Azəri
Sunday 21st of July 2024
0
نفر 0

Özünütanımanın zərurəti

 Özünütanımanın zərurəti
Fitrətən hər bir şeyin mahiyyətini bilməkdə maraqlı olan bir mövcud özü ilə maraqlanmaya bilərmi? Onun özü barədə düşünməsi, öz kamilliyi və bu kamilliyə çatma yollarını araşdırması tam təbiidir. Özünütanıma zərurətinin sübutuna ehtiyac qalırmı? Əslində insanın öz kamilliyi barədə düşünməyib, onun xoşbəxtliyində əhəmiyyəti olmayan işlərə baş qatması qeyri-təbiidir. Bu sayaq qeyri-təbii halın araşdırılması və islahı vacibdir. İnsanın bütün fəaliyyətləri, onun istəkləri və mənafelərinin tə’mini məqsədini daşıyır. Hansı ki, insanı tanımadan, insan kamilliyini dərk etmədən, insanın kamilliyi üçün nəyin faydalı, nəyin zərərli olmasını tə’yin etmək qeyri-mümkündür. Səmavi dinlərin, dini rəhbərlərin və əxlaq alimlərinin özünütanıma və özünütərbiyə məsələsində israrı, bu işin əhəmiyyətini bir daha təsdiq edir. Qur’ani-şərif özünü unutmağı, Allahı unutmağın başlanğıcı bildirərək buyurur:

«O kəslərdən olmayın ki, Allahı unutdular və Allah da onlara özlərini unutdurdu»[1], «Özünüzü [islah etməyi] unutmayın. Əgər doğru yolda olsanız, yolunu azanlar sizə heç bir zərər yetirə bilməzlər»[2].

«Fussilət» surəsinin 53-cü ayəsində Allah-təala öz qüdrət nişanələrinə işarə edərək buyurur: «Biz öz dəlillərimizi onlara həm üfüqlərdə, həm də onların öz vücudunda göstərəcəyik ki, (Onun haqq olduğu aydınlaşsın»).

Qur’ani-kərimdə elə ayələr də vardır ki, insan vücudundakı dəlillərə xususi işarə olunur: «Sizin öz vücudunuzda da əlamətlər vardır»[3].

Özünü düşünməyən, öz daxilində ilahi əlamətləri görməyən insanlar Qur’anda qınanılırlar. Həzrəti Peyğəmbər (s) özünütanımaya böyük əhəmiyyət verərək, buyurur: «Özünü tanıyan Allahını tanıyar».

«Ğürərül-hikəm»-də Həzrət Əmirəl-mö’minin Əlidən (ə) uyğun mövzuda otuza yaxın rəvayət nəql olunur. O həzrət (ə) buyurur: «Ən yaxşı tanıma, özünütanımadır», «Heyrət, özünü itirib-axtarmadığı halda, itki gəzən adama!», «Mə’rifətin (tanınmanın) nəhayəti, özünütanımadır», «Ən böyük ləzzət özünü tanıyan insanındır», «Elmi artan insan, bu artımdan ən çox özü üçün faydalanar və öz tərbiyəsində daha çox çalışar».

İzah
Mümkündür ki, bu hissədə müəyyən bir mə’nada işlədilmiş sözlər, növbəti hissələrdə başqa mə’nada işlədilsin. Oxucunu çaşdırmamaq məqsədi ilə, bə’zi izahlar veririk:

1. Özünütanıma dedikdə, kamilləşmə iste’dadı və qüvvəsinə malik insanı tanımaq nəzərdə tutulur. İnsan elm öyrəndikcə, öz mə’nəviyyatını paklandırdıqca, özünü daha yaxşı tanıyır. Lakin bu bizim nəzərdə tutduğumuz özünütanıma deyildir. Bizim nəzərdə tutduğumuz özünütanıma nəinki özünütərbiyə nəticəsində yaranmır, hətta bu özünütanıma həmin özünütərbiyənin müqəddiməsidir. Məsələn, fiziologiyanı öyrənməklə, insan orqanizminin tanınmasının bizim mövzuya heç bir aidiyyatı yoxdur. Hətta insan psixologiyasının öyrənilməsi də, bu mövzudan kənardır. Amma bizim özünütanıma mövzumuzda bə’zi psixoloji bəhslərdən istifadə olunur.

2. Özünütərbiyə dedikdə, insan fəaliyyətinin məhdudlaşdırılması yox, bu fəaliyyətə istiqamət verilməsi nəzərdə tutulur. Bu mövzunun məqsədi, insanın öz elmi və əməli fəaliyyətini düzgün tənzimləməsi və onun həqiqi kamillik yoluna yönəldilməsidir. Məqsəd, hansısa fikirləri beyinlərdən çıxarmaq, mənfi təmayüllərin qarşısını almaq deyildir. Bir çox cərəyanlar maddi həyatımız üçün faydalı olsa da, bu maddi həyat çərçivəsindən çıxmadığı üçün mövzumuzun həqiqətini özündə əks etdirə bilmir.

