Xəlifəlik və xəlifələr
Mərvanilər,Həccac Kufədə, Vəlid İbn Əbdülməlik, Suleyman ibn Əbdülməlik, Ömər ibn Əbdüləziz, Yezid ibn Əbdülməlik, Hişam ibn Əbdülməlik, İkinci Vəlid.
MƏRVANİLƏR
Mə’lum olduğu kimi, Müaviyənin ölümündən sonra Abdullah ibni Zübeyr Məkkəyə gedərək orada özünü xəlifə e’lan etdi. Abdullah Qüreyşdən, Ədnani tayfasından, yə’ni şimal ərəblərindən idi. Digər tərəfdən də bildiyiniz kimi, Müaviyənin Məysun adlı bir arvadı var idi ki, Kəlb qəbiləsindən olan Bəcdəl ibni Uneyfin qızı və Yezidin anasıdır. Həmçinin bu da aydındır ki, Kəlb qəbiləsi Qəhtani, yə’ni cənub ərəblərindəndir. Yezidin az sürən xilafəti dövründə və ölümündən sonra xəlifə ilə qohumluq əlaqələri olan Kəlbilər get-gedə hakimiyyəti ələ keçirərək Qeysiləri siyasət meydanından kənarlaşdırdılar. Ərəb zərbül-məsəllərində rast gəldiyimiz. “Hims şəhərində Qeysdən də səviyyəsiz insan” ifadəsi çox ehtimal ki, o günlərin yadigarıdır. Qəhtanilərin belə kobudluğu heç də Ədnani tayfasının xoşuna gəlmədi. Müaviyə və Yezidin xilafəti zamanı Şamın bütün şiələrini idarə edən Zəhhak ibni Qeys Muzərilərin tərəfini saxlayaraq camaatı Abdullah ibni Zübeyrin tərəfinə də’vət edərək onu Dəməşqdə xəlifə e’lan etdi.
Abdullahın fəaliyyəti o həddə qədər genişləndi ki, Hicazda, Misirdə və İraqda onun xilafətini qəbul etdilər. Lakin bunula yanaşı Kəlbilər də sakit oturmayıb, Əməvilərdən olan bir dəstə adam Cabiyədə bir yerə yığışıb Mərvan ibni Həkəmi xəlifə adlandırdılar. Yezidin oğlu kiçik olsa da, Xalidi ona vəliəhd tə’yin etdilər. Bu seçki vasitəsilə mə’lum idi ki, yenidən Qeysi və Kəlbi arasında münaqişə baş qaldırmalıdır.
Mərvan Kəlbi tayfasından olan tərəfdarları ilə birgə Dəməşqə tərəf üz tutdu. Zəhhak ibni Qeys onunla mübarizə etmək üçün ayağa qalxdı və hicrətin 64-cü ili Mərc-rahit adlı yerdə iki qoşun arasında döyüş başlandı. Böyük itkilərlə nəticələnən 20 günlük savaşdan sonra Kəlbilər qələbə çalaraq Mərvanı xəlifə kimi tanıdılar. Hər iki tayfanın şairləri bu münaqişəyə aid şe’r və qəhrəmanlıq dastanları qoşdular ki, oxucuya islamdan əvvəlki qəbilələr arasındakı münaqişələri xatırladır.
Mərvan 64-cü il Ziqə’də ayında xəlifə oldu və qərara alındı ki, ondan sonra Xalid ibni Yezid, ondan sonra isə Əmr ibni Səid ibni As xəlifə olsunlar.
Mərvanın iş başına gəlməsi ilə Üməyyə ailəsindən olan yeni bir sülalənin, yə’ni Mərvanilərin hakimiyyəti başlandı. Doğurudur ki, bu mübarizədə Kəlbilər qalib gəldilər, ancaq bundan sonra hər iki sülalə arasındakı düşmənçilik daha da artdı. Çünki hər qəbilənin öz ayininə əsasən qanı qanla yumaq bir adətdir. Mərc-rahit döyüşündə Qeysilər Abullah ibni Zübeyrə tərəfdar çıxsalar da, bu döyüşdən sonra Qeysi və Yəmani qruplaşmasının başdan-başa Əməvilər xilafətini bürüdüyünü görürük.
Mərvan bütövlükdə Şamı alaraq Misirə yollandı, orada qayda-qanun bərpa etdikdən sonra Şama dönərək Yezidin oğlu Xalidi vəliəhdlikdən kənar edib öz oğlu Əbdülməliki, onun ardınca başqa bir oğlu Əbdüləzizi özünə vəliəhd tə’yin etdi. Mərvanın bu hərəkəti Əməviləri çox narahat etdi. Belə ki, yazırlar Xalidin anası onu boğub öldürdü. (hicri 65-ci il Ramazan ayı). Mərvan öldükdən sonra özünün vəsiyyətinə əsasən 39 yaşlı Əbdülməlik xilafətə yetişdi. Əbdülməlik siyasi və ictimai durumun çox kəskin bir anında hakimiyyətə gəlmişdi. Çünki o zaman Abdullah ibni Zübeyr Məkkədə özünü xəlifə e’lan edib Hicazı xilafətin mərkəzi tə’yin etmiş, nüfuzunu İraqa və şərqə qədər genişləndirmişdi. Xəvaric şəhərlərdə qiyam edərək gediş-gəliş yollarını təhlükə altına salmışdı. Ərəbistanın daxili vəziyyətindən istifadə edən Rum imperatorluğu isə Şama tərəf qoşun yolladı.
Əbdülməlik ilk növbədə Rum imperatorluğu ilə saziş bağlayıb böyük məbləğdə vergi verəcəyini öhdəsinə götürdü. Xarici düşməndən arxayın olduqdan sonra Zübeyrin oğlu Abdullahı aradan aparamaq üçün hazırlıq gördü. Hicaza qarşı mübarizə aparmaq üçün hər iki yoldan, həm siyasi, həm də hərbi taktikadan istifadə etdi. Hacılar Abdullahın təbliğinin tə’siri altına düşüb Şamda onun də’vətini yaymasınlar deyə, həcc ziyarətinin qarşısını aldı.
Yə’qubi yazır: “Camaat şikayətlənərək dedilər ki, nəyə görə həcc ziyarətinə getməyə qoymursan? Əbdülməlik dedi: İbni Şəhab Zöhri peyğəmbərdən hədis nəql edir ki, gərək üç məscidin ziyarətinə gedilməsin - Məscidül-həram, mənim məscidim (məscidün-nəbi) və bir də Beytül-müqəddəs məscidi. Bu gün sizin Beytül-müqəddəsə getməniz eyni ilə Məscidül-həramı ziyarət etməyinizə bərabərdir. Və ibni Şəhab yenə deyir: Yəhudilərin üzərində qurbanlıq kəsdikləri qayalıq, me’rac gecəsi Peyğəmbərin ayaq qoyduğu daşdır.
Əbdülməlikin göstərişi ilə bu daşın ətrafında iri günbəzi olan bir bina tikərək üzərini ipək parça ilə örtdülər. Oraya qulluqçular tə’yin edib camaatı onun ətrafına dolanmağa məcbur etdilər. Bu adət bəni Üməyyə hakimiyyətinin bütün dövrlərində davam etdirildi.
Əbdülməlik Məkkə və Mədinəni camaatın gözündən salıb, Şamı müsəlmanların nəzərində Allahın müqəddəs evi kimi cilvələndirmək istəyirdi. Özündən sonrakı bə’zi hakimlər də onun yolunu davam etdirmişlər. O, bu əsnada İraqa bir qoşun göndərdi ki, Kufə və Bəsrəyə hakim olan Zübeyrin oğlu Mus’əbin hakimiyyətini devirsin. Digər tərəfdən isə İraqı bir dəstə qəbilə başçılarına və’də verməklə özünə tərəf çəkdi. Nəhayət Mus’əb öldürüldü, qoşun dağıldı və bununla da İraqın işi sona yetdi. İndi isə qarşıda Hicaz məsələsi dururdu. Əbdülməlik Həccac ibni Yusifi oraya göndərdi.
Həccac Məkkəni mühasirəyə alıb mancalaqla daş atəşinə tutdu və Kə’bə evini darmadağın etdi. Bu mübarizədə Abdullahın tərəfdarları dağıldılar, ancaq Abdullah özü ölüm anına qədər döyüşdən qaçmadı. Onu öldürməklə Əbdülməlikin sonuncu rəqibi, deyilənlərə görə təqvalı və pərhizkar bir şəxs məhv edildi. (Hicri 73-cü il). Həccacın göstərişi ilə onun cəsədini dar ağacından asdılar. Həccac bu mə’muriyyəti zamanı əlindən gələn hər bir ləyaqətsizliyə əl atdı. Kə’bə evini dağıtdı, peyğəmbərin məscidinə, minbərinə və qəbrinə ehtiramsızlıq etdi, bundan əlavə peyğəmbər səhabələrinin bir dəstəsini, o cümlədən Cabir ibni Abdullah Ənsarini, Ənəs ibni Maliki, Səhl Saidini və başqalarını xar etmək üçün boyunlarının ardına damğa vurdu. Bəhanəsi də bu oldu ki, guya siz Osmanın qatillərisiniz. O, Mədinə şəhərini tərk edərkən belə demişdi: “Şükr olsun Allaha ki, bu diyardan gedirəm. Bu şəhər hər bir yerdən olduqca murdar, əhalisi isə bütün camaatdan olduqca yaramaz və əmirəl-mö’mininə qarşı hiyləgərdir. Bu şəhərdə bir neçə taxta qırıntısı vardır ki, ona peyğəmbər minbəri deyirlər və bir neçə çürük sümükləri də ziyarət edib ona sığınırlar.”
