Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

NAMAZIN MÜQƏDDİMƏLƏRİ


NAMAZIN İSTİQBALINA ÇIXAQ
Namaz ibadətinə daxil olmaq üçün ruhun, libasın və cismin təmizliyinə, paklığına və başqa müqəddimələrə ehtiyac var.
Müqəddimələr dedikdə namazdan öncə əməl olunası işlər nəzərdə tutulur:
Təharət (paklıq)
İnsan namaz qılarkən pak olmalıdır. Bə’zən dəstəmaz alınır, bə’zən qüsl verilir, bə’zən də təyəmmüm olunur. Dəstəmaz imandan sayılır. İmam Baqir (ə) buyurur: “Dəstəmazsız namaz namaz deyil.”[192] Bə’zi rəvayətlərdə dəstəmaz “imanın açarı” və “imanın yarısı” adlanır.[193] İmam Riza (ə) buyurur:
1. Dəstəmaz bəndənin Allah qarşısında ədəbidir. Namaz vaxtı Allah qarşısında insan pak halda durmalıdır.
2. Nəcasət və çirkinlikdən paklanmalı.
3. Bundan əlavə dəstəmazla yorğunluq və yuxululuq aradan götürülür (əhval-ruhiyyə yaranır).[194]
4. Qəlbi və ruhu Allahın qarşısında ibadətə hazırlamaq.
İmam (ə) bu hədisdə dəstəmazın bütün ruhi və fiziki yönümlərinə, yə’ni, paklığa, ruhi hazırlığa, ibadət üçün ruhiyyə və mə’nəvi zəmin yaranmasına işarə edir.
Mərhum Feyz Kaşani deyir: “Bir dəfəyə maddiyyatdan mə’nəviyyata köç etmək çətindir. Lakin dəstəmaz insanı tədricən hazırlayır.”[195]
BÜTÜN HALLARDA DƏSTƏMAZ
Dəstəmaz sayəsində əldə edilən batini səfa və nur çox dəyərlidir. Buna görə rəvayətlərdə tə’kid olunur ki, insan daim dəstəmazlı olsun. Dəstəmaz nura oxşadılır.[196] Dəstəmazlı yatmaq gecəni ibadət üçün oyaq qalmaq hesab olunur.[197]
Dua, Qur’an tilavəti, ziyarət və bir çox başqa xeyir işlər və ibadətlər zamanı dəstəmazlı olmaq tövsiyə edilir.[198]
Dəstəmazsız Qur’an ayələrinə, Allahın, peyğəmbərin və imamların adlarına əl vurmaq qadağandır.[199] Əgər Allahın adı müxtəlif şəkillərdə (məsələn, bayraqda, gerbdə) yazılarsa, yenə də həmin hökm qüvvədə qalır.
Dəstəmaz Allah dərgahına giriş icazəsi kimidir. Onun ayrı-ayrı hissələri üçün kitablarda xüsusi dualar bəyan olunmuşdur. Dəstəmaz məsələləri çoxdur. Burada onların hamısını açıqlaya bilmərik. Lakin qeyd etmək lazımdır ki, dəstəmaz zamanı suyu israf etmək haramdır. Allahın rəsulu (s) buyurur: “Dəstəmaz üçün 10 “sir” (1 sir 75 qramdır), qüsl üçün 3 kq. su bəsdir. Lakin gələcəkdə mənim yolumun əksinə gedib bu miqdarı az sayaraq, çox su istifadə edən şəxslər olacaq.”[200]
Namazda paklıq bir neçə mərhələdən ibarətdir:
Çirk və nəcasətdən zahiri paklıq.
Üzvlərin günahdan paklığı.
Ruhun əxlaqi fəsaddan paklığı.[201] Necə ki, dualarda oxuyuruq: “İlahi, qəlbimi şirkdən pak et.” Namazda paltarın və bədənin pak olması lazımdırsa, demək, ondan da zəruri qəlbin və canın təkəbbür, riya, həsəd və kindən paklanmasıdır. Məgər zahirlə batinin fərqli olması münafiqlik deyil?
