Azəri
Friday 29th of March 2024
0
نفر 0

İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) MƏDİNƏDƏN SAMİRRAYA KÖÇÜRÜLMƏSİ VƏ CİDDİ NƏZARƏT ALTINA ALINMASI

   SİYASİ VƏZİYYƏT; İmam Həsən Əsgəriyə (ə) qarşı, eynən bir vaxt Mə’munun imam Riza (ə) və imam Cavada (ə) qarşı yürütdüyü siyasətlər izlənilirdi. Mütəvəkkil imam Hadiyə (ə) qarşı hansı tədbirləri görmüşdüsə, imam Həsən Əsgəriyə (ə) qarşı da eyni tədbirlər görülürdü. Onu saraya gətirib, fəaliyyətlərini məhdudlaşdırmaq, onunla şiələr arasında ayrılıq salmaq istəyirdilər. Həzrət öz atası kimi nəzarət altında idi. Həzrət bazar ertəsi və cümə axşamları günləri sarayda xəlifə ilə görüşməli idi.
Hələ bir vaxt imam Hadiyə (ə) qarşı uyğun tədbirlərin görülməsi səbəbi onun Mədinədəki fəaliyyətlərinin Mütəvəkkili narahat etməsi idi. O vaxt imam Hadi (ə) məcburi şəkildə Mədinədən Samirraya gətirildi və ciddi nəzarət altına alındı. Bə’zən silah axtarmaq bəhanəsi ilə imamın otağına soxulub axtarış aparardılar.
İmam Hadidən (ə) sonra imam Həsən Əsgəri (ə) iyirmi iki yaşında imamət məs’uliyyətini öhdəsinə götürdü və iyirmi səkkiz yaşından şəhadətinədək Samirrada xəlifənin mə’murlarının nəzarəti altında oldu.
İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) SİYASİ MÜBARİZƏ ÜSULLARI
Ciddi nəzarət altında olan imamın xüsusi mübarizə üsulları vardı. İmam özünü zahirən siyasətdən uzaq göstərməklə şiələrin hökumətdə vəzifə tutmasına şərait yaradır, eləcə də, öz ardıcıllarını xəlifənin tə’qiblərindən qoruyurdu. İmamın şiələri arasında məxfi vəkillər qurumunun təşkili xüsusi əhəmiyyət kəsb edirdi. İmam Sadiq (ə) dövründə bünövrəsi qoyulmuş qurum imam Həsən Əsgəri (ə) dövründə xeyli genişlənə bilmişdi. Bu qurumun fəaliyyətləri haqqında növbəti fəsildə daha geniş danışacağıq. İndi isə təqiyyə (əqidəni gizlətmə) siyasəti və onun böyük əhəmiyyətinə ötəri bir nəzər salacağıq.
Təqiyyə haqqında qısa şəkildə bunu demək olar ki, təqiyyə gizli mübarizə yoludur. Təqiyyə gizlənmək, fəaliyyətsiz oturmaq deyil.
Şiə əqidəsi zalım qüvvələrin hakimliyi dövründə məhz təqiyyə vasitəsi ilə yaşamış və həyatını davam etdirmişdir. Şiə tarixində təqiyyənin böyük rolu olmuşdur. Təqiyyə anlamını dərk etmədən şiə imamlarının fəaliyyətlərini təhlil etmək mümkünsüzdür. Bizim təqiyyə haqqındakı mühakimlərimizdə siyasətsizlik, sadəlövhlük, zəiflik, qorxaqlıq, dünyapərəstlik kimi ittihamlar eşidilməkdədir. Gəlin təqiyyə haqqında mə’sum imamların buyuruqlarına nəzər salaq: Uyğun buyuruqlardan təqiyyənin məfhumu, zəruriliyi, məqsədləri, yönümləri, rolu və nəhayət, təqiyyə fiqhi aydın olur.
Həzrət Əli (ə) Şəqşəqiyyə xütbəsində buyurur: «Əbu-Bəkr xilafəti bir köynək kimi geyindi və ondan yapışdı. Amma yaxşı bilirdi ki, dəyirman oxu dəyirmanda necədirsə, mən də xilafətdə eləyəm. Hökumət mənsiz dolanmaz. Çünki elm mənim qəlbimdən üzü aşağı sellənir. Elm və bilik fəzasında məndən yuxarı pərvaz edə bilən yoxdur.
Mən kənara çəkildim və qərara gəldim ki, kəsili əllərlə vuruşam və ya bu kor azğınlığa səbr edəm. Bu azğınlıq böyüyün belini qırır, körpəni qocaldır. Mö’mini əzaba salır ki, Allahı ilə görüşə çatsın.
Səbr etməyin bütün bunlardan daha üstün və daha ağlabatan olduğunu gördüm. Yaşlı göz, qubarlı sinə ilə səbr etdim. Mənə çatacaq mirasın qarət edildiyini görürdüm». Bəli, Əlinin (ə) təqiyyəsi belə idi. Tənhalıq və əlin kəsildiyi bir zamanda səbr etmək, fəaliyyət üçün şərait hazırlamaq lazım gəlir.
İmam Hadi (ə) buyurur: «Əgər desəm ki, təqiyyəyə göz yuman namazı tərk etmiş adam kimidir, doğru demişəm».  Rəvayətdən göründüyü kimi təqiyyə namaz qədər vacib bir əməldir.
İmam Həsən Əsgəri (ə) öz dostunu təqiyyəyə sövq etmiş şiələrdən birinə belə buyurdu: «Sən o insanlardansan ki, Peyğəmbər (s) həmin zümrə haqqında buyurmuşdur: «Hər kəs bir başqasını xeyir bir işə sövq etsə, özü həmin işi görmüş kimidir». Sonra imam sözünə belə davam etdi: «Allah-təala sənin dostunun təqiyyəsinə xatir ona təqiyyəyə əməl edən və etməyənlərin, bizim şiə və dostlarımızın sayı qədər əcr və savab qərar verdi. Bu əməlin ən kiçik savabı yüz illik günahların bağışlanmasıdır. Dostuna əta olunacaq savablar onu bu işə sövq etdiyin üçün sənə də aid olacaq».  Təqiyyə müqabilində necə böyük mükafatlar nəzərdə tutulduğu rəvayətdən aydın görünür. Həzrətin dövründə təqiyyə o qədər vacib olmuşdu ki, həzrət şiələrin öz canlarını qorumaları üçün ona salam verməmələrini tələb edirdi. Hətta öz şiələrindən birinə belə buyurmuşdu: «Əgər təqiyyə etməzsənsə, öldürülərsən. Ya təqiyyə, ya da ölüm!»
