Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:

 3-İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
“(Allah-taala bu ayədə) xüsusilə bizi nəzərdə tutmuş (və) Qiyamətədək bizim itaətimizi bütün mö`minlərə vacib etmişdir.”[38]
4-İmam Baqir (ə) digər bir hədisdə bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş əmr sahibləri) Qiyamət gününədək Əli və Fatimənin(ə) övladlarından olan imamlardır.”[39]
5-İmam Sadiq (ə) bu ayə haqqında buyurur:
“(Ayədə buyurulmuş) əmr sahibləri, Əhli-beytdən olan imamlardır”.[40]
İslam peyğəmbəri (s) ilə “əmr sahibləri”nin itaətinin birgə bəyan edilməsindən belə nəticə almaq olar ki, həqiqi “əmr sahibləri”nə itaət etmək, əslində İslam peyğəmbərinə (s) itaət etmək, o həzrətə (s) itaət etmək isə əslində Allaha itaət etmək deməkdir.
Allah-taala bu ayənin davamında buyurur:
“…Əgər (müəyyən) bir məsələdə ixtilafınız çıxarsa, Allaha və son günə (Qiyamətə) inanırsınızsa, onun (həllini) Allah və Peygəmbərinin öhdəsinə qoyun. Bu sizin üçün daha yaxşı və daha közəl sonucludur“.
Həzrət Əmirəl-möminin imam Əli (ə) bu barədə buyurur:
“(Hər hansı bir işi Allahın öhdəsinə qoymaq,) onu Quranın (möhkəm) açıq-aşkar buyruqları ilə uyğunlaşdırmaq, Peyğəmbərin (s) öhdəsinə qoymaq“dan məqsəd isə, o həzrətin dolğun və mübahisəli olmayan sünnəsi ilə uyğunlaşdırmaqdır. Biz Peyğəmbərin Əhli-beytiyik. (Biz Quranın) aydın hökmünü Onun kitabından əldə edib, mütəşabih (oxşar) ayələrini ayırd edir, habelə qüvvədən salınmış (ayə və göstərişləri)... tanıyırıq”.[41]
Bütün bunlar, belə deməyə əsas verir ki, həzrət Peyğəmbərin (s) həyatı dövründə o həzrətin özünə, vəfatından sonar isə sünnəsinə və daha dəqiq ifadə ilə desək, o həzrətin (s) həqiqi xələfləri sayılan və sünnəsini olduğu kimi müsəlmanlara çatdıran mə`sum əhli-beytinə (ə) tapınmaq lazımdır. Bu, ayədə buyurulduğu kimi daha yaxşı və daha gözəl sonucludur.
MƏVƏDDƏT AYƏSİ
Allah-taala Qurani-kərimdə buyurur:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[42]
Əziz Peyğəmbərimiz (s) bu ayədə kimlərin nəzərdə tutulduğunu və kimlərə itaət və dostluğun vacib olduğunu müsəlmanlar üçün izah etmişdir.
Təfsir, hədis və tarix kitablarında qeyd olunduğu kimi, bu ayədəki, «zil-qurba» kəlməsindən məqsəd Əli, Fatimə, Həsən və Hüseyn (ə) həzrətləridir.