QÜSL
Bə’zən dəstəmaz əvəzinə qüsl verilməlidir. Bu hallardan biri cənabət halıdır. Risalələrdə göstərildiyinə uyğun olaraq, bütün bədən yuyulmalıdır. Bə’zi hədislərdə deyilir ki, cənabət zamanı hər bir tükün altından və bütün bədəndən sperma xaric olur.[202] Sidiyin isə xüsusi və dar kanalı var. Bəlkə də elə buna görə qüsl verərkən bütün bədən yuyulmalıdır. Ya da bu hədislər cənabət zamanı simpatik sinirlərin bütün bədəndə fəaliyyət göstərməsinə işarədir.
Təyəmmüm
Dəstəmaz və ya qüsl üçün su olmadıqda, vaxt çatışmadıqda, suyun sağlamlığa ziyanı olduqda, suyun qiyməti həddindən artıq baha olduqda, içmək üçün lazım olduqda və bu kimi digər hallarda təyəmmüm edilməlidir. Yə’ni risalələrdə göstərilmiş qaydaya uyğun olaraq əllərin iç üzü pak torpağa vurulur, sonra alına və əllərin arxasına çəkilir. Təyəmmüm edilən torpaq pak olmalıdır!
Hədisdə deyilir ki, həzrət Əli (ə) küçələrin kənarındakı torpaqla (adətən, çirkli torpaqla) təyəmmümü qadağan etmişdir.
Namaz libası və namaz qılınan məkan
Kişi namaz qılarkən övrətini (ayıb yerini) örtməlidir. Daha yaxşı olar ki, göbəkdən dizə qədər örtünsün.
Qadın üz, əllər və topuğa qədər ayaqlarından başqa bütün bədənini örtməlidir.[203] Namaz qılarkən pak və halal paltar geymək lazımdır. Yaxşı olar ki, namaz qılan şəxsin paltarı ağ, təmiz, xoş ətirli olsun və əqiq üzük taxılsın. Qara, çirkli, dar paltarlardan və təmizliyə riayət etməyən şəxslərin paltarlarından istifadə edilməsin.
Üzərində namaz qılınan taxta, xalça və məkan halal olmalıdır.[204] Xüms və ya zəkat borcu olan ölünün mülkünə sahib çıxmaq haramdır və orada qılınan namaz batildir.[205] Xüms və zəkatı verilməmiş pulla alınan mülkə sahib olmaq haramdır və orada qılınan namaz batildir.
Məkan və libasa aid məsələlər çoxdur. Bu nöqtələrdə Allah qarşısında təslimçilik ruhiyyəsindən əlavə keyfiyyətlər də var:
Ədəbli olmaq
İnsanın Allahın əzəməti qarşısında ədəbi onun namazda ən gözəl və təmiz paltarlar geyməsindən, qəlbi ilə iştirak etməsindən, zahiri və batini səliqədə olmasından ibarətdir. Hətta Peyğəmbər (s) və imamların (ə) qəbirlərinin kənarında qılınan namazlarda da bə’zən ədəbsizliyə yol verilir və namaz batil olur.[206]
2. İnsanların hüquqlarına riayət etmək
Bu şərtlərin bə’zisi insanların hüquqlarının qorunması üçündür. Namaz qılan şəxsin libas və paltarının halal olması islami hökumətin yoxsullarının haqqın (xüms və zəkat) qorunması ilə nəticələnir. Hətta yoldan ötənlərə maneçilik yaranarsa yol kənarında namaz qılmaq haramdır.[207]
Haqq sahibləri qəlbən razılıq verməlidir. Əgər zahirdə razı olduqlarını desələr, lakin qəlbən razı olmadıqlarını bilsək namaz batil, sahiblik haramdır. Əgər zahirdə razılıq bildirməsələr, lakin qəlbən razı olduqlarını bilsək, namazımız düzgündür.
