Azəri
Monday 22nd of July 2024
0
نفر 0

Başörtülü qızlarımız bu Vətənin tamhüquqlu vətəndaşlarıdır!

IslamTimes - Başörtüsü qadağasının müəllifləri dindar əhali ilə dövlət arasında qarşıdurma üçün zəmin yaradır, inanclı vətəndaşları dövlətdən incik salırlar. Bu isə daha çox milli birliyimizə və milli təhlükəsizliyimizə qarşı bir təxribat planına bənzəyir. Görəsən inanclıları küsgün salmaqla plan müəllifləri nəyə nail olmağa çalışırlar?

Azərbaycan Respublikasının Təhsil naziri Misir Mərdanov ANS-ə verdiyi eksklüziv müsahibəsində hicablı şagirdlərin dərslərdə iştirakıyla bağlı belə bir açıqlama verib:
“Təhsil haqqında son qanunda belə bir bənd var: məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidirlər. Məktəbə qızlar başı bağlı şəkildə getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formanı geyinə bilər. Ancaq məktəbdə… Biz belə qərar qəbul eləmişik ki, Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Və biz belə fikirləşirik ki, məktəb yaşlı uşağın, yəni 16 yaşa qədər uşağın başını bağlaması həm dünyəviliklə bir araya gəlmir. Ona görə, onların hicablı məktəbə gəlməsinə biz qadağa qoymuşuq”.
Doğrusu, Təhsil nazirinin sərgilədiyi bu mövqe böyük təəssüf doğurur. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu, üstəlik, hüquqi dövlət quruculuğu yolunu seçdiyini bəyan etmiş bir ölkə üçün bu açıqlama həm də paradoksal səslənir.
Görünür, cənab nazir tələsik fikirlər irəli sürdüyündən, bir neçə məsələdə fikir ziddiyyətinə yol verib. 

Məktəbli forması
“Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidirlər” dedikdə, nəzərə alınmalıdır ki, məktəbli həmin müəyyən olunmuş formanı geyinirsə və bundan əlavə, başını da bağlayırsa, burada əslində forma qaydalarını pozmuş olmur. Qaydalarda başörtüyü yazılmır, amma başıaçıq olma tələbi də yoxdur. Burada “vahid forma” kimi yubka-kofta, şalvar-pencək, köynək və cemperlərdən söhbət gedir. Məsələn, corab, yaxud ayaqqabılardan heç bir söz deyilmir. Eynilə, baş örtüyündən bir kəlmənin də deyilmədiyi kimi. İndi durub tələb edək ki, məktəblilər məktəbə girdikdə ayaqqabılarını və corablarını soyunub girsinlər? Axı bu qaydalarda ayaqqabıdan da söhbət getmir.
Yoxsa ki, vahid formaya uyğun yubka-kofta, şalvar-pencək, köynək və cemperlər geyinib, başını da bağlayan birisini “forma geyinməyib” kimi qiymətləndirmək absurddur. Bizim də şəxsən şahidi olduğumuz kimi, bir çox Qərb təhsil müəssisələrində məktəbli forması müəyyən edilib və orada təhsil alan müsəlman qızlar bu formanı da geyirlər, eyni zamanda, başlarını da bağlayırlar. Nədənsə orada “forma” bəhanəsilə heç kəs onların başlarını açdırmır.
Digər tərəfdən, başörtüsü həqiqətən də forma qaydalarına ziddirsə, onda nazirlik bu ziddiyyəti qızların hüquqlarını pozaraq, başlarını açdırmaqla deyil, müəyyən etdiyi qaydalara “əl gəzdirməklə” nail olsaydı, daha məqsədəuyğun olardı. 

