Azəri
Wednesday 25th of December 2024
0
نفر 0

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ-1

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)


1. İslam ümmətində parçalanma nə zamandan başlanıb?
2. İslam ümmətində firqələrə bölünmənin əsas səbəbi nədir?


İslam tarixində və İslam ümmətində ixtilafların kökünü araşdırmaqla, burada ümmətlərin və dinlərin parçalanmasının əsas səbəblərindən hansı birinin daha tə᾿sirli olmasını başa düşmək olar.
Bu və bundan sonrakı dərs İslam ümmətində firqə və məzhəblərin yaranmasının ən mühüm səbəblərini bəyan edir.
PEYĞƏMBƏRİN (S) DÖVRÜNDƏ İSLAM ÜMMƏTİ ARASINDA MÖVCUD OLAN İXTİLAF
İslam ümməti arasında ilk ixtilaf, məhz Peyğəmbəri-Əkrəmin (s) zamanında yaranmışdır. Peyğəmbər (s) həyatı boyu, xüsusilə Mədinədə İslam cəmiyyəti təşkil etdikdən sonra bir çox çətinliklərlə rastlaşmışdı. Şəxsi mənafeyinə görə və ya əvvəlki mövqeyini qoruyub saxlamaqdan ötrü zahirdə İslam dinini qəbul edən münafiqlər, eləcə də təfəkkür tərzləri müqəddəs din qanunları ilə uyğun gəlməyən bə᾿zi səhabələr o Həzrətlə (s) açıq-aşkar müxalifətə başlayırdılar. Bu ixtilaflardan bir neçəsini qısa şəkildə izah edirik:
1. «Hüdeybiyyə» sülhü bağlanan zaman  Peyğəmbərin (s) çıxardığı qərarların həqiqi mahiyyətindən, bu müqavilənin gələcək tə᾿sirlərindən və İslamın genşlənib qələbə çalacağından xəbərsiz olan bə᾿zi səhabələr müxalifətə başladılar və hətta bu müqaviləni pozmaq üçün bir neçə dəfə qılınc da çəkdilər. Amma onlar o həzrətin ciddi reaksiyası ilə qarşılaşıb sakit oldular. Bu müqavilə imzalandıqdan sonra onların üzündə daxili gərginlik və narahatçılıq hissi aydınca sezilirdi. Onlar Peyğəmbərin (s) bu işinə şəkk-şübhə ilə yanaşırdılar.
2. Taif müharibəsinin qənimətləri bölüşüdürülən zaman, Peyğəmbəri-Əkrəm (s) onun bir qismini Qüreyşin təzə müsəlman olmuş başçılarını İslama qarşı rəğbətləndirmək üçün onlara payladı. Bu məsələ Ənsar tərəfindən narazılıqla qarşılandı, hətta iş o yerə çatdı ki, Zulxuveysirə Təmimi tam həyasızlıqla o Həzrətə dedi: «Ədalətlə rəftar et, ey Məhəmməd! Sən ədalətli iş görmədin.»
Peyğəmbər (s) narahat halda buyurdu: «Əgər mən də ədalətlə rəftar etməsəm, onda daha kim adil olar?»
Bu hadisədə Peyğəmbəri-Əkrəmin (s) verdiyi izahların onları razı salmasına və tutduqları iradların aradan qalxmasına baxmayaraq, Zulxuveysirə Təmimi əvvəldə olduğu kimi, yenə də öz mövqeyindən əl çəkmirdi. Nəhayət, Rəsuli-Əkrəm (s) onun barəsində buyurdu: «Bu şəxsin çoxlu ardıcılları olacaq ki... Ox kamandan çıxdığı kimi, onlar da dindən çıxacaqlar».
Peyğəmbərin (s) əvvəlcədən xəbər verdiyi kimi o, Əlinin (ə) xilafəti dövründə xəvaric dəstəsinin başçısı oldu.
3. Mədinə münafiqlərinin Peyğəmbəri-Əkrəmlə (s) olan müxalifətləri və onun işlərində törətdikləri maneələr o qədər çox idi ki, hətta onlar o Həzrəti (s) Mədinədən çıxarmaq üçün tədbir tökmüşdülər. «Münafiqun» surəsi münafiqlərin vəsfində və onların müxalifətləri ilə əlaqədar nazil olmuşdur.