3. Önəmli məsələlərə riayət etmək
Əsas məsələlərlə yanaşı bir sıra müstəhəb məsələlər də var. Bu əməllər İslamın önəmli məsələlərə diqqətli olmasını göstərir. Məsələn, adi halda namazın qəbul olması üçün məkanın mübah, hərəkətsiz, hamar və pak olması şərt qoyulsa da bə’zi yerlərdə (məsələn, məsciddə) namaz qılmaq xüsusi tövsiyə olunur. Bu barədə sonrakı mövzularda söhbət edəcəyik.
Qiblə
Namaz zamanı müqəddəs Kə’bəyə üz tutulur. Yalvarış üçün üz tutduğumuz tərəf qiblə adlanır. Baxmayaraq ki, hansı tərəfə üz tutsaq, Allaha doğrudur. Lakin Kə’bə kimi müqəddəs bir məkana diqqət yetirmək İbrahimin (ə) tövhidi xəttini yada salır və tövhid ilhamı verir.
Namazın Kə’bəyə doğru qılınması əmr olunubsa, bu göstərişə əməl etmək lazımdır. Əgər belə etməsək ibadətlərimiz təslimçilik və bəndəlik ruhiyyəsindən uzaq olar.
İslamın ilk dövrlərində Beytül-müqəddəs illərlə müsəlmanların qibləsi oldu. Allahın rəsulu (s) bütxana şəkli almış Kə’bəni ibadət qibləsi etmək istəmirdi. Lakin hicrətdən sonra yaranmış şərait nəticəsində müsəlmanların qibləsi Məscidul-hərama döndərildi. Bu işin səbəblərindən biri yəhudilərin müsəlmanları təhqir etmələri idi. Onlar deyirdilər: “Sizin qibləniz yoxdur və bizim qibləmizə üz tutub namaz qılırsınız.” Peyğəmbər (s) bu vəziyyətdən pərişan idi. O, Allah tərəfindən kömək gözləyirdi. Beləliklə, ayə nazil oldu və göstəriş verildi ki, hər yerdə olsanız, Məscidul-hərama üz tutub namaz qılın.[208] Qiblənin dəyişmə ayələri tarix boyu müsəlmanlara müstəqil olmaq, hətta ibadi məsələlərdə də minnət götürməyib şərəfli yaşamaq dərsini verir.
Qiblənin dəyişmə göstərişi eyni zamanda müsəlmanlar üçün bir imtahan idi. Bununla da mə’lum oldu ki, kimlər Allahın göstərişlərinə kamil itaət göstərir, kimlər bəhanə tapıb e’tiraz edirlər.
Başqa bir dəlil bu idi ki, yəhudilər müsəlmanlara “sizin qibləniz yoxdur və bizim qibləyə doğru namaz qılırsınız” deməsinlər. Bu məsələ müsəlmanların şəxsiyyətinə müstəqillik bəxş etdi.
Müsəlmanlar Kə’bəyə doğru ibadət etməlidir. Hətta yatarkən, yeyərkən üzüqibləyə olmaq yaxşıdır. Heyvanlar üzüqibləyə kəsilməlidir. Yoxsa, onların əti haram olar. Bütün işlərdə tövhid Kə’bəsinə üz tutmaq müsəlmanlara ilahi düşüncə və iman dərsi verir. Bununla da müsəlmanlar qəflətdən ayılır və daim Allahın evinə diqqət yetirir.
Bundan əlavə, Kə’bəyə üz tutmaq gözəl, maraqlı vəhdət və nizam yaradır. Dünyanın hər yerində müsəlmanlar namaz vaxtı həmin ilahi mərkəzə üz tutur. Əgər kimsə səmadan yerdə namaz qılan şəxslərin cərgələrinə tamaşa etsə, mərkəzi Kə’bə olan dairələr görər. Tövhid müsəlmanların sıralarının, ruhlarının, qəlb və fikirlərinin təmərküz nöqtəsidir.