İCTİMAİ DURUM, ŞİƏLƏRİN VƏZİYYƏTİ
Söhbətimizin bu hissəsində şiələrin ictimai durumunu araşdıracaq, onların ictimai durum və rəhbərlik nüfuzunu nəzərdən keçirəcəyik. Həmin dövrdə əksər şəhərlərdə əhalinin şiə olmasına baxmayaraq, onlar yoxsulluq içində yaşayır, təzyiqlərə mə’ruz qalır, mühüm vəzifələrdən uzaqlaşdırılır, ən əsası isə, öz imamları ilə ünsiyyətdən məhrum edilirdilər.
İMAMLA ÜNSİYYƏT
Həmin dövrdə imam öz şiələri ilə müxtəlif formalarda ünsiyyətdə olsa da, ona ciddi nəzarət olunduğundan və onunla ünsiyyətdə olan insanlara ağır işgəncələr verildiyindən imamla onun ardıcılları arasındakı əlaqə minimum həddə enmişdi. Uyğun əlaqənin zəifliyi səbəbindən şiələr arasında problemlər yaranırdı. İmam müxtəlif tədbirlərlə uyğun problemləri aradan qaldırmaq istəsə də, ünsiyyətin zəifliyi özünü büruzə verirdi.
TƏZYİQ
Bu dövrdə şiələr abbasi xəlifələri tərəfindən ciddi təzyiqlərə mə’ruz qalırdılar. Söhbətimizin əvvəlində Mütəvəkkilin şiələrə və ələvilərə münasibətdə yol verdiyi cinayətlərdən, şakiriyyə qoşununun təşkil olunmasından, imam Hüseynin (ə) qəbrinin dağıdılmasından danışdıq. O, şiələrə daha çox təzyiq etmək üçün Misir hakiminə göstəriş vermişdi ki, talibləri İraqa sürgün etsin. Misir hakimi də bu göstərişə əməl etmişdi. Mütəvəkkil həmin vaxt hicri 236-cı ildə onları ələvilərin sürgün yeri olan Mədinəyə qovdu. Hicaz əhlinə xəbərdarlıq edildi ki, ələvilərlə yaxın ünsiyyətdə olmasınlar və onlara iqtisadi yardım göstərməsinlər. Bu əmri pozduğuna görə çox insanlar cəzalandırıldı. İsfəhaninin yazdığına görə, Mütəvəkkil ələvilərə Mədinədə olmazın əziyyətlərini verirdi. Mədinədə ələvilər xalqın qalan hissəsindən tam şəkildə təcrid edilmişdilər. Onlar böyük ehtiyac içərisində yaşayırdılar.
VƏZİFƏLƏRDƏN UZAQLAŞDIRMA
Mə’sudi yazır: «Mütəvəkkil yalnız şiə olduqları üçün İshaq ibn İbrahimi Samirra, Sirvanı Cəbəl hakimliyindən uzaqlaşdırdı. Eyni bəhanə ilə bir çox başqa insanlar da tutduğu vəzifələrdən kənarlaşdırıldılar. Onların əksəri təsdiq edirdilər ki, uyğun məhrumiyyətlərin səbəbi onların imamla ünsiyyətdə olması idi.

 

İQTİSADİ İMKANLARIN MƏHDUDLAŞDIRILMASI
Mütəvəkkil Hüseyn (ə) övladlarına məxsus olan fədək torpaqlarını müsadirə etdi. Seyyid ibn Tavusun yazdığına görə, Fədək mülkünün gəliri iyirmi dörd min dinar təşkil edirdi. Mütəvəkkil Fədəki öz əlaltılarından olan Abdullah ibn Bəzyara bağışladı. Hicaz əhlinə ələvilərlə istənilən bir yaxınlıq və iqtisadi yardım qadağan edilmişdi. Əbül-Fərəc İsfəhani yazır: «Mütəvəkkil ələviləri iqtisadi sıxıntıya salırdı. Onlara yardımı qadağan edirdi. Onun bu göstərişinə qarşı çıxanlar ciddi cəzalandırılırdılar».
ŞİƏLƏRİN İCTİMAİ MƏQAMI VƏ RƏHBƏRLİK NÜFUZU
Hökumətin ciddi tədbirlərinə baxmayaraq, şiə imamlarının mə’nəvi nüfuzu get-gedə genişlənirdi. Hətta xəlifənin qəsri də nüfuz dairəsindən kənarda qalmamışdı. Xalq kütlələri ilə yanaşı bə’zi vəzirlər və əmirlər də yalnız imamları xəlifəliyə layiq bilir və onları qəlbən sevirdilər. Amma kimsə öz istəyini açıqlaya bilmirdi. İmam Hadinin (ə) ələvilər, kitab əhli, Mədinə əhli və şiələr arasında böyük nüfuzu vardı. İmamın nüfuzu ilə bağlı çoxlu əhvalatlar nəql olunur. Qeyd olunur ki, bir gün Mütəvəkkil çiban çıxartmışdı və bu çibanın irinləməsi səbəbindən ölüm yatağına düşmüşdü. Kimsə xəlifənin bu dərdinə əlac edə bilmirdi. Mütəvəkkilin anası Şüca nəzr etdi ki, əgər oğlum sağalıb ayağa dursa, öz malından böyük bir hissəsini imam Hadiyə (ə) göndərəcək. Mütəvəkkilin ən yaxın adamlarından olan Fəth ibn Xaqan Mütəvəkkilə dedi: «Yaxşı olar ki, imam Hadinin (ə) yanına bir adam göndərib xəstəliyinə çarə qılasan. Onun məsləhəti çox faydalı ola bilər: «Onun yanına bir adam göndər». Fəth ibn Xaqanın göndərdiyi adam imamın müalicə barədə göstərişi ilə geri qayıtdı. Mütəvəkkil qısa bir vaxtda sağaldı.
İmam Hadinin (ə) Mədinədə qalmasından narahat olan Mütəvəkkil onu Yəhya ibn Hərsəmə vasitəsi ilə Samirraya çağırdı. İmam öz ailəsi ilə birlikdə Samirraya yola düşdü. İmamın təqvasından heyrətə gəlmiş Yəhya özü ona xidmət edirdi.
Yə’qubi nəql edir ki, imam Yasəriyyəyə çatan kimi Bağdad hakimi İshaq ibn İbrahim onun görüşünə gəldi. Xalqın imama məhəbbətinə şahid olan İshaq onu bir gecə Bağdadda qonaq saxlamağa çalışdı. Yəhya Bağdad hakiminə imamla bağlı əhvalatı danışdıqdan sonra hakim dedi: «Bu şəxs həzrət peyğəmbərin övladıdır. Sən Mütəvəkkilin bu ailəyə münasibətini bilirsən. Əgər imam haqqında bir mənfi söz desən, onu öldürəcək və qiyamət günü Peyğəmbərə (s) cavab verməli olacaqsan». Yəhya dedi: «And olsun Allaha, mən ondan yalnız yaxşılıq görmüşəm.» Sonra Bağdadı tərk edib Samirraya yola düşdülər. Samirraya çatan kimi Yəhya tələsik özünü Vəsif Türkiyə çatdırdı və onu əhvalatdan xəbərdar etdi. Vəsif Yəhyaya belə dedi: «Ey Yəhya and olsun Allaha, əgər imamın başından bir tük əskik olsa, yalnız sən cavab verəcəksən . . .» İshaq və Vəsifin imama münasibəti Yəhyanı heyrətə gətirdi.