Beynəlxalq təcrübə
Məlumat üçün bunu da qeyd edək ki, bu günlərdə “Dəyərlər” saytı başörtüsü və forma mövzusu ilə bağlı dünyanın məşhur məktəbləri ilə əlaqə yaradıb. Dünya nüfuzlu “Oxford” Universiteti, “Thomas Deacon Academy”, “King Edward’s School”, “Wimbledon”, “Mortensrud” məktəbləri, bundan başqa Massaçusets ştatının 1934 məktəbi və Birmingem məktəbləri "Dəyərlər "-ə açıqlamasında onlarda hicab qadağası olmadığını bildirib.
Bu silsilənin davamı olaraq Norveçin “Hersleb” məktəbi də hicab məsələsində rəyini bildirib. Orada da başörtülü şagirdlər təhsil alırlar və təhsilləri vaxtı heç bir problemlə üzləşmədiklərini deyirlər. Norveç təhsil işçiləri bunları qeyd ediblər: “Hər bir məktəbin öz qaydaları və formaları olmalıdır. Heç kim geyim formasını pozmamalıdır. Ancaq hicab geyim formasını pozan amil deyil!” 

Başörtülü vətəndaşın təhsil almaq hüququ
Başörtülü qızlar da digərləri kimi, təhsil alma haqqına malikdirlər. Bu, onların Qanunla təsbit edilmiş haqlarıdır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun “Təhsilalanların hüquq və vəzifələri” adlı 32-ci maddəsində qeyd edilir ki, “Təhsilalanların hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun müəyyən edilir.” (32.1.). Nə Konstitusiyada, nə müvafiq Qanunda, nə də ki, digər normativ hüquqi aktlarda başörtüsü qadağası yoxdur. Əksinə, elə həmin Qanunun 32-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “Bütün təhsil müəssisələrinin təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər” (32.2.).
Bu, əslində hər bir vətəndaşın konstitusion hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının “Təhsil hüququ” adlanan 42-ci maddəsində qeyd edilir ki, “Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.”
“Təhsil haqqında” Qanunun digər maddələri də başörtülü qızların haqlarını tam dəstəkləməkdədir. Gəlin nəzər yetirək.
“Təhsil haqqında” Qanunda, “Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri” (maddə 3) sırasında “humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması” (3.0.1.); “demоkratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması” (3.0.2.); “bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması” (3.0.3.) qeyd edilir. Diqqət yetirək – istər başörtülü olsun, istər olmasın, istisnasız olaraq “bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması”! 

“Dünyəvi dövlət” bəhanəsi
Doğrudur, Azərbaycan Respublikası dünyəvi dövlətdir. Eynilə, ABŞ, Kanada, Hollandiya, İsveç, Rusiya və s. kimi. Nazir deyir ki, “Azərbaycan dövləti dünyəvi dövlətdir. Azərbaycanda din dövlətdən ayrı fəaliyyət göstərir. Və biz belə fikirləşirik ki, məktəb yaşlı uşağın, yəni 16 yaşa qədər uşağın başını bağlaması həm dünyəviliklə bir araya gəlmir. Ona görə, onların hicablı məktəbə gəlməsinə biz qadağa qoymuşuq”.
Məktəb yaşlı uşağın başını bağlaması dünyəviliklə bir araya gəlmirsə, onda niyə ABŞ, Kanada, Hollandiya, İsveç, Rusiya və s. kimi ölkələrdə başörtülü şagirdlərin məktəbə gəlməsi qadağan edilmir? Dünyəvi Qərb dövlətlərində başörtülü məktəbə gəlmək olar, amma dünyəvi Azərbaycanda yox? Bunu necə izah etmək olar ki? Üstəlik, Azərbaycanda dünyəvi dövlət bu gün elan edilməyib ki. Ölkəmiz müstəqillik qazandıqdan bu yana hər zaman dünyəvi dövlət olub və eyni zamanda başörtülü şagirdlər də sərbəst şəkildə məktəbə gediblər. İndi nə oldu ki, birdən-birə “dünyəvilik” bəhanəsi işə yaradı?
Qeyd edək ki, dünyəviliklə bağlı qeyd edilən məqam “Təhsil haqqında” Qanunda bilavasitə milli və ümumbəşəri dəyərlərin qorunmasıyla şərtlənir: “millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qоrunması və оnların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi.” (3.0.4.).
Belə isə, dünyəvilik bəhanəsilə milli-mənəvi dəyərlərimizi ayaqlar altına atmağın adını nə qoyaq?
Azərbaycan dünyəvi dövlətdir. Özü də yalnız məktəbləri yox. Elə küçəsi də, digər yerləri də. Bu məntiqlə, nazirin başörtülülərə “evində, küçədə, digər tədbirlərdə istədiyi formanı geyinə bilər” deyib, başörtüsünü yalnız məktəbdə qadağan etməsi sabah birilərinə elə “dünyəvi dövlət” bəhanəsilə onu küçədə-bayırda da qadağan etməsinə stimul verəcək. Təsəvvür edin ki, bir gün də başqa bir icra orqanı gəlib deyir ki, “Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır və… ictimai yerlərdə başörtüsü qadağan edilir”. Bu baxımdan, dünyəvilik bəhanəsi bu məsələdə ümumiyyətlə “söz konusu” ola bilməz! 