Qibləyə üz tutmaq yolu ilə müsəlmanların arasında astranomiya, coğrafiya və cəhətşünaslıq elmi inkişaf etdi.
Bəli, Kə’bə İbrahimin (ə), İsmail (ə) və Məhəmmədin (s) tövhid mübarizələrinin yadigarıdır. Həzrət Mehdi (ə) də öz qiyamında Kə’bəyə istinad edəcək. Müsəlmanın namaz və yalvarış zamanı qibləsi Kə’bədir...
Azan
Azan və iqamə namazdan öncəki işlərdən ayrılıb namaz zamanı diqqətin Allaha yönəlməsi üçün zəmin yaradır.
Azan sükutu dağıdan, münasib, qısa, mə’na dolu və qurucu bir şüardır. Azanda mühüm e’tiqadi əsaslar mövcuddur. Azan müsəlmanların əməldə yönlənməsidir.
Azan İslamın mövcudluğunun e’lanı, əməl və əqidələrin tanıtdırılması və xəyali mə’budlar əleyhinə çağırışıdır.
Azan təbliğat üçün açıq fəzaya bir işarədir və müsəlmanların mövqelərinin aydın şəkildə e’lanıdır.
Bu tövhidi şüar körpənin qulağına oxunan ilk cümlələrdir. Azan ilk ilahi dərsləri körpəyə təlqin edir. Yaşlılar üçün də qəflətdən ayılma səbəbidir.
Azan səma əhlinə çatan yeganə səsdir.[209]
Azan şeytanları qaçıran və həyəcanlandıran səsdir.
Evlərdə, xüsusi ilə xəstələnərkən çalışıb gözəl səslə azan vermək tövsiyə olunur.
Hədisdə Allahın rəsulu (s) buyurur: “Elə bir zaman gələcək ki, azan yüngül sayılaraq bacarıqsız şəxslərə tapşırılacaq.”[210] Hədisdə deyilir: Qiyamət günü insanların bir çoxu xəcalətdən başıaşağı ikən, azan deyənlər alnıaçıq, üzüağ məhşur olar.[211] Onların başıucalığı böyük məqam nişanəsidir.
Azan deyən şəxs onun azanına xatir namaza gələn şəxslərin mükafatına şərikdir.
BİLAL
Həbəşistanlı Bilal qara dərili müsəlman idi. Allahın rəsulu (s) onu azançı seçdi. Azan vəhy yolu ilə nazil olarkən Peyğəmbər (s) onu Bilala öyrətdi. Onun uca səsi vardı.[212] Həzrətin (s) Bilalı azançı seçməsində bizim üçün dərslər var:
1. Qulların şəxsiyyətinə hörmət; Bilal öhdəsinə natiqlik və İslam çağırışı düşmüş bir qul idi.
2. Qara dərilinin şəxsiyyətini qorumaq; dərinin rənginin me’yar olmaması.
3. Bir vaxtlar Bilala ağalıq edib, öyünərək onu məsxərəyə qoyan şəxslərin təhqiri;[213]
4. İman, təqva və ləyaqət zahiri çatışmazlıqları aradan götürür. Bilal “ş” əvəzinə “s” tələffüz edirdi. Lakin İslam onun batini gözəlliyinə və mə’nəvi kamilliyinə daha çox qiymət verdi.
Bilal İslamda azan deyən ilk şəxsdir.[214] O, be’sətin əvvəllərində Peyğəmbərə (s) iman gətirdi və iman yolunda Hicazın qızmar səhralarında şiddətli işgəncələrə dözdü. O daim “əhəd, əhəd” deyirdi.
Məkkə fəth olan gün günorta çağı Peyğəmbərin (s) göstərişi ilə Kə’bənin üzərinə qalxıb azan dedi və bütləri aşırdı.[215]
Bilal Bədr, Ühüd, Xəndək döyüşlərində iştirak etdi.