3. Özünümüşahidə dedikdə, insanın öz daxili iste’dadlarını dərk etməklə, həqiqi kamillik ‒ səadət yolunu tanıması nəzərdə tutulur. Bu o demək deyil ki, insan cəmiyyətlə bağlılıqlarını qıraraq, başqaları ilə həmkarlıqdan çəkinməlidir. Bizim nəzərdə tutduğumuz özünütanıma, özünümüşahidə, özünütərbiyə yalnız müsbət məziyyətlərə malikdir, xudbinlik və eqoizimdən tam uzaqdır.

4. Bir çox sözlər vardır ki, müxtəlif elm sahələrində ayrı-ayrı mə’nalarda işlədilir. Hətta bir elm sahəsində fəaliyyət göstərən, müxtəlif məktəblərdə ayrı-ayrı mə’nalar daşıyan sözlər də vardır. Əql, nəfs, şəhvət, hiss, idrak, xəyal, qüvvə, güc və s. bu kimi sözlər bə’zən oxucunu çaşdırır. Mə’nanı düzgün anlamaq üçün bu kimi sözlərin müxtəlif anlamlarından xəbərdar olmaq, bir elmi və ya fəlsəfi məktəb çərçivəsində məhdudlaşmamaq lazımdır.

Kamal ‒ kamillik
«Kamal» sözünə tə’rif verməyə ehtiyac olmasa da, bə’zi yanlışlıqları aradan qaldırmaq üçün müəyyən izahlar vermək məcburiyyətindəyik. Kamal, mövcudu xarakterizə edən bir sifətdir. Lakin eyni bir sifəti müxtəlif əşyalarda araşdırdıqda mə’lum olur ki, bir əşya üçün kamillik hesab olunan bir sifət, başqa bir əşya üçün nöqsandır. Məsələn, armud üçün kamillik şirinlikdirsə, limon üçün kamilik turşluqdur. Elm insan üçün kamaldırsa, daş üçün əhəmiyyətsizdir.

Ümumiyyətlə daşda, taxtada, kamilik qazanmaq iste’dadı yoxdur. Məsələ bundadır ki, hər bir mövcud üçün xüsusi hədd və ölçülər vardır. Öz həddindən kənara çıxan mövcud, başqa bir növə çevrilir. Belə bir dəyişmə, atomların artıb-azalması ilə molekul dəyişikliyinə və ya maddənin enerjiyə çevrilməsinə səbəb ola bilər. Bu da mümkündür ki, atom və molekullarının kəmiyyət və keyfiyyətcə eyni olmasına baxmayaraq, iki şey mahiyyətcə fərqli olsun. Məsələn, sün’i bitgi toxumu təbii bitgi toxumu ilə tərkibcə eyni olsa da, birində təkamül xüsusiyyəti mövcud olduğu halda, digərində belə bir iste’dad müşahidə edilmir. Hər bir mahiyyət mənşəcə hansı xüsusiyyətlərə malikdirsə, həmin xüsusiyyətlərin kamilləşməsi iste’dadından faydalanır. Lakin yeni mahiyyətin yaranması üçün əvvəlki kamilliklərin aradan çıxması zəruri deyil. Bir çox mövcudlar öz əvvəlki kamilliklərini qorumaqla, yenilərini qazana bilirlər.

Bitki aləmində atomlar və mə’dən maddələri olduğu kimi mövcuddur. Ümumi bitki həyatı atomun həyatına mane olmur. Belə mövcudlardakı ilkin kamilliklər, ali kamilliklərin əldə olunmasına yardımçı da ola bilər. Lakin ilkin xüsusiyyətin inkişafı, ali kamilliklə nəticələnməyə də bilər. Çox vaxt son ali kamala çatmaq üçün ilkin kamilliklərin məhdudlaşdırılması zəruri olur. Belə ki, ağacın qol-budağının çoxluğu, onun lazımi kimi meyvə verməsinə mənfi tə’sir göstərir. Budama ağacın bəhrəsini artırır. Beləliklə, həqiqi kamal son nəticə üçün zəruri olan sifətlərdən ibarətdir. Həqiqi kamilliyə çatmaq üçün faydalı olan digər sifətlər isə, müqəddimə kamalıdır.

Kamilliklər silsiləsi
Əgər ağacı daş parçası ilə müqayisə etsək görərik ki, ağacda olan bə’zi xüsusi qüvvələr daşda mövcud deyildir. Daş və ağacın atom və molekullarındakı oxşarlıqlara baxmayaraq, ağacda tamamilə fərqli xüsusiyyətlər vardır. Demək, ağacda nəbatata məxsus mənşə xüsusiyyətləri vardır. Nəbatatda mövcud olan kamillik sifətləri, cansız aləmdə müşahidə olunmur. Ağac meyvə vermək iste’dadına malik olduğu halda, daş və torpaq bu iste’daddan məhrumdur. Fərqli xüsusiyyətlərə malik olan nəbatat, digər xüsusiyyətlərini də qoruya bilir. O, bu xüsusiyyətlərdən istifadə edərək, təkamül yolunu keçir. Belə bir nəticəyə gəlirik ki, bir bitki öz kamillik həddinə çatmaq üçün ilkin təbii iste’dadlarından faydalanır. O, bu iste’dadlara öz kamilliyi üçün faydalanacaq qədər ehtiyaclıdır. Həmçinin nəbati qüvvələrə malik olan heyvanlar, bu qüvvələrdən öz heyvani kamilliklərinə çatmaq üçün istifadə edirlər. Təbii, nəbati, heyvani qüvvələrə malik olan insan da, öz növbəsində həmin bu qüvvələrdən faydalanaraq, kamil insan olmaq üçün fəaliyyət göstərir. Ağacın budaqlarının çoxluğu onun kamilliyinə mane olduğu kimi, ilkin xüsusiyyətlərin də qədərindən çoxluğu, insan kamilliyi üçün maneədir.