Peyğəmbərin (s) qəbul etdiyi qərarlar, gördüyü tədbirlər və İslami göstərişlərə qarşı bə᾿zi müxalifətçiliklərin meydana gəlməsinə baxmayaraq, o həzrətin xalq arasındakı nüfuz, şəxsiyyət və məqamının əzəməti, həmçinin başqalarının hökumət və qüdrətə çatması üçün şəraitin olmaması elə bir səviyyədə idi ki, bu ixtilaflar İslam ümməti arasında təfriqə yaranmasına imkan vermirdi. Amma Peyğəmbəri-Əkrəmin (s) vəfatından sonra məşhur səhabələr arasında ixtilafların genişlənməsi üçün şərait yarandı. Qeyd etmək lazımdır ki, ixtilafların büruz etməsinin ilkin zəminəsi Peyğəmbər (s) ölüm yatağında olduğu zaman sür᾿ətlə inkişaf etməyə başladı. Səhabələr arasında müxalifət və çəkişmələrin və o həzrətin fərmanından imtina etməyin əsas hissəsi də məhz həmin zamanla əlaqədardır. Tarixi mənbələrdə nəql olunan mə᾿lumatlara əsasən, ən ciddi qarşıdurma aşağıda qeyd olunan iki hadisə ilə bağlıdır:
A). Əbu Əbdüllah Məhəmməd ibni İsmail Buxari mö᾿təbər sənədlərə istinad etməklə, Əbdüllah ibni Abbasdan belə rəvayət edir:
Peyğəmbəri-Əkrəm (s) vəziyyətinin ağırlaşdığını görüb belə buyurdu:
«Mənə kağız-qələm gətirin, sizin üçün elə bir şey yazım ki, məndən sonra yolunuzu azmayasınız».
Bu zaman Ömər ibni Xəttab dedi:
«Şübhəsiz, Peyğəmbərin xəstəliyi şiddətlənmişdir, Allahın kitabı bizə kifayətdir!»
Bu sözdən sonra Peyğəmbərin (s) ətrafında toplanan səhabələr arasında mübahisə başlandı. İş o yerə çatdı ki, Peyğəmbər (s) narahat olub buyurdu:
«Qalxın ayağa, evdən çıxın! Mənim yanımda mübahisə etməyiniz yaraşmaz!»
İbni Abbas bu əhvalatı nəql edikdən sonra deyir:
«Bu işdən doğan ən böyük müsibət bu oldu ki, bizimlə Rəsuli-Əkrəmin (s) yazısı (vəsiyyəti) arasına ayrılıq salındı».
B). Peyğəmbəri-Əkrəm (s) Təbuk müharibəsindən qayıdandan sonra romalıların hücum təhlükəsini ciddi hesab etdiyinə görə İslam qoşununu döyüş hazırlığı vəziyyətində qoruyub saxlayırdı. O həzrət (s) həyatının son anlarında ordunu yenidən təchiz etdi, onun sərkərdəliyini Üsamə ibni Zeydə tapşırdı, mühacir və ənsar da daxil olmaqla, bütün müsəlmanlara qoşunla birlikdə yola düşmək əmrini verdi. Həzrət (s) buyurdu:
«Üsamənin ordusunu lazım olan hər bir şeylə təchiz edin! Ondan imtina edənlərə Allah lə᾿nət etsin!» Səhabələrin böyük əksəriyyəti bu fərmanı qəbul edib Üsamə ilə birgə hərəkət etdilər. Amma onlardan bə᾿ziləri Peyğəmbərin (s) xəstəliyini bəhanə gətirib əmrdən imtina etdilər və dedilər ki, biz heç vaxt sizi bu vəziyyətdə tərk edib gedə bilmərik. Bununla da onlar Üsamənin başçılığı ilə hərəkət edən orduya qoşulmaqdan imtina etdilər.
Peyğəmbərin (s) vəfatından sonra ixtilaf və çəkişmələr şiddətləndi. Mühacir və ənsar arasında o həzrətin harada dəfn olunması məsələsilə bağlı mübahisə və qarşıdurma yarandı. Bundan əlavə, İslam ümməti içrə ən çox ixtilaf yaradan məsələ Peyğəmbərin canişinliyi və imamət məsələsi idi. Hətta deyilmişdir ki, «üsulidin məsələlərinin heç birində imamət qədər qan tökülməyib, yaxud qılınc çəkilməyib.»
Peyğəmbəri-Əkrəmin (s) vəfat xəbəri yayılanda Əmirəl-mö᾿minin Əli ibni Əbi Talib (ə) Bəni-haşim qəbiləsi və səhabələrdən bir neçə nəfərlə birlikdə o Həzrətin dəfn mərasimi üçün hazırlaşırdı. Bununla eyni vaxtda ənsar və mühacirlərdən bir qrupu «Bəni-Saidə» səqifəsi adlı bir yerdə toplaşıb Peyğəmbərin canişinlik və ümmətə rəhbərlik vəzifəsinin kimə verilməsi barədə mübahisə edirdilər. Ənsarın nəzəri bu idi ki, gərək ənsar və mühacirdən hər biri özü üçün bir əmir və rəhbər tə᾿yin etsin. Onlar