Zəməxşəri öz «Kəşşaf» təfsirində belə yazmışdır: Bir gün müşriklər: Məhəmməd öz risaləti (peyğəmbərliyi) üçün mükafat istəyirmi?-deyə danışırdılar ki, cavab olaraq bu ayə nazil oldu:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, mən sizdən peyğəmbərlik (etdiyim müddətdə ümmətin hidayət olunması yolunda çəkilən zəhmət) müqabilində Əhli-beytimi sevməkdən başqa bir şey istəmirəm.»[43]
Zəməxşəri öz sözünə davam edərək yazır: Rəvayətə görə bu ayə nazil olandan sonra həzrət Peyğəmbərdən (s) soruşdular: Ya Rəsuləllah! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu:
«Onlar Əli, Fatimə və iki oğlanları Həsən və Hüseyndən ibarətdir.»[44]
Əllamə Bəhrani bu hədisi Əhməd ibn Hənbəlin «əl-Müsnəd» adlı kitabından orada zikr olunan silsilə sənədlə Səid ibn Cübeyrdən və o da ibn Abbasdan belə nəql edir: Məvəddət ayəsi nazil olandan sonra Peyğəmbərə (s) dedilər: «Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan yaxın adamların kimlərdir?» O, Həzrət (s) belə buyurdu: «Əli, Fatimə və iki oğlanları.»[45]
«Təfsiri-kəbirin» müəllifi Fəxr Razi, Zəməxşərinin «Ali-Məhəmməd» (Peyğəmbərin Əhli-beyti) haqqındakı sözünü nəql etdikdən sonra belə yazmışdır:
Mənim nəzərimə görə «Ali-Məhəmməd» Peyğəmbərlə (s) rabitələri daha sıx olan şəxslərdir. Bu rabitə nə qədər güclü və kamil olsa, yaxınlıq da bir o qədər artıq olar. Şübhəsiz, Əli, Fatimə, Həsən və Huseynin (ə) həzrət Peyğəmbər (s) ilə rabitəsi hamıdan artıq idi. Bunun inkarolunmaz bir həqiqət olduğu hamı tərəfindən eyni cür söylənilmiş və sübuta yetirilmişdir. Nəhayət, onların yalnız «Ali-Məhəmməd» olmaları zərurəti meydana gəlir.
Əlbəttə, «ali» kəlməsinin tərcüməsində çoxlu mübahisələr vardır. Bəzilərinin fikrincə, məqsəd «əqraba» və bəzilərinin nəzərincə «ümmət» kimi məna olunur. Əgər birinci mənanı götürsək, Peyğəmbərin (s) ailəsi, (Əli, Fatimə, Həsən və Hüseyn) «Ali-Məhəmməd» hesab olunur. Əgər ikinci mənanı da götürsək, yenə də onlar ümmətin içərisinə daxil olurlar. Çünki, onlar da Peyğəmbərin (s) ümmətindən sayılırlar. Şübhəsiz «ali» kəlməsinin mənası Əli, Fatimə, Həsən və Hüseynə (ə) şamil olunur. Amma, onlardan başqalarının daxil olmasında ixtilaf vardır. Həqiqətdə isə ayrı şəxsləri ali kəlməsinin mənasına daxil etmək ağıl, məntiq və nəql olunan rəvayətlərə zidd getməkdir.[46]
Yuxarıda qeyd olunduğu kimi, Zəməxşəri nəql etmişdir ki, bu ayə (Məvəddət ayəsi) nazil olandan sonra Peyğəmbərdən (s) soruşdular: «Ey Allahın Peyğəmbəri! Sənin yaxın adamlarından kimlərin dostluq və məhəbbəti bizlərə vacibdir?» O Həzrət buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Beləliklə, məlum olur ki, bu dörd nəfər həzrət peyğəmbərin (s) yaxınlarıdır və xüsusi təzim və ehtiram onlar üçün olamalıdır. Bu sözümüzə bir neçə sübut vardır:
1. Məvəddət ayəsi; Yuxarıda bu barədə söhbət açıldı.
2. Hamıya məlumdur ki, Həzrət Peyğəmbər (s) xanım Fatiməni çox sevərdi və buyurardı: «Fatimə mənim vücudumun bir parçasıdır, onu incidib narahat edən, məni incidib narahat etmişdir.»
Deməli, belə bir şey doğru olduğu halda, Peyğəmbərin (s) ümmətinə də onları sevmək vacibdir. Çünki, Quran buyurur:
«(Ya Peyğəmbər! Müsəlmanlara) de ki, əgər Allahı sevirsizsə, mənə tabe olun (yəni mənim etdiklərimi edin və dediklərimi yerinə yetirin), o zaman Allah da sizi sevər.»[47]
«Hidayət olasınız deyə Peyğəmbərə tabe olun.»[48]
«Peyğəmbərin əmrindən çıxanlar (Allahın əzabından) qorxmalıdırlar.»[49]
«(Ey müsəlmanlar!) Həqiqətən Peyğəmbər sizin üçün yaxşı bir nümunədir.»[50]
Bu ayələrdən məlum olur ki, Peyğəmbər (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) sevdiyi və onlara fövqəladə əhəmiyyət verdiyi üçün, müsəlmanlar da Peyğəmbərin (s) bu işini təkrar edərək onları sevməlidirlər.