İmam elə bir nüfuz sahibi idi ki, o Mütəvəkkilin sarayına daxil olarkən bütün saray əhli özündən ixtiyarsız ayağa qalxdı. Onlar tələsik qapıları açır, pərdələri qaldırırdılar.
Nəql olunur ki, xəlifənin övladlarından biri üçün qurulmuş şadlıq məclisində imam da iştirak edirdi. İmam məclisə daxil olduğu vaxt hamı bir nəfər kimi ayağa qalxdı və məclisi sükut bürüdü . . .
Ələvi Məhəmməd ibn Həsən Əştər deyir: Atamla birlikdə Mütəvəkkilin qəsri qarşısında durmuşduq. Orada Abbasilər, taliblər və qoşun başçıları da vardı. Bu vaxt imam Hadi (ə) göründü. O, xəlifənin qəsrinə üz tutmuşdu. Onun gəlişini görənlər istisnasız olaraq atlarından düşdülər və ehtiram əlaməti olaraq ona yol verdilər. Cəmiyyətin imama göstərdiyi hörmət oradakılardan birini qəzəbləndirdi və həmin şəxs e’tiraz edərək dedi: «Bütün bu hörmət-izzət kimin üçündür?! Nə üçün bu gəncə bir bu qədər hörmət edilir? O nə məqam, nə də yaşca bizdən böyük deyil. And olsun Allaha, o qəsrdən çıxanda nə atdan düşəcək, nə də ayaq üstə dayanacağıq». Əbu-Haşim Cə’fəri onun cavabında dedi: «And olsun Allaha zəlilcəsinə ona ehtiram göstərəcəksən». Çox keçməmiş imam qəsrdən çıxdı. Təkbir səsi ucaldı və hamı ayağa qalxdı Əbu-Haşim camaata üz tutub dedi: «Məgər azca əvvəl demirdinizmi ki, ona ehtiram göstərməyəcəksiniz?» Oradakılar dedilər: «And olsun Allaha, bu özümüzdən asılı olmadı. İxtiyarsız olaraq atdan düşdük və ona ehtiram göstərməyə məcbur olduq».
Bütün böyüklər imama ehtiram göstərir, onun rəhbərliyini və fəzilətli olduğunu qəbul edirdilər. Bu adamlardan biri də ələvi Zeyd ibn Musa ibn Cəfər idi. «Zəydunnar» adı ilə tanınan bu şəxs həzrətin atasının əmisi sayılırdı. Bir gün Zeyd imamı görmək məqsədi ilə onun evinə üz tutur. Qapıda keşik çəkən Ömər ibn Fərəcdən xahiş edir ki, imamdan onunla görüş üçün icazə alsın. İmam icazə verir. Zeyd otağa daxil olur və imamın qarşısında ehtiram əlaməti olaraq iki dizi üstə əyləşir. Onun bu hərəkəti həzrətin imamətinin e’tirafı idi.
Başqa bir vaxt imamla görüşə gələn Zeyd onun məclisdə olmadığını görüb bir kənarda əyləşir. Az sonra imam məclisə daxil olur. İmamın daxil olduğunu görən Zeyd dərhal ayağa qalxır və ehtiram əlaməti olaraq ona öz yerini təklif edir. Həmin vaxt imam çox cavan, Zeyd isə yaşlı idi. Onun bu hərəkəti yalnız imamın məqamının və fəzilətinin e’tirafı sayıla bilərdi. Həzrətin imamət məqamını qəbul edənlərin hamısı eyni cür rəftar edirdilər.
Yəhya Mədinəyə, Mütəvəkkilin göstərişi ilə imam Hadini (ə) Samirraya gətirməyə göndərildiyi vaxt bu xəbəri eşidən Mədinə əhli elə ah-nalə çəkir ki, Yəhya deyir: «Mən belə bir şey nə görmüşəm, nə də eşitmişəm. Mən onlara təskinlik verməyə məcbur oldum. And içdim ki, imama heç bir təhlükə yoxdur».
İmam təkcə müsəlmanlar və şiələr arasında nüfuzlu deyildi. Kitab əhlindən olanlar da ona xüsusi bir hörmətlə yanaşırdılar. Onlar həzrətə tez-tez hədiyyələr gətirir, öz problemlərinin həllində ondan yardım istəyirdilər.
Hibətullah ibn Əbu-Mənsur Mosulu belə nəql edir: «Məsihi Yusif ibn Yə’qub atamın dostlarından idi. Bir gün o Bağdada bizə qonaq gəldi. Atam ondan gəlişinin səbəbini soruşduqda Yusif dedi: «Abbasi Mütəvəkkil məni hüzuruna çağırıb. Amma səbəbini bilmirəm. Bu təhlükədən amanda qalmaq üçün (Allahın razılığı üçün) Əli ibn Məhəmməd ibn Əli Ərrizaya (ə) yüz dinar hədiyyə edəcəyəm».
Mütəvəkkil Samirrada xalqın imam Hadi (ə) ilə görüşlərinə mane olardı. Bir gün həzrət (ə) Mütəvəkkilin qəsrində olduğu vaxt qəsrin ətrafında xeyli şiə toplanmışdı. Rəvayətçi nəql edir ki, onlardan bunun səbəbini soruşdum. Dedilər: «Gözləyirəm ki, mövlamız qayıtsın, onu görək, ona salam verək, sonra gedək». Soruşdum ki, məgər onu tanıyırsınız? Dedilər: «Bəli, hamımız onu tanıyırıq».


İMAM HƏSƏN ƏSGƏRİNİN (Ə) NÜFUZU
Söhbətimizin bu hissəsində imam Həsən Əsgərinin (ə) xəlifələrin, vəzirlərin, kitab əhlinin, alimlərin, şiələrin və digər zümrələrin yanındakı nüfuzunu nəzərdən keçirəcəyik.
Bə’zi xəlifələr, eləcə də, Mö’təməd çətinliyə düşdükdə imama üz tutar və ondan dua istəyərdi. Hətta bir dəfə imam zindanda olduğu vaxt, Mö’təməd onu azad edərək cəmiyyətdə yaranmış çaxnaşmaları aradan qaldırmaq üçün göndərir.