Hansı nəticələrə gəlirik?

1. Maddi mövcudlar kamillikləri nəzərə alınmaqla, dərəcələrə bölünə bilər. Birinci dərəcədə cansız aləm, orta dərəcədə nəbatat ‒ yaşıl təbiət və heyvanat aləmi, ali dərəcədə isə insan yerləşdirilə bilər. Bu dərəcələmədə kamilliyin ölçüsü yox, növü nəzərdə tutulur. Yə’ni insanın heyvandan daha kamil olduğunu göstərən bu dərəcələmədən belə bir nəticə çıxmır ki, insan inəkdən çox yeməli, ceyrandan iti qaçmalı və ya şirdən güclü olmalıdır. Nəbatatın cansız aləmdən daha kamil olması o demək deyildir ki, ağac daşdan möhkəm olmalıdır.

2. Bir mövcuddan daha üstün dərəcədə olan digər mövcud, daha üstün qüvvələrə malikdir və bu qüvvələr onun təkamülündə işə salınmalıdır.

3. Daha üstün qüvvələrdən qədərindən artıq istifadə edildikdə, təkamül yolunda maniələr yaranır.

4. Hər bir mövcudun həqiqi kamilliyi, onun son fəaliyyətinin zəruri etdiyi nəticədir. Bu kamilliyin də mərtəbələri vardır. Alma yetirmək ağac üçün kamaldır. Lakin bunun mərtəbələri vardır. Ağacın meyvə verməsi, ağac üçün kamilliyindən üstün kamillik hesab olunmur.

 Beləcə, kamilliyi əsl və ali, ya da həqiqi və nisbi kamilliklərə bölmək olar. Əsl kamillik üçün də mərtəbələr mövcudur.

5. Aşağı mərtəbə qüvvələrindən hansı ölçüdə istifadənin xeyirli olduğunu tə’yin etmək üçün həqiqi kamilliyi nəzərdən keçirməliyik.

Başqa sözlə, aşağı mərtəbə mövcudunun hər hansı bir sifətini o zaman giriş hesab etmək olar ki, bu sifət ali və həqiqi kamala çatmaq üçün müqəddimə olsun. Bir daha mə’lum olur ki, insanın həqiqi kamilliyini tanımalıyıq.

Kamilləşmə hərəkəti, onun amilləri və şərtləri
Bir mövcudun kamilləşməsi, bu yolda tədricən dəyişmədən ibarətdir. Kamilləşmə hərəkəti zamanı insandakı kamilliyə çatma iste’dadı işə düşür. İnsan xarakterində əmanət qoyulmuş qüvvələr vasitəsi ilə xarici şərait və imkanlardan istifadə etməklə, uyğun dəyişiklik həyata keçir.

Torpaq altındakı buğda dənəsi yalnız lazımı qədər su, hava, istilik və işıq aldıqda cücərir. Sonra gövdə və yarpaqlar zahir olur. Nəhayət, bir toxumdan yeddi yüz yeni buğda dənəsi yaranır. Bir dənədən yeddi yüz dənəyədək keçilən yol «kamilləşmə hərəkəti»-nin bir nümunəsidir. Buğda dənəsində onu qidalandıran, zərərli maddələri kənarlaşdıran qüvvələr vardır və bu qüvvələr «təkamül amilləri»-dir. Su, hava, işıq və istilik isə, «təkamül şərtləri»-dir.

Kamilləşmənin ölçüsünü, onun amil və şərtlərini adətən təcrübə yolu ilə tə’yin etmək olur. Başqa yolların mövcud olması da mümkündür.

Ortaya belə bir sual çıxır: bütün mövcudlar dəyişilə bilirmi? Ola bilərmi ki, tanıdığımız və tanımadığımız mövcudlar arasında tamamilə dəyişməz mövcudlar olsun? Təbii əvəzolunmaqla yanaşı, nisbi əvəzolunmalar da dəyişiklik hesab edilirmi? Bütün dəyişikliklər kamilliyə aparır, yoxsa hərəkət nəticəsində məhrumiyyətə də düşmək olar?  Növbəti söhbətlərdə bu suallar öz cavabını tapacaq.

Elmi və qeyri-elmi hərəkət
Bir buğda dəninin yeddi yüz buğda dəninə çevrilməsi zamanı baş verən dəyişiklik, düşüncə və bilik yolu ilə baş vermir. Yumurtadan cücə çıxanadək gedilən yol da belədir. Amma cücənin inkişaf edib toyuq olmasında  düşüncənin rolu vardır. Əgər cücə aclığı və susuzluğu, soyuğu və istini hiss etməsə, dəni daşdan ayıra bilməsə, yaşaya bilməz.

Demək, kamilləşmə yolu iki növdür: elmi və qeyri-elmi. Bir dənin yeddi yüz dənə çevrilməsi təbii və ya qeyri-elmi, cücənin toyuq olanadək keçdiyi inkişaf yolu isə, elmi yoldur.

