56-cı xütbə
İmam Əli əleyhis-salamın öz səhabələrinə buyurduğu kəlamlardandır. (O böyük şəxsiyyətdən sonra Kufə əhlinin başına gələcək bəlalardan onları xəbərbar edir və o zaman necə rəftar etmələri barədə göstəriş verir.)
Agah olun ki, məndən az sonra iri hulqumlu və yekə qarınlı bir kişi (Müaviyə ibn Əbu-Süfyan) sizə qalib gələcək, tapdığı hər bir şeyi yeyəcək, tapmadığını istəyəcək.[1] Belə isə (gücünüz və imkanınız olsa) onu öldürün, hərçənd ki, onu heç vaxt öldürməyəcəksiniz (onu öldürmək gücündə deyilsiniz). Agah olun, həmin kişi tezliklə sizləri məni söyməyə məcbur etsə, söyün məni. Çünki mənə söyməyiniz məqamımın yüksəlməsinə, sizin isə nicatınıza və (onun şərrindən) xilasınıza səbəb olacaq. Üz döndərməyə gəldikdə isə, məndən sonra məndən üz döndərməyin (batində məni sevin). Çünki mən fitrətən müsəlman doğulmuşam.[2] İmanda və (Allahın Peyğəmbərinə yardım və onun zəfəri üçün vətənimdən) hicrətdə öndə olmuşam.[3]
57-ci xütbə
İmam Əli əleyhis-salamın Nəhrəvan xəvaricinə buyurduğu kəlamlarındandır:[4]
Üzünüzə çınqılları tərpədən küləklər əssin (İlahi əzaba tuş gəlin), sizlərdən xurma ağacını buduyan (ya söz danışan, yaxud tərpənən) bir nəfər belə qalmasın. (Xülasə, nəsliniz kəsilsin) Allaha iman gətirdikdən, Həzrət Peyğəmbərlə (səlləllahu əleyhi və alih) birlikdə (döyüşlərdə) cihaddan sonra öz küfrümə, səhvimə şəhadət verim? Belə olan surətdə (öz səhvimi etiraf etməklə) yolumu azaraq, doğru yoldan kənara addım atmış olaram. Qədəm qoyduğunuz ən pis yoldan dönün. (Bu batil yolunuzdan geri dönərək bir daha bu çirkin sözləri dilinizə almayın) və öz ayağınızın yerinə qayıdın (tərk etdiyiniz yola qayıdın və haqqa itaət edin). Bilin ki, məndən az sonra böyük rəzillik və zillətlə üzləşəcək, doğrayan qılınca tuş gələcəksiniz. Mallarınızı zülmkarlar alaraq, özlərinə çıxacaq, bu işi sizlər arasında öz adətlərinə çevirəcəklər.[5] (Seyyid Rəzi buyurur:)
Həzrətin buyurduğu وَلا بَقِىَ مِنْكُمْ آبِرٌ sözünü üç cür izah edirlər: Birinci, qeyd etdiyimiz kimi, آبِرٌ ra hərfi ilə ərəb sözü olub xurma ağacını budayana رَجُلٌ آبِرٌ deyilir. İkinci ehtimala görə آثِرٌ üç nöqtəli sə hərfi ilə-hədis deyən və ya söz danışan şəxs nəzərdə tutulur. Fikrimcə, bu daha düzgün ehtimaldır. Sanki Həzrət «sizlərdən danışan kimsə qalmasın» deyə buyurmuşdur. Üçüncüsü, آبِزٌ nöqtəli za hərfi ilə-sıçrayan mənasındadır. آبِزٌ həm də هالِكُ yəni, məhv olmuş mənasında da işlədilir.
58-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə müharibə etmək qərarına gəldiyi və onların Nəhrəvan körpüsündən keçməsi o Həzrətə deyildiyi vaxt buyurmuşdur:
Onların qətlgahları (öldürüldükləri yer) suyun (Nəhrəvanın) bu tərəfidir. Allaha and olsun, onlardan on nəfəri belə (ölməkdən) xilas olmayacaq, sizlərdən onca nəfər də həlak olmayacaqdır.[6] (Seyyid Rəzi buyurur:)
Həzrətin نُطْفَة (saf su) sözündən məqsədi çay suyudur. Su çox həcmdə olsa belə, bu, su üçün ən fəsahətili ifadədir. Bundan öncə bu məna (Xəvariclə müharibə barədə olan qırx səkkizinci xütbənin sonlarında) qeyd olunmuşdur.
59-cu xütbə
Nəhrəvan xəvarici öldürüldükdə İmam Əliyə dedilər: Ya Əmirəl-möminin, onların hamısı öldürüldülər. Buyurdu:
And olsun Allaha, belə deyil. Onlar kişilərin bellərində, qadınların bətnlərində olan rüşeymlərdir.[7] Hər zaman onlardan bir budaq (bir baş) qalxacaq və sındırılacaqdır (tezliklə qətlə yetiriləcəkdir) beləliklə, onların sonuncuları da (əcdadları tək) oğrular (və), quldurlar olacaqlar.[8]
60-cı xütbə
İmam əleyhis-salam Xəvaric barəsində buyurub:
Məndən sonra Xəvarici öldürməyin çünki haqqı əldə etmək istəyib xəta edən (yolunu azan), batili diləyib onu əldə edənə bənzəməz (Seyyid Rəzi buyurur:)
مَنْ طَلَبَ الْباطِلَ فَأَدْرَكَهُyəni-batili istəyib onu əldə edənlər ifadəsinində Həzrətin nəzərdə tutduğu Müaviyə və tərəfdarlarıdır.[9]
[1] «Süfrəni yığışdırın, yorulsam da doymadım» deyənə qədər hər şeyi yeyir, ancaq yenə də doymurdu. Deyilənə görə, onun qarınqululuğu Həzrət Peyğəmbərin lənətləməsinə görə idi. Peyğəmbər Həzrətləri bir nəfəri onu çağırmaq üçün yanına göndərəndə Müaviyə yemək yeyirmiş. Həmin şəxs qayıdaraq onun yemək yediyini demişdir. Bir daha həmin adamı göndərəndə, Müaviyə yenə də yemək yeyirmiş. Bu zaman Həzrət buyurmuşdur: اللَّهُمَّ لا تَشْبَعْ بَطْنَهُ Ey Allah, onun qarnını doydurma!