Bir gün imamın qardaşı Cə’fər xəlifə ilə öz qardaşının məqamı haqqında danışarkən xəlifə deyir: «Qardaşının məqamı bizim əlimizdə deyildir. Bu məqam Allah tərəfindən verilmişdir. Biz onun məqamını alçaltmağa nə qədər çalışdıqsa da, o, elm və ibadəti səbəbindən ardıcıl olaraq nüfuzunu artırdı . . .»
İmamın müasiri olmuş abbasi xəlifəsinin vəziri Übeyd ibn Xaqan deyir: «Əgər Bəni-Abbasilər xilafətdən uzaqlaşmış olsaydı, haşimilərdən yalnız o (imam Həsən Əsgəri (ə)) bu məqama layiq olardı. Yalnız o öz elmi, iffəti, hidayəti, səbri, zöhdü, ibadəti, gözəl əxlaqı, nəfs tərbiyəsi ilə xəlifəliyə layiqdir. Atası da onun kimi böyük, səxavətli, alim və xeyirxah idi».
Əhli-beyt (ə) düşmənlərindən olan Əhməd ibn Übeydullah ibn Xaqan imam Həsən Əsgərinin ictimai məqamı və nüfuzu haqqında belə deyir: «Samirrada ələvilər arasında Həsən ibn Əli ibn Məhəməd Ərriza kimi rəftara malik, iffətli, əzəmətli, səxavətli, qohumlarının və xəlifələrin, eləcə də, bütün bəni-Haşimin hörmət etdiyi bir kəs görmədim. Təkcə onlar yox, bəlkə də bütün vəzirlər, saray xadimləri, qoşun başçıları həzrəti hamıdan böyük bilirdi». Həmin şəxs imamın misilsiz bir insan olduğunu belə qeyd edir: «Mən bəni-Haşimdən, sərkərdələrdən, saray xadimlərindən, qazilərdən, fəqihlərdən və başqalarından imamın haqqında yalnız xoş sözlər eşitdim. Onun rafizilərin (şiələrin) imamı olduğunu hamı bir ağızdan təsdiq edirdi. Hamı onun haqqında müsbət fikirdə olduğundan mən də onu yüksək məqam sahibi sayırdım».
Saray əmirlərindən biri imam Həsən Əsgəri (ə) ilə rastlaşarkən dərhal atdan düşdü və ona ehtiram göstərdi. İmam ona buyurdu: «Yoluna davam et». Həmin şəxs həzrətə ehtiram göstərərək geri qayıtdı.
Mütəvəkkilin həmin dövrün ən üstün təbiblərindən sayılan həkimi Bəxtişu imamdan qan almağa gedən şagirdinə belə deyir: «İbn-Ərriza ondan qan almaq üçün bir nəfər göndərməyimi istəyib. Get bu işi gör və bil ki, o, səma altda yaşayanların ən biliklisidir. Məbada onun göstərişlərinə biganə olasan və ya ona e’tiraz edəsən».
İmam öz dövrünün alimləri arasında yüksək məqam sahibi idi. Həmin dövrün tanınmış ədibi Cahiz Bəsrədə yaşamasına baxmayaraq imamın haqqında deyir: «Taliblərdən savay heç bir ərəb və qeyri-ərəb ailəsinə nəsib olmayıb ki, bütün sülalə alim, pak, pəhrizkar, cəsur, səxavətli, kəramətli olsun. Onlardan bə’zisi peyğəmbərin canişini, bə’ziləri canişinliyə namizəd olmuşlar. Onlar Həsən ibn Əli, ibn Məhəmməd, ibn Əli, ibn Musa ibn Cə’fər, ibn Məhəmməd, ibn Əli, ibn Hüseyn ibn Əlidən ibarətdirlər. Kitab əhlindən olan bir çox alimlər də imamın məqamının yüksəkliyini e’tiraf edirdilər. Həzrət bu adamların haqqında buyurur: «And olsun Allaha ki, məsihilər bizim haqqımızı bə’zi müsəlmanlardan daha yaxşı tanıdı. Onların bə’ziləri həzrət vasitəsi ilə iman gətirib müsəlman oldular. İslamı qəbul edən kitab əhlinə Ənuş Nəsranini, Rahib Dir qulu misal göstərmək olar.
Məmələkətin hər yerindən insanlar həzrətin ziyarətinə tələsirdilər. İmamın saraya də’vət olunduğu gün bütün yol boyu imamı görməyə iştiyaqlı, gözüyaşlı insanlar toplanmışdı. Hətta yol bağlanmışdı və keçmək mümkünsüz olmuşdu. Ətrafda böyük həyəcan olsa da, imam qapıdan çıxdığı vaxt ətrafı sükut bürümüşdü. Onun görüşünə gələnlər heyrət içində susurdular. İzdiham imama yol verir və onu yaşlı gözlərlə ötürürdülər. Yol boyu toplanmış izdiham imamın qayıdışını da belə gözləyirdi.
Şeyx Səduq xəlifənin Qumdakı nümayəndəsi, əhli-beyt (ə) düşməni olan Əhməd ibn Übeydullah ibn Xaqanın dilindən belə nəql edir: «İmam Həsən Əsgərinin (ə) şəhadəti zamanı bütün bazarda tə’til oldu. Bəni-Haşim, əsgərlər, saray xadimləri, eləcə də, atam imamın dəfninə tələsirdilər. Həmin gün Samirra izdihamın çoxluğu və həyəcan baxımından qiyamət səhnəsini xatırladırdı».
İmam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) böyük səhabələrindən olan Əbu-Haşim Cə’fərinin imam Həsən Əsgərini (ə) vəsf edən şe’rləri imamın öz şiələri arasındakı məqamını gözəl əks etdirir. Əbu-Haşim deyir:

Bütün mö’cüzələr verilmiş ona,
Musaya e’cazlar verildiyi tək.
Peyğəmbərdə olan vəsidə də var,
İnanmasan, dəlil var ətək-ətək.

XÜLASƏ
Haqqında danışılan dövrdə şiələrin ictimai-siyasi və düşüncə, eləcə də, həmin dövrdə şiə rəhbərliyinin səciyyəvi xüsusiyyətləri vardır.
Əqidə və düşüncə baxımdan mümkün böhranlı vəziyyətlərdən çıxmaq üçün şiə üsulu və hədisləri tərtib edilmiş, yetərli nəzəri əsaslar hazırlanmışdı. İslamı azğınlıqlardan qorumaq, əqidə ilə bağlı suallara cavab vermək, on ikinci imamın (ə) qeyb dövrü üçün hazırlıq görmək uyğun dövrdə imamların fəaliyyət sahələrindən idi.