HƏCCAC KUFƏDƏ
Bu mə’muriyyətdən sonra Əbdülməlik dərk etdi ki, iraqlıları öz yerində oturtmağa gücü çata bilən şəxs yalnız Həccac ola bilər. Hicrətin 75-ci ili İraqın və şərq əyalətlərinin bir hissəsinin hakimiyyətini Həccaca tapşırdı. O, Kufəyə gələn zaman xəlifə tərəfindən göndərilmiş hakim tək davranmadı, bəlkə tanınmaz bir nəfər kimi üz-gözü bağlı halda məscidə daxil oldu. Camaatı yararaq irəli keçib minbərdə əyləşdi. Uzun müddət bir kəlmə belə söyləmədi. Camaat pıçıldamağa başladı ki, görəsən bu kimdir. Biri dedi ki, yeni hakimdir.
Onu daş-qalaq edəkmi?
Xeyr, dayan görək bir nə deyir.
Sakitlik yarandıqdan sonra üzünü açaraq camaatı elə sözlərlə hədələdi ki, onu daş-qalaq etmək istəyənlərin əlindəki xırda daşlar yerə töküldü. O, xütbəsinin başlanğıcında belə söylədi: Ey Kufə camaatı! Uzun illərdir ki, iğtişaş və fitnəkarlıqla məşğulsunuz, itaətdən boyun qaçırmağı özünüzə adət etmisiniz. Mən meyvə kimi yetişmiş başlar görürəm ki, gərək onları bədəndən ayıram. Mən sizin başınıza o qədər döyəcəyəm ki, itaətin yolunu tapasınız.
Bu sözlər kufliləri. bütövlükdə İraq camaatının vəzifəsini, yə’ni nə edəcəklərini dəqiq şəkildə aydınlaşdırdı. Onlar üçün göndərilmiş hakim özlərinin başa düşəcəkləri tərzdə danışırdı. Həccac cilddən-cildə girən bu camaatla elə davrandı ki, iyirmi il İraqdan fitnə və iğtişaşın kökü kəsildi. Xəvaricin başlıca mərkəzinə çevrilmiş Xuzistan və şərq məntəqəsində dinclik hökm sürdü. Bildiyiniz kimi, belə hökumətin ən başlıca işi zülm etmək, zindana salmaq, camaatı öldürmək, qorxu və sarsıntı yaratmaq və bir də əhalini təhlükə altında saxlamaqdan ibarətdir. Həccacın hökuməti dövründə də camaat ibni Ziyadın hakimiyyətindəki kimi kiçik bir töhmətlə yaxalanıb öldürülür və yaxud zindana atılırdı. Bə’zi vaxtlar heç bir günahı olmayan və itaətdən çıxmayan şəxs də tutulub zindana salınırdı.
Aşağıdakı hekayə də o günlərin zalım hakimlərini tanıtdıran və belə bir hakimiyyət altında ömür sürən xalqın güzəranını işıqlandıran ən bariz nümunədir.
Həccac “Hud” surəsinin 46-cı ayəsini oxuyarkən orada yazılmış “əməlün” sözünü necə oxuyacağını bilmədi (ərəb dilində qarmmatik baxımından). Keşikçilərdən birinə dedi ki, Qur’anı düzgün oxumağı bacaran bir adam gətir. Keşikçi bir nəfəri tapıb gətirən zaman artıq Həccac öz yerindən durub getmişdi. Keşikçi onu zindana salmış və sonradan onun orada olmağını birdəfəlik yadından çıxarmışdı. Altı aydan sonra Həccac həbs olunanları yoxlayarkən həmin şəxsə çatdıqda soruşdu:
Nə üçün zindana düşübsən?
Nuhun oğluna görə! (həmin ayə həzrət Nuhun oğlu barəsində idi).
Həccac işin nə yerdə olduğunu anlayıb tez onun azad edilməsi əmrini verdi.
Onun hakimiyyəti uzandıqca islam fiqhinə qarşı zidd hərəkət etməsi və dinin əleyhinə çıxması daha da çoxalırdı. Belə ki, xütbələrinin birində Peyğəmbər məzarını ziyarət edənlərə xitab edərək deyir:
Belə camaata ölüm olsun! Görəsən niyə bir parça taxta ilə kiçicik bir təpənin ətrafına dolanırlar? Niyə gedib əmirəl-mö’minin Əbdülməlikin sarayını təvaf etmirlər? Məgər bilmirlər ki, hər şəxsin xəlifəsi ona peyğəmbərdən də yaxşıdır?
Başqa hakimlər də ona xəlifə gözü ilə baxaraq onun hörmətini qazanmaq üçün ona yaltaqlanırdılar.
Həccac başdan-başa İraqda və şərq bölgəsində vəhşilik siyasəti həyata keçirirdi. Günahsız yerə bir neçə təqvalı insanları və Kufə böyüklərini qətlə yetirirdi. Xəvaricin iğtişaşını yatıran da o oldu. O, camaatın ürəyinə elə bir qorxu salmışdı ki, nəinki İraqda, bəlkə Xuzistan və bütövlükdə şərq bölgəsində sakitlik yaratmışdı. Həccac əlinin altındakılara qarşı sərt rəftar etsə, də özündən yuxarı olan kəslər qarşısında zəiflik göstərib yaltaqlanırdı. Necə ki, Əbdülməlikə yazdığı məktubda deyir: Eşitdiyimə görə əmirəl-mö’minin məclisdə asqıran zaman orada iştirak edənlər ona “Allah rəhm etsin” demişlər. Ey kaş mən də orada olub bu böyük ne’mətdən feyz kəsb edə biləydim.
O, danışıqlarında Əbdülməlikin məqamını peyğəmbərdən üstün sayaraq belə demişdi: Camaat! Sizin elçiniz sizə əzizdir, yoxsa xəlifəniz? Peyğəmbər Allahın elçisidirsə, Əbdülməlik də Onun xəlifəsidir. Həccac Əbdülməlikin xilafətinin sonuna qədər İraqda qaldı. Əbdülməlikdən sonra xəlifə olan Vəlid də onu İraqda hakim olaraq saxladı.
Hicrətin 80-cı ili Həccac Əbdürrəhman ibni Məhəmmədi ondan xoşu gəlməməsinə baxmayaraq Sistan və Zabolstana hakim tə’yin etdi. Ona Sistana hücum etmiş Rətbili qovlaması göstərişini verdi. Əbdürrəhman oraya gedərək qoşunu hücum edənlərin üzərinə göndərdi və Sistanda sakitlik bərpa etdi. Onun ardınca Həccaca bir məktub yazdı ki, biz düşməni bu ərazidən çıxarıb çoxlu sayda qənimət əldə etdik və irəliləməyi də məsləhət görmürəm. Həccac onun sözünü qəbul etməyib ona yazır ki, düşmənin ardınca getsin. Əbdürrəhman dəstə başçılarını bir yerə toplayıb (onlar da Qəhtani tayfasından idilər) dedi: Mənim nəzərim budur ki, döyüşü dayandıraq, Həccac düşmənin dalınca getməyimizi əmr edir, sizin fikriniz nədir? Onlar qəzəblənərək dedilər: Həccac bizi düşmənin əli ilə əzmək istəyir. Bizi farslarla döyüşə yollayır. Əgər öldürülsək bizim əlimizdən qurtaracaq. Nəhayət Əbdürrəhman Həccacın əleyhinə qalxaraq İraqa tərəf üz tutdu. Xuzistanda hər iki qoşun arasında döyüş baş verdi. Həccac əvvəldə məğlubiyyətə düçar oldu və Əbdürrəhman özünü İraqa çatdıraraq Kufəni ələ keçirdi. Bəsrə şəhərinin başçılarının əksəriyyəti onun yanına gəlib itaətə hazır olduqlarını söylədilər. Həccac Şama mə’lumat göndərib Əbdülməlikdən yardım dilədi. Şamdan ona köməklik etmək üçün qoşun göndərildi. Bu qoşunun gəlişi ilə Həccac yenidən döyüşə başladı. Dəyrül-cəmacim adı ilə məşhurlaşan bu ağır döyüşdə ürəklərində Həccaca qarşı olan nifrətə əsasən Kufə və Bəsrə camaatı, hətta Qur’an oxuyanlar ayağa qalxdılar. Əbdürrəhmanın qoşunu o qədər çox idi ki, Əbdülməlik narahat olub nümayəndə göndərib dedi ki, əgər İraq camaatı qəbul etsə Həccacı hakimlikdən kənarlaşdırıb onlarla sülh bağlayaram. Həccac bu macəranı eşitdikdə xəlifəyə xəbər göndərdi ki, əgər belə rəftar etsə iraqlılar sənə qarşı ədəbsizləşəcəklər. Buna baxmayaraq Əbdülməlik onun sözünü eşitməyib oğlu Abdullahı İraqa yolladı ki, onun təklifini İraq camaatına yetirsin. İraqlılar bu sazişi qəbul etməyib, hətta Əbdülməlikin özünü xilafətdən azad etdilər (yə’ni xəlifə hesab etmədilər). Əbdülməlikin oğlu işin bu yerə çatdığını görüb Həccaca dedi: İndi özün bilən məsləhətdir, nə bacırırsan onu da et. Həccac döyüşə başladı. Lakin qoşunun azuqə ehtiyatı olmadığından məğlub olacaqları ehtimal olunurdu. Sonda o, Əbdürrəhmanın qoşunundan olan bir dəstə başçılarını aldadaraq gecə vaxtı gözlənilmədən iraqlıların üzərinə hücuma keçib onları qaçmağa məcbur etdi. Qaçanların bir çoxu çayda boğulub öldü, Əbdürrəhman isə çarəsizlikdən Zabula qaçaraq Rətbildən sığınacaq istədi. (Hicri 82-ci il) Həccac Əbdürrəhmanı İraqa göndərmək üçün Rətbili nə yolla olursa-olsun razı saldı, o, da onu İraqa göndərdi. Lakin yolda Əbdürrəhman qaçmaq niyyəti ilə damdan tullanıb öldü və onun başını kəsib Həccaca yolladılar.
