53-cü xütbə
İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) bey’əti barədə olan kəlamlarındandır.
(Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (bey’ət etmək üçün) izdiham yaratdılar. (Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların bey’ətlərini qəbul etdim, bundan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Məhəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı.[1] (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək ilahi əzaba əlac etməkdən daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət ölümlərindən (əzablarından) daha asandır.
54-cü xütbə
İmam Əli əleyhis-salamın Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdmkləri vaxt buyurduğu kəlamlarındandır:[2]
Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.
Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.
Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları ilə qayıdacaqlar (məşəqqətdə olacaqlar).
55-ci xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Özünün və Həzrət Peyğəmbərin digər səhabələrinin müqəddəs İslam dininə kömək üçün aparılan müharbələrdəki fədakarlığını və dönməzliyini bəyan edərək öz səhabələrini Allah yolunda cihada və düşmənlərlə müharibəyə həvəsləndirir və onların bu işdə süstlüyünü pisləyir.)
Biz Allahın peyğəmbəri (səlləllahu əleyhi və alih) ilə olduğumuz vaxt (İslam dininə kömək üçün) öz atalarımızı, övladlarımızı, qardaş və əmilərimizi (döyüşlərdə) öldürürdük. Belə rəftar iman və etiqadımızı çoxaldırdı, itaət yolunu tuturduq və doğru yolda dönməzliyimiz çoxalırdı. Ağrıların yanğısına dözümümüz və düşmənlə cihad yolunda səylərimiz daha da artırdı. (Peyğəmbər dövrünün müharibələrində döyüş üslubu belə idi ki,) bizlərdən biri düşmənlərdən biri ilə bir-birinə hücum edirdi və onlardan biri başqasına ölüm camı ilə doydurana qədər iki erkək heyvan bir-birinin canına düşən kimi bir-birinin üstünə düşürdülər (bir-birini öldürmək qəsdində olurdular). Bəzən biz düşmənə zəfər çalır, bəzən də düşmən bizə qalib gəlirdi. Allah bizim doğruluğumuzu gördüyündən (İslam yolunda hər şeydən keçməyi göstərdik) dəvənin istirahət vaxtı sinə və boynunu yerə qoyduğu tək, İslam möhkəmlənənə (din nizamlanana), öz yerlərində yayılana qədər düşmənlərimizi xar, qələbəni isə bizə nəsib etdi. (İslam düşmənin iztirab və narahatlığından xilas oldu, onun həqiqətləri dünyanın hər yanına yayıldı.) Öz canıma and olsun, əgər (İslam dininə köməkdə) rəftarımız sizin kimi olsaydı, (düşmənlə döyüşdə sizlər tək süstlük və səhlənkarlıq etsəydik) dinin bünövrəsi qoyulmazdı (Allaha iman olmazdı) və iman ağacının budağı göyərməzdi (İslamın qanunları yayılmazdı). And olsun Allaha! Bu (bəyənilməyən) rəftarınıza görə (döyüşdə səhlənkarlığınıza görə, dünyanın dəvəsindən süd əvəzinə) qan sağacaqsınız və ondan sonra (düşmən sizə hakim kəsildikdə) peşman olacaqsınız.
[1] Yağılarla vuruşmaq İmama vacibdir, imkanı və qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar və bu da İmam üçün Həzrəti Məhəmmədin əhkamını inkar etmək kimidir.
[2] Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı və bir neçə günlük müharibə dayandı. Buna görə də döyüşçülərdən Bəzisi dedilər: «Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək və öldürülməkdən qorxduğu üçündür». Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk və şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət onların cavabında bunları buyurmuşdur.