Təhsilin əsas məqsədi
Qanunun “Təhsilin əsas məqsədi” adlanan növbəti maddəsində, “Azərbaycan Respublikasında təhsilin əsas məqsədi” olaraq bunlar qeyd edilir: “Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək” (4.0.1.). Daha sonra isə bəyan edilir: “Milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq” (4.0.2).
Azərbaycan xalqının əsrlərdən bəri milli ənənəsi hesab edilən, eyni zamanda insanın hüquqları və azadlıqlarının, üstəlik bilavasitə milli-mənəvi dəyərlərimizin tərənnümü olan başörtüsü məktəblərimizdə qadağan edilirsə, bütün bu müddəalar ayaq altına atılmış olmurmu? Axı qanun “milli-mənəvi dəyərləri qoruyan və inkişaf etdirən” kadr hazırlanmasını nəzərdə tutur. Milli-mənəvi dəyərlərin daşıyıcısı olan başörtülü qızlarımıza “başını aç!” deməkləmi buna nail olmaq istəyirik?
Şəkilləri məktəb divarlarını bəzəyən başörtüklü Xurşid Banu Natəvanın nəvələrinə Natəvan kimi geyinməyi yasaqlayırlar. Budurmu milli-mənəvi dəyərlərə sayqımız?.. 

Vicdan azadlığı
Konstitusiyamızın 48-ci maddəsi elə belə də adlanır – Vicdan azadlığı. Burada qeyd edilir ki, “Hər kəsin vicdan azadlığı vardır”. Üstəlik, “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.” “Dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək” Azərbaycan Respublikası vətəndaşının konstitusion haqqıdır. Azərbaycan ərazisində, o cümlədən məktəblərdə, idarələrdə, parklarda, evdə, küçədə-bayırda bu Konstitusiya rəhbər tutulur. Nazirin “Məktəbə qızlar başı bağlı şəkildə getməməlidirlər. Evində, küçədə, digər tədbirlərdə istədiyi formanı geyinə bilər” deməsi adamda belə bir təəssürat yaradır ki, Konstitusiya və qanunlarımız məktəblərimizdə keçərli hesab edilmir. Başörtülü qızlar da “dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək” haqqından istifadə edib, əqidələrini öz geyim tərzlərilə də ifadə edirlər. Onlar Konstitusiyanın “Hər kəsin vicdan azadlığı vardır” müddəasının səmimiliyinə inanırlar. İndi biriləri sanki Əsas Qanunumuzun səmimiliyinə də kölgə salmaq istəyirlər.
Ən təhlükəlisi isə, başörtüsü qadağasının müəllifləri dindar əhali ilə dövlət arasında qarşıdurma üçün zəmin yaradır, inanclı vətəndaşları dövlətdən incik salırlar. Bu isə daha çox milli birliyimizə və milli təhlükəsizliyimizə qarşı bir təxribat planına bənzəyir. Görəsən inanclıları küsgün salmaqla plan müəllifləri nəyə nail olmağa çalışırlar? 