Hicrətin 80-cı ili Məhləb ibni Əbi Səfər Xocənd məntəqəsini fəth edərək Koş şəhərini paytaxt e’lan etdi və oranın əhalisi ilə sülh bağladı. Bu zaman Əbdürrəhmandan məktub aldı ki, o, Həccacı şərq bölgəsinin hakimiyyətindən çıxarıb və ona qoşulmaq üçün möhlət istəyir. Məhləb məktubu Həccaca yolladı, özü isə Koş şəhərində qaldı.
Həccac Kufə ilə Bəsrə arasındakı yol üzərində Vasit şəhərini saldıraraq oranı özünə mərkəz seçdi. Hər bir əmrə tabe olan Şam ordusunu bu şəhərdə yerləşdirərək bəhanə gətirdi ki, əsgərlər camaatı təzyiqə mə’ruz qoyurlar. Ancaq əslində o, nizam-intizama alışmış Şam əsgərlərinin Şam camaatı ilə bir-birinə qarışmasına yol vermək istəmirdi.
Deyrül-cəmacil hadisəsindən sonra Əli (ə)-ın dostlarından olan bir dəstə adamı, o cümlədən Kumeyl ibni Ziyadı qətlə yetirdi. Kəndlərdən və ətraf şəhərlərdən Kufəyə axışıb gəlmiş insanlara əhəmiyyət vermədən və e’tirazlarına qulaq asmadan öz əvvəliki yerlərinə qaytardı. Çünki onların Kufəyə gəlişi böyük çətinliklər yaratmışdı. O, müharibənin vurduğu ziyanları bərpa etmək üçün əkinçiləri həvəsləndirdi. Özü savadlı olduğuna görə camaatı da dərs oxumağa vadar edirdi. Deyilənlərə görə Qur’anın hərəkə ilə yazılması Həccacın göstərişi ilə olmuşdur, ancaq bu heç də dəqiq deyildir. Həccac hicrətin 95-ci ilində 53 yaşında ikən öldü. Onun qəddarcasına insanları öldürməsi, camaatı zindana salıb işgəncələr verməsi barədə çoxlu sayda rəvayətlər yazılıb. Onun göstərişi ilə öldürülüb zindana atılanların sayını qeyd edənlər bəlkə də bu rəqəmi şişirtmişlər. Lakin bir şey aydındır ki, o, daşürəkli, sərt, şəriət hökmlərinə e’tinasız yanaşan rəhimsiz bir hakim olmuşdur. Özündən yuxarıdakılar qarşısında müti və yaltaq, İraq əhalisi üçünsə layiqli hakim sayılırdı!
Əbdülməlik nisbətən uzun sürən xilafəti zamanı (65-85 illər. H.q) müsəlman əraziləri daxilində sakitlik yaratmağa imkan tapdı, sonra isə xarici şəhərləri fəth etməyə başladı.
Abdullah ibni Zübeyrin öldürülməsi, İraq daxilindəki iğtişaşın Həccacın əli ilə, Xəvaricin isə Mühəlləb ibni Səfərin vasitəsilə yatırılması ilə o, İraq və Hicazdakı münaqişələrdən birdəfəlik yaxasını qurtardı. Hicri tarixinin 74-cü ili isə Həssan ibni Nö’manın rəhbərliyi altında Afrikaya qoşun göndərdi. Bundan məqsəd müsəlman ərazilərindəki daxili münaqişələrdən sui-istifadə edərək Afrikanın bə’zi ərazilərini işğal etmiş Rum qoşunlarını qovmaq idi. Bu qoşun ilk növbədə Qeyrovana gedib orada vəziyyəti sabitləşdirdikdən sonra Qərtacənnə şəhərinə qədər irəlilədi. (Hic. 74 il). Bərbər xalqı ilə ağır döyüşdən sonra onların gələcəkdən xəbər verən və kahinliklə məşğul olan qadın hakimləri ilə üzləşdi. Həssanın qoşunu əvvəldə kahinin hücumuna mə’ruz qalıb geri çəkilməyə məcbur oldu. Həssan bu barədə Əbdülməlikə xəbər göndərdi. O da ona köməkçi qüvvə göndərəcəyini və’də verdi. Həssan qoşun və maddi yardım (pul) gələnə qədər, yə’ni 5 il Bərqədə qaldı. Digər tərəfdən isə kahin qadın bərbərilərə dedi: Bu qoşun mal-dövlət üçün hücuma keçir, biz əgər şəhərləri viran etsək onlar məyus olub geri dönərlər. Bu səbəbdən də o, Afrika şəhərlərini dağıdıb viran etmək əmrini verdi. Şəhərlərin viran edilib qarət olunması səbəbindən bərbər camaatı kahinin əlindən təngə gəlmişdilər. Yenidən başlanmış döyüş nəticəsində kahin qaçmağa məcbur oldu və sonra da öldürüldü. Bərbər xalqı Həssandan aman istədi və o, da bir şərtlə razılaşdı ki, onların da qoşunu müsəlmanlara qoşularaq birgə irəliləsinlər. Onlar da bu şərti qəbul etdilər. Kahin qadının iki oğlunun başçılığı altında on iki min nəfərlik qoşun müsəlmanlara qoşularaq Afrikda (bu günkü Tunisdə) baş verən döyüşlərdə iştirak etdilər. Afrika (Tunis) başdan-başa fəth edildi və bərbərilərin hamısı müsəlman oldu. Həssan 74-cü ilin Ramazan ayında Qeyrovana dönərək Əbdülməliklə ölənə qədər orada qaldı.
Əbdülməlik Yunan sikkəsinin yerinə müsəlman sikkəsini düzəldən ilk xəlifədir. Deyilənlərə görə o, Rum imperatoruna yazdığı məktubların başlanğıcında “O Allah birdir” ayəsini yazarmış. Bu səbəbdən də imperator ona məktub göndərir ki, əgər bu üslubunu tərgitməsən sizin peyğəmbərin adını sikkələrə təhqiramiz surətdə həkk edəcəyəm. Bəlazori yazır: Əbdülməlik bu barədə Xalid ibni Yezid ibni Müaviyə ilə məşvərət edir. O, isə cavabında deyir: Onların dinarlarını qadağan et (yığışdır), özün sikkə hazırlayıb Allahın da adını onun üzərinə həkk et! Əbdülməlik onun bu təklifini qəbul etdi.
Bəlazorinin müasiri “Əl-məhasin və Əl-məsavi” kitabının müəllifi İbarahim ibni Məhəmməd Beyhəqi isə belə yazır: Rəşid bə’zilərindən soruşdu: İslam dünyasında ilk sikkə hazırlayan kim olub?
Əbdülməlik ibni Mərvan.
Necə?
Rum imperatoru sikkənin üzərinə peyğəmbərin adını təhqiramiz surətdə yazacağını Əbdülməlikə bildirdikdən sonra o, bu hadisədən çox narahat oldu. Ruh ibni Zinba’ məsələnin həllini Məhəmməd ibni Əli (ə)-dan soruşmağı təklif etdi. Əbdülməlik Mədinədəki nümayəndəsinə yazdı ki, iki yüz min dirhəm Məhəmməd ibni Əli (ə)-ın şəxsən özünə təqdim et, üç yüz min dirhəm də yol xərci verib yaxın adamları ilə birgə Dəməşqə yola sal. Mədinənin hakimi imam Baqir (ə)-ı Şama göndərdi. İmam Əbdülməlikin yanına gəlib işin nə yerdə olduğunu öyrəndikdən sonra ona dedi ki, Rum sikkələrini qadağan edib əvəzində müsəlmanların sikkəsini düzəlt və ondan qeyrisi ilə alver edəni isə ölüm cəzası ilə qorxut.