Peyğəmbərdən (s) sonra özgələr üçün azan demədi. Yalnız bircə dəfə atasının dövründən ötrü darıxan həzrəti Zəhra (ə) üçün azan dedi. Həmin vaxt azanın yarısında həzrəti Zəhra (ə) və camaat ağladı.[216]
Bilalın bu rəftarı hətta azanın da haqq yolunda və ləyaqətli rəhbərin zamanında deyilməsinə üstünlük verir.
Bir gün Ömər Bilala dedi: “Əbu Bəkr səni alıb, qulluqdan azad etdi. Niyə onun namazı üçün azan demirsən?”
Dedi: “Əgər Allahın razılığı üçün məni azad edibsə, heç bir tələbim yoxdur. Lakin başqa məqsədi varsa mən yenidən onun qulu olmağa hazıram. Təki heç zaman Peyğəmbər (s) tərəfindən xilafəti e’lan olunmamış şəxs üçün azan deməyim.[217]
Bilal qəbul etmədiyi hakimiyyətin güclənməsi üçün hətta azan deməyə razı olmadı.
Bilal Həbəşi iman sayəsində elə bir məqama çatır ki, Peyğəmbər (s) qiyamının çağırışçısı və beytul-malın xəzinədarı olur.[218]
Əgər namaz vaxtı bütün dünyanın tələbələri azan versələr, bu çağırış xalqın oyanışına səbəb olmazmı?
Elə buradaca mərhum şəhid Nəvvab Səfəvini yad edək. O yaxınlarına deyirdi: “Günorta və axşam harada olsanız uca səslə azan deyin.” Zülm quruluşunun qəlbini dəhşətə salan həmin azanlar idi. Bu sözlər “azan səsi ilə şeytan hirslənib qaçır” hədisinin bir davamıdır.[219]
İngilis siyasətçisi Qladiston parlamentdə dedi: “Nə qədər ki, Məhəmmədin adı minarələrdən ucalır, nə qədər ki, Kə’bə yerindədir və Qur’an müsəlmanlara yol göstərir, İslam ölkələrində bizim siyasi prinsiplərimizin bərqərar olması mümkün deyil.[220]
Səadətbəxş yönümləri və geniş mə’nasına xatir namazın əvvəlində bu tövhid şüarının oxunmasına qəti göstəriş verilmişdir.
Niyyət
Niyyət namaz mətninin birinci vacib hissəsidir. Niyyət bütün işlərdə, o cümlədən, namaz və ibadətlərdə dəyər me’yarıdır və çox əhəmiyyətlidir. Buna görə uyğun mövzu haqda xüsusi və geniş söhbət açacağıq. Bu yolla ibadətlərimizin daha dəyərli olması üçün tövfiq əldə edərik.
NİYYƏT DƏYƏR ME’YARIDIR
İnsan əməlinin qiyməti onun niyyətində və məqsədindədir. Buna görə Qur’anda “fi səbilillah” kəlməsi 70 dəfə işlənmişdir. Bu rəqəm insanların ehtiyatlı olmasını, Allahdan qeyrilərinə və ya nəfs istəklərinə yox, məhz Allah yolunda niyyət və əməl etmələrinin zəruriliyini göstərir. Necə ki, təhlükəli yolda xeyli xəbərdarlıq tablosu asılır. Allaha bəndəlik yolunda bir çox döngələr var. Bütün bu tə’kid və xəbərdarlıqlar azğınlıqdan uzaqlaşmaq üçündür. Xüsusi ilə Allaha yaxınlıq üçün olmayan ibadətlərin zərrəcə dəyəri yoxdur. Niyyət ibadətin əsasıdır. Niyyətsiz və ya Allahdan qeyrisi üçün görülən işlər əbəsdir.