Təbii və qeyri- təbii dərketmə
Bir sıra kamilləşmə hərəkətinin şərti olan dərketmə təbii (fitri, instiktiv) və qeyri-təbii ola bilər. Dərk etməyə misal olaraq, heyvanların instiktiv dərketməsini göstərmək olar. İnsanın elm və bilik qazanaraq tədricən əldə etdiyi dərketmə, qeyri-təbii dərketmədir.

Yenə də suallar doğur. Nəbatat aləmində dərketmə mövcuddurmu? Heyvanlarda yalnız təbii dərketmə mövcuddur, yoxsa qeyri-təbii dərketməyə də təsadüf olunur? Əgər heyvanlarda qeyri-təbii dərketmə varsa, bu dərketmə insanlardakı dərketmədən nə ilə fərqlənir? Bu suallara da növbəti bəhslərdə cavab veriləcək.

İxtiyari və qeyri-ixtiyari hərəkət
Bə’zən kamilləşmə hərəkəti bir mövcudda bütün şərtlər ödənildiyindən öz-özünə, qeyri-ixtiyari yaranır. Bə’zən isə, bu hərəkət iradədən asılıdır. İnsan həyatında mövcud fəaliyyətləri ixtiyari və qeyri-ixtiyari növlərə asanlıqla ayırmaq olur.

Şübhəsiz ki, ixtiyari hərəkətdə təkamül iradədən asılıdır. Yə’ni nəzərdə tutulmuş kamala çatmaq üçün daxili qüvvələr, şərait və imkanlarla yanaşı, insanın iradəsi də rol oynayır. Əgər insan elm və biliyə malik deyilsə, ixtiyarındakı seçimdə səhvə düçar olacaq. İnsanın ixtiyari hərəkəti yalnız o zaman səmərəli olur ki, kifayət həddə elm və biliyə malik olsun.

Doğru məqsəd və doğru yolu tanımaq zərurəti bir daha təsdiqləndi. İnsanın kamilləşməsinin müəyyən bir hissəsi onun iradəsi ilə həyata keçdiyindən və iradə də elmdən asılı olduğundan, elm və biliyin kəsb olunması labüddür.

Əvvəlcə kamilliyi tanı, sonra ardınca get!
Sözsüz ki, həqiqi kamilliyi yalnız ona nail olanlar tanıyır. Lakin bu iş elmdən asılı olduğu üçün kamilliyi əvvəlcədən tanımaq lazım gəlir. Əgər kamilliyi tanımaq yalnız onu tapmaqla mümkün olsaydı, onu əldə etmək qeyri-mümkün olardı. Tanıma iki yolla mümkündür. Bunlardan biri tapıb-görməklə həyata keçən «şühudi tanıma», digəri əqli və nəqli yolla əldə edilən «elm yol ilə tanıma»-dır. Bu bəhs kamilliyi tanımaq və kamilliyə çatmaq istəyində olan insanlar üçün nəzərdə tutulmuşdur.

Biz insan kamilliyini ona çatmazdan əvvəl elə tanımalıyıq ki, vicdanla düşüncə tərzi aydınlaşsın. Bu olduqca əsassız istəkdir. Bu yolda dəlillərə əsaslanaraq, zehni tanımaqdan başqa çarə yoxdur. Əlbəttə ki, ilkin dəlilləri ən sadə və aydın, yəqinlik və vicdanla müəyyənləşmiş mə’lumatlardan götürməyə çalışıcağıq. 

Həqiqi insan kamilliyini təcrübə yolu ilə tanımaq olarmı?
Bə’ziləri elə düşünə bilər ki, heyvan və bitki üzərində təcrübə aparılmaqla onların kamalı öyrənildiyi kimi, insanın da üzərində təcrübə aparıb, uyğun məsələni həll etmək olar. Doğrudanmı, müxtəlif insanları müxtəlif zaman və məkanlarda yerləşdirməklə, onların nəyə qadir olduğunu öyrənmək mümkündür? Bu yolla təkamülün şərtləri və ona çatma yolu öyrənilə bilərmi? Azca düşünsək görərik ki, insan nəbatat və heyvanatdan qat-qat üstün mərtəbədədir və onun öyrənilməsi, o qədər də sadə məsələ deyildir. İnsan təcrübə yolu ilə özündən aşağı mərtəbədə dayanan mövcudları təcrübə yolu ilə öyrənə bilər. Amma insanı öyrənmək üçün həqiqi kamilliyə nail olmaq lazımdır. Uşağın nəyə qadir olduğunu yetkin insan deyil, kamil insan anlaya bilər.