Mə’lumdur ki, imam Baqir (ə)-ın və digər peyğəmbər aiələsindən hər bir şəxsin belə bir çətinliyi həll edib düzgün yol göstərmələri heç də təəccüb doğuran bir məsələ deyildir. Lakin tarixi və ictimai vəziyyət baxımından belə bir fərziyyəni qəbul etmək doğru sayılmaz. Belə bir təklifin Xalid ibni Yezid tərəfindən verilməsi heç bir şəkildə məqbul deyildir. Beyhəqinin yazdıqları aşağıdakı səbəblər əsasında qəbul edilmir:
1.Bildiyiniz kimi, uzun illərdən bəri Əməvi və Mərvani hakimləri Əli (ə)-ın ailəsi ilə və bütövlükdə bəni Haşimlə düşmən idilər. Buna görə də Əbdülməlikin imam Baqir (ə)-a belə münasibət bəsləməsi mümkün deyildir. Bilirik ki, 65-75-ci illər isə Əli (ə) şiələrinin hərəkatı, Əməvilərin isə onlara qarşı qatı mübarizə apardıqları dövrdür.
2.Ruh ibni Zinba’ Müaviyənin oğlu Yezidin, Mərvanın və onun övladlarının səmimi dostlarından olmuşdur. Belə bir şəxsin imam Baqir (ə)-a rəğbət bəsləməsi çox çətin nəzərə gəlir.
3.Belə bir problemin həlli məktub və ya qasid göndərməklə mümkün olduğu halda necə olur ki, yarım milyon dirhəm xərcləyib imam Baqir (ə)-ı və onun yol yoldaşlarını Şama də’vət etsinlər.
4.İslam sikkələrinin hazırlanması tarixi hicri 74-cü ilə aid edilir. Bu ildə imam Baqir (ə)-ın dəqiq bir nəzərə görə 11 yaşı, digər məşhur bir nəzərə görə isə 18 yaşı olmuşdur. Və çox çətin ki, Ruh ibni Zinba’ və Əbdülməlik belə bir problemin həllini o cənabdan istəmiş olsunlar. (Əlbəttə bu münasibət Əbdülməlikin öz nöqteyi nəzərindən olmalı idi).
5.Bu günlər şiələrin imamı Əli ibni Hüseyn (ə) idi. Adəti üzrə belə bir xahiş gərək onun özündən olunaydı.
6.Bildiyiniz kimi, imam Baqir (ə) yalnız Hişam ibni Əbdülməlikin xilafəti dövrü Dəməşqə getmiş və bu səfərdə imam Sadiq (ə)-da atası ilə birgə olmuşdur. Və o həzrətin Hişamın hüzurunda ox atması hekayəsi də məşhurdur.
7.Qeyd olunur ki, guya imam Baqir (ə) dedi: Bu sikkələrlə ticarət etməyəni ölüm qorxusu ilə hədələ. İmam Baqir (ə)-ın zalım hakim hesab etdiyi Əbdülməlikə belə bir göstəriş verməsi mümkün deyildir.
Elə bu səbəbdəndir ki, “Nasixut-təvarix” kitabının müəllifi problemin həlli məsələsini imam Məhəmməd Baqir (ə)-a aid edərək yazır: Ehtimal olunur ki, Əbdülməlik bu məsələnin həllini dördüncü imam, yə’ni Əli ibni Hüseyn (ə)-dan xahiş etmişdir. Ancaq 62-74-cü illər arasında dördüncü imamın Şama getməsi isə mə’lum deyildir.
Xətiblərin və böyük din xadimlərinin xilafət başçılarını nəsihət etməsinin qarşısını alan ilk xəlifə Əbdülməlik olmuşdur. Adət üzrə moizə edənlər öz xütbələrini “Allahdan qorxun” cümləsi ilə başlayırdılar. O, Mədinədə söylədiyi xütbə əsnasında belə dedi: Mən nə zəlil və xar olmuş (Osmanı nəzərdə tutub), nə güzəştə gedən (Müaviyə) və nə də ağılsız xəlifəyəm! (Yezid). Mən yalnız qılıncla bu camaatın dərdinə əlac tapacağam! Siz ilk mühacirlərin əməllərini bilir, yadda saxlayır, lakin özünüz onlar kimi rəftar etmirsiniz? Bizi pərhizkarlığa də’vət edir, özünüzü yaddan çıxarırsınız. And olsun Allaha, bundan sonra məni pərhizkar olmağa də’vət edənlərin boyununu vuracağam.
Hicrətin 84-cü ili Abdullah ibni Əbdülməlik yay ğəzvələrinin birində Antakiyadan Məsisəyə gedərək orada qala və məscid tikdirərək qoşunun bir hissəsini orada yerləşdirdi
VƏLİD İBNİ ƏBDÜLMƏLİK
Əbdülməlik hicri tarixinin 86-cı ili Şəvval ayında dünyadan köçdü. Qeyd etdiyimiz kimi, Mərvan ibni Həkəm əvvəlcə Əbdülməliki, onun ardınca isə başqa oğlu Əbdüləzizi özündən sonra canişin tə’yin etmişdi. Əbdülməlik öz xilafəti dövründə Əbdüləzizi vəliəhdlikdən kənarlaşdırıb onun yerinə oğlu Vəlidi vəliəhd tə’yin etmək istəyirdi, ancaq Əbdüləziz bu işə razı deyildi. Onu Misirə vali tə’yin etdikdən sonra Əbdüləziz bu işə göz yumdu. Əbdüləziz Əbdülməlikdən əvvəl dünyadan köçdü və ya Əbdülməlikin göstərişi ilə onu zəhərləyib öldürdülər. Beləliklə atasının ölümündən sonra Vəlidin heç bir rəqibi qalmamışdı.
Əbdülməlik 20 illik xilafəti dövrü həyata keçirdiyi işlər sayəsində ictimai və siyasi durumu Vəlid üçün daha rahat və münasib etmişdi. Vəlid ölkədəki təhlükəsizlikdən və əldə olunan külli miqdarda gəlirdən səmərəli istifadə edərək ölkədə abadlıq işləri aparmışdı. Özünün bu işlərə rəğbəti olduğundan ölkədə onun adı ilə bağlı olan bir çox tikililər tikilmişdi. Buna misal olaraq islam incəsənəti və memarlığı tarixinin ən gözəl nümunəsi olan Dəməşq şəhərində tikilmiş Əməvi məscidini, həmçinin Suriya və İordaniyada tikilən qış və yay saraylarını misal gətirmək olar ki, bu da öz növbəsində Vəlidin hakimiyyəti dövründə abadlıq və tikintinin böyük əhəmiyyətə malik olduğunu yetirir. Əlbəttə üstündən 13 əsr keçməsinə baxmayaraq bu tarixi binaların qalıqları hələ də tamaşaçıları heyrətə salıb onlarda təəccüb hissi doğurur. Bu binaların tikilməsinə xərc olunan məbləğin külli miqdarda olduğunu düşünənlər o dövrdə verginin, xüsusilə də yeni fəth olunmuş Rum, İran, Bərbər, Hind ərazilərinin müsəlman olmayan əhalisindən külli miqdarda da vergi alındığını dərk edirlər.
Vəlidin hökuməti dövrü Həccacın nəzarəti altında, həmçinin onun ölümündən sonra da şərq torpaqlarının fəth olunması davam edirdi. Quteybə ibni Müslim, Xarəzmi və Qərğanəni fəth edərək Kaşğərə qədər irəlilədi, (87-96 illər h.q) həmçinin Məhəmməd ibni Qasim Sent çökəkliyinə qədər qoşun çəkdi (91-94-cü illər h.q).
Əvvəldə qeyd etdiyimiz kimi, Müaviyənin hakimiyyəti dövrü Uqbə ibni Nafe’ hicrətin 50-ci ili Afrikaya (Tunisə) hakim tə’yin edilmişdi. Lakin 69-cu ildə isə Əbdülməlikin xilafəti dövrü bu vəzifəni Həssan ibni Nö’man öz öhdəsinə götürmüşdü. Həssandan sonra isə 78-ci ildə bu vəzifə Əbu Əbdürrəhman Musa ibni Nəsirə tapşırılmışdı.