Vəziyyət siyasi baxımdan analiz edildikdə görürük ki, həmin dövrdə şiə rəhbərliyi məcburi şəkildə Mədinədən Samirraya gətirilmiş və ciddi nəzarət altına alınmışdır. Mə’sum imamlar təqiyyə siyasətini seçərək vəkillər qurumunu gücləndirmiş və genişləndirmişlər. Onlar bə’zi ələvi qiyamlarını himayə etmiş, təqiyyə yolu ilə şiələrin varlığını qorumuş, bə’zi şiələrin hakimiyyətdə vəzifə tutması üçün şərait yaratmışlar.
Məsələyə ictimai baxımdan yanaşdıqda mə’lum olur ki, həmin dövrdə şiələr son yoxsulluq həddində yaşamış, daim təzyiqlərə mə’ruz qalmış, öz imamları ilə görüşdən məhrum edilmişlər. İmamlar ciddi şəkildə nəzarətə alındığı bir vaxt cəmiyyətin müxtəlif təbəqələri, eləcə də, geniş xalq kütlələri, alimlər, kitab əhli, hətta vəzirlər və əmirlər də onların əzəmətli şəxsiyyətindən tə’sirlənmişdir.

BEŞINCI FƏSIL
ŞIƏLƏRIN MƏ’SUM IMAM TƏRƏFINDƏN QEYB DÖVRÜNƏ HAZIRLANMASI
Qeyb və məhdəviyyət inancı müsəlmanlar, xüsusi ilə də şiələr arasında qədim tarixə malikdir. Çoxsaylı peyğəmbər və ələvi hədisləri vasitəsi ilə bu inanc müsəlmanların düşüncəsində özünə yer etmişdi. Dini mənbələrimiz bu məsələ haqqında mə’lumat verən peyğəmbər və imam rəvayətləri ilə zəngindir. Şeyx Tusi bu barədə deyir: «Qeyb dövründən çox-çox əvvəllər həzrət Mehdinin (ə) ata-babalarının verdiyi mə’lumatlar onun imamlığının dəlilidir. Xəbər verilir ki, həzrət Mehdi (ə) qeybə çəkiləsidir. Bu qeybin necəliyi izah olunur və hansı ixtilafların baş verəcəyi barədə mə’lumat verilir. Xəbər verilir ki, həzrət iki dəfə qeybə çəkiləsidir. Bu qeyb dövrlərindən biri o birindən daha uzundur. Birinci qeyb dövrünün müddəti mə’lum, ikinci qeyb dövrünün müddəti isə na’məlumdur.»
Şeyx Tusi öz sözünün davamında həzrət Mehdi (ə) və onun qeyb dövrü haqqında peyğəmbər və imamlardan nəql olunmuş rəvayətləri zikr edir. Şeyx Səduqun «Kəmalud-din və təmamun-ne’mət», ibn Əbu Zeynəb No’maninin «Əl-ğeybət» kitablarında uyğun mövzuda xeyli rəvayət nəql olunmuşdur. Sünni mənbələrində də bu mövzuda rəvayətlərlə rastlaşırıq. Tədqiqatçıların dediyi kimi bu rəvayətlərə əsaslanaraq iddia etmək olar ki, həzrət Mehdi (ə) və onun qeyb məsələsi şiə və sünni mənbələrində tam təsdiqlənmiş bir həqiqətdir. Ona görə də şiəlik iki yüz altımış il tarixə malik bir hazırlıqla qeyb dövrünə daxil olur. Şiə düşüncəsində qeyb və məhdəviyyət mövzularının incəlikləri də özünə yer tapır. Bu incəliklər həzrət peyğəmbər və imamlar tərəfindən bəyan olunmuşdur. Mövzunu daha da aydınlaşdırmaq üçün uyğun rəvayətləri nəzərdən keçiririk. Sonra isə imam Hadi (ə) və imam Həsən Əsgərinin (ə) qeyb dövrünə hazırlıq məqsədi ilə gördüyü işlərə nəzər salacağıq. İmam Mehdi (ə) və onun qeyb məsələsini aydınlaşdırmaq üçün əsasən üç kitaba müraciət edəcəyik: Şeyx Səduqun «Kəmalud-din və təmamun-ne’mət», No’maninin «Əl-ğeybət» və Şeyx Tusinin «Əl-ğeybət» əsərləri. Digər şiə və sünni mənbələrinə də müraciət edərək həzrət Mehdi (ə) haqqında hədislərlə tanış ola bilərik.
İMAM MEHDİNİN (Ə) ANADAN OLMASI VƏ QEYBƏ ÇƏKİLMƏSİ HAQQINDA HƏZRƏT PEYĞƏMBƏR VƏ İMAMLARIN ÖNCƏDƏN XƏBƏR VERMƏSİ
Əbdür-Rəhman ibn Səmərə deyir: «Həzrət peyğəmbərə ərz etdim ki, ey Allahın rəsulu, mənə qurtuluş yolu göstər. Həzrət buyurdu: «İstəklərin ixtilafı və təfriqələr tüğyan etdiyi vaxt Əli ibn Əbutalibə (ə) üz tut. O, mənim ümmətimin imamı, məndən sonra onlara mənim xəlifəmdir. Onun vasitəsi ilə haqq batildən ayrılar. Hər kəs ona sual versə, cavab alar, hər kəs ondan yol istəsə, yol göstərər, hər kəs haqqı axtarsa, onu Əlidə (ə) tapar. Ona sığınan kəs amanda qalacaq, ona arxalanan nicat tapacaq, ona iqtida edən hidayət olacaq. Ey Səmərə oğlu! Sizlərdən kim ona dost olsa, nicat tapacaq, ona düşmən olanlarınız isə həlak olacaq. Ey Səmərə oğlu! Əli (ə) məndən, onun ruhu mənim ruhumdan, onun batini mənim batinimdəndir. O, mənim qardaşımdır, mən isə onun qardaşı. O, dünya xanımlarının ağası qızım Fatimənin əridir. Mənim ümmətimin iki imamı və Behişt gənclərinin iki ağası ondandır. Yə’ni Həsən və Hüseyn, Hüseynin doqquz övladı. Onların doqquzuncusu mənim ümmətimin qaimidir. O, yer üzünü zülm bürüdüyü bir vaxt qiyam edib, yer üzündə ədaləti bərpa edər.
Abdullah ibn Abbas deyir: «Həzrət Peyğəmbər (s) buyurdu: «Allah-təala yer üzünə nəzər salıb məni özünə peyğəmbər seçdi. Sonra bir daha nəzər salıb Əlini (ə) imam olaraq seçdi. Mənə əmr etdi ki, onu özümə qardaş, vəli, vəsi, xəlifə və vəzir götürüm. Əli (ə) məndəndir. O, mənim qızımın əri, iki övladım Həsən (ə) və Hüseynin (ə) atasıdır. Bilin ki, Allah-təala məni və onları öz bəndələri üçün höccət etmiş, Hüseyndən (ə) məni vəziyyətimi hifz edəcək imamlar qərar vermişdir. Onların doqquzuncusu mənim əhli-beytimin qaimi, ümmətimin Məhdisidir. O xalq arasında surət, danışıq və rəftarca ən çox mənə oxşar olan şəxsdir. O uzun bir qeyb dövründən sonra zühur edər və ilahi əmri aşkarlayar. Yer üzünü zülm bürüdükdən sonra Allahın və mələklərin yardımı ilə o, ədaləti bərpa edər».