Bitki və heyvan növlərinin imkanları məhdud olduğundan, onları öyrənmək asandır. Axı min il bundan əvvəlki canavarla bu günkü canavar arasında nəzərə çarpacaq bir fərq yoxdur. İnsan isə uyğun min ildə əhəmiyyətli dərəcədə dəyişmişdir. Təbiətdə olan müxtəlif meyvələr, xüsusi bir nizamla yaşayan bal arısı və digər mövcudlar əsrlər ötməsinə baxmayaraq dəyişmədiyi halda, insan üçün bu gün nailiyyət hesab olunan səviyyənin əlli il sonra da nailiyyət sayılacağı şübhə doğurur. İnsan hər gün öz vücudunun bir sirrini açır. Bu həmin insandır ki, yarandığı gündən indiyədək bir an da olsun belə, fəaliyyətindən dayanmayıb. İnsan mə’nəviyyatında açılan yeni səhifələr, maddi həyatdakı yeniliklərdən daha heyrətamiz və daha əhatəlidir. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, nəbatat və heyvanatdan fərqli olaraq, insan kamalının sərhədlərini təcrübə yolu ilə o mövcudları öyrənmək olar ki, onları hiss etmək mümkün olsun. Lakin mə’nəvi fəzilətləri qiymətləndirmək üçün heç bir ölçümüz yoxdur. Ruhani kefiyyətlərin bə’zi tə’sirlərini tədqiq etmək mümkün olsa da, onların hansı mənbədən yarandığını müəyyənləşdirmək təcrübə işi deyil. Yüxarıda deyilənlər, filosof və alimlər arasında insan kamilliyi mövzusu ətrafında mövcud ixtilaflara aydınlıq gətirir.

Fəlsəfənin insan kamilliyi haqqında rə’yi
Dünyagörüşü sahəsində alimlər arasında olan fikir ayrılığı, insana münasibətdə də davam edir. Bu baxışların təhlili müsbət bir nəticə verməsə də, onlardan bə’zilərinə nəzər salırıq.

1. Birinci nəzəriyyədə maddə, ləzzət və fərd əsas götürülür. Bu nəzəriyyəyə görə, maddi ləzzətlərdən maksimum faydalanma kamillikdir. Tə’min olunmuş, şirin bir dünya həyatına nail olmaq üçün insan elm və texnikadan, təbii sərvətlərdən istifadə etməlidir.

2. İkinci nəzəriyyəyə görə kamillik odur ki, insan təbii sərvətlərdən bütün ictimai təbəqələrin rifahı üçün istifadə etsin. Birinci nəzəriyyədə fərdin rifahı nəzərdə tutulursa, ikinci nəzəriyyədə cəmiyyətin rifahı əsas götürülür.

3. Bu nəzəriyyə əvvəlki nəzəriyyələr ilə qarşı-qarşıya dayanmışdır. Mə’nəvi və ruhani tərəqqini əsas götürən bu baxışa görə, kamillik nəfs istəkləri və maddi ləzzətlərlə mübarizədə əldə olunur.

4. Kamillik elm və hikmət öyrənməklə əldə edilən əqli tərəqqidir.

5. Elm və fəzilət qazanmaqla əqli və əxlaqi inkişaf kamillikdir.

Son üç nəzəriyyə maddənin əsas götürülməsi fikri ilə müxalifdir. Lakin üçüncü nəzəriyyədə maddi istəklərlə xüsusi bir yolla rəftar edilərək kamilliyə nail olmaq nəzərdə tutulur. Bu nəzəriyyədə insan cisminə düşmən kimi baxılırsa, dördüncü və beşinci nəzəriyyələrdə cism, kamilliyə çatmaq üçün bir vasitə hesab olunur. Şübhəsiz ki, bütün nəzəriyyələr fəlsəfi əsaslara malikdir. Lakin onların hər birini dərindən araşdırmaq, söhbətimizin mövzusuna aid deyil. Məqsədimiz mürəkkəb izahlardan çəkinərək, hamının başa düşə biləcəyi bir tərzdə kamilliyin tanıdılmasıdır. Ona görə də, hansısa bir məktəbə məxsus mürəkkəb arqumentlərdən çəkinərək, fikrimizi çox sadə bir şəkildə ifadə etməyə çalışacağıq. Hansısa nəzəriyyəyə istinad etməməkdə fikrimiz, gələcəyimiz nəticələri onlara qəbul etdirmək deyil.

Fitri istəklərin istiqamətlənməsi
Filosoflar və pisixoloqlar insanın malik olduğu ruhani istək, hiss, meyil və sair fəaliyyətləri az-çox araşdırmışlar. Həqiqətin tanınması, onun təhlili, gerçəkliklərlə insanın əlaqələri haqqında müxtəlif fikirlər söylənilmişdir. Biz hər hansı baxışa münasibət bildirmədən, insan fitrətinin malik olduğu bə’zi istəkləri və onların təkamülündəki incəlikləri araşdıracağıq. İnsan fitrətinin meyilləri onu idarə edən ən güclü qüvvələrdən olduğundan, bu qüvvəlləri tədqiq etməklə həqiqi kamilliyi tanımağa çalışacağıq.

Bəli, insan məhz bu qüvvələrin tələbi və digər imkanların yardımı ilə səadətə çata bilər. Bu meyllərin istiqaməti insan üçün kompas əqrəbi kimidir. Buna görə də, bu meyilləri diqqət və səbrlə tədqiq etmək lazım gəlir. Bu işdə kiçik tələskənlik, səadət qapılarının insanın üzünə bağlanmasına səbəb ola bilər.