Hicrətin 91-ci ili Musa ibni Nəsir Andolosa (İspaniya) hücum etmək qəsdi ilə kiçik bir qoşunla bu məntəqənin cənub nahiyəsinə girərək çoxlu miqdarda qənimət ələ keçirib geri döndü. 92-ci ildə isə 12000 nəfərlik qoşun toplayaraq fəth etmək üçün geniş hazırlıq işləri gördü. İlk dəfə oraya öz nökəri olan Tariq ibni Ziyadın başçılığı ilə əksəriyyəti yeni müsəlman olmuşlardan və bərbərilərdən təşkil olunmuş yeddi min nəfərlik qoşun göndərdi. Tariq onun adına həsr olunmuş Cəbəlüt-tariq boğazından keçdi. O, məqsədə yetişməzdən əvvəl öz qoşununa belə dedi: Camaat qaçmağa yer yoxdur! Öndə düşmən, arxada dəniz, pənahımız Allah, sədaqət və səbr isə yardımçımızdır. Əgər bu adada məğlub olsanız ləyaqətsiz adamların əli altında böyüyən yetimlərdən də pis vəziyyətə düşəcəksiniz. Əldə tutduğunuz qılıncdan savayı heç bir silahınız və düşməndən alacağınız azuqədən başqa heç bir şeyiniz olmayacaq. Vəlid ibni Əbdülməlik sizi şücaətli olduğunuza görə seçib ki, bu adanı fəth edəsiniz. Döyüş qızışdığı zaman isə düşmənin qoşun başçısı Lozriçin üzərinə özüm şəxsən hücum edəcəyəm.
Tariq Andolosa daxil olaraq qələbə xəbərini Musaya yazdı. Musa nökərinin şöhrətlənməsinə paxıllığı tutaraq göstəriş verdi ki, o, irəliləməyib olduğu yerdə qalsın. Sonra oğlu Abdullahı Qeyrovanda öz yerinə qoyub özü Andolosa tərəf yollandı. Lakin Tariq öz döyüşçüləri ilə məşvərət etdikdən sonra digər şəhərləri fəth etməyi davam etdirdi.
Musa ərəb və bərbərilərdən təşkil olunmuş böyük bir qoşunla Andolosa daxil olub bir neçə şəhəri fəth etdikdən sonra özünü Tariqə çatdırdı. Onu tənbih edib qamçı vurduqdan sonra zindana saldı. Tariq Vəlidə şikayət etdi. Vəlid Musaya məktub göndərib onu azad edərək əvvəlki vəzifəsinə tə’yin etməyi əmr etdi. Musa Tariqi zindandan azad etdi və sonra hər ikisi birlikdə İspaniyanın şimalına hücum etdilər. Vəlidin hakimiyyəti dövrü baş vermiş hadisələrdən biri də şiələrin dördüncü imamı Əli ibni Hüseyn (ə)-ın vəfatı olmuşdur ki, 94-və ya 95-ci hicri qəməri tarixində baş vermişdir.
SÜLEYMAN İBNİ ƏBDÜLMƏLİK
Hicrətin 96-cı ilində Vəlid öldü və ondan sonra qardaşı Süleyman ibni Əbdülməlik xilafətə çatdı. Vəlid özündən sonra oğlunu yerinə canişin tə’yin etmək istəyirdi və deyilənlərə görə Həccac da bu işə razı idi. Süleyman xəlifə olduqdan sonra Həccacın yaxın qohumları vəzifədən kənarlaşdırıldı, onun qatı düşməni olan və zindandan qaçan Yezid ibni Mühəlləbi Kufəyə hakim tə’yin etdi. Xarəzmi fəth edən Quteybə ibni Müslim və Senti fəth edən Məhəmməd ibni Qasimi onun göstərişi ilə qətlə yetirdilər.
Süleymanın xilafəti hicrətin 99-cu ilinin Səfər ayına qədər davam etdi. O, əyyaşlıqla məşğul olan, dövlət işlərini idarə etməyə etinasız yanaşan bir şəxs olmuşdur. Qeyd edilənlərə əsasən, onun söz-söhbətinin əsas hissəsini qadın və yeyib-içmək təşkil etmişdi. Deyilənlərə görə günlərin bir günündə əyninə gözəl paltar geyinib başına yaşıl rəngli əmmamə qoyub güzgüdə özünə baxaraq belə dedi: Mən cavan şahzadəyəm. Kənizlərdən biri isə belə dedi:
Əgər daimi qalsan yararlısan, ancaq heyf ki, heç bir insan əbədi deyildir. Bildiyimə görə səndə heç bir eyib yoxdur, yalnız bir eybin vardır, o da sənin bu dünyada müvəqqəti olmağındır. Bu hadisədən bir həftə keçməmiş o, öldü.
ÖMƏR İBNİ ƏBDÜLƏZİZ
Süleyman adət üzrə öz övladlarından birini vəliəhd tə’yin etmək yerinə Ömər ibni Əbdüləzizi özünə canişin seçdi. Öz xilafəti dövründə Süleymanın gördüyü yeganə yaxşı iş onun hakimiyyətə gətirilməsi olmuşdur. Bəlkə də bu məsələ onun özünün və ya müşavirlərinin uzaqgörənliyi idi ki, onlar artıq Əməvi hakimiyyətinin süqutunu hiss edirdilər. Onlar Öməri xəlifə seçməklə xalqı öz hakimiyyətlərindən razı salmaq istəyirdilər.
Ömər ibni Əbdüləziz Mədinədə təqvalı və islam ən’ənələrinə sadiq qalmış müsəlmanların arasında böyüyüb tərbiyə almışdı. O, xilafətinin az bir müddətində özündən əvvəlkilərin dinə etdikləri əlavələri ləğv etmək üçün çalışırdı. Müaviyənin dövründə binası qoyulmuş minbərlərdə Əli (ə)-ı təhqir olunması onun göstərişi ilə dayandırıldı. Müsəlmanların ərazisində yaşayan qeyri-müsəlmanları islam dinini qəbul edib müsəlman olmaları üçün onları həvəsləndirirdi. Təmtəraqlı yaşayışı qadağan edib, ümumi xəzinənin (beytül-malın) sərf olunmasında ədalət yolunu tutdu. Özündən əvvəl adət halını almış hədiyyələr təqdim olunmasının qarşısını aldı, hətta öz qohum və yaxın adamlarına qarşı sərt olmağa başladı.
QULLARIN PROBLEMİ VƏ ÖMƏR İBNİ ƏBDÜLƏZİZİN VASİTƏSİLƏ BU ÇƏTİNLİYİN HƏLL OLUNMASI
Ömər ibni Əbdüləzizin xilafəti zamanı azad olunmuş qulların problemi diqqət mərkəzində olduğundan o, bu problemin həlli yolunda daha çox çalışdı. Yaxşı olar ki, bu barədə daha ətraflı danışaq.
Bildiyiniz kimi, Əbu Bəkrin və Ömərin xilafəti dövründə Ərəbistan səhralarından kənarlara çıxaraq fəth olunmuş İran, Rum və Afrika ərazilərində islamı və müsəlmançılığı yayan ərəblər səhra sakinləri idilər. Səhra sakinləri öz övladlarına bir tərəfdən azadlığı və heç bir qanun çərçivəsinə tabe olmamağı, digər tərəfdən isə cəngavərlik və döyüşgən olmağı öyrədirdilər. Ərəblərin şəhər sakininə məxsus olan incəsənət və peşədən nəinki mə’lumatları yox idi, hətta onu bəyənməyib özləri üçün təhqir hesab edirdilər. Bu səbəbdən də fəth olunmuş ərazilərdə işin icrası və ümumi ictimai peşələr elə həmin ərazinin camaatına tapşırılırdı. Sənətçilər, peşə sahibləri, həkimlər, hətta müəllim və tərbiyəçilərin dövlət dairəsində özlərinə məxsus vəzifə və məqamları var idi. Dövlətin icra işlərinə qulluq edənlərin yaşayışı rahatlıqda keçirdi. Torpaq sahibləri isə öz gəlirləri vasitəsilə faydalanırdılar. Lakin bu işlərin heç birini bacarmayan digər bir dəstə də mövcud idi. Bunlar torpaq sahiblərinin əkin sahələrində işləyən fəhlə və muzdurlar idi. Bunlar müsəlman olduqdan sonra daha çox gəlir əldə etmək üçün şəhərlərə üz tutmuşdular. Şəhərdə əhalinin artması ilə işsizlik meydana çıxmışdı. İşsizlik isə müəyyən qruplaşmalar və siyasi cinahlar meydana gətirmiş və nəticədə onların arasında müntəzəm olaraq iğtişaşlar baş verirdi.
İslamdan əvvəl bədəvi ərəblər arasında bir adət-ən’ənə mövcud idi ki, əgər bir nəfər özünü hər hansı tayfa və ya şəxsə bağlamış olsaydı ona “mövla”, özünə isə qul deyərdilər. Beləliklə bu şəxs bağlı olduğu tayfa tərəfindən hər tərəfli himayə olunurdu. İslamda da milliyyətcə ərəb olmayan yeni müsəlmanlar özlərini ərəb tayfalarına bağlayırdılar ki, bu baxımdan biz tarixdə “filankəsin qulu” ifadəsinə rast gəlirik.