Niyyət əməlin əsasıdır. Pis niyyətlə görülən ən müqəddəs işlər məhvə məhkumdur. Yaxşı niyyətlə görülən sadə işlər isə çox dəyərli olur.
İlahi niyyət Allahın lütflərinə çatmaq səbəbidir. Hər kəs Allahın yolunda çalışsa, Allah öz yolunu ona göstərər: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq.”[221]
Niyyət əməlin qəbul olması üçün şərtdir. İmam Sadiq (ə) Allahın buyuruğunu belə nəql edir: “Yalnız mənim üçün olanı qəbul edirəm.”[222]
Niyyət kiçik işi böyük edir. İmam Sadiq (ə) buyurur: “Hər kəs Allaha xatir az bir iş görərsə, Allah onu insanların gözündə istədiyindən daha çox böyüdər. Hər kəs Allahdan qeyrisi üçün (xalq üçün) böyük iş görərsə, Allahın razılığı əvəzinə xalqın razılığını düşünərsə, Allah onun böyük işini xalqın gözündə kiçildər.”[223]
Bəli, izzət də, zillət də Allahın əlindədir. O qəlbləri istədiyi şəxsə doğru yönəldir. Demək, bütün işlərdə Onu düşünməliyik ki, işlərimiz yoluna qoyulsun.
Həzrət İbrahim (ə) Allaha xatir zövcəsini və övladını Məkkənin qızmar çöllərində qoyur. Sonra Allahdan istəyir ki, xalqın qəlbi onlara meyl etsin.[224] Qur’an buyurur: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Allah bir sevgi yaradacaqdır.”[225] Bu Allahın dünyəvi mükafatlarından biridir. Əlbəttə, Allah verən sevgi xalq arasında yalan və ötəri şöhrət deyil. Bir çox məşhur şəxslər öləndən sonra unudulurlar. Lakin öncə adı çıxmamış bir çox şəxslər hələ də xalqın qəlbindədir!
Sevgini də Allahdan istəmək lazımdır. O “muqəllibəl-qulub”dur. Xalqın qəlbi Onun əlindədir. Əgər insan Allaha xatir bir iş görərsə, Allah onun işinə ən gözəl şəkildə əvəz verəcək. İmam Xomeyni (r) Allah üçün qiyam etdi, sürgün olundu, çətinliklərə dözdü. Allah da milyonlarla insanın qəlbində ona məhəbbət yaratdı. İrana gələrkən milyonlarla insan onu qarşıladı və vəfatından sonra dəfn mərasimində on minlyondan çox insan iştirak etdi. 40 gün ərzində onun üçün məqbərə tikildi, ölkənin ən uzaq nöqtələrindən qəbrinin ziyarəti üçün insanlar axışdı.
İnsan öz qəlbinin keşikçisi olmalıdır. O, qəlb mənzilinə Allahdan başqa heç kəsi buraxmamalıdır. İmam Sadiq (ə) buyurur: “Qəlb Allahın mənzilidir. Ondan başqasını bu mənzilə buraxmayın.”[226]
İXLAS (SƏMİMİYYƏT) NÜMUNƏLƏRİ
Həzrət Əli (ə) müttəqilər haqqında buyurur: “Onlara tə’rif deyildikdə deyilən tə’riflərdən qorxarlar.”[227] Azad insanlar xalqın onları düşünməsinin Allahı düşünmələrinə mane olmasından qorxurlar. Onlar qorxurlar ki, “O kəslər ki, insanları Allah yolundan döndərər” ayəsinin canlı nümunəsi olsunlar.[228]
Bir axşam İslam respublikası efirində 16 yaşlı döyüşçü ilə söhbət yayımlandı. Aparıcı soruşdu: “Sən nə işlə məşğul olursan?” Dedi: “Mina zərərsizləşdirirəm.” İndiyədək neçə mina zərərsizləşdirmisən?” Dedi: “Allahın lütfü ilə çox.” Aparıcı soruşdu: “Sayını bilirsənmi?” Cavab verdi: “Deməyə qorxuram, şeytan məni aldadar və təkəbbürə düçar olaram. Bu işdə az müvəffəq olan dostlarım kiçiklik hiss edərlər.” Allahu əkbər!
