Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Varlıq ilə birgəlik münasibəti

QURANDA
DÜNYAŞÜNASLIĞIN
ƏSASLARI

Varlıq ilə birgəlik münasibəti

Allah ilə varlıq arasındakı başqa bir münasibət birgə olmaq (məiyyət) əlaqəsindən ibarətdir. Yəni Allah həmişə öz xilqəti ilədir, ondan ayrılmazdır.
     Bu münasibət daha çox insanla bağlı işlənir. Aşağıdakı ayələrdə həmin münasibətə işarə vardır.
     Hədid surəsi, 4-cü ayə:
     Göyləri və Yeri altı gündə xəlq edən, ərşi yaradıb hökmü altına alan Odur. O, Yerə girəni də, Yerdən çıxanı da, Göydən enəni də, Göyə qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!
     Vaqiə surəsi, 85-ci ayə:
     Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!
     Qaf surəsi, 16-cı ayə:
     And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!)
     Bu ayələrə əsasən, Allah hər yerdə vardır. O hər bir varlıq ilədir. Əlbəttə, bu münasibət mexaniki mənada düşünülə bilməz. O, insana şah damarından da yaxındır. Allahın varlıq aləmi ilə birgə olması «Nəhcül-bəlağə»dəki aşağıdakı xütbədə daha bariz və incəliklə ifadə edilmişdir:
     «O hər şey ilədir, lakin onlarla birləşməz və qovuşmaz. O bütün şeylərdən ayrıdır, lakin onlardan ayrılmazdır».
     Allahın varlıq aləmi ilə birgə olması Onun qəyyumluq münasibətilə uzlaşır və həmin münasibəti daha da tamamlayır. Allahın ərş üzərində hökmranlığı bu münasibətə dəlalət edir. İmam Cəfər Sadiq (ə) ərşlə bağlı ayəni izah edərkən bu münasibətə işarə edib.
     Taha surəsi, 5-ci ayə:
     Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).
     Rəhman Allahın ərşi yaradıb Öz hökmü altına alması göstərir ki, bütün şeylər Onun hökmü altındadır. Deməli, Allah bütün varlıq aləmi ilədir.
     Başqa bir ayədə bu münasibət daha geniş səpkidə ifadə edilir.
     Əraf surəsi, 54-cü ayə:
     Həqiqətən, Rəbbiniz Göyləri və Yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, Günəşi, Ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!
     

Malikiyyət və hakimiyyət münasibəti


     Quran ayələrinə görə Allah varlıq aləminin maliki – yəni sahibidir. O bütün mövcud aləmlərin – Göyün və Yerin, burada olan hər şeyin sahibidir. İstər Qeyb aləmində və istərsə də Şəhadət aləmində nə varsa Allahındır.
     Aşağıdakı bəzi ayələrə diqqət yetirək:
     Bəqərə surəsi, 255-ci ayə:
     Onun kürsüsü və hökmranlığı (elmi, qüdrət və səltənəti) Göyləri və Yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca və ən böyük varlıq da Odur!
     Maidə surəsi, 120-ci ayə:
     Göylərin, Yerin və onlarda olan hər şeyin hökmü (mülkü) Allaha məxsusdur. Allah hər şeyə qadirdir!
     Maidə surəsi, 40-cı ayə:
     (Ey insan!) Məgər bilmirsən ki, Göylərin və Yerin hökmü Allaha məxsusdur?! O istədiyinə əzab verər, istədiyini bağışlar. Allah hər şeyə qadirdir!
     Nur surəsi, 64-cü ayə:
     Bilin və agah olun ki, Göylərdə və Yerdə nə varsa, hamısı Allahındır.
     Biz «Allah varlıq aləminin malikidir» dedikdə heç də məqsəd insanların mülkiyyəti ilə Allahın qüdrət və hökmünü eyniləşdirmək deyildir. Allahın ixtiyar və mülkü anlamını insanın mülkiyyət sahibi olması kimi bayağı və ibtidai bir düşüncə tərzi ilə təsəvvür etmək yaramaz. İnsanların mülkiyyət münasibəti şərti və davamsızdır, müvəqqəti və dəyişəndir. Bu münasibət pozula və rədd edilə bilər. Lakin Allahın varlıq aləmi üzərindəki mülkiyyəti həqiqi malikiyyət münasibəti olmaqla əbədi və pozulmazdır. Kimsə bunu dəyişdirə bilməz. Allah bütün varlıqların əsl sahibi və malikidir. Çünki hər bir varlıq nümunəsi öz vücuduna görə, xilqətdə yarandığına görə Allaha borcludur. Allah bütün varlıqların xaliqi və qəyyumudursa, onları həm xəlq edib və həm də saxlayırsa, deməli, Allah həm də onların sahibidir. Allah həm də din və cəza gününün də sahibidir. Onun hökm və mülkündən kənar heç nə yoxdur.
     Quran baxımından Allah ilə varlıq aləmi arasında malikiyyət əlaqəsi ilə yanaşı hakimiyyət münasibəti də vardır. Allah varlıq aləminin dəyişməz mütləq hakimidir. O, bütün olar-olmazların qanuni və təbii başlanğıcıdır – yəni məbdə kimi dəyərləndirilir. Varlıq aləminə hakim olan əbədi qanunları düzləndirən Allahdır. O, Öz mütləq hakimiyyətini təbii və şəriət qanunları vasitəsilə icra edir. Allahın hakimiyyət dairəsindən kənar heç bir varlıq yoxdur. Hər şey Onun hökmü və fərmanı altındadır.
     Bu fikirləri bir neçə Quran ayəsi ilə təsdiqləyək.
     Ənam surəsi, 57-ci ayə:
     De ki: «Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız Allah bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!
     Ənam surəsi, 62-ci ayə:
     Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin – hüzuruna qaytarılar. Bilin ki, hökm Allahındır və O, ən tez haqq-hesab çəkəndir!
     Yusif surəsi, 40-cı ayə:
     Allahdan başqa ibadət etdikləriniz sizin və atalarınızın (özünüzdən uydurub) qoyduğunuz (Allaha heç bir ziddiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə (onlara ibadət edilməsinə dair) heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru, həqiqi din budur, lakin insanların əksəriyyəti (bu həqiqəti) bilməz!
     Qəsəs surəsi, 70-ci ayə:
     Allah Odur. Allahdan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!
     