Bu qullar və ya yeni müsəlman olmuşlar islami bərabərlik hökmü altında onlarla başqa müsəlmanlarla edilən rəftarın olunacağını gözləyirdilər və onlar müsəlmançılığın məziyyətlərindən kamil surətdə faydalanmaq arzusunda idilər. Lakin hakimiyyətdən əks rəftar gördükdə isə narahat olub inciyirdilər. Xəlifə və hökumətlər yarım əsirlik müddət ərzində yeni müsəlman olmuşların problemlərinin həlli yollarını arxtarmaqda sə’y göstərsələr də, öz gəlir və faydalarını əldən verməmək üçün bu işlə ciddi məşğul olmurdular. Bu məsələ ilə bağlı Osmanın müşavirləri onları şərq ərazilərinə cihada yollamaq məsləhətini görürdülər. Muxtarın qiyamı zamanı onun ətrafına toplaşanlar da onlar olmuşlar və Muxtar onların köməyi ilə Əhli-beyt düşmənlərinə qalib gəlmişdir. Lakin Muxtarın onlarla xoş davranmağı ərəbləri narahat etmiş və bildiyiniz kimi, Mus’əb onların vasitəsilə Muxtarı məğlub etmişdi. Həccac İraq şəhərlərinə toplaşmış yeni müsəlmanları (qulları) onların etirazına məhəl qoymadan öz yerlərinə qaytardı. Belə çarə fikirləşmək müvəqqəti əlac sayılırdı. Xəlifə və ya hakimin qüdrəti zəiflədikdə qullar və ya yeni müsəlman olanlar baş qaldırırdılar. Onlar belə deyirdilər: Fəth edilmiş ərazilər bizim sə’yimizlə əldə olunub, deməli onun bir hissəsi bizə məxsusdur. Bu məsələyə və müharibədə əldə olunmuş qənimətlərin bərabər səviyyədə bölünməsinə dair münaqişələr baş verirdi. Bə’zi hallarda e’tiraz edənlər hakimlə üz-üzə gəlir və ya onun adamlarını vururdular. Ömər ibni Əbdüləziz əldə olunmuş qənimətlərə qulların da şərik edilməsinə göstəriş verdi və fəth olunmuş torpaqların alış-verişini yasaq etdi.
Ömərin xilafəti zamanı atdığı müsbət addımlardan biri də islam hakimiyyəti altında yaşyan yəhudi və xristianların hüquqlarına riayət edilməsi olmuşdur. Müsəlmanlar ölkələri fəth etməyə başladıqları gündən ərəb hökmdarları fəth olunmuş ərazilərin əhalisini müsəlman olmaqda və ya öz dinlərində qalmaqda azad buraxırdılar, ancaq onlar himayə olunduqları üçün illik pul ödəməli idilər. Cizyəni – yə’ni illik himayə pulunu ödəməyi qəbul edənlər öz dini adət-ən’ənələrini yerinə yetirməkdə tam surətdə azad idilər. Bir çox hökmlərə riayət etməkdə öz məzhəblərinin alim və qazilərinin göstərişlərinə əməl edirdilər. Bununla belə, islam dinini qəbul edənlərin sayı da dayanmadan artmaqda idi. Müsəlman olmağa üz tutanların əsas məqsədi onlardan vergi – illik himayə haqqı alınmaması, əlavə olaraq digər vergilərdən də (o cümlədən adam başına verilən vergi, torpaq üçün alınan vergi) azad olunmaqları idi. Çünki müsəlman olanlar cizyə ödəməkdən azad idilər və onlar yalnız zəkat ödəməli idi. Əməvi hakimiyyəti dövrü, xüsusilə Həccacın zamanında dövlət gəliri aşağı düşdüyündən islamı qəbul etmiş yəhudi və xristianlardan da cizyə alınırdı. Bu isə açıq-aşkar zülm və ədalətsizlik idi. Ömər ibni Əbdüləziz camaatı müsəlman olmağa həvəsləndirmək üçün bu bid’əti, yə’ni dinə edilmiş əlavəni ləğv etdi. Yerlərdəki hakimlər bu addımla gəlirin aşağı düşəcəyini bildirib şikayət etdikdə Ömər onların e’tirazına qulaq asmadı.
Əməvilərin xilafəti dövründə yerlərdə hakimlər müttəhimlər və günahkarlarla islam qanunu çərçivəsində deyil, öz istədikləri kimi rəftar edirdilər. Ömər onlara heç bir kəsə layiq olmadığı cəzanı verməyə icazə vermirdi.
Əməvilər, həmçinin yerlərdəki hakimlər təmtəraqlı yaşayışa alışdıqca onların pula olan ehtiyacı günbəgün çoxalırdı. Onların gündəlik artan xərclərini müsəlman ərazilərindən əldə olunan gəlir ödəmədikdə, cihad adı altında müsəlman olmayan ölkə və ərazilərə hücum edirdilər. Bu müharibələrin böyük bir əksəriyyətindən məqsəd camaatın var-dövlətini qarət edib öz ciblərini və xəlifənin xəzinəsini doldurmaqdan ibarət olmuşdur.
Ömər əskərlərin sərhədlərdə dayanıb müsəlmanların ərazilərini qorumaq əmrini verdi. Hücumların qarşısını alıb müsəlman olmayan qonşu ölkələrə islamı qəbul etdikləri təqdirdə vergi alınmayacağı təklifini irəli sürdü. Vəizəfələri də iki qəbilə – Qəhtani və Kəlbilər arasında bərabər səviyyədə bölüşdürdü. Beləliklə o, daxili iğtişaşların qarşısını ala bildi.
Ömər Fatimə övladlarına mənsub olan Fədəkin sahəsini onlara qaytardı. O, iki il beş ay sürən xilafətdən sonra hicrətin 101-ci ilində Səm’anda vəfat etdi. Deyilənlərə görə Əməvilər Ömərin, xilafəti Əli (ə) övladlarına verəcəyindən qorxuya düşüb onu öldürmüşlər.
Beləliklə Ömər ibni Əbdüləzizin az müddətli xilafəti sona yetdi. Demək olar ki, Əməvi sülaləsinin hakimiyyət dövründə xalq yalnız bu bir neçə aylıq müddət ərzində islam ədalətindən bir şey görə bildilər.
YEZİD İBNİ ƏBDÜLMƏLİK
Ömər ibni Əbdüləziz vəfat etdikdən sonra Yezid ibni Əbdülməlik xəlifə oldu və onun hakimiyyəti dörd il çəkdi (101-105 illər h.q).
Yezid əyyaşlıqla məşğul olub, şərab içən və fasiq bir adam idi. Azacıq hökuməti dövründə Ömərin bərpa etdiyi ədalətli adət-ən’ənələri bir-birinə vurdu, müxtəlif məbləğdə vergilər alıb əhaliyə işgəncələr verilməsi üçün dövlət mə’murlarına ixtiyar verdi. Onun xilafəti dövründə Qeysi və Yəmani münaqişəsi yenidən baş qaldırdı. Yezid ibni Mühəllib qiyam edərək Bəsrəni tutdu, sonra isə Əzd tayfasının köməkliyi ilə Əhvaz, Fars, Kerman əyalətlərini də ələ keçirdi. Lakin Xuzistan əyalətində bəni Təmim qəbiləsi onun qarşısında müqavimət göstərdilər. İbni Mühəllib Kufəyə döndükdə Məsləmə ibni Əbdülməlikin qoşunu ilə üzləşdi. Bu döyüşdə ibni Mühəlləb öldürülərək qoşunu darmadağın edildi. Arvadlarını və qızlarını əsir götürüb bazarlarda satdılar.
Yezidin xilafəti dövrü onun iki kənizi var idi ki, həqiqətdə ölkənin siyasi işləri bu iki qadının əlində idi. Onlardan birinin adı Xubabə idi ki, Yezid ona bərk vurulmuşdu. Deyilənlərə görə Xubabə bir gün bu beyti Yezid üçün zümzümə etdi ki, onun da məzmunu aşağıdakı kimidir:
Boğazla dilçək arasında möhkəm yanğın var, nə sakitləşir, nə də su içmək üçün yol açılır ki, boğaz sərinləsin.
Yezid bu beytdən sonra cuşa gələrək dedi: Uçmaq istəyirəm. Xubabə soruşdu: Əgər uçsan xilafəti kimə tapşıracaqsan?
“Sənə!” deyib onun əlini öpdü. Kəniz öldükdə isə Yezid həddən artıq narahat oldu, bir neçə gün cənazəsinin yanında əyləşib onu dəfn etməyə icazə vermədi. Kənizin cəsədi iy verən zaman xəlifənin qardaşı onun yanına gedib dəfn etmək üçün rüxsət aldı. Kəniz dəfn olunduqdan bir neçə gün sonra Yezid də öldü. O, sağlığında qardaşı Hişamı, ondan sonra isə oğlu Vəlidi xəlifə tə’yin etdi.