Nəql edilir ki, mərhum ayətullah seyid Əbdül-Hadi Şirazinin şagirdlərindən biri onun dərsində nöqsan tutur. Müəllim nə qədər yumşaq cavab verirsə o qəbul etmir. Dərs sona çatandan sonra şagird ustadın yanına gəlir və yenə nöqsan tutur. Mərhum Şirazi 14 elmi cavab verir. Ustadın elmi gücünü görən şagirdlər soruşurlar: “Siz nə üçün bu qədər tutarlı cavablarınız ola-ola dəsrdə təslim oldunuz?” Ustad deyir: “Bu cavablar yadımdaydı. Lakin qorxuram ki, əgər desəm, o tələbənin ruhiyyəsi sınar və mən təkəbbürə düçar olaram. Məsləhət bildim ki, onun nöqsan tutması ilə söz demək iste’dadı çiçəklənsin.
Bu, böyük ruh və xalis niyyəti göstərir. Xeyli xidmət etmiş bə’zi şəxslər özlərini tanıtdırmırlar. Bə’ziləri isə küçəyə bir zibil qutusu bağışladıqda adlarını üzərinə yazırlar ki, xalq filan kəsin nə etdiyini bilsin! İlahi övliyalar yalnız Allah üçün çalışır və ibadət edirlər. Onlar yalnız Allahdan mükafat gözləyir. Bütün əməlləri ilahi rəngdədir.[229] İlahi rəngdən gözəl bir rəng varmı ki, heç vaxt silinməsin, hərarət, soyuq, yoxsulluq, sərvət, adsızlıq və şöhrət ona tə’sir etməsin?!
Həzrət Əli (ə) buyurur: “İşinizi, biliyinizi, qəzəbinizi, almağınızı, almamağınızı, sözünüzü və sükutunuzu Allah üçün xalis edin.”[230]
Bu halda bütün işlər və onların tə’sirləri əbədi qalar. İlahi rəngdə olan hər bir iş əbədidir: “İlahi rəngdə olanlardan başqa hər şey məhvə məhkumdur.”[231]
Lakin riya, özününümayiş və şöhrətpərəstlik rəngində olanlardan insana fayda yoxdur.
XALİS İBADƏT
Bütün ibadətlər Allaha yaxınlıq məqsədi ilə olmalıdır. Əgər ibadətin bir hissəsi Allahdan qeyrisi üçün olarsa batildir. Məsələn, əgər namazda vacib əməllərdən biri Allahdan qeyrisi üçün olarsa namaz qəbul deyil.
Müstəhəb əməllər riyakarlıqla olarsa, yaxud ibadətin zamanı (ilk vaxtda qılmaq) və məkanı (birinci sırada və ya məsciddə qılmaq) Allahdan qeyrisi üçün olarsa, namaz batildir. Hətta qış aylarında sobanın kənarında qızışmaq üçün namaz qılarsa, namazı batildir. Allah zaman, məkan, keyfiyyət və xüsusiyyət baxımından yalnız Ona xatir olan və heç bir şərik qoşulmayan ibadətləri qəbul edir: “...Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!”[232] Hədisdə buyurulur: “Cəbhədə qənimət yığmaq, güc nümayiş etdirmək və bu kimi başqa səbəblərə görə döyüşməyin dəyəri yoxdur.”[233]
İxlaslı olmaq və riyadan uzaqlaşmaq çətin bir işdir. İmam Əsgəri (ə) buyurur: “İnsanın işlərinə şirkin qatılması qaranlıq gecədə qara daş üzərində qarışqanın hərəkətindən daha gizlindir.”[234]
Həzrət Əlinin (ə) ixlas barəsində xeyli buyuruqları var. Onlardan bir neçəsini xatırlayaq:
“Xalis niyyət son hədəfdir.”;
“İxlas qurtuluşdur.”;
“İman xalis iş görməkdir.”;
“İxlas imanın ən üstün mərtəbəsidir.”;
“İxlasla olmayan bütün əziyyətlər məhvə məhkumdur.”;
“Allahın əzəmətini anlamağın nəticəsi Ondan başqası üçün heç bir iş görməməkdir.”;
“Əməlin qəbul olması və ucalması ixlasa bağlıdır.”;
“Niyyətlər xalis olarsa, əməllər inkişaf edər”;
“Yalnız Allah üçün iş görənlər istəklərinə çatar.”[235]
Bir çox başqa hədislər göstərir ki, ixlasın məqamı ucadır. Xalis niyyət əməllərə dəyər verir.