Təhsil və dövlət təminatı
“Təhsil haqqında” qanunun “Təhsil hüququna dövlət təminatı” adlı 5-ci Maddəsinə nəzər salaq:
“Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və fоrmasından məhrum edilməsinə yоl vermir. (5.1).
Diqqət edin, başıaçıq olsun, başıörtülü olsun, istisnasız olaraq – “hər bir vətəndaşın”! Daha sonra isə qeyd edilir ki, “Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı оlmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir” (5.2). Bu bəndi oxuduqdan sonra mövzunu davam etdirməyə, əslində, lüzum belə qalmır!
Maddənin 5.4. bəndi isə başörtülü qızlarımızın təhsil alma haqlarını bir daha və bir daha təsbit edir: “Dövlət hər bir vətəndaşın icbari ümumi оrta təhsil almaq hüququnu təmin edir”. İndi nazirlik bu hüququ təmin etmək əvəzinə, məktəblini icbari təhsil haqqından məhrum edir.
Şeyxülislamdan başörtüsünə dəstək
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə məktəblərdə başörtüsü qadağasıyla bağlı mövqeyini "Turan"a ifadə edərkən açıq şəkildə bildirib: “Hicab məsələsi müzakirə obyekti deyil, bu, Allahın əmridir və ona əməl olunmalıdır”.
Şeyxülislam başörtüsünün dinin atributlarından biri olduğuna diqqət çəkərək, buna əməl olunmasının İslam baxımından vacibliyini söyləyib. Onun geyilməsinə gəldikdə, Şeyxülislam hicabın məktəb forması ilə uzlaşmasına diqqət çəkmişdir: “Hicabın olub-olmaması yox, onun hansı şəkildə olması müzakirə edilə bilər”, - deyə QMİ sədri bildirib. Allahşükür Paşazadə ana və nənələrin baş örtüsündə olması ənənəsini xatırladaraq, baş örtüsünün həm də milli bir ənənə olduğunu önə çəkib.
Zənnimizcə, QMİ sədrinin bu açıqlaması məsələnin obyektiv çözümü üçün ən optimal təklifdir: məktəblilər istər başörtülü olsun, istər başıaçıq, məktəbli forması geyinir, eyni zamanda başörtülülər bu formaya uyğun başörtüklərini də bağlayırlar. Bir daha qeyd edək ki, “vahid forma” ümumiyyətlə başörtüsünə şamil edilmir – burada yalnız yubka-kofta, şalvar-pencək, köynək və cemperlərdən söhbət gedir.
Başörtüsü məsələsi inanclı insanlar üçün ilahi müqəddəsliyi tərənnüm edən gündəlik həyat normatividir. Bu, inanclı xanımların dini ayini deyil ki, onu gedib məscidlərdə, yaxud evlərində yerinə yetirsinlər. Bu, onların əqidəsindən qaynaqlanan geyim və həyat tərzidir. Şeyxülislam demişkən, bu, dinin atributlarından biridir. Onu qadağan etməklə inanclı insanın həm din və vicdan azadlığı pozulur, həm də konstitusion haqqı! 

Sonda...
Sonda bir daha “Təhsil haqqında” Qanuna qayıdaq. Qanunda məktəblilərin valideynləri üçün də hüquq və vəzifələr müəyyən edilib. Başörtüsü problemilə üzləşmiş valideynlərin bu haqlarından istifadə etməsi də qanunauyğundur.
“Təhsil haqqında” Qanunun “Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri” adlanan 34-cü maddəsində valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları sırasında bunlar qeyd edilir: “təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək” (34.1.3.).
Bir valideyn olaraq, təhsil alan övladlarımızın hüquqlarının qorunması bizim həm müqəddəs valideynlik borcumuz, həm də qanuni haqqımızdır.
Bu haqqımızdan çıxış edərək, biz öz övladlarımızın təhsil müəssisələrində din və vicdan azadlığının pozulmasına, seçdiyimiz inanc və bu inanc əsasında qurduğumuz həyat tərzinə birilərinin kobud şəkildə müdaxilə etməsinə, bununla da dini heysiyyatımızın təhqir edilməsinə, üstəlik konstitusion və qanuni haqlarımızın tapdalanmasına öz qəti etirazımızı bildirir, təhsil müəssisələrində “vahid forma” bəhanəsilə həmin “vahid formanı” geyinən başörtülü qızlarımıza, bacılarımıza qarşı tətbiq edilən başörtüsü qadağasının ləğv edilməsini tələb edirik.
Qadağa müəlliflərini Allahdan qorxmağa, eyni zamanda Konstitusiya və qanunlarımıza hörmətlə yanaşmağa çağırırıq. Həyatda heç bir şey cavabsız qalmır. Rəbbimizin Quranda buyurduğu kimi: “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)!” (surə 99, ayə 7-8).


source : 184.154.47.229
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü

 
user comment