HİŞAM İBNİ ƏBDÜLMƏLİK
Hişamın xilafəti nisbətən uzun sürdü (105-125 illər h.q). Bu uzun sürən hakimiyyət zahirdə islahatlar həyata keçirmək üçün ona imkan yaratdı. Özü çalışqan və qənaətcil bir şəxs olduğundan əyalətlərə ləyaqətli mə’murlar tə’yin edib, işləri öz qaydasına salıb dövlətin gəlirini artırmaq fikrində idi. Ancaq Ömərin vəfatından sonra Yezid ibni Əbdülməlikin iş başına gəlməsi ilə, ürəklərdə yaranmış islahat ümidi yenidən baş qaldırmış Ədanani və Qəhtani münaqişələrini aradan apardı və iğtişaşların ilk qığılcımları görünməyə başlandı. Digər tərəfdən Xəvaric də ayağa qalxmışdı. Həmçinin hakimiyyətə zidd qüvvələr şiəlik adı altında fəaliyyət göstərməkdə idilər. Tarixin belə bir anında şəhərlərdə xalqı sevən, qəlbində ürək yanğısı olan və vəziyyətdən düzgün istifadə etməyi bacaran hakimlər zülümü azaldaraq xalqın razılığını əldə etmiş olsaydılar, Əməvi hakimiyyətinin süqutu bir az ləngiyərdi. Lakin bu hakimlər elə bil bu hakimiyyətin sona yetdiyini anlamışdılar. İraqa və şərq əyalətlərinə hakim olan Xalid ibni Abdullah Qəsri Həccac ibni Yusifin siyasətini yürütdü. Xalid avam bir adam idi, deyilənlərə görə hətta Qur’anı belə, düzgün oxuya bilmirdi. Bir gün xütbə oxuduğu zaman Qur’an ayəsini səhv oxuyaraq dayandı. Təğləb tayfasından olan dostlarından biri ayağa durub dedi: Ey əmir, özünü çətinliyə salma, ağıllı bir adamın Qur’anı əzbərdən oxuduğunu görməmişəm. Qur’anı əzbərləmək axmaq adamların işidir. Xalid dedi: Düz deyirsən. Xalidin zülmü o qədər artdı ki, Hişam onu hakimlikdən kənarlaşdırmağa məcbur oldu. Onun yerinə tə’yin olunmuş canişinin dövründə Kufə şiələri Əli ibni Hüseyn (ə)-ın oğlu Zeydin ətrafına toplaşaraq onu hakimlə döyüşə qaldırdılar. Lakin bu əhali öz tərzi-üslubları əsasında ilk əvvəl böyük bir həyacanla Zeydi ümmətin Mehdisi adlandırıb, sonda müxtəlif bəhanələrlə onun ətrafından dağıldılar. Nəticədə Zeyd şəhid oldu və onun cəsədini dar ağacından asdılar. (121-ci il h.q). Kəlbi tayfasından olan bir şair (Əməvilərlə bağlılığı olan Həkim ibni Əyyaş Əur) bu barədə belə deyir:
Biz Zeydi xurma ağacının budaqlarından asdıq. Halbuki, heç bir Mehdi xurma ağacının budaqlarından asılmamışdır. (Əqdül-fərid 5-ci cild, 210-cu səh.)
Yaqut Himəvi yazır: Bir nəfər Abdullah ibni Cə’fərin yanına gedib dedi: Ey Peyğəmbər övladı! Həkim Əur Kufədə sizin adınıza yaramaz sözlər deyir. Soruşdu ki, onun söylədiyi şe’rlərdən bir şey bilirsənmi? Dedi: “Bəli” və o, yuxarıdakı beyti təkrar etdi.
Abdullah titrək əllərini göyə qaldıraraq dedi: İlahi, əgər yalan deyirsə onun üstünə bir it göndər.
Həkim gecə vaxtı Kufə şəhərindən çıxan zaman onu bir şir parçaladı. Bir nəfər bu xəbəri Cə’fərə çatdırdı. Cə’fər səcdə edərək dedi: Şükr olsun Allaha ki, bizim haqqımızda verdiyi və’dəsi düzgündür.
Zeyd, alim, pərhizkar, zülümkarlara qarşı mübariz və Əhli-beytə məxsus alicənab bir şəxs idi. Şiə məzhəbi arasında Zeydiyyə adı ilə məşhur olan firqə atası Əli ibni Hüseyndən sonra onun imam olduğunu qəbul edirlər.
Hişam Rum imperiyası ilə döyüşləri davam etdirərək qoşunları Fransanın işğal etdiyi ərazilərə qədər apardı. Şərqdə isə Türkistanın bir hissəsini fəth etdi.
Hişamın xilafətinin son dövrlərində əhali vergilərin çox olmasından təngə gələrək ayağa qalxdılar və bu işdə onlar qonşuları olan türklərlə birləşdilər. Hişam bu hərəkatı yatırtmaq üçün Nəsr ibni Səyyarı oraya göndərdi. (120 h.q). Nəsr iğtişaş salanları yatırtıqdan sonra Mərvdə məskunlaşdı və Əbu Müslimin qiyamına qədər orada qaldı və daha sonra Nişapura yollandı. Əbu Müslim Qəhtəbə ibni Şəbibi onun ardınca göndərdi. Qəhtəbə ilə Nəsr arasında döyüş baş verdi və nəhayət hicrətin 131-ci ilində Nəsr Savədə dünyadan köçdü. Hişam isə hicri tarixinin 125-ci ilində vəfat etdi.
Hişamın xilafəti zamanı baş vermiş başlıca hadisələrdən biri də imam Baqir (ə)-ın vəfatı olmuşdur. Şiələrin beşinci imamı Məhəmməd ibni Əli ibni Hüseyn (ə) məşhur rəvayətlərə əsasən hicri tarixinin 57-ci ilində Mədinə şəhərində anadan olmuşudur. O, ali-Məhəmməd elminin sirrlərini açıqlayaraq camaat arasında yaydığına görə Baqirul-ülum ləqəbi almışdır. Şiə tarixçiləri onun böyüklüynü və yüksək əxlaqi dəyərə malik olduğunu e’tiraf etmiş və bir sıra şairlər yüksək əxlaqi keyfiyyətlərini məhd etmişlər. Zəmanəsinin məşhur kəlam alimi ilə birgə keçirdiyi elmi məclislər bütövlükdə xalqın, xüsusilə də şiələrin diqqət nəzərini cəlb etsə də Mərvaniləri narahat edirdi. Bir dəfə Hişam onu Dəməşqə də’vət etdikdə həzrət oğlu imam Sadiq (ə)-la birgə oraya getmiş və Hişamın bərpa etdiyi elmi məclisdə iştirak etmişdir. O həzrət oradan çıxarkən xristianların böyük alimlərindən biri ilə elmi mübahisə etmiş və onun verdiyi bütün suallara cavab vermişdir. İmam Baqir (ə) hicrətin 114-cü ili Mədinədə vəfat etmiş və Bəqi’ qəbristanlığında dəfn olunmuşdur.
İKİNCİ VƏLİD
Hişamdan sonra Vəlid ibni Yezid xilafətə çatdı (125 h.q). Bu illər Əməvilərin dövləti zəifləməkdə və bu sülalənin hakimiyyəti süqut etməkdə idi.
Gördüyünüz kimi, Qəhtanilər və Qeysilər uzun illərdən bəri aralarında olan düşmənçiliyi unutmamışdılar. Başdan-başa İraq və İran ərazilərinə səpələnmiş bu qəbilə arasında daim münaqişə baş verirdi.
Qəhtanilər şərqdə daha çox idi və onlar Ədnanilərin hakimiyyətinə dözə bilmirdilər. İş başına gələn hər hansı bir xəlifə bə’zən Ədnaniləri himayə edib Qəhtaniləri alçaldar və bə’zən də bunun əksi baş verərdi. Əməvi hökumətinin son otuz ildə iş başına gələn xəlifələri nə Əbdülməlik ibni Mərvan kimi hər iki qəbilənin qüvvələrini bərabər səviyyədə əldə saxlaya bilir, nə onları öz yerlərində oturtmağı bacarır və nə də xalq arasında hörmət qazanmış Ömər ibni Əbdüləziz kimi pərhizkar və düzgün olmaqla onların rəğbətini qazana bilirdilər.
Vəlid ibni Yezid ana tərəfdən Ədnanilərlə qohum olduğundan İraq və Xorasanın hakimi Yusif ibni Ömər Səqəfiyə Kufənin hakimi Xalid ibni Abdullah Qəsrini devirmək üçün tam ixtiyar verdi. Bu işdən Qəhtanilər bərk narahat oldular
Xorasanda Qəhtani tayfaları birləşərək hökumət üçün çətinliklər meydana çıxarırdılar. Qısa müddət ərzində bir xəlifənin başqa bir xəlifə ilə əvəz olunması hökumətin sabitliyini pozmuşdu. Xüsusilə də bu xəlifələrin əksəriyyəti şərab içməkdən, əyyaşlıqdan və günlərini musiqi məclislərində keçirməkdən başqa bir iş görmürdülər. Narazı əhali bə’zi vaxtlar Ələvilərin ətrafına toplaşaraq qiyam edirdilər. Lakin bu qiyamlar müntəzəm olaraq yatırılsa da sonradan başqa bir qiyama zəmin yaradırdı.