[2] Heç vaxt küfr və şirk yolunda olmamışam. Başqaları kimi kafir və bütpərəst olub, sonra İslama gəlməmişəm, əvvəlcədən İslamı seçmişəm.
[3] Peyğəmbərə iman gətirən və İslam dininin inkişafı üçün ona kömək edən ilk kişi mən olmuşam. Deməli, məndən bezmək Allahdan bezməkdir. Allahdan bezmək isə əbədi əzaba gətirib çıxarar.
[4] Siffeyn döyüşü bitdikdən, hakim təyin etmək müqaviləsi və əhdnamə yazıldıqdan sonra, xəvaric o böyük şəxsiyyətdən uzaqlaşaraq, hər tərəfdən لا حُكْمَ إِلاّ لِلّهِ (yəni, Allahdan başqa qeyrisindən hökm yoxdur) qışqırdılar və dedilər: أَلْحُكْمُ لِلّهِ يا عَلِىُّ لا لَكَ (yəni, hökm, fərman vermək sənə aid deyil, ya Əli, Allaha aiddir. Allahın Müaviyə və tərəfdarları barədə hökmü isə budur ki, onlar fərmanımıza tabe olmalıdırlar. Biz «hakim təyin etmək» məsələsinə razı olmaqla səhvə yol verdik, öz səhvimizi başa düşdükdə tövbə edərək Allaha tərəf qayıtdıq. Sən də bizim kimi səhvinə görə tövbə edərək geri dön. Bəziləri isə deyirlər ki, «hakim təyin etmək» məsələsinə razılaşmaqla kafir olmusan. İndi öz küfrünə şəhadət verdikdən sonra tövbə et ki, sənə itaət edək. Həzrət də cavab olaraq bunları buyurmuşdur.
[5] O böyük şəxsiyyətdən sonra, Məhləb ibn Əbu Sufər və başqa zülmkarlar tərəfindən törədilən qətl və qarətlərdən xəbər verilir.
[6] Həzrət xəvariclə döyüşmək üçün onları təqib etdiyi vaxt, səhabələrindən bir kişi xəvaricin Nəhrəvandan keçdiklərini ona dedi. Həzrət buyurdu: «Onların keçdiyini özün görmüsənmi?» Cavab verdi ki, bəli. Həzrət buyurdu: «Allaha and olsun, onlar keçmədilər və heç vaxt da keçməyəcəklər. Onların ölüm yeri çayın bu tərəfidir». Bundan sonra ata minərək getdilər. Çayın yaxınlığına çatdıqda xəvaricin hamısının qılınclarını qından çıxararaq öz atlarının ayaq damarlarını kəsib «لا حُكْمَ إلّا لِلّهِ» yəni, «hökm ancaq Allaha məxsusdur» qışqıraraq döyüşə hazırlaşdıqlarını gördülər. Onlar həmişə bu sözü öz şüarlarına çevirərək qalmaqal yaradırdılar. Sonra Həzrət müharibə əmrini verdi. Döyüş başa çatdıqdan sonra xəvaricdən doqquz nəfərin qaçaraq ölümdən canlarını qurtardığını və Həzrətin səhabələrindən yalnız səkkiz nəfərin öldüyünü bildilər.
[7] Onlardan doqquz nəfəri qaçıb, şəhərlərə dağılışıblar, onlardan övladlar dünyaya gələcək və yer üzündə fitnə-fəsad törədəcəklər.
[8] Qeyd olunduğu kimi o doqquz nəfər şəhərlərə dağlışdılar, hər biri bir məzhəb yaratdı; onu yayaraq yollarda oğurluq edirdilər.
[9] Həzrətin Xəvarici öldürməyə icazə verməməsinin səbəbi onların əsl məqsədlərnin haqqı əldə etmək olması idi; lakin onlar bu yolda xəta etmişdilər. Əlbəttə, Müaviyə və tərəfdarlarından fərqli olaraq belə şəxslər ölümə layiq deyillər. Əsl məqsədləri batil olan Müaviyə və tərəfdarları isə öldürülməlidir. Necə ki, əlli altıncı kəlamında buyurur: فَاقْتُلُوهُ – yəni, Müaviyəni öldürün. Amma onun Xəvarici öldürüb, özündən sonra isə onları öldürməyi qadağan etməsinin səbəbi onların Həzrətlə döyüşə birinci başlamaları,fitnə-fəsad qaldırıb camaatı öz bid’ətlərinə çağırmaları, Əmirəl-mömininin səhabələrindən olan Abdullah ibn Xəbbab kimi yaxşı insanları öldürmələri, onun hamilə arvadının qarnını yarmaları olmuşdu. Beləliklə, fitnə-fəsad törətmədikləri, nahaq qan axıtmadıqları, müharibə etmədikləri halda onları öldürmək qadağandır.