 [192]“Vəsail”, 1-ci cild, səh.256.
[193]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.
[194]“Vəsail”, 1-ci cild, səh.257
[195]bax: “Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.
[196]bax: “Qisarul-cuməl”, 1-ci cild, səh.311.
[197]bax: “Vəsail”, 1-ci cild, səh.266.
[198]bax: “Tovzihul-məsail”, dəstəmaz bölməsi.
[199]bax: “Tovzihul-məsail”, dəstəmaz bölməsi.
[200]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.301.
[201]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.281.
[202]“Muhəccətul-bəyza”, 1-ci cild, səh.308; “Uyuni əxbarir-Riza”, 2-ci cild, səh.105.
[203]İmam Rahil, “Tovzihul-məsail”, 788, 789, 864, 865 və 886-cı məsələlər.
[204]Həmin mənbə.
[205]“Tovzihul-məsail”, 874-cü məsələ.
[206]“Tovzihul-məsail”, 884-cü məsələ.
[207]“Tovzihul-məsail”, 898-ci məsələ.
[208]Qiblənin dəyişməsi “Bəqərə” surəsinin 142-dən 149-dək ayələrində geniş şəkildə bəyan olunmuşdur. Bu ayələrin təfsirinə müraciət edin..
[209]bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692.
[210]“Kənzul-ummal”, 7-ci cild, səh.690.
[211]bax: “Vəsail”, 4-cü cild, səh.615.
[212]bax: “Vəsail”, 4-cü cild, səh.612.
[213]bax: “Biharul-ənvar”, 21-ci cild, səh.133.
[214]bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.
[215]bax: “Vəsail”, 4-cü cild, səh.614.
[216]bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.
[217]bax: “Səfinətul-bihar”, 1-ci cild, “Bilal” kəlməsi.
[218]bax: Dehxuda lüğətnaməsi, “Bilal” kəlməsi.
[219]bax: “Kənzul-ummal”, 7-ci cild, səh.692.
[220]“Təfsiri Nümunə”, 4-cü cild, səh.438.
[221]“Ənkəbut” surəsi, ayə 69.
[222]“Rövzətul-muttəqin”, 2-ci cild, səh.141.
[223]“Rövzətul-muttəqin”, 2-ci cild, səh.142.
[224]bax: “İbrahim” surəsi, ayə 37.
[225]“Məryəm” surəsi, ayə 96.
[226]“Bihar”, 70-ci cild, səh.25.
[227]“Nəhcül-bəlağə”, 193-cü xütbə.
[228]bax: “Ə’raf” surəsi, ayə 45.
[229]bax: “Bəqərə” surəsi, ayə 138.
[230]“Fehresti Ğurər”, “İxlas” kəlməsi.
[231]“Qəsəs” surəsi, ayə 88.
[232]“Kəhf” surəsi, ayə 110.
[233]bax: “Muhəccətul-bəyza”, 6-cı cild, səh.171.
[234]“Tuhəful-uqul”, səh.487.
[235]“Fehresti Ğurər”, “İxlas” kəlməsi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar

 
user comment