3. Həzrət Peyğəmbərin (s) Əhli-beytinə (ə) dua etmək və salavat göndərməyin vacib olunması, onlar üçün yüksək dərəcə və mərtəbədir. Buna görədir ki, namazda təşəhhüd oxuduqdan sonra onlara dua etmək və salavat göndərmək vacibdir: «Əllahummə səlli əla Muhəmmdin və ali Muhəmməd.»
Yəni «Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər. Məhəmməd və onun Əhli-beytinə rəhmət et.»
Bu böyük təzim və ehtiram Əhli-beytdən (ə) başqa heç bir kəsin haqqında yoxdur. Bütün bu dediklərimiz Peyğəmbərin (s) Əhli-beytini (ə) sevməyin vacib olmasına aşkar cübutdur. Əhli-sünnə qardaşlarımızın tanınmış şəxsiyyətlərindən biri olan Şafei öz şerində belə deyir:
Məzmunu:
«Ey səvarə olan, «Mina» qumluğunda bir az dur, «Xif» bölgəsində yatmışlara, yaxud ayıq olanlara nida eylə, səhər vaxtı hacılar Minadan keçəndə, böyük bir çay axıb gedəndə, söylə. Əgər Məhəmmədin Əhli-beytini sevmək dini tərk etmək hesab olunsa, bütün insanlar və cinlər şahid olsunlar ki, mən dini tərk etmişəm.»[51]
Həmçinin, Şafei öz şerində o dövrdə Əhli-beytin (ə) düşmənlərinə Peyğəmbərin (s) dostları, onların dostlarına isə Rafizi deyildiyinə işarə edib deyir:
«Əgər mənə Əhli-beytin dostluğuna görə Rafizi desələr, onda Quran və Əhli-beytdən öncə buna şəhadət verməli idilər.» (Halbuki, Quranda və Əhli-beytin sözlərində «Rafizi» sözü işlənilməyib, deməli mənə Rafizi demək mənasızdır.)
Təbəri ibn Abbasdan nəql edir ki, «Məvəddət» ayəsi nazil olduqdan sonra, müsəlmanlar soruşdular: Ey Allahın Peyğəmbəri (s)! Bizə məhəbbət və dostluğu vacib olan yaxın adamların kimlərdir? O Həzrət (s) buyurdu:
«Əli, Fatimə və iki oğlanları, Həsən və Hüseyn.»
Bu hədisi Əhməd də «əl-Məhaqib» kitabında nəql etmişdir.[52]
İbn Münzər, ibn Əbi Hatəm, ibn Mərdəveyh və Təbərani «Möcəmul-kəbir» kitabında Abdullah ibn Abbasdan belə nəql etmişlər: «Məvəddət» ayəsi nazil olandan sonra müsəlmanlar dedilər: Ey Allahın Peyğəmbəri! Bizə dostluq və məhəbbətləri vacib olan adamların kimlərdir? O Həzrət (s) buyurdu: «Əli, Fatimə, Həsən və Hüseyn.»[53]
Yenə də Möcəmul-kəbir kitabında düzgün bir sənədlə imam Həsəndən (ə) nəql olunmuşdur ki, O həzrət (ə) bir gün xalqa müraciət edərək belə buyurdu:
«Biz Allah-taala dostluğunu bütün müsəlmanlara vacib etmiş Əhli-beytdənik.»
Qurani-kərim Təthir (Əhzab/33) ayəsi ilə Əhli-beytin (ə) paklığını, bütün pisliklərdən uzaq olduqlarını və beləliklə mənəvi dəyərlərini və insanların hidayət yolunda olan çox mühüm rollarını sübuta yetirdi. İndi isə «Məvəddət» ayəsi ilə Əhli-beytin (ə) getdiyi yolun düzgün olduğunu və insanların etiqadi məsələlərdə və şəriət hökmləri öyrənməkdə kimə müraciət etmələrini müəyyən edir. Bəli Quran bu ayənin vasitəsi ilə İslam ümmətini Əhli-beytin (ə) yoluna sövq edir. Əgər Əhli-beytin (ə) yolu doğru bir yol olmasaydı və onlar ümməti səadət yoluna rəhbərlik etməyə qadir olmasaydılar, heç vaxt Quranda bu ayələr nazil olmazdı. Həmçinin Həzrət Peyğəmbər (s) zəhmətlərinin qarşısında Əhli-beyti (ə) sevməyi ümmətindən istəməzdi. Şübhəsiz, Quranın bu ayəsi bizə Əhli-beytin (ə) yolundan ayrılmamağın və bütün işlərimizdə onlara tabe olmağın zərurətini və lazım olduğunu başa salmaq üçündür. Çünki, Quran o böyük şəxsiyyətlərin pakizə və hərtərəfli üstünliklərə malik olmağına zəmanət vermişdir. Beləliklə Quran bu kimi ayələrdə Əhli-beytin (ə) yolunu tutmaq və İslamı onlardan öyrənmək haqqında ümmətə xatircəmlik və zəmanət vermək istəyir. Bu, Qurani-kərimim nəzəri idi. Amma, Həzrət Peyğəmbərin (s) nəzərini isə bu ayənin təfsiri ilə əlaqədar hədis və rəvayətlərdə aydın şəkildə nəzərinizə çatdırırıq.