Əbu-Həmzə imam Baqirdən (ə) nəql edir ki, həzrət Peyğəmbər (s) belə buyurdu: «Xoş o kəsin halına ki, mənim əhli-beytimdən olan qaimi görər, qeyb dövründə, qiyamından qabaq ona iqtida edər, onun dostunu dost, düşmənini düşmən tutar. Belə bir şəxs mənim dostlarımdandır və qiyamət günü ümmətimin ən əzizlərindəndir».

İMAM ƏLİ (Ə)
Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-mö’minin Əli ibn Əbi-Talibin (ə) yanına getdim. O, gözünü yerə dikib dərin fikrə getmişdi. Ərz etdim ki, ya Əmirəl-mö’minin (ə), yoxsa yerə rəğbətiniz var. Həzrət buyurdu: «Yox, vallah! Heç vaxt nə yerə, nə də dünyaya rəğbətim olub. Məndən olan on birinci övladım haqqında düşünürəm. Yer üzündə ədaləti bərpa edəcək Mehdi odur. O, qeybə çəkiləcək və bu qeyb ilə əlaqədar kimi hidayət olacaq, kimi yolunu azacaq». Əsbəğ deyir. Ərz etdim ki, belə bir iş olacaqmı? Həzrət buyurdu: «Bəli! Bu qəti bir işdir. Sən hara, belə bir məsələdən xəbərdarlıq hara?! Ey Əsbəğ! Onlar bu ümmətin seçilmişləridir və bu ailənin böyükləri olacaqlar». Ərz etdim ki, bəs ondan sonra nə olacaq! Buyurdu: «Sonra Allah öz iradəsini yerinə yetirəcək. Çünki Onun istəkləri və məqsədləri var».
Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) nəql edir ki, həzrət Əli (ə) belə buyurmuşdur: «Bizdən olan qaim üçün uzun bir qeyb dövrü var. Şiələri qaimin qeyb dövründə çoban ardınca gedən və onu tapa bilməyən sürü kimi görürəm. Hər kəs qaimin qeyb dövründə dinində möhkəm olsa, qeyb uzun çəkdiyindən qəlbi bərkiməsə, həmin şəxs qiyamət günü mənimlə və mənim dərəcəmdə olar. Sonra imam buyurdu: «Həqiqətən, bizim qaim qiyam edəndə onun öhdəsində kimsənin bey’əti yoxdu. Ona görə də məxfi şəkildə doğulmuş və özü qeybə çəkilmişdir».
HƏZRƏT FATİMƏ (Ə)
Cabir ibn Əbdullah Ənsari bir rəvayətdə həzrət Fatimənin (ə) əlində gördüyü vərəq haqqında danışırdı. O bildirir ki, bu vərəqdə təəccüblü bir parlaqlıq varmış və onda on iki imamın adı analarının adı ilə birlikdə qeyd olunubmuş. Sonuncu ad qaimin adı olmuşdur.
İMAM HƏSƏN MÜCTƏBA (Ə)
Əbu Səid Əqisa nəql edir ki, İmam Həsən (ə) Müaviyə ilə sülh bağladıqdan sonra xalqın bir hissəsi onu məzəmmət etdi. Həzrət buyurdu: «Vay olsun sizə! Nə düşündüyümü bilmirsiniz. Nə etdimsə, şiələrin xeyiri üçün etdim. Məgər bilmirsinizmi ki, mən peyğəmbər buyuruğuna görə sizin imamınızam və mənə itaət etməyiniz vacibdir?! Bilmirsinizmi ki, mən behişt cavanlarının iki ağasından biriyəm?!» Camaat imamın buyuruğunu təsdiq etdi. Həzrət buyurdu: «Məgər bilmirsinizmi ki, Xızır gəmini deşdiyi, divarı bərpa etdiyi, uşağı öldürdüyü vaxt Musa qəzəbləndi?! Çünki o, bu işlərin səbəbini bilmirdi. Əslində isə bu işlərdə ilahi hikmət vardı. Məgər bilmirsinizmi ki, bizlərdən yalnız qaimin öhdəsində dövrünün zorlusuna bey’ət etmək borcu yoxdur?! Məryəm oğlu İsa ona iqtida edər, Allah-təala onun dünyaya gəlişini gizli saxlayar və onu qeybə çəkər. Bunun səbəbi odur ki, imam zühur etdiyi vaxt öhdəsində kimsənin bey’əti olmasın. O, qardaşım Hüseynin (ə) doqquzuncu, qadınlar Seyyidəsinin övladıdır. Qeybi dövründə Allah onun ömrünü uzatmışdır. Sonra onu öz qüdrəti ilə yaşı qırxdan az gənc şəklində aşkar edəcək. Bu ona görədir ki, Allahın hər şeyə qadir olduğu bilinsin».
İMAM HÜSEYN (Ə)
Əbdür-Rəhman ibn Əlhəccac imam Sadiqdən (ə), o həzrət isə imam Hüseyndən rəvayət edir ki, imam buyurmuşdur: «Mənim övladlarımdan doqquzuncusunda həzrət Yusif və həzrət Musanın sünnələri var. O, biz əhli-beytin qaimidir və Allah-təala onun əmrini bir gecədə islah edər».
Həmdanlı bir şəxs imam Hüseyndən (ə) belə eşitdiyini nəql edir: «Bu ümmətin qaimi mənim övladlarımdan doqquzuncusudur. Qeyb sahibi odur və onun mirası diri olduğu halda bölünər».
Əbdürrəhman ibn Səlit deyir: «İmam Hüseyn (ə) buyurdu: «On iki Məhdi bizdəndir. Onların birincisi Əli ibn Əbi-Talib və sonuncusu mənim övladlarımdan doqquzuncusudur. Qaim imam odur. Allah onun vasitəsi ilə yer üzü öldükdən sonra onu dirildər və müşriklərin istəyinin ziddinə olaraq, haqq dini bütün dinlərə qalib edər. O qeybə çəkiləcək və bu qeybi bir qrup inkar edəcək. Başqa bir qrup isə öz əqidəsində sabit qalacaq. Onlara əziyyət veriləcək və deyiləcək: «Əgər düz deyirsinizsə, verdiyiniz və’də nə vaxt gerçəkləşəcək?» Bilin ki, onun qeybi zamanı əziyyətlərə və inkarlara səbr edən kəs Allah rəsulunun yanında qılıncla cihad edən kəs kimidir».