Dərketmə və onun mərtəbələri
İnsanda ətrafdakı həqiqətləri bilmək və tanımaq üçün fitri bir meyil vardır. Lap uşaqlıqdan özünü biruzə verən bu meyil, ömrün sonunadək davam edir. Uşaqların sualı sual dalınca yağdırması, bu fitri meylin təzahürüdür. Daha çox iste’dada malik olan uşaq, daha çox çox sual verir. Elm və biliyi artdıqca, suallar da çoxalır.

Bəs görəsən, bu meylin dayanacaq nöqtəsi varmı? Onu bütün varlıq dünyası maraqlandırdığından bütün sualları cavablandıracaq kamil bir elm və ya elmi kamillik arzusundadır. Başlanğıc nöqtədən elmi kamilliyədək olan yolu pillə-pillə araşdıraq.

İnsan ətraf aləmlə zahiri hiss və bədən üzvlərinin əşyalarla əlaqəsi vasitəsi ilə tanış olur. Hiss üzvləri işığın, səsin, istiliyin, qoxunun, dadın əvvəlcə sinirlərə, daha sonra isə, beyinə ötürülməsini tə’yin edir. Lakin hisslərlə dərketmə bə’zi cəhətlərinə görə, həqiqətin dərk olunmasında kafi deyildir. Hiss üzvləri əşyanın mahiyyətini yox, onun bə’zi zahiri xüsusiyyətlərini dərk edir. İkinci hiss üzvlərinin fəaliyyət dərəcəsi şəraitdən asılıdır. Məsələn, göz yalnız 4-8 mikron ölçülü işıq dalğalarını görə bilir. İnsan gözü ultrabənövşəyi işığı görməkdə acizdir. Eləcə də, tezliyi saniyədə 30-16000 ölçüsündən fərqli səs dalğalarının eşitmək imkanı yoxdur. Üçüncü, hiss üzvlərinin dərketməsi olduqca qısamüddətlidir. Xarici mühitlə əlaqəsi kəsilən hiss üzvləri tam fəaliyyətsizdir. Bütün bu nöqsanlara, hiss üzvlərinin xətalı işini də əlavə etmək olar.

Lakin tanıma və bilmə təkcə hiss üzvülərinə aid olan xüsusiyyət deyildir. İnsanda elə bir qüvvə vardır ki, hətta maddi dünya ilə əlaqələr kəsildikdən sonra da, bir zaman aldığı mə’lumatları qoruyub saxlaya bilir. Başqa bir qüvvə də mövcuddur ki, bütün məfhumları külli şəkildə qavrayıb, zehnin mühakiməsinə verə bilir. İnsan bu daxili qüvvələrin vasitəsi ilə öz bilik dairəsini genişləndirib, fitri və dəqiq mə’lumatlardan aldığı nəticəni həyata keçirə bilir. Elm və sənayedəki inkişaf, həmin daxili qüvvələrin bəhrəsidir.

Fəlsəfə digər elmlərdən müəyyən xüsusiyyətlərinə görə fərqlənir. Digər elmlərdəki fəaliyyətlər insanın dünya xoşbəxtliyinə xidmət edir. Fəlsəfənin məqsədi isə, əşyaların mahiyyətini öyrənməkdir. Bir varlığı tanımaq üçün onun yaranış səbəbini bilmək zəruridir. Əql silsiləsinin nəhayəti Allah-təala olduğundan, bu yolda aparılan araşdırmaların «Allahı tanımaq» bəhsi ilə yekunlaşacağı şübhəsizdir. Filosofların əksəriyyəti belə zənn edib ki, insanın elmi təkamülü varlıq aləminin dərki ilə başa çatır. Amma insanın fitri istəkləri açıq-aşkar bu biliklərlə kifayətlənməyib, irəliyə can atır. İnsan fitrəti varlıq aləmi həqiqətlərini xətasız, olduğu kimi dərk etmək istəyir. Belə bir bilik isə nə zehni, nə də fəlsəfi yolla əldə edilmir.

Zehni fəaliyyətlərlə nə qədər çox mə’lumat əldə edilsə də, bu mə’lumatlar əsl həqiqətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Bu fərqə misal olaraq «aclıq»-la «vicdan» arasındakı fərqi göstərmək olar. Aclığın nə olduğunu hamı bilir. Çünki hamı bu hissi keçirir. Bəs vicdan necə, o da aclıq kimi asan dərk olunurmu?! Əgər bir şəxs aclıq keçirməsə, aclığın mə’nasını dərk edə bilərmi?!

Fəlsəfə də belədir. O, varlıq aləmi həqiqətlərini araşdırsa da, əsl həqiqətləri anlamaqda acizdir. Həqiqət axtarışında olan insanın yanğısı yalnız o zaman tam aradan gedə bilər ki, əsl həqiqətlə şəxsən tanış olsun. Hiss üzvləri və təfəkkürlə müəyənləşdirilmiş xətalı həqiqət isə, əsl həqiqətdən fərqlidir. Demək, nə fəlsəfə, nə də digər təcrübi elmlər həqiqəti olduğu kimi dərk etmək qüdrətində deyil.

Qüdrət
İnsanın fitri meyillərindən biri də, qüdrət və gücdür. Bu meyil, özünü lap uşaqlıqdan büruzə verməyə başlayır və ömrünün sonunadək davam edir. Əlbəttə ki, bu meyil müxtəlif yaş dövrləri və şəraitlərdə fərqli olur. Körpənin əl–qolunu oynatması, uşağın yorulmadan atılıb-düşməsi bu meylin təzahürlərindəndir. Bu istək tədricən güclənir nəhayətsizliyə üz tutur.

