, bitkiləri, cansızları və çayları xəlq etməkdə Allah-təalanın hikməti, uzaqgörənliyi Onun qüdrəti və gücü xatırlanmaqla bəyan edilmişdir.
[2] (Necə ki, Qur’ani-Kərimin Səcdə surəsinin 27-ci ayəsində buyurulur: أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ Məgər görmürlərmi ki, Biz otsuz torpaqlara yağış göndərib onunla heyvanlarının və özlərinin yedikləri bitkilər yetişdiririk? Məgər Allahın bütün bu qüdrət nişanələrini görmürlər?
[3] Qur’ani-Kərimin Həcc surəsinin 5-ci ayəsində buyurulur: وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ «Yer üzünü qupquru, otsuz görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bitki yetirər.»
[4] Necə ki, Qur’ani-Kərimin Zuxruf surəsinin 10-cu ayəsində buyurulur: «الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ» «O Allah ki, orada yerləşəsiniz deyə yeri sizin üçün beşik kimi açdı və istədiyiniz yerə gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı ki, bəlkə doğru yola çatasınız.»
[5] Bu o demək deyil ki, Adəm bu işi görməyə məcbur idi və ondan uzaqlaşmaq gücündə deyildi. Çünki Allah-təalanın elmi məlumun səbəbi deyil və bu, Adəmin həmin işi mütləq görməli olmasına səbəb ola bilməz. Allahın elmi məlumu göstərir. Belə olmasaydı, onu bu işinə görə danlayıb qınamazdı. O da günah və itaətsizliyi özünə aid etməzdi. Qur’ani-Kərimin Ə’raf surəsinin 22 və 23-cü ayələrində də belə buyurulur: «فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ» Şeytan Adəm və Həvvanı aldatdı. Adəm və Həvva o ağacın meyvəsindən daddıqda libasları düşdü. Ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarını bir-birinə yapışdıraraq ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacın meyvəsini yeməyi qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, deməmişdimmi?» Dedilər: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq».
Bu incə məqam, kitabın I hissəsində 1- ci xütbənin Adəm barəsindəki parçasının şərhində verilməyib və burada xatırladıram: Şiə alimlərin əqli və nəqli dəlillərinə, ortaq fikirlərinə əsasən peyğəmbərlərin əleyhimus-salam ömürlərinin əvvəlindən axırlarına qədər mə’sum və hər bir kiçik və ya böyük günahdan pak olduqları sübuta yetirilmişdir. Deməli, Allah-təalanın həmin ağacın meyvəsini yeməyi Adəmə qadağan etməsi tənzihi qadağa, başqa sözlə müstəhəb və daha üstün əməli tərk etməkdir. Adəm o meyvəni yedikdən sonra özünü zülmkar və ziyankar adlandırmasına, yaxud da Allah-təala başqa bir yerdə də Qur’ani-Kərimin Taha surəsinin 121-ci ayəsində: وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى «Adəm Rəbbinin müstəhəb göstərişini yerinə yetirmədiyinə görə Behiştdə qalmadan faydalanmadı» buyuraraq onu günahkar adlandırmasına gəlincə isə mənası budur ki, peyğəmbərlər və onların vəliləri yaxşı və üstün işlərdən uzaqlaşmağı böyük, hər bir ibadəti isə kiçik saysınlar.
[6] Peyğəmbərliyi Həzrət Məhəmmədin pak vücudu ilə başa çatdıraraq öz dinini təkmilləşdirdiyindən heç kəsə üzrxahlıq yeri qoymadı və günahkarlar üçün əzabı qaçılmaz etdi.
[7] Çünki gözlə görünməyən və ya gizli məxluqların yaradılması, onların hər birinin yetişdirilməsi və bütün halətlərində hikmət göstərilməsi onların həqiqətlərini biləndən, tərəfindən olduğu ağıla sığmazdır. Qur’ani-Kərimin Mulk surəsinin 13 və 14-cü ayələrində də belə buyurulur: وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ «Ey Qüreyş kafirləri, istər Peyğəmbər barədə olan sözünüzü gizli saxlayın, istər açıq deyin, Allah üçün heç bir fərqi yoxdur. Olanları dilə gətirməmişdən öncə biləndir. Məgər sinələri yaradan onda olanları bilməzmi? Allah hər şeyi incəliyinə qədər biləndir, hər şeydən xəbərdardır!» İbn Əbil Hədid burada gözəl söz demişdir: «Allah-təalanın sözündən başqa bu gözəllik, əzəmət və böyüklükdə bu sözə bənzər bir söz eşitməmişəm. Çünki İmam əleyhis-salamın kəlamı həmin ağacın bir budağı, o dənizin bir axarı və həmin atəşin bir şöləsidir. Sanki Qur’ani-Kərimin Ən’am surəsinin 59-cu ayəsini şərh etmişdir: وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْض وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ «İnsanlardan gizli olan qeybin xəzinələri və ya açarları Onun yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum əkilməyib, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın və Allahın elmi ona şamil olmasın!»
[8] Bu cümlədə yaradanın böyüklüyü, əzəməti müqabilində məxluqun mədh və ibadətinin çox kiçik olmasına işarə edilir ki, məxluq nemətə şükrünü, ibadət və itaətini davam etdirməklə bir an belə qəflətə qapılmasın.
[9] Çünki Sənin evinin qapısı həmişə açıq, nemət süfrən həmişə sərilmiş və bəxşiş, səxavət əlin isə bütün əllərdən yüksəkdədir.
[10] Burada cəddim Əmirəl-möminindən ruhlanaraq o Həzrəti Allah dərgahında vasitə qərar verir və ahu-zarla fəryad çəkərək deyirəm: «İlahi Pərvərdigara, mənim xətalarım çox, günahlarım saysızdır. Sən bağışlayan, rəhimli, əziz və kərimsən. Mənim xətalaramı bağışla, günahlarımdan keç. Bu şərafətli kitabın tərcümə və şərhini möhtaclıq və ehtiyac günümün azuqəsinə çevir. يا مَنْ لا يُرْجى إِلاَّ هُوَ Ey o kəs ki, Ondan qeyrisinə ümid olunmaz».