İMAM SƏCCAD (Ə)
Əbu-Xalid Kabuli imam Səccaddan (ə) müfəssəl bir rəvayət nəql etmişdir. Rəvayətin xülasəsi belədir: «İmam Səccada (ə) ərz etdim ki, itaəti vacib edilmiş şəxslər haqqında mənə xəbər verin. Həzrət buyurdu: «Allah tərəfindən xalqın itaət etməsi vacib edilmiş kəslər Əmirəl-mö’minin Əli ibn Əbi-Talib, Həsən və Hüseyn, Əlinin iki övladlarıdır». Ərz etdim ki, ey mənim ağam, yer üzünün ilahi höccətsiz qalmayacağı rəvayət edilib. Səndən sonra höccət və imam kimdir? Həzrət buyurdu: «Övladım Məhəmməd, sonra Cə’fər». Sonra həzrət Peyğəmbərdən nəql olunmuş rəvayətə işarə edərək buyurdu: «Övladım Cə’fər dünyaya gələndə onun adını Sadiq qoyun. Çünki onun beşinci övladının adı Cə’fər olacaq və o yalandan imamlıq iddiası edərək Cə’fəri-Kəzzab (Yalançı Cə’fər) kimi tanınacaq. Allahın vəlisinin qeybi zamanı ilahi pərdəni kənara çəkmək istəyən odur». Sonra imam Səccad (ə) ağlayıb buyurdu: «Sanki Allahın vəlisinin əmrinin təftişinə təhrik edən Cə’fəri görürəm.» Sonra buyurdu: «Allahın vəlisinin, peyğəmbər vəsilərinin on ikincisinin qeybi uzun çəkəcək. Ey Əba-Xalid! Həqiqətən, qeyb dövründə onun imamlığına inananlar və zühurunun intizarını çəkənlər bütün dövrlərin əhalisindən üstündürlər. Çünki onlar ağıl və düşüncələrinin çoxluğundan sanki qeybi müşahidə edirlər. Allah-təala onları peyğəmbər yanında cihad edənlər dərəcəsində qərar vermişdir. Onlar, doğrudan da, ixlaslı və həqiqi şiələrdir, eləcə də, Allahın dininə doğru də’vət edirlər. Ən böyük qurtuluş Fərəc (imamın zühuru) intizarıdır».
İMAM BAQİR (Ə)
Həzrət Mehdi, onun qeybi və zühuru, zühur əlamətləri haqqında imam Baqirdən (ə) və Sadiqdən (ə) daha çox rəvayət nəql olunmuşdur. Onlar sadəcə, məsələnin kökünü bəyan etməmiş, onun incəliklərinə də varmışlar.
İbrahim ibn Ömər Kənasi deyir: «İmam Baqir (ə) buyurdu: «Həqiqətən, bu əmr sahibi üçün iki qeyb olacaq. İmam qiyam edəndə onun öhdəsində kimsənin bey’əti olmayacaq».
Əbu-Bəsir nəql edir ki, imam Baqir (ə) buyurdu: «İmam Hüseyndən (ə) sonra doqquz imam gələr və onların doqquzuncusu qaimdir».
Cabir Cö’fi nəql edir ki, imam Baqir (ə) buyurdu: «Xalq üçün elə bir dövr gələcək ki, həmin dövrdə onların imamları qeybə çəkiləcək. Xoş o insanların halına ki, dinlərində sabit qalacaqlar. Həqiqətin, onların ən kiçik mükafatı budur ki, Allah onlara xitabən buyurur: «Ey mənim bəndələrim, kənizlərim! Mənim sirrimə iman gətirdiniz və qeybimi təsdiq etdiniz. Mənim tərəfimdən sizin üçün ən yaxşı müjdə olsun. Sizsiniz mənim bəndələrim və kənizlərim. Sizdən qəbul edərəm və sizi bağışlayaram. Sizin vasitənizlə bəndələrimə mərhəmət yağışı nazil edərəm. Sizin xatirinizə bəndələrimdən bəla və əzabı uzaqlaşdıraram.»
İMAM SADİQ (Ə)
İmam Baqirə (ə) nisbətən uyğun mövzuda imam Sadiqdən (ə) daha çox rəvayət nəql olunmuşdur. Bu rəvayətlərdə imamın qeybinə, onun xüsusiyyətlərinə daha çox toxunulmuşdur. Bu rəvayətlərdən bə’zilərini nəzərdən keçirək:
Səfvan ibn Mehran nəql edir ki, imam Sadiq (ə) buyurdu: «Bütün imamları qəbul edib, həzrət Mehdini (ə) inkar edən kəs bütün peyğəmbərləri qəbul edib həzrət Məhəmmədi (s) inkar edən şəxs kimidir». Həzrətdən sual olundu ki, Mehdi sənin hansı övladındır? Buyurdu: «Yeddinci övladdan olan beşinci övlad. O, qeybə çəkilər və onun adını dilə gətirməyinizə icazə verilmir».
Müfəzzəl ibn Ömər deyir: «İmam Sadiqə (ə) ərz etdim ki, kaş öz canişininizi bizə tanıtdıraydınız. Həzrət buyurdu: «Ey Müfəzzəl! Məndən sonra imam övladım Musadır. Son imam isə onun beşinci övladıdır».
Müffəzəlin nəql etdiyi başqa bir rəvayətdə imam Sadiq (ə) buyurur: «Allah-təala məxluqları yaratmazdan on dörd min il əvvəl bizim ruhlarımızdan ibarət olan on dörd nur yaratdı». Həzrətdən bu on dörd nur haqqında soruşulduqda o buyurur: «Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn və Hüseynin övladlarından olan imamlar. Onların sonuncusu qeybə çəkildikdən sonra qiyam edəsi, Dəccalı öldürəsi və yer üzünü zülmdən qurtarası qaimdir».
Bə’zi rəvayətlərdə imam Sadiq (ə) öz şiələrini imamın qeybi məsələsinin qəbuluna hazırlayaraq onlara xəbərdarlıq edir. Əbu-Bəsir nəql edir ki, imam Sadiq (ə) buyurdu: «Əgər sahibiniz qeybə çəkilsə, məbada onu inkar edəsiniz». Übeyd ibn Zürarə deyir: «İmam Sadiq (ə) buyurdu: «Xalq öz imamını itirər. Onların imamı həcc mərasimində iştirak edər. O, xalqı görsə də, xalq onu görməz».
Bə’zi rəvayətlərdə isə həzrətin qeybinin suğra və kübra olmaqla iki hissədən ibarət olduğu bildirilir.
Müfəzzəl ibn Ömər deyir: «İmam Sadiq (ə) buyurdu: «Əmr sahibinin iki qeybi olacaq. Onun qeyblərindən biri o qədər uzun çəkəcək ki, xalq onun dünyasını dəyişdiyini zənn edəcək. Bə’ziləri də belə düşünəcəklər ki, ona kiçik bir qrup itaət edir və onun yerini yalnız doğru yolda olanlar bilir».