İlk əvvələr bu istək yalnız təbii qüvvələrə istinad edir və bədənin qüvvəsinin artımına yardımçı olur. Zaman keçdikcə əzələlər qüvvətlənir və daha ağır işlərin öhdəsindən gələ bilir. Gənclik dövründə bu qüvvə öz zirvəsinə çatır. Yaş ötdükcə qüvvə də azalır və zəif qocalıq dövrü özünü göstərir. Lakin qüdrət və güc arzusu heç zaman zəifləmir.

İnsan öz qüdrətini artırmaq üçün təbii gücü ilə kifayətlənməyib, elm və texnikanın köməyi ilə bu imkanları artırmağa çalışır. Elmi texniki tərəqqi (ETT) onda dünyanı, hətta kainatı özünə tabe etdirmək kimi fikirlər oyadır. Son dövrün kəşf və ixtiraları insanın bu fitri istəyinin tə’minində böyük rol oynamışdır. Lakin insanın qüdrətlənməsi, heç də həmişə bəşəriyyətin səadəti ilə nəticələnmir. Çox vaxt qüdrətə çatmış insan zülmə əl ataraq, başqalarının hüququnu pozur. Bə’zən insanın qüdrət istəyi o qədər həddi aşır ki, nə təbii gücü, nə də elm və texnikanın yardımı ilə kifayətlənə bilmir. İnsanın cinlər və ruhlarla əlaqə yaratması, onun güclənmə istəyi yolunda nələrə hazır olduğunu bir daha təsdiq edir.

Maraqlıdır ki, öz qüdrət və gücünü artırmaq üçün min bir yola əl atan insan, kamil bir qüdrət əldə edə bilərmi? Qeyd etmək lazımdır ki, bütün deyilən qüvvələr məhdud və müvəqqəti olduğundan, insanın sonsuz və əbədi istəklərini tə’min etmək qüdrətində deyillər. Sonsuz istəklərin tə’mini üçün sonsuz bir qüdrət mənbəyinə ehtiyac vardır.

Eşq və pərəstiş
İnsanda güc və qüdrət istəyindən tamamilə fərqlənən bir meyil ‒ cismən və ruhən nəyə isə bağlanmaq meyli vardır. Psixoloqlar tərəfindən kifayət qədər araşdırılmamış bu meyil haqqında danışmaq olduqca çətindir. İnsan öz daxilinə nəzər salsa görəcəkdir ki, onda kimə və ya nəyə isə bağlanmaq meyli vardır. Sanki hansısa bir nöqtə onu maqnit kimi özünə cəzb edir. Əlbətdə ki, bu qüvvə müxtəlif insanlarda müxtəlif gücə malik olur. Məhz bu müxtəliflik səbəbindən, insanlar eyni bir istiqamətdə birliyə nail ola bilir.

Fitri məhəbbətin ən gözəl nümunələrindən biri, ananın öz övladına məhəbbətidir. Ananın övlada baxmaqdan, onu ağuşuna almaqdan, onun nazını çəkməkdən duyduğu ləzzət, həmin məhəbbətin əlamətlərindəndir. Ananın məhəbbəti fitri məhəbbətin ən parlaq təzahürlərindəndir. Bu məhəbbət tarix boyu qələm sahiblərinin sevimli mövzusu olmuşdur. Atanın da övlada məhəbbəti belədir. Ailə üzvləri arasında olan məhəbbət də olduqca dəyərlidir. Fitri məhəbbətin bir növü də, həmin növlər arasında mövcud olan məhəbbətdir. İnsanın insana marağı bu məhəbbətin nümunəsidir. Qonşuluq, yerlilik, yaşıdlıq insanlar arasındakı məhəbbəti daha da artırır.

İnsanın əşyaya bağlılığı da, fitri məhəbbətin bir növüdür. İnsanın öz maddi həyatını tə’min etmək üçün ehtiyac duyduğu sərvətə, məskənə, paltara olan bağlılığı təbii bir meyildir.

İnsanlarda gözəlliyə də maraq vardır. Hər hansı bir insanın və ya əşyanın gözəlliyinə məhəbbət, onun ruhundan doğan bir tələbdir.