Bizim əziz Peyğəmbərimiz (s) öz müqəddəs kəlam və təfsirləri ilə Əhli-beytin (ə) məhəbbətini müsəlmanların qəlbinə və vicdanına yerləşdirdi. O, müsəlmanların Əhli-beyt (ə) haqqında necə düşünəcəklərini, onların dostları və düşmənləri ilə necə davranacaqlarını və bir daha Əhli-beytin (ə) hədis, fiqh və təfsiri düşüncələri, həmçinin əqidələri və hərtərəfli rəhbərlikləri qarşısında vəzifələrinin nədən ibarət olduğunu hamıya izah etmişdir. Nəhayət, bu ayə haqqında son sözümüz budur ki, bu ayənin şərhində bəyan olunan yüksək dərəcə və məqamın özünəməxsus məna və məqsədi vardır. Beləliklə, bütün müsəlmanlar ağıl və məntiq əsasında onu düşünüb dərk etməlidirlər.
MÜBAHİLƏ AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lənəti yalancılara olsun.»
Tarix və təfsir kitablarının müəllifləri İslam tarixində baş vermiş bir hadisəni nəql edilər ki, bu  hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli Fatimə, Həsən və Hüseyn) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir.«Mübahilə» adı ilə məşhur olan rəvayət belədir:
«Nəcran» xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər.»[54]
Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.
Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz».
Buna görə də onlar Peyğəmbərə (s) dedilər: «Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə».
Həzrət Peyğəmbər (s) buyurdu: «Əgər mübahilə etmirsinizsə, onda İslam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik olun». Xristianlar bu təklifi qəbul etmədilər.
Həzrət Peyğəmbər (s) buyurdu: «Onda sizinlə müharibə etməli olacağam. Onlar deilər: Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yoxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi olsun:
Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını Səfər, yarısını isə Rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq».
Peyğəmbər (s) bunula razılaşdı və belə buyurdu: «And olsun o Allaha ki, canım onun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz insan sürətindən çıxıb heyvan (donuz və meymun) sürətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu bir cəhənnəmə çevrilərdi. Çox zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak olardılar. Bir il keçməzdi ki, xristianların hamısı məhv olub aradan gedərdi».[55]
Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli–beytin (ə) məqamını bəyan etməyə və Möminlərin anası Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır.
O, öz sözünün bir hissəsində belə deyir: Allah-taala bu ayədə Əhli-beyti (ə) həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mənəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. (Əshabi-kəsa ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdir.)
Bu ayə Əhli-beytin (ə) fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən xristianların mübahiləni qəbul etməkləri nəql olunmamışdır.[56]
Bilmək lazımdır ki, Mübahilə ayəsi İslam qoşunu ilə kafir qoşunun qarşı-qarşıya durmağını göstərir. Burada İslam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında olan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah onları bütün pislik və günahlardan uzaq etmişdir. Onların sözləri və duaları geri qayıtmazdır.
Qurani-kərim, Əhli-beyt (ə) vasitəsi ilə İslam düşmənləri ilə qarşı-qarşıya durdu və onların düşmənlərini lənət və əzaba layiq adamlar kimi tanıtdırdı. Əgər Əhli-beytin (ə) sözləri, əməlləri və yolları doğru olmasaydı, Allah heç baxt belə bir əzəmətli məqamı onlara verməzdi və Quran bu şəkildə onların haqqında söhbət açmazdı. Fəxr Razi öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sonra, sözlərinə bir cümlə də əlavə etmişdir:
«Bilmək lazımdır ki, bu hədisin doğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.»[57]


   [38] Üsuli-kafi, Şeyx Koleyni, 1/276/1.