Bu məzmunda rəvayətlər müxtəlif mənbələrimizdə, eləcə də, No’maninin «Əl-ğeybət» kitabında nəql olunmuşdur. O uyğun rəvayəti nəql etdikdən sonra bildirir: «Qeybin iki növ olduğunu göstərən hədislər mö’təbər hədislərdir. Allah-təala imamların kəlamının doğruluğunu aşkar etdi və qeyb iki növ oldu. Birinci qeyb dövründə imamla xalq arasında qərar tutan səfirlər vasitəsi ilə xalq öz suallarına cavab aldı. İkinci qeyb dövründə isə Allahın məsləhəti ilə səfirlər və vasitəçilər olmadı.»
İMAM KAZİM (Ə)
Əvvəlki söhbətlərdə qeyd edildiyi kimi, şiə imamları daim şiələrin düşüncəsini qeyb məsələsinin qəbuluna hazırlayırdılar. İki yüz əlli il müddətində daim imamlarla olmuş şiələr imamın qeybə çəkilməsini hazırlıqsız qəbul edə bilməzdilər. Əgər qeyb inancının qəbulu üçün hazırlıq olmasaydı, çoxları yolunu azar, bu həqiqəti inkar edərdi. Ona görə də mə’sumlardan nəql olunmuş rəvayətlərdə uyğun mövzuda xəbərdarlıqlar olunur. İmam Kazimdən (ə) nəql olunmuş bir rəvayətdə buyurulur: «Məhəmməd ibn Yə’qub Kuleyni Əli ibn Cəfərə əsaslanaraq imam Kazimin (ə) belə buyurduğunu nəql edir: «Yeddinci övladdan olan beşinci imam qeybə çəkildiyi vaxt dininizdən ehtiyatlı olun. Həqiqətən, imam qeybə çəkilərkən bə’ziləri bu qeybə inanmaz. Bu Allah tərəfindən bir imtahandır.»
Davud ibn Kəsir Rəqqi deyir: «Əbül-Həsən Musa ibn Cəfərdən həzrət Mehdi (ə) haqqında soruşdum. O buyurdu: «O xalqdan qeybə çəkilmişdir.»
İMAM RİZA (Ə)
Əbdüs-Səlam ibn Saleh deyir: «Də’bəl ibn Əli Xüzaidən belə dediyini eşitdim: Mövlam imam Rizaya (ə) imam Mehdi (ə) ilə bağlı bir qəsidə oxudum. İmam qəsidəni dinləyib ağlamağa başladı və sonra buyurdu: «Ey Xüzai, bu iki beyti sənin dilinə ruhul-qüds gətirib. Bilirsənmi zühuruna işarə etdiyin kəs kimdir və nə zaman zühur edəcək?» Dedim: «Xeyr, ey mənim mövlam. Yalnız onu bilirəm ki, sizlərdən bir imam zühur edib yer üzünü ədalətlə dolduracaq». Buyurdu: «Ey Xüzai, məndən sonra imam övladım Məhəmməd, sonra, onun övladı Əli, sonra Əlinin övladı Həsən, sonra Həsənin övladı imam qaimdir. O, qeybə çəkildiyi vaxt zühuru gözlənilər, zühur etdiyi vaxt ona itaət edilər. Əgər dünyanın sonundan bir gün də qalmış olsa, doğrudan da, Allah həmin günü imamın zühur edəcəyi anadək uzadar. Dünya zülmlə dolduqdan sonra o dünyada ədaləti bərpa edər. Onun nə zaman zühur edəcəyi barədə Peyğəmbərdən soruşulduqda həzrət buyurmuşdur: «Onun zühuru qiyamətin bərpası kimidir. Allah-təala bu barədə buyurmuşdur ki, onu kimsə bilməz».
İMAM CAVAD (Ə)
Rəvayətdə imam Cavadın belə buyurduğu nəql olunur: «Həqiqətən, məndən sonra imam övladım Əlidir. Onun fərmanı mənim fərmanımdır, onun dediyi mənim dediyimdir, ona itaət mənə itaətdir. Ondan sonra isə imam onun övladı Həsəndir». Növbəti imam haqqında həzrətdən soruşulduqda həzrət ağlayaraq buyurur: «Həsəndən sonra onun övladı qaim imamdır». Onun nə üçün qaim adlandırıldığı barədə sual verildikdə imam buyurur: «Çünki adı unudulduqdan və çoxları onun imamətini rədd etdikdən sonra qiyam edər». İmamın nə üçün müntəzir adlandırıldığı soruşulduqda həzrət buyurur: «Çünki o uzun müddətli qeybə çəkilər və xalis mö’minlər onun zühurunun intizarında olarlar. Şəkkahlar onu inkar edəcək və xatirəsini məsxərəyə qoyacaqlar. Bə’ziləri onun zühur vaxtı haqqında yalan söyləyəcəklər.»
Əbdül-Əzim Həsəni deyir: «İmam Cavadın (ə) yanına getdim. Ondan qaim haqqında soruşmaq istəyirdim. Həzrət sualımın cavabında buyurdu: «Ey Əbül Qasim! Həqiqətən, qaim bizdən olan həmin Mehdidir ki, qeybdə olduğu vaxt hamı onun intizarını çəkməli, zühur etdikdə ona ardıcıl olmalıdırlar. O, mənim övladlarımdan üçüncü övladdır. And olsun həzrət Məhəmmədi məb’us edənə və bizi imam qərar verənə, əgər dünyanın ömründən bircə gün qalmış olsa da, Allah həmin günü Mehdinin (ə) zühurunadək uzadacaqdır. Bununla yer üzünü zülm tutduqdan sonra ədalət bərpa ediləcək. Musa bir gecənin içində peyğəmbər olduğu kimi, Mehdinin də əmri bir gecədə gerçəkləşəcək. Biz şiələr üçün ən üstün əməl onun zühurunun intizarıdır.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

CƏNUB MƏNTƏQƏSİ VƏ ORАDАKI DÖVLƏTLƏR
İSLAMIN ZÜHURU-2
ŞЕYХ FАZİL LӘNKӘRАNİNİN ÖMÜRLÜYÜNDӘN
HİZBULLAH[1]QÜVVƏLƏRİNİN ÜSTÜNLÜYÜ
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
Şeyx Məhəmməd Fazil Lənkərani dәftәrхаnаsının nümаyәndәliklәri
İMAMIN ADININ VƏ YERİNİN GİZLİ SAXLANMASI İLƏ ONUN QORUNMASI
DÖRDÜNCÜ FƏSİL
Əhli-beyt (ə) və Qədir-Xum
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

 
user comment