Vəlidin xilafəti dövrü Xorasana gedən Yəhya ibni Zeyd inqilabi hərəkata başladı, ancaq Nəsr ibni Səyyarın mə’murlarının müqaviməti ilə üzləşərək öldürüldü. Əbdülməlik ibni Mərvandan sonra Əməvi hökumətinin süqut nişanələri görsənirdisə də, artıq Vəlidin dövründə bu daha da aşkar oldu. Vəlid xoş güzəran içində yaşayan bir adam idi. O, ya şərab içər, ya həmsöhbətləri və musiqiçələrlə bir yerdə olar, ya da vaxtını ov ovlamaqla keçirərdi. İbni Əbd Rəbbəh yazır: İshaq ibni Məhəmməd Əzrəq deyir ki, Vəlid öldürüldükdən sonra mən Mənsur ibni Cümhur Tələbinin yanına getdim. Vəlidin kənizlərindən ikisi orada idi. Mənsur mənə dedi: Bu kənizlərin söylədiklərinə qulaq as. Kənizlər cavab verdilər: Əhvalatı artıq söyləmişik! Mənsur dedi: Mənə söylədiyiniz kimi İshaqa da danışın. Onlardan biri dedi: Kənizlərin içində ona ən əziz olan biz idik. Bir gün müəzzinlər namaz vaxtı azan dedilər. Vəlid mənim sərxoş və cənabətli halda olan dostumu camaat namazı qılmağa göndərdi.
Vəlid şəriət hökmlərinə e’tinasız yanaşıb dövlət işlərində səhlənkarlıq etməsi ilə yanaşı o qədər daş ürəkli adam idi ki, hətta öz qohumlarına belə güzəşt etmirdi. Necə ki, bə’zi qohumları onun öz göstərişi ilə öldürülmüşdü.
Əmisi oğlu Yezid ibni Vəlid qarışıqlıqdan istifadə edib Qəhtanilərdən bir sıra böyük adamları özünə tərəf çəkdi və Dəməşqə hücum etdi. Qiyamçılar Vəlidi elə öz sarayında qətlə yetirdilər (h.q. 126 il) və Yezid özünü xəlifə e’lan etdi.
Adamı heyrətə salan budur ki, deyilənlərə görə hücumçuların saraya çatdıqlarını və yaxın bir zamanda öləcəyini bilən Vəlid Qur’anı açaraq qarşısına qoyub dedi: Osmanın başına gələnlər mənim də başıma gəldi.
Ermənistana (Ərməniyyə) hakim olan Mərvan ibni Məhəmməd Yezidin xəlifə olmaq xəbərini eşitcək xəlifənin qisasını almaq adı ilə ayağa qalxdı. Lakin Yezid hansı bir şəkildəsə onu razı saldı. Yezid 6 aylıq sürən xilafətdən sonra öldü və qardaşı İbrahim xəlifə oldu.
Yarmadada yaşayan Mərvan ibni Məhəmməd Muzərilərdən olan dəstələri ətrafına toplayaraq xilafəti ələ keçirmək qəsdi ilə Dəməşqə yollandı. O, zahirdə deyirdi ki, İbrahimi devirib yerinə zindanda olan Vəlidin digər iki oğlundan birini (Həkəm və Osman) gətirəcəyəm. Mərvanın Dəməşqə gəlişi ilə İbrahim qaçdı. Nəhayət hicrətin 127-ci ili Səfər ayında Mərvan camaatdan bey’ət alaraq özünü xəlifə e’lan etdi. Əməvi hökumətinin müxalifləri müvəqqəti olaraq ixtilafları unutdular.
Mərvan bütövlükdə Şamı öz hakimiyyəti altına alsa da, İraqda Vasit şəhəri ilə Kufə şəhərini ələ keçirmiş Xəvaricdən olan Zəhhan ibni Qeys Şeybaninin qiyamı ilə üzləşdi. Mərvan Zəhhanı devirərək İraqda sükut yaratmağa müvəffəq oldu. Lakin bu illər Xorasanda başqa hadisələr baş verməkdə idi.
Xorasanda məskunlaşmış Qəhtanilər Ədnani qəbiləsinin Mərvanın ətrafına toplaşdığını görərək bu məntəqənin narazı camaatı ilə yekdil oldular və onların hamısının səyləri bir cəhətə yönəldi. Onlar Əməvilərin hakimiyyətini devirib xilafəti peyğəmbər ailəsinə vermək istəyirdilər. Onlar iddia edirdilər ki, bəni Üməyyənin xilafəti dövründə meydana çıxmış milli (qövmi) üstünlüklər islam dininin əksinədir və həqiqi islamın bərpası üçün ali-Məhəmməd (ə) xilafəti öz əlinə almalıdır.
Bu dövrdə əhali dini hökmlərin və peyğəmbər sünnəsinin məhv edildiyinin və bid’ətlərin meydana çıxmasının şahidi olmuşdular. Onlar deyirdilər: Bütün problemlərin həlli, ağrı-acıların əlacı və bütün dağıntıların yararlı hala salınması üçün yalnız və yalnız müsəlmanlar Qur’ana və həqiqi islam hökumətinə üz döndərməli, Peyğəmbər və Raşidi xəlifələrinin adət-ən’ənələrini yenidən bərpa etməlidirlər. Ancaq müsəlmanların hakimiyyəti altında yaşayan əcnəbilər isə Əməvilərin və onların yerlərdəki hakimlərinin zülm və təzyiqlərindən əziyyət çəkirdilər. Onlar ədalətlə rəftar edəcək, vergiləri və digər təzyiqləri yüngülləşdirəcək bir hakimi arzulayırdılar. Əməvilərin yerlərdəki hakimlərinin zülmündən təngə gəlmiş iranlıların bə’zisi Peyğəmbər ailəsinə məhəbbət bəslədiyinə görə, bə’zisi isə öz mənfəətinə görə Əməvi hakimiyyətinə qarşı hərakatda iştirak etmək üçün inqilabçı dəstələrə qoşulurdular.
Hicri tarixinin 65-ci ilində baş vermiş Muxtar ibni Əbu Ubeydə Səqəfinin qiyamına nəzər saldıqda görürük ki, o, camaatı Əli (ə)-ın oğlu Məhəmməd ibni Hənəfiyyənin ətrafında toplaşmağa də’vət edərək onu ümmətin Mehdisi kimi tanıtdırır. Onun ardıcılları Kisaniyyə adını almışlar. Hicrətin 81-ci ilində Məhəmməd Taifdə vəfat edərkən onlar onun ölmədiyini iddia edib deyirdilər ki, o, Mədinə yaxınlığında yerləşən Rəzəvi dağında yaşayır və onun yeməyi qeybdən gəlir. O, Allah istədiyi zaman aşkar olacaq.
Kisaniyyə məzhəbinin nümayəndələri öz də’vətlərini ilk növbədə Xorasanda yaydılar. Çoxlu sayda tərəfdarları olsa da get-gedə bu də’vət ali-Abbasın xeyrinə tamamlandı.
Abbasilər və onların tərəfdarları şayiə yaydılar ki, Məhəmməd Hənəfiyyədən sonra oğlu Əbu Haşim imam oldu. Şama etdiyi səfərlərin birində (98 il h.q.) Hümeymədə Məhəmməd ibni Əli ibni Abdullah ibni Abbasla görüşərək elə oradaca imamətini ona tapşırmış və o vaxtdan bəri imamət Abbasi sülaləsinə ötürülmüşdür. Beləliklə Abbasilər həm Peyğəmbər varisi kimi, həm də Əli (ə)-ın tərəfindən xilafəti ələ almağa hüquqları çatırdı.
Məhəmməd öz də’vətçilərini Hicazdan kənara, xüsusilə də Xorasana göndərdi. O, öz nümayəndələrinə tapşırıq verdi ki, xəlifə olmaq üçün müəyyən bir şəxsin adını çəkməyin. Məhəmməd öldükdən sonra özünün vəsiyyətinə əsasən oğlu İbrahim onun canişini oldu.
Bu dövrdə Mərvdə yaşayan Əbu Müslim onun də’vətini Xorasanda aşkar etdi. Abbasilərin imamı öz tərəfdarlarına deyirdi ki, çalışın iranlıları ətrafınıza toplayın, ərəblərdən yalnız Qəhtaniləri özünüzə tərəf çəkin, çalışın Ədnanilərdən uzaqlaşın, hətta bacardıqca onları qətlə yetirin.
Əbu Müslim Xorasandakı şiələri, Qəhtaniləri və Əməvi hökumətindən narazı olanların hamısını öz ətrafına topladı. Xorasan şəhərlərini bir-bir Əməvi nümayəndələrinin əlindən aldı. Onları İrandan çıxardıqdan sonra İraqa tərəf üz tutdu. Əbu Müslim İraqa çatmamışdan bir az əvvəl Abbasilərin imamı İbrahim qətlə yetirildi. Qardaşı Abdullah ibni Məhəmməd ibni Əli (Səffah) (ləqəbi isə Əbul-Abbas idi) özünü Kufəyə yetirib oranın şiələrinin yanında gizlincə yaşadı.
Əbu Müslimin qoşunu Kufəyə çatdı. Digər tərəfdən isə Mərvanın qoşunları Mosul tərəfdən özlərini oraya çatdırdılar və müharibə başlandı. Bu döyüş on gün davam etdi və nəhayət Mərvanın qoşunu məğlub oldu, özü isə qaçaraq Busir də (Misirdə) öldürüldü və başı kəsilib Əbul-Abbasa göndərildi. Beləliklə Əməvilərin 90 illik xilafəti sona yetdi.