[39] Kəmaluddin, Şeyx Səduq, 216/6.
[40] Yənabiul-məvəddət, Şeyx Süleyman əl-Qunduzi, 1/135.
[41] Tuhəful-üqul ən Alir-Rəsul (s), səh. 130.
[42] -Şura surəsi, 23-cü ayə.
[43] -Şura surəsi, 23-cü ayə.
[44] -Təfsiri-kəbir (Fəxri Razi) Şura surəsi, 23-cü ayənin təfsiri.
[45] -«Qayətul-məram», Şura surəsi, 23-cü ayənin təfsiri.
[46] -«Ali» kəlməsini «Peyğəmbərin ümməti» kimi tərcümə etmək həqiqi mənadan uzaqdır. Çünki, ali kəlməsi lüğət kitablarında tərcümə olunmuşdur. Elə isə onu ümmət kimi tərcümə etmək ağıl və məntiqə uyğun deyildir. Habelə, bir çox hədis və rəvayətlər də bunun üçün əsaslı sübutlardan sayılır.
[47] -Ali-İmran surəsi, ayə-31.
[48] -Əraf surəsi, ayə-158.
[49] -Nur surəsi, ayə-63.
[50] -Əhzab surəsi, ayə-21.
[51] -Təfsiri kəbir, Fəxri Razi, Şura surəsi 23-cü ayənin təfsirində.
[52] -Bax: «Zəxairul-üqba fi mənaqibi zəvil-qurba». 25-ci səh.
[53] -Bu hədis aşağıdakı mənbələrdə azacıq fərqlə nəql edilmişdir: «Ehyaul-meyyit fi fəzaili Əhlil-beyt», «Möcəmul-kəbir» 1-ci cild, 125-ci səh, (Şamdakı Zahiriyyə kitabxanasının əlyazma nüsxəsi), Möcəmüz-zəvaid (Heysəmi) 9-cu cild, 168-ci səh, «əz-Zəxair» (Təbəri) səh-25, «Əlfüsulul-muhimmə» (İbni Səbbaq əl-Maliki) səh-29, əl-Camiu liəhkamil-Quran (Qurtubi) 16-cı cild, səh, 21-22.
[54] -Nəcran xristianlarının heyəti 3 nəfərdən ibarət idi. Bunlardan biri «Əbdül-Məsih» adı ilə məşhur olan «Aqib» idi. Bu şəxs heyətin rəisi, elmi rəhbəri və fikir sahibi idi. İkinci «Eyhəm» idi ki, onların yığıncaqlarının rəisi sayılırdı. Üçüncüsü isə «Əbu Hatəm ibn Əlqəmə» idi ki, onların dini rəhbəri və müəllimi hesab olunurdu («Əl-füsulul-mühimmə», İbn Səbbağ əl-Maliki, kitabın müqəddiməsindən).
[55] -Zəməxşəri təfsirində deyir: «Mübahilə» kəlməsinin kökü «bəhl» dir. Mənasi isə lənət etməkdir. Bu sözün lüğətdə də mənası budur. Amma sonralar mənası dəyişib, hər cür dua etmək mənasında işlənmişdir.
[56] -Kəşşaf təfsiri, (Zəməxşəri) Ali-İmran surəsi, ayə-61. Bu rəvayət Sələbi təfsirində Mucahid və Kəlbidən də nəql olunmuşdur.
[57]-Təfsiri-kəbir, (Fəxri Razi) Ali-İmran surəsi, 61-ci ayə (Mübahilə ayəsi) digər tərəfdən də təfsir yazan alimlərin hamısı bu hadisəni və rəvayəti heç bir etiraz və şübhə etmədən öz təfsirlərində yazmış və bəyan etmişlər.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-Beyt (ə.s) Aşiqlərinin Xüsusiyyətləri
Yəməndə Səna Məscidində yenidənqurma işləri aparılarkən Quran Kərimin qədim ...
Övladlar arasında ədalət
Salavatın fəziləti haqqında -2
Giriş
Böyük (kəbirə) günahlar

 
user comment