İnsan zahiri gözəlliyə məftun olduğu kimi mə’nəvi gözəlliyə də vurulur. Gözəl əxlaq, rəftar və söz hər zaman məhəbbət ünvanıdır. Elm adamlarını heyrətə gətirən kainatdakı nizam da, bu gözəlliklərdəndir. «Səcdə» surəsinin 7-ci ayəsində buyrulur: «O yaratdığı hər şeyi gözəl xəlq etdi». Hər bir mövcud öz mərtəbəsinə uyğun ilahi gözəllikdən faydalanır və öz yaradıcısından danışır. Ümumiyyətlə, məhəbbət öz gücünə görə üç qismə bölünür: Zəif mərtəbəyə məxsus məhəbbət adi şəraitdə öz məhbubuna yaxınlaşsa da, bu yolda heç bir fədakarlıq göstərilmir. İkinci mərtəbəyə məxsus olan məhəbbət, məhbubu ilə yaxınlığa çalışır və şəxsi mənafelərini qorumaqla bu yolda nədənsə keçir. Üçüncü mərtəbəyə məxsus olan məhəbbətin nəticəsi, özünü yaddan çıxararaq məhbuba itaətdən ləzzət duymaqdır. Özünü heç bilmək, kiçilməkdən ləzzət almaq! Məhbubun bütün istəklərinə boyun əymək bu məhəbbətə xas olan xususiyyətlərdir. Məhəbət nə qədər güclüdürsə, vüsal da bir o qədər şirindir. Bəs məhəbbətdən duyulan ləzzət nə zaman kamala çatır? Burada məhbubun necəliyi şərtdir. Əgər ən yüksək məhəbbət ən üstün məhbuba yönəlmişsə, ləzzət də kamil olacaq. Əgər məhbubun közəlliyi zamandan, məkandan, şəraitdən asılıdırsa, kamil məhəbbətdən hansı əsasla danışmaq olar?!

Demək, fitri istək varlıq dünyasına sığmayan bir eşq axtarır. Həqiqi eşq, insana ən güclü bağlılığa malik mə’şuqa ünvanlanmışdır. Həqiqi məhəbbətdə insan özünü mə’şuqun timsalında müşahidə edir. Deyilən şərtlərə malik olmayan mə’şuqa olan eşq, fitri istəyi razı salmaq gücündə deyil və belə bir eşq daim nakamdır.

Ləzzət və kamillik
Hər bir insan öz vücuduna azca nəzər salmaqla anlayar ki, fitrətən ləzzətə, rahatlığa müsbət, əzab-əziyyətə, çətinliyə isə, mənfi münasibətdədir. O, daha çox ləzzət almaq və narahatçılıqdan uzaq olmaq üçün yorulmadan çalışır. İnsan böyük çətinliklərdən qurtulmaq üçün kiçik çətinliklərə dözür, kiçik ləzzətləri böyük ləzzətlərə qurban verir. Belə bir hərəkət ağılın tələbidir. Ağıl isə, hesablaşmalara əsaslanaraq höküm çıxarır. Müxtəlif insanların müxtəlif ləzzətlərə üstünlük verməsi isə, hesablamalar arasındakı fərqdən yaranır. Demək, ləzzət həyat fəaliyyətinin həm səbəbi, həm də nəticəsidir. Eləcə də, ləzzət şüurlu varlıq üçün kamillik də hesab oluna bilər. Çünki insanda ona yiyələnmək iste’dadı mövcuddur.

Ləzzət bəxş edən, qəmdən uzaqlaşdıran işlər insanın iradəsincədir. Ləzzət gətirən şeylər məhəbbət doğurur. Tələb olunan iş və sifət, lüğətdə məhəbbət adlandırılır. Demək, ləzzət, iradə və məhəbbət arasında əlaqə mövcuddur.

Lakin insan bə’zən elə xüsusi bir ləzzət istəyir ki, bu ləzzətə çatmaq üçün çalışmaq lazım gəlir. İnsanın bu məqsədlə başladığı hər bir iş, başqa bir iş üçün müqəddimə ola bilər. Əslində bu işlərdəki məqsəd, əsl məqsədin tərkibidir. Beləcə, əsl məhəbbət insanın əsl istədiyi mövcuda olan məhəbbətidir. Əsl məhbuba çamaq yolunda zəruri müqəddimələrə bağlılıqdan duyulan ləzzət, əsl vüsaldan duyulacaq ləzzətdir.

Ötən söhbətlərdə bu nəticəyə gəldik ki, insanın həqiqi kamilliyi onun iste’dadı qüvvəsində olan ən ali mərtəbədir. Bu ali kamillikdir. İnsanın ali kamilliyə çatmaq yolunda əldə etdiyi bütün digər kamilliklər nisbidir. Ali kamilliyin də mərtəbələri ola bilər.

Demək, insanın əsl istəyi, həqiqi kamillikdir və o, uyğun ali məqama doğru can atır. Digər əşyalara istək, bu əşyaların həqiqi kamiliyə çatma yolundakı rolu ilə bağlıdır. İnsan fitrətinin tələb etdiyi ləzzət, yalnız həqiqi kamilliyə çatdıqda duyula bilər. Bütün digər ləzzətlər məhduddur.

Demək, həqiqi ləzzəti tanımaq üçün həqiqi kamilliyi tanımaq lazım gəlir. İnsan yalnız o zaman həqiqi ləzzət duya bilər ki, onu əvvəlcədən tanımış olsun. Bir sözlə, həqiqi kamilliyi tanımadan, həqiqi ləzzəti duymaq qeyri-mümkündür.

 

--------------------------------------------------------------------------------

[1] «Həşr» surəsi, ayə 19

[2] «Maidə» surəsi, ayə 105

[3] «Zariyat» surəsi, ayə 21


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Böyük (kəbirə) günahlar
Həzrət İmam Hüseyn (ə) nə kimi əxlaqi-mənəvi keyfiyyətlərə malik olmuşdur?
RƏHMƏT HAQQINDA HEKAYƏLƏR-3
AŞURA-KƏRBƏLA HƏQİQƏTLƏRİ
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD

 
user comment