özləri üçün Sə᾿d ibni Übadəni rəhbər tə᾿yin etmək istəyirdilər. Amma Əbu Bəkr və Ömərin oraya gəlişi və onların o yığıncaqdakı çıxışı vəziyyəti tamamilə dəyişdirdi. Ömər ibni Xəttabın ardınca Səqifədə olanların hamısı Əbu Bəkrə bey᾿ət etdilər və beləliklə də o, Rəsuli-Əkrəmin (s) ilk xəlifəsi e᾿lan olundu. Ömər ibni Xəttab bu seçkinin gözlənilmədən, heç bir araşdırma aparılmadan və düşünülmədən olması haqda deyirdi: «Həqiqətən Əbu Bəkrə edilən bey᾿ət araşdırma aparılmadan və düşünülmədən baş verən bir iş idi ki, Allah müsəlmanları onun şərindən qorudu. Bundan sonra hər kim belə bir iş tutsa, onu öldürmək lazımdır. Ümumiyyətlə, müsəlmanlarla məşvərət etmədən başqasına bey᾿ət edən şəxs həm özünü və həm də qarşı tərəfi təhlükəyə salır, onların hər ikisi öldürülməlidir.»
Amma Bəni-haşim qəbiləsi və səhabələrdən bə᾿ziləri imamət və rəhbərlik vəzifəsinin Allah tərəfindən tə᾿yin olunan bir məqam olduğunu, imamın yalnız Allahın əmri ilə seçildiyini dəlil gətirərək, Əbu Bəkrin belə bir şəkildə xəlifə seçilməsinə e᾿tiraz edirdilər. Onlar inanırdılar ki, Peyğəmbər (s) Allahın əmri ilə və aşkar buyuruqlarla Əlini (ə) özünə canişin və xəlifə tə᾿yin etmişdir.
Bu ixtilafdan sonra İslam ümmətində ən böyük təfriqə və parçalanma yarandı; müsəlmanlar iki yerə ayrıldılar, sünnü və şiə məzhəbi formalaşmağa başladı. İmamət və xilafət məsələsi ətrafında aparılan həmin bölgü bu vaxta qədər İslam xalqları arasında meydana gələn ən böyük qruplaşma hesab olunur. Birinci qrupun, yə᾿ni sünnülərin əqidəsinə görə, imamət məsələsi Peyğəmbərə (s) xəlifə olmaq mənsəbidir; yalnız İslam cəmiyyətinin idarə olunması, onun nizama salınması məqsədini güdür və şura yolu ilə tə᾿yin olunur.
İkinci qrupun, yə᾿ni şiələrin əqidəsinə görə isə, imamət məqamı peyğəmbərlik vəzifəsinin davamı olaraq, Allah tərəfindən müəyyənləşir; heç bir şəxs bu ilahi vəzifəyə vəhydən başqa bir yolla nail ola bilməz. Şiələr inanırlar ki, Peyğəmbərin (s) canişinləri olan bütün mə᾿sum imamlar Allah tərəfindən tə᾿yin olunmuşdur və o Həzrət hələ sağ ikən onların hər birinin adını aşkar şəkildə zikr etmişdir.
Əbu Bəkrin xəlifə və İslam ümmətinin rəhbəri seçilməsinin ardınca digər ixtilaflar da yarandı. Bu ixtilaflar get-gedə dərinləşdi və üçüncü xəlifə Osman ibni Əffanın dövründə elə bir həddə çatdı ki, xəlifə camaat tərəfindən öldürüldü.
Əmirəl-mö᾿minin Əlinin (ə) xilafəti dövründə İslam ümmətində yeni qruplaşmalar yaranmağa başladı. Gələn dərsdə bu haqda, eləcə də müsəlmanlar arasında yaranan təfriqələrin digər səbəbləri barədə araşdırma aparacağıq.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Peyğəmbəri-Əkrəmin (s) sağlığında müsəlmanların arasında ixtilaflar necə baş verirdi?
2. Peyğəmbər (s) xəstələnən zaman səhabələr hansı mühüm məsələyə görə bir-birləri ilə mübahisə edirdilər?
3. Müsəlmanların Peyğəmbərin (s) canişinliyi ilə əlaqədar iki mühüm nəzəriyyəsini bəyan edin.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

100 hədis
Tərəzidə aldatma!
QƏTI SIFARIŞ
ALLAHIN RƏSULUNUN CANIŞINI
İBADƏT
İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ
Cəmiyyətdə imanı necə qoruyaq
Haramdan doğulan uşağın əlamətləri
AYƏDƏ İŞLƏNƏN SÖZLƏR
İLKIN NÜMUNƏ

 
user comment