Hifzetmə və əhatəlilik münasibəti


     Allah ilə varlıq aləmi arasında hifzetmə və əhatəlilik münasibəti də diqqəti cəlb edən məsələlərdən biridir.
     Quran baxımından Allah varlıq aləmini Öz nəzarətində saxlayır, O, bütün məxluqu qoruyub saxlayır və dünyanın ümumi nizamının pozularaq dağılmasını qoymur. Allah hafiz – yəni qoruyandır.
     Öncə Allahın qoruyub saxlayıcı sifətlərini təsdiqləyən ayələrə diqqət yetirin.
     Hud surəsi, 57-ci ayə:
     Əgər (imandan) üz çevirsəniz, bilin ki, mən (Allahın mənə lütf etdiyi peyğəmbərliyi, buyurduğu hökmləri) sizə təbliğ etdim. Rəbbim yerinizə başqa bir ümmət gətirər və siz Ona heç bir zərər yetirə bilməzsiniz. Həqiqətən, Rəbbim hər şeyi hifz edəndir!
     Zumər surəsi, 62-ci ayə:
     Allah hər şeyin xaliqidir. O, hər şeyə vəkildir!
     Hicr surəsi, 16-17-ci ayələr:
     Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün (ulduzlarla) bəzədik.
     Onları hər bir məlun (Allahın dərgahından qovulmuş, rəhmətindən kənar edilmiş, daşqalaq olunmuş) şeytandan qoruduq.
     Fatir surəsi, 41-ci ayə:
     Həqiqətən, Allah Göyləri və Yeri zaval tapmasınlar (öz məhvərindən çıxmasınlar) deyə, tutub saxlayır. Əgər onlar öz məhvərindən çıxsalar, Allahdan başqa onları heç kəs tutub saxlaya bilməz. Doğrudan da, Allah həlim və bağışlayandır! (Bəndələrinə cəza verməkdə tələsməz, tövbə edənləri əfv edər).
     Həcc surəsi, 65-ci ayə:
     (Ya Rəsulum!) Məgər Allahın Yerdə olanları (heyvanları), dənizdə Onun əmrilə üzən gəmiləri sizə ram etdiyini və Onun izni olmadan Yerə düşə bilməməsi üçün Göyü tutub saxladığını görmürsənmi? Həqiqətən, Allah insanlara şəfqətli və mərhəmətlidir!
     Nəhl surəsi, 79-cu ayə:
     Məgər müşriklər Yerlə Göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır (bütün hərəkətlərini ancaq Allah idarə edir). Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır!
     Allah Göy təbəqələrini öz oxu ətrafında hərəkətə gətirərkən mərkəzdənqaçma qüvvəsindən doğan dəfetmə gücü ilə cazibə qüvvəsi arasında tarazlıq yaratmışdır ki, bu hərəkətlər zamanı toqquşma baş verməsin. Dəryalar elə yaradılmışdır ki, gəmilər suların üzərində hərəkət edə bilirlər. Yer üzərindəki varlıqlar elə yaradılmışdır ki, insanlar onlardan bəhrələnə bilirlər. Bütün sadalanan cəhətlər və başqa bu sayaq məsələlər bir daha göstərir ki, Tanrı varlıq aləminin qoruyucusudur. Allah varlıq aləmindəki nizamın pozulmasına yol vermir. Əgər Allahın nəzəri varlıq aləmi üzərindən bircə an kəsilərsə, bu nizam bir-birinə dəyər. Ona görə varlıq aləmindəki nizam ilə məşğul olan fizika alimi Eynşteyn belə söyləyir:
     «Mən Allahı qanunların qoruyucusu kimi tanıyır və qəbul edirəm» [27].
     Allah ilə varlıq aləmi arasındakı əhatəlik münasibətinə gəlincə, burada Allahın vüsət və əhatə çevrəsinin böyüklüyü və sonsuzluğu nəzərdə tutulur – yəni Tanrı varlıq aləmindəki bütün məxluqatı əhatə edir. Onun qüdrət, elm və hikmətinin əhatəsindən kənar heç bir varlıq yoxdur.
     Quran ayələri həmin mövzuya dəfələrlə işarə edir.
     Fussilət surəsi, 54-cü ayə:
     (Ya Peyğəmbər!) Bil ki, onlar öz Rəbbi ilə qarşılaşacaqları (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqları) barədə şəkk-şübhə içindədirlər. Və yenə bil ki, Allah (Öz elmi və qüdrəti ilə) hər şeyi ehtiva edəndir!
     Nisa surəsi, 126-cı ayə:
     Göylərdə və Yerdə nə varsa, hamısı Allaha məxsusdur. Allah hər şeyi (elmi və qüdrətilə) ehtiva etmişdir.
     Buruc surəsi, 20-ci ayə:
     Allah onların bütün işlərini və hallarını əhatə edir, onların bütün ixtiyarı Allahdadır.
     Varlıq aləmində müşahidə etdiyimiz hər bir şey – istər xırda bir zərrəcik olsun, istərsə də böyük kəhkəşan – bunların hamısı Allahın elm, qüdrət və hikmətinin ehtivasındadır.
     Həm təbiətdəki varlıqlar, həm də metafizik aləmdə olanlar Onun əhatə çevrəsindədir.
     Allahın varlıq aləminə olan əhatəsi iki cürdür:
     a) vücud baxımından əhatə.
     b) elm baxımından əhatə.
     Bir sıra ayələrdə Allahın vücud baxımından dünyaya olan əhatəsi vurğulanır, başqa ayələrdə isə Onun elm baxımından əhatəsinə işarələr edilir. Əvvəlki misallarda əsasən Allahın varlıq aləminə əhatəsi verilmişdir. İndi isə Onun elmi əhatəsi barədə bir neçə ayə göstərək.
     Talaq surəsi, 12-ci ayə:
     Yeddi (qat) Göyü və bir o qədər də Yeri yaradan Allahdır. Allahın hər şeyə qadir oduğunu, Allahın hər şeyi Öz elmi ilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar.
     Allah Qeybi də, aşkarı da biləndir
     Rəd surəsi, 9-cu ayə:
     O, qeybi də, aşkarı da biləndir, (hər şeydən) böyük və ucadır! (Allah eybsiz və nöqsansızdır. Onun heç bir şəriki yoxdur!)
     Səcdə surəsi, 6-cı ayə:
     O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət və mərhəmət sahibidir!

   

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NIYƏ RƏNGLI SÜFRƏ BAŞINDA ƏYLƏŞDIN?!
Vahabi əqidəsində Tovhid
ƏDƏBİ İZAH
Quran bəlağətinin ecazkarlığı
MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI
təbliğedici nübuvvətin
Adəm Peyğəmbər (ə) və onun yaranması
İBADƏTİN BƏLALARI
. Ənam surəsi
“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1

 
user comment